—Oğlum, musiqa müəllimin Əlişircani gördüm. Səni çox tərifləyirdi. O qədər sevindim ki, az qala ağlayırdım. “Rəhimcanin şirin səsi var. Onu tərbiyə etmək lazımdır. Yaxşı bir müəllim tapmaq gərək,” dedi. Ruxsar ana, nazik boylu, isti baxışları olan, qara gözlü, qara saçları alnına düşən kiçik oğlunu qucaqlayaraq, ərköyünlədi. – Böyük müğənni olsan, sənin sayəndə Daşkəndi də gəzib görərik, oğlum. – Allahın izni ilə, anacığım! Təhsil alıb bitirəndən sonra, ilk işim sizi böyük şəhərdə gəzdirmək olacaq. Uzun zamandır bunu arzulayıram. Amma… konservatoriyaya qəbul edərlərmi, anacan? – Edərlər, oğlum, edərlər. Səsini eşidib, onlar da sənə heyran olacaqlar. – Anacan, çox böyütmüsünüz, mənə bənzəyənlər nə qədərdir? – Heç biri yoxdur. Allah hər kəsi öz rizki ilə yaradır, oğlum… Rəhimcan məktəbi bitirdikdən sonra gedə bilmədi. Yalnız anasının qazancı ilə nə olar. Musiqi məktəbinə daxil oldu. Müəllimlərinin köməyi ilə qəzəlləri düzgün oxumağı öyrəndi. – Hələ böyük müğənniləri də rahatlıqla ifa edə biləcək səviyyəyə çatacaqsan, oğlum, – deyirdi ustadı Ganibəy də, şagirdinin istedadından sevincini ifadə edərək. Məktəbi bitirəcək ili bölgədə keçiriləcək Gənclər Festivalında Nizaminin qəzəlləri ilə ifa edilən “Qara gözüm”, “Gəlmədi” mahnılarını ifa edərək birinci yerin sahibi oldu. Jüri heyətindəki tanınmış müğənnilərdən biri, özünü Müsli deyə tanıdan yaşlı, geniş bədənli kişi Rəhimcani qucaqlayaraq deyir: – Oğlum, gələcəyin çox parlaqdır. Bu – mənim ünvanım. Bakıya gedəndə məni tap. Təhsilinə başlamağa kömək edərəm, – dedi. O gün Rəhimcanin sevinci sonsuz idi. Sanki göylərdə uçurdu. Evə gələn kimi: – Anacığım, məni təbrik et, – dedi. – Birinci yer verdilər. Bir neçə aydan sonra Bakıya gedəcəyik. Əgər orada da yer alsam, konservatoriyaya imtahansız qəbul olunacam. – Özümün ağıllı oğlumdan öyrənirəm. Səsinə göz dəyərsə, Allah qorusun, oğlum. – Dediyin olsun… Festivalda ikinci yeri tutan Muhsincanin içində işıq yanıb yanmamışdı. – Bütün zəhmətlərim, əməklərim havaya uçdu mu? Bakıdakı böyük səhnələrdə mahnı oxumağı arzulayıram, axı… Muhsin evdə otura bilmədi. Anasının: – Ay, ay, gecə hara gedirsən? – dediyinə baxmayaraq, ustadının yanına yola düşdü. – Sülh olsun, Muhsincan, nə xəbər? – deyə qarşısını aldı ustadı. – Bu gün-erməni dincəl, dedim ki! – Usta, mən də yarışmaya qatılacağam. Bakıya gedirəm. Məqsədim budur. – Dostunun mahnısını özün eşitdin. Həqiqətən də onun səsi çox güclüdür. Amma sənin səsin də pis deyil. Allahın izni ilə, gələn il sən gedəcəksən. Mən bu məsələni həll edəcəyəm. İndi evə gedib dincəl. – Yox, usta, mən gedəcəyəm dedimmi, gedəcəyəm. Bu il mən də təhsil almağa başlayacağam. – Onda… Rahimjonu getməməyə inandırmalısan… O zaman sənə yol açılacaq. – İnandıraram. Əlbəttə, inandıraram… Muhsincan o günü səhnədə Rəhimcanin sevinclə parlayan gözlərini, qucağında gül dolu olduğunu xatırlayaraq, acıdan barmaqlarını sıxdı. – İndi heç vaxt bu qədər sevincli olmayacaqsan, dostum! Ertəsi gün şəhər mərkəzindəki bağda böyük ziyafət oldu. Ustazlar, şagirdlər, tanınmış musiqiçilər, müğənnilər toplanmış ziyafət daha çox tədbirə bənzəyirdi. Çünki, ətrafındakılar hər biri sevdikləri mahnıları oxuyur, maraqlı əskiyalar söyləyirdi. Növbə Rəhimcanin idi. O, anasına ithaf etdiyi mahnını ifa etdi. Alqışlar səsləndi. Hətta tətilə gələnlər də mahnı bitəndə onu alqışladılar. Hamı qədəhlərini doldurdu. Rəhimcan: – Bağışlayın, mən içmirəm, – dedi. – Bəli, bəli, bu ziyafət əslində sənin şərəfinə təşkil olunur, gəlin, bir dəfə, başqa içməyəcəksən? Rəhimcan nə edəcəyini bilmirdi, hamı onun üzünə baxırdı. Həya etdiyi üçün, əlacsızlıqdan bir dəfə qədəhi qaldırıb içdi. – İndi biz sənə inandıq. Həqiqi oğlan oldun! Lakin Rəhimcan, içkini içdiyi zaman əvvəl boğazı, sonra içi qızarmağa başladı, gözlərindən titrəyərək yaş axdı. Könlü narahat oldu. Otura bilmədi. Bağışlayıb yerindən durdu və bağın küncünə doğru getdi… Arxaya dönmədi. Evə necə çatdığını bilmədi. Oğlunun vəziyyətini görən ana isə göz yaşlarını tutaraq: – Oğlum, sənə nə olub, oğlum? Rəhimcan bir həftə yattı. Dəfələrlə öksürdü, heç bir şey yeyə bilmirdi. Demək olar ki, iki ay şəhərdəki böyük xəstəxanalardan birində müalicə olundu. Müalicənin təsiri görünməyə başlasa da, sağalmaq mümkün olmadı. Niyə belə oldu, bunu heç kim başa düşə bilmirdi… Günlər boyu xəstəxanada yatarkən, bezdikdən sonra rəngli kağızlardan gül düzəltməyi öyrəndi. Bu gözəl gülləri həkimlərə, tibb bacılarına, xəstələrə paylayardı… Rəhimcan tükənirdi. – Məni apar, anacan… sağalmayacağam. Evə gələndə xalçasının üzərindəki dutoru gətirmələrini istədi. – Çalmağa başlayacağam… Mağazanın ahənginə uyğunlaşdırmağa çalışdı, amma səsi çıxmadı. O, dutoru yerə qoyub ağlamağa başladı. – Mən artıq heç vaxt mahnı oxuya bilməyəcəyəm, anacan? Niyə, niyə?! Mənə nə oldu? Ruhsal düşkünlük, xəstəlik onu məğlub etdi. Yatdığı yerə bağlandı. Muhsinjon isə o günlərdə Təşkənddə idi. Seçimlərdə iştirak edib, yer tutduqdan sonra qəbul olundu. O çox xoşbəxt idi. – Müəllim, məqsədimə çatdım. Mən çox xoşbəxtəm, – dedi qayıdanda. – İndi yaxşı oxu. Axtarışa davam et. – Əlbəttə. – Dostunun xəstə olduğunu eşitdim. Xəbər aldınmı? – Bu gün sağlam-aman gəlib çatarsam, onu görməyə mütləq gedəcəyəm… Hazırlıqla o qədər də əlaqə qura bilmədim. – Belə et. O çox istedadlıdır. Sağalsın, inşallah… – Allahın izni ilə… Muhsincan belə dedi, amma daxili düşüncəsində: «O artıq heç vaxt mahnı oxuya bilməyəcək, sağalmayacaq», – deyə düşünürdü. Həmin vaxt etdiyi pis işi yalnız Allah və özünə məlum idi. Rəhimcan dərdinə şəfa tapılmadı. Bibilərinin gətirdiyi yaşlı həkimin dediyinə görə, arağa civə əlavə edilməsi mümkündür. Amma qana sürətlə qarışdığı üçün bunun dəqiq olub-olmaması və müalicəsi çətin idi. Gəncin canına qəsd edildiyi məlum olsa da, günahkar tapılmadı. Payız fəslinin, daha dəqiq desək, oktyabrın 28-də, Rəhimcan cavan, 20 yaşında dünyadan keçdi… Onun üçün kədərli, ağlamayan heç kim qalmadı. O gün yağış fasiləsiz yağıb… Muhsincanin şöhrəti isə artmağa başladı… Böyük toplantılara, toy məclislərinə çağırılmağa başlandı. Zənginləşdi, maşın aldı. Daşkənd ona daha yaxınlaşdı. Belə günlərin birində, qarın sıx yağan yanvarın 20-lərində işdən evə gedərkən, Muhsincan avtomobil qəzasına uğradı. Maşın uçuruma düşdü… Son nəfəsində nələr düşündüyü məlum deyil. Amma o, öz günahına uyğun cəza aldı. Bu hadisə illər əvvəl baş verdi. Rə himcanin anası da yaşlanıb dünyadan getdi. Amma həmin dutor və onun şəkli xalçada hələ də asılıdır.
Müəllif: Labər RÜSTƏMOVA, Tərcüməçi: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AZƏRBAYCAN MƏTBUATI – 150 MİLLİ MƏTBUAT TARİXİMİZİN DƏYƏRLİ TƏDQİQATÇISI – TURAN HƏSƏNZADƏ Yüz altı il bundan əvvəl Zaqafqaziyanın inzibati-mədəni mərkəzi sayılan Tiflisdə demokratik düşüncəli ziyalı, böyük mütəfəkkir, yazıçı-publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalı nəinki Azərbaycanda, yüzillərlə qəflətdə qalan, cəhalətin girdabında boğulan qoca Şərqin taleyinə öz ziyasını saldı. Bu ədəbi-mədəni məcmuədə xalqın həyatında baş verən hadisələr cəsarətlə, həm də böyük fədakarlıqla işıqlandırılır, xalqın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Təbii ki, “Molla Nəsrəddin” savadsızlığa, mədəni geriliyə, bütün ictimai qüsurlara qarşı məsləkdaşları ilə birgə mübarizə aparırdı. Odur ki, M.Cəlil deyirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
Aydındır ki, “Molla Nəsrəddin”in fasilələrlə 25 il davam edən fəaliyyət tarixi (1906-1931) zaman-zaman öyrənilib tədqiq olunmuşdur. Bu da “Molla Nəsrəddin”in ətrafında böyük bir tədqiqatçı nəslin yetişməsinə şərait yaratmışdır. F.Köçərlidən başlayaraq, Ə.Nazim, Ə.Şərif, M.Qasımov, M.Cəlal, M.Cəfərov, Ə.Mirəhmədov, N.Axundov, Q.Məmmədli, F.Hüseynov, N.Zeynalov, İ.Həbibbəyli və başqalarının elmi araşdırmaları sayəsində “Molla Nəsrəddin”in meydana gəlməsi, xalqın dərdlərini, ağrılarını güzgü kimi əks etdirməsi, ideya-sənətkarlıq xüsusiyyətləri ilə milli mətbuatın inkişafına təkan verməsi ilə bağlı onlarla tədqiqat əsəri, monoqrafiyalar, salnamələr yaranmışdır. Başqa sözlə, jurnalın, Tiflis, Təbriz, Bakı nəşrlərinə müxtəlif aspektdən baxışlar hər zaman elmi-nəzəri prinsiplərlə tədqiq olunmuşdur. Bu gün böyük cəsarətlə, əminliklə demək olar ki, indiyəqədərki tədqiqatlar sırasında jurnalın 1921-ci il Təbriz nəşri “Molla Nəsrəddin” jurnalının tədqiqatçılarından olan Turan Həsənzadənin adı ilə bağlıdır. Doğrudur, yuxarıda adlarını çəkdiyimiz görkəmli ədəbiyyatşünaslar, tədqiqatçılar öz araşdırmalarında jurnalın yaşam tarixinə, eləcə də onun Təbrizdəki fəaliyyətinə də nəzər yetirb, onun cənubi Azərbaycan həyatındakı mövqeyini müəyyən mənada işıqlandırıblar. Lakin M.Cəlilin Təbriz səfəri, jurnalın nəşri ilə bağlı qarşıya çıxan çətinliklərin, problemlərin aradan qaldırılmasına köməklik göstərən mütərəqqi fikirli, maarifpərvər ziyalıların dəstəyi sayəsində “Molla Nəsrəddin”in nəşrinə rəvac verilməsi, bütövlükdə “Molla Nəsrəddin”in Təbriz nəşrinin ictimai-ədəbi taleyi kompleks halda tədqiqatçı T.Həsənzadənin ciddi araşdırmaları sayəsində üzə çıxarılmış, ədəbiyyatşünaslıqda öz elmi təsdiqini tapmışdır. Məlumdur ki, hər bir tədqiqatçını müəyyən bir sahənin araşdırmalarına cəlb edən daxili bir istək, maraq olur. T.Həsənzadə də “Molla Nəsrəddin”lə hələ ilk gənclik illərindən tanış idi. O zamandan jurnalı böyük həvəslə mütaliə edir, onun həmin dövrdə və sonrakı zamanlarda da böyük təsir gücünə malik olduğunu duyurdu. Bütün bunlar gənc Turanı “Molla Nəsrəddin”in yaşam tarixini, onun yaratdığı ədəbi mühiti öyrənməyə sövq edirdi. Amma bu böyük, faydalı işlərə qədər qarşıda göz işlədikcə uzanan bir yol vardı. Bu yolun başlanğıcında dayanmış balaca Turanın göz açdığı ailəsində xəyallarına qol-qanad verən, düşüncələrini nizamlayan bir ziyalı mühitinin yaşantıları vardı…
Turan Həsənzadə 6 iyun 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində müəllim ailəsində doğulmuşdur. Atası Vahab müəllim ərəb, fars və türk dillərini mükəmməl öyrəndiyindən “Quran”ı əzbər bilirmiş. Doğma Əylis kəndində açdığı məktəbə Mirzə Vahabın məktəbi deyirmişlər. O zaman belə də deyirmişlər ki, Mirzə Vahabın məktəbi bir küp kimidir, ora uşaqları salıb, müəllim çıxarırlar. Balaca Turan da ərəb əlifbasını atasından öyrənmişdi. Vahab müəllimin yaşadığı Əylis kəndində zəngin bir kitabxanası olub. Turan müəllim xatırlayırdı ki, vaxtilə akademik Yusif Məmmədəliyev Ordubaddan piyada Əylis kəndinə gələr, Vahab müəllimin kitabxanasından hər gün bir kitab alıb oxuyar, ertəsi gün qaytarıb, yenisini götürərdi. Həmin dövrdə Naxçıvanda Ədəbiyyat dərnəyi fəaliyyət göstərirmiş. Mirzə Vahab da yazıçı Əyyub Abbasovla birgə həmin dərnəyin məşğələlərində iştirak edirmiş. Lakin Vahab müəllimin taleyi onu başqa sahəyə yönəldib. Sayılıb-seçilən bir ziyalı, maarifpərvər insan olduğuna görə onu Naxçıvanda Maarif komissarı vəzifəsinə təyin ediblər. Ömrünün Bakı dövründə isə bir müddət Akademiyanın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda) çalışıb. Belə bir maarifpərvər insanın tərbiyəsini görmüş Turanın dünyagörüşünün formalaşmasına təbii ki, ailə mühitinin güclü təsiri olmuşdur. Kitablara bağlılıq, oxuyub-öyrənmək, mənəvi zənginlik də elə uşaqlıq çağlarından qəlbində pöhrə tutub.
Turan müəllim ilk təhsilini 7 illik Əylis kənd məktəbində alsa da, ailəsi Bakı şəhərinə köçdüyündən təhsilini şəhər 189 saylı orta məktəbdə davam etdirmişdir. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Vahab müəllimin ailəsi Ordubada qayıdır. Burada Pedaqoji texnikumun üçüncü kursuna daxil olan Turan təhsilini başa vurduqdan sonra Əylis kənd məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. O, həmin illərdə təhsilini davam etdirmək barədə düşünür, nəhayət, 1945-ci ildə böyük arzularla Bakıya qayıdır. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığının əmri ilə Qubadakı Müəllimlər institutuna müəllim təyin olunur. Bir müddətdən sonra həmin institut bağlandığından Turan müəllim Quba şəhər 3 saylı orta məktəbdə direktor, müəllim vəzifələrində çalışır. Bu illərdə o, uşaqlıqdan vərdiş etdiyi mütaliəsini zənginləşdirir, vaxtının çox hissəsini səylə “Molla Nəsrəddin” satirik jurnalını oxuyub-öyrənməyə həsr edirdi. Gizli imzalarla dərc olunmuş felyetonlarlı yeni düşüncəylə oxuduqca qarşısında təptəzə bir aləmin açıldığını duyur, onun cazibəsindən ayrıla bilmirdi. Jurnal gənc Turanın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Bu maraq gənci “Molla Nəsrəddin”i daha dərindən dərk etməyə, dövrün ictimai-siyasi hadisələrini ətraflı öyrənməyə həvəsləndirirdi.
T.Həsənzadə 1961-ci ildən bütün fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. Arada iki il (1962-1964) Əfqanıstanda tərcüməçi işləyib. Bundan sonra Ədəbiyyat institutuna qayıdan Turan müəllim “Mətnşünaslıq” və “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbələrində kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Və burada elmi fəaliyyətini mətbuat tariximizin parlaq səhifəsi olan “Molla Nəsrəddin” jurnalının tədqiqinə həsr edib. Bu tədqiqatların nəticəsi olaraq 1972-ci ildə “Molla Nəsrəddin” jurnalında İran və Cənubi Azərbaycan həyatının inikası (1906-1921)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını alıb. T.Həsənzadənin tədqiqatı həmin dövrdə böyük maraqla, rəğbətlə qarşılanıb, elmi dəyəri ədəbiyyatşünaslıqda yüksək qiymətləndirilib. T.Həsənzadə Ədəbiyyat institutunda işlədiyi müddətdə bir çox kitabların müəllifi, tərtibçisi olmuşdur. 50-dən artıq elmi, nəzəri, tədqiqat xarakterli məqalələrə imza atmışdır.
C.Məmmədquluzadənin əsərlərini 3 cilddə – tekstoloji tədqiqat işi kimi hazırlamışdır (1964-1967). Yenə də ədibin əsərlərini 6 cilddə tərtib edərək nəşrini həyata keçirmişdir. Həmçinin “Molla Nəsrəddin”in karikaturaları” kitabınının nəşri də onun zəhməti sayəsində işıq üzü görmüşdür. Jurnalın I, II, III, IV, VI cildlərin transfonoliterasiyası, nəşrinin başa çatdırılması T.Həsənzadənin adıyla bağlıdır (VI cildi Əliheydər Hüseynovla bir yerdə işləmişdir). Turan müəllim sonrakı cildlərin redaktəsi və digər məsələlərdə də yaxından iştirak etmişdir.
T.Həsənzadə zəhmətkeş ziyalı, yorulmaz tədqiqatçı idi. O, “Molla Nəsrəddin”ə ruhən bağlılı olduğundan jurnalı böyük məsuliyyətlə, həm də fəxarət hissi ilə tədqiq edirdi. M.Cəlilin, eləcə də onun ən böyük əsəri olan “Molla Nəsrəddin”in yubileylərində mövzu ətrafında yeni yazılarla mətbuatda çıxışlar edirdi. T.Həsənzadənin elmi araşdırmaları “Molla Nəsrəddin”lə tamamlanmamışdır. O, milli mətbuatımızın banisi H.Zərdabinin “Əkinçi” qəzetini yeni əlifbaya transfonoliterasiya edərək tərtib etmiş, həmçinin adlar göstəricisini də göstərməklə 1978-ci ildə nəşrini həyata keçirmişdir. Bundan sonra tədqiqatçı “Molla Nəsrəddin”in təsiri ilə çıxan bir sıra jurnalların tədqiqi, transfonoliterasiyasi işləri ilə də məşğul olmuşdur. Bütün bunlar tədqiqatçının milli mətbuatımızın təşəkkülü və inkişafı tarixinə böyük marağından qaynaqlanmışdır. Onun gördüyü işlər sırasında görkəmli nasir Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri” də (2 cilddə) diqqəti cəlb edir. Turan müəllimin tərtib etdiyi bu kitablar 1986-1987-ci illərdə kütləvi tirajla nəşr olunmuşdur… (Ardı var)
TƏMİZLİK GÖZLƏNİLMƏLİ, ETİK NORMALARA RİAYƏT OLUNMALIDIR Şəhərimizə, əsasən Bakının qəsəbələrinə çıxanda bir tərəfdən adamın ürəyi açılır, digər tərəfdən isə bəzi çatışmazlıqlara görə əhval-ruhiyyəsi korlanır. Ətrafa baxdıqda gözəl binalar, müasir geyimli insanlar, dəbdəbəli avtomobillər, parklar, fəvvarələr insanın könlünü oxşayır. Lakin elə nüanslar var ki, bu, şəhərin, yaxud qəsəbənin səviyyəsinə uyğun gəlmir. Elə o son dəbdə geyinmiş qadın və kişilərdən də çox səviyyəsiz hərəkətlər gördükdə bu təzad adamı kədərləndirir. Belə ki, yüksək dəblə geyinmiş qadının günəbaxan tumunu çırtlayıb qabığını yerə atması, yaxud solfet kağızı işlədib yerə tullaması, gənclərin, eləcə də kişilərin siqaret çəkdikdən sonra onun kötüyünü yerə atması və sairə kimi bu hallar insanda ikrah hissi doğurur. Axı nə səbəbə insanların əksəriyyəti son dəbə tez uyğunlaşır, lakin mədəni səviyyəsini artırmaq istəmir? Biz necə evimizi təmiz saxlamaq istəyiriksə, eləcə də yaşadığımız binanın, həyətin, qəsəbənin, küçənin, şəhərin təmizliyinə riayət etməliyik. Mən (bu yazının müəllifi – F.Ə.) Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayıram. Onu da qeyd edim ki, Mərdəkan Xəzər rayonunun mərkəz qəsəbələrindən biridir. Hər gün yerə zibil atan kişi və qadına rast gəlirəm. Məsələ burasındadır ki, Mərdəkan qəsəbəsinin mərkəzi küçəsində dayanan, eləcə də hərəkət edən kişi və qadınlar (əsasən kişilər) lap yaxınlıqda zibil qutusu olsa da, zibili qutuya deyil, yerə atırlar. Bir neçə dəfə zibili yerə atan kişiyə zibilin yerə atmamasını başa salmışam. Amma onlardan : “hamı zibili yerə atır da…” – sözünü eşitmişəm. Bu məsələnin çözülməsində təbliğatdan, ictimai qınaqdan, eləcə də cərimə üsulundan istifadə etmək olar. Magistral yollarda, hətta bəzi daxili küçələrdə yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini qeydiyyata alıb cərimələməkdən ötrü “radarlar” qoyulur. Bu, müsbət haldır. Belə olduqda, nəticədə yol hərəkəti qaydalarını pozan sürücülərin sayı azalır. Yaxşı olardı ki, küçələrə siqaret kötüyü, kağız, butulka və yaxud hər hansı bir zibili atan şəxsləri cəzalandırmaqdan ötrü bu üsuldan istifadə olunsun. Əgər küçəyə zibil atan şəxs cərimələnsə və yaxud cərimələnəcəyini bilsə, onu lazım olan yerə atar. Gördüyüm bir əhvalatı oxucuların da diqqətinə çatdırmaq istərdim. Belə ki, 04 aprel 2025-ci ildə səhər saat 10 radələrində piyada yol gedirdim. Mərdəkan qəsəbəsində yerləşən UNİbankın giriş qapısında təxminən 45-50 yaşlı bir kişi çəkdiyi siqaretin kötüyünü yerə atdı və banka daxil oldu. Halbuki zibil qutusu bir metr aralıda idi və həmin kişi siqaret kötüyünü zibil qutusuna ata bilərdi. Dözmədim. Kişinin dalınca UNİbanka daxil oldum və kişiyə siqareti niyə yerə atmasını soruşdum. Kişi sakitcə dedi : “əcəb etmişəm”. Yenidən ona dedim ki, axı, bu, yaxşı iş deyil, niyə siqaret kötüyünü yerə atdınız? Yenə də : “əcəb etmişəm” – dedi. Kişinin geyiminin arxa tərəfində böyük hərflərlə MKTB yazılmışdı. Yəqin ki, kişi Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışır. Ona dedim : -Bu haqda idarə rəisinə desəm, ona da, “əcəb etmişəm” , – deyərsənmi? Kişi duruxdu və dedi: -Mən şəhərdə işləyirəm. Onun ağ yalan danışması artıq mənə məlum oldu. Əvvəla MKTB tərəfindən ona verilən pencək əynində idi. İkinci məsələ də budur ki, Bakı şəhərindən Mərdəkan qəsəbəsinə banka müraciət etməyə lüzum yoxdur. Çünki Bakıda xeyli sayda müxtəlif banklar mövcuddur. Kişinin adını özündən soruşmaq istədim. Təcrübəmin çox olmasına görə düşündüm ki, ünsiyyət qaydasına riayət etməyən şəxs, adını düzgün deməz. Məlumat üçün qeyd edim ki, hər bir rayonda MKTB idarəsi fəaliyyət göstərir. İdarənin funksiyası küçələri, prospektləri süpürmək və küçələrdə, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin zibillərini maşınlarla daşıyıb atmaqdan ibarətdir. Onu da qeyd edim ki, rayondakı Mənzil İstismar Sahələri də MKTB-nin tabeliyindədir. Elə həmin gün səhər saat 11 radələrində Xəzər rayon MKTB-nə zəng etdim. İdarənin müdiri və yaxud baş mühəndislə danışmaq istədim. Katibə onların işdə olmadığını, iclasa getdiklərini söylədi. Gördüyüm hadisəni katibəyə danışdım və ondan xahiş etdim ki, bu məsələni müdirə məruzə etsin. Bir neçə gündən sonra düşündüm ki, yəqin idarə tərəfindən həmin adam tapılıb və tənbeh edilib. Məsələni öyrənməkdən ötrü 07 aprel səhər saat 11 radələrində yenidən idarəyə zəng etdim. Katibə xanım müdirin yerində olmadığını dedi və söhbət əsnasında qeyd etdi ki, “bizim işçi heç vaxt siqaret kötüyünü yerə atmaz, yəqin həmin şəxs həqiqətən Bakıdan gəlib”. Maraqlıdır, elə deyilmi? Kişinin “əcəb etmişəm”, – dediyi söz mənə çox pis təsir etmişdi. Həm də kişi bir dəqiqə ərzində nizam-intizamı dörd dəfə pozmuşdu: 1.İş vaxtı onun banka müraciət etməsi, onu deməyə əsas verir ki, o, işdən yayınıb. Amma bəlkə də rəhbərlikdən icazə alıb. Demək çətindir. 2.Siqaret kötüyünü yerə atmışdı. Bu, yolverilməzdir. İstər evdə, istər işdə, istərsə də küçədə təmizlik gözlənilməli, sanitariya qaydalarına riayət olunmalıdır. 3.Üzr istəməkdənsə, “əcəb etmişəm”, – dedi. Deməli, etik normalara riayət etmir, eləcə də ünsiyyət qaylarından bixəbərdir. 4.Mən şəhərdə işləyirəm. Deməli, kişi yalan danışdı. Əgər kişi yalan danışırsa, yəqin ki, vəziyyətdən çıxmaq üçün, o, dəfələrlə yalan danışıb. Həmin kişinin kimliyini öyrənməkdən və ona müəyyən etik qaydaları başa salmaqdan ötrü, 08 aprel tarixində UNİbankda oldum. Əvvəla bankda əməliyyatlar aparılır. Həm də bankda bir neçə yerdə video kamera var. Bankın maddi məsul şəxsi Hacıqulu Quluzadə ilə görüşüb gəlişimin səbəbini dedim. Ondan xahiş etdim ki, araşdırıb həmin adamın kimliyini mənə desin. Hacıqulu müəllim məni yüksək səviyyədə qarşılasa da, araşdırma aparmağı lazım bilmədi və dedi ki, “biz yalnız məhkəmənin qərarı olsa, araşdırma apara bilərik”. Bax belə. Nə qədər intizamsız, təmizliyi gözləməyən insanları görüb susacağıqsa, bu, belə də davam edəcək. Belələri isə çoxdur. Lap çox. Küçələrdə, prospektlərdə müşahidə etsəniz, şahidi olarsınız. Azərbaycan respublikasının hər bir vətəndaşı isə, hər bir yerdə təmizliyi gözləməli, etik normalara riayət etməlidir… Fərhad Əsgərov (Ramizoğlu)
Azərbaycanın məşhur sənətkarı, dirijor Niyazi ilə dünyalar qədər sevdiyi Həcər xanımın izdivacından övladları olmayıb. Bu səbəbdən qohumlarının oğlu Ceyhunu övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə, sözün həqiqi mənasında, fəlakət gətirib. Bütün qayğısız uşaqlıq dövrünü bu ailədə, Niyazinin evində keçirən Ceyhun həddi-büluğa çatandan sonra narkotik alüdəçisinə çevrilir. Elə ailənin acı günləri də bundan sonra başlayır. Ceyhun narkotikə qurşandığı gündən etibarən Niyaziyə və Həcər xanıma olmazın əziyyətlərini göstərir. Bu əziyyətlər 1990-cı ilin sentyabrında Ceyhunun analığı Həcər xanımı qətlə yetirməsi ilə başa çatır… Niyazinin sağlığında ona oğulluğa Ceyhunun narkotik aludəçisi olması barədə “yuxarılardan” məlumat verilmişdi. Aldığı xəbər qarşısında çarəsiz qalan ata, Ceyhunu evdən qovmuş və dünyadan köçənə qədər onu əhv etməmişdi. Ancaq Maestro Niyazinin ölümündən sonra tək qalan Həcər xanım oğlunun ağıllandığını, daha pis vərdişlərdən əl çəkdiyini düşünərək onu evə almışdı. İlk günlər qalmaqaldan, söz-söhbətdən uzaq olan Ceyhun çox keçmir ki, həqiqi üzünü göstərməyə başlayır. Həcər xanımın evdən dəyərli əşyaların itməsi ilə bağlı Ceyhuna verdiyi ardı-arası kəsilməyən suallar (əslində həmin əşyaları Ceyhun oğurlamışdı) yavaş – yavaş Ceyhunu özündən çıxarır. Analığı ilə tez-tez dava etməyə, onu təhqir edib, narkotik üçün pul tələb etməyə başlayır. Bu mübarizənin axırı, bir az əvvəl də qeyd etdiyimiz kimi, qanla, ölümlə qurtarır… Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. O, əvvəlcə analığının başından vurur, huşsuz vəziyyətdə yerə yıxılan Həcər xanımın ölmədiyini görəndə isə onu boğur və evi qarət edərək qaçır. Lakin dəqiq mənbələrdən oxumuşam ki, qətl hadisəsi belə olmayıb. Deməli, Ceyhun Həcər xanımdan pul almaq üçün evə gəlir. Əvvəlcə ac olduğunu deyir və analığından ona yemək verməsini istəyir. Həcər xanım mətbəxə keçib qatilinə yemək hazırlayır. Çörək doğramaq üçün götürdüyü bıçağın küt olduğunu görür və bıçaq itiləyən daşla bıçağı yaxşıca itiləyir. Çörəyi doğradıqdan sonra həmin bıçağı masanın üzərinə qoyur. Bu zaman stol arxasında oturub yeməyə məşğul olan Ceyhun fürsətdən istifadə edib analığından pul istəyir. Həcər xanım isə cavabında ona belə deyir:
-Mənim sənə verəcək pulum yoxdur! Həcər xanım bu sözü deyib yataq otağına getmək üçün mətbəxdən ayrılır. Əsəbdən gözü dönmüş Ceyhun isə masanın üzərindəki iti bıçağı götürüb analığının arxasınca özünü yataq otağına çatdırır. Faciə də elə bu anda baş verir. O, Həcər xanımın ağzını əli ilə möhkəm sıxır, səsinin çıxmadığından əmin olandan sonra iti bıçağı analığının boğazına çəkir… Həcər xanım elə yerindəcə dünyasını dəyişir. Bu hadisə 1990-cı il, sentyabr ayının 29-da baş verir… Tarixçi-alim, dosent Zaur Əliyev yazır: “…İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb. Ceyhunun taleyi də acınacaqlı olub. Bəzi məlumatlara görə, o, həbs olunub və 2000-ci ildə azadlığa çıxıb, səfil həyatı keçirib. Deyilənə görə, azadlıqda olduğu müddətdə atalığının mənzilinə də ara-sıra baş çəkib. Onun əşyalarına, paltarlarına baxıb fikrə dalırmış, ağlayırmış, özünü söyürmüş… Son məlumatlara görə, Ceyhun qanunsuz silah gəzdirdiyinə görə 2012-ci ildə həbs edilib. Onun hazırda həbsxanada olduğu qeyd edilir…”
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.
Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi. Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.
Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm. Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram! Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb. Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi… “Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib. BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş
Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb. Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib
Ağdaban faciəsinin 33-cü ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı tədbiri giriş sözü ilə açaraq Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. O, bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar yaşayış məntəqəsindən Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarca insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişdilər. Qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı Ağdabanlı Qurbanın və onun oğlu, XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir. Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirib ki, Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğu Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Millət vəkili vurğulayıb ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Kitabxananın direktoru Lətifə Məmmədova hadisələrin tarixinə nəzər salıb, hələ 1990-cı ilin qanlı yanvarından başlayaraq 2023-ci ilin Zəfər günümüzə qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və Ağdaban faciəsinin dəhşətlərini özündə əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində xalqımızın başına gətirilən müsibətləri özündə ehtiva edən, ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində işıq üzü görən tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Azərbaycan faciələrinin təqvimi”, “Şəhidlərimiz – qürur yerimiz”, “Ağla qərənfil, ağla”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki…” və digər kitablar yer alıb. Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışında bildirib ki, ermənilər heç kimlə qonşuluq edə bilmədiklərini Ağdaban kəndinin sakinlərini diri-diri odlara qalamaları ilə bir daha sübut etdilər. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Çapar kəndində yaşayan daşnak tör-töküntüləri Ağdabana qəfil hücum etməklə onu yer üzündən sildilər. Kəlbəcər ilk şəhidlərini məhz orada verdi. Bu dəhşətli hadisə tarixə “İkinci Xocalı” kimi yazıldı. Mədəniyyət Nazirliyi “Xatirə” kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı, yazıçı-publisist Nüşabə Məmmədli, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli çıxış edərək bu tarixin unudulmaması üçün belə anım tədbirlərinin vacibliyindən söz açıblar.
Düşdü Elə qəribsədim,elə darıxdım, Göyçəmiz yadıma düşdü,nə düşdü. O zərli kəndimin tamarzısıyam, Yandı bağrım başı,bişdi,nə bişdi.
Dilim qabar oldu dad diləməkdən, Usandım xatirə il “bələməkdən”, Yadıma düşdükcə sel ələməkdən, Kor oldu gözlərim,şişdi,nə şişdi.
Allahdan ümidin üzməyib Səyyad, Ünü ərşə qalxsa,etsə də fəryad. Qınamasın qohum,qınamasın yad, Günü qəm-qüssəylə keşdi,nə keşdi. [08.04 11:53] Səyyad G: ~Gülür ~ Yenə bahar gəlir ana yurduma, Çəmən gülür,çiçək gülür,gül gülür. Günəş öz nurunu yayır dağlara, Sellər aşıb daşır,güzən, çöl gülür.
Bozarmış meşələr geyir tər libas, Bülbüllər güllərə edir iltimas, İnsanlar sevinir,quraraq təmas, Hər kəs bayramlaşır,dodaq,dil gülür.
Səyyad təbrik edir misralarında, Səadət diləyir dualarında. Gözəl havaların sədalarında, Qız gəlin oynayır,incə bel gülür.
Odunda yanım Sən bir şəm ol,mən pərvanə, Alışdır, odunda yanım. Ürəyindən hərarət ver, Bəlkə dinclik tapa canım.
Hər bir kəlmən məlhəmimdi, Həm zilimdi,həm bəmimdi, Bu günümdə həmdəmimdi, Qoymur dərd-qəmdən talanım.
Səyyadın müştaqdı gülə, Bənzərsən şeyda bülbülə! Qurban olum şirin dilə, Qıyma yansın din-imanım. Məni ,,atəşə”salanım.
Amandı Ömrümə yazılan ay ömür payım. İnciyib qaş-qabaq salma, amandı. Himə bənddi, patlamağa çalışan, Ürəyimi nişan alma, amandı.
O xəznədə bil, xüsusi payın var, Deyiləm vəfasız, ya da biilqar. Dünyada hamının bir gedişi var, Bulud kimi belə dolma, amandı
Anam yoxdu ağı deyib ağlasın, Qızım yoxdu ürəkləri dağlasın, Ata deyə qəlbi qübar bağlasın, Bu,həyatdı,məyus olma, amandı.
Ruhum dolanacaq,başının üstə, Gülər gözlüm, şirindil, boyubəstə, Ara-sıra sızlayanda ahəstə, Dərd əlində əsir qalma, amandı.
Hər gələn nəfsini tökdü də getdi, Könül taxt-tacımı viranə etdi, Səyyad,ta, ömrünün sona yetdi, Xiffət edib, gülüm,solma, amandı.
Kimi Mənə bir sevgi ver,başına dönüm, Daşıyım mən onu məzara kimi. Qoruyan mələyim olsun həyatda, Məhv etsin bədliyi…, azara kimi.
O sevgi səs salsın bütün düyaya, Sorağı yayılsın ulduza, aya. Bütün dərdlərimi döndərib ,,suya,” Qoparsın sinəmdən bir yara kimi.
Səyyadı yandırıb kül eləsin,kül, Səsinə səs versin hər şeyda bülbül. Qaşları bir kaman,saçları sünbül, Məlhəm ol dərdimə bir çara kimi. [08.04 11:53] Səyyad G: ~ Eh, paxıllıq,paxıllıq~…
Əmması olmasa hər deyilənin, Dünyada gözəllik aşıb-daşardı. Paxıllıq qəlblərə yol tapmasaydı, İnsanlar şad-xürrəm ömür yaşardı.
Özün üstün bilən xamdı,naşıdı, Düşünsün ki,Süleyman nə ,,daşıdı”?! Abır,ismət,insanlığın ,,başı”dı, Dədələr beləcə el dolaşardı.
Şeytan ara qatıb nifaq salmasa, Ət-dırnaq arası girən olmasa, Dərd əlindən saralmasa,solmasa, Səyyad da ürəkdən nəğmə qoşardı.
Məzar başında ,,söhbət”
Uzat əllərini qoy sinəm üstə, Məlhəm olub dərdlərimi kiritsin. İllərdi ki,göynək olmuş yaramı, Misqal-misqal,gilə-gilə çürütsün.
Gözləmirdim bu sevdanın sonunu, Fələyin varıymış özcə qanunu! Buza dönmüş sevdamızın donunu, De, kim nəfəs versin,de,kim əritsin?!
Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşıblar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başlayıb, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk MədəniyyətiQazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış ediblər. Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb. “Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, – deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev yazarlar.az əməkdaşımıza açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışıb. Son 30 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb. Baş katib vurğulayıb ki, TÜRKSOY-un əsas missiyalarından biri türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib. TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib bildirib ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirmişik. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil etmişik. Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər – bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik. TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırıb ki, biz Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul oluruq. Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik. 2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğulayıb ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib. Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açıb. Sultan Rayev xüsusi vurğulayıb ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və biz bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şadıq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ondan çox proqram keçiriləcəyini bildirib. Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. O bildirib ki, məhz bu gün – aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir. O bildirib ki, Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla “fəxri professor” təltifi ilə bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib. Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan “danışan kitab” projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. “Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir”, – deyə Sultan Rayev əlavə edib. TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır” – deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyada akademik Teymur Kərimlinin, professor Esmira Fuadın, ədəbiyyatşünas alim Qiymət Məhərrəmlinin xalq şairinin yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib. Bəxtiyar Vahabzadənin ailə üzvü Rəna Rzayeva çıxış edərək ailəsi və doğmaları adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk dünyasının İstiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Deputat bildirib ki, məhz bu elmi sessiyanın keçirildiyi elm məbədi Məhəmməd Füzulinin adını daşıdığı üçün biz də bu günkü məruzəmizi rəmzi olaraq “Bəxtiyar Vahabzadə yaradıcılığında Füzulinin bədii obrazı”na həsr etmişik. Cavanşir Feyziyev: “Şəbi – hicran” Bəxtiyar Vahabzadənin qəlbindən Füzuli dünyasına gedən bədii yoldur…” Çağdaş Azərbaycan ədəbiyyatı zəngin və çoxəsrlik tarixi kökləri olan mənəvi qaynaqlar üzərində bərqərar olmaqdadır. Bu mənada, Məhəmməd Füzuli mənəvi fikir tariximizin məhvərində dayanan və yüzillərdir qələminin işığı söz dünyamızı rövnəqləndirən poetik dühalardandır. Yaşadığı dönəmdən 5 əsrdən çox zaman keçməsinə baxmayaraq bu gün çağdaş Azərbaycan ədəbiyyatında, o cümlədən qardaş türkdilli ədəbiyyatlarda Füzuli yaradıcılığından bəhrələnmələrə geniş rast gəlinir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə də Füzuli sözünün sehrində yazıb-yaradan, öz mənəvi dünyasında və əsərlərində Füzuli ruhunu yaşadan aydın məfkurə adamlarındandır. Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza son dərəcə sadiq qalan Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır. “Şəbi-hicran” poemasında dahi ustadı Füzulinin sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə həm də bu ilahi heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər Füzuliyə bağlıydı, onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şeirin ölməz dili ilə belə ifadə edirdi:
Qəvvas olub o dəryada mən çox üzmək istədim, Batdım bircə damlasında, damlası da dərindi.
Və yaxud: Dərk etmədim hikmətini, can heyrətdən uçundu… Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Ədibin Füzuli haqqında publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığın yönünü Tanrıya çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır… Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun sehrinə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225). Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır: Biri deyir: Həyatın hüsnü, süsüdür sənət Biri deyir ürəyin döyüntüsüdür sənət. Biri deyir ki, sənət təbiətin səsidir, Biri deyir ki, sənət eşqin təranəsidir. Biri deyir ki, sənət hər şeydən öncəsidir, …Biri deyir ki, sənət insan düşüncəsini, Fikrini, xəyalını uçurur göylərə. Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində, böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir. Sənət dəryaya bənzər, Onun min bir halı var Onun sirlərlə dolu öz cahi-cəlalı var. Kiminin bu dəryada gördüyü çör-çöp olur, Kimi də dibindəki incilərə vurulur. Məncə, can yanğısıdır şeir, sənət əzəldən… Poemanın başqa bir səhnəsində Leyla ilə Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə Bəxtiyar belə ifadə edir:
Yanırsan, əzizim, alış, yan yenə, Sənət dediyin də yanar çıraqdır. Elin kədərinə, elin qəminə, Sən də yanmayanda, kim yanacaqdır? Bəxtiyar Vahabzadə ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də Bəxtiyar Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı… Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır… Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995). Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin dünyadakı bütün türk xalqlarının böyük sənətkarı olması onun ruhundan, ruhən Türk dünyasına yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən qidalanırdı. Dilə, milli ruha, milli kökə bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”… Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi.“Şəbi-hicran” poemasında ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi sanki həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə ifadə olunurdu: Arzusunu, eşqini O, tapmadı həyatda. Həyata güldüyündən Ağlatdı zülüm-zülüm Füzulini həyat da!..
Burda böyük dərdimiz yadıma düşdü mənim, Hələ birlik görməmiş mənim böyük vətənim. Qəsbkarlar əlində didildi, parçalandı, Ancaq sərvəti deyil, ürəyi də talandı. Sərvət getsə qəm deyil, Sərvət gələr yenə də. Bu qəmdir ki, millətin Qəlbinə, eşqinə də, Dilinə, ruhuna da Qəsb edələr, ay aman! Ələmlərin, dərdlərin Hamısından bu yaman! Bəxtiyar Vahabzadə öz böyük ustadı Füzuli kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin “Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı: Hərəsi bir diyarda qalan qardaş-bacılar, Füzulinin şeirilə tanıdı bir-birini. O çatdırdı qardaşa qardaşın əllərini. Könüllərə bir ümid, Nəşə verdi Füzuli Parçalanmış milləti Birləşdirdi Füzuli. Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Füzulinin XVI yüzildə gerçəkləşdirməyə çalışdığı kimi, XX yüzilin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə Bəxtiyar Vahabzadə böyük Türk dünyasını milli birliyə, bütövlüyə səslədi. Bütün bu dillər əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı, böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti” – deyən Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyunca Füzuli irsinə mənən sədaqətini sərgiləmiş oldu. Qapadı gözlərini yana-yana Füzuli Zülmündən usandığı bu cahana Füzuli… Bütün bu misralarda o, həm də Füzuli obrazını əbədiləşdirir. “Şəbi-hicran” poemasında Türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu Söz heykəli böyük şairi oxuculara hər misrası ilə sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzulinin ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru gedir. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. Bəxtiyar Vahabzadənin çox sevdiyi sözlə desək, İnam yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı Eşq idi. Bu dünyaya göylərdən Eşq bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli… Ömrünü ahlarla vermədin bada, Arzu dəryasında bir yelkən oldun. Zaman özgəsini yandıranda da Alışan o oldu, yanan sən oldun.
Ağladın, yayıldı səsin hər yana, Bülbül bağçalarda ötdü – dedilər. Gələndə Məhəmməd gəldin cahana Gedəndə: “Füzuli getdi” – dedilər. M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zamanların ötəsində insanlığın qəlbində, iç dünyasında əbədiyaşar bir obrazdır. Hər iki sənətkarın “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran” və Bəxtiyarın “Şəbi-hicran” poemaları ilahi bir eşqlə sevən, sevgisiylə kamilləşən İnsanın özünüdərk yoludur. Yüzillər ötsə də, bu yol mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq.