24 dekabr 2025 tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təbrizli gənc şair Əli Çağlanın “Katarina” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov və başqaları çıxış edib.
Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Azərbaycan Respublikası arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.
Tədbirin gedişində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü təbrizli gənc şair Əli Çağlaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvülük vəsiqəsini təqdim edib.
Ənənəvi olaraq tədbirin sonunda gənc şairə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə verilən “Ziyadar” mükafatı təqdim olunub. Mükafatı yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru, MYK-nın icraçı katibi şair Zaur Ustac təqdim edib.
Qeyd edək ki, Əli Çağlanın bu gün təqdim olunan kitabı Azərbaycanda Bakı şəhərində “Yarasa” nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyədə Ankara şəhərində “Efsun” nəşriyyatında çap olunaraq yayımlanıb.
“Yazarlar” olaraq təbrizli gənc şair dostumuzu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Fotolara görə Arzu Murada sonsuz təşəkkürümüzü bildiririk! Tədbirdən fotolar:
Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.
24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi. Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü. Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi. Onun ardınca silsilə çıxışlar oldu. AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar. Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi. Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Günəş buludlardan da yüksəkdə dayanır, Sənin həsrətin kimi Kədərdən də o tərəfədi. İndi hansı vaxtı, hansı ərəfədi? Bilmirəm…
Unutmalıyam! Səni, özümü… Unutmalıyam sənlə bağlı hər nə varsa! Ovutmalıyam ötənlərlə, Ruhumda, ürəyimdə ölənlərlə haqq-hesabım yox!
Məni sənə bağlayan əzabım deyil, əzbərimmiş, Hər səhər adınla, dadınla başlamaq ehtiyacımmış, Sən demə Səni sevmək ən böyük acımmış! Unutmalıyam!
Unutmalıyam! Məsələn hansı rəngi xoşladığını, Hansı tarixdə doğulduğunu, Mənə aşiq olduğunu… Unutmalıyam, mənim üçün doğulduğunu!
Yollar ayırır bizi, Dərdə bax ki, yadlar ayırır bizi! Su olanmadın, ay ömrüm, Odlar ayırır bizi! Unutmalıyam!
Unutmalıyam, sənlə keçən günləri, İlləri unutmalıyam! Nolar yadırğama bizdən qalan gülləri, Dibçəklərə su ver, Dilənçilərə pul! İnanclara inanma daha, Allah da sevmədi bizi!
Dua et demirəm, arada dava et, Niyə, nə üçün sevdiyini və niyə tərk etdiyini anlamaq üçün!
Unutmalıyam! Səni nə vaxt, nə çağ sevdiyimi! Alçaq təpələrdə qar aradığımı, Qar yerinə, tel-tel ağardığımı, Sənin üçün hər gün, hər saat ağrıdığımı Unutmalıyam, a gülüm!
Unutmalıyam arzumun sən olduğunu, Sevgidə qənimim, Dayazımın, azımın sən olduğunu, Alnımın, alnımdakı yazımın sən olduğunu unutmalıyam! Unutmalıyam, a gülüm!!!
Pul yox idi. Tanışlıq yox idi. Ehtiyat plan yox idi. 300 milyon disk satıldı. Cəmi 35 dollarla taksiyə minib, tarixin ən çox albom satan qadın sənətçisi oldu. Madonna Louise Ciccone 19 yaşında idi. Taksi puluna güclə çatan məbləğlə Nyu-Yorka endi. Əlaqə yox. Tanış yox. Təhlükəsizlik şəbəkəsi yox. Evdə olan hər kəs onun dəli olduğunu dedi. “Sən sadəcə Miçiqandan bir qızsan.” “Yetərincə yaxşı oxuya bilmirsən.” “Altı aya geri qayıdacaqsan.” Geri qayıtmadı. Madonnanın bildiyi, amma hamının gözdən qaçırdığı bir həqiqət var idi: İstedad yayğındır. Amansız şəkildə özünü yenidən yaratmaq isə nadirdir. Ona görə də işlədi. Ofisiantlıq etdi. Rəsm dərsləri üçün model oldu. Xəyalının arxasınca qaçarkən hesabları ödəmək üçün nə lazım idisə, etdi. Qruplar üçün seçimlərə qatıldı. Rədd edildi. Yenə qatıldı. Yenə rədd edildi. Plak şirkətləri onu geri çevirdi. “Yetərincə kommersiya deyil,” dedilər. “Səsi çox incədir,” dedilər. “Qadın sənətçilər risklidir,” dedilər. Amma o yenə gəlməyə davam etdi. Nəhayət, bir klubda DJ onun demosunu çaldı. İnsanlar rəqs etdi. Şirkətlər fərqinə vardı. 1982-ci ildə ilk sinqlını çıxardı. 1984-cü ildə planetin ən böyük ulduzlarından birinə çevrildi. Amma bir çox sənətçi üçün hekayə burada bitərdi. Madonna dayanmadı. Özünü dəfələrlə yenidən kəşf etdi. Yeni səs. Yeni imic. Yeni qalmaqallar. Bir neçə ildən bir tamamilə başqa bir Madonna. Tənqidçilər onu yüzlərlə dəfə “bitmiş” elan etdilər. “O artıq bitib.” “O çox yaşlanıb.” “Artıq heç kim onu vecinə almır.” Hər dəfə onların yanıldığını sübut etdi. 40 il sonra dünya üzrə 300 milyondan çox albom satdı. Tarixin ən uğurlu turnelərinə sahib qadın sənətçisi oldu. 60 yaşlarında hələ də stadionları doldurur. Bütün bunlar ona görə baş verdi ki, 19 yaşında, cibində cəmi 35 dollar olan bir qız rədd edilmənin onu tanımlamasına icazə vermədi. Heç nəyini — hər şeyə çevirmək üçün yanacağa döndərdi. Şəraitin sənin tavanını müəyyən etmədiyini sübut etdi. Təslim olmaqdan imtina etdi. Sən hansı rəddi bir “ikinci şans” yox, “son qərar” kimi qəbul edirsən? Biri sənə “yetərincə yaxşı deyilsən” dedi deyə hansı xəyaldan vaz keçdin? Madonna Nyu-Yorka insanların çoxunun nahara xərclədiyindən daha az pulla gəldi. Çoxlarının cəhd etdiyindən daha çox dəfə “yox” eşitdi. Hamı “mümkünsüzdür” deyəndə özünü yenidən yaratdı. Çünki insanların çoxunun anlamadığı bir şeyi başa düşürdü: Sənə “yox” deyən insanlar sənin hekayəni yaza bilməz. Hekayəni sən yazırsan. İcazə gözləməyi burax. Təsdiqə ehtiyac duymağı burax. O taksi səfərinin öz versiyasını tap. Sahib olduğun hər şeyi öz üzərinə bahis et. Və heç kimin səni haradan başladığına görə harada bitirəcəyinə inandırmasına icazə vermə. Bəzən ən böyük karyeralar ən kiçik başlanğıclardan doğur. Çünki bəzən, heç kim sənə inanmayanda, bəlkə də sənə lazım olan yalnız bir inanan — özünsən. Mənbə: Washington Post
Yaponiya 1937–1945-ci illəri əhatə edən işğal dövründə 30 milyona yaxın insanı məhv etdi. Bunun 20 milyonu Çinin payına düşüdü. İndoneziya, Vyetnam, Filippin və Koreyada daha 10 milyon insan qırıldı. Özü isə 2.1 milyon hərbçisini itirdi.
1941-də Pörl-Harbora hücumu ilə ABŞ-la rəsmi savaşa girdi. Lakin işğal olunmuş geniş ərazilər, parçalanmış ordu, yanacaq çatışmazlığı və ABŞ-ın nəhəng sənaye gücü qarşısında Yaponiya bütün cəbhələrdə uduzmağa başladı. Pilot yox, yanacaq yox, limanlarda təyyarələr və gəmilər hərəkətsiz qalıb çürüyürdü.
Buna baxmayaraq, xalq “Buşido” kodeksini əsas götürərək təslim olmurdu. “Bir az sakitlik olsun, yenidən güc toplayıb savaşa davam edəcəyik” düşüncəsi hakim idi.
ABŞ okean boyunca irəliləyərək Yaponiyaya daxil olmağa çalışdı və Okinava adasına çıxdı. Buradakı xalq müqaviməti amerikalıları dəhşətə gətirdi. Ordunun məğlub olduğunu görən 150 minə yaxın mülki sakin, öləcəyini bilə-bilə, silahsız halda ABŞ əsgərlərinə hücum etdi. Minlərlə insan qucağında uşaqları ilə qayalıqlardan atılaraq intihar etdi.
Stalin adalara birgə hücum edib yapon xalqını kökündən məhv etməyi təklif edirdi. ABŞ isə həm keçmiş müttəfiqini itirmək, həm də açıq soyqırıma imza atmaq istəmirdi.
1945-ci ilin avqustunda Hiroşimaya ilk atom bombası atıldı. Dünya şoka düşdü, 80 min insan bir neçə saniyə içində öldü. Lakin Yaponiya təslim olmadı, əksinə, müqavimət daha da sərtləşdi. Üç gün sonra Naqasakiyə ikinci atom bombası atıldı, 45 min insan həyatını itirdi. Ölkə boyu rabitə kəsildi. Xalq təslim olmaqdansa, tam məhv olmağı seçdi.
19 avqusta üçüncü atom bombası planlaşdırılırdı. Bu dəfə hədəf Tokio olmalı idi. Lakin 15 avqustda ilahi varlıq sayılan İmperator Hirohito sükutu pozdu. Radioda xalqa müraciət edərək müharibənin bitdiyini elan etdi. Bu, 1000 illik tarixdə yapon xalqının öz imperatorunun səsini ilk dəfə eşitdiyi an idi: “Mən xalqımın daha çox əzab çəkməsini və insan irqinin məhv olmasını istəmirəm. Dözülməz olana dözməliyik.”
Xalq radio qarşısında diz çöküb ağladı. Hərbçilər silahı yerə qoydu. Savaşı davam edib şərəfli ölümü seçən fanatik zabitlər isə sarayı basıb çevrilişə cəhd etsələr də, artıq gec idi.
Yeri gəlmişkən, xalqını qorumaq üçün xalqa müraciət edən İmperator Hirohito bununla öz ilahi statusundan imtina etmiş oldu.
İki həftə sonra cəmi 23 dəqiqə çəkən mərasimdə Yaponiya rəsmi olaraq təslim aktına imza atdı. İmzanı qəbul edən General Duqlas Makartur faktiki olaraq Yaponiyanın “kölgə imperatoru”na çevrildi. Yeni qanunlar, yeni sistem və yeni nəsil ilə ölkəni yenidən qurdu, çökməyə qoymadı.
Nəticə etibarilə, iki atom bombası 150 min insanın həyatına son qoysa da, müharibəyə hazır olan on milyonlarla insanın həyatını xilas etmiş oldu.
1946-cı ildə İmperator Hirohito rəsmi şəkildə tanrı mənşəli olmadığını elan etdi. ABŞ isə imperator institutunun nüfuzunu qorumaq üçün onu məhkəməyə çıxarmadı.
Müasir Yaponiyada imperator Naruhitodur. O, siyasətə qarışmır, lakin cəmiyyətdə ən yüksək mənəvi statusa sahib olan, mədəni və mənəvi birləşdirici fiqur kimi qəbul olunur.
Doğum gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz! ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam!
Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam!
Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam!
Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!