ŞEİRİM HARDAN GƏLİR

ŞEİRİM HARDAN GƏLİR

Haqq sözdən, gur səsdən yuxun qaçmasın,
Özgə bostanına daş atma “dostum”.
Paxıllıq qapına ayaq açmasın,
Qəlbində kin, həsəd yaşatma “dostum”.

Şeirim hardan gəlir… Onu deyən kəs
Tanrıdı, mələkdi, kimdi bilmirəm.
Mənə “yaz” söyləyən bu eşq, bu həvəs
Məsləkdi,məramdı, dindi, bilmirəm.

İlham boğazıma çökdüyü dəmdə
Qələm axtarıram xilasım üçün.
Dərd elə qışqırır bəzən sinəmdə
Səsi qulağımı tutur büsbütün.

Sakit deyəmmirəm sözümü onda,
Qəm ötkəm çıxanda səs gur olurmuş.
Şeirini ürəklə dediyi anda
Şair fatehdən də məğrur olurmuş!

Nə vaxtki kəlmələr baş-ayaq gəlir
Qələmi özümə düşmən bilirəm.
Şeirim hardan gəlir, nə sayaq gəlir
Sən onu bilməzsən, tək mən bilirəm.

Gücü göydən gəlmir bəyəm şairin?!
O ki,ondan-bundan misra dilənmir.
Başı daşdan-daşa dəyən şairin
Qələmi daş yarır, daşa dirənmir!

Darılma gur səsə,sərrast şeirə sən
O haqdır, nahaqdır… İçinə salma.
Ağzını xeyirə aç, ancaq xeyirə sən,
Səninçün də düşsün göydən üç alma.

Sözdən bezəcəksən yəqinki bir gün
Bulud tək kövrəlib, göy tək dolmasan.
Qırxıncı qapının açarı üçün
Canından keçməyə hazır olmasan!

Nə vaxt kəlmələrim baş-ayaq gəlir,
Qələmi özümə düşmən bilirəm.
Şeirim hardan gəlir, nə sayaq gəlir
Sən onu bilməzsən, tək mən bilirəm!!!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məsuliyyət hiss olmayanda heç bir uğura imza atılmır

Məsuliyyət hiss olmayanda heç bir uğura imza atılmır

Dövlətin daha möhkəm təməl qurmasında həlledici rol oynayan sahələrdən biri də təhsildir. Müasir Azərbaycan təhsili bizim bütün milli xüsusiyyətlərimizi özündə geniş ehtiva edir. Bu sahədə get-gedə daha müfəssəl addımlar atılır, lazımi tədbirlər həyata keçirilir.
Lakin ara-sıra təhsilimiz haqqında tənqidi, bəzən də daha artıq həddə xoşagəlməz sözlər və ifadələr eşidirik. Bu deyilənlərdə həm təhsil, həm müəllim, həm də təhsilimizi, müəllimi aşağılayanlar hədəfə alınır, müəllimin özünün də qəbahətləri bir-bir sadalanır…
Məsələn, bu günlərdə “YouTube” səhifəsində “Səngər” TV-nin aparıcı jurnalisti Aqil Alışov təhsilimizin hazırkı durumundan söhbət açmış, qonağı – uzun müddət təhsil sahəsində yüksək vəzifələrdə çalışmış təhsil eksperti Şəmsi Qoca ilə Azərbaycan təhsili barədə geniş söhbət aparmışdır. Mən də bir çoxları kimi, bu verlişə çox diqqətlə qulaq asdım, təhsilimizin durumu barədə eşitdiklərim məni bir ziyalı kimi bərk narahat etdi. Şəmsi müəllim söhbət əsnasında qeyd etdi ki, “təhsilimizə niyə London uşaqları rəhbərlik edir? Onların günahları ucbatından təhsilimiz bərbad hala düşüb”. Düçündürücüdür: hazırkı təhsildə hansı nüanslar eksperti bu qədər əsəbiləşdirib? Hələ on illər əvvəl Firudin bəy Köçərli yazıb: “Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin”. Bu deyimdə çox acı həqiqət var. Bu gün təhsilimizi və səhiyyəmizi bərbad hala salanlar gələcəkdə bir cavabdehlik, bir məsuliyyət daşımalı olacaqlar. Görəsən, bəziləri nə üçün təhsilimizi bu hala salır, uşaqları savadsız yetişdirirlər? Əgər təhsil sistemində çalışanların bir çoxu əlinə jurnal alıb sinifdə bir saat dərs kecməyibsə, onun təhsil barədə ifadə edəcəkləri doğru və inandırıcı görünmür. Çünki belə halda onun təhsildən xəbəri yoxdur və olmayacaq da. O, şəxslər heç vaxt müəllim əməyini qiymətləndirmək iqtidarında da deyillər. Təhsil sahəsinə isə ən çox pedaqoji sahədə çalışan təcrübəli şəxslər təyin edilməlidir ki, o, müəllimin qədir-qiymətini bilsin. Müəllim şagird həyatının formalaşmasında əsas rol oynayan şəxsdir. O, təkcə şagirdə akademik biliklər vermir, həm də onlarla etik dəyərləri bölüşür, onlara şəxsiyyətimizi formalaşdıran əxlaqı mənimsədir. Müəllim təkcə uşaqlara müəyyən fənləri öyrədən deyil, həm də çətin anlarda köməyə gələn, gündəlik problemlərin düzgün həllinə, düzgün davranış xəttinə sövq edən şəxsdir. Əbəs yerə müəllimin dəyəri yüksək qiymətləndirilməyib. Əbəs yerə onun haqqında müdrik sözlər deyilməyib. Məsələn, Həzrəti Məhəmməd Peyğəmbər (s.ə.a) bilik öyrətməyi hər cür ibadətdən üstün saymış, Həzrəti Əli (ə) isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” demişdir. Makedoniyalı İsgəndərin müəllimi Aristotel haqqında fikirləri də maraqlıdır: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Dahi Nizami Gəncəvi isə müəllimi günəşə bənzədirdi. Ulu Öndər Heydər Əliyev müəllimə həmişə yüksək qiymət vermiş, müəllim haqqında gözəl sözlər söyləmişdir. Onun müəllim haqqında dediyi – “Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqların tərbiyəsini yalnız ona etibar edir”, – fikri müəllimə verilmiş ən gözəl tərif və qiymətdir. Doğrudan da, cəmiyyətin qurucusunu, onu idarə edənləri – fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin və müqəddəs peşədir. Mən bu dahilərin dediyi kəlamları bir daha Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli məmurlarına xatırlatmaq istəyirəm ki, təhsilimizi sovetlər dönəmində olduğu səviyyəyə yüksəldək, müəllimlərimizi dəyərləndirək. Ali məktəblərə qəbulu köhnə qayda ilə – dörd imtahan verməklə həyata keçirək. Kimin savadı var, o da ali məktəbə daxil olsun. Orta məktəblərdə “imla”, “ifadə”, “inşa” yoxlama yazı işləri bərpa olunsun. Biz yalnız onda biləcəyik ki, şagirdlərimiz hansı savadla yetişir.
Təhsil eksperti Şəmsi Qoca verilişdəki çıxışında qeyd etdi ki, nə qədər geç deyil, sovet təhsil sisteminə qayıtmaq lazımdır”. Burada Firidun bəy Köçərlinin də bu sözləri yada düşür: “Müəllim məktəbin canı, camaatın çırağıdır. O, öz peşəsini sevməli, şagirdlərini övladı kimi istəməli, xeyir verən biliklər aşılamaqla əhalinin rəğbət və məhəbbətini qazanmalıdır…”
Əslində, biz məsələni qəlizləşdirmək marağında deyilik; məqsədimiz odur ki, kimlərsə öz şəxsi maraqları naminə güclü Azərbaycan təhsilini hörmətdən, nüfuzdan salmasınlar. Yaxud müəllim dediyimiz uca şəxsiyyəti təhsilə biganə şəxs kimi xarakterizə etməsinlər. Bu məsələdə birinci olaraq cəmiyyət, sonra bütün təhsil sistemi və müəllimlərin özləri də böyük məsuliyyət daşımalıdır. Dövlətimiz ölkədə bütün sahələr üçün güclü potensial, lazımi şərait qurub. Təkcə o qalır ki, hər sahə üzrə cavabdeh şəxslər vicdanla öz vəzifələrini yerinə yetirsinlər, nailiyyətə imza atsınlar.
Ümidvaram ki, bu dediklərimizdən kimlərsə nəticə çıxaracaq, Azərbaycan təhsilində yaxın gələcək boyu inandırıcı yüksəliş vüsət alacaq, təhsilə, müəllimə, hətta müəllimin özünün öz peşəsinə sevgisi artacaq. Əks təqdirdə heç bir inkişafdan danışmağa dəyməz…

Hüseyn İsaoğlu (Məmmədov),
Yazıçı-publisist, AYB və AJB-nin üzvü.

Hüseyn İsaoğlu (Məmmədov)nun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – ŞEİRİMİ

ŞEİRİMİ

Həsrətimin alovuna yaxıb yazdım,
Vüsalımın aynasına baxıb yazdım,
Dilim- dilim şimşək kimi çaxıb yazdım,
Damcı- damcı göydən düşən şeirimi.

Başım üstə o bir sipər, o bir çətir,
Bitirdiyim gül- çiçəkdi, saçar ətir,
Sözlərimlə oxşamışam sətir- sətir,
Ürəyimi dəlib deşən şeirimi.

Hecaları, bölgüləri möhkəm himi,
Qafiyələr dil-dil ötən sazın simi,
Ürəyimdə ovutmuşam qanım kimi,
Bir az küsgün, bir az bişən şeirimi.

Heç olanın, puç olanın sevinci nə?
Dəyərlini qoru müdam, sev, incimə.
Elçi kimi göndərmişəm sevincimə,
Kədərimlə hey ötüşən şeirimi.

Misra- misra bələmişəm, sarımışam,
Demə özüm meh gözləyən qorumuşam.
Eh, nə qədər atəşlərdən qorumuşam,
Öz oduna özü bişən şeirimi.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru