
SÖYLƏ
Xatirələr qəlbimi,
Sızladırdı yenə də.
Siz tərəfə boylandım,
O küçədən keçəndə.
Sən gəzdiyin yerlərdən,
Axtarırdım izini.
Kaş ki, yenə görəydim,
Həsrət çəkən gözünü.
Niyə heç danışmadın,
Sözünü yada salım.
Ürəyim üşüyəndə,
Səsini xatırlayım.
Yanğı ilə baxardın,
Gözündən od çıxardı.
Güllətək baxışları ,
Ürəyimə sıxardın.
Bu dünyaya gəlməyə
Bir az da gecikmişdin.
Yaman hövsələsizəm,
Bəlkə mən tələsmişdim.
Söyləmək istədiyin ,
Sözlərin harda qaldı?
O sözlərin həsrəti,
Ürəyimi yandırdı.
Könlündə olanları ,
Niyə heç söyləmədin.
Əlinə qələm alıb ,
Bir vərəğə tökmədin.
O saralmış vərəqdən
Görərdim gözlərini.
Qəlbimə muncuq kimi,
Düzərdim sözlərini.
Hara qaçır bu illər,
Niyə bilmirəm belə.
Minib köhlən atını,
İllər dönübdür yelə.
İllər tez-tez ötsə də,
Duyğular dəyişmədi.
Gözlərim sevdiyiylə
Bir daha görüşmədi.
UNUTMAQ
Gecələr yuxun qaçar,
Siqaret yandırarsan.
Yanan siqaret deyil,
Özün də alışarsan.
Sevgidən söz açılsa,
Nələr düşər yadına.
Birdən qəfil görərsən
Nə söylərsən qadına.
Zaman geri alınsa,
Ona nələr deyərdin.
Qəlbinin atəşini,
Yanğını söyləyərdin?
Unuda bilmədinmi,
Onun gözəl gözünü.
Uzaqdan eşidilən,
Qırıq-qırıq sözünü?
Sevginin yanğısını,
Kimsəyə söyləməzlər.
Bu dünyada çoxları ,
Sevgi nədir bilməzlər.
Saf sevgi bircə dəfə,
Qəlbinə hakim olar.
Vüsal qismət olmasa,
Könül həsrətdən donar.
Bir-bir xatırlayarsan,
Ötüb keçən günləri.
Hicranla dolu olan,
Yaşadığın illəri.
Nə söyləsən qəlbinə ,
Onu unuda bilmir.
Sevgidən söz düşəndə,
Ürək alışır, dinmir.
Sevə-sevə qocaldın,
O alagöz qadını.
Saçların da ağardı,
Unutmadın adını.
DƏRD
Qəfil göy guruldayır,
İldırım tez-tez çaxır.
Hava yaman qaralıb,
Güclü yağış başlayır.
Bunlara söyləyirik,
Təbiət hadisəsi.
Qəlbimizdə deyirik,
Yaradanın hikməti.
Bir-bir yerə çırpılır,
Damcılar döyəclənir.
Birdən qəlbimə gəlir,
Damcı bəlkə əzilir.
Göyün yeddi qatından,
Düşüb yerə ağlayır.
Torpağa qarışdıqca,
Ağrıları azalır.
Biz bunu eşitmirik,
Bəlkə damcı ağrayır.
Aldığı zərbələrdən ,
İniltiylə zarıyır.
Damcının da dərdi var,
Ayaq altında qalır.
Unutmaqçün hər şeyi,
Göydən yerə atılır.
Bəlkə də damcılar da,
Çətinliyə alışır.
Yox olub getmək üçün,
Selə-suya qarışır.
Damcılar arasında,
Sevgililər də olar.
Ayrılıqdan, həsrətdən,
Onlar yerə çırpılar.
Kim nə bilir bəlkə də,
Onlar burda qovuşur.
Tapıb sevgilərini,
Bir-biriylə danışır.
Bəlkə musiqi çalır,
Kimə isə bayaqdan.
Gözəl nəğmələr deyir,
Pıçıldayır dodaqdan.
Kim nə bilir dərdini,
Bəlkə də fəryad edir.
Alıb son nəfəsini,
O da, dünyadan gedir.
DÜNYA
Dünya beşgünlükdür, deyib dururuq,
Bəs bir-birimizi niyə qırırıq?
Əsəblər gərilir,əsəblər tarım,
Ömürlər yarımçıq, ömürlər yarım.
Birinin dərdi var, söyləyə bilmir,
Bir əlac tapanmır,onunçün dinmir.
Beşgünlük dünyada qəlbi oxşayaq,
Sınıq könülləri daha qırmayaq.
İllər tez-tez keçir,bənzəyir yelə,
Pis sözlə dəyməyək könüldə telə.
Xoş sözlər ürəyi işıqlandırar,
Qəlbi qırıqlarda ümid yaradar.
Nə var ki, söz deyib ,könül qırmağa,
Sevinən bir qəlbi qırıb atmağa.
Xoş sözlər söyləyib, qəlbi oxşadaq,
Sınıq könüllərə biz məlhəm olaq.
Dünya beşgünlükdür, sınıq getməyək,
Sızlayan qəlbləri viran etməyək.
Ruhumuz dincəlsin rahat uyusun,
Bir parça dil ilə zəhər tökməyək.
VƏTƏN
Vətən hardan başlayır,
İnsanın öz evindən.
Vətən sevgisi başlar,
Körpənin beşiyindən.
Dil açanda deyirik,
Biz ana kəlməsini.
Qoxlayırıq ürəkdən ,
Vətənin nəfəsini.
Söylənən hər laylalar,
Yaddaşımızda qalar.
Qoşmalar , bayatılar,
Ürəyimizə dolar.
Bənzəməz ayrı yerə,
Başqadır mənim elim.
Saysız dillər olsa da,
Şirindir mənim dilim.
Vətənə məhəbbəti,
Beşikdə öyrənirik.
Ana ilə Vətəni,
Yan-yana söyləyirik.
Vətən hardan başlayır,
Açılan hır qapıdan.
Gəzib dolaşdığımız,
Hər tindən,hər doqqazdan.
OYUN
Şahmatı tək oynamaqla,
Önündə aciz qalmışam.
Sağda mən qalıb olsam da,
Sol tərəfdə uduzmuşam.
Sən olmasan sol yanımda,
Suallar da mənasızdı.
Cavabı mən neynirəm ki,
O cavablar ünvansızdı.
Özüm sorub cavab verdim,
Öz-özümü mən mat etdim.
Təkbaşına mən oynadım,
Təkbaşına gediş etdim.
Qalib kimdi,məğlub kimdi,
Onu necə təyin edim.
Hər ikisi mən idimsə.
Kimə mən üstünlük verim?
Mükafatda deyil söhbət,
Söhbət qürura aiddir.
Sağ yanım dik dura bilir,
Sol tərəfim qəddin əyir.
Şahmatda tək oynamasaz,
Qalib və məğlub olmazsız.
İki hissi yaşasanız,
Qəlbdə sevinci dadmazsız.
Qalib,ya da məğlub olmaq,
İmkansızdı tək oynasaz.
Dərin duyğu yaşayarsız,
İkisindən biri olsaz.
İnsan özü mürəkkəbdir,
İçində bir dünya yatır,
O meşədə azmasa da,
Daxilində itib-batır.
Özünü təqsirli bilir,
Özü ilə hey çəkişir,
Gah özünə vəkil olur,
Gah hakimtək cəza kəsir.
Təlatümün içindədi,
Hər cür yollarla gedəcək.
Ya özünü tanıdacaq,
Ya özünü məhv edəcək.
Qərarlarına bağlıdır,
Sonu əməl göstərəcək.
Ya ömürlük xatırlanıb,
Ya əbədi silinəcək.
Yaddaşlarda daim qalıb,
Ömür boyu xatırlanaq.
Yaxşı əməl sahibitək,
Savablarla yadda qalaq.
Könül qırıb,iş pozmayaq,
Yaxşıları pis yozmayaq,
Heç vaxt yolları azmayıb ,
Kələflərin ucunu tapaq.
MƏN
Bunu sənə dedilərmi,
Səndən sonra necəyəm mən?
Həmin vaxtdan yol gəlsəm də,
Fəqət qoyduğun yerdəyəm.
Sədaqətə and içdiyim,
Yolunda candan keçdiyim
Ömrümü qurban etdiyim.
Heç bilmədin necəyəm mən.
İllər sutək axıb getdi,
Yaş da artdı,vədə yetdi,
Qara saçlar gözdən itdi,
Heç bilmədin necəyəm mən.
Bəlkə xəbər almamısan,
Məni yada salmamısan.
Fərqinə də varmamısan,
Harda qaldım,necəyəm mən.
Günlər hədər keçib gedir,
Həsrət artır, ömür bitir,
Öz çəkdiyim mənə yetir.
Heç bilmədin necəyəm mən.
Gəlib çıxmır başı bəlalım,
Ömrümə sirdaş bəlalım,
Zaman çətin,oysa zalım,
Gəlib görmür necəyəm mən.
Hər gün səni arzuladım,
Dua edib, namaz qıldım.
Sübh azanda uğurladım.
Dönüb görmədin necəyəm.
O gəlişə qurban dedim,
Səbr eləyib yol gözlədim.
Hamı gözləmə desə də,
Mən səni lap çox gözlədim.
Qayıtmağın güman oldu,
Dönmən xeyli zaman aldı.
Gözləməkdən göz saraldı,
Amma yenə səbr etdim mən.
CAVAB
Qəlbimdə flrtına,qasırğa qopur,
Yanımda adını çəkən olanda.
Hər şey sıfırlanıb maraqsız olur,
Kimlərsə adını xatırladanda.
Nəfəsim kəsilib,gözüm qaralır,
Yanımda hər kəsi unuduram mən.
O an kimliyim də yadımdan çıxır,
Gözlərim önündə durursan həmən.
Yenə baxışların yandırır-yaxır,
Hara baxıramsa səni görürəm.
Gedəcəyim ünvan yadımdan çıxır,
Hara üz tutacam onu bilmirəm.
Nə yaddan çıxarmır,nə unutmuram,
Harada olsam da fikrimdə sənsən.
Nə gəlib çıxmırsan,nə ovunmuram,
Əminəm,qismətsə səni görəcəm.
Dəyişdi qərarım,söndü duyğular,
İndi qəlbim küsüb yol gözlədikcə.
Öz sevgim özümün gözündən düşüb,
Gördünmü,gəlmədi,unut!-dedikcə.
Bir dəli həsrətlə sevmə sən məni,
Unut mənə qarşı hisslərini də.
Nə məni arzula,nə xəyal elə,
Qarşılaşsaq çək məndən gözlərini də.
Bezdim həsrətindən,doydum əzabdan,
Yoruldum yoluna gizli baxmaqdan.
Qəlbdəki suala cavab tapmıram.
Bezdim özümdən də söz soruşmaqdan…
Müəllif: Həqiqət ŞAMİLLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru