AYAZ İMRANOĞLU “KOMUTAN” ROMANI HAQQINDA

AYAZ İMRANOĞLU “KOMUTAN” ROMANI HAQQINDA

Tanınmış şair-publisist Ayaz İmranoğlunun “Komutan” romanını qəhrəmanlıq mövzusunda yazılmış tarixi əsər kimi də səciyyələndirmək olar. Yazıçı bu romanı Azərbaycan Silahlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyevə, onun uşaqlıq illərinə, ailəsiylə yaşadığı qaçqınlıq iztirablara, təhsil illərinə, hərbçi kimi yetişməsinə və 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yoluna, göstərdiyi igidliklərə həsr etsə də, əsərdə bədii parçalara da kifayət qədər yer vermişdir. Ayaz İmranoğlunun ustad qələmi ilk səhifədən oxucunun marağını çəkə bilir, onu dərin maraq içində, həvəslə Surxayın düşüncələrini, arzularını, yaxınlarının, ailəsinin, soydaşlarının qaçqınlıq həyatını, torpaqlarımızın işğalından sarsıldığını və özünün işğalçılara qarşı nifrətini, qisasçılıq hisslərini və torpaqlarımızın azadlığı yolunda qarşısına qoyduğu məqsədə çatmaq üçün prinsipiallığını izləməyə sövq edir. Sözün əsl mənasında elin igid oğlunun qəhrəmanlığa gedən yoluna bələd olmaq istəyirsən.
Romanı oxuduqca belə bir oğulun mütləq qəhrəman kimi yetişəcəyinə oxucuda yəqinlik hasil olur. Ailədən gələn vətənsevərlik, soydan gələn kişilik, qeyrət duyğuları, məktəb illərində müəllimlərinin şəhidlərimizə, qazilərimizə olan sayğısı, sevgisi, izlədiyi kinolarda gördüyü qəhrəmanlıq səhnələri də Surxayın ağlında, fikirlərində dərin izlər buraxır. Yazıçı öz qəhrəmanının bütün müsbət tərəflərini, dərin zəkasını açıb oxucuya çatdıra bilir.
Mən hələ “Komutan” romanını oxumazdan əvvəl də, vətənimizin bu qəhrəman oğlu, onun igidlikləri haqqında eşitmişdim. Neftçala rayonundan olan baş leytenant, döyüşlərdə göstərdiyi cəsurluğa, rəşadətə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən bir çox orden və medallarla təltif olunmuş Vətən müharibəsi qazisi Yusif Abdullayevin döyüş yolu haqqında yazarkən, qazimiz onunla birlikdə ağır döyüşlərdə iştirak etmiş əfsanəvi kapitan Surxay Noçuyev haqqında da, böyük sevgi və rəğbətlə məlumat vermişdi.

Qələminə, yazıçılıq istedadına həsəd apardığım Ayaz İmranoğlu qəhrəmanımız haqqında sırf məlumat xarakterli deyil, təsvir etdiyiyi olaylara, söhbətlərə bədiilik, şirin, insanı kövrəldən xatirələrə insani duyğulardan çalarlar qataraq danışır.
“Surxay ilk dəfə maaş alıb anasını sevindirmək istəyir və pulu ondan alan ana dəmir sandığa yaxınlaşır. Bu zaman Surxay maraqla :
-Ana, yadındamı, biz uşaq olanda da evimizdə iki sandıq vardı. Onlar nə oldu?
Mehriban xanım bir anlıq xəyala daldı. Oğlunun son sözlərindən sonra bir anlıq bulud kimi doldu və gözlərinə çən endi. Əlinin arxası ilə nəmli gözlərini silib:

-“Lənət olsun nankor qonşulara. Köçkünlük vaxtı dolu evimizdən nə götürdük ki, sandıq da götürək, ay oğul?”
Elə bu bir kəlmə nisgil dolu gileyli söz, soydaşlarımızın yurd, ocaq həsrətini bütün ağırlığı ilə oxucuya çatdırır.
Yaxud döyüşlər gedən zaman öz əsgərlərini özü kimi qoruyan kapitan Noçuyev tabeliyində olan zabitlərə: “Uşaqlardan muğayat olun”… deyib, təkrar-təkrar tapşırır.
Əsərin bu hissəsini oxuyarkən yenə qazi Yusifin sözləri düşür yadıma: “Noçuyev özündən çox tabelində olan əsgərlərinin təhlükəsizliyini düşünürdü.
Yazıçı əsər boyu öz qəhrəmanının bir insan, şəxsiyyət kimi necə kamil yetişdiyini, hərb sənətinin incəliklərini bütünlüklə əxz etmiş komandir kimi, vətənsevər, mərd, cəsur döyüşçü kimi tanıtdırır, sevdirir oxucusuna.
İnsanın bütün duyğularına təsir edən, qəlbini göynədən kiçik bir dialoqa nəzər yetirək. Döyüşlər zamanı nadir hallarda evlə, atası, ailəsi ilə əlaqə saxlaya bilir Surxay. Ordumuzun qələbələri artdıqca işğaldan azad olunan ərazilərimiz də çoxalır. Bir telefon zəngində qəhrəmanımız atasından soruşur:
-Ata, könlündən Məmmədbəylinin hansı yerlərini görmək, gəzmək keçir. De, mən sənin əvəzinə o yerləri qarış-qarış gəzəcəm.
-Kəndimizdə ayağın hara dəyəcəksə, o yer mənim üçün əziz olacaq. Elə biləcəm oğlum Məkkəyə, Kərbəlaya gedib ziyarət edir. Bilirsən, oğlum, əslində bizim Kərbəlamız, Məkkəmizdir yurd yerlərimiz.
Doğrudan da yurdu, ata-baba ocağı, insanın ruhuna, qəlbinə ən doğma, ən əziz olan dəyərlərdir. Ağlı, şüuru kəsdikcə özünün, ulu babalarının da yaşayıb, dünyadan köçərkən də məzar yeri olan torpaqdan daha əziz nə ola bilər insan üçün.
Müəllif özü də həmin bölgənin vətəndaşı kimi o yerləri gözəl tanığı üçün döyüşlər haqqında , döyüş planları haqqında elə müfəssəl yazır ki, oxucu da özünü cəbhə bölgəsində, qəhrəman döyüşçülərimizin yanında hiss edir, döyüşlərin həyacanını yaşayır.
Döyüşdən döyüşə uğurları artdıqca, qələbəyə böyük inam yarandıqca kapitan Surxay Noçuyevin təcrübəli bir hərbçi kimi döyüş planları daha da təkmilləşir, tabeliyindəki heyətin ona olan inamı, sevgisi onu daha da uğurlu əməliyyatlara, mənfur düşmənlərin səfini daha çox dağıtmağa həvəsləndirir.
İndiyə kimi mən çox kitablar oxumuşam. Müharibə səhnələri, döyüş epizodları məni həmişə həyacanlandırıb. Etiraf edirəm ki, “Komutan” romanının finalında qəhrəmanımızın şəhid olması məqamını Ayaz İmranoğlu elə təbii, real çatdırır ki, oxucu hardasa özünü günahlandırır qəhrəmanımızı qoruya bilmədiyinə görə.
Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyirəm! Ruhu şad olsun. Bu xalq var olduqca Surxay Noçuyev kimi igidlərimiz ürəklərdə yaşayacaq. Müəllifə uğurlar arzulayıram. Qələminiz iti olsun həmişə, dəyərli yazarımız.

Müəllif: XURAMAN ZAKİRQIZI

AYAZ İMRANOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kemal eren Kemal Berk

Kendimi Sende Buldum Yar!

Ektiğim diktiğim, bağda bahçede
Aradım kendimi, orda buldum yar !
Gezerken gördüğüm, güller içinde
Aradım kendimi, sende buldum yar!
*
Gözüne bakarken, dalıp kalmıştım
Aklımda yarınlar, hayal kurmuştum
Gül bahçe içinde gönül salmıştım
Kaybettim kendimi sende buldum yar!
*
Ne keman laf dinler, ne de şu sazım
Kaderim sevmekmiş, şu alın yazım
Bir bilsen, göklerde uçarken, hazzım
Diyemem kendimi sende buldum yar!
*
İçiyorum gece gündüz her vakit
Gözüne bakarak yaptığım akit
Sözümden dönemem, kalbime kilit
Vururken kendimi, sende buldum yar!
*
Derya deniz gibi akan sözüne
İnandım o anda düştüm közüne
Ay gibi parlayan baktım yüzüne
Gülerken kendimi, sende buldum yar!
*
Sordum seni gelip geçen aleme
Mürekkep yalamış nice alime
Bir kitapta yazmış dön bak kalbine
Gezerken kendimi, sende buldum yar!
*
Ahdetdim, dönemem asla geriye
Ne olur, bir kere gelsen beriye
Bu yürek dayanmaz, her gün eriye
Ölürken kendimi, sende buldum yar!

8- Aralık. 2024 Pazar

Müəllif: Kemal eren Kemal Berk

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəlil Rza, Azər Turan və kitab – Maraqlı əhvalat

Əvvəlki yazımda – Etibar və Azər Əbilovlar – Foto – Azərlə 1984-cü ilin 17 noyabrında Bakıda çəkdirdiyimiz fotonu paylaşaraq yazmışdım ki, həmin günün səhərisi Azəri Biləcəridən hərbi xidmətə yola salacaqdım… İndi həmin günlə bağlı digər bir xatirəmi paylaşıram. Həmin fotonu çəkdirməmişdən əvvəl Azər telefon köşkündən (2 qəpikliklə danışdığımız telefon köşklərini yəqin ki,xatırlayırsıız) Xəlil Rzaya zəng etdi və səhər hərbi xidmətə yola düşəcəyini dedi. Mən Azərin lap yaxınlığında idim və xəttin o biri başında Xəlil Rzanın əsl Salyanlı ləhcəsi ilə: -Gə bizə! (Gəl yox, gə)- dediyini eşitdim.Şəkili çəkdirib birlikdə Xəlil Rzanın Əli Bayram (ov) – (bu cür yazı üslubu da Xəlil Rzaya məxsus idi, soykökündəki “ov” larl mötərizədə yazırdı) – küçəsində yerləşən evinə gəldik. Azər qapını döydü. İcəridən Xəlil Rzanın səsi eşidildi:
-Qapı açıqdır. İçəri keçin.
İcəri keçdik. Xəlil Rza böyük otağın sol tərəfində olan və böyük otaqdan arakəsmə ilə ayrılan iş otağında makina arxasında əyləşib makinada nə isə yazırdı.Gözünü yazıdan ayırmadan, şux bir ovqatla:
-Şekspinin məşhur “Olüm, ya ölüm” sözü ingiliscə “Tubi, not tubi” kimi səslənir. -Bunu deyib gözünü makinadan ayırdı və bizə müraciətlə, eyni zamanda nikbin ovdaqlı uca səslə:
-Tubi, not tubi?- dedi və sonra yenə Salyan ləhcəsi ilə -Ala, Tubi e- deyərək ayağa qalxdı. Bırlikdə böyük otağa kecdik. Xəlil Rza stolun üstünə cürbəcür məzələr düzdü. Əyləşməmişdən əvvəl mənə -O balonu mənə ver gorüm- dedi. Bir qədır kənarda kiçik bir qolabın yanında olan balonin icərisindəki maye, qoz ləpəsindən çəkilmiş araq idi… O unudulmaz, şirin söhbət zamanı görkəmli aktyor Mikayıl Mirzə də gəldi….Məclis gecədən keçmişə qədər davam elədi. Həmin məclisdə Xəlil Xza Azərə “Hara gedir bu dünya…” adlı kitabını bağışladı. Azərə davamlı olaraq ona məktublar yazmağı tapşırdı (onu da deyim ki, hərbi xidmət illərində Azər Xəlil Rza ilə müntəzəm məktublaşdı. İndi Azərin Xəlil bəyə, Xəlil bəyin Azərə yazdığı məktublar Azərdədi. Tarixi və son dərəcə maraqlı olan həmin məktubların kitab kimi çap olunmasını şəxsən mən çox istəyirm) və Azərə uğurlu xidmət arzuladı. Gecəni qalacacağımız evə bizi öz maşını ilə Mikayıl Mirzə gətirdi.
Əslində mən bu yazını Xəlil bəyin Azərə bağışladığı kitabla bağlı yazmağı fikirləşmişdim. Amma xatirələr çözələndi.Yadddaşa,ömrə də etibar yoxdu…
Nə isə, səhər Biləcəriyə gəldik. Bərk yağış yağırdı. Biləcəridə Neftçaladan da uşaqlar var idi. Hamımız bir yerə yığışmışdıq. Kitab mənim əlimdə idi.Adil adlı bir Neftçalalı, kitaba baxmasını istədi. Verdim. Amma kaş verməyəydim… Kitab onun əlindən yerə, palcığın içərisinə düşdü. Mən həyəcanla: -Sən neylədin?- deyəndə, Adil heç nə olmayıbmış kimi: -Nə olub, kitabdı də…- dedi.
Adil mənim o kitabla bağlı keçirdiyim hissləri, təbii ki, anlamaq iqtidarında deyildı.

Mən kitabın palcığını cib dəsmalımla təmizlədim. Yadımdadı, cib dəsmalım bütövlükdə palcığa bulaşsa da, kitab tam təmizlənməmişdi. Məcbur olub plaşımın qolu ilə qalan palçıqlı yerləri də təmizlədim… Azəri həmin gün hərbi xidmətə yola saldım. Həmin günün axşamı özüm də evə gəldim. Vərəqlərində palçıq ləkəsi qalmış kitab da məndə idi.
Şəkildə görürsünüz, həmin kitabdan iki dənədir. Xəlil bəy hər iki kitabı avtoqrafla Azərə yazıb. İkinci kitabı Xəlil bəy Azərə hərbi xidmətdə olarkən göndərib. Bilmirəm, Azər kitabın aqibətini, palcığa bulaşmasını ona yazıbmış, yaxud həmin kitabı hərbi xidmətdə oxumaq üçün istəyib… Xəlil Rza da kitabını ikinci dəfə İrkutskda xidmətdə olan Azərə göndərib.
Allah unudulmaz Xəlil bəyə rəhmət eləsin.

Mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən:

ƏBİL ƏBİLOVUN YAZILARI

AZƏR TURANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Anarın “Qatardan qalan adam” hekayəsinin fəlsəfəsi

Anarın “Qatardan qalan adam” hekayəsinin fəlsəfəsi

“Həyat insan şüurunda kök salmış bir aldatmacadan başqa bir şey deyildir. O, bizə nəsə vəd etdiyində yerinə yetirməz. Yetirsə də, bizdən də nəsə alacağı üçündür. İnsan necə inanmışdır belə bir həyata?” –deyirdi Artur Şopenhauer.
Anarın “Qatardan qalan adam” hekayəsinin də bu fəlsəfənin üzərində qurulduğunu düşünürəm. Hekayədə qatar ömürü təmsil edir. Baş qəhrəman sanki yaşamının sonuna gəldiyini şüuraltı olaraq hiss edir. O, ölümü addım-addım özünə çəkməklə bərabər, həm də yaşamaq istəyir. Həmin gün baş verən bütün detallar onu getdiyi ömür yolunun sonuna doğru aparmaq üçün planlaşdırılmışdı.
Hekayənin əvvəlində qeyd olunur ki, İshaq qatardakı oturaq kupeni təkcə özü üçün almışdı ki, xatirə və arzuları ilə tək qalsın. Yəni, qatarda onun heç bir yoldaşı olmayacaqdı. Əgər olsaydı, daha sonrasında yaşananlar da bəlkə də, başqa cür olacaqdı.
İkinci detal isə İshaqın həmişə qolunda gəzdirdiyi “Roleks” bahalı qol saatını bir gün öncə Ədhəm bəyə bağışlamağı idi. Saatın onun qolunda olmamağı qatara gecikərkən tək qaldığı kiçik qəsəbədə taksi ilə gedəcəyi məkana çatmaq üçün müəyyən qədər pul əldə etmə şansından da məhrum olmağı demək idi. Digər bir detal isə Ədhəm bəyin İshaqa siqareti tərgitməyini xahiş etdiyi halda onun buna dözümsüzlüyü idi.
İnsan nə qədər zəngin olmasından asılı olmayaraq həyatdan gedərkən özü ilə heç nə apara bilmir. İshaq da bir neçə dəqiqəlik qatardan düşərkən özündən başqa heç nəyini götürə bilməmişdi. Hətta müasir dövrdə demək olar ki, əldən düşməyən cib telefonunu belə qatarda qoymuşdu. Heç yaddaşı da onun köməyinə gəlmir ki, kiminsə mobil nömrəsini xatırlayıb ona kömək etməsi üçün zəng eləsin. O, təkcə ev nömrəsini xatırladı. Amma oraya zəng eləmək mənasız idi. Çünki həyat yoldaşı ilə də ayrılmışdı və evində heç kim yaşamırdı. Müəllif ölümə gedən insanın köməyinə heç kimin gələ bilməyəcəyi düşüncəsinə qapılmışdır. Üstəlik, uğursuz evlilik baş obraza diabet adlı daim nəzarətdə saxlanılmalı olan xəstəlik də qazandırmışdı.
Başqa bir detal onun beynəlxalq dil olan ingilis dilini bilməməsi idi. Macarca isə təkcə “Ninç” yəni, demək olar ki, ən neqativ söz olan “yox” kəlməsini bilirdi. Ona yaxınlaşan qadına da bu kəliməni deyərək boş ciblərini göstərdikdən sonra qadın sürətlə ondan uzaqlaşır. Sanki obraz ölümə yaxınlaşarkən insanlar ondan uzaqlaşırdılar.
Hekayədə Kamilla həyatı təmsil edir. İshaq başa düşmüşdü ki, Kamillasız yaşaya bilməyəcək. Psixologiyada belə bir nüans var ki, qadınlar aşiq olanda aşiq olduqları adamdan savayı hər şey onların gözündən düşür. Kişilər aşiq olanda isə həyatdakı hər şey onların gözündə yenidən məna qazanır. İshaq da getdiyi yolun o başındakı həyatla- Kamilla ilə qarşılaşacağı anı səbrsizliklə gözləyir, xatirələrin və arzuların əhatəsində özünü xoşbəxt insan hesab edirdi.
Qatardan siqaret almaq üçün enən İshaq çevrilib baxanda artıq qatarın yola davam etdiyini görərək onun ardınca qaçsa da çata bilmir. Əli heç yerə çatmayan İshaqı qara və bədbin fikirlər boğmağa başlayır. O xatırlayır ki, çox acdır, iynəsi vaxtında vurulmazsa, komaya düşə bilər, ağzı qurumuşdu, xırda pulu belə qalmamışdı və üstəlik, yaxınlıqda heç bir mağaza da yox idi. Düşünərkən belə neqativ kəlimələrdən istifadə edir: “Ola bilər ki, çıxış yolu tapılsın” əvəzinə “ola bilməz ki, çıxış yolu tapılmasın” deyə qurur cümləsini. İlk baxışda bu çıxış yolu tapmağa fokuslanmış müsbət cümlə kimi görünsə də buradakı inkar şəkilçilər cümləni daha bədbin emosiyalara kökləyir və insan beynini çıxış yolu tapmağa deyil, tapılmamağa vadar edir.
İshaq yavaş-yavaş ölümə yaxınlaşdığını hiss etdiyi üçün beyni ona oyunlar oynamağa başlamışdı. Belə ki, o, arxadan ona yaxınlaşıb gözlərini bağlayan qadını bir anda Kamilla kimi təsəvvür edib möcüzə baş verdiyini düşünsə də, gerçəkdə bu tamamilə mümkünsüz idi. Sonra İshaqı həyatın ona hazırladığı sürpriz ölümün peşmanlığı bürüyür. Onun düşüncələrindəki böhranın zirvəsi isə polislər onu ictimai qayda pozuntusuna görə müvəqqəti həbs etdikdən bir qədər sonra baş verir. Problemini polisə heç cür izah edə bilmədiyi üçün divara yaslanıb gözlərini yumur. Elə bu andaca beynində xatirələr, xəyallar, düşüncələr cövlan etməyə başlayır, şüurunu əsir alır. O, xəyalən Bakıda, öz mənzilində idi. Çox xoş bir gün ikən gözlənilmədən şəhər fəlakətin qucağına düşür. Sal bir divar əmələ gəlib binaların üstünə yıxılır, onları alt-üst edir. Bir anda nüvə müharibəsi başlayıb yer kürəsini xarabalığa çevirəcəkdi. İshaq artıq şüuraltı olaraq yaşamdan əlini üzürdü, amma onun nə qədər gözəl olduğunu dərk etdiyi üçün özündən sonra gözəl heç nəyin qalmamasını arzulayırdı. İshaq içdən-içə ölərkən bu gözəl kainatda gözü qalmasın deyə onun xarabalıq olmasını arzu edirdi. O, öz ölümünü qiyamət günü zənn etmək istəyirdi. “Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək fərd yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş” deyə düşünən İshaq əbədi bir heçliyə qovuşur…
Səhər polislər İshaqı ölü vəziyyətdə tapdıqdan sonra meyiti öz müəyyənləşdirdikləri inanca uyğun krematoridə yandırıb külünü havaya sovurdular. Bir gün öncə həyat üçün tələsən və planlar quran insan indi əbədiyyətə deyil, heçliyə qovuşmuşdu. Sanki, bu dünyada heç var olmayıbmış kimi yoxa çıxmışdı…
Müəllif bu əsərin xüsusən də, finalı ilə daxili böhranını və həyatın mənasını sorğulayır. Əgər bir gün öncə var olan bir insan bir gün sonra heç olmamış kimi bir az külə çevrilib havaya sovurula bilirsə, onda var olmanın anlamı nədir? İnsan niyə yaşayır? –kimi suallara cavab axtarışındadır. Yazıçı dində öz əksini tapan gələcəkdəki “Qiyamət günü” qavramını da qəhrəmanın ölən andakı şüur axınında əks etdirərək oxucuya İshaqın bir gündə külə çevrildiyi kimi Dünyanın, kainatın da bir anda yoxa çıxa biləcəyini xatırladır. Bəs onda insanoğlunun bunca çabaları nə üçündür? –sualına zəmin yaradaraq nihilist düşüncələrə də yol açır. İshaq özünü kainatın bir zərrəsi kimi qəbul etməklə bir mənsubiyyət hiss edərək boşluq duyğusundan xilas olub düşüncəsini rahatlığa qovuşdursa da, eyni zamanda, həyatda heç bir şeyin mənası olmadığı fikrini də qəbul edir.
Hekayə yazıçının içinə düşdüyü boşluğu, həyatın gözəlliklərinə sahib olsaq da mənasızlıq və kədər duyğusundan xilas ola bilməyəcəyimizi də anlatmaqdadır.

Müəllif: İlahə Səfərzadə

İlahə Səfərzadənin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru