Həmid Herisçi – O KƏLAGAYI

O KƏLAGAYI

Eh, mənim yaşıl, soğanı kəlağayım,

səni bir gün dəmir mafəyə sancaqladım,

Küləkdə dalğalandırdım.

Dəmir mafədə sakitliyini görərkən,

Artdı Bakı küləyinə son etibarım.

Ancaq sən Bakı küləyini cilovlamağı bacardın.

İndiyəcən qalıb paslı yaddaşımda

Necə atamla, qardaşımla,

anam da

bax, bu kəlağayı başında

Getdik 1966-da

Sankt-Peterburqa.

Püskinin dueldə öldüyu yer

Dönüb olmuşdu “Çernaya reçka” adlı qəşəng otel…

Alnımdakı narahat qıvrım tel

İlk dəfə orda məni oxşatdi şairə,

Hətta göz vurdu orda mənə bir oriyental qız,

Cariyə,

Və sairə.

Səsləndi qulaqlarımda ilk qafiyə.

Çıxdım orda qardaşımla duelə.

İlk görünməz güllə

orda ağrıtdı köksümü.

Şair ölümünü, ömrünü

yaşadım, təkrarladım altı yaşımda,

Bir də gördüm bu həyat kinoafişama

Anam baxır,

Bu kəlağayının ucları isə,

tamam göz yaşlarındadır,

Tamam göz yaşlarında.

Sonra ötürdük dayanacaqdakı sapsarı tramvayı.

Neva sularında əridi, itdi

Qış sarayı.

Unutduq imperator Nikolayı.

İndi mafənə sancıram

o kəlağayını.

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir