“Xarı bülbül” adlı dərginin nəşrə başlamasını sosial şəbəkələrdən və şair Ziyadxan Budaqa yaxın olan şair və yazıçı dostlarımızdan öyrəndim. Jurnalın nəşri barədə qələm əhli öz ürək söslərini yazdı, jurnala uğurlu ədəbi yol arzuladı. Xoş söz yazanlar arasında “Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azərinin münasibəti diqqətimi cəlb etdi. Ədəbi mühitdə qərəzçilikdən, paxıllıqdan uzaq olmaq ləyaqət və cəsarət hissidir. “Xəzan” jurnalının yaradıcı heyəti yarandığı gündən bu missiyanı şərəflə, ləyaqətlə daşıyır. “Xarı bülbül” ədəbi dərgisinin də belə bir yol tutacağına ümid edirəm. “Xarı bülbül” jurnalına, xüsusən də şair Ziyadxan Budaq və jurnalın təsisçisi Cəmafər xanım Əliyevaya uğurlar və istedadlı, ləyaqətli müəlliflərlə əməkdaşlıq arzulayıram. Ramiz İsmayıl şair
Rus tərcümə məktəbinin tanınmış nümayəndəsi, bir neçə dildən – fransız, ingilis, alman, italyan, gürcü və sair dillərdən onlarla məşhur əsər tərcümə etmiş (sonralar bu əsərlərin bəzisi rus dilindən Azərbaycan dilinə də çevrilib) şair Nikolay Zabolotskinin tərcümə ilə bağlı belə bir fikri var: “Əsl tərcümə fikrin tərcüməsidir. Əgər cümlə “bitmiş bir fikir ifadə edir”sə, mətni tərcümə edərkən həmin fikri tərcümə etmək lazımdır, ayrı-ayrı sözləri yox”. Mən tərcümə zamanı həmişə bu fikrə üstünlük vermişəm və fikrimcə, ən yaxşı tərcümələr də bu zaman yaranır.
Dekabrın 2-də YUĞ Dövlət Teatrında “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının premyerası keçirilib Tamaşa “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında səhnələşdirilib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Anar Mikayılov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərinin musiqi tərtibatı İffət Əskərova məxsusdur. Tamaşada rolları Yuğ Teatrının aktyorları Əməkdar artist Qasım Nağı (Dədə Qorqud) və aktyorlar Mətanət Abbaslı (Ozan Ana), Vüqar Hacıyev (Ozan Ata) və Amid Qasımov (Ozan Oğul) ifa edirlər. “Mən-Dədə Qorqud” layihəsi YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illiyinə həsr edilir. Bu layihədə “Kitabi-Dədə Qorqud” dastanının 12 boyu əsasında tamaşalar hazırlanacaq. Tamaşalara Vaqif İbrahimoğlunun teatr məktəbini keçmiş rejissor tələbələri quruluş verəcək.
Qeyd edək ki, “Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilk dəfə oktyabrın 16-da Meksikanın Metepek şəhərində təşkil edilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında nümayiş edilib.
“Siz dediniz ki, bizim ikibaşlı qartal iki tərəfə, Şərqə və Qərbə baxır. Amma hələ Cənub da var”.
Bu fikri Rusiya Prezidenti Vladimir Putin təxminən, bir ay öncə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib.
Bəs ikibaşlı qartal Rusiyaya necə “uçub” gəlib? Məsələ ondadır ki, əsrlərdir Rusiya dövlətinin milli atributuna çevrilmiş ikibaşlı qartal simvolunun slavyan mədəniyyəti, mifologiyası ilə heç bir əlaqəsi yoxdur. Bu rəmzi Rusiyaya türklər daşıyıb.
Tarix təkcə döyüşlərdən və sülh müqavilələrindən ibarət deyil. O, həm də rəmzlərin, nişanların, gizli mənaların tarixidir. Bəzən bir bayraq, bir tamğa, yaxud elə söz açdığımız ikibaşlı qartal simvolu minlərlə sözün mənasını bir baxışda izah edir.
İkibaşlı qartal rəmzini bu gün bir neçə dövlətin gerbində görmək mümkündür: Rusiya, Serbiya, Avstriya, Albaniya…
Amma çox adam bilmir ki, bu qədim mifoloji simvol bir vaxtlar iki imperiyanın — Bizans və Səlcuq Türklərinin güc nişanı olmuşdu.
Qartalın qədim izi
Tarixən, ikibaşlı qartal nişanı tam olaraq, nə Bizansa, nə də Avropaya aiddir. Onun izlərinə eramızdan minillər öncə Şumer və Het mənbələrində rast gəlinir. Qartal simvolu Səma və güc tanrısının təzahürü idi. O, həm ilahi qoruyucu, həm də hökmranlığın simvolu kimi təsvir olunurdu. Bizans imperatorları ikibaşlı qartal rəmzini XI əsrdə öz gerblərinə həkk etdilər. Qartalın iki başı onların həm Şərqə, həm də Qərbə hökmranlıq iddiasını ifadə edirdi. Lakin o zaman heç kimin ağlına gəlməzdi ki, bu simvol nə vaxtsa türk hökmdarlarının rəmzinə çevriləcək.
Türk tamğasından imperiya rəmzinə
Oğuz tayfaları, o cümlədən Qınıq boyu, yəni gələcək Səlcuqlar öz nişanlarını “tamğa” adlandırırdılar. Hər türk tayfasının öz tamğası vardı. Bu, həm nəsil tanıma vasitəsi, həm də mülkiyyət nişanı sayılırdı. Tamğa bir növ möhür demək idi.
Türk tayfaları güclənib daha çox ərazilər fəth edir, dövlətin sərhədlərini genişləndirirdilər. Bir tamğalar çoxluğu artıq bir imperiyanı təmsil edə bilməzdi. Odur ki, Rum torpaqlarına, yəni Anadolunun mərkəzinə qədər gələn Səlcuqlar yeni simvol axtarmalı oldular. Bu yeni simvol isə güc və hökmranlıq ifadə edən bir rəmz olmalı idi. Nəhayət, Bizansı fəth edən Səlcuqlar onların bayrağında əks olunan ikibaşlı qartal simgəsini öz bayraqlarına daşıdılar. Beləliklə, bizanslılar da səlcuq imperiyasının təəbəliyini daha rahat qəbul etdilər.
Qartalın dirçəlişi
Beləcə, XIII əsrin əvvəllərində, I Əlaəddin Keyqubadın dövründə ikibaşlı qartal Səlcuq memarlığında da görünməyə başladı. Konya qalasının daş bəzəklərində, Diyarbəkir qalasının divarlarında indiyə qədər ikibaşlı qartal təsvirləri qalmaqdadır. Artuqoğulları dövründə ikibaşlı qartal təsviri sikkələrin üzərinə də vurulurdu.
Qartal təkcə bir quş simvolu deyildi. O, Bizans-Səlcuq dövlətinin sanki ümumi varislik manifestinə çevrilmişdi. Səlcuqlar yerli xalqların tarixinə, mədəniyyətinə, dini inanclarına toxunmadıqları üçün bəzi Qərb mənbələrində Səlcuq dövlətini Bizansın (Şərqi Roma) varisi də adlandırırlar. Səlcuqlar Anadoluda Roma-türk mədəniyyətinin sintezini yaratdılar. Hətta səlcuqların idarəetmə sistemi o dərəcədə alicənab idi ki, ayrı-ayrı bölgələrdə romalı məmurlar və keşişlər də rəhbərlik edirdilər. Bu səbəbdən romalılar türklərə qaynayıb qarışmağa başladılar.
Roma mədəniyyətini qoruyan türklər
Beləcə, ikibaşlı qartal həm yeni türk hakimiyyətinin rəmzi, həm də xalqlar arasında siyasi körpüyə çevrildi. Qartalın iki başı həm də Şərqlə Qərbin arasında, islam və xristian sivilizasiyasını özündə birləşdirən bir imperiyanın nişanı kimi yüksəlirdi.
Vaxt gələcək bu iki qütbdə ədaləti bərqərar etmək üçün türklər öz ikibaşlı qartalına yenidən sahib çıxacaqlar.
Bu foto çox kövrək bir yaddaşdır gəncliyin, ümidin, təmiz baxışların donub qaldığı bir an… Qardaş itkisi insanın içində heç zaman tam sağalmayan bir boşluq qoyur. Yazdığım bu bayatılar da həmin boşluğun ahı, sevginin izidir. Bu şəkil illərin arxasından baxan bir nurdu… Bu baxışlarda gəncliyin təravəti, qəlbin təmizliyi, həyat arzuları var. Amma üç il əvvəl qardaşımın ürəyi dayandı… bizim ürəyimizdə isə o, hələ də yaşayır. Ölümün əlindən almaq olmur, amma qardaş xatirəsi ölmür. Hər şəkil bir nəfəs, hər bayatı bir ahdır. Mən də bu acını sözə çevirdim… Qardaşım… Sənin gedişin həyatımızda dərin iz qoydu. Amma xatirən, gülüşün, sənin adamlığın, mərdliyın hamısı bizimlədir. Məkanın nur, Ruhun şad olsun… Adın isə heç vaxt unudulmasın Ziyad!
Bayatılar Dərd əlindən yol gedək, Bu yerlərdən piyada, Rəhmətləri daşıyaq, Qardaşımız Ziyada.
Piyada gedəcəyik, Heç bilirsənmi hara? Dərd, qəm-qüssə belədir, Qəlbimiz olub yara.
Qardaşımızın ruhu, Göyçəmizi dolanır, Vətən həsrətli ruhu, Atəşlərə qalanır.
Biz də yanaq onunla, Ələnsin göydən külüm, Sonaya səbr versin, Allah solmasın Gülüm…
İçimin dağı qardaş. Yel vurdu bağı, qardaş. Ölüm mələyi gəlib, Gəl olma yağı, qardaş.
Nə pis zamandı, Allah? Ahdı, amandı, Allah. Biz qardaş itirmişik, Canımız yandı, Allah.
Qovdu bizi qüzeylər, Bu ağrı-acı neylər. Bacısız qardaş olmaz, Qardaşsız bacı neylər?
Əl açmışıq vərdişə, Necə düşüb mərd işə? Köz etdin məni, qardaş, Od düşsün bu gərdişə.
Ürək, day çağlamırsan, Hissimi bağlamırsan. Burda bir igid ölüb, Sən niyə ağlamırsan?
Deyirəm, bəzən bir ulusun yaddaşını dəftər-kitabla deyil, tək bir təbəssümlə də oxumaq olur.
Ünlü rəssam, dostumuz-qardaşımız Nəvai Metinin “Gülən adamlar” tablosu elə bu həqiqətin rənglərlə yazılmış şəkli deyilmi?
Gülüşü tutulanların hər biri – öz dönəminin bilgisini-tapmacasını, kədərini-sevincini, qayğısını-qayğısızlığını… daşıyan adamlardır; gülüşləri də özünəxasdır:
dərdin içindən boylanan işıq, yığvalın ağır yüklərini yumorla yüngülləşdirən hal və ən əsası – insan qalmaq ləyaqətinin çiçəklənməsi kimi… Sənətkarlığı fırça ilə açılan Nəvai Metinin sənətkarlığı qələmlə üzə çıxan eloğlusu – Məmməd İlqar həncəri derdi? – “Dərdin-qəmin içində də haylı-haraylı kişilər”… – Gəlin o, mükəmməl poetik lövhəni bura tam köçürəlim:
“Sovqatımı qəbul edin,
Sovqatlı-paylı kişilər,
Adınıza layiq ola
Kaş bu gəraylı, kişilər.
Aran-yaylaq köçündə də,
Əkində də, biçində də,
Dərdin-qəmin içində də
Haylı-haraylı kişilər.
Hər nisgili bölərsiniz,
Hər müşgülü bilərsiniz,
Siz ayrı kişilərsiniz –
Var olun, ayrı kişilər!
Bar-bərəkət aylarında,
“İp atdırmaz” öylərində…
Oğul-uşaq toylarında
Kepqası əyri kişilər”..!
Sözüm ona, Nəvai Metin gülüşü sadəcə mimika kimi çəkmir, məncə. Məncə, onun tablolarında təbəssüm – xarakterdir, əxlaqdır, mədəniyyət kodudur. Sənətkarın bu minvalla yaratdığı silsilə sanki bir ulusun genetik yaddaşına hopmuş nikbinliyin, mərdliyin, yumorun və digər kateqorilər üzrə hərəkətlərin, halların… rənglərlə danışan ensiklopediyasıdır…
Onun sənət sevdası ötəri deyil, təkcə bu tabloda bitmir. Bydur, bir yanında qardaş Pakistanın yaradıcı dostları – Asiyanın gülən gözləri, o biri yanında dosdoğma Qazax mahalının işıqlı üzləri – bozqır küləyi kimi saf və… sərt çöhrələr…
Anadoludan başlayıb Qafqaza, Orta Asiyaya və ordan da o yana uzanan bir ruh xəritəsi…
Bir ulusun ən böyük sərvəti onun qızılı deyil, nefti deyil – üzündə itməyən gülüşüdür. – “Gülən adamlar”, elə o biri adam kimi adamlar da bunu bizə bir daha xatırladır.
O gülüşü çəkə bilən rəssam isə, artıq ulusun könül salnaməçisi kimi çıxışa iddialı və bu iddiada haqlı görünür.
Nəvai Metin fırçasında işıq var, xatirə var, bir də – daim gülümsəyən insanlıq… “NƏ GÖZƏL YARAŞIR İNSANA GÜLMƏK”… – Gözəlmi? – Gözəl!
Sənətkarın əlinə, ürəyinə və ruhi gücünə alqış!
P.S.
Yanlış oxşatmıramsa, rəssam “Gülən adamlar”da özünü iki dəfə çəkib. Əgər belədirsə, bu nə üçündür? – Deyim: Bu tablo, belə demək olarsa, yenilənməyə açıqdır və sabah-birusigün yeni bir gülən adam əlavə olunanda rəssam heç kəsin könlünə dəyməyəcək, özünün gülüşlərindən birini başqa könül dostunun gülüşü ilə dəyişəcək…
Baxma mənim sən bu cavan yaşıma, Bilirsən ki, nələr gəlib başıma. Haqqı, ədaləti mən qorumuşam, Nəzər salarsanmı ömür yoluma. Buda bir taledi bilirsənmi sən, Vətən deyib yaşayıram hələdə. Demə ki, ağarıb başında saçın, Axı qar olubdu dağ zirvəsində. Bəs niyə qırışdı alnın deyirsən, Vətən həsrəti var axı qəlbimdə. Vətən deyib düşmənlə vuruşmuşam, Cavanlığım keçdi mənim səngərdə. Ömür sürdüm o soyuqda, şaxtada, Əyilmədim mən düşmənin önündə. Bunları bilirmisən, bir desənə, Yuxusuz olmuşam hər an səngərdə. Güllələr başımın üstündən gedib, Vahimə olardı o döyüşlərdə. De sən mənə, cavab verim mən sənə, Asanmıdı günlərlə yuxusuzluq. Baxma mənim sən bu cavan yaşıma, Bilirsən ki, nələr gəlib başıma. Gecə gündüz mən səngərdə olmuşam, Xəstələnmək nədi mən bilməmişəm. Mən bunlardan heç şikayət etmədim, Mən ömrümü bu vətənə vermişəm. Vətən azadlığın mən görmək üçün, Üç oğlumla səngərdə vuruşmuşam. Sənanımı şəhid verdim bu yolda, Kədər verdi bu ömrümə həyatda. Qorumuşuq müqəddəs yurd yerlərin, Amalımız oldu azad vətənin. Haqqı ədaləti düşmən itirdi, İşğal olan yurd yuvalar bizimdi. Car çəkdik ki, biz də bu haqsızlığı, Bəşəriyyət anlamadı dərdləri. Düşünürdük azad edək vətəni, Başa sala bilirəmmi mən səni. Vətən azadlığı amalım olub, Ömrüm bu yollarda saralıb solub. Görürsən yaşaram mən bu həyatda, Amalım olubdu ədalət haqda. Buda bir taledir ömür yolumda, Beləcə yaşaram mən bu həyatda. O günləri xatırladım yenədə, Bu gün Rəvan əsgərliyə gedəndə. Yolu açıq olsun, el əsgərinin, Ehtiyacı var bunlara vətənin. Babasıyam bu həyatda qururlu, Lazımdı ki, bu vətəni qorusun. Zəiflərə arxa olmaq peşəmdi, Güclü olub bu vətəni qorumaq. Yalançıyla aram olmayıb mənim, Haqq yolunda ucalıb mənim səsim. Abadlaşsın qoy həmişə ölkəmiz, Hər an zəfərlərdən gəlsin səsimiz. Mərhəmətdə sədaqətlə ölçülər, Vətən oğlu vətən üçün can verər. Haqq ədalət bizim şuarımızdır, Bu yol bizi səadətə aparır. İndi görürsənmi hələ cavanam, Ağarsada bu gün başımda saçım. Görürsən ki, ağır yollar keçmişəm, Vətən deyib bayrağa and içmişəm.
Bu gün azərbaycanlı şair və jurnalist Malik Fərruxun (1948–1998) vəfatının 27-ci ildönümüdür. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan Malik Fərrux həm də televiziyanın “Ekran” divar qəzetinin redaktoru olmuşdur. Malik Fərrux ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziyasında çalışmışdır. Şair 100-ə yaxın mahnının söz müəllifidir. Əfsanəvi “Karvan” qrupunun demək olar ki, bütün repertuarının sözləri Malik Fərruxa məxsusdur. “Qara gözlər”, “Sarı güllər”, “Sən də tufanla oynama”, “Polismen”, “Qar yağır”, “Alabəzək yuxular” və s. kimi unudulmaz mahnıların söz müəllifi Malik Fərruxdur. Yaradıcılıq illərində Mikayil Vəkilov, Mobil Babayev, Cəmil Əmirov, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarla birgə çalışmışdır. “Qızıl Qələm” mükafatı ilə yanaşı bir çox ədəbi mükafatlara layiq görülmüşdür. Allah rəhmət eləsin!