Həm dini, həm də elmi cəmiyyətlər arasında bilinən, amma tam anlaşılmayan bir anlayış var ki, adına ruh deyirik. Ruh (və ya mənlik qavramı, adı nə olursa-olsun) ümumi anlamda ətrafı izləyən amilə deyilir. Ruhun nə olması barəsində bir çox fərziyyələr vardır. Bəs tam olaraq Ruh nədir? Elm sahəsində bütün suallar sübut istər. Ruhun sübutu varmı? Bu mövzunu aşağıda bir necə qısa başlıqla araşdırmaq gərəkdir. Yarpağın ruhu exspermenti: Aparılan bir təcrübədə yarpağın müəyyən hissəsini kəsmişlər və daha sonra həmin yarpağı mikroskop altında incələmişlər. Və şahidi olunan mənzərədə yarpağın kəsilmiş hissəsinin də görüntüsünün olduğunu müşahidə etmişlər. Yəni, realdan kəsilmiş olan, artıq yarpaqla əlaqəsi olmayan hissənin ruhsal cəhətdən hələ də yarpaqla birgə olmasıdır. Təcrübənin sübutu olaraq aşağıdakı şəklə nəzər yetirək: Hüceyrə ruhu: Ruhu hüceyrəsəl anlamda incələsək, hər bir hüceyrənin ibtidai şüura sahib olduğunu və bir araya gələrək müəyyən bir orqanizm formalaşdırmağa qadir olduqları məlumdur. Hüceyrələrin ibtidai ölçüdə bir ruhu vardır. Ruhu öyrənmək istəyiriksə, o zaman hüceyrədən, yəni ən ibtidai ölçüdən başlamalıyıq. Bu anda hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabında ruh barəsində yazdığı bir fikrini qeyd etmək önəmli olar. Fikir bu tərzdədir: “Kainatın parçalarıyıq. Hüceyrənin beyni olan hüceyrə membranı ətraf siqnallara qarşılıq verdiyində hüceyrədə hərəkətlənmələr başlayır. Əslində, vücudumuzdakı hər fəaliyyətdə olan protein ətrafda mövcud olan bir siqnalın tamamlayıcı görüntüsü olaraq yaranmışdır. Əgər, bir proteinin uyğunlaşdığı tamamlayıcı bir siqnalı yoxdursa, protein fəaliyyət göstərə bilməz. Yəni, hər şeyin mənə aydın olduğu o anda düşündüyüm kimi vücudumuzdakı hər protein ətrafdakı bir şeyin fiziksəl ya da elektromaqnit tamamlayıcısıdır.” Bruce H.Liptonun qeyd etdiyi fikir ruhun ətraf fəza olmasını və maddəyə (yəni insanlara və ya digər canlılara) isə enerji tezlikləri səviyyəsində uyğunluq olduğunda gəldiyini bildirməkdədir. Ruhun ətraf fəzanın özü olmasını Allah Quranda da qeyd etmişdir (Yaradılış və mən qavramı, ruh anlayışı məqaləmdə izah olunmuşdur). Odur ki, ruhu, yəni mənliyi bütün fəza olaraq qəbul etməliyik. Bizlər bədənlə məhdud varlıqlar deyil, kosmik canlılarıq. Vücudumuzu isə sadəcə olaraq maddi dünyaya giriş üçün istifadə etməkdəyik. Kosmik ruh olaraq bizlərin tamlığını heç kəs silə bilməz. Əksinə insanlıq mübahisə etdikcə, bir-biri ilə əks düşüncədə olduqca kosmosa neqativlik yaymaqdayıq. Bədənimiz də atomlardan oluşduğu üçün, yəni kosmosdan formalaşdığına görə həmin neqativlik yenidən həyatlarımıza öz təsirini göstərməkdədir. Hər zaman sevgi içində olmaq isə sağlamlıq göstəricisidir. Yarpağın ruhu təcrübəsindən də öyrəndiyimizə əsasən nə olsa da, ruhumuz, mənliyimiz tam qalmaqdadır. Həyatda hadisələr olmaqda, zamanla insanlar bu hadisələrdə müəyyən üzvlərini itirməkdədirlər. Bir çox insan bu hal qarşısında depressiyaya girməkdə və həyatı gözlərində söndürməkdədirlər. Amma, heç də belə deyildir. Yarpağın ruhu təcrübəsi bizlərə hər hansı bədən üzvümüz olmasa belə, yenə də kosmik ruh cəhətdən tam olduğumuzu göstərməkdədir. Müəyyən bədən üzvünü itirmiş və ya müəyyən bədən üzvü olmadan dünyaya gəlmiş bir çox insanlar var ki, həyatda böyük uğurlar əldə etmişlər. Qısacası, maddi cəhətdən itirilmə ruhsal tamlığı pozmamalıdır. Bizlər Tanrıdan gəlməkdəyik və kosmosun, bütün kainatın özüyük. Özümüzü bədənlə məhdud bilməyimiz sahib olduğumuz ego səbəbindəndir. Ego “bu mənimdir” duyğusunu yaşamaqdır. Cisimlərə qarşı “bu mənimdir” duyğusunda olmaq, bizim özümüzü də istəmədən cisimlər sırasına salmışdır. Amma, tam əksidir.
Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov
YETMİŞ DOQQUZUNCU YAZI SÖZÜN GÜZGÜSÜNDƏ CƏMİYYƏT (Mikayıl Məxfinin təmsillərində mənəvi aşınma, saxta şöhrət və yer davası) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair, satira ustası Mikayıl Məxfinin təmsilləri və onun sifətinə güzgü tutduğu cəmiyyət nümayəndələri olacaq. Satira ustasının mənə məlum olan dörd kitabından elə üç nümunə seçmişəm ki, Mikayıl Məxfi güzgüsündə daha çox sifət görə bilək. Mikayıl Məxfi yaradıcılığına müraciət etməyimin çox ibrətamiz tarixçəsi var. Valeh Heydər yaradıcılığından bəhs edərkən artıq bu məsələylə toxunmuşam. Təssüf ki, bu gün bu yazımda ənənəvi “QISA ARAYIŞ” bölümunə şairin ad, soyad, ata adından və dörd kitabının adından başqa heç nə yaza bilmirəm. QISA ARAYIŞ Mikayıl Məxfi – Əliyev Mikayıl Hüseyn oğlu, Naxçıvanda anadan olub. Ötən əsrin 80-90-cı illərində çox məşhur olub. Mənə aşağıdakı dörd kitabı məlumdur: – “Təmsillər”, – “Belələri də var”, – “Kim kimdir…”, – “Mənəm sənsən”. Bəzən belə fikirlərə rast gəlirəm ki, deyirlər hamı indi sözünü birbaşa dediyinə görə təmsil janrına ehtiyac yoxdur. Bu kökündən yalnış fikirdir. Təmsil iki fərd arasında olan söz güləşi deyil. Tam tərsi, görən, düşünən bir aydının (şairin, qələm adamının) ümumiləşdirilmiş şəkildə cəmiyyətə mesajıdır. Biz bunun gözəl ornəyini müasirimiz Valeh Heydərin yaradıcılığında aydın görürük. Eləcə də haqqında söhbət açacağım Mikayıl Məxfidən seçdiyim təmsillərin timisalında buna şahid olacağıq.
Ədəbiyyat tarixən təkcə gözəllik axtarışı olmayıb; o, həm də cəmiyyətin aynası, vicdanın səsi, yanlışların ifşası olub. Bu baxımdan təmsil janrı xüsusi çəkisi olan ədəbi formadır. Təmsil zahirən sadədir, amma dərin mənalar daşıyır; obrazlar çox vaxt heyvanlar, əşyalar, ya da tipik insan fiqurları olsa da, əsl hədəf insanın özüdür. Mikayıl Məxfinin təhlil üçün seçdiyim; “Görüş”, “Züyçü”, “Boş yer” təmsilləri də məhz bu missiyanı yerinə yetirir. Cəmiyyətin ağrılı nöqtələrinə toxunur, saxtakarlığı, lovğalığı, mənəvi aşınmanı göstərir və kəskin satira ilə tənqid edir.
“Görüş” təmsili ilk baxışda köhnə kitablarla “qonarar aşiqi”nin qarşılaşması kimi görünür. Amma bu görüş əslində vicdanla riyakarlığın, zəhmətlə qazanılmış dəyərlə fürsətçiliyin üz-üzə gəlməsidir. Anbarda toz basmış kitablar – zamanında ümidlə yazılmış, oxucu həsrəti çəkən sözlər – cəmiyyətin yaddaşdan sildiyi mənəvi sərvətləri simvolizə edir. Qonarar aşiqi isə bir vaxtlar “ildə bir kitab yazıb” ad qazanmış, amma sözə deyil, qazanca bağlanmış tipdir. O, ədəbiyyata məhəbbət iddiasındadır, amma nəticədə kitabları “tullantı”ya çevirən sistemin bir parçasına dönür. Təmsilin finalında “indi bizimlə birgə verilərsən utilə” misrası sərt hökm kimidir: sözə xəyanət edən, ədəbiyyatı alver predmetinə çevirən adam gec-tez öz yaratdığı boşluğun qurbanı olur. Bu təmsil müasir ədəbi mühit üçün də açıq mesajdır: kitabın dəyəri tirajda, qonorar məbləğində yox, onun daşıdığı həqiqətdədir.
“Züyçü” təmsili mədəniyyət mühitində saxta avtoritetlərin necə yaradıldığını parlaq şəkildə göstərir. Bir “naşı züy tutanı”nın böyüdülüb “maestro” elan olunması, orkestrin başına keçirilməsi təsadüfi deyil. Bu obraz savadsızlığın və səs-küyün sistemli şəkildə sənət adı ilə təqdim olunmasının simvoludur. Züyçünün tarı, kamanı, sazı – yəni milli musiqinin köklü simli alətlərini – kabinetə çağırıb hədələməsi, onları kənarlaşdırmaq istəməsi xüsusilə simvolikdir. Burada yalnız bir adam yox, bütöv bir düşüncə tərzi tənqid olunur: kökü, ənənəni, zəhməti inkar edən, yalnız pulu düşünüb, qazanc və ucuz uğur dalınca qaçan düşüncə. Mikayıl Məxfi bu təmsillə açıq deyir: sənət səsin gur olması ilə ölçülmür. Musiqidə olduğu kimi, həyatda da səs-küy çox vaxt boşluğun göstəricisidir.
“Boş yer” təmsili sosial münasibətlərdə tez-tez rast gəlinən bir mənzərəni ustalıqla canlandırır. Qonaqlığa çağırılmadan gələn Dəvə, başda Maralın yanında boş yer görüb ora iddia edir. Onun bu iddiası təkcə təkəbbür deyil, həm də yerini bilməmək, həddini aşmaq problemidir. Maral – zərifliyin, ləyaqətin rəmzi, Fil – gücün və çəkisinin təcəssümü olduğu halda, Dəvənin onların yanında yer axtarması ironikdir. Cavab isə təmsilin əsas dərsidir: “Boş yer çoxdur, keç otur Eşşəklə bir sırada!” Bu misra cəmiyyətdə hər kəsin layiq olduğu mövqenin olduğunu, yersiz iddiaların isə gülünc vəziyyət yaratdığını açıq şəkildə bildirir. Burada müəllif təkcə bir fərdi yox, status, vəzifə, kürsü davasına düşənləri hədəfə alır. Təmsil – gülüş arxasındakı ciddi sözdür! Mikayıl Məxfinin bu üç təmsili bir-birindən fərqli süjetlər üzərində qurulsa da, ortaq bir xətti var: dəyərin aşınması. Kitabın, sənətin, mövqenin, hörmətin dəyəri itəndə cəmiyyət səs-küyə, boş iddiaya və mənasız yarışlara sürüklənir. Bu təmsillər oxucunu güldürməklə kifayətlənmir, düşündürür, silkələyir, xəbərdarlıq edir: sözə, sənətə, yerə hörmət itməsə, nə anbarlar tulantı yerinə çevrilər, nə züyçülər maestro olar, nə də dəvələr filin yerinə göz dikər. Mikayıl Məxfi satiranın gücü ilə bizə bir həqiqəti xatırladır: cəmiyyət öz dəyərlərini tanımadıqca, qiymətləndirmədikcə, həyatın özü təmsillərə çevriləcək. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ümidvaram ki, növbəti yazılarımın birində Mikayıl Məxfi haqqında tam məlumat verə biləcəm.
Cəlilabadda şeir müsabiqəsi Cəlilabad rayon Veteranlar Təşkilatı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bu gün (13.12.2025) Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində şagird və tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin ən yaxşı ifaçıları üzrə şeir müsabiqəsinin ilk mərhələsi təşkil edildi. Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, “Həməşəra” Mətbu Orqanının təsisçisi və baş redaktoru, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, şəhid valideynlərindən: Nazim Paşazadə, Nizami Həbibi, Yaşar İsgəndərli və daha iki şəhid atası, tələbə və şagirdlər, valideynlər, həmçinin, Cəlilabad Təhsil İdarəsi və Mədəniyyət İdarəsi nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqə şəhidlərin xatirəsini əziz tutmaq məqsədi ilə bir dəqiqəlik sükutla başladı. Giriş sözünü Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, şair-publisist Ədalət Salman açaraq müsabiqənin təşkil edilməsində əsas hədəfdən, şərtlər və qaydalardan söz açaraq iştirakçılara uğurlar dilədi. Ardınca Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək tədbirin əhəmiyyəti və hədəflərindən, xüsusilə də bədii qiraət sahəsində bacarıqlı tələbə və şagirdlərin tanınmasını vurğuladı. Münsiflər heyətində yer almış üzvlərin də qısa çıxışlarından sonra öncə qeydiyyatdan keçmiş 40-dan çox tələbə və şagird çıxış edərək öz qiraət və ifa bacarıqlarını nümayiş etdirdilər. Onların arasından isə yalnız 13 nəfər 20 baldan çox imtiyaz topladıqları üçün müsabiqənin ikinci mərhələsinə vəsiqə qazandılar. Yeri gəlmişkən bildirmək lazımdır ki, bu gün Cəlilabad rayonunda keçirilmiş şeir müsabiqəsinin münsiflər heyəti aşağıdakılardan ibarət idi:
Ədalət Salman (“Sözün işığı” mətbu orqanının baş redaktoru, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Prezident təqaüdçüsü, jurnalist, şair-publisist);
Müşahidə Nərimanova (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Cəlilabad MKS-nin əməkdaşı, kitabxanaşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
Arzu Əyyarqızı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, esseist, şair-publisist);
Ruhiyyə Abaszadə (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
Tacəddin Əli (Cəlilabad ədəbi mühitinin nümayəndəsi, Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi, şair). Məlumat üçün qeyd etmək lazımdır ki, müsabiqənin ikinci turu (final mərhələsi) gələn həftə keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Müsabiqənin ilk turu xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.