
Oxudum, oxudum, gözlərim doldu
(ibrətamiz əhvalat)
Gec bildim. Özü çoxdan getmişdi artıq…
Bugünlərdə “Tərcümə təcrübələri”ni imzalı almağa gələn gənc Oxucum kitab üçün pulu, zərf əvəzinə, niyyəti kimi pak bir vərəqə büküb gətiribmiş.
Adi ağ vərəq indi məndən ötrü bu vaxtacan gördüyüm ən incə naxışlı, nəfis bir zərfdir…
Yəqin, əlbəəl almağa utandığımı sezdiyi üçün, bükülünü kitab imzaladığım masadakı nüsxələrdən birinin altına qoyub.
Cizgilərinə körpə məsumluğu hopmuş munis xətt – sonsuz şəfqət, nəvaziş qaynağı: “Gözünüzün nuru azalmasın…”
Oxudum, oxudum, gözlərim doldu. Cib dəsmalımı kipriklərimə çəkdim. Yorğunluq dumanı seyrəldi gözlərimin, baxışım durulub-aydınlandı. Gözyaşlarım yumuşdu, əlbəttə, burası öz yerində. Amma o aydınlığın, əslində, məhz sidqlə yazılmış bu xeyir-duadan gəldiyinə inancım qat-qat üstündür. Bunun tərs üzünə məni kimsə inandıra bilməz.
…Bu lətif zərfi bayaq Özündən almağa utanmışdım. İndi daha çox utanırdım: bükülünü əlbəəl almadığım, üstünə yazılanı o an oxumadığım, üz-üzə ikən layiqincə təşəkkür etmədiyim üçün… Bir də, hədiyyə qəbulu ədəbincə, zərfi onu gətirənin qarşısında açmadığıma görə: içindəki məbləğin artıqlığını bilər, uyğun davranardım.
Ancaq yox! Xırdaçılıq çıxardı, bu nəcib rəftarın sehri zədələnərdi…
Kövrəlib-doluxsunmağımda isə utanmalı bir cəhət görmürəm: Sentimentallıq, istənilən yaşda, Simmentallıqdan çox-çox yaxşıdır!
…İmkanım buna çatdı ki, öz xeyir-duasını mən də onun ünvanına, artıqlamasıyla pıçıldayım: “Sənin də, çox güman, bütün gün ya ekrana, ya kağıza zillənən gözlərinin (hərdən yorğun düşüb dumanlansa belə!) nuru, aydınlığı ömrün uzunu zərrəcə azalmasın, əzizim Oxucu! Bu xeyir-duanın qopub gəldiyi saf ürəyinin taqəti bircə misqal da əksilməsin!”
O ki, qaldı mənə…
Belə gözəl xeyir-dua ilə naxışlanan bu zərfi, onunla gətirdiyin bütöv bir sərvət dəyərində bu banknotu özümdə saxladıqca, inşallah, hələ uzun zaman nə gözlərimin nuru azalar, nə qazancımın bərəkəti çəkilər!
Mənbə və müəllif: Seyfəddin Hüseynli
Seyfəddin Hüseynlinin yazıları
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru









