Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr

Ermənistanın dəhşətli ekosid siyasəti haqqında yeni nəşr

ALTMIŞ İKİNCİ YAZI

(Ayətxan Ziyadın yeni kitabı haqqında)


Bu gün bütün dünyada, o cümlədən, Azərbaycanda ekoloji tarazlıq pozulmaqda, su, torpaq və atmosferin çirklilik dərəcəsi çox təhlükəli qlobal problem həddinə çatmaqdadır. Bu hal mütəxəssislər tərəfindən XX və XXI əsrlərdə sənayenin sürətli inkişafı, insanların təbiətə amansızcasına müdaxiləsi, təbii ehtiyatlardan istifadənin istismar həddini alması, təbii sərvətlərin insan tərəfindən sərhəd gözlənilmədən məsrəf edilməsi və bir sıra digər səbəblərlə izah olunur.

Ancaq respublikamızda mövcud problemlərlə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarında təqribən 30 il ekosid, urbisid və kultursid siyasəti aparması kimi səbəblər də var. Bu isə mövcud problemlərə daha üstün diqqət ayırmasını tələb edir.

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da ekoloji siyasətin başlıca hədəfi dövlətin öz vətəndaşının təhlükəsiz mühitdə yaşamasını təmin etmək, əldə olanları, başqa sözlə, ekosistemləri qorumaq, ətraf mühitə imkan daxilində ziyansız təsir göstərməklə təbii sərvətlərdən səmərəli istifadədir. Yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad İsgəndərovun Qarabağda və Şərqi Zəngəzurda Ermənistann ekosid, urbisid və kultursid siyasəti (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində) yeni kitabında məhz bu mövzuya işıq tutulur.

Kitab işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid siyasəti və “Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında” adlanan iki hissədən ibarətdir. I hissədə Ermənistanın Azərbaycana qarşı apardığı məkrli işğalçılıq siyasətindən, II hissədə isə Ermənistanın viranə qoyduğu Azərbaycan ərazilərini əvvəlki görkəminə qaytarmaq üçün dövlətimizin həyata keçirdiyi böyük quruculuq işlərindən bəhs olunur.

Tədqiqat müstəvisinə çıxarılan mövzu ölkənin ekoloji cəhətdən təhlükəsiz və davamlı inkişafının təmin edilməsi yönümündə əhatəli işlər görüldüyü indiki zamanda ciddi aktuallıq kəsb edir.

Kitabdan məqsəd XX əsrin sonuncu onilliyindən keçən müddətdə Ermənistanın Azərbaycanın təbiətinə və ümumən ekologiyasına vurduğu zərəri və bərpa işlərinin təşkili barədə araşdırmaları bir arada təqdim etmək olub. Bərpa işlərinin keyfiyyətli, ancaq qənaət prinsipi qorunaraq həyata keçirilməsinə, inkişaf modelinin yeni və standartlara uyğun olmasına, erməni ekosid siyasətinin nəticəsi olaraq yararsız hala düşmüş torpaqların istifadə üçün yararlı hala gətirilməsinə, bu işlərə dünyanın tanınan şirkətlərini cəlb etməklə müvəffəq olmağa, xarabalığı xatırladan ərazilərdə “Yaşıl enerji” zonası yaradılmasına Azərbaycan dövlətinin ayrıdığı xüsusi diqqət ətraflı işıqlandırılıb.

Qeyd olunan məsələlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan əvvəlki iqtisadi göstəriciləri ilə müqayisəli təhlil edilib, digər rayonların səviyyəsinə gətirilməsi yolları açıqlanıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ermənilərin usanmaq bilməyən ekosid, irbisid və kultursid siyasəti yalnız Azərbaycanın və regionun deyil, bütövlükdə dünyanın ekoloji və sosial-iqtisadi həyat tərzinə köklü təsir göstərə biləcək problem tərzində ifadə edilib. Fikrimizcə, problemə dünyanın problemi prizmasından yanaşılması daha düzgün olardı. Təəssüf ki, Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyəti ilə barısmaq istəmir, atəşkəsin şərtlərini mütəmadi olaraq pozmaqda işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinin gedişinə maneçilik törətməkdə israrlı olaraq qalmaqdadır.

Uzun illər səngimək bilməyən bu mürəkkəb tarixi-siyasi vəziyyət, eləcə də Azərbaycanın təbii sərvətlərinə Ermənistanın dağıdıcı münasibəti və ekosistemlərin qorunması kimi məsələlər nəzərə alınaraq, erməni ekosidinin aktuallığı əsərin I hissəsində bir neçə istiqamətdə nəzərdən keçirilib: ekosid anlayışına tarixi bir nəzər, ekosid siyasəti qanunvericilik müstəvisində; qərəzli münaqişə və gərginlik səbəbindən içməli və suvarma suyun çirkləndirilməsi və bunun əhalinin sağlamlığına və iqtisadiyyata mənfi təsiri; ekosistemin tarazlığının pozulması, başqa sözlə, torpağın dağıdılması, yerli fauna və flora növlərinin kökünün kəsilməsinin nəticəsi olaraq bölgədə bioloji müxtəlifliyin ciddi təhlükə altında olması; ekoloji faktorlar nəzərə alınmaqla infrastrukturun qurulması, sənaye fəaliyyətinin artması və təbii sərvətlərin davamlı şəkildə idarə olunması; ekosid siyasətindən əziyyət çəkilməsi səbəbindən bölgədə iqlim dəyişikliyinin baş verməsi və bunun əhalinin sağlamlığına, eləcə də kənd təsərrüfatının məhsuldarlığına mənfi təsiri.

“Ekoloji tarazlığın pozulması Azərbaycanın inkişaf strategiyasında” adlanan II hissədə “Ekoloji tarazlığın qorunması – Azərbaycanın ekoloji siyasətinin tərkib hissəsi” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nümunəsində Azərbaycan ekologiyanın bərpası sahəsində respublikamızın davamlı inkişaf konsepsiyası” mövzuları tədqiqat müstəvisinə çıxarılıb, Ermənistan və Azərbaycan hökumətlərinin ekoloji siyasət modelləri qarşılıqlı müqayisə zəminində açıqlanıb, adı çəkilən dövlətlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini necə qarşıladığı məsələlərinə aydınlıq gətirilib. Faktlarla göstərilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nüvəsində yalnız ekosid yox, urbisid və kultursid siyasətləri də durur. Ermənistanın bu əməlləri Beynəlxalq Cinayət Məcəlləsinin soyqırım, etnik təmizləmə və zorakılıq kimi maddələrində özünü açıq-aşkar göstərir. Və bu mövqe nəinki respublikamız, yaxud region, ümumilikdə bəşəriyyət üçün ciddi təhlükədir. 

Kitabda ekoloji siyasətin Azərbaycan modelinin əsas istiqamətlərinə geniş açıqlama verilir, respublikamızın mövcud problemləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” vasitəsilə həll etmək iqtidarında olduğu tədqiqat müstəvisinə çıxarılır. Prezident İlham Əliyevin ekoloji siyasəti ilə bağlı mövzu gündəmə gətirilməklə Azərbaycan hökumətinin həyata keçirdiyi ekoloji siyasətin hədəfləri açıqlanır. Başlıca məqsədin indiki və gələcək nəsillərin ehtiyaclarının  ödənilməsi, davamlı inkişafın təmin edilməsi, başqa sözlə, mövcud ekoloji sistem-lərin və iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, fəaliyyət zamanı qarşıya çıxa biləcək problemlərin sağlam düşüncə və ətraf mühitə mümkün qədər az mənfi təsir göstərməklə aradan qaldırılmalı olduğu diqqətə çatdırılır.

Tədqiqat işi ekoloji problemlərin öyrənilməsi və elmi-nəzəri təhlili ilə məşğul olan hər kəs üçün əhəmiyyətli mənbədir. Araşdırmadan və onun nəticələrindən tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin, müvafiq mövzularda mühazirə mətnlərinin hazırlanması işində yararlanmaq mümkündür.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

ŞAİR HƏYATI YAŞAYAN ŞAİR

ALTMIŞ İKİNCİ YAZI

(Faiq Balabəylinin bal kimi şeirləri)

Salam olsun, dəyərli oxucum! Özündə tükənməz güc-qüvvət ehtiva edən sözün tək və yeganə sahibi uca Yaradana şükürlər olsun ki, yeni gözəl bir səbəbiyyət üzərindən Sizinlə körpü qurmaq bizə müyəssər oldu. Min şükür!

Əlbəttə bu fikir subyektiv qəbul olunmalıdır. Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi  bizdə  də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair  və hətta qəssab şairlərimiz də var… Bir sözlə hər öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilmərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.

Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):

Mənim qoca şəhərim, mənim uca şəhərim,

neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!

Özümüzdən çox uzaq,

könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!

Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…

Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az  şairlərimizdən biridir.

Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”

Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü  ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının  və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən… – əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir…

Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki, …?! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:

Doyunca əyilib içdim suyundan;

Tamı tamahlandırdı, yumdum gözümü,

dadı damağıma köçdü, içimə çəkdiyim

havanı udmaq

geri qaytarmamaq… yordum özümü…

və yaxud:

İndi hay-həşir salacaq

uçacaq ac qağayılar

Qayığın saldığı izə

qonacaq ac qağayılar.

Ömrünü belə yaşayar –

nəfəsi kəsilənə qədər.

İçində qayğı daşıyar

Boğular nələr və nələr…

… , Can Qardaş, can. Sənin nələr  çəkdiyini mən bilirəm. Mən.

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Zaur Ustac – Cığırımız yol oldu!

“CIĞIR”IMIZ YOL OLDU

ALTMIŞINCI YAZI

(Yunus Oğuzun “Cığır” romanı haqqında)

“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya  qələmdarları sırasında yeri Təbəri, Qaşqarlı Mahmud, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Beləki, onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir.”  Bu sözləri  Olaylar.az-a  müharibə veteranı, yazar, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Yunus Oğuzun  “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 

“Tarix, hərb mövzulu yazılar həmişə diqqət mərkəzimdə olub. Bu qəbildən olan yazılarda heç vaxt imzaya deyil, məhz mətnlərə, onların faydalılığına, gələcək nəsillər üçün daşıdığı informasiya yükünə, tutumuna fikir  vermişəm. Bu mövzuya dəfələrlə müraciət edərək layiqliləri təqdir, yarıtmazları isə açıq şəkildə tənqid etmişəm. Əgər söhbət konkret olaraq Yunus Oğuzdan gedirsə, “Çağdaş örnək yazarlar” adlı yazımda bu imzanı  gəncliyə nümunə olaraq göstərmişəm. “Cığır”a gəlincə, Yunus Oğuz bu əsəri yazmasa belə bir yazar kimi Azərbaycan ədəbiyyatında öz sözünü çoxdan demiş, imzasını təsdiqləmişdi. Bəli. Bu qəti olaraq belədir. Ancaq Yunus Oğuz bu mövzuda yazmaya bilərdimi? Əlbəttə, xeyr! Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi. Bu Zəfərə qədər qələmə aldığı digər silsilə tarixi romanlarında işarə ilə toxunduğu mətləbləri enində-sonunda açıq bir mətnlə ortaya qoymalı idi. Zaman yetişdi. Bu nümunə “Cığır” oldu. Özü də necə? – Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda  müəllifin öz dilindən eşitdim. Bu mənzərəni seyr edəndə qeyri-ixtiyari olaraq gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz… Yunus Oğuz qalib sərkərdənin önündə, hadisə yerində onu televiziyadan seyr edən milyonların gözü qarşısında elan etdi ki, o artıq “Cığır”dan yazmağa başlayıb. Bu çox məsuliyyətli  və ciddi öhdəlik idi. Bizim tanıdığımız, tarixi biliyinə, siyasi-analitik bacarığına və ümumilikdə geniş erudisiyasına güvənən Yunus Oğuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. O bir peşəkar söz adamı kimi verdiyi sözün üstündə durdu. Gələcək nəsillərə örnək ola biləcək yeni faydalı bir nümunə yaratdı…

Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır.

Bu yaxınlarda öyrəndim ki, Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb və aidiyyəti qurum tərəfindən namizədlik qəbul edilib. Ümidvaram ki, növbəti xəbər “Cığır”ın Yunus Oğuz, ədəbiyyat, ədalət, ümumilikdə yurdsevər vətən övladları, o cığırı canları, qanları, sıldırım qayalara  hördükləri həyatları bahasına yol edərək bu gün artıq yerdən, göydən Göyçə gölünə boylanan əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz adına bu mükafatı qazanması olacaq!”

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Rəfail Tağızadə haqqında

ƏLLİ DOQQUZUNCU YAZI

(Rəfail Tağızadənin kitabı haqqında)

Salam olsun sənə ey dünyada ən dəyərli nemət olan vaxtını bu sətirləri oxumağa xərcləyən çox dəyərli oxucum! Dünyanın, təbiətin belə gözəl çağında bizə növbəti bir görüş ərmağan etdiyinə görə  şükür olsun Böyük Allaha! Bu dəfə haqqında söhbət açacağım şəxs – imza  çoxunuza tanış olmaya bilər. Doğrusu (tam səmimi), mən özüm də elə bu şəxsi son bir-iki ildə yaxından tanımışam. Və nə yaxşı ki, tanımışam… Girişə çox vaxt itirmədən birbaşa “Qısa arayış”a keçmək istəyirəm:

QISA ARAYIŞ

Tağızadə Rəfail Alı oğlu – şair, publisist, esseist, tərcüməçi.

11 fevral 1958-ci ildə Ağdamda doğulub. Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb. Müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda tanınmış həkim-şair-bəstəkar Şahin Musa oğlunun sədr olduğu AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının yeni seçilmiş üzvlərindən biridir.

“Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar”  kitablarının müəllifidir.

Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabını tərtib edib.

Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.

“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.

Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.

Çoxlu sayda kitabların redaktorudur.

Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.

Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).

Prezident mükafatçısıdır (2011).

“Ziyadar” mükafatı laureatıdır (2024).

“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.

Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.

“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.

“Ədəbi ovqat” dərgisinin təsisçisidir.

Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.

“Qarabağ – Həsrətdən Zəfərə”  (2023) müəllifin işıq üzü görmüş ən yeni kitabıdır.  “Füyuzat” (Bakı) nəşriyyatında nəfis şəkildə tərtib olunaraq nəşr olunmuş kitabı   şanlı Zəfərimizə dəyərli töhfə, ictimayətin qələm adamlarından gözlənti dolu – “…hanı sizin yazdıqlarınız?!” çağırışına sanballı cavab kimi dəyərləndirmək olar.

Rəfail Tağızadə imzası ilə  səngər həyatına dair materiallar axtararkən tanış oldum. Ömrünün on ilə yaxın bir hissəsini çiynində silah, əlində qələm (ordunun ən çətin dönəmlərində qumqumasında suyu, “ruqzaq”ında çörəyi olmasa belə döş cibində həmişə gündəliyi olan) səngərlərdə keçirmiş bir ordu mənsubu olaraq  böyük əminliklə qeyd edə bilərəm ki, Rəfail Tağızadə bu qəbildən mətn nümunələri yaratmış ən müvəffəq müəlliflərdən biridir. Məsələyə belə bir örnəklə aydınlıq gətirmək istəyirəm. Səngər həyatından bəhs edən istənilən söhbətdə mən öz yazdıqlarımdan çox Rəfail Tağızadənin yazdıqlarına önəm verirəm. Konkret olaraq Yadigar Təvəkgülün “Xatirə Yağışı” kitabını tərtib edərkən Rəfail Tağızadənin “Uçuq evdə payız”, “Yadından çıxarma” şeirlərindən istifadə olunmuşdur. Bu qeyd olunmuş iki nümunəni digər alternativ  variantlardan fərqləndirən üstün cəhət bədiiliklə reallığın çuğlaşması nəticəsində yaranmış  vəhdətdən doğan  təbii, səmimi, çılpaq doğru  mənzərədir. (Maraqlananlar istənilən internet axtarış sistemində Yadigar Təvəkgül “ Xatirə Yağışı” yazıb axtarmaqla kitabın elektron variantı ilə tanış ola bilərlər.)

“Qarabağ – Həsrətdən Zəfərə” 

“Qarabağ – Həsrətdən Zəfərə”  kitabına gəlincə, kitabın üzqabığının rəngi müəllifin demək istədiyinin tən yarısını deyir, oxucuya çatdırır desək yanılmarıq. Belə bir uğurlu başlanğıcla kitabla tanış olmağa başladıqda ikinci sevindirici məqam texniki (orfoqrafik) qüsurların yox dərəcəsində olmasıdır. Kitabı dövrümüzdəki kitab çapı bumunda çağdaşlarından fərqləndirən əsas özəllik onun tərtibi zamanı müəllifin nəsr-nəzm ayrıseçkiliyinə yol vermədən, klassik Şərq kitab tərtibi üslubuna  xarakterik qaydada həm poeziya, həm də proza nümunələrinin növbəliyi əsasında (dastanvari) gözə görünməyən  süjet xətti üzrə “həsrətdən – Zəfərə” doğru irəliləyərək “44 günlük” savaşda Şuşa zirvəsində kuliminasiya nöqtəsinə çatıb, Cıdır düzündə dincəldikdən sonra nəticəni elan etməsidir.

Söhbətin bu məqamında Aygün Bağırlının kitaba yazdığı tam əhatəli ön sözü mütləq qeyd etmək lazımdır. Özünlə Yurdun arasında sərhəd çəkmək, hələ bu azmış kimi bu sərhəddə postda dayanıb özünü Yurdundan, Yurdunu özündən qorumaq… Bundan dəhşətlisi yoxdur. Yəqin ki, bu sətirləri oxuyanlardan kimsə mütləq uzun illər əvvəl Aqil Abbasın özü haqqında olan bir sənədli filmdə “Dördyol”da  Ağdama gedən asfalt yolun üzərinə qurulmuş simvolik maneəni xatırlayacaq. Bu nöqtədən o yana keçə bilmərsən… Həsrət bax həmin o nöqtədən başlayır… Bu halın nə demək olduğunu çəkmədən nə dərk etmək, nə də təsvir etmək mümkün deyil. Bax həmin bu nöqtə Rəfail Tağızadə ustalığının mayası, uğurunun söykəndiyi başlıca amildir.

Biz Tağızadə Rəfail Alı oğlunu  şair, publisist, esseist, tərcüməçi  kimi  təqdim edərkən  onun  texniki təmayüllü dəqiq elmlər üzrə sistemli təhsil almış istedadlı şəxs (mühəndis)  olduğunu unutmamalıyıq . Bu məsələyə əvvəlki yazılarımda da dəfələrlə toxunduğuma görə sadəcə kiçicik bir xatırlatma ilə kifayətlənərək, Rəfail Tağızadəni  özü kimi ədəbiyyatçı (filoloq) olmayan qələm adamlarından fərqləndirən əsas məziyyətləri, müasir danışıq dilinə yaxın tərzdə ifadə etməyə çalışsaq həyatın ona verdiyi, real səngər həyatı yaşamaq və Yurdundan ayrı düşərək uzun illər həsrət çəkmək kimi “bonus”ları xüsusi qeyd etmək istəyirəm.  Müəllif kitaba məhz bu sualla başlayır. Yola bu silahla çıxır. Çox dəyərli Aygün xanımın verdiyi əhatəli (mübaliğəsiz) girişin həmən ardınca kitabın “8” – ci səhifəsində (mənim üçün təsadüf anlayışı yoxdur) “Həsrət yolçusu” adlı şeirində həm özünə, həm oxucusuna ünvanladığı

Ay bu yolu gedən yolçu,

Yolu, səmti bilirsənmi?

sualla başlayır “həsrət”dən “Zəfər”ədək uzanan keşməkeşli, təxminən bir qərinəlik yoluna… Rəfail Tağızadə bir müəllif, yurdsevər yurddaş kimi özünün bu yola dərindən bələd olduğunu yol boyu “Vaqonun altından asılan beşik”, “Qızılgül”, “Yolçu, ordan quş göndər, dimdiyində torpağım”, “Qaçqın qəbiristanlığı”, “Getmək istədiyim yer göz önündə”, “Orda bir ev var”, “Qalx ayağa gedək, qardaş”, “…1993…”, “Sabahı gözəl Şuşam” və “Mən sənin sərhədin, vətən” adlı dayanacaqlarda, kölgəliklərdə, bulaq başında, arx üstündə, darvazası olmayan doqqazlarda dəfələrlə sübut edir, təsdiqləyir. Oxucusuna öyrədir. Sanki hər epizoddan sonra “Bir qalanın sirri” filmində kitabların Elşənə ünvanladığı sual adamın beynində rezonans verir… Məncə əsl mətləbi bax bu yola az-çox bələdçiliyi olan oxucu anlayacaq. 

Belə ümumi baxışdan sonra üş(ç) konkret məqam üzərində qısa dayanaraq söhbətimi yekunlaşdırmaq istəyirəm. Birinci kitabdan bir nəsr nümunəsindən kiçicik parça:

“Hər kəsə verilməyən çiçək

Qarabağın hər yeri gözəl idi. Dağı da, dərəsi də. Torpağı, suyu, havası da. Əldən yerə nə düşürdüsə, bitirdi. O yerlərdə qoz ağacını qarğalar əkirdi.

Baharı laləzara dönərdi.

Meyvələrin tamı, güllərin, çiçəklərin ətri bambaşqa idi.

Bənövşənin də…” ardı kitabda. Səh. 33.

İkinci bir nəzm nümunəsinin mətləbi haqqında və özündən parça:

“Dоqquz qоz аğаcı hаqqındа bаllаda

Şəhərə məcburi köçməli оlаn аnаm iki dəfə yаmаn kövrəldi:

bir dəfə mən bаzаrdаn bаyrаmlıq qоz аlıb gətirəndə, …

Qаrımış qоz аğаcındа

qаrğаlаr qоz-qоz оynаdır,

süpürülməyən хəzəllərin аltındа

neçə ilin bаyrаmlıq qоzu yаtır.

Dоqquz qоz аğаcı vаrdı kənddəki həyətimizdə

dоqquzu dа bir-birindən böyük,

bir-birindən ucа,

budаqlаrı hаçа-hаçа.

Hələ kənd bаğındаkılаrı demirəm. …” ardı kitabda. (Səh. 18.)

Üçüncü isə kitabda səh.150 – də yer almış “Heykəlin təbəssümü” haqqında.

Bir dəstə bənövşəni “CD”, “DVD” və ya ən müasir yaddaş kartı ilə müqayisə edərdim… Hər dəfə bir dəstə bənövşə gördükdə (hələ onun ətri) insanın bütün uşaqlığı, gəncliyi kino lenti kimi gözü önündə canlanır. Bir dəstə bənövşə sözün əsl mənasında bir qəlbin açarı, bir ruhun yelkənidir. Eşq olsun, Rəfail Tağızadə!

“Qoz ağacı” məsələsi – bu giriləsi kol deyil… Yaralı yerimizdir… Yəni ən azından bu kiçik həcmli bir kitaba məlumatlandırma xarakterli ümumi baxışdan ibarət olan yazıda bu məsələdən söz salmağın yeri yoxdur. Deməlini Rəfail Tağızadə deyib…

“Heykəlin təbəssümü”nə gəlincə bu mənə çox maraqlı gəldi. Bura qədər elə bilirdim ki, “heykəlin güldüyünü təkcə mən görmüşəm…” bu yerdə ”BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ” şeirindən bir parçanı təqdim edib söhbətimi yekunlaşdırıram:

Bu gecə Şuşada göydən nur yağır,

Hər kəsin üzündə qürur, təbəssüm!

Yurdun oğlun, qızın görüb bəxtiyar,

Xan qızı Natəvan edir təbəssüm!

14-15.07.2022. – Bakı.

Şeiri tam olaraq  Zaur Ustac “Bu gecə Natəvan gülümsəyirdi” yazıb axtarış etməklə internetdən  tapıb oxumaq olar.

Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən yazıda bütün məsələlərə toxunmaq, maraqlı sualların hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, oxucuda  kitab haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa  bir-iki nümunəni olduğu kimi təqdim edim. Qısa fikirlərimi bildirim.  Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!

Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

Anton Çexovun “Altı Nömrəli Palata” hekayəsi: Ədalətsizliyin divarları arasında

Anton Çexovun “Altı Nömrəli Palata” hekayəsi: Ədalətsizliyin divarları arasında

Anton Çexovun “Altı nömrəli palata” əsəri, dərin fəlsəfi və psixoloji məzmunu ilə cəmiyyətin ədalətsizliklərinə güzgü tutur. Burada təkcə bir xəstəxana divarları arasında ilişib qalan insanlar yox, bütöv bir cəmiyyətin, sistemin acı həqiqəti var. Oxuduqca özümüzü suallar içində tapırıq: Biz kimik? Azadıqmı? Düşüncələrimiz bizi xilas edir, yoxsa məhv edir?

Əsərdəki hadisələr zahirən sadə görünür: psixiatrik xəstəxana, orada məhbus kimi saxlanılan “dəli”lər və sistemə tamamilə boyun əyən həkim Andrey Yefimiç. Amma əslində, bu palata, bizə bütöv bir cəmiyyətin metaforasını göstərir. Buradakı insanlar, ətrafımızdakı insanlardır. Buradakı divarlar, bizi sərhədləyən sistemin görünməz divarlarıdır.Andrey Yefimiç və pasiyent İvan Dmitriçin söhbətləri vasitəsilə cəmiyyətin düşüncə azadlığına, fərqli baxışlara və insan haqlarına qarşı necə qəddar olduğunu görürük. Hüquqi dövlət anlayışı və hüququn manipulyasiyası əsərdə xəstəxananın idarə olunma tərzi, hüquqi dövlət prinsiplərinin pozulmasına nümunədir. Andrey Yefimiç baş həkim olduğu halda, heç bir dəyişiklik edə bilmir və sistemin qurbanına çevrilir. Hüquq harada bitir, zülm harada başlayır? Əsər insanı hüquqi aspektdən də düşündürür. İvan Dmitriç – o, doğrudan da “dəli”dir? Yoxsa sadəcə cəmiyyətin qəbul etmədiyi biri olduğu üçün qapatılıb? Bu sual həmişə aktualdır. Tarix boyu fərqli düşünənlər, sistemlə razılaşmayanlar dəli elan edilib, sürgünə göndərilib, hətta öldürülüblər. Hüquq və ədalət nə qədər üst-üstə düşür?

Qanun insanı qorumaq üçün olmalıdır, amma bəzən onun əksinə işləyir. İvan Dmitriç məhkəməsiz, günahsız, heç bir hüquqi əsas olmadan azadlığını itirir. Bu, bizə günümüzdə də rast gəlinən hüquq pozuntularını xatırladır. İnsan hüquqları – hər zaman müdafiə olunan bir şey deyil, bəzən kağız üzərində qalır. Andrey Yefimiç – sistemin içində olduğu halda, onu dəyişdirmək üçün heç nə etməyən bir obrazdır. O, əvvəlcə bu palatanın nə qədər dəhşətli bir yer olduğunu anlayır, amma sonda özü də ora düşür. Bu, elə bil bir ədalət simvoludur: sistemi dəyişməyə çalışmayanlar, sonda onun qurbanı olurlar. Hüquqi sistem də belədir – əgər ona nəzarət olunmazsa, bir gün hamını məhv edəcək. Bəs Kim doğrudan da dəlidir?



Əsərdə əsas fəlsəfi suallardan biri budur: “Həqiqətən kim dəlidir? Cəmiyyətmi, yoxsa sistemə tabe olmayan insan?” Çexov göstərir ki, bəzən ağıllı insanlar cəmiyyət tərəfindən “dəli” elan olunur, çünki onların baxışları sistemin qəbul etdiyi normalara uyğun gəlmir.

Filosof Mişel Fuko da “Dəlilik tarixi” adlı əsərində bu problemi araşdırıb. O, dəliliyin sosial konstruksiya olduğunu və tarixi dövrlərdə dəyişdiyini vurğulayır. Hüquqi aspektdən baxsaq, bir insanın psixi sağlamlığı haqqında qərarın sırf dövlət qurumları və hakimiyyət sahibləri tərəfindən verilməsi, azadlıq hüququnun pozulmasıdır. Əsər təkcə hüquq məsələləri ilə bitmir, həm də bizə fəlsəfi suallar verir. Kim daha ağıllıdır: həyatdan bezib hər şeyə göz yumanlar, yoxsa haqsızlığa qarşı üsyan edənlər? Çexovun bizə göstərmək istədiyi odur ki, cəmiyyətin qəbul etdiyi normalar bəzən o qədər mənasızdır ki, ona uyğun gəlməyən insanlar əslində daha ağıllı olurlar. İvan Dmitriç oxumuş, bilikli bir insandır, amma yenə də burada “dəli” kimi damğalanıb. Andrey Yefimiç intellektual, düşüncəli bir həkimdir, amma sistemə tabe olduğu üçün sonda özü də qurban olur. Bəlkə də, əsərdə verilən ən dərin mesaj budur: insan yalnız düşüncədə azaddır. Amma bu azadlıq onun sonunu da gətirə bilər. Bu hekayə bizə bir şeyi göstərir: cəmiyyətdə ədalətsizlik həmişə olub və olacaq, amma əgər heç kim ona qarşı çıxmazsa, bu sistem daha da güclənəcək. Bəzən azadlıq insanın beynindədir, amma əgər cəmiyyət buna icazə vermirsə, o azadlıq heç bir işə yaramır.

Sonda isə sual açıq qalır: Biz bu palatanın içindəyik, yoxsa çöldə? Əgər çöldəyiksə, niyə bu qədər divar var?

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yol açmısan zəfərlərə çatmağa!

Yol açmısan zəfərlərə çatmağa!

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz əfsanəvi şücaətinə

İgidlikdə, cəsarətdə sənin tək,
Gərək olmur öz xalqına hər oğlu.
Bu gün millət sənin ilə öyünür,
Ey vətənin, ey yurdunun nər oğlu!

Qisas üçün öz əhdində dayandın,
Bir örnəkdi, hər bir kəsə bu andın.
Ölümünlə ölməzliyi qazandın,
Yaşa sən ey, türk oğlu, azər oğlu!

Görməmişdi yağı belə tamaşa,
Döyüş etdin düşmən ilə başbaşa.
Hələ yenə səsləyəcək savaşa,
Vətən sən tək neçə-neçə ər oğlu.

Vətən adlı bir zirvədə qarsan sən,
Milyon qəlbə doğmasan sən, yarsan sən.
Nə qədər ki, bu dünya var varsan sən,
Unudarmı millət hünərvər oğlu!

Yol açmısan zəfərlərə çatmağa,
Qarabağa bayrağımı sançmağa.
Qoymayacaq qanınızı batmağa,
Baş komandan ər İlham, Heydər oğlu!

6 noyabr 2010-cu il