Bulud qəzəbini dağlara tökdü, Göyün sevincindən rəngi boğuldu. O gün Şamaxının tən ortasında İbrahim adında uşaq doğuldu. Atası Əlinin gözləri doldu, Buludlar lal oldu bu heyranlığa. Uşaq adi uşaq deyildi, şükür, Təbiət çırpındı bircə anlığa. Bütün el-elata müjdə verildi, Qohumlar təbrikə yığıldı o gün. Sanki kəhkəşanda söz məna verdi, Şeirin ulduzu doğuldu o gün. Çatdı yavaş-yavaş həddi-buluğa, Hər gün əmisindən öyrəndi elmi. Şeir qəvvasıtək dəryada üzdü, Alimlər soruşdu: O, kimdi, ləlmi? Hamı heyran qaldı bu yaranışa, Zaman bəlli etdi o uşaq kimdi. İllər qatar kimi ötüb keçdikcə O da yaxşı bildi bu həyat qəmdi. Böyüdü, zəkalı bir cavan oldu, Şeiri, şeiriyyəti elə yayıldı. Az vaxtda hörməti artdı şəhərdə, Şirvanın hörmətli şəxsi sayıldı. Şeirin diliylə bəyan elədi: Nəfslə gələcək dünyanın sonu. Müdhiş büllur kimi özünə çəkdi, Bir gün Şirvanşahlar sarayı onu. Burda diqqət etdi əyyanlar ona, Müti savadsızlıq işini gördü. Din, cahillik xofu sıxdı canını, Dinlə arasında bir divar hördü. Şaha başqa cürə ərz eylədilər: Guya dinə qarşı çıxır Xaqani. Şairsə başqa şey demişdi qəti: Din nə bir xülyadı, nə də ki cani. Heyif ki, aranı qatanlar artdı, Şahın da başını “yedilər” belə. Paxıllıq işini gördü necə də, Şairi beləcə “atdılar selə”. Şahın əmri ilə həbs olundu o, Zindana atdılar el şairini. O, burda həbsiyyə şeiri yazdı, Geniş təqdir etdi elmlə dini. Xeyli vaxt zindanda qaldı səbəbsiz, Cavankən ömrünə xal saldı tale. Həyat necə acı, necə amansız… Gəl, indi bu sirri öz-özünə de. Zindan şair üçün dar qəfəs idi, O, bura — zindana sığmırdı qəti. Saçları çallaşdı, yanağı soldu, Ona adi gəldi ömrün sürəti. Bir gün sona çatdı zindan həyatı, Şairi azadlıq bərk qucaqladı. Ona — qal, — dedilər, — saray sənindir, Osa — sizin olsun, — deyib çağladı. Saray həyatına alışmadı o, Saray onun üçün ötəri yerdi. Bir-birindən gözəl əsərlər yazdı, O, burda ömrünün gücünü verdi. Xalqın cahilliyi qəlbini sardı, Ürəkdən acıdı avam kəslərə. Yetən din üstündə qınadı onu, O, önəm vermədi yalan səslərə. Tərk etdi Şirvanı — Şamaxını o, Küsdü doğulduğu yurddan-yuvadan. Xaqani üz tutdu qürbətə sarı, Qürbət iyi gəldi qəfil havadan.
İkinci hissə — Qürbət, zirvə və əbədiyyət
Şamaxıda qalmağı faydasız sandı şair. O, bu diyarçun söndü, zülmətə qərq oldu yer, Başqa bir məmləkətin fövqündə yandı şair. Tərk etdi Şamaxını, üz tutdu qürbət elə, Dedi: — Bu ellər niyə səs vermədi naləmə?! Yaxın Şərq ölkələri qarşıladı şairi, O, burda bir işıqtək şölə saçdı aləmə. Neçə Şərq ölkəsində səfərdə oldu şair… Səfər həyatı onu əldən salmışdı düzü, Saçları çallaşmışdı, yaşı olmuşdu əlli. Xaqani kim idi, o, hansı gücə sahibdi? — “Töhfətül-İraqeyn” poemasından bəlli. Mərsiyəsi, qəzəli, mədhiyyəsi bir ayrı, Rübai, qəsidəsi cana məlhəm olurdu. Yayıldıqca aləmə dünya dada gəlirdi, “Həbsiyyə” şeirləri ürəklərə dolurdu. Xaqani bir duyğutək Təbrizdə qaldı artıq, Qırıldı odlu eşqin ürək sızladan simi. O dövrün şairləri qəmi qəsidə sandı, “Şinniyə” və “Mədain xərabələri” kimi. Qayıtmadı geriyə, Şamaxı darıxsa da, Şair küsdü öz doğma elindən-obasından. Nə naləyə baxdı o, nə də aha susadı, İnad eləmək ona keçmişdi babasından. Ondan ötrü darıxdı Şamaxının dağları, Ondan ötrü darıxdı Nizami Gəncəvi də. Qəti idi qərarı, Təbrizdə qaldı şair, Bilmədi viran qalıb o yurddakı evi də. Şamaxıdan çıxanda Məkkəyə getmişdi o, Ziyarət eyləmişdi müqəddəs torpaqları. Səfər həyatı boyu müşahidə aparmış, Yaşıl kağız bilmişdi ağacda yarpaqları. Həyatı bu minvalla qürbət taxtında keçdi, Nə zülümdə axtarır onu, nə şərdə bilir. Nizaminin şairtək yetişməsində onun Böyük rolu var idi, bunu bəşər də bilir. Yetmiş yaşı var idi, ahıl olmuşdu artıq, Ölümün acıları qəfil qurmuşdu hana. Bir gün əcəl başının üstündə durdu söztək, Şair vida elədi doymadığı cahana. Bəşər necə pərişan, dünya necə lal idi, Onun ucalığını qanmaz idi hər nadan. Göy qapqara qaralmış, buludlar ağlayırdı, Xaqani köç edirdi daş atdığı dünyadan. Təbrizin söz ordusu hazır durmuşdu o gün, Onu yola salırdı ağrı deşən göz ilə. Nizami eşidəndə şair köçüb dünyadan, Dedi ki, bax mən indi yetim qaldım söz ilə. Daha yazmaz qələmim, ya da olar qəmxana, Daha məni yandırar içimdəki bu ahım. Necə dözəcəm axı mən onun yoxluğuna? Xaqaniydi dayağım, o idi qibləgahım. Ustadının ölümü çox ağrıtdı içini, Yaşlı, qoca adamtək göynədi, büküldü o. Ruhən də, ehkamca da dünyasından ayrıldı, Şamaxını tərk edib Gəncəyə çəkildi o. Dünya Xaqani adda bir zinəti itirdi, Buna zaman günahkar, buna insanlar səbəb. Neçə vaxtdı şairə bir “heykəl yonuram” mən, Nədənsə duyğulara ilişib, gəlmir ki, təb. Xaqani — böyük şair köçüb getdi uzağa, Qəbri ana yurdundan uzaqlarda qalıbdı, Dahi adamların da həyatı acı keçir, Bu əsər də Sonanı lal əzaba salıbdı.
Bu gün zəmanəmizin ən ünlü yazıçılarından biri, Azərbaycanımızın fəxri Çingiz Abdullayevin doğum günüdür. Bu əlamətdan gün münasibəti ilə yazıçını ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram! Və 2017-ci ildə mətbuatda gedən söhbətimizi yenidən paylaşıram.
“DEDİLƏR ABDULLAYEV GETSİN BAZARDA GÖYƏRTİ SATSIN”
Çingiz müəllim, siz ölkədə və dünyada ən çox oxunan, həm də çox yazan yazıçı kimi tanınırsınız. Maraqlıdır, indiyə qədər neçə kitabınız işıq üzü görüb?
Mənim indiyədək 197 adda kitabım çıxıb. Dünyanın 31 dilinə tərcümə olunmuşam. Baxın, gördüyünüz bu rəflərdəki kitablarım dünyanın müxtəlif dillərində çap olunan əsərlərimdən nüsxələrdir.
Siz nəsr yazırsınız. Roman süjeti qurmaq, personajları idarə etmək dövlət idarəçiliyi kimi mürəkkəb bir işdir. Bəs əsərlərinizin hər birinin məzmunu, süjeti yadınızda qalırmı?
Hər biri dəqiqliyinə kimi yadımdadı. Yadımda necə qalmaya bilər? Onlar mənim övladlarımdır.
Maraqlıdır, bu qədər süjeti necə qurursunuz?
Baxın, XIII əsrdə Dante Aligeri “İlahi komediya”nı yazmışdı. XIX əsrdə Balzak “İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Təbii ki, adını çəkdiyim yazıçılarla özümü müqayisə eləmirəm. Amma bilirsinizmi, bu xronologiyanı davam etmək istəyim hardan doğdu? Çünki yaşadığımız əsr kriminal əsridi. Təkcə son 25 il ərzində baş verən hadisələrə nəzər salaq: SSRİ-nin dağılması, Qarabağ problemi, mərhum prezident Heydər Əliyevə, Şevarnadzeyə qarşı sui-qəsd cəhdləri və bu müstəvidəki bir çox olayları yada salsaq, deyə bilərəm ki, mövzu qıtlığı çəkmirəm. Hətta yazıçı fantaziyamdan, demək olar, az istifadə etmişəm. Çünki real mövzu o qədər mürəkkəb və detallarla zəngindir ki, özündən uydurmağa ehtiyac qalmır.
Bu qədər yazmağa necə vaxt tapırsınız?
Mənə imkan versəydilər, iki dəfə bundan artıq yazardım.
Kim imkan vermir?
Mənim on səkkiz ictimai vəzifəm var. Düzdür, ictimai işlərdən maaş almıram, amma işləyirəm.
Onda yəqin ki, sürətlə yazırsınız…
Bəli, sürətlə yazıram.
Kompüterdə işləyirsiniz, yoxsa kağız üzərində?
Əvvəllər makinada yazırdım, son iyirmi beş ildir ki, kompüterdə işləyirəm. Elə uşaqlıqdan makinada sürətlə yazırdım. Kompüterə keçəndə də həmin sürətlə işləyirəm. Təsəvvür edin, bir saniyədə altı şriftin üstünə vura bilirəm. Olub ki, bir gecədə yüz səhifədən çox yazı yazmışam. Bir saata on səhifə yaza bilirəm, on saat ərzində isə yüz səhifəyə çatdırıram. Başlayanda davamlı işləyirəm. Vaxt olub ki, səhər saat 9-da yazmağa başlamışam, ertəsi gün günorta saat ikidə, üçdə dayandırmışam. Bəzən gün ərzində 130-140 səhifə yaza bilirəm.
Yəqin, əsərin süjeti də yazı prosesində öz-özünə inkişaf edir, yəni, bütün detalları öncədən planlaşdırmırsınız…
Bəli. Yazı üzərində işləyəndə qəhrəmanlarım çox vaxt mənimlə mübahisə edir, razılaşmadığımız məqamlar olur, ona görə əsərin hansı sonluqla bitəcəyini heç özüm də əvvəlcədən bilmirəm. Mənim əsl həyatım kitablarımdadı. Çünki öz əsərlərimdə tanrıyam, orda yaratdığım dünyada nə istəyirəm eləyirəm, taleləri necə istəsəm, elə qururam, istədiyim qadını sevirəm, istədiyim adamı öldürürəm və s. Yəni, mən öz əsərlərimdə arzuladığım kimi yaşayıram.
Əsasən uğursuz yazıçıların sevdiyi bir ifadə var: “Mən özüm üçün yazıram”. Bu məntiqlə razısınızmı?
Bu, məntiq deyil, sovetdənqalma absurd özünə bəraətdi. Ya da deyirlər, “yazıçı təvazökar olmalıdır”. Tamamilə səhv fikirdir. Yazıçı özünə gündəlik yazmır ki onu hamıdan gizlətsin, yazıçı əsər yazır və onu ictimaiyyətə təqdim edir. Mən əsər yazıramsa, onun oxunmasını, müzakirə edilməsini istəyirəm. Bundan təbii heç nə ola bilməz.
Çingiz müəllim, bayaq da dediniz, çox yazırsınız. Çox yazmaqla qrafomaniya arasındakı sərhədi necə təyin edirsiniz?
Qrafoman – çox yazı yazan, öz yazdıqlarına vurulan, yazdığının gərəkli olduğuna inanan adama deyilir. Bu məntiqdən çıxış etsək, bütün böyük yazıçılar qrafoman olub. Məsələn, Tolstoy, Dostoyevski, Lope de Veqa, Dikkens, Nizami kimi nəhənglər həcm baxımından həm çox yazıblar, həm də yazdıqlarından narazı olmayıblar. Bu adamlar qrafomandırlar, amma onları hamı sevir. Mən belə qrafomaniyanın tərəfdarıyam. Məsələn, bir müddət bundan əvvəl Argentinada kitabım çap olundu. Öz aramızdır, Argentinada heç kim Çingiz Abdullayevin qara qaşına vurulmayıb ki! Əgər mənim əsərimi öz dillərinə çeviriblərsə, demək, yazdıqlarım onlar üçün maraqlıdır.
Çingiz müəllim, ədəbi mühitdə belə bir düşüncə var ki, siz rus dilində yazdığınıza görə dünyaya çıxış imkanlarınız daha genişdir. Yəni, bir var, 9 milyonun dilində yazasan, bir də var, 150 milyonun. Rus dilində yazdığınıza görə bəzən sizi Azərbaycan yazıçısı hesab etmirlər.
Tamamilə yanlış düşüncədir. Hansısa xarici dildə yazmaq yazıçının milliyyətini şübhə altına ala bilməz. Əksinə, bu, yazıçının üstünlüyüdür. Onda deyək ki, Nizami fars şairidir, Füzuli fars ədəbiyyatına aiddir? İsmayıl bəy Qutqaşınlı fransızca yazırdı, onda deməliyik ki, o, fransız yazıçısıdır? Bəyəm qırğız və qazax yazıçıları Çingiz Aytmatov, Oljas Süleymanov rus yazıçılarıdır? Bəs İmran Qasımov, Rüstəm İbrahimbəyov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə, Elmira Axundova? Bu adamlar azərbaycanlıdır, o cümlədən, mən də bu sıraya daxiləm. Anar rusca yazanda rus yazıçısıdır, azərbaycanca yazanda Azərbaycan yazıçısıdır? Əlbəttə bu düzgün məntiq deyil. Ancaq başqa dildə yazıb özünü ruhən başqa millətə aid edənlər də var. Məsələn, məşhur rus yazıçısı Boris Akunin milliyyətcə təmiz gürcüdür. Halbuki doğma adı Qriqori Şalvoviç Çxartişvilidir.
Doğrudan? Şəxsən mən onun gürcü olduğunu bilmirdim…
Bəli, təmiz gürcüdür. Lakin o, özünü rus yazıçısı hesab edir, hər yerdə də deyir ki, mən rus yazıçısıyam, yazdıqlarım da rus ədəbiyyatına aiddir.
Yəni demək istəyirsiniz ki, sizin dünyada tanınmağınız rus dilində yazmağınızla bağlı deyil.
Baxın, rus dilində yazan minlərlə yazıçı var. Məgər, onların hamısını bütün dünyada oxuyurlar? Təsəvvür edin, onların arasında birinci olmaq necə çətindir. Ümumiyyətlə, ədəbiyyatın dünyada beş əsas dili var: İngilis, rus, alman, fransız, ispan. Dünyaya çıxmaq istəyən yazıçı bu dillərin heç olmasa birində yazmalı, yaxud birinə tərcümə edilməlidir. Orxan Pamuk 2004-cü ildə bizim AYB-nin qurultayına gəlmişdi. Pamuk etiraf etdi ki, onu Avropada əsərləri ingilis və fransız dillərinə tərcümə edildikdən sonra tanıdılar. Hətta 80 milyonluq Türkiyədə belə məşhur yazıçı olmaq hələ dünyaya çıxmaq demək deyil.
Sizin əsərlərinizin həm də intellekt yükü var. Məsələn, “Şübhəsiz metamorfoz” povestinizdə Moskvada ultra elit hoteli, onun ən ağlagəlməz xidmətlərini detallarıyla təsvir etmisiniz. Yaxud, kriminal bir qrupun yığışdığı gizli məkan. Bu yerlərdə şəxsən olmusunuzmu?
Hansı məkanları təsvir etmişəmsə, onların hamısında olmuşam. Adlarını açıqlamayacağam, mənim oxucum olan bir neçə çox məşhur şəxs əsərlərimdə təsvir etdiyim yerlərdə olduqdan sonra mənə dedilər ki, necə yazmısınızsa, hamısını gözümüzlə gördük.
Kitablarınız xaricdə şəxsi təşəbbüsünüzləmi çap edilir? Yəni, özünüz bu prosesdə bilavasitə iştirak edirsinizmi?
Yox, qətiyyən! Mən xarici ölkələrdə öz istəyimlə bir cümlə belə çap etdirməmişəm. Əsərlərimi xarici nəşriyyatlar müxtəlif dillərə çevirib çap edir, qonararımı da özümə göndərirlər.
Bir dəfə prezident İlham Əliyev sizin əsərlərinizi oxuduğunu demişdi…
Yeni kitabım çap olunanda cənab prezidentə şəxsən özüm yollayıram. Mən Frankfurt mükafatına layiq görülmüşəm, bu, Avropanın ən böyük ödülüdür. On dörddən çox beynəlxalq mükafat almışam. Amma bütün bu mükafat və titulların içərisində ən çox qürur duyduğum Azərbaycanın Xalq Yazıçısı fəxri adıdır. Bu ada mən 46 yaşımda layiq görülmüşəm. Bilirsiniz ki, bütün keçmiş SSRİ məkanında cəmi dörd nəfər 50 yaşında Xalq Yazıçısı adına layiq görülüb. Qalanları 60, 70, hətta 90 yaşlarında alıblar. Buna görə o zaman prezidentə dedim ki, sizə çox minnətdaram, amma bu ad mənim üçün gözlənilməz oldu. Üstəlik Yazıçılar Birliyi də məni o ada təqdim etməmişdi. Onda cənab prezident gülüb dedi, mən bilirəm neyləyirəm.
Çingiz müəllim, əsasən, cinayət aləmindən, cinayətkarlardan yazırsınız. Sizcə, həbsxana həyatı cinayətkarı islah edə, tərbiyələndirə bilirmi?
Təəssüf ki, yox. Cinayətkarların bir çoxu türmədə düzəlmək əvəzinə daha da hiyləgərləşirlər. Məncə, türmə həyatı insanı düzəltmir. Əvvəllər bizim həbsxanalarda vəziyyət çox pis idi, məhkumlarla qeyri-insani davranırdılar. Müstəqillikdən sonra problemlər yavaş-yavaş qaydasına düşməyə başladı. Vəkillər, hüquq müdafiəçiləri mütəmadi həbsxanalarda olur, məhkumlarla görüşürlər. Mən özüm tez-tez koloniyalara baş çəkirəm, uşaq koloniyasında oluram.
Uşaq koloniyasında ən çox hansı cinayət “dəbdədir”?
Orda cəza çəkənlər, əsasən, oğurluq üstə tutulanlardır. Xırda xuliqanlıq, fırıldaqçılıq da buraya aiddir.
Bəs, ölüm işləri?
Var, qətl törədənlər də var, ancaq onlar çox azdır.
Siz ora vəkil kimi gedirsiniz?
Xeyr, yalnız yazıçı kimi. Ancaq bacardığım köməyi də onlardan əsirgəməmişəm.
Bu qədər kitabınız çap olunub, satılıb, sizi milyoner saymaq olarmı?
Milyon da qazanmışam, ancaq hamısını xərcləmişəm. Əsas gəlirimi kitablarımın satışından və kinolardan əldə edirəm.
Sizin qəhrəmanlarınızdan birinin adı ilə Moskvada restoran fəaliyyət göstərir. O restorandan pulsuz istifadə limitiniz varmı?
Əlbəttə, orda məndən pul almırlar… (gülür) Ümumiyyətlə, dünyada beş “Dronqo” klubu fəaliyyət göstərir, hətta uşaqlarına bu adı qoyan adamlar var. Mən də onlara deyirəm, uşağa “Dronqo” yox, “Dranqo” adı verə bilərsiniz, çünki “Dronqo” quş adıdır.
Çingiz müəllim, Rusiyada “ədəbi qullar” adlanan zümrə var ki, onlar əsər yazıb məşhur yazıçılara pulla satırlar. Siz belələrinin xidmətindən istifadə etmisinizmi?
Qətiyyən, yox! Mən heç öz beynimdəkiləri yazıb çatdıra bilmirəm. Əzablı olsa da, yazıçılıq fəaliyyətimdən zövq alıram. Ancaq çox yoruluram, düşündüklərimi yaza bilən biri olsaydı, məmumiyyətlə onun köməyindən istifadə edərdim. İnanın, xeyli əsərlərim var ki, onların süjetini yuxuda qurmuşam. Baxmayaraq ki, öz həyatımdan razıyam, ancaq övladlarımın yazıçı taleyi yaşamasını istəməzdim. Heç vaxt istəməzdim! Çünki dünyada yüz minlərlə mühəndis var, onlardan yalnız biri Qustav Eyfel ola bilir. O birilər də nə isə tikir, hardasa işləyir. Minlərlə həkimdən yalnız biri Hippokrat olur, qalanları da əlbəttə, haradasa çalışır. Min yazıçıdan biri uğur qazanır, qalan bir çoxlarının yazdığı heç kimə lazım olmur. Amma etiraf edək ki, bizdə istedadlı yazıçılar da var. Yazırlar, amma çap edə bilmirlər, çap edəndə də sata bilmirlər, oxucu auditoriyaları yox dərəcəsindədi, belə problemlər çoxdur.
Mən Moskvada sizin kitabları tələbə dostlarıma fəxrlə hədiyyə eləyirdim. Onlar bəzən sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırdılar…
Hə, bunlar mənə tanış məsələlərdir. Şəxsən mənim özümdən çox soruşublar ki, doğrudanmı siz azərbaycanlısınız? Sizə bir əhvalat danışım. İlk kitablarım çap olunanda məni Mərkəzi Komitəyə çağırdılar, atamın dostu yazıçı Azər Mustafazadə mənə dedi, Çingiz, bilirsən nə var? Sən siyasi detektiv yazma. Dedim, niyə ki, Azər müəllim? Dedi, o, bizim yemimiz deyil. Sən polisdən, narkotikdən, cinayətkarlardan yaz, özünü biabır eləmə, siyasi detektivi ağıllı yəhudilər yazır. Abdullayev soyadlı bir adamın siyasi detektiv yazması gülməlidir. Mənim də gənc, dəliqanlı vaxtlarım idi. Dedim, Azər müəllim, mən hökmən siyasi detektiv yazacam. Dedi, onda gərək elə yazasan, onların yazdığından güclü olsun. Sonralar bilmişəm, sən demə, Moskvada deyiblər ki, Abdullayev familiyası hara, detektiv hara? Ona deyin, o familiya ilə gedib bazarda göy-göyərti satsın. İndi Moskvada, Kiyevdə, Varşavada, Tiflisdə, Parisdə və başqa böyük şəhərlərin kitab satış mərkəzlərində xüsusi Çingiz Abdullayev guşələri var. Sizə bir əhvalat danışım. Bizim İdman və Gənclər naziri Azad Rəhimov İtaliyada səfərdə olanda mənə zəng vurub dedi ki, mənim diplomatım (portfel) səfirin maşınında qalıb, maşının şüşəsini sındırıb çantanı aparıblar. İçində xeyli pul, sənədlər, pasport və sənin avtoqrafla verdiyin kitabın vardı. Mən o kitabdan başqa heç nəyə təəssüflənmirəm, sənədlər düzələcək, amma heyf kitabdan. Dedim, sən nə danışırsan, sağ-salamat gəlib çıx, mən o kitabdan sənə ikisini hədiyyə edərəm. Doğurdan fəxr edirəm ki, bizim ən intellektual şəxslərimiz, siyasi elitamız mənim kitablarımı oxuyur.
Dediniz ki, çox yazırsınız. Əsərlərinizə “yoluxan” daimi oxucularınız, yəqin ki, yeni məktub kimi hər dəfə sizdən əsər gözləyir…
Elədir. Hər dəfə kitabım nəşr olunanda mənə çoxlu zənglər, məktublar gəlir. Bir dəfə Qazaxıstanın səfiri tədbirdə Anar müəllimdən mənim sonuncu kitabım haqda soruşanda, Anar müəllim özünəməxsus yumorla demişdi, hansını soruşursunuz, bu həftədəkini, yoxsa keçən həftə çıxanı? Xarici ölkələrdən Bakıya gələn xeyli sayda rəsmi nümayəndə, prezident, baş nazirlər olub ki, mənimlə maraqlanıblar. Rumıniyanın prezidenti Bakıda olanda məni çağırdılar ki, oxucunuzdur, sizinlə görüşmək istəyir. Baxa bilərsiniz, bu da bizim fotomuz. (Şəkli göstərir) Belə hadisələr çox olub. Bakıda keçirilən böyük elmi konfransların birində dünyaca tanınmış iki böyük akademik, Nobel mükafatı laureatı Raul Saqdieff və onun qardaşı Eyzenhauerin kürəkəni olan digər bir alim, hörmətli Abel Məhərrəmova yanaşıb deyiblər, bizim bir arzumuz var, Çingiz Abdullayevlə tanış olmaq istəyirik. Bu adamlar dahilikdən daha artıq zəkaya malik insanlardır və təsəvvür edin ki, onlar Azərbaycan yazıçısı Çingiz Abdullayevi oxuyurlar. Rusiyadakı keçmiş səfirimiz mənə deyirdi, Yevgeni Primakov sənin kitablarını oxuyur. Bunu ilk dəfə sizə danışıram. Bir dəfə bizi Qazaxıstana dəvət etmişdilər. Kiçik bir təyyarədə Astanaya uçmalı idik. Hörmətli nazirimiz Əbülfəs Qarayev, səkkiz nəfər universitet rektoru, bir də mən. Heyətin başçısı Əbülfəs Qarayev idi. Nədənsə mən ehtiyat eləyirdim. Dedim, bu təyyarədə uçmağa qorxuram, mən getməyəcəm. Qazaxıstandan zəng vurdular ki, biz sizə xüsusi təyyarə göndərəcəyik, Çingiz Abdullayev mütləq gəlsin. Heç inanmazdım, Qazaxıstanda məni bu cür tanıyıb sevələr. Yaxud başqa bir söhbəti deyim. Ukrayna hadisələri zamanı mənə müraciət olundu ki, Yanukoviç və Ukraynadakı siyasi proseslər barədə əsər yazım. Onlar söylədilər ki, biz araşdırmışıq, nə yüz əlli milyonluq Rusiyada, nə də əlli milyonluq Ukraynada bu mövzunu sizin qədər dərin, əhatəli yazacaq bir yazıçı var. Ona görə biz sizi seçdik. Bunlar bir yazıçı üçün həddən artıq böyük uğurlardır. Məsələn, Fransada kitablarımın təqdimatı olanda məni tez-tez dəvət edirlər. Təsəvvür edin, fransız dili, fransız ədəbiyyatı kimi möhtəşəm bir xəzinəyə sahib olan millətin nümayəndələri – fransızlar gəlib Çingiz Abdullayev adlı Azərbaycan yazıçısının kitabına 20 avro pul verib alır, oxuyurlar.
Çingiz müəllim, maraqlı söhbət üçün çox sağolun. Gerçəkdən, sizin ümumdünya şöhrətiniz Azərbaycan ədəbiyyatının uğurudur.
33 il öncə Kəlbəcərdə muhasirədə qalan 3 zastavamız (Taxta, Zəylik, Ağduzdağ). O zaman 3-cü tabor (əvvəl 712) 701-ci briqadanın tərkibində olmasına baxmayaraq, sərhədçi funksiyasın yerinə yetirirdi. Briqada döyüş tapşırığın Laçın rayonu ərazisində yerinə yetirirdi. Mühasirədən çıxan zaman Meydançay deyilən ərazidə düşmənlə döyüş aparaqraq, mühasirədən çıxa bilsələr də, aşağıda adları göstərilən şəxsi heyət Şəhid olmuş və itgin düşmüşdülər. Bir nəfər Kərimov Şahin Heydər oğlunun nəşi 33 ildən sonra tapılaraq dəfn olunmuşdur. Ruhları şad olsun. 1.Baş leytenant Əhmədov Ramiz Əkrəm oğlu. (İsmayıllı rayonu,Talıstan kəndi) 2.Məhərrəmov İlqar Nurəddin oğlu. (Goranboy rayonu,Safıkürd kəndi) 3.Məmmədov Əli Kamran oğlu. (Kəlbəcər rayonu Zallar kəndi) 4.Nəcəfof Fazil Səfiyar oğlu. (Kəlbəcər rayonu Dünyamalılar kəndi ) 5.Quliyev Əkbər Ocaqverdi oğlu. (Kəlbəcər rayonu Bəzirxana kəndi ) 6.Şamilov Rafiq Tahar oğlu. (Kəlbəcər rayonu İstisu qəsəbəsi ) 7.Kərimov Şahin Heydər oğlu (Mingəçevir şəhəri) – tapılaraq bu gün (19.02.2026) dəfn olunur. 8.Hacıyev Mürvət İzzət oğlu. (Kəlbəcər rayonu Nadirxanlı kəndi ) 9.Dünyamalıyev Əfqan Hacıbaba oğlu. (Kəlbəcər rayonu Dunyamalılar kəndi) 10.Bəxtiyarov Qahir İsgəndər oğlu (Kəlbəcər rayonu Nadirxanlı kəndi) 11.Bayramov Qaryağdı Haqverdi oğlu. (Kəlbəcər rayonu Bəzir kəndi)
Xalq yazıçısı Çingiz Abdullayevin ad günüdür …Mən çox təsadüfü hallarda kiminləsə mərc edərəm.Həm də mərci udacağıma tam əmin olandan sonra.1989-cu ildə,Neftçalada,qonşuluğumuzda yaşayan və məndən bir neçə yaş böyük olan iki nəfərlə,Çingiz Abdullayevə görə mərç etmişəm.İndi adını unutduğum hansısa rusdilli jurnalın bir neçə sayında,Çingiz Abdullayevin “Mavi mələklər” romanı çap olunmuşdu və dediyim o iki nəfər həmin romanı oxumuşdular.Axşamüstü atamgildən öz evimə gedərkən o iki nəfərlə görüşdüm.O zaman Çingiz Abdullayev təzə-təzə tanınırdı.Çox adam hətta Çingiz Abdullayevin şəklini belə görməmişdi…Əllərində “Mavi mələklər”in nəşr olunduğu o jurnallar olan İki qonşumla görüşdüm,söhbət əvvəl “Mavi mələklər” romanından,sonra isə Çingiz Abdullayevdən düşdü.Qonşuularımdan nisbətən yaşlı olanı dedi ki,Çingiz Abdullayev ilk romanını yazsa da,bu yazıçının yaşı artıq 50- ni keçib.Mən bilirdim ki, Çingiz Abdullayev mənimlə yaşıddır,yəni 30 yaşı var.Onlar təbii ki,mənimlə razılaşmadılar.Belə olanda mərc elədik: Mən 10 günə qədər dediyimi sübut edə bilməsəm onlara bir qonaqlıq verəcəkdim.Əgər dediyimi sübut etsəydim onlar mənə,yenə də səhv etmirəmsə 10 rubl pul verəcəkdilər.3, yaxud 4 gündən sonra bir vacib iş üçün Bakıya getməli oldum.O zaman Çingiz Abdullayev artıq Yazıçılar birliyinin katibi idi…Yazıçılar birliyindəki kabinetində görüşüb,vəziyyəti ona danışdım.Çingiz Abdullayev yarı zarafat,yarı gerçək,: -İndi necə olsun,axı mən pasportumu sizə verə bilmərəm- dedi. Ani nəsə fikirləşib: -Amma sənin haqsız yerə mərci uduzmağına da razı ola bilmərəm -deyərək otaqdakı kitab dolabından rus dilində olan bir kitab götürdü.Kitab Çingiz müəllimin kitabı idi və həmin kitabda Çingiz müəllimin qısa tərcümeyi halı da yazılmışdı.Tərcümeyi halın elə ilk cümləsində Çingiz Abdullayevin 7 aprel 1959- cü ildə anadan olduğu qeyd olunmuşdu.Çingiz müəllim həmin kitaba avtoqraf yazıb mənə verdi…Həmin günün səhərisi kitabdakı Çingiz müəllimin qısa tərcümeyi halını o iki nəfər üçün oxuyub mərci uddum.Amma onu da qeyd edim ki,mərcdə udduğum pul haqda söhbət açmadım,o iki nəfər də uduzduqları 10 rublun üstünü vurmadılar. Çingiz Abdullayev çox qısa vaxt ərzində nəinki Azərbaycanda,bütün dünyada tanınan,oxunan və sevilən bir yazıcı oldu. …Bir neçə il əvvəl Çingiz Abdullayev Neftcalaya,qardaşım Azərin 60 illik yubileyinə gəlmişdi.Atamın evində də oldu.Heydər Əliyev mərkəzindəki yubiley tədbirinə,o vaxt mərc elədiyim o iki qonşudan biri də (o biri qonşum artıq necə ildir ki,rəhmətə gedib) gəlmişdi.Mən həmin qonşumu çağırıb,onu Çingiz müəllimlə şəxsən tanış etdim və öz istəyimlə və eyni zamanda öz telefonumla həmin qonşumun Çingiz müəllimlə birlikdə şəklini də çəkdim. Azərin 60 illik yubileyindəki çıxışında Çingiz müəllim atamı da xatırladı.Atam 1994-cü ildə Çingiz müəllimlə birlikdə İraqa,Füzulinin 500 illik yubileyinə getmişdi.Çingiz müəllim dedi ki,nümayəndə heyətinə rəhbərlik ( yazıçılara) mənə ( Çingiz müəllimə) havalı olunmuşdu.İran sərhədində,İmamverdi müəllimin sənədindəki bir xəta ilə bağlı sərhəddə xeyli yubandıq.Buna səbəb həmin siyahıda atamın adındakı bir hərf səhvi olmuşdu:Atamın adı şəxsiyyət vəsiqəsində İmamverdi yazıldığı halda,Bakıda tərtib olunmuş siyahıda İmanverdi yazılınməş.Yəni “m” hərfinin yerinə “n” hərfi…İran sərhədçilərini qəzəbləndirən o bir hərflə sözün kökündə yaranmış dəyişiklik olmuşdu. İran sərhədçiləri üçün “İmam” sözünün “İman” sözü ilə dəyişdirilməsi çətin bağışlanan səhv kimi qəbul edilib. Çingiz müəllimin kitablarını həmişə böyük maraqla oxuyuram.Çingiz müəllimin məndə olan kitabları əksəriyyətini mənə elə Çingiz müəllim özü göndərib.
Çingiz müəllimi yeni yaşı münasibəti ilə təbrik edir,ona uzun,sağlam ömür arzulayıram. Və həmişə maraqlı olan yeni kitablarını gözləyirəm.
07 Aprel –“Molla Nəsrəddin” jurnalının – 120 illiyidir (1906)
Azərbaycan mətbuat tarixində mühüm yer tutan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi və mədəni həyatında dönüş nöqtəsi yaratmışdır. Jurnal 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşrə başlamış və müəyyən fasilələrlə iyirmi beş il ərzində fəaliyyət göstərmişdir. Əvvəlcə Tiflisdə (370 nömrə), sonra qısa müddət Təbrizdə (8 nömrə), nəhayət, Bakıda (390 nömrə) çap olunan jurnalın redaktoru görkəmli ədib, publisist və satirik ədəbiyyatın banisi Cəlil Məmmədquluzadə olmuşdur. Jurnal həftədə bir dəfə, hər sayı 8 səhifə həcmində, rəngli və şəkilli nəşr olunaraq dövrün sosial problemlərini, cəhaləti, haqsızlığı və ictimai bəlaları satirik üslubda işıqlandırırdı. Adını xalq ədəbiyyatının müdrik və zarafatcıl obrazı Molla Nəsrəddindən alan jurnal, gülüş vasitəsilə cəmiyyəti düşündürməyi, ədalətsizliyə qarşı maarifçilik missiyasını həyata keçirməyi məqsəd qoymuşdur. Mirzə Cəlil jurnal vasitəsilə Molla Nəsrəddinin dili ilə xalqın sosial narahatlıqlarını çatdırmaqla yanaşı, onlara çıxış yollarını da göstərirdi. “Molla Nəsrəddin” jurnalının səhifələrində milli dilin qorunması, maarifçilik və ictimai şüurun yüksəldilməsi əsas prioritet kimi nəzərə alınırdı. Burada atalar sözləri, lətifələr, poçt qutusu yazıları, satirik elanlar, tərcümeyi-hallar, tapmacalar, sual-cavab və digər janrlarda materiallar dərc olunurdu. Jurnalın yaradıcı heyətinə M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və digər ziyalılar daxil olmuş, öz satirik əsərləri ilə jurnalın ideyalarını zənginləşdirmişlər. Bədii təsvirin inkişafında jurnalın karikatura və illüstrasiyaları mühüm rol oynamışdır. Rəssamlar Rötter, Şmerlinq, Əzim Əzimzadə və Təbrizdə çıxan nömrələrin illüstratoru Əli Behzad realist üslubda çəkdikləri karikaturalarla jurnalınsosial-satirik mesajını vizual olaraq ifadə etmişlər. Jurnal yalnız Azərbaycanda deyil, həm də Qafqaz, Rusiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrikanın bir çox şəhərlərində yayılmış, müxtəlif millətlərdən milyonlarla oxucu qazanmışdır. Onun təsiri nəticəsində Azərbaycanda “Bəhlul”, “Kirpi”, “Zənbur”, “Babayi-Əmir”, “Şeypur” və digər satirik nəşrlər meydana çıxmışdır. “Molla Nəsrəddin” jurnalı təkcə satirik nəşr deyil, eyni zamanda milli oyanış, maarifçilik və ictimai şüurun inkişafında vasitə kimi Azərbaycan mətbuatının tarixi baxımından əhəmiyyətli rol oynamışdır Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuşdur. 2021-ci il aprelin 7-də Milli Kitabxanada “Molla Nəsrəddin – 115” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunmuşdur.
Ə d ə b i y y a t :
“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” // Mədəniyyət.– 2020.– 18 noyabr.– S.7.
Əsgərova, G. “Şərq qapısı” qəzeti və “Molla Nəsrəddin” jurnalı / G.Əsgərova // Kredo.– 2021.– 29 oktyabr.– S.2;6.
Nurəddin. Ordubadi və “Molla Nəsrəddin” jurnalı / Nurəddin // Mədəniyyət.– 2022.– 8 aprel.– S.3.
Qasımov, R. Vətən, millət, dil mücahid: “Molla Nəsrəddin” jurnalı / R. Qasımov // Olaylar.–2023.– 7-13 aprel.– S.23.
Atalı, İ. “Molla Nəsrəddin”in ulusal dərdçiliyi / İ. Atalı // Türküstan.– 2024.– 2-8 aprel, №12.– S.13.
Hadıyeva, L. “Molla Nəsrəddin” jurnalı və Naxçıvan” / L. Hadıyeva // Xalq qəzeti.– 2025.– 4 aprel (№64).– S.12.
Dronqo – Azərbaycan ədəbiyyatının Ogüst Düpeni, Şerlok Holmsu, Erkül Puarosu, komissar Meqresi…
Müasir dövrdə detektiv janrı istər ədəbiyyatda, istər kinematoqrafiyada öndə gedən janrlardan hesab edilir. Konkretlik, lakoniklik, bədii təsvir vasitələrindən minimum istifadə, analitik təhlil əsas faktoru hesab edilən bu janrın yaranma tarixinin digərlərdən fərqliliyi, yəni tam dəqiq olması da, bəlkə taleyin gərdişinin fəlsəfi cavabıdır. Detektiv janrı dünya ədəbiyyatı tarixinə özünün mistik, pessimist şeirləri ilə şöhrət tapan, ölümü bu günə qədər müəmmalı qalan, “Quzğun”u ilə insan duyğularını silkələyən Edqar Allan Ponun 1841-ci ildə yazdığı və həmin il aprelin 20-si “Qrem məqəzin” (ing. “Grahams Magazine”) jurnalında işıq üzü görmüş “Morq küçəsində qətl” əsəri ilə gəldi. İlk dəfə Amerikanın qadın yazıçısı Enn Ketrin Qrin tərəfindən 1878-ci ildə bu janrda yaratdığı əsərilə latın mənşəli “detectro” sözündən yaranmış, “təhqiqat”, “axtarış”, “öyrənmə”, eləcə də “xəfiyyə” mənası verən “detektiv” məfhumunu ədəbiyyata gətirilməklə daha bir yeni səhifə açıldı. İxtisasca həkim olan Artur Konan Doyl yumor, sarkazm qataraq, hadisələrin təhlili prinsiplərini inkişaf etdirməklə, sonradan kriminalistikada istifadə olunacaq metodlar barədə yazmaqla janrın populyarlığını artıraraq, elə bir obraz yaratmışdı ki, bədii surət olsa da, hələ də insanlar tərəfindən canlı şəxsiyyət kimi qarşılanacaq, demək olar, bu janrda yaradacaq bütün ədiblər tərəfindən Şerlok Holmsun adı mütləq şəkildə çəkiləcəkdi. Oxucuların arasında məşhurluğuna görə kitablarının sayı “Bibliya”dan sonra ikinci yerdə olan qadın-yazıçı Aqata Kristi öz adını janrın tarixində qızıl hərflərlə yazdı. Jorj Simenon komissar Meqresi ilə detektiv janrının inkişafında öz izini qoydu… Siyahı uzanmağa başladı. XX əsrin əvvəllərində detektiv yazarlarından ibarət “Detektiv Klub”u yarandı. Əvvəlcə Edqar Allan Po, sonradan isə Stiven Van Dayn və Ronald Noks tərəfindən janrda yazılan əsərlər müəyyən çərçivəyə salınaraq, məhdudlaşdırıcı qaydalar tətbiq edildi. Amma həmin qaydalar çox keçmədi ki, oxucularda yoruculuq hissi yaratdı və populyarlıq azalmağa başladı. Qaydaları pozan ilklər sırasına elə klubun üzvü “Rocer Ekroydun qətli” əsəri ilə Aqata Kristi oldu. Lakin bu, nə janrın, nə də yazıçının populyarlığına xələl gətirmədi. Əksinə, janrın yeni növləri yaranmağa başladı, mövzu dairəsi genişləndi, sadə, adi “qapalı məkan”dan siyasi motivlərə qədər çatdı. Bu siyahı zaman keçdikcə, artdı. Qərb düşüncəsi, Qərb lakonikliyi, Qərb xarakteri bu janrda özünü tam əks etdirirdi… Şərq… Həmişə özünəməxsusluğu ilə seçilən coğrafi anlam da olsa, özündə böyük sirli aləmi ehtiva edən məkan… Şərq… Romantika, mübaliğəli təsvirlər, duyğuların, hisslərin əsas götürüldüyü, mənəviyyatın həmişə öndə olduğu motivləri üstünlük təşkil edən Şərq… Redrayd Kiplinqin bu kəlami öz dəyərindən düşmür: “Şərq Şərqdir, Qərb isə Qərb”. Azərbaycan – Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Vətənimiz… Neçə-neçə əsrlərdən sonra Şərq mədəniyyətinin hər cəhətini özündə əks etdirən Azərbaycan ədəbiyyatı və incəsənəti üç əsrə yaxın idi ki, artıq Qərbə yönəlirdi. Bu məqamda qırğız yazıçısı Çingiz Aytmatovun belə fikri yerinə düşər: “Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən şərqə gedir…” Fazil Mustafanın təbirincə deyilsə, “Qərbdə rasionallığa, Şərqdə isə nağılçılığa meyl güclüdür. Qərb ağıla söykənir, Şərq qəlbə”. Digər Şərq xalqlarının ədəbiyyatında detektiv janrının çox az inkişafı ilə müqayisədə, Qərbin hərtərəfli təsirinin nəticəsində Azərbaycanda bunun yaranması təbii hesab edilə bilər. Məhz Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşdiyi və ayrıldığı torpaqda yerləşməsi Şərq yönümlü Azərbaycanda Qərbə xas detektiv janrının yaranmasında mühüm amil oldu. Belə ki, Azərbaycan ədəbiyyatına bu janr XX əsrin 50-ci illərində, Cəmşid Əmirovun “Sahil əməliyyatı” əsəri ilə gəldi. Sonradan o əsərin məzmununa görə “İstintaq davam edir” filmi cəkiləcəkdi. “Brilyant məsələsi”, “Qara “Volqa” isə janra marağı daha da artıracaq, yazıçının yaratdığı əsərlərin sayı az olsa da, populyarlığını bu günə qədər itirməyəcək həmin kitablar ədəbiyyat tariximizdə silinməz iz qoyacaqdi. Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq, arqo və jarqonlardan istifadə, hüqüq-mühafizə orqanlarınin iş prinsipinin təsviri, kəşfiyyatın bəzi nüansları oxucular arasında populyarlığı azaltmayacaq, əksinə, artıracaqdı. Sonra digər ədiblər də bu janra müraciət edəcəkdilər. Ayrı-ayrı yazıçıların müxtəlif əsərləri janrın ədəbiyyatımıza gəlişindən sonra populyarlığı tədricən saxlayacaqdı. Azərbaycan ədəbiyyatında detektiv janrının inkişafında xüsusi mərhələni, mübaliğəsiz demək olar ki, Çingiz Abdullayevin yaradıcılığı açdı. Milliyyətcə azərbaycanlı, həmişə Bakıdan olduğu vurğulanan Dronqo! Baş qəhrəmanın əsil ad-soyadı heç bir əsərdə göstərilmədi və hələ də göstərilmir… O, konservatordur və bu mühafizəkarlıq çox cəhətlərdə özünü əks etdirir – “Farenhayt” rayihəsini heç zaman dəyişmir, janrın qaydalarına görə tənhadır (müəyyən dövrdən sonra onun həyatına daxil olmuş Cil həmin qaydalara müvafiq surətdə, həmişə Dronqo ilə birlikdə deyil, İtaliyada yaşayan zadəgan nəslin nümayəndəsi olan xanımdır), Bakıdakı mənzilinin interyerinin quruluşu Moskvadakı evi ilə eynidir, səyahəti xoşlayır, avtomobil idarə etməyi sevmir, hadisələr baş verən məkanları, otellərin nömrələrinədək təfsilatları o dərəcədə dəqiqliklə qeyd edir ki, bu, sonradan həmin yerlərə səyahət edənlərin marağına səbəb olur. “Mavi mələklər”in Migel Qonsales adı altında ədəbiyyatımıza qədəm qoymuş, estafeti Anri Lejivr kimi davam etdirən, real həyatdakı prototipi yazıçı özü olan Dronqo obrazı və onun yaradıcısı, ixtisasca hüquqşünas, hüquq elmləri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev… Tropik və subtropik coğrafi məkanlarda səs yamsılamaqla, başqa canlıların avazını təkrarlamaqla özünəməxsusluğu ilə seçilən, amma öz yuvasını qorumaqda xüsusi qorxmazlıq nümayiş etdirən dronqo quşu… O quşun ümumi ismi əvvəlcə ekspert-analitikin gizli ləqəbinə, sonradan isə xüsusi ismə çevrilərək, obrazın əsil adını əvəzlədi. Azərbaycan ədəbiyyatında ilk siyasi detektiv – Migel Qonsales obrazı ilə oxucuların geniş rəğbətini qazanan “Mavi mələklər”; Azərbaycan ədəbiyyatında ilk klassik detektiv – “Qeyri-adi qətl”; Azərbaycan ədəbiyyatına ilk vəkil (məhkəmə) detektivi kimi düşən, aparıcı obrazı Kseniya Mordyukova olan “İngilis bulvarı” və həmin hüquq müdafiəçisi haqqındakı “Bakı bulvarı”; əsas mövzusu böyük siyasətçilər Heydər Əliyev və Eduard Şevardnadzeyə qarşı hazırlanan sui-qəsdin qarşısının alınması olmasına rəğmən, o zamankı siyasi vəziyyətin analizinin müxtəlif aspektlərlə təsvir edildiyi “Qanın üç rəngi”; Vətənimizin səfalı məkanlarından biri olan gözəl təbiətli, özünəməxsus arxitekturaya malik Şəki şəhərində baş verən cinayət hadisəsinin “Allahın tərəfində”; qadın-kəşfiyyatçı Marina Çernışova haqqında tetralogiya: “Şər sənin öz ismindədir”, “Xəyanət sənin öz ismindədir”, “Qadınlar hərəkətsizliklərini saxlayırlar”, “Qadının intiqamı”; insanı zahirən çox eybəcər hala salan və cəmiyyətdən uzaqlaşdıran cüzam xəstələrinin yaşadıqlarını, xəstəxanadakı vəziyyəti sürrealist şəkillərilə məşhur İeronim Bosx və alleqorik şəkillərilə insanın daxilində gizlənmiş ikrahedici cəhətlərini, bütün mənfi xüsusiyyətlərini öz rəsmlərinə köçürmüş Piter Breygelin əsərlərindən də dəhşətli duruma bənzədən “Məhkumların cənnəti”; Əfqanıstan müharibəsində fədakarcasına döyüşmüş zabitin bir qolunun itirməsi nəticəsində istər cəmiyyət, istər ailə tərəfindən qəbul edilməməsi səbəbindən, snayperlikdən təkqol killerə döndükdən və son nəticədə, mənhus tale tərəfindən ata ilə oğlu bir-birinin qatilinə çevrilməsindən sonra özünü ispan rəssamı Fransisko Qoyyanın Madridin Prado muzeyində sənətkarın “Qara şəkillər” seriyasındakı əsərlərinin sırasında xüsusi yarıişıq, yarıqaranlıq zalda nümayiş etdirilən “Öz uşaqlarını gəmirən Saturn” rəsmindəki Roma mifoloiyasının mifik allahına bənzətməsi məqamlı “Mənim gözəl alibim”, “Üçüncü variant”, “Saturnun tövbəsi” trilogiyası; Abşeron mühiti, Bakı bağlarının təsviri, Azərbaycan xalqının adət-ənənəsinin güclü təsiri, cəmiyyətdəki qadının vəziyyəti, yazılmış qanunlardan daha da olmazın və gözəgörünməz qüvvəyə malik mənəvi qaydaların ailədə yaratdığı mənfi və müsbət halları birər-birər açan “Payız madriqalı”; Əfqanıstan müharibəsinin görünməyən siyasi tərəfləri, milliyyətinə, təhsilinə, xasiyyətinə görə ən müxtəlif xalq və qurumun nümayəndələri səkkiz nəfər kəşfiyyatçısı, onların həyatlarının ən təsiredici məqamlarının təsviri, ölkənin təbiətinin, durumunun şərhi, özləri bilmədən ölümə gedən və heç zaman geri sağ-salamat qayıtmayacaq əməliyyatçıların “Gedər-gəlməz”i… Yazıçının bütün əsərlərinin sayı 200-ə çatır… Bədii təsvirlərdən hətta gündəlik danışıq dilində də çox istifadə olunan Azərbaycanda lakonik üslublu detektiv janrı ədəbiyyatşünaslığımızda çox az işlənilmişdir. Bu mövzuda ədəbiyyatşünaslıqda ilk cığırı açan filologiya üzrə fəlsəfə doktoru Samirə Mir-Bağırzadə oldu. Detektiv janrını işləmək istəyən istənilən doktorantın onun monoqrafiyasına müraciət etmədən nəyi isə yazması qeyri-mümkündür. Sanballı araşdırmalar sırasına İlqar Fəhminin məqaləsi; həmçinin Ülviyyə Abbasova, İlhamə Məmmədova, Leyla Gərayzadənin dissertasiyaları, tədqiqatçı Gülxani Pənah və Tural Məzahiroğlunun publisistik kitabı; Şəmil Sadiq, Salidə Şərifovanın yazıları Çingiz Abdullayevin yaradıcılığına və detektiv janrına aid məsələləri özündə ehtiva edir. Janra müraciət edənlər olsa da, barmaqla sayılan yazıların saylarının azlığı təəssüf hissi doğurmaya bilməz. Ümidvarıq ki, detektiv janrı tədqiqat mövzusu olacaqdır. Çalışdığım elm və sənət məbədi olan Nizami Muzeyində görkəmli filoloq, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun təşəbbüsü ilə yaradılmış Dissertasiya Şurasında muzey əməkdaşlarımızdan və muzeyimizdə müdafiə edən sayca üçüncü iddiaçı idim. Bütün bəşəriyyəti lərzəyə gətirən koronavirusun tüğyan etdiyi zaman elmi rəhbərim akademik Rafael Hüseynovun və şura üzvlərinin böyük hissəsinin onlayn qoşulmaq, iclasda hamının maska taxmaq məcburiyyətində olduğu dövr dissertasiyamın müdafiəsi tarixi kimi mühüm gün idi. Nizami Muzeyində yenicə işləməyə başladığım zaman mübaliğəsiz demək olar ki, dünya şöhrətli yazıçı Çingiz Abdullayev ilə şəxsən tanış edib, onun yaradıcılılğı haqqında mövzu götürməyi məsləhət görən professor, filologiya elmləri doktoru, kərkükşünas Qəzənfər Paşayev olmuşdu. Əsas məsləhətçim isə o zamankı şöbə müdirim, filologiya elmləri doktoru, şərqşünas Kamil Allahyarov idi. Fəxarətlə qeyd etmək istərdim – elm yolunda addımlayanların sırasında çox nadir hallardan biri odur ki, haqqında dissertasiya yazılan ədib özü həm müzakirə, həm də müdafiədə iştirak edir. Gözəl paytaxtımızın düz mərkəzində yerləşən, arxitektura baxımdan ən gözəl tikililərdən biri olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şəkillərlə zəngin iş kabinetlərinin birində keçirilən dissertasiyanın müdafiəsinə təşrif buyuraraq, yazıçı özü, yəni Çingiz Abdullayev şəxsən iştirak etmişdi… Hərgah soruşsalar ki, insan xislətinin təzadlı məqamlarını, görünməyən, bəzən isə hətta özünə etiraf etmək istəməyən nüanslarını; heç kimin anadan cinayətkar doğulmaması prinsipini oxuculara aşılaya bilməsini; böyük siyasi oyunların cəmiyyət üzvlərinin xarakterinə, vətəndaşların mənəviyyatına olmazın təsirinin gizli tərəflərini; amansız dünyanın cəzasız mənfurluqlarını və kitablarında digər sadalanmayan mövzuları ehtiva edən Çingiz Abdullayevin yaradıcılığı mənəvi cəhətdən nə verdi, cavabım belə olardı – bu kimi mürəkkəb, çətin durumlu, siyasi hadisələrin gərginliklərlə dalbadal unudulmaz faciələr yaşatdığı müasir dövrümüzdə onun yaratdığı əsərin sonuna çatanda, qəlbimdəki insanlıq hisslərinin aqoniyasına qalib gələrək, mərhəmətin körpəcə toxumunu cücərtdi…
filologiya üzrə fəlsəfə doktoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı
“Kredo” qəzeti, 07 aprel 2026, № 12 (1306), s.5.
Müasir dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz müəllim, Sizin doğum gününüzü təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları, həmişə zirvələrdə qalmaq, ruhən dinclik arzulayıram! Ad gününüz mübarək!
150 illik möhtəşəm bir tarixə malik olan Azərbaycan mətbuatının keçdiyi yolda öz izini, səsini tarixin yaddaşına həkk edən yüzlərlə qəzet və jurnallar fəaliyyət göstərib. Başda “Əkinçi” olmaqla, zamanın doğurduğu ictimai ağrıları, milli dərdlərimizi cəsarətlə yazan, xalqın gözünü açmağa çalışan klassik mətbuatımızın bir qisminin fəaliyyəti araşdırılıb, bəzilərinin ərəb qrafikasından yeni əlifbaya transliterasiyası da həyata keçirilib. Lakin hələ də bir çoxunun saralıb qurumuş səhifələrində dövrün təbəddülatlı mənzərəsini, xalqın ictimai-sosial halını, həyat tərzini və mübarizə tarixini əks etdirən mətnlər araşdırılmamış qalır. Bütün bunlar klassik mətbuat tariximizin müxtəlif aspektdən öyrənilməsini zəruri edir. Lakin tədqiq olunmuş bir sıra qəzet və jurnalların da bu gün fərqli prizmadan və yeni baxışla öyrənilməsi zərurət kimi qarşıda durur.
Bu ətrafda düşünərkən ilk olaraq Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalını nəzərə alıram. Doğrudur, mədəni abidələrimizdən sayılan bu satirik jurnalla bağlı zaman-zaman araşdırmalar aparılıb, tədqiqat əsərləri yazılıb. Firidun bəy Köçərlidən başlamış, Ə.Şərif, Ə.Mirəhmədov, M.C.Paşayev, F.Hüseynov, İ.Ağayev, Q.Məmmədli, X.Əlimirzəyev, İ.Həbibbəyli və digər ədəbiyyatşünas alimlər bir çox istiqamətdən “Molla Nəsrəddin”i tədqiqatın predmeti ediblər. Mənə gəlincə, “Molla Nəsrəddin” Mirzə Cəlil obrazının daha canlı və insani keyfiyyətlərini aydınladan ən möhtəşəm əsərdir. Bu obrazın xarakterik cizgilərini incəliklə açan, cilalayan həm də ədibin “Xatiratım”, Həmidə Məmmədquluzadənin “Mirzə Cəlil haqqında xatirələrim” əsərləri, o cümlədən qələmdaşlarının, əməl-məslək dostlarının, onu yaxından tanıyan insanların müxtəlif illərdə qələmə aldıqları xatirə yazılarıdır. Təbii ki, yazı üzərində işləyərkən həmin mənbələrə bir daha qayıdaraq yaddaşımı təzələdim…
lll
Hələ bu xatirələr yazılmamışdı. Hələ o zamandı ki, Mirzə Cəlil gəncliyində hara gedirmişsə, özüylə bir topa kağız götürürmüş ki, boş vaxtlarında cızma-qara eləsin. O səbəbdən ki, ürəyində yazıb-yaratmaq eşqi çağlayırdı. Sonralar bu istəyini yada salaraq deyirdi: “Ax, necə arzu edirdim ki, mən də sahibi-ixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub, intişar edə biləm…”
Nəhayət, zaman yetişdi “Molla Nəsrəddin” jurnalının meydana gəlməsi həm də böyük ədibin arzusunun gerçəkləşdiyi mühüm bir hadisə kimi mətbuat tariximizə yazıldı…
119 il əvvəl Azərbaycan xalqının ictimai dərdlərindən göyərən “Molla Nəsrəddin” jurnalı tənqid, ifşa, eyham yolu ilə həqiqəti söyləyir, xalqın gözünü açmağa çalışır, ictimai fikrin inkişafına kömək edirdi. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkə və şəhərlərində – Nyu-Yorkda, Hindistan, Kəlküttə, London, Berlin, Paris, Roma, İstanbul, Misir, İran, Rusiyanın isə demək olar ki, hər yerində jurnalı böyük maraqla oxuyurdular.
Mirzə Cəlil hələ jurnalın nəşrinə hazırlıq dövründən işinin ana xəttini müəyyən etmişdi. Jurnal fəaliyyəti boyu Azərbaycan mühitinin real mənzərəsini natural bir təsvirdə canlandıracaqdı. Necə ki: “Mən axundlar üçün, dərin savadlılar üçün yazmıram, ona görə də gərək mənim dilim sadə və anlaşıqlı olsun”, – deyən ədib dilin sadəliyini, təmizliyini qoruyub saxladı.
Jurnalın sahibi-ixtiyarı, redaktoru Cəlil Məmmədquluzadə olsa da, onu “yeridən”, “ətə-qana gətirən” həm də yazıçının məsləkdaşları idi. Mirzə bu həqiqəti etiraf edir, “Xatiratım” əsərində məsləkdaşlarının ədəbi zəhmətini dəyərləndirərək yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”. Bu, böyük aydının birgə çalışdığı qələmdaşlarının zəhmətinə dəyər verməsi, portretinə çəkilmiş qədirkeşlik cizgisi idi ki, haqqında yazılmış bir çox xatirələrdə müəlliflər belə səciyyəvi cəhətləri yazıçının obrazında çox incəliklə təsvirə alıblar.
M.Cəlilin güclü ədəbi yaddaşı vardı. Uşaqlıq çağlarında müşahidə etdiyi dini ayinlər, namaz, orucluq, digər adətlər haqqında xatirələrini, həyat-yaşam lövhələrini, ümumən “Mirzə Cəlil dövrü”nün mənzərəsini bir detalı belə, unutmadan qələmə aldığı təəssürat-təsvirləri qüdrətlidir.
Bəs “Molla Nəsrəddin”in yaranması ideyası hardan qaynaqlandı? Mirzə Cəlilin həyatında baş vermiş bir məqam – Tiflisdə Məhəmməd ağa Şahtaxtlı ilə qarşılaşması və onun “Şərqi-Rus” qəzetində işləməyə dəvət alması, ürəyinin dərdlərini meydana qoyub, intişar etməsinə açılan qapı oldu. Bu qəzetə gəlişi həyatında ciddi dəyişiklik yaratdı, mütərəqqi fikirlərinin formalaşmasına təkan verdi. Yazıçı o məqamları belə dəyərləndirirdi: “Şərqi-Rus” iki babətdən mənim üçün xoş, qiymətli yadigar olur. Birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik…” Yaxud da çoxdan bəri jurnalla əlaqəsi kəsilmiş Əli Nəzmidən nigaran qalan Mirzə Cəlil “İdarədən” başlıqlı kiçik bir yazıda narahatlığını bildirirdi: “Neçə il ayrı düşəndən sonra yada salırıq yoldaşımız və ikinci Sabirimiz “Kefsiz”i (Məşədi Sijimqulunu)”. Harda olduğunu bilmədiyimiz üçün ondan bir xəbər tuta bilmədik. Ümidvarıq ki, tez bir vaxtda öz lətafətli şeirləri ilə məcmuəmizi zinətləndirəcəkdir”, – deyib onu axtarırdı. Hər iki xatırlama yazıda Mirzə Cəlilin qələmdaşlarının zəhmətinə bunca dəyər verməsi onun portretində aydın nəzərə çarpan cizgilərdir.
Etibarlı, qədirbilən insan kimi yaddaşlarda qalan Mirzə Cəlili xatırlayanlar yazırlar ki, o, şəxsi həyatında olduqca səmimi bir insan, musiqini sevən, hamı ilə xoş rəftar edən, olduğu, göründüyü yerlərdə hər kəsin məhəbbətini qazanan şəxsiyyət idi. Mirzə Cəlilin xarakterində, həyat vərdişlərində müşahidə edilən bu cəhətlər onun insani keyfiyyətlərindən doğan, obrazına mükəmməllik gətirən ştrixlərdir. Dövrün yeni Adamı, xalqın həyatında mədəni, sosial inqilabı başladan bir qüvvə timsalında görünürdü. Bu baxımdan Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlili və jurnalın fəaliyyətini obrazlı şəkildə belə dəyərləndirirdi: “Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan qabaq işə düşmüş və 25 sənə dolanmaqda davam edən bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin məhvəri Mirzə Cəlil və onun jurnalı idi”.
Təbiətən azdanışan, sakit, alicənab və təmkinli olan Mirzə Cəlil müsahibini başa salmaqda, düz yolda olmayana təsir etməkdə, təlim-tərbiyədə mahir idi. Bu, bəlkə də onun müəllimliyindən, hal-xasiyyətindən irəli gəlirdi. O, qorxu, kin-küdurət bilməyən xeyirxah, təmiz qəlbli bir insan idi. Ə.Nəzmi xatırlayırdı ki, Qarabağdan bir şair Mirzənin haqqında həcviyyə yazmışdı. Sonralar redaksiyaya gələr, Mirzə Cəlil keçmişi nəzərə almadan həmin şairə hörmətlə yanaşar, hətta jurnalda yazılarına yer verərdi. Ə.Nəzmi bunun səbəbini soruşanda deyərmiş ki, nə olar, o, pislik edib, biz əvəzində ona yaxşılıq edərik, keçmişdə nə olub, olub, kin saxlamaq yaxşı deyil… Mirzə Cəlil gənc müxbirlərə tövsiyə edirdi ki, çalışın yazılarınızda şəxsi-qərəzlik olmasın, bir də qısa və məzmunlu yazmağı öyrənin.
Həyatda heç bir hadisə təsadüfən baş vermir. Tanrı hər kəsə doğulduğu gündən bir tale yazır. Allah Həmidə xanımı Mirzə Cəlilin qarşısına da bir zərurət kimi çıxarmışdı. Belə olmasaydı, bəlkə, tarixin məhvəri başqa cür fırlanardı. Həmidə Cavanşir C.Məmmədquluzadənin təkcə həyat yoldaşı deyil, ideoloji mübarizədə əməl, məslək dostu oldu. Cütlük birgə vardıqları yolda daim bərabər irəlilədilər. Həmidə xanımın xatirələrində Mirzə Cəlil çox məkanda təsvir olunur: Tiflisdə, Bakıda, Qarabağda, İranda, Borjomda… Təbrizdə olduğu vaxtda (1921) jurnalın 8 sayını çıxarmışdır. Amma orada yaşadığı müddətdə Azərbaycan üçün çox qəribsəyir. Sovetlər hakimiyyətini möhkəmlətdikdən sonra M.Cəlil dərhal geri qayıtmağını düşünür və deyir ki, güman edirəm, indi orda mətbuat tam azaddır və məni ora çəkən də ən çox bu cəhətdir… Mirzə belə bir şəraitdə xalqa daha çox xeyri dəyəcəyini düşünürdü.
Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığın bir çox növ və janrlarında əsərlər yazdı. Məqalələr, felyetonlar, publisistik yazılar, hekayə, povestlər, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatı və mətbuatına yeni məzmun, ideya gətirdi. Lakin Mirzə Cəlil obrazının ən mükəmməl detalını, cizgisini tamamlayan “Molla Nəsrəddin” jurnalı oldu. Başqa sözlə, bu məcmuənin 25 illik fəaliyyəti dövründə Cəlil Məmmədquluzadənin mükəmməl portreti yarandı. Bir çox şair və ədiblərin yaradıcılıqları ilk dəfə “Molla Nəsrəddin”də göründü, formalaşdı. Bir mühüm məqam da vardı ki, mövzunu da onlara Mirzə Cəlil verirdi. Necə ki, Əbdürrəhim bəy yazırdı: “Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadı-şeiriyyə Sabirin idi, fəqət, mövzu verən “Molla Nəsrəddin və Mirzə Cəlil oldu”. Baxın, sanki zamanın nəbzi “Molla Nəsrəddin”in “ürəyində” döyünürdü…
Mirzə Cəlil harda olurdu, nə iş görürdüsə, yeni mövzu ətrafında düşünür, personajlarını göz önündən keçirir, ürəyində onlarla “həsbi-hal” edirdi. Ya da oturduğu yerdə, yainki küçədə getdiyi zaman heç bir səbəb olmadan gülümsəyirdi. Bu, çoxlarına qəribə gəlir, bəziləri bu gülüşləri yersiz sayırdı. Əslində Mirzə Cəlil daim gülməli bir mövzu ətrafında düşündüyündən canlandıracağı mənfi tiplərə gülürdü. M.S.Ordubadi Mirzənin cəsarətli, qorxmaz bir ədib olduğunu xatırlayaraq yazırdı: “Diri ikən ikiüzlü ziyalılara, qarınqulu ruhanilər, həris, xəsis tacir və hacılara gülən Mirzə Cəlil ölürkən də ölümün üzünə gülürdü…”
“Molla Nəsrəddin” Mirzə Cəlilin bir növ mənəvi övladı statusu adını aldı. İllər boyu balasını qoruyan ata kimi jurnalı da riyakarlardan, fanatiklərdən qorudu, böyütdü və özü də onunla birgə böyüdü. Bizimsə böyük Mirzə Cəlildən və onun jurnalından hələ öyrənməli olduğumuz çox mətləblər var. Bu baxımdan “Molla Nəsrəddin”i fərqli bir istiqamətdən araşdırıb öyrənmək yeni nəsil tədqiqatçıların üzərinə düşür.