Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11) Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır. Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur: “Gəlir hardan gəlir, gəlsin, Yaşamağa var gərəkdir.” Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir. Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir: “Halal vara min bərəkət, İstəməyən kor gərəkdir.” Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır. Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur: “Var düşübsə üç-beşinə, Dönüb baxsın keçmişinə.” Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir. Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır): “Sağ əliylə sol döşünə, Döyən kəsdə ar gərəkdir.” Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır. Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır: “Haramını halal sayan, El içində xar gərəkdir.” Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır. Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq? Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.
Sözlə zamanın nəbzini tutub “həqiqətlə gözəlliyi birləşdirməyi bacaran”lar (Feytvanger) gördüyü, duyduğu bütün varlığı ürəkləri fəth edən sözə çevirə bilirlər. İnsanlıq yaranandan söz, sözlərin artdıqca poeziya yaranıb. Söz sənətinin toxunmadığı mövzu yoxdur. Sözün sehri, böyüklüyü, qüdrəti addımbaşı rast gəldiyimiz, adilik kimi baxıb keçdiyimiz mənzərələrə, olaylara, rənglərə özünəməxsus çalar qatıb onu təravətləndirməkdir. Ana təbiətin dörd ovqatını – bənzərsiz fəsillərini təsvir edən yer kürəsinin əhalisindən qat-qat çox ədəbi əsərlər yazılıb. Eləcə də dörd fəslin ən “müdrik”i payız şairlərin sözüylə daha çox urvatlanıb. Tarixin daş yaddaşında qalanlar əsl söz inciləri kimi bəşər övladı ilə bərabər yaşayır və yaşayacaq. Qazi şair Rəfail Tağızadənin payızı da qeyri-adi, özünəməxsus və möhtəşəmdir. Hər bir qələm adamının təsvir etdiyi payız onun özünə bənzəyir. Rəfail müəllimin poetik payızı da özü kimi müdrikdir, humanistdir, nisgillidir, kövrəkdir, bütövdür. Rəfail Tağızadənin payızı təbiət qanunlarına bir yenilik, bir saflıq, bir “əxlaq” gətirir. Sevdalı“baxışlara dözməyən ağac yarpağını gecə soyunur”, həyətdə gizlənpaç oynayan xəzəllər həyətlərə, evlərə girir. Şairin payızında təbiətin soyuqluğundan əsər-əlamət yoxdur, mübhəm, ilıq xatirələr gecələri qoynuna alıb üşüməyə qoymur, “qol-boyun xatirələr gecə sevdasından doymur”. Oxucu da bu mükəmməlliyin qoynunda isti yuva, təsəlli tapır, dərin düşüncələrin dizinə başını qoyub uyuyur:
Alıb yuxuları, alıb əlimdən gecə düşünməyi öyrədir mənə. Payız sevgisiylə, müdrikliyiylə, bütövlük, bir tamlıq gətirir yenə.
Şair “ağacların kefsizliyini, həyatın soyumasını” duyur, onları sözlə ovundurur, poeziyaya çevirir. Onun qəlbindəki mərhəmət yarpağa, ağaca, torpağa, daşa, gülə, çiçəyə həyat verir, yarpağın, soyunmuş ağacın kədərini doğmalaşdırır, ağacı inandırır ki, yenidən yaşıl donunu geyinəcək. “Sevəcəm, sevəcəm, sevəcəm” inamı və inadıyla bir gözəlin könlünü alır:
Əlimmi titrəyib ələ dəyəndə, yoxsa aramızdan küləkmi keçib? Payız yarpağımı düşüb araya? Baxışmı unudub teli daraya? Görən bu gözələ nə olub belə?
Sevginin saflığına, şəffaflığına, incəliyinə heyran qalırsan. Bir payız yarpağı da küsdürə bilir duyğulu gözəli. Gözəlin könlünü ilahi pıçıltının nəvazişiylə ələ almağın şirinliyi nəinki gözəlin, onun sevgisinə həsədlə baxanların ürəyinə yağ kimi yayılır. Şair buludla bərabər kövrəlir, yenidən onu “qanadına alan buludun bəyaz qoynunda doğulur”. Həqiqətən əsl poeziya məlhəmdi, həyatverici, şəfalı nəfəsdi, göylərin ərmağanı hissləri təlatümə gətirən bir damladır:
Sığal çəkir üzümə, məni təklikdə qoymur. Yağış da bir sevgidi – öpüşdən adam doymur. * * * Yenə dartaraq qaşını, əyib buludlu başını, tökür gözünün yaşını, bu gecə yaman ağlayır. Bu gecə məni ağlayır…
Rəfail Tağızadənin “payız sevdası” da barlı-bərəkətlidir – payız kimi. Onun “yumşaq payız”ındakı “bahar havası” ürəkləri sevgiylə siləbəsilə doldurur:
“Cızılan, pozulan köhnə val kimi, özündən narazı küskün lal kimi torpağın üstündə oynayan yarpağın” könlünü almaq, onu sığallayıb bizə həyat verdiyi üçün təşəkkür etmək ürəyinizdən keçibmi? Rəfail müəllim o payız xəzanının ümidsiz yarpağını ümid işığına bələyir, sözlə öpür. Şair ona “altdan yuxarı baxan yarpağı” görəndə onu əzizləyib həmsöhbət, həmdərd, həmdəm olur, deyə bilmədiklərindən “boğazı quruyur, ayağı tutulur”, səssiz-səmirsiz yarpağın “payız sevdalı” baxışlarını “dinləyir”, bir yarpaq ömrünün son anlarını özününküləşdirir:
Sözlər qırıq-qırıq, səs qırıq-qırıq, birdən bir ufultu gəlir dərindən. Ürəyin qırılan şah damarıtək, yarpağın onurğa sütunu sınır. …Sonda ayaq altda ovuldu getdi. Bu da bir ömürdü, sovuldu, getdi.
Bir bitkin, təbiətin özü kimi möhtəşəm etüdün məna yükünə fikir verin:
Solğun yarpağında kölgələr çılpaq, ağaclar lüt qalıb, yerdədi yarpaq. …Meyvəli ağacı süfrə kimidi, meşəsi bir gözəl lövhə kimidi. …Yığıb qucağına xəzan payını, bayırda səs salan yağış hayını. Gəldi ömrümüzə, gəldi bu payız.
İnsan yetkinləşdikcə həyata, təbiətə baxışı da dəyişir. Payız təbiətin müdrik çağıdır. Rəfail müəllim də ömrünün barlı-bəhərli, müdrik çağını yaşayır. İndi onun payız mələyi ilə diləkləşən vaxtıdır. “Payızımıza bahar havası qatan payız mələyi”nin yollarındadı gözümüz:
Bir vaxtlar baharı sevərdim. İndi ömrün payızın sevdim, öz qəmiylə, barıyla, həzin duyğularıyla… Ömrün payız bəzəyi, mənim xəzan küləyim, bir bax, mənim ömrümə gəldi payız mələyim. Yoxdu daha diləyim.
“Payızın dodaqaltı zümzümə edən, çevirib üzünü, çevirib göyə, ağacın torpaqdan küsən vaxtı”nda bir neçə payız tablolarına “baxdım”, nəsə deməyə söz tapmadım, ilahi sözdən yaranmış mənzərə qarşısında susdum, dəyərləndirməyi gözümün öhdəsinə buraxdım. Gözlər heç vaxt yanılmır. Payızın bakirəliyinin mükəmməl təsviri:
Soyunub əynini təzə gəlintək, töküb paltarını ayaqlarına gecə yağışında yuyunub, təmiz, əlində xınası qurumamış qız… Mən səni sevirəm, sevirəm, payız. * * * Ağacın yaylığı ayaqlar altda, yeriyə bilmirəm çığırtısından. Çılpaq ağacların əlləri göydə, yarpağın son dua pıçıltısından.
Bir “payız havası”nın kimisə sormağa gələn xatirələri, sükutlu yükü, məchul xəyalları” al-əlvan rənglərin vəhdətindən etüdlər yaradır, bu payız ovqatı “nərmənazik bayatıdı bir az”:
Qara buludların göz yaşlarında çətrini itirmiş ağac yuyunur. Payızı sevməyən süpürgəçi qadın, bu il mən də yığışdıra bilmədim ömrümdən tökülən yarpaqları. Sən nələr gözləyirsən bu payız havasından? Hardasa külək əsir? Yağış gəlir gözündən…
Kəndlərimizdə, obalarımızda tənha qalan, təkcə qurd-quşdan yox, zamanın gərdişindən çürüyüb “ovxam-ovxam olmuş taxta qapılarını ağacdələnlər döyən” (Məmməd İsmayıl) evlərin durumunu Rəfail Tağızadə kimi torpaq nisgillilər daha dəqiq anlayar. “Uçuq evdə payız” şeirini kövrəlmədən oxumaq mümkün deyil. “Küləyin xəyallarla savaşdığı, yarpaqların payız ovqatıyla danışdığı, başının üstündə sərgərdan qara buludların dolaşdığı, narahat gümanların, nakam umudların qaçıb gizləndiyi” o uçuq evdə həsrətdən, kövrək xatirələrdən başqa nə qalıb ki?! Xəyalıma Qarabağdakı xain düşmənin xaraba qoyub qaçdığı, daşı-divarını uçurtduğu evlər canlandı. Rəfail müəllimgilin kəndindəki, həyətindəki qızılgüllər açıbmı görəsən? Barbar erməni cəlladları yəqin ki, qisasını həyətdəki doqquz qoz ağacından alıblar. Biz o yerlərin həsrətinə 27-30 il dözdük. Necə dözdük, niyə dözdük? Çətin və cavabsız sualdı. O torpaqların qarşısında diz çöküb günahlarımızı etiraf edəcəyik. Amma bu günahımız bağışlanacaqmı? Ağsaqqallarımız, ağbirçəklərimiz yurd, torpaq nisgiliylə dünyasını dəyişdi. Yurdsuzluğun ağır havası, vaqon evlərin, qumlu düzənliklərin tozu, qaynar yayı qənim kəsildi onların ömrünə. Rəfail müəllim də o uçuq evlərin daşını, torpağını öpəcək günləri gözləyir:
Alovu alınmış, kösövü sönmüş, bu soba külüylə oynayır indi. Baltası korşalmış, dəhrəsi itmiş bu ev sütununu doğrayır indi.
O uçuq evlərin yerində imarətlər tikəcəyik, Rəfail müəllim, qızıllgüllər daha şövqlə açacaq, ”yalançı sərhədlər” yox oldu, tərk edilmiş kəndlərdə həyatın axarı daha gur olacaq, Qarabağa yağan yağış o ellərə abi-həyat gətirəcək. Qazi qardaşlarımızın, balalarımızın toyunun səsindən Cıdır düzündə atlar kişnəyəcək, qartallar qıy vuracaq. Qarabağ arzularımıza yenidən ana olacaq… A.Kamyuya görə, əgər yalan danışa bilmirsənsə, deməli, azad insansan. “Zamanın sözünü yazmaq”, həqiqətlərin gözünün içinə dik baxmaq vicdanlı və cəsarətli söz adamlarına Tanrının göndərdiyi ali missiyadır. Bu bəşəri imtahandan üzüağ çıxanlar həmişə başıuca gəzəcəklər – ömrün və təbiətin bütün fəsillərində…
NƏĞMƏNİN SEHRİ – Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm…
NƏĞMƏNİN SEHRİ
Ey nəğmə, sehrinə minnətdaram mən Məni bu anlarda alıb özümdən, Özümə qaytardın… Özümə daldım, İtirib çəkimi yerdən ucaldım.
Susma, işığını çilə qəlbimə, Bilmirdim, dünyamız cənnətmiş, demə. Oxu, qanadlandır diləklərimi, Oxu, aşılmayan dağlardan aşaq. Mən yaxşı bilirəm, sən susan kimi, Dünya gözlərimdə ucuzlaşacaq. Soyuq rəftarıyla, daş sifətiylə – Əvvəlki amansız təbiətiylə.
Yerdə işim yoxdur, bu anlarda mən Göyün üst qatında uçuram ancaq. Susma, çətin olur bu ucalıqdan Əl üzüb yenidən yerə qayıtmaq.
Bəxtiyar Vahabzadə
Şeirin təhlili: Bəxtiyar Vahabzadənin “Nəğmənin sehri” şeiri incə lirizmi, dərin fəlsəfi çalarları və musiqinin insan ruhuna təsirini ecazkar şəkildə ifadə edən bir nümunədir. Şeir musiqinin, nəğmənin insanı adi reallıqdan necə qoparıb mənəvi ucalıqlara qaldırdığını, ona həyatın gözəlliyini və mənasını necə duydurduğunu tərənnüm edir.
Nəğmənin transformasiyaedici gücü Şeirin ilk bəndi nəğmənin əsas funksiyasını – insanı “özündən alıb” yenidən “özünə qaytarmasını” ortaya qoyur. Bu paradoksal görünsə də, əslində çox dərin bir mənaya malikdir. Nəğmə insanın daxili aləminə səyahət etməsinə, özünü daha dərindən anlamasına, gündəlik qayğılardan azad olaraq ruhani ucalığa çatmasına imkan verir. “İtirib çəkimi yerdən ucaldım” misrası nəğmənin insana bəxş etdiyi yüngüllüyü, azadlığı və mənəvi yüksəlişi metaforik şəkildə ifadə edir. Bu, fiziki çəkidən qurtulmaq deyil, ruhun ağır yüklərdən azad olmasıdır.
Nəğmənin işığı və həyatın mənası İkinci bənddə şair nəğməyə “işığını çiləməyi” xahiş edir. Bu “işıq” maarifləndirməni, aydınlığı, həyatın gizli gözəlliklərini görməyə kömək edən idrakı simvolizə edir. Nəğmə sayəsində müəllifə “dünyamız cənnətmiş, demə” həqiqəti açılır. Bu, dünyanın öz-özlüyündə cənnət olduğunu deyil, nəğmənin, sənətin prizmasından baxanda həyatın necə dəyərli və gözəl olduğunu dərk etməsidir. Nəğmə “diləkləri qanadlandırır”, insana çətinlikləri aşmaq gücü verir (“aşılmayan dağlardan aşaq”). Şair bu bənddə nəğmənin yoxluğunun fəlakətli nəticələrini də vurğulayır:
“Mən yaxşı bilirəm, sən susan kimi, Dünya gözlərimdə ucuzlaşacaq”. Nəğmənin susması ilə həyat öz rəngini, mənasını itirir, “soyuq rəftarıyla, daş sifətiylə – Əvvəlki amansız təbiətiylə” qarşılaşılır. Bu, sənətsiz, ruhsuz bir dünyanın qəddarlığını və sıradanlığını ifadə edir. Nəğmə insanı amansız reallıqlardan uzaqlaşdıran, ona dözüm və gözəllik verən bir pərdə, bir sığınacaqdır.
Mənəvi ucalıqdan yerə qayıdışın çətinliyi Son bənddə nəğmənin yaratdığı mənəvi sərxoşluq və yüksəliş hissi daha da dərinləşir. Şair özünü “Göyün üst qatında uçuram ancaq” deyə təsvir edir, bu da nəğmənin insana verdiyi sonsuz azadlıq və ekstaz halını göstərir. Ancaq bu vəziyyət müvəqqətidir. Nəğmənin susması ilə gerçəkliyə, yerə qayıtmaq çətinləşir:
“Susma, çətin olur bu ucalıqdan Əl üzüb yenidən yerə qayıtmaq”. Bu misralar sənətin yaratdığı ideal dünyadan ayrılıb reallığın sərt üzü ilə qarşılaşmağın verdiyi ağrını və kədəri ifadə edir.
Şeirin bədii xüsusiyyətləri Bəxtiyar Vahabzadənin “Nəğmənin sehri” şeiri, adından da göründüyü kimi, musiqinin (nəğmənin) insan ruhu üzərindəki dərin təsirini, onun sehrli gücünü dilə gətirən lirik bir əsərdir. Şeir bir çox bədii xüsusiyyətlərlə zəngindir:
Emosionallıq və liriklik; Şeir boyu dominant olan əsas xüsusiyyətlərdən biri emosionallıq və liriklikdir. Şair nəğməyə olan minnətdarlığını, onun gətirdiyi yüksək hissləri (“Məni bu anlarda alıb özümdən, Özümə qaytardın…”) səmimi və təsirli bir dillə ifadə edir. Oxucu şairin daxili dünyasına səyahət edir, onunla birlikdə nəğmənin sehrinə qapılır.
Müqayisə və təzadlar; Şeirdə müqayisələr və təzadlar incəliklə işlənmişdir. Nəğmənin olduğu hal (“dünyamız cənnətmiş”) ilə nəğmənin susduğu hal (“Dünya gözlərimdə ucuzlaşacaq. Soyuq rəftarıyla, daş sifətiylə”) arasında kəskin bir təzad yaradılır. Bu, nəğmənin əhəmiyyətini və yoxluğunun gətirdiyi mənfi təsirləri daha qabarıq şəkildə vurğulayır. “Yerdən ucaldım” və “yerə qayıtmaq” ifadələri də bu təzadın bariz nümunəsidir.
Metaforalar və bədii təşbehlər; Şeirdə bir sıra metaforalar və bədii təşbehlər mövcuddur ki, bunlar da şeirə dərinlik və obrazlılıq qatır: “İşiğını çilə qəlbimə”: Nəğmənin ruhu aydınlatması, ona ümid və sevinc bəxş etməsi işıq metaforası ilə ifadə olunur. “Qanadlandır diləklərimi”: Nəğmənin arzulara güc verməsi, onları reallaşdıra biləcək hala gətirməsi qanadlanma ilə təşbeh olunur. “Aşılmayan dağlardan aşağı”: Nəğmənin insan ruhuna çətinlikləri aşma gücü verməsi. “İtirib çəkimi yerdən ucalım”: Nəğmənin insanı dünyəvi qayğılardan ayıraraq mənəvi yüksəlişə aparması. “Göyün üst qatında uçuram”: Mənəvi yüksəlişin ən pik nöqtəsini bildirən metaforadır.
Təkrar (anafora); Şeirdə təkrar (anafora) bədii qüvvəti artıran mühüm elementlərdəndir. “Oxu…” və “Susma…” kəlmələrinin təkrarı, şairin nəğməyə olan xitabının təsirini gücləndirir, onun arzusunu və istəyini vurğulayır. Bu təkrarlar eyni zamanda ritm və ahəngdarlıq yaradır.
Hisslərin dinamikası; Şeir hisslərin dinamik inkişafını əks etdirir. Əvvəldə nəğməyə minnətdarlıq və qəlbin aydınlanması hissi hakimdirsə, sonrakı bəndlərdə bu yüksək halın itirilməsinin qorxusu (“Mən yaxşı bilirəm, sən susan kimi, Dünya gözlərimdə ucuzlaşacaq”) və yenidən yerə qayıtmağın çətinliyi (“Çətin olur bu ucalıqdan Əl üzüb yenidən yerə qayıtmaq”) ifadə olunur.
Bədii sual; Şeirdə bir-başa bədii sual olmasa da, “Bilmirdim, dünyamız cənnətmiş, demə” cümləsi kinayəli bir sual-cavab şəklində qəbul edilə bilər. Şair sanki nəğmə sayəsində bu həqiqəti dərk etdiyini ifadə edir.
Xitabət; Şeir boyu şairin nəğməyə bir-başa xitab etməsi (“Ey nəğmə…”, “Susma…”, “Oxu…”) ona canlılıq və dialoq xarakteri verir. Bu, nəğmənin sanki canlı bir varlıq kimi qəbul edilməsinin göstəricisidir. Bütövlükdə, “Nəğmənin sehri” şeiri Bəxtiyar Vahabzadənin bədii ustalığını, dilinin axıcılığını və insan ruhunun dərinliklərinə nüfuz etmə qabiliyyətini nümayiş etdirən parlaq bir nümunədir. Şeir həm formal, həm də məzmun baxımından zənginliyi ilə oxucuya estetik zövq bəxş edir.
Nəticə: “Nəğmənin sehri” şeiri Bəxtiyar Vahabzadənin bədii sənətə, xüsusilə musiqiyə verdiyi dəyərin bariz nümunəsidir. Şeir musiqinin insan ruhuna təsirini, onu gündəlik problemlərdən azad edib mənəvi ucalıqlara qaldırmaq, həyata yeni mənalar qazandırmaq qüdrətini yüksək poetik dillə ifadə edir. Eyni zamanda, o, sənətsiz və ruhsuz bir həyatın cansızlığını və amansızlığını da vurğulayır. Şeir oxucunu sənətin, musiqinin həyatımızdakı əhəmiyyəti barədə düşünməyə vadar edir. Bu şeir, Vahabzadə poeziyasına xas olan psixoloji dərinliyi, emosionallığı və fəlsəfi düşüncəni özündə birləşdirir.
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair