MÖVLANANIN “KAMİL İNSAN” VƏ NİTSŞENİN “ÜST İNSAN” ANLAYIŞLARI

MÖVLANANIN “KAMİL İNSAN” VƏ NİTSŞENİN “ÜST İNSAN” ANLAYIŞLARI :

Mövlana Cəlaləddin-i Rumi və Fridrix Nitsşe, hər ikisi insanın mənəvi, intellektual inkişafını araşdıran, fərqli dövrlərdə və mədəniyyətlərdə yaşamış iki böyük fikir adamlarıdr. Onların “Kamil İnsan” və “Üst İnsan” anlayışları müəyyən dərəcədə bir-birinə bənzəyir, lakin fəlsəfi kontekstləri fərqlidir.
Mövlana, sufizmin dərin mənəvi təfəkkürünü ifadə edərək, “Kamil İnsan” anlayışını mərkəzi bir mövzu kimi götürür. Kamil İnsan, Allahın varlığını öz daxilində dərk edən, həqiqətə çatmış və mənəvi təmizliyə nail olmuş bir şəxsiyyətdir. Mövlana deyir ki, sirr və həqiqət hər kəsin gözünün önündədir, lakin hər kəs onu görməyə və ya dərk etməyə qadir deyil. Onun dünyagörüşündə insan öz nəfsini aşaraq, eşq və mərhəmət vasitəsilə ilahi birləşməyə nail olur. Mövlananın sitatı (“Sirrim fəryadımdan uzaq deyil…”) göstərir ki, həqiqət zahirdə də mövcuddur, lakin onu anlamamaq insanın daxili korluğunun bir nəticəsidir. Bu, kamilliyə doğru mənəvi yolda insanın diqqətini öz daxili dünyasına yönəltməsinin zəruriliyini vurğulayır. Onun fikrincə, kamil insan, təkcə biliyə deyil, eyni zamanda fərdi təcrübəyə, mənəvi dərinliyə də malik olmalıdır. Mövlana, insanın ruhunun, içsel dünyasının zənginliyinin əhəmiyyətini vurğulayır .”Sirrim fəryadımdan uzaq deyil” ifadəsi, içsəl gerçəkliklərə, özünüdərkə və ruhsal vəziyyətlərə girişi simvollaşdırır. O, insanın bu sirri anlamaqda çətinlik çəkdiyini, çünki bəzən gözlərin, qulaqların həqiqətə çatmaqda yetərsiz qaldığını qeyd edir.
Nitsşe isə fərqli bir yanaşma ilə, insanın öz potensialını aşaraq “Üst İnsan” mərhələsinə çatmasını vurğulayır. O, mövcud dəyərləri tənqid edir və insandan öz yaradıcı gücü ilə yeni dəyərlər yaratmasını tələb edir. Üst İnsan, ənənəvi əxlaq qaydalarını aşaraq, öz həyatına mənanı özü verən azad və iradəli şəxsiyyətdir. Nitsşenin “Zərdüşt belə deyirdi” əsərində ifadə etdiyi kimi, onun fikirləri əksəriyyət üçün anlaşılmaz qalır, çünki insanlar hələ onun təsvir etdiyi inkişaf səviyyəsinə çatmamışdır. Nitsşenin sitatı (“Məni başa düşmürlər, mən bu qulaqlara görə ağız deyiləm…”) onun dərin fikir və ideyalarının adi insanlar üçün əlçatan olmadığını göstərir. O, cəmiyyətin hələ də “Üst İnsan” anlayışını qavraya bilmədiyini vurğulayır.
Mövlananın “Kamil İnsan”ı Allahla birləşməyi, mənəvi kamilliyə çatmağı əsas götürür, Nitsşenin “Üst İnsan”ı isə daha çox fərdi azadlıq və yaradıcı gücü vurğulayır. Mövlana eşq, mərhəmət və nəfsi tərbiyə yolu ilə kamilliyə çatmağa çağırır, Nitsşe isə güclü iradə, öz dəyərlərini yaratma və mövcud olanı aşma yolunu göstərir.Mövlana hər kəsi bu mənəvi yola dəvət edir, lakin hər kəsin buna qadir olmadığını qəbul edir.Nitsşe isə daha elit bir anlayış irəli sürür və yalnız seçilmişlərin “Üst İnsan” səviyyəsinə çatacağını düşünür.Hər iki düşünür, insanın özünü kəşf və inkişaf prosesini mizacen edir.Rumi, bunu mənəvi bir yol kimi təqdim edərək, Nitsşe bunu cəsarət və fərdiliyin bir partlayışı olaraq görür.
Həm Mövlana, həm də Nitsşe insanın potensialını aşma prosesinə xüsusi əhəmiyyət verir. Lakin Mövlana bunu ilahi eşq və mənəviyyatla bağlayır, Nitsşe isə dünyəvi və yaradıcı gücləri önə çəkir. Onların fikirlərinin dərinliyi bu iki böyük mütəfəkkirin əsrlər boyunca aktuallığını qoruyub saxlamasının əsas səbəblərindəndir.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

USTACLI OĞLU USTACAM

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYƏTXAN ZİYAD – ZƏFƏRİMİZ MÜBARƏK

ZƏFƏRİMİZ MÜBARƏK

Əməkdar müəllim Zülfiyyə Vəliyevanın yeni kitabı bu addadır

II Qarabağ müharibəsindəki qələbəmiz­dən qürurlanan VƏTƏN SEVDALI Azərbay­can xanımının ürək döyüntüləri kitab səhifələrində bu kəlmələrdə sətirlənib: “Cənnətməkan Qara­bağ torpaqlarının işğaldan azad edilməsi, sərhədlərimizin bərpası, torpaq­ları­­mızın mənfur düşmən tapdağından təmiz­lənməsi yeni tarixin yazılması, xalqın, ordunun, güclü liderin birliyinin təntənəsidir!”

İlk təqdim olunan “Tarix yazan sərkərdə” adlı məqalədə Ali Baş Komandanın öz xalqı haqqında düşüncələri sətirlənib: “Biz Azərbay­can xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik”. Müəllif diqqəti bu kəlmələrin açıqlaması olan aşağıdakı fikrə istiqamətlən­di­rir: “Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharibə taktikasına heyrət etdi”.

Və elə bu məqamdaca “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” anlamını cavablandırılır: “Azərbaycan dövlətinin zəfər yürüşüdür, Qayıdışının başlanmasının nəticə­sidir Qələbə!” … “Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətən sevdalı Vətən oğulları xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu”.

Bu tarixi qələbədən qürurlanan Z.Vəliyeva xalqına cözaydınlığı verməyi də unutmur: “Gözün aydın, Azərbaycan dünyası, Azərbaycan bayrağı Qarabağda dalğalanir! Eşit dünya, Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir, Azərbaycan xalqı, qüdrətli ordumuz deyir! … Gəncəmiz, Bərdəmiz,Tərtərimiz – bütöv Azərbaycan, gözlərin aydın, bayrağımız Şusada, Ağdərədə, Xocalıda, Xocavənddə, Xankəndidə dalğalanır!”

Müəllif “Qarabağ müharibəsi xalqımız üçün nə deməkdir?” sualını özünəməxsusu cavablandırır: “Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək xalqımıza qələbə sevincini yaşatdı”.

***

Nəticə etibarı ilə kitabda iki istiqamət diqqət çəkir: 44 günlük Zəfər yürüşündən bəhs edən publisistika nümunələri və Qarabağ müharibəsi qəhrəmanlarının döyüş yolundan söz açan yazılar.

“Müstəqilliyimiz əbədidir, dönməzdir” yazısı ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu yöndəki fəaliyyətinə işıq salır.

Kitabda Qarabağ, Şuşa, Ağdam haqqında geniş informasiyalı yazılar da (“Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır”, “Mədəniyyətin mərkəzi, Qarabağın döyünən qəlbi Şuşa”, “Yanar çırağın heç zaman sönməsin, Ağdamım, Qarabağın ağ incisi, Qafqazın Xirosiması Ağdam”, “Ağdam, qaydışın mübarək olsun!) yer alıb. Bu yazılarda oxucu Şuşanın,Ağdamın, bütövlükdə Qarabağın tarixi və özəllikləri, eləcə də “Şuşa Azərbaycan xalqı üçün niyə bu qədər əzizdir?” sualına cavab tapmaq imkanı əldə edir, 

“Ordum var – yurdum var” kimi məzmunlu məqalələrdə 44 günlük Zəfər yürüşünün sirlərinə aydınlıq gətirilir, igid Azərbaycan oğullarından Milli qəhrəman Mübariz İbrahimovu, leytenant Əmrulla Əliyevi, Suqovuşan fatehi Babək Şəmdillini, döyüşçü Sərdar Rəsulovu, Sübhan Abdurahmanlını, Cəbrayıl Dövlətzadəni, Mirmusa Hüseynzadəni və Asim Camalzadəni şəhadət zirvəsinə ucaldan məqamlardan söhbət açılır.

Kitabda həmçinin döyüş yolu Füzuli, Qubadlı və Şuşa uğrunda əməliyyatlarda iştirakına görə və “Cəsur döyüşçü” medalları ilə dəyərləndirilən II Qarabağ müharibəsi veteranı kərbəlayi Fail İsgəndərovun və I Qarabağ müharibəsi veteranı usta Ceyhun Nuriyevin də döyüş yoluna işıq salınır.

Sonda təqdim olunan “Vətən və insan sevdalı Zülfiyyə xanım” yazısında oxucular kitabın müəllifi ilə tanış olmaq imkanı əldə edirlər.

KIMDIR ZÜLFİYYƏ ƏLSAAB QIZI VƏLIYEVA?

Göyçay şəhərində dogulub. BDU-nun Tarix fakültəsinin (qiyabi, 1975-ci il) və Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlama İnstitutunun İqtisadiyyat fakültəsinin (1996-cı il) məzunudur. 1971-1973-cü illərdə Göyçay şəhər 7 saylı orta məktəbində müəllim işləyib. 1973-1978-ci illərdə Göyçay rayon Komsomol Komitəsinin məktəblər üzrə katibi, II katibi, 1978-1996-cı illərdə Göyçay rayon 1 saylı orta məktəbində müəllim işləyib. 1990-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq ğörülüb. 1998–2016-cı illərdə APKİA və YHİ-da metodist, Azərbaycan Müəllimlər İnstitutunda metodist, kabi­net müdiri, “Təhsildə araşdırmalar və innovasiyalar” mərkəzində metodist işləyib. 2016-cı ildən “Pedaqoji təhsilin problemləri” elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb. SSRİ Təhsil Nazirliyinin “Krupskaya medalı”na layiq görülüb. Akademik M.Mehdizadə mükafatı laureatı, “XXI əsrin tanınmış maarifçisi” beynəlxalq diplomçusu, “VEKTOR” Elmi Mərkəzi mükafat komissiyasının “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihəsinin qalibidir Elm və Təhsil Nazirliyinin ”Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi” layihəsi üzrə Milli məsləhətcisi olub. Çoxsaylı əsərlərin və elmi məqalələrin müəllifidir. Hazırda ADPU Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, ”Zəfər” İnformasiya Mərkəzinin-zefer.info.az saytının redaktorudur.

***    

Məsuliyyətli, bağışlamağı bacaran xarakter insan, səbr-hövsələ sahibi 

Bu dörd cəhət Zülfiyyə xanımın kimliyinə açar sala biləcək keyfiyyətlərdir. İlk iki dəyərində Zülfiyyə xanım özünün kimliyii təsdiq edir, Sonuncularda isə… Sözünün əvvəli də-axırı da ünsiyyətdə olduğu, hətta heç tanımadıqlarına da tövsiyəsi budur ki, hər hansı çətinliyinizdə SƏNİ YARADANINDAN kömək dilə, mövqe göstərə biləcəyin hər hansı əməlində nəfsini-izzətini, abrını, ləyaqətini qoru.

Xanım üçün “xarakter insan” olmaq mümkünsiz dərəcədə çətindir. Sözünün sahibi, mövqeyində dəyişilməz, insanlar arasında həmişə səmimiyyət toxumları səpən, doğmalığa səy göstərən – bu gün cəmiyyətimiz bu qism insanlara ehtiyacdadır. 

Ömür yolunu səhifələdikcə önündə qat-qat zəngin informasiya qalareyası açılır. Elə mövzu yoxdur ki, Zülfiyyə xanımın söz kəhkəşanında əksini tapmasın. Görüb-bildiyi, təmasda olduğu elə bir tədbir, hadisə, yaxud tarixin təqvim gününü xatırlamazsan ki, Zülfiyyə xanımın mövzu obyektinə düşməsin. Bu rəngarənglikdə başlıca yeri müəllim, müəllim sənəti, pedaqoji işə vurğunluq, vətən, torpaq məhəbbəti, vətənpərvərlik mövzuları tutur. Onun üçün həyatda ən müqəddəs “müəlim” və “insan” adı, ölçü vahidi – insana insanlıq münasibətidir.

Zülfiyyə xanım bu adların müqəddəsliyini qoruya bilmək imkanlarından həmişə qürur duyub. Deyir:

– Müəllim olmaq, bu adı layiqincə daşımaq şərəfdir, şərəfli olduğu qədər də məsuliyyətlidir, çətindir;

– Mənən pak, böyük ürək sahibi, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi ali sima, böyük nüfuz sahibidir müəllim. Bu sıralarda olmaq qürurvericidir. Gənc müəllimlərə tövsiyəm budur ki, daim yaradıcı, məsuliyyətli, Vətən sevdalı, azərbaycançılıq ideyalarına sadiq olsunlar;

– Müəllim gənclərə bilmədiklərini öyrədən elm saxlancı deyil, bu iş – kitabın işidir, bilmədiklərimizi kitabxanalarda tapmaq mümkündür, müəllim – ruhumuzan memarıdır;

– Allahın dəyər verdiyi insan öz əməli, xidməti, dürüstlüyü və xisləti ilə hörmət qazanır, özünü təsdiq edir.

Zülfiyyə xanımın həyat kredosu: – Təmənnasız yaxşılıq etmək, kimə isə əl tutmaq, hətta tanımadığın kəs olsa belə…

Zülfiyyə xanım ictimai auditoriyada da fəal ziyalı, mübariz “əsgərdir”. Yazmış olduğu çoxsaylı elmi əsərləri ilə, xalqımızı zəfərə aparan 44 gün boyunca duaları, çağırışları, ictimaiyyətə müraciətləri ilə bunu bir daha sübut etdi. Qələmə almış olduğu “Zəfərimiz mübarək” adlı kitabını böyük sevgi, ehtiram və əzmlə Zəfərimizə borclu olduğumuz şəhid və qazilərimizin döyüş qəhrəmanlığını qələmə almaqla Vətən qarşısında “əsgəri” xidmətini ehtiva etmişdir! Vətəni sevmək imandan gəlir – Zülfiyyə xanım  həyat devizi belədir.

***

Zülfiyyə Vəliyeva belə mənalı-məzmunlu ömür sahibidir.

Həyatda kimliyimizin təsdiqi üçün Zülfiyyə xanımdan görüb-götürməyiniz kifayər edər zənnimcə.

Müəllif: Ayətxan ZİYAD (İsgəndərov),

Yazıçı-jurnalist, tədqiqatçı,

Azərbaycan yazıçılar və Azərbaycan jurnalistlər

birliklərinin üzvü.

AYƏTXAN ZİYADIN YAZILARI

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Biz

İNTERNAT UŞAQLARI

Bir ailə kimi böyüdüyümüz, doğmalaşdığımız 1N-li fizika-riyaziyyat təmayüllü internat məktəbindəki (1978-1980) sinif yoldaşlarıma…

Sabahınız işıqlı,
Gözünüz aydın olsun.
Hər biri yaraşıqlı
Dostlarım Ay, Gün olsun.
Sevinci bayraq kimi
Ürəyinizdən asın.
Qoruyaq doğmaları,
Arzumdu qırılmasın
Heç vaxt dostluq bağları,
İnternat uşaqları.

Elm adlı bir qazanda
Qaynadınız, daşdınız.
Yorulmadan fəth edib
Zirvələri aşdınız.
Dəyişmədi heç zaman
Məsləkiniz, andınız.
Kor olsun paxıl, yaman,
Arxa, dayaq sandınız
Uca-uca dağları,
İnternat uşaqları.

Xatirələrsiz ömür
Ya havayı, ya heçdi.
Tanımadıq şər, xata,
İllər yel kimi keçdi.
Gənclik qaldı arxada,
Bənzərsiz günlərimiz
Bir-bir düşürlər yada.
Unutmayaq o xoşbəxt,
O qayğısız çağları,
İnternat uşaqları.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru