AYAZ İMRANOĞLU “KOMUTAN” ROMANI HAQQINDA

AYAZ İMRANOĞLU “KOMUTAN” ROMANI HAQQINDA

Tanınmış şair-publisist Ayaz İmranoğlunun “Komutan” romanını qəhrəmanlıq mövzusunda yazılmış tarixi əsər kimi də səciyyələndirmək olar. Yazıçı bu romanı Azərbaycan Silahlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyevə, onun uşaqlıq illərinə, ailəsiylə yaşadığı qaçqınlıq iztirablara, təhsil illərinə, hərbçi kimi yetişməsinə və 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yoluna, göstərdiyi igidliklərə həsr etsə də, əsərdə bədii parçalara da kifayət qədər yer vermişdir. Ayaz İmranoğlunun ustad qələmi ilk səhifədən oxucunun marağını çəkə bilir, onu dərin maraq içində, həvəslə Surxayın düşüncələrini, arzularını, yaxınlarının, ailəsinin, soydaşlarının qaçqınlıq həyatını, torpaqlarımızın işğalından sarsıldığını və özünün işğalçılara qarşı nifrətini, qisasçılıq hisslərini və torpaqlarımızın azadlığı yolunda qarşısına qoyduğu məqsədə çatmaq üçün prinsipiallığını izləməyə sövq edir. Sözün əsl mənasında elin igid oğlunun qəhrəmanlığa gedən yoluna bələd olmaq istəyirsən.
Romanı oxuduqca belə bir oğulun mütləq qəhrəman kimi yetişəcəyinə oxucuda yəqinlik hasil olur. Ailədən gələn vətənsevərlik, soydan gələn kişilik, qeyrət duyğuları, məktəb illərində müəllimlərinin şəhidlərimizə, qazilərimizə olan sayğısı, sevgisi, izlədiyi kinolarda gördüyü qəhrəmanlıq səhnələri də Surxayın ağlında, fikirlərində dərin izlər buraxır. Yazıçı öz qəhrəmanının bütün müsbət tərəflərini, dərin zəkasını açıb oxucuya çatdıra bilir.
Mən hələ “Komutan” romanını oxumazdan əvvəl də, vətənimizin bu qəhrəman oğlu, onun igidlikləri haqqında eşitmişdim. Neftçala rayonundan olan baş leytenant, döyüşlərdə göstərdiyi cəsurluğa, rəşadətə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən bir çox orden və medallarla təltif olunmuş Vətən müharibəsi qazisi Yusif Abdullayevin döyüş yolu haqqında yazarkən, qazimiz onunla birlikdə ağır döyüşlərdə iştirak etmiş əfsanəvi kapitan Surxay Noçuyev haqqında da, böyük sevgi və rəğbətlə məlumat vermişdi.

Qələminə, yazıçılıq istedadına həsəd apardığım Ayaz İmranoğlu qəhrəmanımız haqqında sırf məlumat xarakterli deyil, təsvir etdiyiyi olaylara, söhbətlərə bədiilik, şirin, insanı kövrəldən xatirələrə insani duyğulardan çalarlar qataraq danışır.
“Surxay ilk dəfə maaş alıb anasını sevindirmək istəyir və pulu ondan alan ana dəmir sandığa yaxınlaşır. Bu zaman Surxay maraqla :
-Ana, yadındamı, biz uşaq olanda da evimizdə iki sandıq vardı. Onlar nə oldu?
Mehriban xanım bir anlıq xəyala daldı. Oğlunun son sözlərindən sonra bir anlıq bulud kimi doldu və gözlərinə çən endi. Əlinin arxası ilə nəmli gözlərini silib:

-“Lənət olsun nankor qonşulara. Köçkünlük vaxtı dolu evimizdən nə götürdük ki, sandıq da götürək, ay oğul?”
Elə bu bir kəlmə nisgil dolu gileyli söz, soydaşlarımızın yurd, ocaq həsrətini bütün ağırlığı ilə oxucuya çatdırır.
Yaxud döyüşlər gedən zaman öz əsgərlərini özü kimi qoruyan kapitan Noçuyev tabeliyində olan zabitlərə: “Uşaqlardan muğayat olun”… deyib, təkrar-təkrar tapşırır.
Əsərin bu hissəsini oxuyarkən yenə qazi Yusifin sözləri düşür yadıma: “Noçuyev özündən çox tabelində olan əsgərlərinin təhlükəsizliyini düşünürdü.
Yazıçı əsər boyu öz qəhrəmanının bir insan, şəxsiyyət kimi necə kamil yetişdiyini, hərb sənətinin incəliklərini bütünlüklə əxz etmiş komandir kimi, vətənsevər, mərd, cəsur döyüşçü kimi tanıtdırır, sevdirir oxucusuna.
İnsanın bütün duyğularına təsir edən, qəlbini göynədən kiçik bir dialoqa nəzər yetirək. Döyüşlər zamanı nadir hallarda evlə, atası, ailəsi ilə əlaqə saxlaya bilir Surxay. Ordumuzun qələbələri artdıqca işğaldan azad olunan ərazilərimiz də çoxalır. Bir telefon zəngində qəhrəmanımız atasından soruşur:
-Ata, könlündən Məmmədbəylinin hansı yerlərini görmək, gəzmək keçir. De, mən sənin əvəzinə o yerləri qarış-qarış gəzəcəm.
-Kəndimizdə ayağın hara dəyəcəksə, o yer mənim üçün əziz olacaq. Elə biləcəm oğlum Məkkəyə, Kərbəlaya gedib ziyarət edir. Bilirsən, oğlum, əslində bizim Kərbəlamız, Məkkəmizdir yurd yerlərimiz.
Doğrudan da yurdu, ata-baba ocağı, insanın ruhuna, qəlbinə ən doğma, ən əziz olan dəyərlərdir. Ağlı, şüuru kəsdikcə özünün, ulu babalarının da yaşayıb, dünyadan köçərkən də məzar yeri olan torpaqdan daha əziz nə ola bilər insan üçün.
Müəllif özü də həmin bölgənin vətəndaşı kimi o yerləri gözəl tanığı üçün döyüşlər haqqında , döyüş planları haqqında elə müfəssəl yazır ki, oxucu da özünü cəbhə bölgəsində, qəhrəman döyüşçülərimizin yanında hiss edir, döyüşlərin həyacanını yaşayır.
Döyüşdən döyüşə uğurları artdıqca, qələbəyə böyük inam yarandıqca kapitan Surxay Noçuyevin təcrübəli bir hərbçi kimi döyüş planları daha da təkmilləşir, tabeliyindəki heyətin ona olan inamı, sevgisi onu daha da uğurlu əməliyyatlara, mənfur düşmənlərin səfini daha çox dağıtmağa həvəsləndirir.
İndiyə kimi mən çox kitablar oxumuşam. Müharibə səhnələri, döyüş epizodları məni həmişə həyacanlandırıb. Etiraf edirəm ki, “Komutan” romanının finalında qəhrəmanımızın şəhid olması məqamını Ayaz İmranoğlu elə təbii, real çatdırır ki, oxucu hardasa özünü günahlandırır qəhrəmanımızı qoruya bilmədiyinə görə.
Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyirəm! Ruhu şad olsun. Bu xalq var olduqca Surxay Noçuyev kimi igidlərimiz ürəklərdə yaşayacaq. Müəllifə uğurlar arzulayıram. Qələminiz iti olsun həmişə, dəyərli yazarımız.

Müəllif: XURAMAN ZAKİRQIZI

AYAZ İMRANOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir