
Hacıyev İman Həsən oğlu (Aqil İman) 1 dekabr 1958-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olmuşdur. VIII sinifə kimi doğma Daşkənd kənd orta məktəbində oxumuşdur. 1974–1976-cı illərdə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində təhsilini davam etdirmişdir.
1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun santexnika fakültəsinə qəbul olmuş, 1981-ci ildə həmin institutun “İstilik-qaz təhcizatı və ventilyasiya” ixtisasını bitirmişdir.
1981 ci ildə təyinatla Yevlax Zona Qaz İstehsalat Birliyinə mühəndis göndərilmişdir.
1981–1983-cü illərdə Tambov şəhərində həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən Yevlax Zona Qaz İstehsalat Birliyində mühəndis, 1987-ci ildən 1993-cü ilə kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Dəmir-Beton Məmulatları Zavodunda əvvəlcə Əmək haqqı və kadrlar şöbəsinin rəisi, sonralar isə Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifələrində işləmişdir.
İman Hacıyev 1988-ci ildə başlayan azadlıq hərəkatının Bərdə rayonunda öncüllərindən olmuşdur. O, 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində leytenant kimi könüllü iştirak etmiş, döyüş zamanı (1 May 1993 cü il Ağdərə rayonu Talış kəndində) yaralanmışdır.
1995-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Bərdə rayon şöbəsinin sədr müavini işləmişdir.
29 avqust 1996-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində ürək dayanmasından 38 yaşında vəfat etmiş, kənd qəbiristanlığında dəfn olunmuşdur.
Aqil İman zəngin yaddaşa, rəvan təbə, səlis nitqə, şirin natiqliyə malik şair kimi onu sevənlər tərəfindən daim ehtiramla xatırlanır. El məclislərində masabəyi kimi ağır məclislər yola salmış nakam ömürlü Aqil İmanın onlarla şeiri poeziya xiridarlarının yaddaşında yaşayır, aşıqların, xanəndələrin, qiraətçilərin reperturanın bəzəyinə çevrilmişdir.
Orta məktəb illərindən yaradıcılığa başlayan Aqil İmanın şeirləri “Bolluq uğrunda”, “İnşaatçı”, “Qızıl bayraq”, “Kommunizm yolu” qəzetlərində işıq üzü görmüşdür.
“Bu dünya görüş yeridi” (Bakı, “OL”, 2015) adlı şeirlər kitabı nəşr olunmuşdur.