
Rəssam: Sehran Allahverdi
Şəhid Allahverdiyev Teymur Qüdrət oğlu
Dünya şöhrətli alim Rafiq Əliyevə görə, insan vicdanından qırağa bilməyəndir. Teymur bunu gəncliyində amalı, əqidəsi, Vətən sevgisi ilə təsdiq etdi. Onu Moskvanın cazibədarlığı, suyuşirin, dodağı təbəssümlü, gözləri xumar, təbəssümlü, danışığı, ünsiyyəti ilə hər gənci yolundan döndərə bilən qızları da fikrindən çəkindirə bilmədi. Bilməzdi də. Axı vicdan həm də daxili MƏNdir. MƏN insanlığın birinci kriteriyasıdır. Teymur da MƏNin diqtəsindən və hökmündən çıxa bilməzdi.

Akademik Ziya Bünyadovun bir deyimini unutmuram: “Həyatımda hiss etmədiyim yeganə şey qorxudur”. Mən Teymuru heç vaxt görməmişəm. Qardaşları Sehranın və Seymurun xatirələrini dinləyəndən sonra qorxunu hiss etməməyi Teymura da xas xarakter kimi qəbul etmişəm. Bu xarakteri Teymurun qısa -25 illik mənalı və heç vaxt unudulmayacaq ömrünün məqamlarında həssas insanlar hiss edə bilərdi.
Ürəyimdən bir arzu keçdi. Kaş Teymur sağ olaydı, lap elə günü bu gün qayıdaydı, 33 illik ayrılıqdan sonra doğmalarının gözünü yolda qoyan yollardan gözümüz çəkilərdi. Qayıtdı. Gözlərimiz yollardan çəkiləcəkmi? Dünyada ən uca zirvə anadır…

Dilimin ucunda Nüsrət Kəsəmənlinin iki misrasını vird etdim:
Analar yollara göz yaşı səpir,
Bəlkə izləriniz göyərdi deyə.
Göyərdi də. Ancaq nə deyək əzmli, dözümlü, ümidi heç vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?
Teymur, sən həmişə mənim gözümdə Sehranın çəkdiyi portretdəki kimi qalacaqsan – qatal baxışlı, ciddi. O baxış da yağıya gözdağıdı. Alman xalq məsəlinə görə, cəsarətlinin baxışı, qorxağın qılıncından itidir”. Sehran həssasdı, o baxışı görməyə bilməzdi.
Qarabağ həsrətlisi şair Şahmar Əkbərzadə haray çəkirdi: “Bəs ölmüş torpağı harda basdıraq?” Biz torpağı basdırmadıq. Teymur kimi oğullar buna imkan vermədi. Çünki torpaq onlara daha çox lazım idi – qoynunda əbədiyyətə qovuşmaq üçün. Ona görə şəhidlər ölməzdir…
Musa Yaqubun arzusu Vətən olmaq idi:
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.
Ona görə də bu torpaqdan Teymurlar göyərir və göyərəcək…
Ehtiramla: VAQİF OSMANLI