Etiket arxivi: Əsgər İsmayılov

Ustad müəllimimizin doğum gününə

Varlığı ilə elinə və elminə bağlı ömür

Görkəmli alim Qulu Xəlilov yazırdı ki, “Adam var, gözlərini açandan varlığına Vətənə, xalqa xidmət kimi müqəddəs bir hiss hopur. Bu hiss getdikcə alova çevrilir”. Alimin söylədiyi fikirlər bütöv bir taleyə, daha dəqiq həyat fəlsəfəsinə bağlıdır. Düşünürəm ki, bu hiss nə təsadüfün nəticəsi deyil, nə də sonradan qazanılan bir keyfiyyətdir. Burada genetik faktorların, nəsildən-nəslə ötürülən mənəvi irsin rolu danılmazdır. Yəni, insanın varlığı əvvəldən Vətənə, xalqa xidmət ideyası ilə yoğrulur. Qulu Xəlilovun qeyd etdiyi kimi, bu hiss zamanla daha aydın forma alaraq sönməz bir məşələ bənzəyir. İnsanın daxilində alışan alov yalnız onun öz yolunu işıqlandırmır, həm də ətrafa nur saçır. Məhz belə insanların sayəsində cəmiyyət yaşayır, milli və mənəvi dəyərlər qorunur.

Müasir və müstəqil Azərbaycanın jurnalistika elmində, ana dilimizin inkişafında, azərbaycançılıq düşüncəsinin formalaşmasında, ictimai elmlərin tərəqqisində çəkisi və nüfuzu olan professor Cahangir Məmmədli məhz bu mənəvi missiyanı ömrünün mənasına çevirmiş ziyalılardandır. O, bütün şüurlu və mənalı ömrünü Bakı Dövlət Universiteti ilə bağlamış, dəyərləri qorumağı şəxsi mövqedən çox, mənəvi borc kimi qəbul etmişdir. Akademik Vasim Məmmədəliyevin təbirincə desək, “Cahangir Məmmədli hər şeydən əvvəl bir universitet müəllimidir. O, adi müəllimlərdən deyil”. Vasim Məmmədəliyevin də qeyd etdiyi kimi, “çünki Cahangir müəllim təmizliyə, universitet ruhuna, dövlətçilik prinsiplərinə sədaqətlidir”. Bəlkə də çox az insan tapılar ki, bütün həyatını bir xətt üzrə — elmə, pedaqoji fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsinə həsr etsin. Şübhəsiz, yuxarıda da qeyd etdiyimiz kimi, bu yol təsadüfən seçilmir. Müəllimimizin həyat yolunun başlanğıc çağlarında — məktəbli və tələbəlik illərində belə eyni düşüncə xətti, eyni dəyərlər sistemi ilə hərəkət etməsi bunun bariz sübutudur. Əlbəttə, sistem qarşılıqlı şəkildə işləyirdi: insan dəyərlərə sədaqətli qalır, sistem də öz növbəsində insanı qoruyurdu. Bu vəhdət professor Cahangir Məmmədlinin təbiəti ilə tam həmahəng idi. Sakit, iddiasız, özünü önə çıxarmaqdansa bir addım kənarda dayanmağı üstün tutan bütöv bir xarakter… Elə buna görə də o, səs-küydən uzaq, ağırtaxtalı şəxsiyyət kimi tanınır.

Bu mənəvi bütövlükdə torpaq amili də xüsusi yer tutur. Böyük ədibimiz Mirzə Cəlil doğulduğu torpağı “Müqəddəs Vətənim” adlandırması kimi, Ustad müəllimimiz də Novruzlunu özünün “Mikro Vətəni” sayaraq həmişə qürurla dilə gətirir. Çünki torpaq insana yalnız fiziki məkan deyil, mənəvi dayaqdır. İnsanın kökü torpaq olduğu kimi, torpağın da kökü insandır. Kök təkcə keçmişlə bağ da deyil, həm də gələcəkdir, sabahdır. Bu gün azadlığına qovuşan torpaqlarımız üzərində açılan sabahlar da məhz bu kök üzərində boy atır. Kökü olan insan ən sərt küləklər qarşısında belə sınmır, ayaqda qalmağı bacarır. Bu bağlılıq Vətən sevgisi ilə yanaşı, Vətən qarşısında məsuliyyət və and deməkdir. Bu mənəvi xətt həm də Ağdamı quran, yaradan ziyalı nəslindən, Ustad müəllimimizin özünə müəllim bildiyi Zeynal Məmmədli ocağından qaynaqlanır. Yaddaşla vicdanın kəsişdiyi, böyük söz və fikir adamlarının cəm olduğu, sadəlik və səmimiyyətin hökm sürdüyü bu ocaqda müəllim adı ən ali məqamda pərvəriş tapıb.

Amerikalı yazıçı Çarlz Bukovski deyirdi ki, “Sadəlik dərin bir həqiqətdir.” Doğrudan da sadəlik yalnız zahiri davranış deyil, daxili bütövlüyün ifadəsidir. Çəmənzəminlinin sevgini insan təbiətinin son təzahürü adlandırdığı kimi, həqiqəti dilə gətirmək, halalzadəlik də sadəliyin ən ali formasıdır. Görkəmli pedaqoq Ə.Dəmirçizadənin hər zaman fəxrlə “Professor Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Abdulla Şaiqin tələbəsi olmuşam” deməsi bu mənəvi sadəliyin parlaq nümunəsidir. Professor Cahangir Məmmədlinin qəlbində və dilində də öz müəllimləri — Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundov və digərləri hər zaman dərin ehtiramla yad edilir. Onların ruhu müqəddəs bir miras kimi yaşadılır. Bu mənəvi zənginlik Ustad müəllimimizin tələbələrinin də qəlbində kök salır, onların dünyagörüşünə, düşüncə tərzinə və davranışına müsbət təsir göstərir. Beləcə müəllimə hörmət, elmə sədaqət, insani dəyərlərə bağlılıq bu yolun əsas mənəvi mayasına çevrilir.

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru – FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.

Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış

Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi

Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Məlumatı hazırladı: Təhmasib İSAYEV
FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru


AZƏRBAYCAN MƏTBUATI – 150

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yolumuzda yolunuzun izi var

Yolumuzda yolunuzun izi var

(Cahangir Məmmədlinin doğum gününə söz ithafı, yaxud qəlbin qəlbə öz ithafı)

Sartr deyirdi ki, ziyalı tənhadır. Əlbəttə, yazıçı təkliyin, yalnızlığın mənəvi tərəfini nəzərdə tuturdu. Biri də var ki, bütün aspektlərdə tənhalıq. Dünyaya gözlərini açıb görəsən ki, nə ata var, nə ana. Beləcə, ağır müharibənin ortası və sonrasında çətinliklə ötən uşaqlıq illəri. Bu azmış kimi ardınca da Rusiyanın ən şaxtalı, ən soyuq Kamçatka adlanan uzaq vilayətinə hərbi xidmətə yollanasan. Uzun ayrılıqdan sonra yenidən Vətənə qayıdıb və yenidən qismətinə yazılan ayrılığı yaşayasan. Bu dəfə doğma elin-obanın ayrılığı…

Beləcə, Tanrının yaratdığı “insan” adlı kamil yaradılış da, yaxud Talstoyun təbirincə desək, qələmə alınan ən möhtəşəm əsərlərin də taleyi sanki bir-birinə bənzəyir. Və yaxud belə başlayır: Ya bir insan yola çıxır, ya da bir şəhərə yad adam gəlir”. Bu yolçu, yaxud yad adam — tənha adam ən əvvəl Tanrıyla doğmalaşır, sonra bəndələrlə… O, yaratdıqları ilə yaşayır. Dərindən anlayır ki, yaratmağın da, yaşamağın da, zəhmətin, əməyin, cəfanın da fəlsəfəsi insana məxsusdur. Elə Uşinskinin də dediyi kimi, “…əmək yer üzündə solğun işıq saçan müqəddəs şamdır, onu söndürsəniz, dünya zülmətə çevrilər…”

Bu fəlsəfəni doğru və düzgün yaşayan yaradıcı insana biz belə ad verərdik: İNSAN ADAM, yaxud TANRI ADAMI. Bizim hamımızın sevimlisi, böyük Ustad olan Cahangir müəllim də insan adam statusuna malikdir, həm də bu status onun “pasport”unda uzun illərdir ki, yaşayır – öncəki nəsillərdən bugünkü nəsillərə qədər… Ustad kimdir? sualının cavabını axtarırıq. Sonra bizdə belə bir qənaət hasil olur: “Ustadın kimliyi onun yaratdıqlarında gizlidir”. “Əkinçi”nin toxumlarının cücərməsində, yeni “Əkinçi”lərin yetişməsində; “Molla Nəsrəddin” fəlsəfəsinin yaşamasında, yeni “Molla Nəsrəddin”çilərin böyüməsində; “Füyuzat”ın millətçilik işığında, yeni “Füyuzat”çı Vətən keşikçilərinin elm və maarif işığına bürünməsində rolu olan bir əhli-qələmdir, O (cavabımız belə oldu, hələ ən lokanik formada). Ustad bu gün öyrətməkdən savayı, həm də öyrənir. O, bunu söyləməkdən çəkinmir. Çünki, sönməyən bir günəş olan mətbuat aləmində hər şey xaotikadan asılıdır; bu məngənənin daxilinə düşdünsə, istər 7 il, istər 70 il bu dünyanın sakini ol, öyrənəcəksən, istəsən də, istəməsən də öyrədəcəksən…

Cahangir Məmmədli isə öyrəndiyi qədərindən də çoxunu öyrətmək istəyir – çünki, O anlayır… Anlayır ki, O bu gün bizim gözümüzdə uzun bir yoldur — uzundan əlavə, şərəf dolu və amallarla boyanmış bir yol… Anlayır ki, bu gün ölkəmizin çiçəklənən mətbuat yolunda bir iz var. Cahangir Məmmədli izidir bu iz – tarixin sınağından və keşməkeşindən keçərək Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsi adlanan elm qibləgahında var olan bir iz.

Milli Mətbuat adlı kitabın səhifəsində ən böyük pay sahiblərindən biri elə məhz BİZİM USTADDIR!

O şəxs ki, sözü sənətə çevirir. Qiymətli sözü heç vaxt sabaha saxlamır, yerində işlədir, məqamında söyləyir. Gələcək nəsillər, sabahlar üçün çalışır. İdeyaları işıqlandırır. Beyinləri Vətənin müdafiəsi, müstəqilliyin əzəli və əbədi olması üçün hərəkətə keçirir. Buna görə biz Cahangir müəllimi peşəmizin ŞAHlarından adlandırırıq, çünki bizə sözü sənətə çevirməyi öyrədənlər arasında ələlxüsus qeyd edilməli müəllim, sevimli professordur.

Mükəmməliyyət qeyri-iradilikdən də formalaşa bilər – bizim Ustadda yaranan kimi. Hər zaman təvazökarlıq və nümunə zirvəsi olan Cahangir Məmmədli isə biixtiyar mükəmməldir. Bu cümlədən sonra avtomatik olaraq “NİYƏ?” deyərdik, lakin düşünürük ki, bu sualın cavabı elə hər kəsə bəllidir:

çün, O bir QƏLƏM ADAMIDIR;
çün, O bir MÜƏLLİM ADAMDIR;
çün, O bir DOST ADAMDIR;
çün, O bir İNSAN ADAMDIR, VƏTƏN ADAMDIR, USTAD ADAMDIR.

Çox yaşayın, USTAD ADAM!

Yolumuzda yolunuzun izi daimi olsun…

Əli Hüseynov, Əsgər İsmayılov

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsgər İsmayılov yazır

Sevin “Bütöv Azərbaycan”ı. Ona abunə də olun, aludə də!..

Klassik qəzetlərimizdən bu yana, yaxud sovetlərin dağıldığı ərəfədə, eləcə də müstəqillik qazandığımız ötən əsrin əvvəllərində, həmçinin indiki dövrdə dəyişməyən və təkrarlanan həqiqət vardır. Beləki, əksər mətbu orqanlar tarixi zərurətdən yaranıb, fəaliyyəti xalqın maarifinə istiqamət alsa da, fəqət reallıq tamamilə başqadır. Bu mətbu orqanlar xalqla bərabər yaşamaq üçün, tarixin nə dünənində, nə də bu günündə bütöv bir xalqa deyil, ayrı-ayrı fərdlərə səsləniblər. Baxmayaraq ki, çəkdikləri cəfa xalqın səfası üçündür. Urvatlı qəzet və jurnal abunəsinin təşkilində halal oxucularına ümid bağlayıblar. Hamımızın da bildiyi bir həqiqət də vardır: “zər qədrini zərgər bilər”.

Hesab edirəm, bir məqamı xatırlatmaq tam yerinə düşər: Bir gün dövlət televiziyasının (AZTV) efirində rəhmətlik Heydər Əliyev xalqla görüşü ərəfəsində məmurlardan biri ilə söhbət edir. Heydər Əliyevə bildirilir ki, axşam bütün zəhmətkeşlər Milli Parka televiziya vasitəsilə bayram şənliyinə dəvət olunublar. Heydər Əliyev bu anda məmurun “zəhmətkeşlər” kəlməsini “Vətəndaşlar” ifadəsilə düzəldir və bildirir ki, “Vətəndaşların bəziləri zəhmətkeş deyil”. Həqiqətən də qəzet oxumaq, səhifələrini vərəqləmək zəhmət tələb edir. Mənəvi zəhmət. Bir də var maddi zəhmət. Bu da qəzetə abunə ilə bağlıdır.

Artıq ilin sonlarına doğru addımlayırıq. Qəzetlərə də abunə olmaq zamanıdır. Mənim tanıdığım “Bütöv Azərbaycan” qəzeti təşkil olunduğu zamandan təşəkkül tapdığı, intişar etdiyi məqama qədər öz səhifələrində həmişə tələbə yazılarına yer ayırıblar. Redaksiya heyəti sözümüzün dərcində heç zaman qızırğalanmayıblar. Gərək ki, o günkü yazan əlimizlə, bugünkü ürəyimiz bir ola. Sən yanasan, mən yanam ki, qəzet də yaşaya…

Ona görə də, sevin “Bütöv Azərbaycan”ı. Ona abunə də olun, aludə də!…

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əsgər İsmayılov – “Torpağında insan yaşar”, deyən bilgə – Ramiz Əsgər!

“Torpağında insan yaşar”, deyən bilgə – Ramiz Əsgər!

Dəyərli Bilgəmiz Ramiz Əsgər ziyalılığı ilə cəmiyyətə, elmi ilə xalqa hələ çox gərək idi. Xəstəhal olsa da daim milli-mənəvi dəyərlər yolunda, xalqın soykökünün dərki istiqamətində usanmadan çalışır, külüng vururdu. Türkmən qəhrəmanlıq dastanı olan “Goroğlu”nun (Koroğlu) ilk cildini bacısı Nailə xanım Əsgərlə bərabər tərcümə edib, tamamladığını feysbuk üzərindən bildirmişdi: “…İndi ön söz yazıram. Bu cilddə 13 boyun tərcüməsi var. 2-ci cilddə 18 boyun tərcüməsi olacaq.
Möhtəşəm bir əsərdir. Ancaq nəşr üçün vəsait yoxdur… Qalanını siz düşünün. Təxminən 3 min manat lazımdır…” Ramiz Əsgər işin ən çətin mənəvi tərəfini həll etmişdi. Qalırdı maddi tərəfi. Yadıma bilirsiniz nə düşür? Rəhmətlik Şirməmməd Hüseynovun bugünlə səsləşən fikirləri: Abbas Səhət qəzetlərdə elan verir ki – “ay camaat gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək”. Görünən odur ki, o gündən bu günə heçnə dəyişməyib. Bircə elanın şəkli dəyişib: qəzet səhifəsindən internet səhifəsinə daşınmaqla.

Ramiz müəllim son zamanlar feysbukda ara-sıra statuslar paylaşırdı. Bunların birində ünvanına çoxsaylı xoş sözlər səsləndirilmişdi. Təvazökarlıq, sadəlik və alicənablıqla şəxsinə ünvanlanan dəyərli fikirləri qəbul etməyib, onun məsuliyyətli məsələ olduğunu bildirmişdi. Ramiz Əsgər məsuliyyətini tez-tez vatsap statusunda sevərək bölüşdüyüm “Su pərisi” şeirində də hiss etmişdim. Ramiz müəllim həmin şeiri Bakı Dövlət Universitetinin auditoriyasının birində səsləndirir. Bu anı telefon yaddaşına, sonra da tarixin arxivinə köçürən tələbəyə çox təşəkkür edirəm. Həmin şeirdə deyilir:

Ağ köpükdən sırğaları,
Gümüş kimi ağ dərisi,
Yarıb gəldi dalğaları,
Yоsun saçlı su pərisi.

Heyrət ilə baxdım оna,
Alоvlanır içərisi,
Aşiq оlub bir insana,
Eşqə düşüb su pərisi.

Dedi: “Sevdim bu adamı”,
Gördüm о bir eşq dəlisi,
“Оlmaz məndən su adamı”,
Dinləmədi su pərisi.

Dedim оna: “Məndən vaz keç,
Ürəyimdə var birisi,
Öz sоyundan birini seç,
Sev оnu sən, su pərisi.

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar,
Sularında su pərisi”.

Dedi: “Daha sevgi bitdi,
Yox könlümün müştərisi!”
Göy sularda gözdən itdi,
Qəlbi sınan su pərisi.

Bir səs qоpdu dоdağımdan,
Fəryad, nida: “Su pərisi!”
Dönüb öpdü yanağımdan,
“Get, əlvida, su pərisi!”

Оndan sоnra görünmədi
Nə ölüsü, nə dirisi,
Hara getdi, bilinmədi,
Yоxa çıxdı su pərisi.

Şeiri bütövlükdə ona görə paylaşdım ki, ziyalı ömrünə hazırladığım yazı ilə nəzər salan oxucu şeirlə tanış olsun. Qoy, bədii-ədəbi-estetik zövqü tərəqqi eləsin. Şeirin aşağıdakı sətirlərində bəşəriyyətdə var olan canlıların tutduğu mövqe, vəzifə açıq şəkildə oxucuya çatdırılır:

Bu dünyanın hər şeyi var,
Uçarısı, köçərisi,
Tоrpağında insan yaşar
Sularında su pərisi

Şeirin bu misrası heç ağlımdan silinmir. Eləbil, düşüncə “qayası” üzərinə həkk olunub. “Torpağında insan yaşar” ifadəsi, sanki M.A.Ərsoyun “İstiqlal marşı”ndakı “…Basdığın yerləri “torpaq” deyib keçmə, tanı!..” sətirlərindən doğan gücdən alırdı…

Vətən torpaqlarının azadlığı Ramiz Əsgəri də xoşbəxt etmişdi. Ancaq çox təəssüf… Yaradıcılığının mayasını xalqın kökündən alan böyük alim babalarımızın həsrətlə dünyadan köçdüyü Qərbi Azərbaycanın – Dərələyəzini, Qafanını, Göyçəsini, Vedibasarını görə bilmədi.

Özümə ünvanlı xüsusi qeyd: Ötən illərdə əməkdar jurnalist, əziz müəllimim Qərənfil Dünyaminqızının məqaləsinə yazdığım fikirləri oxuyan Ramiz Əsgər öz təbrikini Qərənfil müəlliməyə çatdırmışdır. Ancaq unutqanlıq edib, bu təbriki Qərənfil müəlliməyə bildirməmişdim. İndi yadıma düşəndə çox təsirləndim.
Digər bir məqam da var. Mühacirşünas alimimiz Abid Tahirli hər dəfə tələbələrinə milli dəyərləri, xalq ziyalılarını tanımaqları üçün suallar verir. Günlərin birində bizdən soruşdu ki, “Ramiz Əsgəri tanıyırsınızmı?”. Tələbələr arasında cavab elə də ürəkaçan olmadığı üçün baş verənlər müəllimimizə xoş təsir etmədi. Jurnalistika fakültəsində təhsil alan tələbənin üstünlüyü ondadır ki, müəllimlərimizdən dərsdən əlavə milli-mənəvi dəyərləri, məsələləri dərk etməyi, ziyalıları tanımağı da öyrənirik…

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru