
SƏBRİNƏ SIĞINAN ADAM
Bəzən insan heç nədən yox, səbrindən yıxılar. Gözləyər . Özü də günlərlə, həftələrlə , aylarla , illərlə. Səbr etdikcə ümidi üzülər və bir də gözünü açıb özünü nəhayətsiz boşluğun içində görər. Baxar ki, nə səbr qalıb , nə istək, nə də həvəs. Bircə səbrin yorğunluğu var canında, vəssalam. Başa düşülməməkdən , qiymətini lazımınca almamaqdan, gözləməkdən.. Axır ki, yorular. Tükənər içindəki inamı, yaşamaq və yaratmaq eşqi . Sevgisizləşər. İçindəki qarmaqarışıqlıqda itib batar bütün bəşəri hissləri. Küsər hər şeydən. Çəkilər öz qaranlıq hücrəsinə və yenə gözləyər. Bu dəfə o möhtəşən sonu gözləyər. Bir az da səbrlə və təmkinlə. Sonra hardansa bir işıq düşər.. Çəkib alar adamı o qaranlıq sonsuzluğun içindən və təzədən var edər. Adam düşünər ki, demək dünya xali deyil. Demək hələ işıq var, ümid var. İynənin ucu boyda olsa da var . Tutar bu işığın ucundan və gedər itirdiyi özünə sarı. Bu işığın o tayında onu nə gözlədiyini bilmədən gedər. Bu dəfə bir az da inamla və qətiyyətlə.
Mənim aləmimdi bu işıq adamlar heç özləri də bilmədən zülmətdə günəş tək doğarlar. Günəş olduqlarını bilmədən doğarlar həm də.
Babək Qədirli də bu işığın özündən doğanlardandı. Yəni mənim fikrimcə bu belədi. Bəlkə elə işığın özüdü, biz bilmirik. Ürəyində Tanrı sevgisi, mərhəmət hissi, Vətən sevdası ilə doğulanlardandı. Paxıllıqdan, hiylədən, kindən, küdurətdən uzaqdı. Bir sözlə ürəyi bütünlüklə insanlıq hissiylə doludu. Yükünü ən müqəddəs duyğulardan tutub. Ədalətlidi. Həqiqət carçısıdı. Yalana düşməndi. Safdı. Sözdən yapışanlardandı. Yazdıqları da ürəyinin işığına bələnib deyə insanın ruhuna hopur. Ad-san, şöhrət dalınca qaçanlardan deyil, öz adına sadiqdi sadəcə. Soy-kökünə bağlıdı. Çiynində övlad, ata, qardaş, sirdaş, yoldaş yükünü daşıyır bircə. Başqa borcu yoxdu kimsəyə. Özünə sadiqdi. Verdiyi sözü tutar deyə hər deyəndə söz vermir. Bəzən könlündən keçənləri dilinə gətirə bilmir. Tərif və tarif etməkdə bir az çətinlik çəkəndi. Daha doğrusu qəribə utancaqlığı var. Müəllim adına sadiqdi həm də. Əminəm ki, dərs dediyi Gəncə Dövlət Üniversitetində onun qələmi və imzası ilə özünü təsdiq etmiş çox tələbə var.
Bu da Babək Qədirovun bir uğurudu. Həmişə insana birinci növbədə səbr arzulayır. Bilir ki, uğura gedən yol səbrdən başlayır. Bilir ki, Tanrının bir adı da səbrdi. Bilir ki, səbrin ətəyindən tutanlardı Allaha bağlı insanlar. İnsan durula-durula, paklana-paklana Ona yaxınlaşa bilər ancaq. Onun (Tanrının)yanında olan lardandı Babək Qədirov da. Ütüsüz, bərsiz,bəzəksiz danışanlardandı həm də. Ürəyindən keçənləri deyir. Hər kəs də ürəyindən keçmir axı. Adamın içini oxuyur deyə onunla rahat danışmaq olur.
Azadlığa vurğundu. Yazdıqlarını qafiyədə həbs etməz. Düşündüyü kimi yazar, yazdığı kimi düşünər. Pafosdan kənardı. Özünü yazıçı hesab etməsə də çoxlarından yaxşı yazır. Ən əsası odu ki, yaza bilir. Hecalara bölmür fikirlərini , cümlə -cümlə açır. Sözləri və fikirləri bulanıq deyil, dumdurudu.
Hərdən ovqatının təlx vaxtı elə gözəl fikirlə döyər ki, qapını , çaşıb qalarsan. Fikirləşərsən ki, onu bu qapıya da Tanrı göndərib. Yazılarımıza ürəklə ürək qoyar. Boğazdan yuxarı tərifləri sevməz. Tənqiddən də qaçmaz. Xoşuna gəlməsə də kəsib doğramaz. Sözündən tutarsan ağlından keçənləri. Özünün mizan tərəzisi var. Hər kəsin öz çəkisi var bu tərəzidə. Tərəzinin bir gözünə ədaləti , o biri gözünə ürəyini qoyar.
Dünyaya öz baxışı var. Öz pəncərəsindən baxar dünyaya. Rəngsiz, boyasız. Ağ-qara. Olduğu kimi görünər dünya onun pəncərəsindən. Saflığında bir uşaq təmizliyi var. Aldatmağı və aldanmağı sevməz.
Neçə vaxtdı özü də bilmədən müşahidə edirəm onu. Öyrənməyə çalışıram. Sözünün işığında tanımaq istəyirəm bu səbrinə sığınan adamı. Ellimdi həm də. Qonşu kənddəndi. Amma təsadüfən sosial şəbəkədə tanış olmuşuq. Yəni uzun yol keçə -keçə Tanrı bizi tamam başqa məkanda qarşılaşdırıb. Təsadüfmü, ya zərurət? Bütün təsadüflər zərurətdən doğurmu? Bilmirəm. Amma hər şeydə bir səbəb var məncə. Səbəbin arxasında nələr dayanır, bircə Tanrı bilir. Bu yazı da təsadüfən yazılmadı məncə, zərurətdən doğdu. Ürəyim diktə etdi, qələmim yazdı. Özü də bunca səbrdən sonra. Nə qədər dostuma layiq olduğunu da bilmirəm. Bircə onu bilirəm ki, hər kəsin qiymətini vaxtında vermək lazımdı. Elə Babək Qədirovun də ən böyük arzusu budu.
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru