
Dur, dərsə get
(hekayə)
Ata hiss edirdi ki, oğlu dərslərindən yayınır. Bu hiss onu yanıltmırdı. Sadəcə, həqiqəti bilmək üçün bir qədər səbr edirdi. Düşünürdü ki, oğluna deməmiş məktəbə getsə, yaxşı alınmaz. Onda müəllimlər də, şagirdlər də ona birtəhər baxar, ailəsi barədə pis fikrə gələr və oğlunu ələ salarlar. Özünü ələ aldı, baxışlarını sahmana salıb oğlunun yatdığı otağa daxil oldu. Qapını bərkdən örtdü ki, oğlu səsdən gözlərini açsın. Bir az da bərkdən öskürdü. Uşaq gözlərini açan kimi dedi:
- A bala, yatıb qalmısan, sən məktəbə getməli idin axı. Camaatın balası indi bəlkə də dərs danışır. Sən hələ yataqdasan. Dur, yuyun, bir tikə çörək ye, əyin-başını geyin, məktəbə get. Neçə gündür fikir verirəm, məktəbə çox gec gedirsən. Vallah, müəllim qayıb yazacaq.
Uşaq əvvəlcə yerinin içində ilan kimi bir-iki dəfə qıvrıldı, sonra da gözlərini ovuşdura-ovuşdura dedi: - Eh, ay ata, imkan ver doyunca yatım da. Mən bu gün məktəbə gec gedəcəm, müəllimimizin işi var, bu gün olmayacaq. Özü deyib ki, üçüncü dərsə gələrsiniz.
Ata təəccüblə soruşdu: - A bala, müəllimin dərsdən başqa nə işi ola bilər?
- Ay ata, biz haradan bilək onun nə işi var?! Dedi ki, gec gələrsiniz, işim var.
- Bəs məktəbin direktoru, dərs hissə müdiri, onlar siniflərlə maraqlanmırlar? Bilmirlər ki, müəllim sinfə girir, ya yox?
Uşaq yerində növbəti dəfə qurdalandı: - Ata, direktor özü də elə bizim kimi edir də, guya onu dərs, ya məktəb maraqlandırır? Dünən dedi ki, gəlib səs-küy salırsınız, üçüncü dərsə gələrsiniz.
Ata əməlli-başlı əsəbləşdi. Bir anlıq düşündü: Zamanmı dəyişib, insanlarmı korlanıb? Bizim dövrümüzdə belə şey olardı? Düşdüyü xəyaldan ayılıb dedi: - Eh, ay oğul, sovet dövründə müəllimin nə ixtiyarı var idi ki, beş dəqiqə dərsə gecikəydi. Həmin gün o müəllimi işdən azad edərdilər. Mən orta məktəbdə oxuduğum vaxtlar evə gedəndə valideynlərim kitab-dəftərimi yoxlayır, aldığım qiymətlərlə maraqlanırdılar. Hansı fəndən pis qiymət alırdımsa, sorğu-sual edir, bunun səbəbini soruşurdular. Atam dərhal dərs cədvəlimə baxıb həmin müəllimin növbəti dərsinin vaxtını öyrənirdi. Mənə heç nə demirdi, anlayırdım ki, sabah mütləq məktəbə gələcək. Ürəyimi yeyib qurtarırdım.
Uşaq yorğanın altında qımışıb soruşdu: - Bəs sonra nə olurdu, ata?
- Nə olacaq, dərs başlayandan beş dəqiqə sonra sinifin qapısı döyülürdü. Müəllim – Buyurun, gəlin, deyirdi, atam da – İcazə verirsinizmi oğlumun dərsində oturum?, – deyirdi. Müəllim də gülümsər halda üzümə baxıb sanki nəsə demək istəyirdi, sonra da üzünü atama tutub: – Bəli, əlbəttə olar! – əlini arxa səmtə tuşıayıb – keçin arxa partada əyləşin, – deyirdi.
Uşaq nəsə dedmək istədi, ata dedi: - Eh, ay oğul, siz belə gözəl şəraitdə oxumaq istəmirsiniz. Mənim ata-anam tez-tez dərsimdə oturardı. Müəllim də məni lövhəyə çağırıb dərsi soruşardı, sonra uşaqlara müraciət edərdi ki, şagird yoldaşınıza sual verin. Sinifdə hamı əlini qaldırıb deyirdi: – Müəllim, icazə verin, mən sual verim. Bəlkə də bunu acığa edirdilər ki, mən valideynlərimin yanında pərt olum. Ancaq müəllim bilirdi ki, kim necə sual verə bilər. Ona görə bir neçə nəfərə imkan yaradırdı ki, sual versinlər. Mənim cavabımı dinləyəndən sonra haqqımda olan təəssüratlarını valideynlərimlə bölüşürdü. Onlar da müəllimdən tələb edirdilər ki, uşağımız nə vaxt dərsinə hazırlıqsız gəlsə, cəzalandırın. Valideynlərimin müəllimə verdikləri bu haqq əslində, mənim məsuliyyət yüküm idi. Ona görə dərslərimi həmişə yaxşı oxuyurdum ki, müəllimlərdən cəza almayım.
Uşaq yatağında yanpörtü uzanıb dedi: - Ay ata, belə hallar sizin zamanınızda idi. İndi müəllim uşaqdan nə dərs soruşur, nə də ki, valideynlər bununla maraqlanırlar.
- Bu, necə olur, ay oğul? Mən, məktəb açılandan neçə dəfə dərsində oturmuşam. Həmişə də müəlliminə demişəm, dərslərini oxumasa, yaxud artıq-əskik hərəkət etsə, mənə xəbər versin.
- Ata, o müəllim dərs keçir ki, sənə də xəbər versin?
- Necə? – Ata sifətinə ciddi görkəm qondurdu: – Sabah gələrəm məktəbə.
Uşaq indicə özünü yığışdırdı, qalxıb yerinin içində oturdu, acizanə şəkildə dedi: - Ata, xahiş edirəm, gəlmə.
- Niyə, ay oğul?
- Sonra uşaqlar, müəllimlər mənə pis baxacaq, deyəcəklər ki, sən satqınsan.
- Ay bala, sən düz demirsən axı! Bir özün fikirləş, dərslərini oxumasan, savada-biliyə sahib olmasan sənin gələcəyin nə olacaq? İndi oxumasan, sabah çox gec olacaq. – Qabarlı əlləri ilə saçlarını qarışdırdı: – Belə çıxır ki, o müəllim həm sizi aldadır, həm də biz valideynləri? Mən bu gün sənin o müəllimini tənbeh edərəm, görüm nə üçün dərs keçmir…
Uşaq çətin vəziyyətə düşdüyünü görüb fikrinə düzəliş etdi: - Müəllim dərs keçir.
- Dərs keçirsə, nə üçün belə kütsən?
Uşaq başını aşağı salıb öz-özünə mızıldandı.
Ata dedi: - Bir az ucadan danış, görüm nə deyirsən?
Uşaq dillənmədi.
Ata əsəbi halda soruşdu: - De, görüm bu gün hansı dərslərin var?
Uşaq yerindən durub çantasını açdı, gündəliyini götürüb vərəqlədi, mızıldana-mızıldana dedi: - Ədəbiyyat, ingilis dili, tarix, cəbr və idman dərslərim var.
- De görüm, bu dərslərdən hansına hazırsan?
O, yenə dodaqaltı mızıldandı. Ata əsəbi halda dedi: - Bir az ucadan danış.
Uşaq heç bir dərsə hazır olmadığı üçün susdu. Ata bu dəfə bir az da əsəbi halda dedi: - İndi ki, dərs oxumursan, o zaman məktəbə nə üçün gedirsən?! – Gözlərini sağa-sola hərəkət etdirdi, başını bulaya-bulaya əlavə etdi: – Eh, mən də deyirəm oğlum oxuyub atasının-anasının başını uca edəcək. Sən demə, o, qoşulub avara uşaqlara, məktəbə də elə-belə, candərdi gedir. Uşaq nəsə demək istədi, deyə bilmədi, sadəcə, ayaq üstə qırışdı. Ata məyus halda dilləndi:
- Axı məktəb açılanda sən söz verdin ki, dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm. Bəs nə oldu? Atana belə vəd verirsən? – Az qaldı dodaqlarını gəmirsin: – Atasını aldadan oğuldan Vətən hansı sevgini görə bilər? Heç utanmırsan?
Uşaq pərişan halda başını aşağı dikdi, sonra sanki qeyrətə gəldi, atasına bir daha söz verdi ki, bu gündən dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm.
Ata da oğlunun dediklərini cib dəftərçəsinə qeyd edib dedi:
- Axı məktəb açılanda sən söz verdin ki, dərslərimi yaxşı oxuyub, qiymətlərimi düzəldəcəm. Bəs nə oldu? Atana belə vəd verirsən? – Az qaldı dodaqlarını gəmirsin: – Atasını aldadan oğuldan Vətən hansı sevgini görə bilər? Heç utanmırsan?
- Bax, bura qeyd edirəm, – qeyd dəftərçəsinə işarə etdi, – bu gündən sonra dərslərindən yaxşı qiymətlər alıb bizi sevindirməlisən. Yoxsa sənə olan inamım, etibarım yox olacaq.
Uşaq gündəliyini çantasına qoydu, başı aşağı halda dedi: - Söz verirəm, ata. Dərslərimi yaxşı oxuyacam. Qoy Vətən mənə etibar etsin.
- Onda get dərslərini hazırla.
Uşaq otaqların birinə çəkilib dərslərinə hazırlaşmağa başladı. Bir neçə saatdan sonra atasına yaxınlaşıb dedi: - Olar, dərslərimi sənin üçün danışım?
Ata heyrət etdi: - Nə üçün olmur, ay oğul. Buyur, danış, mən sənə qulaq asıram.
Uşaq dərslərini danışdı, atasının məmnun çöhrəsini görüb çantasını götürdü, məktəbə getmək istəyəndə ata dedi: - İndən belə məktəbə getməyin nə adı var, ay oğul? Direktor görsə, səni danlayacaq. Sonra da qəbahət mənim başımda çatlayacaq.
Uşaq dedi: - Narahat olma, ata, dərsə gecikdiyim üçüm mən əvvəlcə gedib direktordan, sonra da müəllimdən üzr istəyəcəyəm. Dərslərimə hazır olduğumu deyəcəyəm.
Ata kövrəldi. Gözlərinin uclarına dolan yaşları oğlu görməsin deyə üzünü yana çevirdi.
Uşaq yayından çıxan ox sürətilə məktəbə getdi. Ata da səbrsizliklə oğlunun dərsdən gəlməsini gözlədi. Məqsədi o idi ki, görsün oğlu dərsi necə danışıb, müəllimin suallarına necə cavab verib. Ümumiyyətlə, verdiyi vədə əməl edib, ya yox.
Xeyli vaxtdan sonra oğlu dərsdən qayıtdı. Ata onun üzündəki təbəssümdən hiss etdi ki, dərslərindən yaxşı qiymətlər alıb. Fərəh hissi ilə demək istədi ki, oğul, gündəliyini gətir baxım, görüm neçə almısan? Uşaq da sanki atasının nə deyəcəyini hiss edibmiş kimi, çantasını açıb gündəliyini çıxartdı, atasına uzadıb dedi: - Ata, bu dəfə dərslərimin hamısına yaxşı hazırlaşmışdım. Ədəbiyyat müəllimim bildirdi ki, dərsə çox yaxşı hazırlaşmısan, səndə irəliləyiş var.
Ata gözlərinə təbəssüm qondurdu: - Bax, bu başqa məsələ. Dərslərə yaxşı hazırlaşanda valideyn də, müəllim də sevinir. Oxumaq lazımdır, oğul. Səvami kitabımız “Quran”da da yazılıb: “Öyrənmək, öyrənmək, qəbr evinə qədər öyrənmək!”. Uşaq dedi:
- Ata, mən bu gündən sonra dərslərimi yaxşı oxuyacağam ki, Vətən mənə etibar etsin…
Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB- min və AJB min üzvü
- Ata, mən bu gündən sonra dərslərimi yaxşı oxuyacağam ki, Vətən mənə etibar etsin…