UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQYARIMÇIQ QALMIŞ ÖMÜR

UNUTMAYAQ TANIYAQ VƏ TANIDAQ
YARIMÇIQ QALMIŞ ÖMÜR

Elə yaşama ki, sağlığında unudulasan, elə yaşa ki, öləndən sonra da yaşayasan. Bir Şəhid var bu dünyada:yarımçıq həyatı ilə bir ömür yaşayan, bəxtinə ölümsüzlük yazılan Elşad İldrım oğlu Əliyev.Neçə neçə döyüş əməliyyatların iştirakçısı oldu Elşad. Neçə-neçə qanlı döyüşlər gördü, keçilməz yollar keçdi…
Bu yurdun, bu torpağın qəhrəmanlıq tarixinə qanı ilə imza atdı Elşad! Başını dik tut Şəhid anası!Ana oğul itirər,Vətən qəhrəman tapar! Elşad İldrım oğlu Əliyev1966-cı ildə Ağdam rayonunu Ətyeməzli
Kəndində anadan olmuşdur.Orta təhsilini kənd məktəbində alan Elşad
30 saylı şəhəh texniki peşə məktəbini bitirmişdir.1982-ci ildə hərbi xidmətə çağrılmışdır.Hərbi xidmətini başa vurduqda sonra 1986-cı ildə Vladivastoq şəhərinə getmiş və orada işləmişdir.
Doğma torpaqlarının mənfur düşmənin tapdağı altında qalmasına dözməyən Elşad 1989-cu ildə Ağdama qayıdir. O,öz həmyaşıdlarını başna toplayıb torpaqlarımızın müdafiəsinə qalxmışdir. 1993-cü ildə Xramort uğrunda gedən döyüşlərdə Elşad xüsusi şücaət göstərərək düşmənin tankını,coxlu sayda çanlı qüvvəsini məhv etmiş,mühasirəyə düşmüş 23 döyüşçü yoldaşlarının həyatını xilas etmişdir .Döyüş xəttində qalan yaralı yoldaşını 2 km məsafəni sürünərək döyüş mövqeyindən çıxarmışdır. Döyüşlərin birində ağır yaralanmış, üzərində cərrahi əmaliyyat aparılmış, sağaldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır.
Elşad İldrım oğlu Əliyev1993-cü il iyun ayının 4-də Xramort uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun yeganə övladı Məhəmməd 36 günlük idi. Bu xəbəri eşitsədə , övladını görmək qisməti olmadı Elşada…Artıq Məhəmməd böyüyüb, ailə qurb Zeynəb adlı bir övladı var.Vaxtsız ata ölümü nə qədər ağır olsa da bu gün Məhəmməd atasının hünəri ilə fəxr edir, qızı Zeynəbə babasının Vətənin azadlığı uğrunda qəhrəmanca döyüşdüyü haqqında danışır.
Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30  illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. 
Şəhid oğulların Qələbəsidir!
Güclü lider, Güclü ordu!
Xalqin birliyinin Qələbəsidir!
Qürürludur Qarabağlı Azərbaycan!
Şuşalı ,Ağdamlı, Laçınlı,  Kəlbəcərli,
Füzuli ,Cəbrayıl , Zəngilan, Qubadlı, Xocavənd,
Xankənd ,Xocalı, Hadrut, Ağdərə,
Zəngəzurlu,  Göyçə göllü Azərbaycan !
Dünyanın İpək Yoludur Azərbaycan!
Al qumaşın zirvələrdə dalğalanır!
Ağri dağda Qoşa bayraq dalğalanır!
Xari bülbülü ətir saçir!
Şükürlər olsun Allah!
Birliyimiz daim olsun nar kimi!
Nar içində oian dənələr kimi!
Düşmənə qalib gəlməyin yoluda məlum:
-Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz!
Ermənistanda yaşayan bütün hayların gözünün qənimi oğulları yetişdirən Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.. Erməni vandalizminin 30 illik vəhşilikləri nəticəsində bu ərazilər yerlə yeksan edilmiş, yüz illər boyu Azərbaycanın sivilizasi mərkəzlərindən biri, siyasi və mədəniyyət beşiyi olan bu məkanın yalnız xarabalıqları qalıb…  Bu məkanı 1993-cü ilin yayına qədər görməyənlərə, bəlkə də, adi görünə bilərdi, bu mənzərə dəhşətə gətirir İnsanı! Yaxşı bir xalq deyimi var: “Namərd dostdansa, mərd düşmənin olsun!” 20 noyabr 2020-ci il tarixdə Ağdam rayonu Azərbaycana qaytarılıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.Qarabağın mərkəzi,düşünən beyni,müqəddəs ruhlar diyarı Ağdam mənfur düşməndən azad edildi, şükür! 6 min şəhidi,16 nəfər Milli Qəhrəmanı ,müqəddəs inanc yeri var Ağdamın! Qoşa minarəli Məçidi var Ağdamın!
Qarabağ müharibəsi sona çatıb, torpaqlarımız düşmən işğalından azad edilib. Qarabağda başlanan böyük quruculuq və abadlıq işləri Ağdamın da tarixi, mədəni və mənəvi görkəminin bərpa olunmasına səbəb olacaq. Vətən şəhidlərlər üçün! Şəhidlər Vətən üçün! Mənfur düşmənə üzərində əldə edilmiş Qələbənin qorunması üçün bir Yumruq olaq!
  Allahın lütvüdür, böyük məhəbbəti!
Müqəddəs ruhların oyaq günündə!
Məhz Cümə günündə Ağdam azaddır!
Minlərlə şəhidi var Ağdamın!
Şəhid vermədən azad olan Ağdamın!
Şükür olsun intiqamı alındı!
Məçidində ilk namazda qılındı!
Qarabağın dayaq nöqtəsidir Ağdam!
Şir ürəkli oğulların var olsun!
Gözünüz,Gözümüz aydın olsun!
Müqəddəs ruhlara ehtiram var!
Vüqarli, qürurlu Ağdamimiz var!
Vətən igid oğullarin çiynində dayanir!
Ruhiari şad olan şəhidlərə hörmət vəEhtiramimiz şonsuzdur!


Hörmət və Ehtiramla: Zülfiyyə Vəliyeva

Respublikanın Əməkdar Müəllim
“Vətən və insan sevgisi” layihəsinin rəhbəri


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xalq yazıçısı Anar mükafat alıb – Təbrik!

20 dekabr, 2024-cü il, Ankara, Türkiyə.

Xalq yazıçısı Anar Türk Dil Qurumunun “Türk Dünyası Ədəbiyyat (Hekayə) Ödülü”nü aldı.
Təbrik edirik! Tədbirdən fotolar:

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏRANƏ DƏMİR – SƏBRİNƏ SIĞINAN ADAM

SƏBRİNƏ SIĞINAN ADAM

Bəzən insan heç nədən yox, səbrindən yıxılar. Gözləyər . Özü də günlərlə, həftələrlə , aylarla , illərlə. Səbr etdikcə ümidi üzülər və bir də gözünü açıb özünü nəhayətsiz boşluğun içində görər. Baxar ki, nə səbr qalıb , nə istək, nə də həvəs. Bircə səbrin yorğunluğu var canında, vəssalam. Başa düşülməməkdən , qiymətini lazımınca almamaqdan, gözləməkdən.. Axır ki, yorular. Tükənər içindəki inamı, yaşamaq və yaratmaq eşqi . Sevgisizləşər. İçindəki qarmaqarışıqlıqda itib batar bütün bəşəri hissləri. Küsər hər şeydən. Çəkilər öz qaranlıq hücrəsinə və yenə gözləyər. Bu dəfə o möhtəşən sonu gözləyər. Bir az da səbrlə və təmkinlə. Sonra hardansa bir işıq düşər.. Çəkib alar adamı o qaranlıq sonsuzluğun içindən və təzədən var edər. Adam düşünər ki, demək dünya xali deyil. Demək hələ işıq var, ümid var. İynənin ucu boyda olsa da var . Tutar bu işığın ucundan və gedər itirdiyi özünə sarı. Bu işığın o tayında onu nə gözlədiyini bilmədən gedər. Bu dəfə bir az da inamla və qətiyyətlə.
Mənim aləmimdi bu işıq adamlar heç özləri də bilmədən zülmətdə günəş tək doğarlar. Günəş olduqlarını bilmədən doğarlar həm də.
Babək Qədirli də bu işığın özündən doğanlardandı. Yəni mənim fikrimcə bu belədi. Bəlkə elə işığın özüdü, biz bilmirik. Ürəyində Tanrı sevgisi, mərhəmət hissi, Vətən sevdası ilə doğulanlardandı. Paxıllıqdan, hiylədən, kindən, küdurətdən uzaqdı. Bir sözlə ürəyi bütünlüklə insanlıq hissiylə doludu. Yükünü ən müqəddəs duyğulardan tutub. Ədalətlidi. Həqiqət carçısıdı. Yalana düşməndi. Safdı. Sözdən yapışanlardandı. Yazdıqları da ürəyinin işığına bələnib deyə insanın ruhuna hopur. Ad-san, şöhrət dalınca qaçanlardan deyil, öz adına sadiqdi sadəcə. Soy-kökünə bağlıdı. Çiynində övlad, ata, qardaş, sirdaş, yoldaş yükünü daşıyır bircə. Başqa borcu yoxdu kimsəyə. Özünə sadiqdi. Verdiyi sözü tutar deyə hər deyəndə söz vermir. Bəzən könlündən keçənləri dilinə gətirə bilmir. Tərif və tarif etməkdə bir az çətinlik çəkəndi. Daha doğrusu qəribə utancaqlığı var. Müəllim adına sadiqdi həm də. Əminəm ki, dərs dediyi Gəncə Dövlət Üniversitetində onun qələmi və imzası ilə özünü təsdiq etmiş çox tələbə var.
Bu da Babək Qədirovun bir uğurudu. Həmişə insana birinci növbədə səbr arzulayır. Bilir ki, uğura gedən yol səbrdən başlayır. Bilir ki, Tanrının bir adı da səbrdi. Bilir ki, səbrin ətəyindən tutanlardı Allaha bağlı insanlar. İnsan durula-durula, paklana-paklana Ona yaxınlaşa bilər ancaq. Onun (Tanrının)yanında olan lardandı Babək Qədirov da. Ütüsüz, bərsiz,bəzəksiz danışanlardandı həm də. Ürəyindən keçənləri deyir. Hər kəs də ürəyindən keçmir axı. Adamın içini oxuyur deyə onunla rahat danışmaq olur.
Azadlığa vurğundu. Yazdıqlarını qafiyədə həbs etməz. Düşündüyü kimi yazar, yazdığı kimi düşünər. Pafosdan kənardı. Özünü yazıçı hesab etməsə də çoxlarından yaxşı yazır. Ən əsası odu ki, yaza bilir. Hecalara bölmür fikirlərini , cümlə -cümlə açır. Sözləri və fikirləri bulanıq deyil, dumdurudu.
Hərdən ovqatının təlx vaxtı elə gözəl fikirlə döyər ki, qapını , çaşıb qalarsan. Fikirləşərsən ki, onu bu qapıya da Tanrı göndərib. Yazılarımıza ürəklə ürək qoyar. Boğazdan yuxarı tərifləri sevməz. Tənqiddən də qaçmaz. Xoşuna gəlməsə də kəsib doğramaz. Sözündən tutarsan ağlından keçənləri. Özünün mizan tərəzisi var. Hər kəsin öz çəkisi var bu tərəzidə. Tərəzinin bir gözünə ədaləti , o biri gözünə ürəyini qoyar.
Dünyaya öz baxışı var. Öz pəncərəsindən baxar dünyaya. Rəngsiz, boyasız. Ağ-qara. Olduğu kimi görünər dünya onun pəncərəsindən. Saflığında bir uşaq təmizliyi var. Aldatmağı və aldanmağı sevməz.
Neçə vaxtdı özü də bilmədən müşahidə edirəm onu. Öyrənməyə çalışıram. Sözünün işığında tanımaq istəyirəm bu səbrinə sığınan adamı. Ellimdi həm də. Qonşu kənddəndi. Amma təsadüfən sosial şəbəkədə tanış olmuşuq. Yəni uzun yol keçə -keçə Tanrı bizi tamam başqa məkanda qarşılaşdırıb. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? Bilmirəm. Amma hər şeydə bir səbəb var məncə. Səbəbin arxasında nələr dayanır, bircə Tanrı bilir. Bu yazı da təsadüfən yazılmadı məncə, zərurətdən doğdu. Ürəyim diktə etdi, qələmim yazdı. Özü də bunca səbrdən sonra. Nə qədər dostuma layiq olduğunu da bilmirəm. Bircə onu bilirəm ki, hər kəsin qiymətini vaxtında vermək lazımdı. Elə Babək Qədirovun də ən böyük arzusu budu.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏYAT HƏQİQƏTLƏRİ

SÖYLƏ

Xatirələr qəlbimi,
Sızladırdı yenə də.
Siz tərəfə boylandım,
O küçədən keçəndə.

Sən gəzdiyin yerlərdən,
Axtarırdım izini.
Kaş ki, yenə görəydim,
Həsrət çəkən gözünü.

Niyə heç danışmadın,
Sözünü yada salım.
Ürəyim üşüyəndə,
Səsini xatırlayım.

Yanğı ilə baxardın,
Gözündən od çıxardı.
Güllətək baxışları ,
Ürəyimə sıxardın.

Bu dünyaya gəlməyə
Bir az da gecikmişdin.
Yaman hövsələsizəm,
Bəlkə mən tələsmişdim.

Söyləmək istədiyin ,
Sözlərin harda qaldı?
O sözlərin həsrəti,
Ürəyimi yandırdı.

Könlündə olanları ,
Niyə heç söyləmədin.
Əlinə qələm alıb ,
Bir vərəğə tökmədin.

O saralmış vərəqdən
Görərdim gözlərini.
Qəlbimə muncuq kimi,
Düzərdim sözlərini.

Hara qaçır bu illər,
Niyə bilmirəm belə.
Minib köhlən atını,
İllər dönübdür yelə.

İllər tez-tez ötsə də,
Duyğular dəyişmədi.
Gözlərim sevdiyiylə
Bir daha görüşmədi.

UNUTMAQ

Gecələr yuxun qaçar,
Siqaret yandırarsan.
Yanan siqaret deyil,
Özün də alışarsan.

Sevgidən söz açılsa,
Nələr düşər yadına.
Birdən qəfil görərsən
Nə söylərsən qadına.

Zaman geri alınsa,
Ona nələr deyərdin.
Qəlbinin atəşini,
Yanğını söyləyərdin?

Unuda bilmədinmi,
Onun gözəl gözünü.
Uzaqdan eşidilən,
Qırıq-qırıq sözünü?

Sevginin yanğısını,
Kimsəyə söyləməzlər.
Bu dünyada çoxları ,
Sevgi nədir bilməzlər.

Saf sevgi bircə dəfə,
Qəlbinə hakim olar.
Vüsal qismət olmasa,
Könül həsrətdən donar.

Bir-bir xatırlayarsan,
Ötüb keçən günləri.
Hicranla dolu olan,
Yaşadığın illəri.

Nə söyləsən qəlbinə ,
Onu unuda bilmir.
Sevgidən söz düşəndə,
Ürək alışır, dinmir.

Sevə-sevə qocaldın,
O alagöz qadını.
Saçların da ağardı,
Unutmadın adını.

DƏRD

Qəfil göy guruldayır,
İldırım tez-tez çaxır.
Hava yaman qaralıb,
Güclü yağış başlayır.

Bunlara söyləyirik,
Təbiət hadisəsi.
Qəlbimizdə deyirik,
Yaradanın hikməti.

Bir-bir yerə çırpılır,
Damcılar döyəclənir.
Birdən qəlbimə gəlir,
Damcı bəlkə əzilir.

Göyün yeddi qatından,
Düşüb yerə ağlayır.
Torpağa qarışdıqca,
Ağrıları azalır.

Biz bunu eşitmirik,
Bəlkə damcı ağrayır.
Aldığı zərbələrdən ,
İniltiylə zarıyır.

Damcının da dərdi var,
Ayaq altında qalır.
Unutmaqçün hər şeyi,
Göydən yerə atılır.

Bəlkə də damcılar da,
Çətinliyə alışır.
Yox olub getmək üçün,
Selə-suya qarışır.

Damcılar arasında,
Sevgililər də olar.
Ayrılıqdan, həsrətdən,
Onlar yerə çırpılar.

Kim nə bilir bəlkə də,
Onlar burda qovuşur.
Tapıb sevgilərini,
Bir-biriylə danışır.

Bəlkə musiqi çalır,
Kimə isə bayaqdan.
Gözəl nəğmələr deyir,
Pıçıldayır dodaqdan.

Kim nə bilir dərdini,
Bəlkə də fəryad edir.
Alıb son nəfəsini,
O da, dünyadan gedir.

DÜNYA

Dünya beşgünlükdür, deyib dururuq,
Bəs bir-birimizi niyə qırırıq?
Əsəblər gərilir,əsəblər tarım,
Ömürlər yarımçıq, ömürlər yarım.

Birinin dərdi var, söyləyə bilmir,
Bir əlac tapanmır,onunçün dinmir.
Beşgünlük dünyada qəlbi oxşayaq,
Sınıq könülləri daha qırmayaq.

İllər tez-tez keçir,bənzəyir yelə,
Pis sözlə dəyməyək könüldə telə.
Xoş sözlər ürəyi işıqlandırar,
Qəlbi qırıqlarda ümid yaradar.

Nə var ki, söz deyib ,könül qırmağa,
Sevinən bir qəlbi qırıb atmağa.
Xoş sözlər söyləyib, qəlbi oxşadaq,
Sınıq könüllərə biz məlhəm olaq.

Dünya beşgünlükdür, sınıq getməyək,
Sızlayan qəlbləri viran etməyək.
Ruhumuz dincəlsin rahat uyusun,
Bir parça dil ilə zəhər tökməyək.

VƏTƏN

Vətən hardan başlayır,
İnsanın öz evindən.
Vətən sevgisi başlar,
Körpənin beşiyindən.

Dil açanda deyirik,
Biz ana kəlməsini.
Qoxlayırıq ürəkdən ,
Vətənin nəfəsini.

Söylənən hər laylalar,
Yaddaşımızda qalar.
Qoşmalar , bayatılar,
Ürəyimizə dolar.

Bənzəməz ayrı yerə,
Başqadır mənim elim.
Saysız dillər olsa da,
Şirindir mənim dilim.

Vətənə məhəbbəti,
Beşikdə öyrənirik.
Ana ilə Vətəni,
Yan-yana söyləyirik.

Vətən hardan başlayır,
Açılan hır qapıdan.
Gəzib dolaşdığımız,
Hər tindən,hər doqqazdan.

OYUN

Şahmatı tək oynamaqla,
Önündə aciz qalmışam.
Sağda mən qalıb olsam da,
Sol tərəfdə uduzmuşam.

Sən olmasan sol yanımda,
Suallar da mənasızdı.
Cavabı mən neynirəm ki,
O cavablar ünvansızdı.

Özüm sorub cavab verdim,
Öz-özümü mən mat etdim.
Təkbaşına mən oynadım,
Təkbaşına gediş etdim.

Qalib kimdi,məğlub kimdi,
Onu necə təyin edim.
Hər ikisi mən idimsə.
Kimə mən üstünlük verim?

Mükafatda deyil söhbət,
Söhbət qürura aiddir.
Sağ yanım dik dura bilir,
Sol tərəfim qəddin əyir.

Şahmatda tək oynamasaz,
Qalib və məğlub olmazsız.
İki hissi yaşasanız,
Qəlbdə sevinci dadmazsız.

Qalib,ya da məğlub olmaq,
İmkansızdı tək oynasaz.
Dərin duyğu yaşayarsız,
İkisindən biri olsaz.

İnsan özü mürəkkəbdir,
İçində bir dünya yatır,
O meşədə azmasa da,
Daxilində itib-batır.

Özünü təqsirli bilir,
Özü ilə hey çəkişir,
Gah özünə vəkil olur,
Gah hakimtək cəza kəsir.

Təlatümün içindədi,
Hər cür yollarla gedəcək.
Ya özünü tanıdacaq,
Ya özünü məhv edəcək.

Qərarlarına bağlıdır,
Sonu əməl göstərəcək.
Ya ömürlük xatırlanıb,
Ya əbədi silinəcək.

Yaddaşlarda daim qalıb,
Ömür boyu xatırlanaq.
Yaxşı əməl sahibitək,
Savablarla yadda qalaq.

Könül qırıb,iş pozmayaq,
Yaxşıları pis yozmayaq,
Heç vaxt yolları azmayıb ,
Kələflərin ucunu tapaq.

MƏN

Bunu sənə dedilərmi,
Səndən sonra necəyəm mən?
Həmin vaxtdan yol gəlsəm də,
Fəqət qoyduğun yerdəyəm.

Sədaqətə and içdiyim,
Yolunda candan keçdiyim
Ömrümü qurban etdiyim.
Heç bilmədin necəyəm mən.

İllər sutək axıb getdi,
Yaş da artdı,vədə yetdi,
Qara saçlar gözdən itdi,
Heç bilmədin necəyəm mən.

Bəlkə xəbər almamısan,
Məni yada salmamısan.
Fərqinə də varmamısan,
Harda qaldım,necəyəm mən.

Günlər hədər keçib gedir,
Həsrət artır, ömür bitir,
Öz çəkdiyim mənə yetir.
Heç bilmədin necəyəm mən.

Gəlib çıxmır başı bəlalım,
Ömrümə sirdaş bəlalım,
Zaman çətin,oysa zalım,
Gəlib görmür necəyəm mən.

Hər gün səni arzuladım,
Dua edib, namaz qıldım.
Sübh azanda uğurladım.
Dönüb görmədin necəyəm.

O gəlişə qurban dedim,
Səbr eləyib yol gözlədim.
Hamı gözləmə desə də,
Mən səni lap çox gözlədim.

Qayıtmağın güman oldu,
Dönmən xeyli zaman aldı.
Gözləməkdən göz saraldı,
Amma yenə səbr etdim mən.

CAVAB

Qəlbimdə flrtına,qasırğa qopur,
Yanımda adını çəkən olanda.
Hər şey sıfırlanıb maraqsız olur,
Kimlərsə adını xatırladanda.

Nəfəsim kəsilib,gözüm qaralır,
Yanımda hər kəsi unuduram mən.
O an kimliyim də yadımdan çıxır,
Gözlərim önündə durursan həmən.

Yenə baxışların yandırır-yaxır,
Hara baxıramsa səni görürəm.
Gedəcəyim ünvan yadımdan çıxır,
Hara üz tutacam onu bilmirəm.

Nə yaddan çıxarmır,nə unutmuram,
Harada olsam da fikrimdə sənsən.
Nə gəlib çıxmırsan,nə ovunmuram,
Əminəm,qismətsə səni görəcəm.

Dəyişdi qərarım,söndü duyğular,
İndi qəlbim küsüb yol gözlədikcə.
Öz sevgim özümün gözündən düşüb,
Gördünmü,gəlmədi,unut!-dedikcə.

Bir dəli həsrətlə sevmə sən məni,
Unut mənə qarşı hisslərini də.
Nə məni arzula,nə xəyal elə,
Qarşılaşsaq çək məndən gözlərini də.

Bezdim həsrətindən,doydum əzabdan,
Yoruldum yoluna gizli baxmaqdan.
Qəlbdəki suala cavab tapmıram.
Bezdim özümdən də söz soruşmaqdan…

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır

Dünənə söykənən adam

Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Daha doğrusu qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə -ilişə sürünürdü kölgəsinin arxasınca . Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından , söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki -bir, üç -bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür , hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan duya bilirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik güclə sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı. ..
Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi . Durdu. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar -təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar.
–Əşrəfdi , vallah Əşrəfdi. Gözlərindən tanıdım.
–Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə.
–Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum.
-Yox, ayıbdı.Vallah mən oxşatmadım.
–Odu , odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. Məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı.
–Adam adama bənzəyər də.Mən bənzətmədim.
— Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl , diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi.
–Deyirsən qayıdıb dəqiqləşdirək?
–Hə.
Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı . Onlarla üz-üzə gəlmək istəmirdi. Çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanardı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını( buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi , vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi–
“Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı?. Adı batsın Əşrəfin “
Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə “Gəlməyin arxamca, uzaq durun məndən”-deyib bağırmağa başladı.
Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü . Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi axı. Həyatı bu çəlikdən asılmışdı bu dəqiqə. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca çəliyini bərk-bərk yerə döydü. Hiss etdi ki, güclənib. Ayaqları da sözünə baxırdı deyəsən, dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni . Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə -ölçə səsinin yoğun yerinə salıb bağırırdı:
–Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi.
Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla :
–Gördün? Dedim axı Əşrəfdi-dedi.
–Həə. Narkoman Əşrəf.
Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı:
Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar deyə. Ona görə ki, çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də.. Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin !
Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər , adının qabağındakı ayamanı da.. Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı,burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı.Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı?.Yox , dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi:
–Əşrəf, Əşrəf…
“Bircə evimə çatsaydım”

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru