
PAYIZ KEÇİR EVİMİZİN YANINDAN
Bir zamanlar hər havası yaz idi,
Çiçək ətri qoxuyurdu canından.
Yavaş-yavaş rəngi- ruhu qaralır,
Buludlanır gecəsindən, danından,
Payız keçir evimizin yanından.
Ürəyində arzulara dəyməsin,
Əl uzadıb qapısını döyməsin,
Bu şahanə qamətini əyməsin,
Qoy düşməsin şöhrətindən, şanından,
Payız keçir evimizin yanından.
Demirəm ki, şaxta vurub, qışlayıb,
Yanağını həsrətindən yaşlayıb.
Soyuq-soyuq küləkləri başlayıb,
Yarpaq tökər hər əsimin anından,
Payız keçir evimizin yanından.
Üşüməsin nə divarı, nə daşı,
Məhəbbətdən mayalanıb yaddaşı.
Özümüzük özü, eyni, adaşı,
Pay ayırıb iliyindən, qanından,
Payız keçir evimizin yanından.
Sevmək üçün bizə baxar qonşular,
Canlarını oda yaxar qonşular.
Gülməsinlər evi bahar qonşular,
Azalmasın sevənlərin sanından,
Payız keçir evimizin yanından.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI