Aqil İman – Hacıyev İman Həsən oğlu (1958)

Aqil İman

Hacıyev İman Həsən oğlu (Aqil İman) 1 dekabr 1958-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olmuşdur. VIII sinifə kimi doğma Daşkənd kənd orta məktəbində oxumuşdur. 1974–1976-cı illərdə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsilini davam etdirmişdir.
1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun santexnika fakültəsinə qəbul olmuş, 1981-ci ildə həmin institutun “İstilik-qaz təhcizatı və ventilyasiya” ixtisasını bitirmişdir.
1981 ci ildə təyinatla Yevlax Zona Qaz İstehsalat Birliyinə mühəndis göndərilmişdir.
1981–1983-cü illərdə Tambov şəhərində həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən Yevlax Zona Qaz İstehsalat Birliyində mühəndis, 1987-ci ildən 1993-cü ilə kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Dəmir-Beton Məmulatları Zavodunda əvvəlcə Əmək haqqı və kadrlar şöbəsinin rəisi, sonralar isə Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifələrində işləmişdir.
İman Hacıyev 1988-ci ildə başlayan azadlıq hərəkatının Bərdə rayonunda öncüllərindən olmuşdur. O, 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində leytenant kimi könüllü iştirak etmiş, döyüş zamanı (1 May 1993 cü il Ağdərə rayonu Talış kəndində) yaralanmışdır.
1995-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Bərdə rayon şöbəsinin sədr müavini işləmişdir.
29 avqust 1996-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ürək dayanmasından 38 yaşında vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur.
Aqil İman zəngin yaddaşa, rəvan təbə, səlis nitqə, şirin natiqliyə malik şair kimi onu sevənlər tərəfindən daim ehtiramla xatırlanır. El məclislərində masabəyi kimi ağır məclislər yola salmış nakam ömürlü Aqil İmanın onlarla şeiri poeziya xiridarlarının yaddaşında yaşayır, aşıqların, xanəndələrin, qiraətçilərin reperturanın bəzəyinə çevrilmişdir.
Orta məktəb illərindən yaradıcılığa başlayan Aqil İmanın şeirləri “Bolluq uğrunda”, “İnşaatçı”, “Qızıl bayraq”, “Kommunizm yolu” qəzetlərində işıq üzü görmüşdür.
“Bu dünya görüş yeridi” (Bakı, “OL”, 2015) adlı şeirlər kitabı nəşr olunmuşdur.

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəzənfər Məsimoğlu – PAYIZ KEÇİR EVİMİZİN YANINDAN

PAYIZ KEÇİR EVİMİZİN YANINDAN

Bir zamanlar hər havası yaz idi,
Çiçək ətri qoxuyurdu canından.
Yavaş-yavaş rəngi- ruhu qaralır,
Buludlanır gecəsindən, danından,
Payız keçir evimizin yanından.

Ürəyində arzulara dəyməsin,
Əl uzadıb qapısını döyməsin,
Bu şahanə qamətini əyməsin,
Qoy düşməsin şöhrətindən, şanından,
Payız keçir evimizin yanından.

Demirəm ki, şaxta vurub, qışlayıb,
Yanağını həsrətindən yaşlayıb.
Soyuq-soyuq küləkləri başlayıb,
Yarpaq tökər hər əsimin anından,
Payız keçir evimizin yanından.

Üşüməsin nə divarı, nə daşı,
Məhəbbətdən mayalanıb yaddaşı.
Özümüzük özü, eyni, adaşı,
Pay ayırıb iliyindən, qanından,
Payız keçir evimizin yanından.

Sevmək üçün bizə baxar qonşular,
Canlarını oda yaxar qonşular.
Gülməsinlər evi bahar qonşular,
Azalmasın sevənlərin sanından,
Payız keçir evimizin yanından.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

Qəzənfər Məsimoğlu – DAYAN, SƏNİ ÜRƏYİMDƏ APARIM

DAYAN, SƏNİ ÜRƏYİMDƏ APARIM

Piyadasan, ayaqların ağrıyar,
Dayan, səni ürəyimdə aparım.
Səninləyəm, ay bağrımın bağrı yar,
Dayan, səni ürəyimdə aparım.

Dərdi, qəmi şələləyib çiyninə,
Qayğılardan don geyibsən əyninə.
Bu yerişin, bu gedişin eyni nə?
Dayan, səni ürəyimdə aparım.

At yükünü, incə qəlbin incələr,
İncəliyə incəlikdi incələr.
Könül dostu ürəklərdə dincələr,
Dayan, səni ürəyimdə aparım.

Qəzənfərəm, haqq səsinə gedirəm,
Olanların Təkcəsinə gedirəm.
Mən sevgimin Məkkəsinə gedirəm,
Dayan, səni ürəyimdə aparım.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

I>>>>>>ƏN ÇOX OXUNAN HEKAYƏ<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

SÖZ KƏHKƏŞANINDA POEZİYA BÜRCÜ

1 dekabr – Xalq şairi Məmməd Arazın anım günüdür. Könlü Vətən torpağını vəsf edərək Azərbaycan dünyasından dünyaya baxan əbədiyaşar-müqtədir Şairimizin ruhuna salam olsun! Ustadın işıqlı xatirəsini sağlığında yazdığım “Təzələnir söz qatı” ithaf şeirim və vəfatından təsirlənərək qələmə aldlığım “Söz kəhkəşanında poeziya bürcü” düşüncələrimin aynasında ehtiramla yad edirəm.Yolum demək olar ki, hər gün “Zabitlər bağı”ndan keçir. Redaksiyamız bu bağın həndəvərində olduğundan əsas gediş-gəlişim də bura təsadüf edir. Bağda gövdəsi yarı yanmış, oyuğu kömürləşən bir tut ağacı var, yanından etinasız ötə bilmirəm. “Əmi” deyə müraciət etdiyimiz bənzərsiz şair Məmməd Arazla bağlı bir xatirə tilsimləyir burdan keçəndə məni.

…Məmməd Arazın solğun, lakin nurani çöhrəsində xəfif bir təbəssüm var idi. Baharın nisan ayının həlimliyi deyəsən, bir az da həlimləşdirmiş, kövrəltmiş, duyğulandırmışdı şairi. Əlindəki əsaya dirsəklənib oyuğu kömürləşən ağaca heyran-heyran tamaş edirdi. (Görən, Məmməd əmi nələr düşünürdü, ilahi?!) Şairin necə deyərlər, “canlı əsası” – daim qayğısını çəkən, “Dədə” deyə müraciət edən Mais dostumuz isə nədənsə şairdən aralı dayanıb fikrə getmişdi. Bəlkə də, şairi düşüncələrindən ayırmaq, “tənhalığına” mane olmaq istəmidi… Məmməd Arazın nəzər – diqqəti tut ağacının “qaysaqlanmış yarasında” idi. Kənardan xeyli seyr etdim şairin bu halətini. Handan-hana yaxınlaşıb ziyarət etdim… Baxışlarında bir nisgil var idi şairin… Baharın cilvəli çağında yaşıllığa bürünmüş bu guşədə görən, niyə məhz bu “yaralı” tut ağacının seyrinə dalmışdı?..

Bəlkə, öz taleyinin oxşarlığını təbiətdə sonuncu dəfə seyr etdiyindən, ömrünün sonuncu ilinə düşən bu baharla vidalaşması idi?.. Bəlkə, onun üçün bu baharın sonuncu olması dammışdı ürəyinə…

…Məmməd Araz ömrünün 72-ci ilində (1 dekabr 2004-cü il) dünyasını dəyişdi. Məmməd Araz dünyası isə əbədidir, dəyişməzdir. Nə qədər ki, ruhumuzun təsəllisi, mənəvi dünyamızın aynası olan poeziya duyğulara sığal çəkirsə, Məmməd Araz ədəbi irsi də zamandan asılı olmayaraq ürəkləri riqqətə gətirəcək, hər nəsil öz ruhunda yaşadacaq və yaşayacaq Məmməd Araz dünyasını. 

Şərqin böyük mütəfəkkirlərindən olan Cəlaləddin Rumi demişkən: “Ölümümüzdən sonra məzarımızı yerdə arama,ariflərin könlündədir könlümüz”.

Məmməd Araz haqq nuruna boyanan haqq şairi idi… Şair “Vəsiyyət” şeirində yazır:

Qara cilddə çap eləyin kitabımı,
Məndən sonra
Tünd qara.
Fəqət soy – adımı
Süd rəngiylə həkk edin ora.
Daha nə deyim, 
Qoy mən 
Qara torpaq üstündə
Üfüqə doğru gedən 
Ağ yola bənzəyim.

Qara torpaq üstündə üfüqə doğru gedən ağ yola dönmüş Məmməd Araz poeziyasının məziyyətləri haqqında hələ çox fikirlər söylənəcək və yazılacaq. Mən sadəcə olaraq dəryadan damla timsalında bir məqamı qeyd etmək istəyirəm. Məmməd Araz poeziyasında mövzu zənginliyi vahid struktur bütövlüyünə köklənir. Bu bütövlük şairin “ mizan-tərəzisinin“ haqq pərsəngində olması ilə şərtlənir. Oxucunu psixoloji ətalətdən silkindirir, öz poetk kredosunu – məslək kredosunu aşılayır. Məmməd Araz poeziyası Ulu Sözün poetik məqamında bizi duyğuların zirvəsinə ucaldan bənzərsiz bir dünyadır. Bu dünyanı yaradan şair özü isə dünyaya Azərbaycan dünyasından baxır:

Azərbaycan – qayalarda bitən bir çiçək, 
Azərbayan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək, 
Azərbaycan dünyasından baxır dünyaya.

Baxır söz-zöz, misra-misra Azərbaycan xalqının müqtədir oğlu, Xalq şairi. ( təkcə fərmanla verilən təltiflə, fəxri adla deyil, sözün müstəqim mənasında da xalq şairi). Bədi fikir daşıyıcılarından olan İ.Y. Frankonun “ Böyük şairlər xalqın vicdanıdır” deyimi unudulmaz ədəbi sima olan Məmməd Araz şəxsiyyətinin və şeiriyyətinin boyuna biçiilb. Şeiriyyəti duyğularıma məhrəm və məlhəm olan Məmməd Arazın dünyaya “özü kimi” sığal çəkən söz qatına yenməyə çalışıram. Çağdaş ədəbiyyatımızın – söz kəhkəşanımızın poeziya bürcü haqqında vaxtilə (1994) yazdığım “Təzələnir söz qatı “ adlı şeirim Ustadı anım məqamı ilə yaddaşımda bir daha misra-misra yarpaqlanır:

Zaman məkan üstündə çapırdır öz atını,
Dolayıb biləyinə dünyanın damarını.
Məmməd Araz kəlməsi təzələr söz qatını,
Dünyaya özü kimi çəkəndə tumarını.

Aqil sözü-haqq sözü, haqqın olar bir üzü,
“Ağızda dil sümüksüz, amma sümük sındırar”.
Görəndə bir biçimdə naşı əyriylə düzü,
Kor gözlərə şairin sözü çıraq yandırar.

Dünya dəyirman daşı, hərləndikcə hikkəli,
Üyütsə neçə kərə, unu olmaz kəpəksiz.
“Bir zərrənin işığı milyonlara şərikli”,
Nə qədər ki, işıq var, olmayacaq şəriksiz.

“Dünya sənin” deyəndə, dünya mənim deyənlər
Yanıldı gümanında duyğusuz, daş ürəklər.
Dünyanı evi bilsə bu dünyaya gələnlər,
Dünyamızı bəzəyər, açar güllər-çiçəklər.

O “iti bazarında atından baha dünya”
“…Taleyin oyununda” neçə kərə kəm oldu.
Arazın axarını kəsdi “xırsız əjdaha”,
Ürəklər qübarlandı, gözün payı nəm oldu.

Misqal-misqal o nəmi ürəyinin istisi
Qurutmağa çalışdı, özü yandı, alışdı.
Araz keçdi özündən, doğdu coşmaq həvəsi,
Qovuşdular – gur Araz nur Araza qarışdı…

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
 

Adilə Nəzərin yeni şeiri


Uzaqdan şanını eşidib gəldim,
Dedim, görüm səndə varmıdır yerim?!
Buyur, – edərsənsə keçib oturram,
Olmazsa bir Allah salamı verim.

Soruşum halını, bilim necəsən,
Yoxsa qarışıbsan puça, heçə sən?
Gərəkdir sevgidən Eşqə keçəsən –
Yoxsa titrədəmməz bir qəlbi şeirim.

Atəşdən düşəsən, oda yanasan,
Alovdan min köynək geyib qanasan,
Bir hissə qapılıb uçan sanasan –
Özünü, a mənim ilhamım, pərim..

Gör ki baxan yoxdur solan bənizə,
Düşünməzlər növbə çatacaq bizə…
Toxmaq oldu əllər başa, həm dizə,
Dərsini alan bir, ya iki,- derim..

Şair ömrü keçər çox iztirabdan –
Bir an da ayrılmaz ruhi-xitabdan…
Amandır, Adilə, əsas kitabdan
Əl üzmə, tək Odur vəfalı yarım.

01.12.2025

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – “BALACA QARA BALIQ” OKEANDA

YETMİŞ BEŞİNCİ YAZI

“BALACA QARA BALIQ” OKEANDA

(Eluca Atalının məşhur kitabı haqqında qeydlər)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu hal-hazırda xaricdə yaşasa da, dogma Yurdu bir an belə unutmayan, azad düşüncəli insanların yaşadığı bütöv Azərbaycan eşqilə yazıb-yaradan Eluca Atalının dünyanın bir çox əsas dillərinə tərcümə olunmuş, düşünürlərin masaüstü kitabına çevrilmiş, haliyədə gündəmdə müzakirə obyekti olan  “İran hizbullah zindanında”   adlı kitabı haqqında olacaq.  Eluca Atalı  Azərbaycan ədəbiyyatında publisistik düşüncəni, milli oyanış və azadlıq ideallarını cəsarətlə ifadə və təbliğ edən yazıçılardan biridir. Onun “İran hizbullah zindanında” romanı təkcə bir insanın, bir qəhrəmanın deyil, bütöv bir millətin ruhunun azadlıq uğrunda çəkdiyi mənəvi iztirabların bədii salnaməsidir. Bu kitabda yazıçı təkcə zindan divarlarını deyil, həm də düşüncələrin, vicdanların, milli kimliyin üzərinə çəkilən görünməz zəncirləri sındırmaq istəyir. Ümumi olaraq daha geniş baxış bucağından baxdıqda müəllifin kitabda qaldırdığı problem (problemlər)  yeni deyil. Bütün problemlərin mərkəzində (nüvəsində) “İNSAN” dayanır ki, səhifələr şəklində  endirilmiş (olan)  ən qədim səmavi (dini) kitablardan, Azərbaycanın əsasən nəzimlə yazıb-yaratmış Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərdən tutmuş, nisbətən yaxın keçmişdə  Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Əhməd bəy Ağaoğlunun  yaradıcılığında iszləri görünən, Yusif Vəzir Çəmənzəminlinin  “ İki od arasında”, Məmməd Səid Ordubadinin  “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitablarda qaldırdığı, oxucularla müzakirə etdiyi problemin həmən-həmən eynisidir. Bəs Eluca Atalı ona məlum olan fikirləri təkrarlayırmı? Bax, bu maraqlı sualdır.

Eluca Atalı “İran hizbullah zindanında” əsərində konkret bir həbsxananın sərhədlərindən çox uzağa gedir. Burada zindan həm siyasi, həm də mənəvi anlam daşıyır. O, bir ölkənin nümunəsində ümumilikdə mövcud rejimlərin öz vətəndaşlarına, milli haqlarını tələb edən insanlara qarşı apardığı təzyiq siyasətini realist boyalarla təsvir edir. Zindana gedən yolların (əməllərin, hərəkətlərin) təsvirindən tutmuş, zindanda saxlanılan qəhrəmanların taleyində bütöv bir toplumun faciəsi əks olunur. Bu, sadəcə bədən azadlığının deyil, düşüncə azadlığının da zəncirlənməsi, ümumilikdə insanlıq üçün məhdudiyyətlər deməkdir.

QISA ARAYIŞ

Konkret olaraq əsərin təhlilinə keçməzdən əvvəl kitab haqqında qısa arayış vermək istəyirəm.
“İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan (haqqında danışdığımız  bu  kitabda yerləşmiş dörd bölümdən – hissədən) ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan ölkədə 1979-cu ildə baş verən hadisələrin (inqilabın) təbii proseslərin nəticəsində doğan zəruri yekun, yoxsa süni şəkildə katalizatorların böyük təsiri altında təsadüfi partlayış olması suallarını cavablandırır. “İnqilab” və “insan” anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini sübut etməyə çalışır  və demək olar ki, müəyyən mənada buna nail olmağı bacarır. 1978–1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş versə də, yuxarıda qeyd etdiyim kimi Eluca Atalının bu romanı zaman və məkanın fövqündə (ötəsində) olan bir əsərdir. Müəllif real mövcud rejimin nümunəsində idarə edənlərin və idarə olunanların (köhnə təbircə yuxarıdakıların və aşağıdakıların) hərəsinin öz həqiqəti olduğunu bariz misallarla tam çılpaqlığı ilə açıq – aydın göstərməyə müvəffəq olmuşdur. Əsərdə sadəcə düşüncəsinə görə və ya sadəcə idarə edənlərin belə olmasını istədiyi üçün zindana (zindanlara) atılmış yüzlərlə (minlərlə) insanın taleyi ilə tanış oluruq.

Əsərin ən önəmli xətti milli özünüdərk, dil və kimlik uğrunda mübarizədir. Yazıçı açıq şəkildə göstərir ki, insan üçün ən ağır zindan milli kimliyindən məhrum edilməkdir. Əsərin qəhrəmanları üçün zindan sadəcə dəmir qapılar deyil – qadağan olunan dil, təhqir edilən tarix, susdurulan vicdandır. Eluca Atalı bu mənada öz qəhrəmanlarını ideoloji savaşçılar səviyyəsinə qaldırır; onların mübarizəsi fiziki deyil, mənəvi bir savaşdır.

Yuxarıda adını qeyd  etdiyim Yusif Vəzir Çəmənzəminlinin  “ İki od arasında”, Məmməd Səid Ordubadinin  “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitabları ilə artıq tanış olan oxucular  müəyyən mənada  müəllifin “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adları altında  prinsipial şəkildə  dörd  hissəyə bölərək, ümumi məğzi (mətləbi)  loxma-loxma (hissə-hissə) oxucusuna həzm elətdirməyə çalışdığı “İran hizbullah zindanında” romanını daha asan mənimsəyəcək, öz düşüncə süzgəclərindən keçirəcəklər.

Kitab boyunca rejimin sərt ideoloji nəzarəti və idarə etmə təfəkkürünün qorxu üzərində qurulmuş mexanizmi təsvir olunur. Eluca Atalı bu rejimi tənqid etməklə yanaşı, insanın daxilindəki azadlıq duyğusunun heç bir zorakılıqla öldürülə bilməyəcəyini göstərir. Zindan qorxunun məkanı kimi təqdim olunsa da, məhz bu divarlar arasında insan ləyaqəti öz həqiqi dəyərini tapır.

Eluca Atalı bu mənada həm publisist, həm də filosof kimi çıxış edir. O, oxucunu sadəcə hadisələrin şahidi deyil, düşünən bir tərəfdaşa çevirir.

Eluca Atalının dili kəskin, publisistik ruhu isə sarsıdıcı dərəcədə səmimidir. O, hadisələri təkcə bədii ifadələrlə deyil, publisistik emosional tonla təqdim edir. Hər bir cümlə həm bir fakt, həm də bir fəryaddır. Müəllif hadisələri sadəcə təsvir etmir, onlara münasibət bildirir, mövqe tutur. Bu da əsəri adi sənədli hekayətdən publisistik manifest səviyyəsinə qaldırır (Bu hal maraqlı və diqqətəlayiqdir).

Əsərin sonunda fiziki zindan hələ qalır (atanın şirinlik paylamağa məcbur edilməsi səhnəsi “İNSAN” kəlməsi haqqında müfəssəl məlumat ötürən müdhiş səhnədir), lakin mənəvi azadlıq artıq qazanılmış olur. Eluca Atalı göstərir ki, rejim bədəni qıfıllaya bilər, amma ruhu əsir saxlamaq mümkün deyil. Bu, təkcə hadisələrin cərəyan etdiyi ölkədə yaşayan xalqların deyil, bütün dünya xalqlarının azadlıq idealına ünvanlanan bir çağırışdır. Bu mənada problem ümumi olaraq qalır; idarə edənlər və idarə olunanlar. Hər iki zümrənin öz həqiqətləri var. Və bizim nə düşünməyimizdən asılı olmayaraq, hər iki cəbhə öz düşüncələrində özgür (azad) və haqlıdırlar.

Eluca Atalının “İran hizbullah zindanında” romanı milli düşüncənin, azadlıq idealının və insan ləyaqətinin zindanda belə sarsılmazlığını göstərən dərin mənalı bir əsərdir. Yazıçı bu romanında həm fərdi, həm də ictimai səviyyədə ideoloji toqquşmaların, siyasi təzyiqlərin və mənəvi dirənişin ağrılı mənzərəsini yaradır. Və yuxarıda qeyd etdiyimiz dörd bölümün hərəsi bu mənzərənin daha aydın görünməsi üçün öz üzərinə düşən vəzifəninin öhdəsindən uğurla gəlmişdir.

“İnqilabın travması” bölümü

Xüsusilə “İnqilabın travması” bölümü (kitabı) bu əsərin bədii-fəlsəfi məğzini açan, İran inqilabının mahiyyətini və onun insan talelərinə vurduğu zərbəni sənədli-publisistik aydın anlaşılan sadə bir dillə ifadə edən hissədir. Yəni, əsərin əsas qəhrəmanları Fatma (Fatimə yox!) ilə atası Allahkərim (“Allah kərimdir, quyusu da dərindir” – aydın məsələdir ki,  Eluca Atalı bu adı da məxsusi olaraq seçib) arasanda baş verən söhbətlər, onların başına gələnlər, lap əsərin sonunda Allahkərimin çarəsizliyi və məyusluğu, bütün bunlar bir məhəllənin, bir kəndin, bir şəhərin, bir ölkənin, ümumilikdə dünyanın problemidir.  Bu bölümdə – kitabın mənim əlimdə olan (Bakı, “Qanun”, 2023,  567 s.) variantında 21 – ci səhifədə “Nağıldan reallığa” yarımbaşlıqlı (sərlövhəli) parçada zoomağazada Fatma ilə atası Allahkərim və  eyni zamnda Allahkərim ilə mağazanın yeganə sahibi (müəllif onu məhz belə təqdim edir) Rza Səbri (razılıq və səbrlə hər şey mümkündür, tələsənlər isə Fatma və atası Allahkərim kimi təndirə düşməyə məhkumdurlar…) ağa ilə söhbət, oradakı abu-hava və kuliminasiya: “…Allahkərimin qulağına pıçıldayırmış kimi: – Ağa, xəbərin oldu, keçən həftə  Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. – qəfildən gözü vitrinə sataşan satıcı: – Öhö,öhö… (səh. 22)” Birinci kitabdan (bölümdən – hissədən) təqdim etdiyim bu kiçik parça həm ümumilikdə əsər, həm də bölüm haqqında kifayət qədər məlumat ötürüb, hələ kitabı oxumamış şəxsləri mütaliəyə təşviq etmək gücünə malikdir.

Eluca Atalı bu bölümdə İran inqilabının ideoloji parıltısının arxasında gizlənən zülm mexanizmini açır. Yazıçı göstərir ki, “inqilab” adlanan o siyasi dalğa sadə insanlara azadlıq, ədalət və bərabərlik vəd etsə də, nəticədə yeni bir ideoloji qəfəs yaratdı (elə bir çirkin mühit formalaşdı ki, qonşu-qonşudan qorxmağa başladı, dünənə qədər qardaş olanlar bu gün satqına, xainə çevrildilər – bu elə mexanizmdur ki, insanlar artıq özləri bir-birlərinə nəzarət etməyə başlayıblar). Öz gündəlik həyatını yaşayan sadə insanlar (idarə olunanlar) sadəcə özlərini hər zaman, hər yerdə haqlı bilən idarə edənlərin istədiyi kimi yaşamadığı üçün vətən xaini, xalq düşməni elan olunarq, zindanlara dolduruldu. Bu zindanlarda satqın, xain (əslində isə hakimiyyət düşməni) damğası ilə işgəncələrə məruz qaldı.

Burada müəllif sadəcə hadisəni nəql etmir — o, bir ictimai şüurun deformasiyasınımənəvi dəyərlərin məhvinin psixoloji portretini cızır. “İnqilabın travması” sadəcə bir siyasi hadisənin nəticəsi deyil, həm də insanın ruhunda qırılan inamın, sarsılan etimadın simvoludur.

Bu bölümdə zindan təkcə fiziki məkan deyil, həm də mənəvi sınaq meydanıdır. Burada insanın ideyaya sədaqəti, inamı və mənliyi ölçülür. Eluca Atalı zindanı bir siyasi laboratoriya kimi təqdim edir — burada rejim (idarə edənlər) insanı sınayır (idarə olunanları), əyməyə, sındırmağa, öz ideologiyasına uyğunlaşdırmağa çalışır.

Zindanda aparılan “tərbiyə” prosesi, məhbuslara qarşı psixoloji və fiziki təzyiqlər, idarə edənlərin idarə olunanları öz istədikləri kimi yaşamağa öyrətmək səyləri yazıçının bədii dili ilə dərin fəlsəfi məna qazanır. Bu, təkcə İran zindanının deyil, ümumən bütün totalitar sistemlərin obrazıdır.

Eluca Atalının qəhrəmanı (qəhrəmaları) — milli kimliyini, vicdanını, azadlıq duyğusunu qorumağa çalışan bir insandır (insanlardır). “İnqilabın travması” onun (onların) daxili sarsıntısını, mənəvi parçalanmasını göstərir. İnqilabdan azadlıq gözləyən insan (insanlar), onun zülmünün qurbanına çevrilir (lər).

Burada müəllif oxucuya bir sual ünvanlayır: İnqilab kimin üçün və nəyə görə idi?
Əgər inqilab azadlıq gətirmirsə, əgər xalqın övladlarını zindana salırsa, o zaman bu, inqilab deyil — travmadır, illərlə sağalmayan yaradır.

Eluca Atalının dili bu bölümdə pubisistik tonda olsa da, bədii dərinliyini itirmir. Onun cümlələrində zindan divarlarından çox, sükutun içində qışqıran insan ruhu eşidilir. Yazıçının bu bölümdə oxucuya catddırmaq istədiyi budur ki, həbsxanalar bədəni bağlaya bilər, amma düşüncəni, sözün gücünü boğa bilməz.

Bu bölümdə söz həm silah, həm xilas, həm də müqavimət formasıdır. Müəllifin üslubunda Mirzə Cəlilin satirik təfəkkürü ilə, Cəfər Cabbarlının ideoloji qətiyyəti birləşir.

Eluca Atalı imzası sadəcə yazıçı adı deyil, milli məsuliyyətin ifadəsidir. O, “İnqilabın travması” bölümü ilə göstərir ki, yazıçı təkcə şahid deyil — həm də sorğulayan, mühakimə edən və xalqın ağrısını dilləndirən şəxsiyyətdir.

Bu bölümdəki ideya ümumilikdə bir çağırış kimi səslənir: Zülmə qarşı susmaq inqilabın ruhuna xəyanətdir.

Eluca Atalının “İran hizbullah zindanında” romanının “İnqilabın travması” bölümü sadəcə tarixi faktların bədii ifadəsi deyil, həm də mənəvi oyanışa səsləyən bir əsərdir. Yazıçı inqilabın travmasını göstərməklə oxucunu azadlığın dəyəri, insan ləyaqətinin müqəddəsliyi haqqında düşünməyə vadar edir.

“Üç vəd, üç tələb” – mülahizə

Eluca Atalının “İran hizbullah zindanında” romanı yalnız bir əsirlik hekayəsi deyil, həm də bir millətin, bir inancın və bir insanın mənəvi dirəniş salnaməsidir. Bu əsərin hər bölümü bir vicdan aynası kimi oxucunu düşündürür, silkələyir və sorğuya çəkir. “Üç vəd, üç tələb” bölümü isə romanın ideya fəlsəfəsində mərkəzi yer tutur — burada insanın daxili azadlığının fiziki zəncirlərdən daha güclü olduğu, iman və milli kimliyin heç bir divar arasında boğula bilmədiyi gerçək bədii dillə ifadə olunur. Məsələn, ikinci kitabda (bölümdə – hissədə) 92-ci səhifədə “İtaət təlimi” yarımbaşlıqlı (sərlövhəli) parçada marqalı müzakirə səhnəsi təqdim olunur: “ …  – itaət o demək deyil ki, səni gördükdə səcdəndə baş əysinlər, əgər sən belə düşünsən köklü səhv etmiş olarsan. Kütləni idarə etməyi bacaran liderin səriştəsi ölkənin ən ucqar nöqtəsində belə özünü nişan verməlidir. Sənin adın gələndə salavat çevirib, zikr etsinlər və sənsiz yaşayışın varlığına inanmasınlar…”

Ancaq, necə deyərlər: “Sən saydığını say, gör zaman nə sayır,”  və burada ikinci məşhur bir kəlam yada düşür: “Sonunu düşünən qəhrəman olmaz!” Bizim qəhrəman da ilk gündən heç sonunu düşünmədi. Onun (yuxarıdakıların – idarə edənlərin nə planlaşdırmasından asılı olmayaraq) özü-özünə verdiyi üç vədi, və özündən gözlədiyi üç tələbi var idi.

“Üç vəd, üç tələb” – adında sadə görünən bu rəmzlər, əslində, bir xalqın taleyinin, bir insanın əqidəsinin və bir yazıçının missiyasının simvoludur.
Zindan mühitində insanın ümidini, iradəsini və imanını sınayan bütün amansız qüvvələrə qarşı qəhrəman öz içində müqavilə bağlayır — üç vəd verir: Allaha, Vətənə və vicdanına. O, bu vədlərlə öz mənəvi bütövlüyünü qoruyur, düşmənin fiziki zoruna qarşı mənəvi müqavimət cəbhəsi yaradır.

“Üç tələb” isə zindanın divarları arxasında qaranlığa qarşı bir çağırışdır. Bu tələblər azadlıq istəyinin, ədalət arzusunun, millətinə xidmət əzminin ifadəsidir. Eluca Atalı burada sadəcə qəhrəmanın deyil, bütün əsir xalqların nümayəndələrinin ruhunu danışdırır. O tələblər sanki illərlə susdurulmuş, təhqir edilmiş bir xalqın qəlbindən qopan səsdir:
– Mən azad yaşamaq istəyirəm,
– Mən öz dilimdə danışmaq istəyirəm,
– Mən öz xalqıma xidmət etmək istəyirəm.

Bu sətirlərdə təkcə fərdi azadlıq istəyi deyil, həm də bir millətin öz kimliyinə dönüş çağırışı duyulur.

Eluca Atalı publisist düşüncəsini romanın bədii mətninə elə incə bir ustalıqla hopdurur ki, “Üç vəd, üç tələb” həm bədii, həm fəlsəfi, həm də ideoloji manifestə çevrilir. O, qəhrəmanının dili ilə deyir ki, zindan bədəni sıxar, amma ruhu sındıra bilməz. Yazıçı burada milli oyanışın əsasını qoyan ideyanı səsləndirir: “Zülm qarşısında susmaq günahdır, haqq üçün danışmaq borcdur.”

Bu bölümdəki publisistik enerjinin qaynağı təkcə siyasi düşüncə deyil, həm də mənəvi ağrı, milli yaddaş və ədalət hissidir. Eluca Atalı oxucusunu təkcə hadisəyə şahid etmir, onu düşünməyə, mövqe tutmağa çağırır.

Zindan burada təkcə bir fiziki məkan deyil – o, cəmiyyətin, sistemin, ideoloji təzyiqlərin rəmzidir. “Üç vəd, üç tələb” bölümü göstərir ki, zülm və qorxu mühitində insanın içindəki azadlıq işığı sönmür, əksinə, daha da parlayır. Eluca Atalının qəhrəmanı həmin işığın daşıyıcısına çevrilir – o, zindandan çıxmasa da, ruhən azad olur.

“Üç vəd, üç tələb” bölümü Eluca Atalının yazıçı-vətəndaş mövqeyini, onun publisist qələminin gücünü açıq şəkildə nümayiş etdirir. Burada müəllif bir daha sübut edir ki, azadlıq – kənardan verilən nemət deyil, içəridə doğulan həqiqətdir. Bu həqiqət uğrunda savaşmaq isə hər bir vicdan sahibinin vəzifəsidir.

Eluca Atalı bu bölümdə həm bir ideologiyanın, həm bir nəsil düşüncəsinin, həm də bir millətin təmiz mənəviyyatının simvolik manifestini yaradır. “Üç vəd, üç tələb” – insanın Allahla, Vətənlə və öz vicdanı ilə bağladığı müqəddəs and kimi qalır.

“Qanlı orkestr” – fəryad

Eluca Atalının “İran hizbullah zindanında” əsərinin “Qanlı orkestr” bölümü yazıçının həm sənətkarlıq ustalığını, həm də milli və insani ağrılara qarşı içdən gələn etirazını ifadə edən dərin publisistik çalarlarla doludur. Bu bölümdə müəllif təkcə bir məhbusun və ya bir xalqın ağrısını deyil, bütöv bir insanlığın sarsıntısını – zülmün, zorakılığın, mənəvi işgəncənin səsini eşitdirir. “Qanlı orkestr” – adından da göründüyü kimi, zülm səltənətinin qurduğu bir səsli sükutdur: qanla çalınan, acı ilə səslənən bir “musiqi”.

Eluca Atalı bu bölümdə zindanı bir orkestrə bənzədir. Hər bir məhbusun naləsi, hər bir qamçı zərbəsi, hər bir sükut anı – bu “orkestrin” fərqli notlarıdır. Lakin bu notlar harmoniyadan deyil, işgəncədən və qorxudan yaranır. Yazıçı göstərir ki, diktatura yalnız bədənləri deyil, ruhları da əsir götürmək,  insanın içindəki səsi – düşüncəni, etirazı, azadlıq istəyini boğmaq istəyir.

Bu mənada “Qanlı orkestr” sadəcə bir hadisə deyil, siyasi və mənəvi metaforadır. Atalı burada cəza sisteminin mahiyyətini ifşa edir: məhbusun qırılan sümükləri, səssiz fəryadı – zalım rejimin “bəstələdiyi” qanlı simfoniyadır.

Eluca Atalının qəhrəmanı – idealları uğrunda mübarizə aparan bir insan – bu “orkestrdə” səssiz qalsa da, onun sükutu bir mənəvi üsyan kimi səslənir. Zindanda səslərin boğulduğu yerdə ruh danışmağa başlayır. Yazıçı məhz bu məqamda oxucunu dərin bir fəlsəfi düşüncəyə çəkir: “İnsan səsi susa bilər, amma ruhun çağırışı heç vaxt susmur.”

Bu, Eluca Atalının bədii ideyasının əsas nüvəsidir. “Qanlı orkestr”dəki hər səhnə, hər təsvir insan ruhunun ölməzliyinə, azadlıq eşqinin məğlubedilməzliyinə işarədir. Zülm – nə qədər güclü olsa da – düşüncəni və inancı əsir edə bilmir.  178-ci səhifədən başlayan “Zindan nədir?” yarımbaşlıqlı (sərlövhəli) parçada – 179-cu səhifədə belə bir məqam var: “…canavar rola girməz, yəni mütrüflüyü bacarmaz. “İşgəncə ilə sağalmayanlar”a canavar adı verilməli, onların üzərinə çox əmək verməyə dəyməz, çünki onlar tərbiyə edilməzdilər.”

“Qanlı orkestr” bölümü təkcə zindan gerçəkliyini əks etdirmir; bu, ədəbiyyatın vicdan səsi kimi səslənən bir manifestdir. Eluca Atalı öz qələmi ilə rejimlərin yalançı “harmoniyasını” dağıdır, onların “sükut musiqisini” gerçək səslərlə – insanın ağrısı, üsyanı və inamı ilə əvəzləyir.

Publisistik ruh burada həm siyasi, həm də mənəvi dəyərlərin müdafiəsinə çevrilir. Yazıçı qəhrəmanlarının başına gələn müsibətlərlə göstərir ki,  hər bir zindan, əslində, rejimin öz iç dünyasının qaranlıq aynasıdır. Orada çalınan “qanlı orkestr” – zalımın öz vicdanının səsi, öz günahının əks-sədasıdır.

Eluca Atalının “Qanlı orkestr” bölümü, zülmün estetikasını deyil, həqiqətin faciəsini göstərən bir bədii etirafdır. Bu bölümdə yazıçı oxucunu təkcə düşünməyə deyil, duymağa çağırır – ağrını, səssiz etirazı, içdə yanan azadlıq tonqallarını.

Üçüncü bölümdən danışarkən yazımın tam və bitərəf olması üçün bu məqamı mütləq vurğulamaq istəyirəm. “Qanlı orkestr” bölümü özü də çoxlu yarımbaşlıqlardan (sərlövhələrdən) ibarətdir. Bu sərlövhələr ya hansısa anlayış, ya də növbəti “tərbiyələndirmə” səfərləri (çıxışları) haqqındadır. Ya təsadüfən ya da müəllif bilərəkdən bu səfərlərin sayını 114 müəyyənləşdirib (“Quran” 114 surədən ibarətdir). Məhbusların dindirilməyə aparılıb, geri qaytarılması səhnələrinin təsviri olduqca yeknəsəq təsir bağışlayır (bu əslində həyatın boz üzünün göstəricisidir).

Ümumilikdə isə “Qanlı orkestr” – zindanın divarlarında əks-səda tapan milli və mənəvi dirənişin simfoniyasıdır. Bu orkestrin ifası bəzən hüzünlü ney, bəzən yanıqlı ud, bəzən də odlu -olovlu saz səs-sadasından ibarət olur. Bəzənsə iki ayrı hissədən ibarət olan zərb alətinin (Zil, Sinc, Cymbal) bir-birinə zərblə dəydikdən sonra eşidilən cingiltili səsinin sonsuzluğa qədər eşidilib, intəhasız sükutda əriməsinin şahidi oluruq. Eluca Atalı bu əsərlə göstərir ki, sükut bəzən qışqırıqdan daha ucadır, çünki bu sükut – haqqın, vicdanın və azadlıq istəyinin səsidir.

Həyatı tabutda axtaranlar – zülmün kölgəsində insanın mənəvi dirənişi

Eluca Atalının “İran hizbullah zindanında” romanı çağdaş Azərbaycan publisistikasının ən ağrılı, eyni zamanda ən ibrətli mətnlərindən biridir. Bu əsərdə müəllif zindanın daş divarları arasında əzilən deyil, məhz orada dirilən, mənəvi qələbə qazanan insan obrazlarını yaradır. “Həyatı tabutda axtaranlar” bölümü romanın ən dramatik, lakin ən fəlsəfi hissələrindən biridir. Bu bölümdə müəllif ölüm və həyatın sərhədini, zülm və dirənişin toqquşduğu məqamı publisistik dillə təqdim edir.

Bu bölümdə “tabut” sadəcə ölüm rəmzi deyil, həm də sistemin insan ruhuna biçdiyi məkan, mənəvi qəfəsdir. Zindan, əslində, insanın bədənini dustaq edə bilər, amma ruhun azadlığını əlindən ala bilməz. Eluca Atalı bu ideyanı bədii-publisistik dillə ustalıqla ifadə edir. İnsan, tabutun içində belə, yaşamağın mənasını axtarır: “… – Lap tezliklə! Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! – molla özünəməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı.” Səhifə  446-dan başlayan “Ədalətli bölgü” yarımbaşlıqılı (sərlövhəli) parçadan (səh. 447) təqdim etdiyim bu məqamda müəllifin bütün əsər boyu qaldırıb, daim vurğuladığı bir neçə sualın cavabı var;

-birinci “yuxarıdakılar bacarmırdılar”, “aşağıdakılar istəmirdilər” məsələsi: yəni idarə edənlərin hakimiyyətdə yaratdığı boşluq idarə edilənlərdə bir gözlənti yaratmışdı,

-ikinci deməli, inqilab bütünlüklə xaricdən idxal olunmamışdı, daxildə də tam yetişməsə də buna təlabat var idi. Ən azından əhalinin mühüm hissəsi (təbəqəsi) bir gözlənti içərisində idi,

-üçüncü bütün doğuşlar ağrılı olur və həmişə xoşbəxt sonluqıa yekunlaşmır…

Bu bölümün (kitabın) ümumilikdə romanın da sonu hesab olaunan səh. 556-da lap başdan:

“… Edam olunanları bir qayda olaraq kişi pastarlar yük maşının arxasına tullayırdılar. Başı-ayağı yük yerinin dəmir divarlarına dəyib, tappıltı salan meyitlərin bu işdə günahsızlığı nəzərə alınsa, onların qarasınca deyinmək haqsızlıq idi….”

Və ya bir az əvvəldə (səh. 554):

“… Az keçmədi, öndə olan məhbuslardan bir cərgə sıralayıb, təpənin başına çıxartılar. Sonra ikinci bir dəstəni nizama düzdülər, sonra üçüncü …”

Səhifə 542-dən:

“Rəis davam etdi:

-A kişi, elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi?…”

Yuxarıda təqdim etdiyim kiçik parçalardan da görünür ki, “Qanlı orkestr” bölümündən fərqli olaraq, “Həyatı tabutda axtaranlar” bölümündə hadisələr daha sürətlə inkişaf edir. Müəllif əsərin əvvəlində – “İnqilabanı travması” bölümündə başladığı bütün məsələləri böyük ustalıq və zərgər dəqiqliyilə bu bölümdə bir-birinin ardıca sürətlə yekunlaşdırır. Bu bölümdə də bir daha hər kəsin öz həqiqəti olduğunun şahidi oluruq. Məsələn, Fatmanın “Sakta balığı” adlandırdığı molla da Fatmanı kafir – rejimin düşməni kimi görür (səh. 544):

“… Məgər sevinmirsən ki, bu gözəl məmləkətimizdən kafirin biri azaldı?”

Eluca Atalı burada hərəsinin öz həqiqətləri olan iki tərəfi qarşı-qarşıya qoyur. Fatmanın gözlədiyi “Sakta balığı”nı yeyəcək qeyri-müəyyən, məchul akula gəlib çıxmasa da, yırtıcı “Sakta”nın öz məqsədindən vaz keçmədiyini və sonda min bir hiylə ilə axır ki, arzusuna çatdığının şahidi oluruq (səh. 543 sözün bitdiyi yer):

“-Kişi al! – əlindəki mehriyyə haqqını bir az da qabağa, Allahkərimə sarı uzatdı. – Əlimi uzanılı qoyma!….”

Sonra (səh. 543 aşağıda,  kuliminasiya):

“… -Payla, payla! …”

Bu məqamı artıq əvvəldə də bir neçə dəfə vurğulamışam. Sözün əsl mənasında “noğul paylama” mərasimi dəhşətdir (səh. 543):

“…Bunu dədə-baba adəti ilə qız nişanlayanda, toy xonçasına qoyar və gəlin ata evindən çıxarılıb, ər evinə köçürülən zaman həyət qapısından yola salınarkən  başından başından tökərdilər…”

Yazıçı sona yaxınlaşdıqca sanki ürəyindəkilərin hamısını bir-bir hayqıraraq deyir. Ümumilikdə belə nəticə çıxır ki, “halava-halava deməklə ağız şirin olmur”. Hər iki cəbhənin öz həqiqətləri, öz istəkləri olduğu kimi, məqsədlərinə çatmaq üçün öz yolları, fəndləri var. Və sonada Allahkəırimin “suyusüzülmüş” halda, “əli ətəyindən uzun” zindanı tərk etməsi səhnəsinin təsvirində Eluca Atalı bu dörd bölümdən ibarət böyük həcmli bir ktabda demək istədiyinin hamısını yenidən bir neçə cümlə ilə ən  təsirli şəkildə (bundan o tərəfini təsəvvür edə bilmirəm) bir daha oxucusuna çatdırır (547 – 548):

“… Kişi (Allahkərim – Fatmanın atası) əlindəki torbayla durduğu yerdən tərpənib, qapıya üz tutanda rəis yarıistehza, yarıqəzəblə dodaqlarını büzüb:

-Torba qoy qalsın! – dedi.

Zindan rəisinin otağına girəndə, başından çıxarıb və şirni paylayarkən qoltuğunun altına dürtmələdiyi papağını unudub, qızının gözaydınlığı şirnisini qaytarıb. Rəisin masasının üstünə qoyarkən, onun qoltuğunun altından necə sürüşüb düşdüyünün fərqinə varmadı. Allahkərimi arxasınca izləyən pastar isə qabağa, qapıya doğru düz getdiyindən bu an tapdayıb, üstündən keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi. Bir gecədə beli əyilmiş qız atası özündən sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi…”

Eluca Atalının bu əsərdə yaratdığı müsbət və mənfi qəhrəmanlar (qəhrəmanlar və antiqəhrəmanlar) idarə edənlər və idarə olunanlar (yuxarıdakılar və aşağıdakılar) hər ikisi eyni coğrafiyanın insanları, eyni xalqın övladlarıdır. Bəzən vəzifə icabı müxtəlif dillərdə danışsalar da əslində dilləri də eynidir. Fərqli yalnız məqsədləri və əməlləridir. Hər kəs özünü haqlı sayır və öz yolunda hədəfinə çatmaq uğrunda mübarizə aparır. Hələlik güclü tərəf idarəedənlər olduğuna görə hər şey onların istədikləri kimi cərəyan edir. Ancaq bütün əsər boyu bu gedişatın müvəqqəti olduğu aydın duyulur.

Müəllifin qəhrəmanları — ideallarına, milli kimliklərinə, vicdanlarına sadiq insanlar — zülmün içində belə həyat eşqini itirmirlər. Onlar üçün “həyatı tabutda axtarmaq” – məhz insanlığın son sınağı, son imtahandır. Eluca Atalı burada sanki soruşur: “İnsan ölmədiyi halda, onu tabuta salan kimdir? Rejim, qorxu, yoxsa susqunluğumuz?” Bu ritorik suallar oxucunu da zindan divarlarının içinə salır, vicdanla üz-üzə qoyur.

Bu bölümdə müəllif publisistik alovla tarixi bir reallığı bədii ümumiləşdirməyə çevirir. Hər bir cümlədə həm inqilab sonrası İranın dini-siyasi zülmü, həm də bütövlükdə insan azadlığının dəyəri əks olunur. “Həyatı tabutda axtaranlar” — öz Vətənindən, öz inancından, öz kimliyindən qoparılmış insanların fəryadıdır. Amma bu fəryad ümidsizlik deyil, çağırışdır. Zülm qarşısında dirənişin, ruhun ölməzliyinin çağırışıdır.

Nə qədər çətin olsa da, bütün itirdiklərinə rəğmən Allahkərim sözün bütün mənalarında toparlanıb zindandan çıxmağı bacarır.

Eluca Atalının dili burada həm publisistik, həm poetik, həm də fəlsəfidir. O, oxucunu zindandakı qəhrəmanla birgə nəfəs almağa, onun gözləri ilə ölümə baxmağa vadar edir. Lakin bu baxışda qorxu yox, əksinə, dirəniş var. “Tabut” burada məğlubiyyət deyil, oyanış yeridir. “Tabut”lar burada beşiyə çevrilir. Hər tabutda cansız bir bədənlə yanaşı sarsımaz  DİPDİRİ RUH  var. Çünki həyatın mənası yalnız rahatlıqda deyil, mübarizədədir. Həm də məntiqi olaraq, hər sonluq özlüyündə bir başlanğıcdır.

Son nəticədə “Həyatı tabutda axtaranlar” bölümü – xüsusilə də yuxarıda təqdimetdiyim hissələr  Eluca Atalının bu əsərdə demək istədiklərinin çoxunu bütün çılpaqlığı ilə açıq- aydın oxuculara çatdırır, əsərin ümumilikdə mahiyyətini ifadə edir — həyatın özünə çevrilmiş mübarizə, insanın özlüyünü – ruhunu  qorumaq uğrunda savaşı (mübarizəsi). Bu bölümü oxuyan hər bir insan anlayır ki, azadlıq təkcə divarların arxasında deyil, insanın öz içində başlayır.

Xüsusi qeydlər

Eluca Atalının  (Hüseynova Mədinə İxtiyar qızı – 1966)  bu əsəri cəsarətli addım kimi qiymətləndirilməlidir. Kitabın cildi (mən əlimdə olan nümunəyə əsasən fikir yürüdürəm), tərtibatı, içliyi üçün istifadə olunmuş kağız – ümumilikdə çap işi yüksək səviyyədədir. Kitab əmtəə məhsulu olaraq satış üçün tam yararlı, qiyməti isə münasibdir. Bakı şəhərində və dünyanın bir çox  ölkəsində müasir dövrün texniki imkanlarından istifadə etməklə kitabı əldə etmək olar. Bundan əlavə Azərbaycanda Bakı şəhərində yerləşən Azərbaycan Milli Kitabxanası da daxil olmaqla ölkəmizin bir çox əsas kitabxanalarından götürüb oxumaq imkanı var.

Kitabda qaldırılan problem, araşdırılan mövzu, təqdim olunan real vəziyyət günümüzdə bəzi yüngülləşdirici hallar olsa da  aktual olaraq qalır. Yəni kitabı oxumaqda ən azından tarixi məlumatları bədii-publisistik  dildə əxz etmək baxımından düşünən, yurdsevər hər bir şəxs üçün fayda var.

Kitabın dili bədiilikdən daha çox publisistikaya yaxındır. Kitabın hər bölümündən təqdim etdiyim parçalar təbliğat və kitabın oxunmasına təşviq etmək məqsədilə seçilib. Bu kitabdan əlavə dəyərli oxuculara məsləhət görərdim ki,  Eluca Atalının “Qanun” nəşriyyatında 2022-ci ildə nəşr olunmuş “Kendini getir” kitabını da mütləq əldə edib oxusunlar.

Dəyərli ədəbiyyatçı dostum və çox qiymətli oxucum qeydlərimin nə qədər həqiqəti əks etdirdiyini bilmək üçün mütləq “İran hizbullah zindanında” kitabını  əldə edib oxumaq lazımdır. Kitabı yuxarıda qeyd etdiyim mənbə və ünvanlardan əldə edib, oxumaq mümkündür.

Kitabda ən xoşuma gələn hal Eluca Atalının Səməd Behrənginin “Balaca qara balıq” əsərini təkrar-təkrar yada salması, xatırlatması  və təbliğ etməsidir. Əsərin içində başqa bir əsəri yada salmaq və ya təbliğ etmək dünya ədəbiyyatı nümunələrində də var. Bir müəllif kimi mən də “Qırmızı yarpaqlı ağac” hekayəsində, “Xüsusi təyinatlı” povestində bu üsuldan istifadə etmişəm. Yerində olanda təqdirəlayiq haldır.

Bu əsər bir çağırışdır — ədalət uğrunda mübarizənin heç vaxt bitmədiyini xatırladan, insan ruhunun dirənişinə inamı yenidən alovlandıran çağırış. Quruluşlar dəyişsə də insanın fitrətindəki azadlıq eşqi əbədidir.

“İran hizbullah zindanında” bu mənada həm sənədli gerçəklik, həm də mənəvi müqavimət dastanıdır. Yazıçı oxucusuna sadəcə bir zindanı deyil, bir ideyanı – azad ruhun sarsılmazlığını göstərir (əsərin sonunda bunu lap aydın görürük).

Eluca Atalının “İran hizbullah zindanında” kitabı milli şüurun və vicdanın publisistik qələbəsidir. Bu əsər bir yazıçının cəsarəti, bir xalqın səsi və bir insanın həqiqət uğrunda mübarizəsinin simvoludur. Eluca Atalı bir daha sübut edir ki, azadlıq düşüncədən başlayır, vətən sevgisi isə zindanda belə ölmür.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəıkkür edirəm. Hələlik.

Müəllif: ZAUR USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ELUCA ATALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – ŞEİR ŞƏKİLLƏR – PDF

ZAUR USTAC – ŞEİR ŞƏKİLLƏR – PDF: 

ZAUR USTAC – ŞEİR ŞƏKİLLƏR – PDF


SƏDULLA ŞİRİNOVUN KİTABLARI
:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – MÜZƏFFƏR ÖLKƏM

MÜZƏFFƏR ÖLKƏM

Ax, necə sevməyim mən səni payız,
Sənin bərəkətin boyunu aşdı.
Duyduqca təbrikli busəni, payız,
Sevincim, şadlığım selləndi, daşdı.

Gəldin gəlişinlə Cəbrayıl gəldi,
Qovuşdu yurduna cəbrayıllılar.
Bu gəliş ilk idi, bu bir əzəldi,
İndi xoşbəxt idi yurd xəyallılar.

Növbədə Füzuli, Zəngilan vardı,
Üfüqdən Qubadlı əl eyləyirdi.
Tanrı əsgərimə, orduma yardı,
Qəsəbə, kəndlərə yol eyləyirdi.

Yol edib sıldırım yalçın qayalar,
Şuşanı fəth etdi ər igidlərim.
Yağıdan qalmışdı ətdən tayalar,
Şəhadət tapsa da nər igidlərim!

Müzəffər Ordumun şücaətindən,
Yarpaq tək əsirdi düşmən əsgəri.
Qorxaqdı, kölədi bəsirətindən ,
Əlində ağ bayraq açdı səhəri!

Döyüşsüz qayıtdı Kəlbəcər, Ağdam,
Düşmən peşimandı, xəcildi indi.
Vüsala yetirdi Laçını Xudam,
Qürurum oyandı, onurum dindi!

Şəhid oğulların şəhadətiylə,
Vüqarı qaytardıq içimizdə qəm.
Yenilməz əsgərin rəşadətiylə,
Bütövlük qazandı müzıffər ölkəm!

01 12. 20

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I