3 May – Dünya Türkçülük Günüdür

 ATATÜRK VƏ AYDAN

                            (“Samsundan başlanan yolromanından) 

Axşam idi. Atatürk qərargahda əyləşib dərin fi­kirlərə qərq olmuşdu. Çöldə səs-küy eşidib diqqət kəsildi. Kimsə içə­r­i girmək istəyirdi. Mühafizəçilər onun qarşısını kəsib qoy­mur­du­­lar. Baş komandan qapıya yaxınlaşdı. Büründüyü çarşabından yal­nız gözləri görünən bir qadın dayanıb əsgərlərlə mübahisə edir­di:

– Sizə dedim ki, Baş komandanın, Mustafa Kamal paşanın öz­ünü görmək istəyirəm.

Atatürk dilləndi:

– İşiniz olmasın, qoyun gəlsin.

Əsgər əmrə müntəzir halda mil dayandı və qadına işarə etdi ki, yol açıqdır. Qadın qərargaha daxil olub göstərilən yeri tut­du və çarşabını sərbəst buraxıb üzündən götürdü. Baş ko­man­dan lampanın solğun işığında diqqət yetirib gördü ki, bu, 15-16 yaş­larında gözəl və məsum bir qız uşağıdır. Onun yaraşıqlı üzü sa­ral­mış, gözləri çuxura düşmüşdü. Atatürkün ürəyi ağ­rı­dı: “Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzəranı yoxdur”. Son­ra qıza müraciətlə dedi:

– Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qız­ğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın düş­mən əlinə keçərsən?

Qız qorxmadığını bildirmək üçün cəsarətlə danışmağa baş­la­dı:

– Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?

Bunun cavabında Atatürk dedi:

– Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vu­ruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qa­dın­la­rı­mı­zı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü on­suz­ da çoxdur.

– Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əş­­ya kimi evin küncünə atmısınız?

Atatürk qızın məntiqinə heyran qaldı. Doğ­ru­dan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kö­lə və hüquqsuz vəziyyətə salmışdı.

– Sən haqlısınız, yavrum. Türk qadını çarşabdan azad ol­malı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə ça­lış­malıdır.

Mustafa Kamal sonralar ölkə prezidenti olarkən dəfələrlə türk qadını və qadın hüquqları məsələlərinə diqqət yetirirdi. Çı­xış­larının birində deyirdi: “Görürəm ki, bəzi yerlərdə qadınlar ba­şı­na bir bez, yaxud önlük və ya buna oxşar başqa şeylər ataraq üzü­nü-gözünü gizlədir, yanından keçən kişilərə qarşı ya arxasını çe­virir və ya yerə oturaraq yumulur. Mədəni bir millətin anası, mil­lət qızı bu qəribə şəklə, bu vəhşi vəziyyətə düşərmi?”

Sonralar Atatürk türk qadınlarına millət vəkili seçmə və seçilmə hü­qu­qu verən Konstitusiya dəyişikliyi aparılmasına nail oldu.

Baş komandan üzünü qıza tutaraq:

– Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?

Qızı qəhər boğdu, ağlamsınaraq dedi:

– Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Mü­haribə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn et­mişik. Atam da Kütahya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yed­di yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya ya­zı­lacaq, atamın, qardaşımın, millətimin döyüşlərdə ölən oğulları­nın qanını alacağam. Gəlmişəm ki, mə­nə silah verəsiniz.

Atatürk qızın fədakarlığından, vətən­pər­vər­li­yin­dən, düşmənə sonsuz nifrət bəsləməsindən riq­qətə gəlmişdi. La­kin bu bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının dö­yüş meydanında həlak olmasına yol verə bilməzdi. Qızın xət­ri­nə də dəymək istəmirdi, onu yola gətirib bir bəhanə ilə evə qay­tar­maq lazım idi.

– Qızım, adın nə oldu?

– Aydandır adım.

– Aydan, heç əlinə silah almısan?

Qız bu sualı gözləmədiyindən duruxdu, sonra özünü ələ ala­raq çarşabını göstərdi:

– Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yox­dur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrə­dir­lər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni de­yir­siniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bil­mə­rəm?!

Atatürkü gülmək tutdu. Bunu  görən qız yal­var­ma­ğa başladı:

– Paşam, siz Allah məni naümid etməyin, qoyun vuruşum. On­suz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Tə­pənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb ata­ca­ğam. Təkbaşına partizan müharibəsi aparacağam.

Baş komandan qızın iradəsinə, inad və cəsarətinə get-gedə hey­ran qalırdı. Onun öz inadından dönməyəcəyini görüb dilə tut­ma­ğa çalışdı:

– Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sə­nin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qar­da­şını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəl­bi­nə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Bu gecə elə bilirsən göz­lə­ri­nə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz ve­ri­rəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar hə­mişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Əsgərlər sə­ni ötürərlər.

Qız Baş komandanın razılıq vermədiyini görüb ağladı. Mus­tafa Kamal paşa irəli yeriyib onu sakitləşdirməyə çalışdı:

– Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəl­sə, onun dərdinin üstünə dərd gələcək. Buna o, tablaşa bil­mə­yə­cək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edə­cək?!

Qız göz yaşlarını saxlayıb məsum baxışlarla Mustafa Ka­ma­la baxdı. Baş komandan sözlərində səmimi idi, bu çətin anlarda Ay­danın, onun ailəsinin taleyini fikirləşir, buna görə narahat olur, qızın qayğısına qalırdı. Aydan fikrə getdi. Doğrudan da, xəs­tə və dərdli anasını, qardaşsız və atadan yetim qalmış kö­mək­siz bacısını düşünməmişdi.

Aydan sakitcə ayağa qalxdı və qapıya sarı addımladı. Mus­ta­fa Kamal əsgərlərdən iki nəfərini çağırıb tapşırıq verdi ki, qızı apa­rıb evlərinə ötürsünlər.

Sakara  Meydan Müharibəsi Mustafa Kamal cəbhəyə gələndən on bir gün sonra başlandı və qələbə ilə başa çatdı.

* * *

…Döyüş meydanını gəzən Atatürk itkiləri hesab­la­yır, cəsədlərin dəfn edilməsi, yaralılara yardım göstərilməsi və xəs­­təxanalarda yerləşdirilməsi barədə əmr və sərəncamlar verirdi. Qə­ləbə onda xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əs­gərlərin halına acıyır, onların ailələri, övladları, valideynləri ba­rədə ürək ağrısı ilə düşünürdü. Acı təəssüf hissi İlə addımlayan Baş komandan birdən ayaq saxladı. Yanı üstə düşmüş cəsədin si­fə­ti ona tanış gəlirdi. Elə cavan və məsum görünüşü vardı ki… Onun əlində tələsik xətlə yazılmış bir kağız vardı. Mustafa Ka­mal paşanın işarəsi ilə qana bulaşmış kağızı açıb oxudular: «Əgər dö­yüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş koman­da­na söz verib evə qayıtmışdım. Anam, bacım və mən döyüşləri iz­lə­yir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qar­da­şı­mı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, can­sağ­lığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evi­mi­zin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gör­düm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çı­xar­dılar. Evsiz-eşiksiz idim. Xalam mənə təklif etdi ki, onlarda qa­lım. Xalamgildə gecələyib, səhər ertə yuxudan qalxdım. Saç­la­rı­mı qayçı ilə oğlan saçı kimi kəsdim ki, məni tanımayıb oğlan bil­sin­lər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Par­­tizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını gös­tə­ri­rəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hə­ləlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, or­du­­muza böyük ümidim var…»

Mustafa Kamal paşa cəsədə bir daha diqqətlə baxdı. Onun si­fəti toz-torpağa bulaşsa da, saçları oğlansayağı kəsilsə də, qızı ta­nıdı. Bu, Aydan idi. Köynəyinin üst düyməsi açıq olduğundan si­nəsi bir balaca açıq qalmışdı. Atatürkün işarəsilə şəfqət ba­cısı tez aşağı əyilib onun köynəyinin yaxasını düzəltdi…

Aydanın ölümü Baş komandanın qanını qaraltmış, ona ağır tə­sir bağışlamışdı. Qıza, onun taleyinə acıdı: «Yazıq qızcığaz. Onun həyatı hələ öndə idi. Fəqət bu dünyadan erkən və nakam get­di. Yaşasaydı, bir gəlin, ana olacaqdı. Təəssüf, çox təəssüf… Gə­ləcəyin bir qadını, türk anası az sonra torpağa gömüləcək…» Atatürkün gözləri yaşarmışdı. O, qızı dəfn etməyi tapşırıb qə­rargaha qayıtdı …

                                      * * *

… Atatürk Karacahisara yola düşdü. O,  Sakarya Meydan müharibəsindən fərqli ola­raq sərkərdə libasında idi. Yaxalığında marşal fərqlənmə ni­şanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən dü­şən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu al­ması münasibətilə ona təbriklərini çatdırdılar. Atatürk on­lara təşəkkürünü bildirdi. Baş qərargahın yerləşdiyi otağa ye­ni­cə keçmişdi ki, qapının ağzından gələn bir səs eşitdi:

– Paşam, əfv edin, olarmı?

Atatürk geri dönüb baxdı. Döyüşçü geyimində bir qız idi. Qızın sifəti Baş komandana tanış gəlirdi, lakin xatırlaya bil­mirdi. Qız gülümsəyərək:

– Cənab Baş komandan, deyəsən, tanımadınız?

Qızın səsi də tanış idi. Qız Atatürkü çox da intizarda sax­lamadı. Adını dedi:

– Aydanam. Poladlıdan.

Mustafa Kamal heyrətdən yerində dondu. O, Aydanı ölmüş bi­l­ir və buna görə çox təəssüflənirdi. Aydan tez:

– Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düş­mən­lə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…

Atatürk irəli yeriyib qızı bağrına basdı. O, se­vin­di­yin­dən az qalırdı qanad açıb uçsun:

– Bu gün nə gözəl gündür, qızım. Nə yaxşı sənə xətər toxun­ma­­yıb.

Bu zaman Lətifə içəri girdi. O, Mustafa Kamalı Aydanı qucaqlamış vəziyyətdə görüb bir anlığa yerində dondu.

Mustafa Kamal son dərəcə böyük sevinclə deyirdi:

– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.

Aydan da şad-xürrəm dedi:

– Heç məni demirsiniz, böyük insan!

Aydan bir az da böyümüş, ətə-cana dolmuş, gözəlləşmişdi. Əsgər paltarı ona çox yaraşırdı. Həm də Aydanın qəddi-qaməti elə idi ki, indiki görkəmində nə geysəydi, ona yaraşacaqdı. Mustafa Kamal bu gözəl yaranışa heyran qalaraq, həm də ona bir ata məhəbbəti bəsləyərək dedi:

– Bir danış görüm…

Nə Atatürk, nə də Aydan Lətifəni görürdü. Qarşılaşdığı səhnə Lətifəni çıxılmaz vəziyyətdə qoydu. Əvvəlcə istədi özünün içəridə olduğunu onlara bildirsin, lakin bu fikrindən vaz keçdi, təhqir olunmuş və pərt halda otaqdan çıxdı. Bir Allah bilir bu gün buraya necə sevinc və fərəhlə, böyük ümidlə gəlmişdi.

Lətifə göz yaşlarını saxlaya bilmədi. O, açıqfikirli, gözü açıq, müstəqil, çətinliklərdən qorxmayan, qürurlu bir qız idi. Hər adamla oturub-durmazdı. Çoxları ona həsəd aparardı. Ona öz ürəyini açan da çox olmuşdu. Fəqət heç kimə könül verməmişdi. Məhəbbətini illərlə qəlbində yaşatdığı və böyütdüyü birisi – Mustafa Kamal üçün qoruyub saxlamışdı. Ötən dəfə onunla görüşmüş, ürəyini açmışdı. Həmin görüş onda ümidlər yaratmış, eşqinə cavab aldığını düşünmüşdü. Böyük sərkərdə niyə belə hərəkət edirdi?! Gərək o zaman fikrini açıq bildirərdi. Sevgilisi olduğu­nu səmimi şəkildə etiraf edərdi. Nə qədər acı olsa da, Lətifə tale­yin hökmü ilə barışardı. Lətifə xanım onların söhbətini yadına saldı:

“– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.

– Heç məni demirsiniz, böyük insan!”

Mustafa Kamal qızı sinəsinə sıxmışdı. Böyük sevgi və məhəbbətlə qızın gözlərinə baxırdı. Lətifə hönkürdü və ötüb ke­çən­lə­rin diqqətini cəlb etdi. Bir zabit yaxın gəlib soruşdu:

– Xanım, bəlkə köməyə ehtiyacınız var.

Lətifə tez özünü ələ alıb:

– Narahat olmayın, əfəndi, hər şey qaydasındadır. Bir balaca sıxıldım… – dedi və qaçaraq uzaqlaşdı.

                              * * *

Aydan başına gələnləri danışmağa başladı. Hadisə belə olmuşdu. Aydanı ölmüş bi­lən Atatürk göstəriş verdi ki, onu aparıb fədakar və qəh­rə­man döyüşçülərə xas olan bir təntənə ilə dəfn etsinlər. Baş ko­man­dan gedəndən sonra əsgərlər cəsədi xərəyə qoymaq istəyəndə sa­ni­tar qız nə isə hiss edib ona sarı əyildi və qəflətən geri çəkildi. Çan­ta­sından bir güzgü çıxarıb Aydanın ağzına tutdu. Güzgünün tər­lədiyini görüb qəddini düzəltdi:

– Təəccüblüdür, qızın nəfəsi gəlir.

Bunu eşidən döyüşçülər tez qızı hərbi xəstəxanaya çat­dır­dı­lar. Aydanın vəziyyəti ağır idi, ölümlə həyat arasında xeyli müd­dət çarpışdı. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durdu. Bu əh­va­latı eşidən Mustafa Kamalın sifəti işıqlandı. O, qayğı ilə və bir ata məhəbbətilə dolu ba­xış­la­rı­nı ona zilləyərək:

– Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Eh­ti­yatlı ol, özünü qoru, – dedi.

-Oldu, paşa həzrətləri!..

* * *

Qurtuluş savaşı 1922-ci il iyulun 22-də İzmirin azad olun­ma­sı və oktyabrın 11-də Mudanya müqaviləsinin imzalanması ilə ba­şa çatdı. İstanbul hələ oktyabrın 6-da Türkiyə milli ordusu tə­rə­­findən Antanta dövlətlərinin caynağından qoparılmışdı. Bu əmə­­liyyatı Rafət paşanın (Bele) komandası altında olan qoşun his­­sələri uğurla həyata keçirmişdi.

Atatürk qərargahda idi. Lətifə xanım daxil oldu. Mustafa Kamalonu görüb ayağa qalxdı. Lətifəni son dərəcə mehriban qarşıladı. İrəli yeriyib əl uzatdı:

– Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!

Lətifə təqsirini boynuna aldı:

– Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirlən­dim.

Atatürk maraq içərisində:

– Kimi kimə qısqandınız, Lətifə xanım? – deyə xəbər aldı.

Lətifə bir qədər sıxılaraq:

– Sizi Aydana, – dedi və Atatürkün gözlərinin içəri­si­nə baxdı. Eyni zamanda öz-özünə düşündü: “Marşal forması Mustafa Kamala gör necə də yaraşır. Sifətinin rəngini açır. Mavi gözlü, qızılı telli bu kişi başqasının deyil, yalnız mənim olmalıdır! Həyatımdır!”

Atatürk sanki onun fikrini oxuyaraq hiyləgərliklə:

– Aydanı harada görmüsünüz? – deyə soruşdu.

Lətifə həddən artıq bəzəyərək:

– Burada, sizin qucağınızda, – dedi və güldü.

Atatürk də qəh-qəhə çəkdi:

          – Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!

O zamankı hadisənin təsirindən hələ də ayrılmayan Lətifə aydınlıq gətirməyə çalışdı:

– Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.

           Atatürk aydınlaşdırmağa başladı:

– Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.

Lətifə xanım səsində üzrxahlıq əlaməti olaraq:

– Hər şeydən xəbərim var, əfəndim, -dedi. -Məni əfv edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.

Atatürk Xalidə Edib Adıvara minnətdarlıq olaraq:

– Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.

Lətifə diksindi: “Görəsən fikri nədir?” deyə öz-özünə sual verdi. Cavab tapmadığından üzünü Mustafa Kamala tutdu:

– Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaq­sı­nız ki… – Ehtiyatla: – Heç olmasa namizədiniz var?

– Təbii… Namizədim də var.

Bunu eşidən Lətifənin rəngi ağardı, bədəninə soyuq tər gəldi. Birtəhər özünü ələ alaraq soruşdu:

– O bəxtəvər kimdir?

Atatürk:

– Bu sizsiniz, Lətifə xanım! – dedi. – Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?

Atatürk Lətifənin əllərindən yapışaraq, onun göz­lə­ri­­nin dərinliklərinə nüfuz etdi.

Lətifəgizli bir sevinc içərisində:

Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim, – dedi. – Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.

Atatürk onu qucaqladı. Lətifə sözünə davam etdi:

Bir arzum var. Bu həm mənim, həm də atamın arzusudur. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.

Atatürk:

– Mən də sənin təklifini qəbul edir və “hə” deyirəm.

Lətifə getməyə hazırlaşaraq:

– Elə isə gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.

Atatürk onu yola saldı.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir