
Sənlə dövran yola getmirsə, çalış sən yola get,
Sağa dönsə sağa döndər, sola getsə sola get.
Caamat içrə de ki, yoxdu zəmanəylə aram,
Amma ki gözdən uzaq yerdə girib qol-qola get.
Yumru dünyadı, çalış gillənib alt-üstünü gəz,
Hər necə maneələr olsa da, güc ver pula get.
Yeyib iç, xərc elə yığdıqlarını, qəbr evinə
İp kimi barmağına cümlə cahanı dola get.
Ölməmişdən qabaq olsan hacı, əntiqə olar,
İnkirə Minkirə kəf gəlmək üçün gir rola get.
Sənə nə sorğu-sual, cənnətə yol tut birbaş,
Hacılıq qəbzini sox gözlərə, meydan sula get.
Vecinə alma ki pissən, bu yaman işlərinin,
Yükünü çəkmək üçün oğlunu döndər qula, get.
Arifin qanmazı qandırmağa yox hövsələsi,
Elə əvvəlki kimi şeytana quyruq bula get.