Akif ABBASOV. MƏKTƏBƏ GETMƏLİYƏM

AKİF ABBASOVUN YAZILARI

MƏKTƏBƏ GETMƏLİYƏM

 (hekayə)

          Sanki göy yerə gəldi. Aləm bir-buirinə qarışdı. Binalar bir anda uçaraq yerlə bir oldu. Nə baş verirdi? Gecə yarısı idi. Hamı şirin-şirin yatırdı. Bir anda ölüm insanların başının üstünü kəsdirmişdi. Zəlzələ ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu idi. Lakin az sonra Türkiyənin daha 9 vilayəti zəlzələnin qurbanı oldu. Yüzlərlə, minlərlə insanın həyatına son qoyuldu.

        Uçan binaların dağıntıları arasında saysız-hesabsız körpə, qadın, ahıl, xəstə qalmışdı. Daşların, betonun altından çıxa bilmirdilər. Fəlakətdən canlarını qurtaranlar o tərəfə-bu tərəfə qaçır, əzizlərini, yaxınlarını, doğmalarını axtarırdılar. Lakin hara qaçırdılarsa qarşılarını uçmaqda olan bina kəsirdi. Geriyə dönürdülər, bu zaman başqa bina üstlərinə gəlirdi.

        Zəlzələ Hatayın İskenderun rayonunu xarabazara çevirmişdi. Dağıntılar altında qalanların qışqırığı ətrafı lərzəyə gətirirdi. Ayaq üstə olanlar onlara köməyə tələsirdilər. Bütün ölkə  ayağa qalxmışdı. 7 günlük matəm elan olundu. Müxtəlif ölkələrdən köməyə gəldilər. Birinci növbədə qardaş Türkiyəyə öz köməyini Azərbaycan göstərdi. Çoxsaylı canlı qüvvə, texnika və humanitar yardımlarla.  

          Neçə gün idi ki, dağıntılar altında qalan, lakin  hələ nəfəs almaqda olan insanlar azad edilirdi. Həyatlarını itirənlərin cəsədləri də çıxarılırdı. Ara-sıra uşaq iniltisi eşidilirdi. Zəlzələdən neçə saat sonra bir oğlan uşağı çıxarıldı. 12-13 yaşlarında olardı. Onu tez xərəyə qoydular. Yaralıların yerləşdiyi sığınacağa aparacaqdılar. Oğlan xərəkdə uzanmaq istəməyərək:

         -Mən məktəbə getməliyəm, – dedi.

         Fəlakətin böyük, təsəvvürəgəlməz  miqyasından xəbərsiz olan uşağın sözləri ətrafdakılarda təəccüb və heyrət doğurdu. Lakin bu təəccüb və heyrət tezcə ötüşdü. Onu başa düşüb dəyərləndirdilər. Oğlanın  sözləri təhsilə ciddi münasibətindən irəli gəlmişdi.

                                       Bakı şəhəri, 10 fevral 2023-cü il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir