
Drezdendə Dədə Qorqud izləri
Drezdendə tələbə həyatı mənim üçün, əsasən, müasir texnologiyalar, kompüter elmləri, mühazirələr və laboratoriya məşğələləri ilə bağlıdır. Hər gün gələcəyin rəqəmsal dünyasını öyrənirəm. Amma bu şəhərdə keçirdiyim günlərdən birində özümü tamam başqa bir dünyanın – əsrlərin o tayından gələn Azərbaycan dünyasının içində hiss etdim.
“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı keçirilən simpoziuma Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən dəvət almağım mənim üçün gözlənilməz və çox maraqlı oldu. Düzdür, mən Drezdendə kompüter elmləri üzrə təhsil alıram, ədəbiyyatçı deyiləm. Lakin Dədə Qorqudun adı mənim üçün uşaqlıqdan doğma olan bir addır. Bu dastanın Azərbaycan xalqının tarixində və mənəvi yaddaşında nə qədər mühüm yer tutduğunu bilirdim.
Tədbirə gedərkən məni ən çox düşündürən məsələ bu idi: necə olur ki, Azərbaycanın qədim dastanı Drezden kimi Avropanın elm və mədəniyyət mərkəzlərindən birində belə böyük maraqla qarşılanır?
Azərbaycan,Turkiyə ,Almaniya və İtaliya alimlərinin,səfirlik,diaspora ,mədəniyyət nümayəndələrinin iştirak etdiyi simpoziumda olduqca bu sualın cavabını daha yaxşı anladım. “Kitabi-Dədə Qorqud” artıq yalnız bizim milli ədəbiyyatımızın deyil, dünya mədəni irsinin də diqqət çəkən nümunələrindən biridir. Əlyazmanın Drezdendə qorunması isə bu şəhəri Azərbaycan ədəbi-mədəni irsi ilə bağlayan xüsusi bir körpüyə çevirir.
Əlyazma ilə bağlı görüntüləri izləyərkən qəribə bir hiss keçirdim. Bir tərəfdə müasir kompüter texnologiyalarını öyrənən bir tələbə kimi gələcəyin dünyasına hazırlaşıram, digər tərəfdə isə əsrlər əvvəl yazıya alınmış Dədə Qorqud sözləri qarşımdadır. Sanki keçmişlə gələcək eyni məkanda görüşmüşdü.
Mənim üçün bu tədbirin ən maraqlı tərəflərindən biri də bu oldu ki, Drezdendə təhsil alan azərbaycanlı bir gənc kimi öz mədəniyyətimin belə mühüm səhifəsinə başqa bir gözlə baxmağa başladım. Bəzən insan doğma olanı uzaqdan daha aydın görür. Azərbaycandan minlərlə kilometr uzaqda Dədə Qorqud adını eşitmək, onun haqqında danışılanları dinləmək mənə milli irsimizin böyüklüyünü bir daha hiss etdirdi.
Düşündüm ki, texnologiya dünyanı sürətlə dəyişir. Kompüterlər, süni intellekt, rəqəmsal sistemlər gələcəyimizi formalaşdırır. Amma bütün bunların içində insanın kimliyini qoruyan başqa bir yaddaş da var – dil, ədəbiyyat, tarix və mədəniyyət. Dədə Qorqud məhz həmin yaddaşın canlı nümunəsidir.
Drezdendəki bu tədbirdən sonra mənim üçün “Kitabi-Dədə Qorqud” ,sadəcə, dərsliklərdə oxuduğum qədim dastan deyil. O, zamanın sınağından keçərək bu günə gəlib çatan, bizi öz keçmişimizlə bağlayan böyük bir mənəvi körpüdür.
Mən burada, Drezdendə həm gələcəyin texnologiyalarını öyrənirəm, həm də keçmişimin izlərini daha yaxından tanıyıram. Bəlkə də , insanın ən böyük qazancı elə budur – gələcəyə doğru gedərkən köklərini unutmamaq.
Drezdendən Azərbaycana baxanda Dədə Qorqudun sözləri mənə daha yaxın və daha doğma gəlir. Çünki insan doğma sözünü bəzən ən uzaq ölkədə daha dərindən eşidir.
Drezden Texniki Universitetinin tələbəsi
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında