
TƏFƏKKÜR DƏYİŞİLMƏLİDİR
(İxtisarla)
Yaşadığım illər ərzində nələr görmədim, nələr eşitmədim. Son illərdə isə cılız düşüncəli insanların həyata keçirtdikləri neqativ işlər dərk edən insanı düşünməyə vadar edir. Kiməsə güvənənlər düşünürlər ki, həyat onlar üçün həmişə belə davam edəcək. Xeyr, haçansa elədiyi, gizli yollarla həyata keçirdiyi işlərə görə cavab verməli olacaqlar. Həyatda neçə-neçə insan tanıyıram ki, vəzifədə işləyətkən, yaxud vəzifədən çıxdıqdan bir neçə il sonra qanun qarşısında cavab verməli olublar. Son illərdə bir neçə icra başçısının həbs olunması buna sübutdur. Kim inanardı ki, Ramiz Mehdiyev haçansa məsuliyyətə cəlb edilər? Əlbəttə, heç kim. Amma nələr baş verdi? Hətta Ramiz Mehdiyevin müdafiə etdiyi insanlar da dindirildi.
…Hər bir nazir, rayon icra başçısı, məsul vəzifədə çalışan kadr öz işi, rəhbərlik qabiliyyəti ilə seşilir. İstər savadlı, istərsə də savadsız insanlar öz aralarında vəzifədə çalışan şəxslərin işini təhlil edir və kimin yaxşı və pis olduğunu, hansı prinsiplərlə işləməsini yaxşı anlayırlar. Ağıllı insan ona deyərəm ki, vəzifədə işləyən zaman öz işinə məsuliyyətlə yanaşsın, işində bürokratçılığa, ədalətsizliyə, saxtakarlığa, yerlibazlığa, ayrı-ceçkiliyə yol verməsin. Müxtəlif peşə sahibləri ilə fikir mübadiləsi aparan zaman məlum olur ki, onların əksəriyyəti işlədikləri müəssisələrin rəhbərlərindən narazıdırlar. Sosial şəbəkələri izləyərkən giley-güzar edən şəxslərə qulaq asanda, dərk edən vicdanlı şəxsin ürəyi ağrıyır. Məlum olur ki, kiçik çinli məmurların bəziləri yaltaqları, ona təzim edənləri, onun dediklərini, sifarişlərini canla-başla yerinə yetirənləri müdafiə edir. Məmurların ürəyincə olan belə işçilər iş prosesində nöqsana, qanunsuzluğa yol versələr də, müəssisə rəhbəri tərəfindən müdafiə olunurlar. Vay o gündən ki, yaltaqlıqdan uzaq olasan, işinə məsuliyyətlə yanaşasan, müəssisə müdirinin etdiyi nöqsanı üzünə deyəsən, bax, belələri müdir tərəfindən gözümçıxdıya salınır və əgər onun işində kiçik bir nöqsan olduqda, müdir, onun alçaldılması, hörmətdən salınması üçün öz cılız prinsipini həyata keçirməyə çalışır. Bəzən də haqlını haqsız, haqsızı isə haqlı çıxaranlar da olur.
Bəs, bəzi müəssisə rəhbərləri niyə hədlərini aşırlar? Niyə qorxmadan, çəkinmədən öz çirkin, heç bir mənəviyyata sığmayan mundar prinsiplərini həyata keçirirlər? Niyə özlərindən ağıllı, səviyyəli, savadlı insanları ləkələmək üçün yollar axtarırlar və ləkələməyi də bacarırlar? NİYƏ? Günahkar kimdir?
Bildiyimiz kimi, yerlərdə kadrlar çox şeyi həll edirlər. Bu səbəbdən də məsul vəzifələrə kadrların seçilməsi çox önəmlidir. Kadrlar vəzifəyə təyin olunduqda onların ancaq ali təhsilli olmaları nəzərə alınmamalıdır. Məsul vəzifədə çalışan kadr ali təhsilli olması ilə bərabər, həm mədəni, həm tərbiyəli, həm öz işini, vəzifəsini yaxşı bilən, həm də insanlar arasında gözütox olan bir şəxs olmalıdır. Bəzən isə kadrlar vəzifəyə təyin edilərkən bu amillər nəzərə alınmır. Nəticə isə işin ziyanına olur. Hətta bəzən elə hallara rast gəlinir ki, təcrübəsi olmayan bir şəxs rəhbər vəzifəyə təyin edilir. Şair Qabil demişkən:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz…
Məsul vəzifədə çalışan şəxs öz yerində olmadıqda, o sahədə saxtakarlıq da, rüşvətxorluq da, ədalətsizlik də yaranır. Kadr vəzifəyə təyin olunduqda tayfabazlıq, dostbazlıq, yerlibazlıq, nə bilim nə bazlıq və digər neqativ amillər nəzərə alınmamalıdır.
Saf ürəkli insanlara böyük hörmətim var. Ədsuslar olsun ki, belələri azdır. Bu yazını yazarkən Xaqani Şirvaninin neçə illər bundan əvvəl yazdığı nəsihət yadıma düşdü:
İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin,paxıllıq, tamah,
HİYLƏ, yalan, həsəd, ƏDAVƏT, kələk…
Bəzi insanlarda təfəkkür dəyişilməlidir. Kimisə şantaj etmək, yalan danışmaq, hiylə, ədavət, saxtakarlıq bəzi insanların beynindən “silinməlidir”. Böyük çinli məmurun tabeçiliyində olan kiçik çinli məmuru müdafiə etmək yolverilməz olmalıdır…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist







