
YAZDIQLARIMDAN SƏTİRLƏR…
MƏNİ YAŞADAN İŞIQ
İnsanlarda görmək istədiyim ümdə cəhət mənəvi gözəllik, zənginlikdir. Həyat adama nə qədər çətin, maraqsız görünsə, onu problemlərlə yükləsə, dəyərlər sozalıb itsə, pul, var-dövlət ölümdən savayı hər şeyi həll etməyə qadir olsa belə, hələ də mənəvi gözəlliyə aşiqəm. Və bu sevgimdə ölənəcən varam. Məndən ötrü digər xüsusiyyətlər bundan sonra gəlir…
Ali varlıqda hissi, duyğunu, istəyi, sevgini oyadan da ilk növbədə mənəvi zənginliyin yaratdığı varidatdı. Bu, həm də insanların bir-birini fikrən duyması, anlaması, mənəviyyatca tən gəlməsidir. Əgər bu yoxdursa, izdivacda olan qadınla kişinin də bir-birinə bağlılığı ola bilməz! Ən şirin anlar, ani yaranan şəhvət hissi də ötəridirsə… Yaşandı, keçib getdi, unuduldu, mənəvi yaddaşda bir iz-hiss qalmadı! Zənnimcə, insanı həyatda duyğusallıqla yaşadan, aləmi gözündə cazibədar edən də mənəvi gözəllik, zənginlikdir. Qarşılıqlı anlamın içində yaranan duyğularsa ülvidir, ülvi…
Mən xeyirxahlığı, insansevərliyi, humanizmi, düzlüyü, sədaqəti, saflığı, mədəni davranışı, etikanı, şəfqəti, mərhəməti bəşər övladının yaraşığı, naxışı hesab edirəm. İnsanlarda görmək istədiklərim də bunlard. Bir-birini duymaq, anlamaq, dəyərləndirmək…
İlk gənclik çağlarımda hələ mənasına vara bilmədiyim, anlamadığım hansısa bir qüvvə məni uzaqlara, xoş bir hissin müşayəti ilə nələrinsə axtarışına çəkib aparırdı. Elə bilirdim, axtarışında olduğum bu gözəllik, zənginlik bir addımlığımdadır, üz tutunca sarınacam ona, heyhat… Amma bundan rəncidə deyiləm. Bu, həyatdır, taledir, belə bir zənginlik, mənəvi varidat hamıya nəsib olmur ki… Qarşıma çıxmadısa da, nə qəm, o zənginlik, gözəllik daxilimdə topa işıq kimi varlığıma saçılıb. Məni yaşadan, ruhuma zər şəfəqlər kimi çilənən İşıq…
Hörmətlə: Şəfəq NASİR,
Yazıçı, publisist