
RƏNGLİ YUXULARIMIN ŞƏHƏRİ: BEYLƏQAN…
Ötən ili bütünlükdə yaradıcılıq qayğıları ilə məşğul olduğumdan həftələr, aylarla yazı masamdan ayrılmadım. Amma hiss edirəm ki, son iki-üç aydır bir ciddi işlə məşğul ola bilmirəm. Düşünüb-daşınıb, həyat tərzimdəki vərdişimi itirməyim deyə, özüm üçün bir cədvəl tərtib etdim. Yenə də işlərimə start verə bilmədim. Halbuki çox-çox illər dəyişən, yenilənən həyat cədvəlimi hafizəmə ötürür, ondan istiqamət alırdım… Masamın üstündəki yarımçıq yazılar mənə baxır. Hələ ki onlara yaxın düşə bilmirəm. Vaxtımı öldürmək üçün (sevmədiyim həyat tərzi!) gah arxivimdə “vurnuxur”, əlimə gələn bir kitaba baxır, ağ vərəqdə nəsə qaralayır, gah da sosial şəbəkəyə göz gəzdirirəm. Amma nə edirəmsə heç bir məşğuliyyətdə davamlı ola bilmirəm. Öz pərakəndəliyimə, diqqətimin dağınıqlığına təəccüb edirəm…
Nə baş verirdi? İşləməkdən ötrü ürəyi gedən mən, yazı masasından saatlarla ayrılmayan Şəfəq, niyə yaddaşının, ürəyinin yazı yükündən azad ola bilmir? Elə bu arada çoxdan unutduğum bir vərdişimi xatırladım. Və həmən də kitab rəfimin aşağı gözündə iri zərflərdə qalaq-qalaq topladığım şəkilləri ortalığa tökdüm. Gecə yarıdan ötənə qədər keçmiş günlərimin fotolarda donub qalmış zamanlarına qayıtdım. Bu fotoların hər biri həyatımın tarixidi. O gecə özüm də bilmədən o tarixlərə vardım. Qəribə hisslər keçirdim, anbaan yaddaşımda ağrıyabənzər bir tərpəniş duydum, həyəcan dolu anlar yaşadım. Uşaqlığım, məktəb həyatım, ailəm, mühitim, rayon qəzeti redaksiyasına, kitabxanaya getdiyim vaxtlar bir anda gözlərimin qarşısından kinolent kimi keçib-getdi. Məni yetişdirən, gələcəyə hazırlayan doğma yurdum Beyləqanı xatırladım. Sən demə, o illər ömrümün ən şirin, munis çağlarıymış…
Hələ də təravətini itirməyən xatirələrimin işığı məni vaxt-bivaxt rəngli yuxularımın şəhərinə, Beyləqana çəkir. Son bir neçə ildə yurdumun təbiətinə, adamlarına, ağaclarına tamarzı qaldığım qədim diyarıma qovuşmaqdan ötrü ürəyim əsir…
Fevral ayının ilk həftəsi Beyləqana yol aldım. İki günlük səfərimdə gördüklərimdən fərəhləndiyim, zövq aldığım, heyran qaldığım o qədər məqamlar oldu ki! Qışın çisəkli, yağmurlu günlərində bir məlakə gözəlliyində olan Beyləqanda görüb-duyduqlarımdan ürəyim dağa döndü…
Görüşdüyüm insanlar Beyləqanın mədəni yüksəlişinə öz yaradıcı əməkləri ilə töhfə verən ziyalılar idi: Mehman Əliyev, Raquf Budaqlı, Rövşən Qarabudaq, Fazil Əsəd, Vəliyəddin Əhmədbəy, Mehriban İsgəndərli, Gültəkin Məmmədova… Mən kiçik bir yazıda bu insanların fəaliyyətindən söz açmıram. Çünki, yaxın vaxtlarda onlarla bağlı təəssüratlarımı geniş bir yazıya gətirməyi düşünürəm.
Beyləqan özünün yeni dövrünü yaşayır. Bu yenilik məndə qosqocaman bir yurdun gəncləşdiyini, adamların tərtəzə bir ömür yaşadıqları təəssüratını yaratdı. O iki gündə gəzib-gördüyüm yerlər, eşitdiyim xoş hadisələr – yolların təmir olunması, abadlıq işlərinin aparılması, gözəl tədbirlərin keçirilməsi, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı, ehtiram, rayon əhalisinin rövnəqli, qaynar bir yaşam həyatından xəbər verirdi.
Təbii ki, rayonda bu təzəliyi, dirçəlişi yaradan, sözlə yox, əməli fəaliyyəti ilə camaatına xidmət göstərən Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovdur. O iki gündə kiminlə görüşdümsə, başçının səmimi, sadə, işgüzar İnsan olduğundan, gördüyü işlərdən danışdı. Hiss etdim ki, Əziz müəllim rayona gəldiyi gündən özünün region üçün yeni olan bir proqramı ilə işə başlayıb. Hiss etdim ki, Əziz Əzizov cənab Prezident Ali Baş Komandan İlham Əliyevin genişəhatəli fəaliyyətindən faydalanıb. Ölkə başçısının müdrik siyasətindən, xalqla görüşlərindən lazımınca dərs alıb. Elə olmasaydı, bu bölgədə fəaliyyətə başladığı cəmi 8 ayda beyləqanlıların etimadını bunca doğrultmazdı ki…
Beyləqandan qayıdandan sonra ürəyimdə təpər, ruhumda bir dinclik, fərəh hissi duydum. Bu gözəl əhvalı, enerjini yurdumdan almışdım…
34 il əvvəl (1991) “Beyləqanın güllü yazı” kitabım 30 min tirajla “Gənclik” nəşriyyatında çapdan çıxdı. Ölkəmizin bütün rayonlarına yayıldı. Kitabın nəşri tarixi bir dövrə təsadüf etmişdi. Uzun illər dilimizə yatmayan, camaatımızda qıcıq yaradan Jdanov adı ləğv olunmuş, yurdumuzun qədim adı – Beyləqan özünə qaytarılmışdı. “Beyləqanın güllü yazı” sanki rayonun təzə adına (adqoydusuna!) bir töhfə oldu. O vaxtdan çox sular axdı, çox-qəzavü-qədərlər yaşadıq. Düşünürəm, bu gün həyatı yeni tarixi hadisələrlə zənginləşən Beyləqanıma bir mənəvi borcum da var. Sağlıq olsun…

Müəllif: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru