Bu da son pərdənin son səhnəsidi… Seyirci dostların ən köhnəsidi Bəlkə də şeytanın son fitnəsidir, Əlində bir ovuc torpaq görünür…
BALACA QIZ KİMİ
Mən necə gəlmişdim Yer kürəsinə? Balaca qız kimi… Anam deyirdi ki, Mən gecə gəlmişdim Yer kürəsinə… Sabahlardan, gümanlardan xəbərsiz, Yalanlardan, yamanlardan xəbərsiz… Bəlkə elə ona görədir ki, Çox sevirəm gecələri… Unutdurur dərd- sərimi Unutdurur nə edimi, necələri. Mən necə gəlmişəm Yer kürəsinə? Balaca qız kimi… Nə kini bilirdim, nə də nifrəti Nə də ancaq söz qadından düşəndə O dildən düşməyən arı, qeyrəti… Nə fala baxdıran namazqılanlar Nə də insan cildindəki Aranqutanlar yoluma çıxmamışdı Onda hələ inandığım nağıllar Evimi yıxmamışdı… Mən necə gedəcəm Göyün üzünə? Qəlbi qardan, buluddan Qaracaqız kimi… Bəs necə inanacam Bu dünyanın düzünə? Elə o həmin mehriban Balaca qız kimi…
YOLLAR
Yollar sağaldır axı Təyyarəni qucaqlayan buludlar Yaralarıma sığal çəkən pambıq olur… Göy üzü kədərimə Boxça olur, sandıq olur Hər dəfə səmadan yerə enəndə Adam yenidən doğulur, Tanrıya təşəkkürlə, sevgiylə… Yollar sağaldır axı Məsələn, Sən ən uzağımda qalırsan Ayın üzündəki ləkə kimi… Qürub vaxtı ağacdan sıyrılıb torpağa söykənən kölgə kimi. Yollar sağaldır axı Elə qəşəng unuduram ki, səni… Yolda gördüyüm evə çatanda yadımdan çıxan Yuxu kimi… Ehhh neyləyim, Heç sən də bir adam olmadın Çoxu kimi…
BAHARDI EŞQİN
Mən elə bilirdim bahardı eşqin, Saçımdan payızın qoxusu gəlir… Sənin söylədiyin qış nağılına Bu yorğun könlümün yuxusu gəlir…
Mən elə bilirdim qəlbinin səsi Buludlu ruhumun şirin nəğməsi… Eşq andı verdiyin sevgi naməsi Ən qəddar, ən acı yalan görünür…
Mən elə bilirdim incə baxışsan Sevda çiçəyimə narın yağışsan Bu saya ömrümə zərli naxışsan Bülbül yuvasında ilan görünür…