XALÇA NAXIŞLARINDA YAŞAYAN MİLLİ YADDAŞ – LƏTİF KƏRİMOV

XALÇA NAXIŞLARINDA YAŞAYAN MİLLİ YADDAŞ – LƏTİF KƏRİMOV
120 illik yubiley
Bu gün – 17 noyabr Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, sənətşünas alim, milli xalçaçılıq sənətimizin böyük tədqiqatçısı Lətif Hüseyn oğlu Kərimovun anadan olduğu gündür.
1906-cı il noyabrın 17-də qədim Azərbaycan mədəniyyətinin beşiyi Şuşada dünyaya göz açan Lətif Kərimovun ömür yolu milli sənətə sonsuz məhəbbətin, yaradıcı təfəkkürün və elmi axtarışların parlaq nümunəsidir.
Onun sənət dünyasına gəlişi təsadüfi deyildi. Qarabağın xalçaçılıq ənənələri, anasının toxuduğu xalçalar, uşaqlıqdan gördüyü naxışların dili gələcək sənətkarın dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdı. O, bu sənətə yalnız rəssam gözü ilə deyil, həm də tədqiqatçı təfəkkürü ilə yanaşdı.
Lətif Kərimov Azərbaycan xalça sənətini sadəcə qoruyan deyil, onu elmi cəhətdən araşdıran, təsnif edən, ornamentlərin mənşəyini və kompozisiya xüsusiyyətlərini öyrənən böyük sənətşünas idi. Onun çoxcildlik «Azərbaycan xalçası» fundamental əsəri milli xalçaçılıq tariximizin öyrənilməsində əvəzsiz elmi mənbələrdəndir. Bu əsərdə 1300-dən artıq xalça ornament elementi araşdırılmışdır.
«Əfşar», «Qonaqkənd», «Şuşa», «Göygöl», «Qarabağ», «Füzuli», «Nəsimi», «Vaqif», «Səməd Vurğun» və digər xalçalar onun zəngin yaradıcılıq irsinin qiymətli nümunələridir. Bu əsərlərin hər birində Azərbaycan tarixinin, milli düşüncəsinin, estetik zövqünün və bədii yaddaşının izləri yaşayır.
Lətif Kərimovun xidmətləri yalnız fərdi yaradıcılığı ilə məhdudlaşmır. O, Azərbaycanda xalçaçılıq təhsilinin inkişafına böyük töhfələr vermiş, Bakı və Qubada xalça məktəblərinin açılmasında iştirak etmiş, peşəkar xalçaçı rəssamların yetişməsinə çalışmışdır. Onun təşəbbüsü ilə 1967-ci ildə Azərbaycan Xalça Muzeyinin əsası qoyulmuşdur.
1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülən sənətkar 1986-cı ildə Londonda keçirilən fərdi sərgisi ilə Azərbaycan xalçaçılığını beynəlxalq sənət ictimaiyyətinə bir daha tanıtmışdır.
Lətif Kərimovun yaradıcılığına nəzər saldıqda bir həqiqəti daha dərindən anlayırıq: xalça bizim üçün yalnız məişət əşyası deyil. O, tarixdir, yaddaşdır, milli kimlikdir, nənələrimizin barmaqlarında ilmə-ilmə toxunan mənəvi sərvətdir.
Bu böyük sənətkar xalçanın ilmələrində xalqın keçmişini, naxışlarında isə onun ruhunu görməyi bacarırdı.
2026-cı ildə anadan olmasının 120 ili tamam olan Lətif Kərimovun adı Azərbaycan mədəniyyət tarixində daim yaşayacaq.

Onun yaratdığı sənət nümunələri, elmi irsi və milli mədəniyyətimizin dünyada tanıdılması naminə gördüyü işlər gələcək nəsillər üçün də örnəkdir.
Bu gün böyük sənətkarı dərin ehtiramla yad edir, Azərbaycan xalçaçılıq sənətinə bəxş etdiyi misilsiz xidmətləri minnətdarlıqla xatırlayırıq.
Naxışlarda tarix yazan, ilmələrdə xalqın yaddaşını yaşadan sənətkarın ruhu şad olsun!

Böyük ehtiramla: Leyla Abasova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir