Millətimin fəxridi, haqqa gedən yoludu, Koroğlumun qılıncı, Babəkimin qoludu, Müstəqillik günəşi, Azadlıq simvoludu, Seyr elə, igid əsgər, dalğalanan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
“Balam” deyib ağlama, o millətin balası, Vətən yolunda getdi, qurdu qeyrət qalası, Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası, Ucalarda saxlayar, tökülən qan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı, Vətən oğlu, qırmızı şəhidlərin qanıdı, Ümummilli liderin bizə ərmağanıdı, Oğullardı ucaldan, ata sancan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Tanrıdan səda gələ, yazdığın haqqa yaza, Mələklər səcdə edə, bu aya, bu ulduza, İgid oğlanlarımız, sevdiyi gözəl qıza, Atsın zərif çiyninə, versin nişan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar, sönməz dedi, Millətim haqq yolundan, heç zaman dönməz dedi, Bir dəfə qalxan bayraq, bir daha enməz dedi, Endirmərik bir daha işıq saçan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda bitirsin, Dalğalansın, arzumu Savalana yetirsin, Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin, Düşmənlərin köksünü oda yaxan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
-Hayqırır azad ölkəm tiranlara, şahlara, Son qoyulsun deyirik zülmlərə, ahlara, Qaranlıq gecələrdən, işıqlı sabahlara, Oyatsın səhər mehi, oxşasın dan bayrağı. Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı, yaşıl yazı Vətənin, Qəriblikdə bilinər dadı-duzu Vətənin, Uğrunda şəhid olaq, yada qazi Vətənin, Yolunda verək qurban, qorusun can bayrağı.
Qələm dostum, tanınmış şair Nəzakət Məmmədliyə ithaf edirəm.
Heyva çiçəyi və ötüb keçənlər
(hekayə)
Uşaqlıq illəri Abşeronun dənizkənarı səfalı bağlarında keçmişdi. Özündən bir yaş kiçik bacısı və qonşu bağlardakı yaşıdları ilə birgə Xəzərin qırçın ləpəli sahilində, yalçın qayalar üstündə oturar, ətrafdakı füsunkar mənzərəni seyr edər, uşaq təxəyyülündəki xəyallarına bürünərdi. Ağsaçlı dənizin dalğaları üstündə uçuşan bəmbəyaz qağayılar, sahildəki balıqçı qayıqları, tənha əncir ağacı, səmadakı əlçim buludlar, qüruba enən günəşin rəngarəng şəfəqlərindən doğan göyqurşağı, qövsi-quzeh … ona olduqca sirli-sehrli görünərdi. Əsrar dolu, möcüzəli aləmdən, göz işlədikcə uzanan mavi ənginlikdən gözünü çəkə bilməzdi. Məktəb zamanı gələndə isə bu şirin xatirələri şagird dostlarına danışmaqdan yorulmazdı. Dərslərini yaxşı oxuyur, yüksək qiymətlər alırdı. Amma üçüncü sinifdə oxuyan bu ağıllı qızcığazın fotoşəkli heç vaxt əlaçıların lövhəsinə vurulmazdı. Səbəbini özü də təndürüst bilmirdi. Axı, oxusu, yazısı, riyazi biliyi, hazırcavablığı ilə sinifdəki uşaqların çoxundan fərqliydi. Bütün bunlar, birinci sinifdən onlara dərs demiş müəllimini nədənsə qane etmirdi. Daim özünə qarşı qısqanc münasibəti uşaq fəhmiylə hiss edirdi. İş elə gətirmişdi ki, müəllimin əkiz qızları da bu sinifdə oxuyurdu. O daha çox öz qızlarının “əla” qiymətlər almasına can atır, onları yerli-yersiz tərifləyib az qala göylərə qaldırırdı. Balaca qəhrəmanımız ədalətsiz yanaşmadan incik düşür, narahatlığını daim içində gəzdirirdi. Bu əsmər çöhrəli, iri, qara gözlü, nüfuzedici baxışları olan qızcığaz həm də dilli-dilavərdi, fikrini anlaşıqlı, sərbəst ifadə etməyi bacarırdı. Yaşı az olsa da, haqqı nahaqdan ayıra bilirdi. Sinifdə uşaqlara qarşı ayrı-seçkiliyi, onlara, elə özünə də fərq qoyulduğunu görəndə az qala nitqi tutulurdu. Atasını təzəcə itirdiyi üçün elə kövrək, köməksiz idi ki… O, iş vaxtı baş verən istehsalat qəzasından sağ çıxmamışdı. Bu erkən ölüm ailəni sarsıtmış, vaxtsız-vədəsiz itkidən doğan nisgil qız övladların sanki qol-qanadını qırmışdı. Bacısı kimi, o da tez-tez yaz buludu kimi dolub-boşalırdı. Axı, atası hər iki qızını çox sevirdi. Böyük qızına isə daha çox bağlıydı. Zarafat deyildi: kiçik qəhrəmanımız düz on ildən sonra doğulmuşdu. Ata-anasının gözünün ilk ovu, sevinc payıydı. May ayının ilk günləriydi. Hər yerdə 1 May ‒ Dünya zəhmətkeşlərinin həmrəylik gününə və nümayişə hazırlıq görülürdü. Məktəbdən bildirmişdilər ki, şagirdlərin bir qrupunu pioner sıralarına qəbul edəcəklər. Üçüncülərin siyahısında qızcığazın da adı vardı. Müəllimləri tapşırmışdı ki, sabah hər kəs məktəbə gül-çiçəklə gəlsin. Anasına bunu söyləyəndə etirazla qarşılaşmışdı: ‒ İndi gül dəstəsini haradan alaq? Çiçəksiz olmaz bəyəm? Bir-iki günə xəzələ dönəcək, ‒ deyib sınayıcı nəzərlərlə qızına baxdı. ‒ Yox, ay ana, müəllimimiz deyib ki, mütləq gül dəstəsi gətirin. Bizi pionerə qəbul edən, boynumuza qırmızı qalstuk bağlayacaq qonaqlara verəcəyik. Mətləbdən hali olan ananın qırışığı açıldı: ‒ Qonşu məhəllədəki bağbanın həyətində hər cür çiçək var. Deyirlər, qoca əsl gülüstan yaradıb orada. ‒ Sonra isə pulqabını açıb qızına əlli qəpik verdi: ‒ Ovcunda bərk saxla, bala, itirmə. Bağbandan çiçək alarsan. Qəpiklərə diqqətlə baxdı. İki iyirmi, bir on qəpiyi ovcunda bərk-bərk sıxıb, qonşu məhəlləyə yollandı. Bağbanın qapısının çaxçaxını vurub gözlədi. İçəridə görəcəyi çiçəkləri bir anlıq göz önünə gətirdi. Elə bu an ayaq səsləri eşitdi. Ucadan səslənən “Kimsən orda?” sədasıyla qonşu həyətdəki itlərin hürüşməsi bir-birinə qarışdı. Əlində su şlanqı və vedrə tutmuş, ayağına rezin çəkmə geymiş bağban qapıda göründü: ‒ Nə lazımdır, balaca? ‒ deyə xəbər aldı. ‒ Anam əlli qəpik verib, mənə gül satarsınız? Üzündə təbəssüm sezilən çalsaçlı bağban bu utancaq qıza və əlindəki qəpiklərə nəzər saldı: ‒ Axı, səndə otuz qəpikdir… Qızcığaz iyirmi qəpiyin birini itirdiyini indi başa düşdü. Ağlamsınaraq: ‒ Vallah, indicə ovcumdaydı, yəqin yerə düşüb, ‒ dedi. Bağban başını buladı. O, sıralanmış qızılgül kollarının arası ilə irəliləyib, balaca müştəriyə çiçək seçmək istəyirdi. Amma üstü ən gözəl butalar, qönçələrlə dolu kollardan yan keçir, elə bil, şux, təravətli çiçəkləri dərməyə əli gəlmirdi. Birdən nə fikirləşdisə, ətrafdakı heyva ağacının açıq çəhrayı çiçəklərə bürünmüş bir neçə budağını kəsib qıza verdi. “Pulu alın zəhmət olmasa”, deyib ovcundakıları bağbana uzadanda gözlərinə inanmadı. Əlində cəmi iyirmi qəpik qalmış, on qəpiyi də salıb itirmişdi. Həyəcandan əlləri titrəyirdi, sanki oğurluq üstündə tutulmuşdu. Düşünürdü ki, bağban baba yəqin onun pulu itirməsinə inanmır. Səsi titrəyə-titrəyə: “mən qəpikləri, həqiqətən, itirmişəm, məni bağışlayın,” ‒ dedi. Bağban üz-gözünü turşudub, ayırdığı heyva çiçəklərini saralmış qəzet parçasına bükərək onu yola saldı. Yol boyu gülləri sinəsinə sıxıb əzizləyirdi. Heyva çiçəkləri elə zərif və incə idi ki… Bəyazla çəhrayının qarışığından yaranmış bu əsrarəngiz gözəllik göz qamaşdırırdı. Evə çatanda anası artıq işə yollanmışdı, həmin gün ikinci növbədə çalışacaqdı. Gülləri divar-divara yaşadıqları qonşu qadına verib suya qoymasını xahiş elədi. Çəkinə-çəkinə: ‒ Kaş səhərədək çiçəklər elə bu gözəllikdə qalaydı, yoxsa onu danlayarlar. Anası səhər tezdən qonşunun gətirdiyi solğun çiçəkləri görəndə dodaqaltı mızıldandı: ‒ Axı, deyirdim ki, xəzələ dönəcək… Qızının müəllimi və şagirdlərlə birgə sahil bağına yollandılar. Müəllim təravətini itirmiş heyva çiçəklərini görəndə narazı nəzərlərlə qızcığaza baxıb dodağını büzdü. Sonra isə uşaqların gətirdiyi güllərdən bir neçəsini ona verdi. Musiqi ilə müşayiət olunan mərasim başladı. Pioner qalstuklarını qollarından asan məktəblilər and içib təntənəli şəkildə bu uşaq təşkilatının sıralarına üzv olurdu. Tanınmış simalar ‒ yazıçılar, alimlər uşaqları salamlayır, təbrik edirdilər. Sinəsi orden-medallı əmək qəhrəmanı saçlarına ağ bant vurmuş qızcığaza yaxınlaşıb bir şeir söyləməsini istədi. Cingiltili uşaq səsiylə söylədiyi “Vətən” şeiri hamını heyran etdi. Əmək qəhrəmanı məktəbli qızın başını tumarlayıb ona ağızdolusu “əhsən” dedi. Az öncə şagirdlərin ona verdiyi rəngarəng gül dəmətini qızcığaza bağışladı. Ağ qızılgüllərdən bağlanmış bu iri gül dəstəsini qucağında güclə saxlayırdı. Mərasimi işıqlandıran fotomüxbirlər onun orden-medallı əmiylə şəkillərini çəkdilər. Bu fotoların bəzədiyi qəzetlər ertəsi gün məktəbdə əldən-ələ gəzirdi. “Onu hamı tanıyacaq!” fikriylə qanadlanırdı. İndi müəllimi də ona tamam başqa nəzərlərlə baxırdı. Həmin günün sevincini uzun müddət yaşasa da, aradan illər keçsə də, atılmış heyva çiçəklərini hər dəfə kövrək hisslərlə xatırlayırdı.
DƏNİZ VƏ SARI AY DASTANI (kiçik dastanlar silsiləsindən) I
Dəniz özü boyda xalçadır. Bu xalçanın bütün ornamentlərindən – hər çeşnisindən, naxışından -butasından, ərişindən, arğacından məhəbbət yağır. Buta məhəbbətin rəmzidir. Yarımürəkdir, o biri yarısını (yarını) axtarır. Xalçanın üstündə dayanıb ki, göylərə uçub yarına yetişsin. Bu xalça – Dəniz hər gecə sevgilisi Sarı Ayın yollarına sərilir ki, gələndə qədəmləri inciməsin. Sarı Ay hər gecə Dənizdə çiməndə Dəniz ona sərinlik gətirən Bulud dostunu səsləyir, ondan xahiş edir ki, göylərə pərdə tutsun, rəqibi Ulduz Sarı Ayı görməsin. Bəlkə də Dəniz bir uçan xalçadır, gecənin bir aləmində göylərə uçur, Sarı Ayın qonağı olur, sevgisinin ləpə diliylə Sarı Ayın qulağına sevgi nəğməsi pıçıldayır. Sarı Ay sarı-sarı saçlarıyla sarı cığır açaraq Dənizə sarı bir ismarış göndərir ki, gəlmə, əzizim, mavi gözlüm. Sən göylərə gəlsən mən harada yuyunar, güzgülənərəm, sarı-sarı saçlarımı necə darayaram? Sən mənim ən təmiz güzgümsən. Söz verirəm ki, mən hər gecə sənin mavi qoynuna gələcəyəm, heç kimdən qorxub çəkinmədən, cəsarətlə….
II
Dənizin uzaqlara-əngin göylərə gəlin köçmüş qızını tanıyırsınızmı? Göylərdən tez-tez anası Yerə tələsən şəffaf və incə gözəl Yağışı deyirəm. Bəzən Leysan, bəzən Gürşad da deyirlər ona. Körpə çağlarında Çiskin də çağırardılar onu. O, həmişə Yerdəki bacılarına – şirin-şirin zümzümə edən ləpələrə qahmar çıxan, uzaqlardan kiçik və dəcəl bacılarına göz-qulaq olan böyük və şəfqətli bacıdır. Yağış tez-tez Dənizə – atasıgilə qonaq gəlir. Atası və bacıları ilə öpüşür, qol-boyun olur, onları ovundurur, inci-inci Damlalarla. Damlalar Yağışın qızlarıdır, babaları Dənizin, nənələri Sarı Ayın büllur və incəbelli nəvələri, Göylərin nərmənazik gözəlləri. Yağış gələndə qısqanc və qaşqabağı yer süpürən sevgilisi Qara Buluddan Yerə -əmiləri Dənizə və Sahilə sərinlik, təravət, bərəkət gətirirlər, ayrılqdan, həsrətdən alışıb-yanan, cadar-cadar olmuş ürəklərə – Torpaqlara su çiləyirlər, yuyundururlar, əmisi oğlanları Qumlarla gizlənpaç oynayırlar. Qumlar ağızlarını açaraq Göylərdən gələn xeyirxah və səxavətli əmiqızlarını öpüb qucaqlayırlar, bağrına basırlar. Damlalar Göylər gözəli nənəsi Sarı Aydan genişürəkli babası Dənizə sevgi ismarışları gətirirlər -şırhaşır. Bu gizli heroqlif sətirləri baba Dəniz gizlin-gizlin oxuyur. Gündüz buxar heroqliflərlə, gecələr sarı cığır misralarla nənə Sarı Aya cavab məktubları göndərir. Yağışın qızları Damlaların babaları Dənizə nənələri Sarı Aydan gətirdikləri məktubu oxuyan Dənizin çiçəyi çırtlayır, gündüz Günəşə, gecə şorgöz Ulduzlara sinəsində meydan verir. Axşam görüşə hazırlaşan Dəniz qağayı diliylə, gülüşüylə, xəzri, gilavar pıçıltısıyla sevgilisi Göylər gözəli Sarı Aya ismarış yollayır: – Səni gözləyirəm, sarışın gözəlim..
III
Dəniz göylərdə sevgilisini axtaran məşuqdur. Görüşəndə şirin-şirin zümzümə edir, nazlı ləpə diliylə. Gecələr Sarı Ayın üzünü qısqanc qardaşı Qara Bulud örtəndə hayqırır, qəzəblənir qızmış nəhəng və amansız korrida öküzünə bənzəyən şahə qalxan dalğalarıyla. Qarşısına çıxanı buynuzlayır, yıxır, uçurur. Hirsi sönüb sakitləşəndə qurbanlarına əbədi sığınacaq verir qoynunda… Ulduzlar göylərin şıltaq gözəlləridir, uzaqdan nəhəng güzgüdə güzgülənirlər, güzgüdə ləkə görəndə Bulud qaqaşlarının arxasında gizlənirlər. Dənizdə Sarı Ay çiməndə isə həsəddən rəngləri solur, saralırlar, him-cimlə Sarı Ayı öz sarayına- göylərə çağırırlar… Gecənin bir aləmində sarışın Sarı Ay hamını yuxuya verib Dənizlə gizlincə qol-boyun olur. Niyə gizlin- gizlin? Qorxur ki, onları qol-boyun görüb qınayar Günəş ana. Ona görə də Günəş ana yuxudan oyanmamışdan qaçıb gizlənir, Dənizin ürəyini odlayıb gedir… 25.02.2020
Ata evinə qayıdandan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə “bissimillah” – dedizdirib bir stəkan su içirdərdi. Yastığı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış. Məzarlıqdan qayıdandan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası: -Elə niyə, qızım? Qorxarsan. – deyib etirazını bildirdi. -Narahat olma, ana. Atamın tək yatmağı məni üzür. Bir də ki… Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı. Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşünürdü… Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. “Kamına çat, əzizim” deyə-deyə pıçıldayırdı… Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi. Qapının səsindən gözlərini açdı. Kölgə kimi gördü arxadan. O qapını örtüb getdi. *** Səhəri günü atasının “Alapaqı”dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı…
Kənd adamlarının əksəriyyəti kolxozda çalışırdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa – yaylağa qalxar, oktyabr ayında dağdan enər – kəndə, kolxoza dönərdi. Atası ferma müdiri olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi. Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası: -Qızım təndir qalamalıyam. – dedi. – Odun-ocaq yoxdu. Bağın ayağında quru çırpı var, bəlkə bir şələ gətirəsən… Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi. Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşünürdü. Onunla keçirdiyi yarım illik ailə həyatı, indi yadına düşdükcə nisgilə çevrilirdi. Belə… zalım həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş…
Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa..? Eşitmişdi ki, həbsxanada ölənlərin meyitini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadisələr olur ki. Axı ölən məhbusun sahibinə ölüm haqda arayış göndərilir – özü də rus dilində. Rus dilini bilməyən qaynatasıgildə kim oxumuşdu o arayışı. Nə bilim… Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yığıb kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.
Yenə də başında min bir fikir dolaşırdı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyəsindən onu sıxan canlını aydınca duydu. İlan!..
İlan onun bədəninə dolanmışdı. Arxadan çiyni üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. “Bu nə zülmdür çəkirəm?” öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı. Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənindən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi… Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşıq gülü. Bir-birinə yaraşıq qatırdılar. Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çığırdı. Həmin andaca qonşular haya gəldilər. İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hamı susurdu. Handan-hana kişilərdən kimsə dilləndi: -Gəlin ilanı güllələyək. -Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək? Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı: -Uzaq durun. O, sizi təhlükə sanır. Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İstəyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər. Sofu Usub da gəlmişdi. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub: -İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. – dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.
Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qıvrılıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi. Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmamış əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darıxardı. Sanki aşiq-məşuq idilər. Anası hər gün ilana mis camda süd bişirirdi. Qızına isə yemək bişirib qapı ağzına qoyurdu. Həyat yeməkləri götürər, ilanla birgə yeyərdi. Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi: -Bu ilan ömürlük qıza dolaşıb qalmayacaq ki, gəlin südün içinə zəhər qatıb verək ilan yesin. İlan ölsün. Qızın da bu bəladan qurtulsun. Atası, qardaşı razıydı. Amma… İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdı. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu. Nəhayət, köhnəlmiş südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü. Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi: -Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək. -Baba, mən çöpçü deyiləm axı… -Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünün xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.
Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə sığal çəkdi. O, sığalladıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razı olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıqca ilan da ağzını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağzında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi. İlan həmin andaca onun sinəsindən düşdü. Sürünə-sürünə pəncərə ağzına getdi, sonra bir də çevrilib Həyata baxdı və pəncərədən sürüşüb düşərək oradan uzaqlaşdı. Həyat ilanın arxasınca xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.
Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü: -Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən. *** Poçtalyon Hüseyn dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşmurdu ki, o məktublar kimdəndir. Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyn dayı yenə çəpərin o üzündə göründü: -Ay ev yiyəsi! – deyən kimi anası hayına hay verdi. -Məktub var, məktub. Anası məktub əlində evin artırmasına qalxanda Həyat dilləndi: -Ana, o nə məktubdu? Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı. Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı. -Heç nə qızım, heç nə! – deyib hönkür-hönkür ağladı. Həyat məktubu alıb üstündəki yazıları görən kimi çaşıb qaldı. Bu onun xəttidir. O, sağdırmı? Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: “Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirsən? Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusiləşdirilmiş komendaturada çəkirəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm. Yataqxanada qalıram. Səhər də, axşam da milis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm. Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətindən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, təkəm.
Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm. Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım “xüsusi cəllad” əliylə öldürüləcəkdim. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır…”
Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükcə məktubu isladırdı. Özünə toxtaqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib: -Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşıma demə. – dedi. -Yaxşı, qızım, demə deyirsən, demərəm. Ana qızını qucaqlayıb bağrına basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb “şirin, şəkərim” – deyib içdən ah çəkdi. Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi ilan kimi soyuq olmuşdu. Hamıdan qaçır, az danışırdı. -Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olsun? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı. Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun. Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.
***
Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün… Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasınca bir qab su atıb “Aydınlığa çıxasan, balam!” – dedi.
Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa… Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki…
Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırağıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı. Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu, o idi… Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.
…Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. “Budu eh… yenə başladı. Dəli sevgilim” – deyib gülümsədi.
İlanlar yolu üstünə təsadüfən çıxmamışdılar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı… Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi. İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyrü cığırla gələcək. Demək, qara xallı gürzə Həyatın nə düşündüyünü də oxuya bilir. Görünür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə – Cəmilinə qovuşsun deyə. Yoxsa… “Getmə… getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı – ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sığal çəkməklə bacaracaqsan”.
Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca “Bəlkə dəli oluram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adamı deyiləm? Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib?”.
Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxçasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlanın bumbuz, soyuq başı əli dəydikcə istiləşirdi. İlan başını, dilini onun əllərinə sürtür, onları oxşayırdı. -Yaxşı, deyirsən həyat yoldaşıma yetişməyim? Ömür boyu ərsiz qalım? Sən bilirsən ərsiz qadınların arxasınca nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar… Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər güldana qoymuşam. Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar, nidalar işarələnirdi. “Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez “ərim”, “həyat yoldaşım” deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdirək? – deyib özünə güldü.
Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa… Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir… Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun. Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.
Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın. Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?.. Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı. Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü… Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar. Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.
Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir. Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm. Qadın buna da razı olur. Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar. …Həyat: -Cəmil!!! – deyə ah çəkib sızıldadı. Qara xallı gürzə bayaqdan getmişdi.
Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi. Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı. Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki… Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar. İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi. -Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də… Ərim məni çağırır axı… Burax, gedim. Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək. Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar. Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi. Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin. …İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı. Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi. İlan onu sancmışdı, ayağından sısqa qan axırdı. Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”
Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq… …Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi. Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı. Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü. -Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı. Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi: -Səbirlə danış! De görüm nə baş verib?! -İlan!.. İlan topuğumdan çaldı. Bir andaca anası qıyya çəkdi. Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər. Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın. Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı. Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü. Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar. …Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi: -Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.
Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı. Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi. Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu. *** Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır. O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib. Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir. Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır. Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı. Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi. Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da: -Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan, deyirlər, bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza. -Nə deyirəm, ay baba? – deyib gülümsədi. Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi: -Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi. *** Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü. Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü. Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı. -Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh… bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım… İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar? *** Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı. Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi… Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı… – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç… Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar… Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı. …Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi. -Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi. Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü. -Ürəyim üzüldü axı… kimsən? -Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş… – deyərək əllərini gözlərindən çəkdi. Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin. -Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı. Tibb bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar. Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün. *** Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, düz qamətindən əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi. Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı. Hardansa tapıb gətirdiyi kolyaskada – əlil arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz. Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi. -Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..
Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü. Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü. -Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?.. -Şahzadəm… sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü. -Bəsdir də… – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola. *** Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”. Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi. Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı. -Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı. -Baba, o nədi elə? -Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar. -Uyy… baba, yazıq, binəva. Nə günahın sahibidir o… Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq… -Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!.. -Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən? -Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin. Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi. -Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq. Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı. 17.03. 2018. Atakənd, Gözətçi Odası.
İnsan Allahın (məğzi mənada) bir surətidir. Allah özünün bir sıra əlamətini insanın görkəmində zahir edib. Sadəcə, insan bu fitrətin fövqünə vara, öz cismində Allahın cizgilərini görə bilmir…
…İlk dəfə Məmməd Arazı yaxından görəndə elə bilmişdim ki, olduğum hücrə hər gün ümidlə əl uzatdığım səmadır, (orada) bir topa buludda şimşək təlatüm edir. Həyəcan məni necə çulğamışdısa nitqim qurumuşdu. Qarşımdakı adamın çöhrəsində çırpınan işıqlı təbəssümləri sezdikcə gözlərim hədəqəsindən çıxmışdı. Nə üçün də belə olmamalı idi; mən illərdir Məmməd Arazın – varlığıma atom bombası kimi təsir edən parlaq (bir) simanın surətini canlı görmək arzusu ilə yaşayan bir kənd uşağı idim, indi onunla qabaq-qənşər durmuşdum… “Azərbaycan təbiəti” jurnalının otaqları bu səhnəyə canlı şahiddir… Məmməd Araz məni baş redaktoru olduğu jurnala işə götürmüşdü. Hər gün nəşriyyatın ikinci mərtəbəsindən o məsum insanın gəlişini izləyir, yeridikcə çəkdiyi əzabın rənglərini yaddaşıma köçürürdüm. Hər dəfə Məmməd Araz mənə o qədər nəhəng görünürdü ki, ona iyirminci mərtəbədən baxmaq lazım gəlirdi. Redaksiyanın işlərindən qabaq əsas məşğuliyyətim Məmməd dədəni otağına qədər müşayiət etmək, çöhrəsində ləngər vuran sadəliyi, bakirə baxışları sezmək olurdu. O da sanki bunu hiss edir, təbəssümünü artırırdı. Məmməd Araz işə gəlməyəndə (səmimi deyirəm) narahatlığım artır, özümə yer tapa bilmirdim. Elə sanırdım ki, nəsə itirmişəm. Yazı-pozuya (da) əlim yatmırdı… Məmməd dədənin son günlər necə sarsıntı keçirdiyinin, yerimək və danışmaq əzabının canlı şahidiyəm. Onun sadəcə, uğultulu və bir az da boğuq səsdən ibarət olan danışığından heç nə başa düşmürdüm. Ancaq özümü elə aparırdım ki, sanki nə dediyini anlamışam. Bir gün bəlli oldu ki, uşaq və yeniyetmə çağlarımın poeziya fatehi, hazırda isə başımın üstündə bir Günəş kimi çırpınan Məmməd dədə şeirlərim haqda nəsə yazmaq istəyir. Qarşı çıxdım, əziyyət çəkməsinə razı olmadım. Çünki onun qələmi əlinə götürənə qədər necə sarsıntı keçirdiyini görürdüm. O isə israrından dönmədi, “Ədəbiyyat qəzeti”ndə çıxan şeirlərim haqda (dörd günə) bir vərəq yazı yazdı. Məmməd dədə o yazıda məni şeirimizin pünhan buludu Əli Kərimlə müqayisə edir, bir növ, (məni) ona bənzədirdi… “Azərbaycan təbiəti” jurnalının redaksiyasında (Məmməd dədəyə görə) Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Hüseyn Abbaszadə, Əlibala Hacızadə, Gülhüseyn Hüseynoğlu, Abbas Abdulla, Afaq Məsud, Əmir Mustafayev, Nazim İbrahimov, Şahmar Əkbərzadə və digərləri ilə tanış oldum, onların məsləhətlərini eşitdim, xeyir-dualarını aldım. Məmməd dədə ona ehtiram göstərmək üçün redaksiyaya gələn görkəmli şəxslərə məni göstərir, təbəssümlə nəsə deyirdi… Onlar da mənə sarı çevrilib: – Şamaxıdandır, Xaqani, Nəsimi xələfidir, inşallah, ondan yaxşı şair çıxacaq, – deyirdilər. Mən də həyəcan boğmuş çöhrəmi onlardan gizlətməyə çalışır, arada Məmməd dədəyə baxırdım… Beləcə, bir neçə müddət Məmməd Araz şəxsiyyətinin fövqündə ədəbi düşüncəmi, poetik əzmimi (və s.) cilaladım, qələmimin süzgəcindən düşən hər şeirə təkrar-təkrar diqqət etdim. Bir müddət sonra ölməz şairimiz Bəxtiyar Vahabzadə “Azərbaycan” jurnalı və “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirlərimi oxuyub mənə dedi: “Məmməd Araz yanılmayıb…”. Onun bu israrda dediyi sözlər qulaqlarımda raket mərmisi kimi uğultu qopartdı… Məmməd Araz mənim üçün bu gün də bir fatehdir. Onun narahat gözləri, hər gün salamlaşarkən yumşaq bulud sandığım əlləri, işə gələrkən və gedərkən arxası ilə sürüdüyü ayaqları, təbəssüm dolu, lakin o təbəssümün fonunda kədər doğranan çöhrəsi, məsum – bakirə sifəti… indi də gözlərimin içində təlatüm qoparır. Mən onu ilk gün bu görkəmdə gördüm. O, anadan bu tərzdə doğulmamışdı, nizamsız həyat, harın-yaltaq adamlar, haqsızlıq, şəxsi maraqlara daha çox meyl edənlərin saxta təbəssümləri və s. onu bu günə salmışdı. Bütün hallarda Məmməd Araz mənim üçün nəhəng insan idi, onun fiziki zəifliyi ona olan hislərimdə heç bir məna kəsb etmirdi (və etmədi də). Nə yaxşı ki, uşaq ikən umduğum arzu həyata keçdi – mən Məmməd Arazı yaxından gördüm, ünsiyyət qurdum, hətta onunla bir redaksiyada işlədim… Əlbəttə, Allah böyükdür! Və təkrar deyirəm: Məmməd Araz mənim üçün bu gün də bir fatehdir!
Soyadını bilmirəm. Heç özündən soruşmamışam da. Adıyla tanımışam ilk dəfə. Elə adıyla da möhürünü vurub dostluğa. Çox sual verməyi sevmir. Elə çox sual almağı da. Bir az sirlidi. Amma səsi özünü ələ verir. Mən də sərrafam bu sarıdan. Söz adamları haqqında yazdığım yazılar da belə doğulub. Təsvirlərim heyrət yaratsa da bu belədi. Bir sözün işığından tutub keçmişəm aydınlığa. Zülmət mənlik deyil. Bu dəfəsə bir az fərqli alınacaq söhbətim. Bu dəfə səsinin işığında özümü, ruhumu tapdığım bir insan haqda danışmaq keçdi könlümdən. Nədənsə bütün fərqlilər məni tapır deyəsən. Ya özüm fərqli görürəm dünyanı, içindəki insanları. Həmişə işıqlı tərəflərindən baxmaq istəyimdəndi bəlkə insanların iç dünyasına ? Bəlkə də.. Əvvəlcə icazəylə bir şeirimi səsləndirdi, sonra yenə, yenə…Baxıb gördüm ki, şeirlərim dil açıb bu adamın səsində. Nöqtəsinəcən, vergülünəcən, nidasınacan. Bütün hisslərim, duyğularım hopub bu səsə. Düşündüm ki, həddən artıq həssas adamdı bu səsin yiyəsi. Bir işıqlı tərəfini kəşf etdim. Sonra öyrəndim ki, sevdiyi şeirlərə və dəyər verdiyi insanlara Tanrının gözüylə baxır. Təmənnasız və heç nə ummadan. Gözü toxdu dünya malından. Bu da bir işıqlı tərəf dedim. Əməyinə yerində və ürəkdolusu dəyər verməyəndə bir köşədə sakitcə oturar. Bütün həssas adamlar ki, qırılqandı deyə fikirləşdim. Beləcə inana-inana, öyrənə-öyrənə , işığından tuta-tuta daha bir dostu kəşf etmiş oldum özlüyümdə. Asif Babanı. Bəlkə də çoxlarına tanışdı bu ad. Bəlkə də onu illərlə tanıyıb hiss etməyənlər, duymayanlar var. Bu yazıdan sonra təzədən kəşf olunacaq onlarçun Asif Baba. Bilmirəm. Bəlkə də. Hər insan özünü qısa müddətdə ələ verməz. Amma tez zamanda öyrəndiyim, iç dünyasına bələd olduğum insanlar da var. Nə yaxşı ki, az da olsa var. Sadə, təvazökar , özündənnarazı, tərifə qaçmayan, ədalətsizliyə və haqsızlığa üsyankar, həmişə sözünə və özünə güvənən Asif Baba da qısa zaman çərçivəsində tanıdığım , doğmalaşdığım və güvəndiyim həmin o azlardandı. Yazıya qısa giriş etdim. Çünki bir başa mətləbə keçmək Asif Babaya haqsızlıq olardı. Onu bir neçə aydı ki, tanıyıram . Amma əgər məni bu yazını yazmağa vadar edirsə, demək onunla uzun bir yol yoldaşı olmuşuq. Bu qısa vaxtda özü də bilmədən , hiss etdirmədən onu müşahidə etmişəm, qıraqdan izləmişəm. Müəyyən qənaətlərə gəlmişəm. Səsləndirdiyi poeziya nümunələrin saf -çürük edə -edə öyrənmişəm ki, ürəyincə olmayan şeirləri özününküləşdirə bilmir. Nəyinsə və kiminsə xatirinə şeir söyləmək onluq deyil. Başa düşmüşəm ki, məqsədsiz dostluğa önəm verir. Məqsədi yalnız insan olmaq və insan qalmaqdı. Fikirlərinin alt qatında gizlədir demək istədiklərini.Amma səsiylə ələ verir yaşadığı acıları. Həyatın bütün əzablarından keçmişəm deyir səsi. Özü dilinə gətirməsə də. Vaxtı ilə ədəbiyyat və incəsənətdə müəyyən iz buraxmış insanlarla yol yoldaşı olduğunu da, onlarla əməkdaşlıq etdiyini də hamı kimi özünü öyə-öyə dilinə gətirməz. Söz düşəndə danışar. İncəsənətə və sözə vurğundu. Onunçun diplom önəmli deyil. Əsas istedaddı , savaddı. Bəs dostu necə seçir? İstedadınla şəxsiyyətin birləşəndə olursan Asif Babanın dostu. Həddən artıq üsyankarlığı və hövsələsizliyi olmasa qızıl kimi adamdı. Ən qorxduğu şey dost itirməkdi. Dostu ələkdən keçirənlərdəndi axı. Torpağa, Vətənə , yurda bağlıdı. Bir də övladlarına. Səsiylə anladar duyğularını. Ürəyindən keçənləri səsindən duyarsan. Sürpriz etməyi sevər. Adamı sevindirməkdən xüsusi zövq alar. Dedim axı məqsədi insanlıqdı. Mükafat gözləməz. Bircə laqeydlik olmasın. Getdisə dönməz. Ona görə də hələ-hələ getməz. Hərdən sonda demək istədiyini əvvəldə , əvvəldə demək istədiyini sonda deyər . Bağışlaya-bağışlaya yadlaşar. Adam sərrafıdı. Bircə adına, səsinə , bir də Tanrısına sığınar. Heç kəsi yarı yolda qoymaz. Yarıyolda qalmağı da sevməz. Poeziya həyatının bir parçasıdı. Əlbəttə əsl poeziyadan gedir söhbət. Payızı şeirlərdən sevər. Qəribə darıxmağı var. Səsindən bilirəm. Bizim şeirlərimizin bir müəllifi də Asif Babadı. Ən az bizim qədər haqqı çatır sözümüzə. Ona görə də sözümü ona sevə -sevə etibar edirəm. Çünki bilirəm ki, onun kitabında əmanətə xəyanət yoxdu. Səsində qəribə yanğı var. Həsrəti, kədəri yaşamasa çatdıra bilməz. Sözü hərf-hərf, cümlə -cümlə səsinə köçürənlərdəndi. Tanrı səsinə bərəkət versin.