Dünyanın ocağının külü üşüyür indi…

MÜASİR DÜNYANIN ŞEİRİ

Son illər yaddaşımız “bulud”lara yüklənir,
Söz yalan, fikir vitrin oyununa dönübdür.
Dastanlar bir əmrinə müntəzirdir “format”ın,
Laylalar, bayatılar “arxiv”lərdə sönübdür.

Dünyanın ocağının külü üşüyür indi,
Adamları dua yox, “reklam” əzbərləyirlər.
Bilinmir ki, kökünə – özünə bu nə kindir?
Tarixi kürəyindən vurub xəncərləyirlər.

Vaxt vardı sularımız qaynayaraq durular,
Çörəyimiz Allahın adıyla bölünərdi.
İndi bütün süfrələr “selfi” üçün qurular,
Bilinməz “TikTok”dakı, zənəndi, yoxsa ərdi…

Heç kimsə göyə baxmır, “ekran”lara tapınır,
Ulduzlar ikonaya çevrilir ruhumuzda.
Ətrafdakı heç kimsə kölgəsini tanımır,
İlahi bağ sarsılır, üzülür ahımızda…

Aramızda çoxalıb çox simasız simalar,
Qan yaddaşı nə vaxtdır “deaktiv” rejimdədir.
Vicdanı susdurmaqçün müqavilə imzalar,
Bilməz gördüyü işin günahı heç kimdədir.

Zaman qırmızı xətlə pozur adlarımızı,
Səsimizi yazırlar bilinməz toz içində.
Anlamaz nadan, hələ gülər üzə qırmızı,
Sünbül biçən oraqlar torpağında biçində.

Sərgiyə döndərirlər ruhumuzu günbəgün,
Asıb-kəsir vəhşitək hərdən birisi didir.
Unutdurur keçmişi, silib aparır hər gün,
Deyirlər ki, gələcək dünənimin ləğvidir.

Tanrıya gedən yolda “xəta” çıxır qarşıya,
Çağıraq, özü gəlib düzü seçsin əyridən.
Ancaq O, qəlbimizi doğru yola daşıyar,
Qoruyar bu dünyanı belə kor tərəqqidən.

11.12.2025

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir