Salam olsun, dəyərli oxucu! Sizinlə daha bir görüşə imkan yaratdığı üçün Uca Yaradana minnətdarlığım sonsuzdur.
Zəfər ab-havası yaşadığımız bu günlər eyni zamanda ibrətamizdir. Bir yanda qələbə sevinci yaşadığımız halda, digər tərəfdə şəhidlərimiz dağ kimi dayanır. Necə deyərlər, bir gözümüzün gülüb, birinin ağladığı bu günlərdə çox diqqətli olmalı, bu zəfəri hansı itkilərin, necə oğulların qanı, canı hesabına əldə etdiyimizi unutmamalıyıq. Yəqin ki, indi bu sətirləri oxuyan hər bir şəxsin özünün şəxsən tanıdığı qəhrəman şəhidimiz və ya qazimiz var.
Qeyd edim ki, şəxsən tanıdığım, ya illərlə bir yerdə xidmət etdiyim, ya da ən azından bir neçə saatlıq da olsa, yol yoldaşı, söhbətdaş olduğum neçə belə igidlər var. Elələri var ki, həyatlarını dəfələrlə riskə atsalar da, sağ-salamt yeni döyüşlərə canla-başla hazırdırlar. Çoxları isə ya qazidirlər, ya da şəhidlik zirvəsinə ucalıblar. Və mən onları sayıb qurtara və ya bir-birindən fərqləndirə bilmərəm. Bu yazını yazmaqda məqsədim şəxsən tanıdığım belə qəhrəmanlardan biri şəhid polkovnik-leytenant Həmdəm Ağayevin timsalında bütün şəhidlərimizin ruhunu şad etmək, onları xatırlamaq, eyni zamanda müəyyən məqamlar barədə öz subyektiv fikirlərimi sizlərlə bölüşməkdən ibarətdir.
Həmdəmlə tanışlığım 1995-ci ilin may ayının ortalarına, səhv etmirəmsə, 16-sına təsadüf edir. Həmin gün Azərbaycanın müxtəlif bölgələrində olan hərbi hissələrdən komandirlərin təqdimatları ilə döyüşlərdə və xidmətdə fərqlənmiş hərbi qulluqçular Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbulda iştirak etmək üçün seçim mərhələsinə göndərilmişdi. Bütün gələcək namizədlər məktəbin həyətində toplanmışdı. Boş vaxtdan istifadə edərək hər kəs bir-biri ilə maraqlanır, kimin hansı hərbi hissədən gəldiyini soruşur, yerlilər toplaşıb dərdləşirdilər. Mən Tərtər cəbhəsindən gəlmişdim. Həmin günəşli gün indi də ən xırda detalına kimi yadımdadır. Ağdam cəbhəsindən gələn Dadaşov Haqverdi (Qubadlı) və Rəfiyev İlqarı (Şəki) çıxmaq şərti ilə Ağdamdan olan namizədlər; Əsgərov Əhliqar, soyadını unutduğum Sahib və rəhmətlik Həmdəm Ağayev bir ağacın kölgəsində dayanıb söhbət edirdik. İsgəndərov Namiqlə mən Tərtədən gəlmişdik. Ordan-burdan, hərə öz hərbi hissəsindəki vəziyyətdən danışırdı. Sahibdən (Sahib hamıdan hündür və canlı olsa da, sən demə, neçə illər cəbhədə döyüşən, hələ atəşkəsdən sonra da bir il qalıb xidmət edən bu dağ boyda igidin ürəyi xəstə imiş. O, bu səbəblə tibbi müayinədən keçə bilmədi.) başqa hamı qəbul olundu və zabit kimi ordu sıralarını qayıtdı. İndi bu yeddi nəfərin hərəsi bir mövqe sahibidir. Ən uca məqamı isə şübhəsiz ki, Həmdəm qazanıb. Sonralar uzun illər ərzində arada-sırada görüşdüyümüz vaxtlarda da Həmdəm, ümumiyyətlə, azdanışan, ciddi, qaraqabaq adam təsiri bağışlasa da, əksinə, o tam fərqli; sakit, yuxaürəkli, mərhəmətli, olduqca səmimi, bir yerindən nöqtə tapıb söhbətə başlaya bilsən çox məlumatlı, hərtərəfli ensiklopedik biliyə sahib, maraqlı həmsöhbət idi. Həmin gün də bəlkə o heç ağzını açıb bir söz deməmiş sanki bir ağsaqqal kimi hamını dinləmiş, kimin nə qədər şişirtmələrə yol verdiyini özü üçün saf-çürük etmişdi. Bizim onunla tanışlığımız bax belə başladı. Fakültələrimizin fərqli olması səbəbindən sonralar da ara-sıra görüşərdik. Adətən, ya o, bizim kazarmaya gələndə (bizim “starşina” Məmmədov Fərmanla lap yaxın dost idi, tez-tez onun yanına gəlib, gedirdi), ya gündəlik məktəb həyatında təsadüfən idmanda, ya da dərsarası vaxtlarda belə görüşlər mümkün olurdu.
ZAUR USTAC “QƏLƏMDAR-2” QISA ARAYIŞ
Həmdəm Mayıl oğlu Ağayev 9 sentyabr 1975-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Yeniyetmə və gənclik illəri məlum münaqişənin ən qızğın dövrlərinə təsadüf etdiyindən, demək olar ki, o dövrün əksər gəncləri kimi güllə səsi, mərmi partlayışları əhatəsində olğunlaşmışdır. Onun məktəbli olduğu illəri tanınmış söz adamı, pedaqogika üzrə fəlsəfə doktoru Mayıl Dostu belə xatırlayır: “Əvvəlcə onu deyim ki, Həmdəmin ölümü həqiqətən məni çox ağritdı. Səhv etmirəmsə, Həmdəmgilin sinfinə 5-6 il dərs demişəm. Həmdəm çox çalışqan, məsuliyyətli, ciddi və ən əsası isə qorxmaz idi. Mən hələ o vaxtlar belə qənaətə gəlmişdim ki, bu ötkəm, sözübütöv gənci heç bir vasitə ilə qərarından döndərmək mümkün deyil. Onun gözlərində qorxu deyilən hiss yox idi… Biz müəllimlərin belə gənclərə ümidləri böyük idi. Bizim nəzərimizdə onların hər biri həkim, müəllim, mühəndis kimi gələcək müstəqil Azərbaycanın qurucuları idi… Təəssüf… Belə… Allah rəhmət eləsin… Ruhu şad olsun…”. Müəllimlərin və böyüklərin müxtəlif arzularının olmasına baxmayaraq, Həmdəm də digər həmyaşıdları kimi orta təhsilini başa vurar-vurmaz könüllü ordu sıralarına qoşularaq vətənin, doğma yurdun müdafiəsinə qalxdı. Oxumaqdan söz salanlara onun bir cavabı var idi: – “Oxumaq qaçmır ki, – söz, bunların işini bitirən kimi gedib oxuyacam!” Bu minvalla 1994-cü ilin may ayı gəldi, atəşkəs oldu. Atəşkəsdən sonra da bir il xidmət edən Həmdəm komandirlərinin tövsiyəsi və təqdimatı ilə 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu. 1999-cu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsində yenidən zabit olaraq ordu sıralarında xidmətinə davam etməyə başladı. 9 oktyab 2020-ci ilə qədər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrində fərqli vəzifələrdə xidmət etdi. Ən böyük arzusu olan Qarabağın azadlığı uğrunda Vətən Müharibəsinin bu günündə amalı yolunda qəhrəmancasına şəhid oldu. Bakıda, II Fəxri Xiyabanda dəfn olunub. Onun saysız-hesabsız mükafatları, təltifləri içərisində ölümündən sonra qazandığı “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeninin öz yeri var. Çünki bu ödülləri canından çox sevdiyi Qarabağı düşmən tapdağından azad etdiyinə görə alıb.
Bu əvəzsiz təhsil müəssisəsinin (BABKM) bir özəlliyi var ki, dörd il təhsil müddətində yeddi kursun kursantları ən azından hamısı bir-birini üzdən tanıyır. Bir az diqqətli olanlar kimin kim olduğunu yaxşı bilir. Yaxınlar isə qardaş olurlar. Bu yeddi kursun kursantları isə nə az, nə çox – ortalama 5-6 min insan, dəliqanlı gənc, hər şeyi gözə almış vətənə sevdalı ər deməkdir. Təhsilin ilk illərində Həmdəmlə, adətən, axşamlar boş vaxtda idman şəhərciyində tez-tez görüşürdük (Yuxarı kurslarda isə o şərq əlbəyaxa döyüş növlərinin biri ilə şəhərdə – məktəbdən kənarda məşq edirdi). Bir də Ağdamın Qiyaslı kəndindən orta məktəbi bitirib gəlmiş, bizdən yaşca bir neçə yaş kiçik Mehdiyev Ramiz var idi. Bu üçlük idman edə-edə söhbətləşərdik. Söhbətin mövzusu hər dəfə eyni idi. Qarabağ, Ağdam… Hər söhbətin sonu, adətən, belə bitərdi “…bu biabırçılıq nə vaxta qədər belə davam edəcək?” Həmdəm isə deyərdi: – ”İnşallah, bir gün sonu gələr. Zalımın zülmü yerdə qalmaz. Biz öz işimizlə məşğul olaq. Bizim vəzifəmiz o günə hazırlaşmaqdan ibarətdir.”
Həmdəm xidmətdən çavuş kimi gəlmişdi və təhsil müddətində də komandir müavini olaraq fəaliyyət göstərirdi. Dəfələrlə onun gələcəkdə onunla çiyin-çiyinə eyni sırada zabit kimi duracaq yaşca kiçik, hələ dünyanın bərk-boşundan çıxmamış öz kursantlarına sakit, aramla, yavaş səslə necə öyüd-nəsihət verdiyinin şahidi olmuşam. Məsələn, onun ən çox işlətdiyi bir cümlə var idi: – “Dövlət bu ağır günündə sənə cibindən bu qədər pul xərcləyir, yedirdir, içirdir, geydirir, oxudur, sağlamlığını qoruyur, sən isə yatırsan, oxumursan, 2 alırsan. Bu, kişilikdən deyil. Hər işdə gərək halallıq olsun”. Bir məqamı da nəzərinizə çatdırım, artıq söz deməyə heç bir ehtiyac qalmayacaq. Buraxılışa sayılı günlər qaldıqda belə Həmdəmin tağımı məktəbdə öz nizam-intizamı ilə seçilirdi. Hərb həyatdan az-çox xəbəri olanlar bilir ki, çox haylı-küylü həyatdır. Həmdəm burada da özünəməxsusluğu ilə seçilirdi. Tutaq ki, dərsarası vaxtda və ya yeməkxanaya gedəndə nə qədər qarışıqlıq olsa da, görürdün ki, bir tağım (25-30 nəfər) qutu kimi nizam-intizamla öz yolu ilə bütün intizam qaydalarına ciddi riayət etmək şərti ilə gedir. Yaxınlıqda komanda verən heç kim olmasa da bilinirdi ki, bu, Həmdəmin tağımıdır. Diqqətlə ətrafa baxdıqda görərdin “planşet”i çiynində, başıaşağı, fikirli-fikirli gəlir. Gəlib çatanda qayğılı baxışlarla süzüb, başı ilə yüngül salam verib keçərdi…
Beləliklə, 1999-cu ilin yayı gəldi. Buraxılışa az qalmış şanlı qələbəmizin memarlarından olan Hikmət Mirzəyev məktəbdə göründü. Bu barədə mənə ilk olaraq Namiq xəbər vermişdi. Hikmət Mirzəyev onun komandiri olmuşdu. Mən də onu hələ Tərtərdən ciddi, səliqəli, hörmətli (Yəqin ki, Lənkəran Əliyevi mütləq tanıyacaqsınız, o da ordu quruculuğunda böyük əməyi olan zabitlərdən biridir. Doğma yaşlı atası belə qəbuluna gələndə elə olurdu ki, saatlarla NBM-də gözləməli olurdu. Hikmət Mirzəyev gənc olmasına rəğmən yeganə zabit idi ki, sutkanın hansı vaxtı gəlsə gözlətmədən Lənkəran Əliyev onu qəbul edirdi.) komandir kimi tanıyırdım. Tezliklə məlum oldu ki, xüsusi təyinatlılardan ibarət yeni hərbi hissə yaradılacaq, kim istəyir könüllü yazıla bilər. Həmin vaxt da Həmdəm, Namiq və mən təxminən 100-ə yaxın gələcək leytenantlar könüllü yazıldıq. Siyahılar hazır olandan sonra bir dəfə də məktəbin qərargahındakı akt zalında yeni yaranacaq hərbi hissənin kadrlar bölməsinin zabitləri ilə görüşümüz oldu. Bizə xidmətin özəllikləri və bəzi məhdudiyyətlər barədə məlumat verdilər. Bütün bunlarla tanış olduqdan sonra yenidən ərizə yazdıq. Həmdəmi sonuncu dəfə bax həmin toplantıda görmüşdüm. Xeyli söhbət etdik. Demişdi ki, sizi buraxmayacaqlar. Bizim qrupdan 11 nəfər yazılmışdı, onlardan, sadəcə, 1 nəfərin əmri gəldi (Məmmədov Rəşad – Bərdəli). Mən də daxil olmaqla qalanları üçün izahat belə oldu komandan buraxmayıb (O vaxt bizim komandan rəhmətlik Rail Rzayev idi). Komandan deyibmiş ki, dörd ilə güc-bəla 40 nəfər mütəxəssis hazırlamışıq, onu da sizə verə bilmərik. Çox da ki, leytenantlar bunu istəyir, onlar hələ çox cavandırlar.
Bizim son görüşümüz həmin toplantıda oldu. Sonra hərə bir tərəfə – öz xidmət yerlərinə yollandı. Eşitmişdim ki, Həmdəm istədiyi kimi həmin hərbi hissəyə düşüb. Sonra bir dəfə eşitdim ki, artıq Naxçıvandadır. Həmin vaxt mən də Naxçıvanda xidmət edirdim. Mənim vaxtım çox olsa da, onun heç vaxtı yox idi. Kəşfiyatda komandir idi. Həmişə ya təlimdə, ya tapşırıqda olurdu. Həmdəm bax beləcə bir ömrü hərbi geyimdə, əlində silah başa vurdu. Şərəflə özü demişkən, hər kişiyə qismət olmayan şəkildə başa vurdu. Halbuki tamam başqa cür də ola bilərdi. Sizi inandırım ki, o necə peşəkar zabit idisə, ondan on qat daha tanınmış müəllim, pedaqoq, alim, mühəndis ola bilərdi. Təəssüf ki, əksər həmyaşıdları kimi o da özünə sənət seçə bilmədi. Onu seçən sənətin ardınca getməli oldu. Necə ki, digər şəhidimiz Polad Həşimovun anası demişdir: – “…o hüquqşünas olmaq istəyirdi, yaxşı da oxuyurdu, tarixi, xarici dilləri əla bilirdi, ancaq lap son anda bir gün gəlib dedi ki, mən hərbçi olacağam, indi vətənimiz üçün bu daha vacib peşədir…” Bu arada qısa bir haşiyəyə çıxıb sonra söhbətimi bitirmək istəyirəm.
HAŞİYƏ
İndi yazacaqlarım bəlkə də kim üçünsə qəribə görünə bilər. Ancaq inanın biz istəsək də, istəməsək də, inansaq da, inanmasaq da bu belədir. Bu fikrin dərinliyinə getmədən, sadəcə, (hamımızın yaxşı tanıdığı, hörmət etdiyi) son şəhidlərimizin adlarını xatırlatmaq kifayətdir. Məsələn, Polad Həşimov, Şükür Həmidov (bir ildən artıq eyni hərbi hissədə xidmət etmişik), Həmdəm və hələ 1993 -94-də xüsusilə, atəşkəsə lap az qalmış mart-aprel döyüşlərində Tərtər-Ağdam cəbhəsində nə qədər gənc yaşda şəhid olmuş 75-lər. Qələbəmizin digər memarlarından olan Hikmət Həsənov, Zaur Rüstəmov (şəxsən tanıyıram) və digər nə qədər tanımadığımız qəhrəman 75-lər. Allah hamısına can sağlığı versin. Hərbçi olmayan Ceyhun Məmmədov, Kənan Hacı, İlqar Fəhmi və digər xüsusi istedad sahibi 75-lər. Bu adını çəkdiyim şəxslərin hamısını yaxından tanıyıram. Onların seçilmişlər olduğuna inanıram. Bu keyfiyyətlər təkcə 75-lərə deyil, məsələn, tanıya biləcəklərimiz…,. 1951, 1963, 1987, 1999… –cu illərdə anadan olmuş insanlara da aiddir. Kimə maraqlı gəlsə, diqqət edib fərqinə vara bilər. Həmdəm bu seçilmişlərin öndə gələnlərindən biri idi. Onu yaxından tanıyan, hörmət edən əsgərlərinin, döyüş yoldaşlarının dediyi kimi, “o, şəhidlərin sultanıdır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hamısı bizim üçün əzizdir. Və söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu yazı Həmdəmin timsalında bütün şəhidlərimizə həsr olunur. Yazının məqsədi, sadəcə, necə igid oğullar, seçilmiş ərlər itirdiyimizə diqqət çəkməkdən ibarətdir. Məsələn, Həmdəmlə eyni gündə, sadəcə, bir dövr (bir dövr 12 ilə bərabərdir) əvvəl, yəni 9 sentyabr 1963-cü ildə anadan olmuş hamımızın fəxri İqor Aşurbəyli.
Bizim bu gün zamanın, sənətin onu seçib bizə məğrur, qayğıkeş, qorxmaz, səmimi, mərd, şəhid komandir kimi təqdim etdiyi, tanıtdığı Ağayev Həmdəm həmən-həmən, hardasa aşağı-yuxarı eyni potensiala sahib bir şəxs olub… Eləcə də Polad Həşimov, Şükür Həmidov və digərləri… Bunları xatırlatmaqda məqsədim odur ki, bu insanları unutmağa haqqımız yoxdur nə qədər ki, həyatdayıq. Çünki adları bu yazıda anılan və digər yüzlərlə qəhrəman oğullar bir an düşünmədən, gözlərini qırpmadan öz həyatlarından, arzularından, üstəgəl, yaxınlarının, doğmalarının, övladlarının istəklərindən vaz keçiblər… Və dahası, bu gün, bu an üçün on illiklərlə (on, iyirmi, otuz) hazırlaşıblar… Tam səmimi olaraq qeyd edim ki, döyüş toy-bayram kimi bir şeydir (Bir neçə saatlıq keçid, adaptasiya dövrü xaric.). Ancaq illərlə buna hazırlaşmaq, saysız-hesabsız məşəqqətli təlimlərə, müxtəlif mənəvi, maddi, fiziki məhrumiyyətlərlə dolu ağır xidmət illərinə qatlaşmaq, əsl şücaət budur. Bilirsiniz bu nəyə bənzəyir? İllərlə bəzənib, süslənib şərəfli anın nə vaxt gələcəyini gözləyirsən… Cidd-cəhdlə onu qarşılamağa can atırsan… Bax, bu məqamları unutmayaq. Bir an fikirləşək ki, Polad Həşimov ən azından hansısa rayonun hakimi kimi indi isti kabinetində oturub. Necə ədalətli bir hakim ola biləcəyini onun əsgərlərindən soruşun. Və ya Şükür Həmidovu ən azı bir rayonun icra başçısı kimi təsəvvür edin. O rayonun necə ola biləcəyini onu tanıyanlardan soruşun. Yaxud da bizim qəhəmanımız Həmdəm Ağayevi ali məktəblərin birində müəllim kimi təsəvvür edin. Onu tanıyanlar bilir ki, o, bu peşəyə necə yaraşardı və onun öhdəsindən layiqincə gələr, ölkəmizə, millətimizə, xalqımıza, gələcəyimizə nə qədər faydalı ola bilərdi. Ancaq onlar bütün bunların hamısından bizlərə görə imtina etdilər. Ali xüsusiyyətlərinə görə Uca Yaradan onları seçdi, onlar da canla-başla bu yolu…
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizi daim xatırlayaq, nümunə götürək, onların bizə əmanət etdiyi gələcəyə xəyanət etməyək! Ruhunuz şad olsun, seçilmişlər…
Baba zoomağazadan bir cüt göyərçin alıb gətirdi. O, talvarın altda bir yuva düzəltdi. Bir neçə gündən sonra nəvələri Ələsgəri, Aqili və Turqutu yanına çağırıb dedi: -Dişi göyərçin kürt yatır. Qoy bala çıxartsın, hərənizə bir bala göyərçin verəcəm. Turqut çox hövsələsiz idi. O, bir gün talvarın altdakı göyərçin yuvasına yaxınlaşdı. Göyərçini yuvasından kənarlaşdırıb yumurtaları bir-bir əlinə götürdü. Hər birinin o üz-bu üzünə baxdı… Ancaq heç bir şey hiss etmədi… Yumurtaları qaytarıb yuvaya qoyarkən biri əlindən sürüşüb yerə düşdü və sındı… Bu zaman baba böyürdən çıxdı…O, Turqutun nə iş gördüyünü başa düşüb dilləndi: -Niyə yumurtanı yerə salıb sındırdın, Turqut?.. Oğlan utandığından başını aşağı salıb durdu… Təxminən aradan bir ay keçəndən sonra baba nəvələri yanına çağırdı: -Gəlin göyərçinlərinizi sizə tanıdım.Yuvada iki bala vardı. Baba Ələsgərə və Aqilə göyərçinlərini göstərdi… Bu zaman Turqut səsləndi: -Baba, bəs mənim göyərçinim? Baba dilləndi: -Turqut, sənin göyərçinin əlindən yerə düşüb xurd-xəşil olmadımı?..Yoxsa yadından çıxıb?.. Baba nəvəsinin məyus olduğunu görüb onun saçını sığallaya-sığallaya könlünü aldı: -Mənim balam, növbəti dəfə göyərçinin ən yaxşı balasını sənə verəcəyəm. Ancaq səbrli ol!..
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Моя бабушка старая и очень больная женщина. По крайней мере, она мне об этом постоянно напоминает, когда ей нужно поломать мои планы. Вот и сегодня ее взволнованный голос в телефонной трубке, вытряхнул меня из постели. — Мне срочно нужна твоя помощь! — заявила бабуленция вместо приветствия. Как оказалось, ей с утра пораньше приспичило мотнуться на рынок за всевозможными продуктами. Оказывается, к ней проездом, решил нагрянуть какой-то старинный приятель и бабушка решила его встретить «как полагается у нас в Одессе». Моя помощь предполагалась в виде бесплатной тягловой силы. Когда я попыталась перенести мои «тимуровские» обязанности на более позднее время, мотивируя это тем, что я вчера занималась до половины ночи, моя беспощадная бабуля выдвинула главный аргумент: — Ты таки хочешь, чтобы я надорвалась с этими сумками. А ведь я старая больная женщина и мне еще нужно готовить небольшой перекус для голодного мужчины… А если со мной что-то случиться? А я ведь еще даже завещание не написала. Зная, что бабушкин «небольшой перекус» легко может накормить свадьбу средних размеров, я сдалась. Заставить старушку тащить самой эти тюки с продуктами было бы действительно бесчеловечно. На рынке, бабушка разошлась вовсю. Она покупала все, что видели ее глаза — зелень, фрукты, свежую рыбу… Я безропотно складывала покупки в большую тележку на колесиках, которую предусмотрительно прихватила с собой. — Что вы мне подсовываете этот баклажан? Если он и был когда свежим, то лишь месяц назад. Вы хотите, чтобы икра из этого баклажана воняла плесенью? Я, может быть, плохо вижу, но очень хорошо нюхаю. И мой нос мне подсказывает, что из этих баклажан лучше готовить пенициллин, чем икру… Бабушка лукавила. Видела она ничуть не хуже, чем я. — Зачем вы принесли сюда эту камбалу? Ее нужно было тихонько похоронить, а не выдавать за свежую рыбу. И уберите эту селедку. Она была бабушкой, когда я еще в девках ходила! Продавцы пытались оправдываться, но на все у бабушки был железный ответ: — Пытаясь обмануть старую больную женщину, вы сильно рискуете своей репутацией. Если не на этом свете, то, как минимум, на том, на который я скоро попаду. Поверьте, я найду что там о вас рассказать! В итоге бабуля получала на руки самый лучший и свежий товар. Тележка потихоньку наполнялась. Неожиданно, когда я уже думала, что список покупок подошел к концу, бабушка резко развернулась в сторону тряпичных рядов. — А теперь, мне нужно купить новое белье, — заявила она. — Постельное? — спросила я. — Постельное тоже, но потом. Сначала — нижнее! — Зачем тебе новое нижнее белье? — опешила я. Бабуля посмотрела на меня, как на недоразвитую и снисходительно пояснила: — Девочка, когда к тебе в гости приезжает одинокий интересный мужчина ты должна быть во всеоружии. Мало ли что может произойти. Не хватало, чтобы я в самый ответственный момент краснела за свои старые трусы. И моя старая больная женщина бодро потрусила в направлении кружевного белья…
Ali məktəbi 1997-ci ildə bitirib. 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü,2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır. 2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub. 7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. 2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb. Ey türk doğulan. (Bakı: 2012), Səni tapan itirməz( Bakı), Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010), Dağ Kolanı dastanı. ( Bakı), Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Ömür yolu üç fotoda:
Bu gün Namiq Hacıheydərlinin 49 yaşı tamam olur. Məqamı ucadır! Anadan olduğu gündə şairi rəhmətlə anırıq. Ruhu şad olsun:
RUHUMUZ UCADIR Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
GÖYLƏR DEYİR Kİ Şairləri əzilən bir şəhərə Göydən mələklər qarğış yağdırar Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün Bəla var qarşıda; Tufan, qasırğa Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda. Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək Bir gün… Günahkar şəhərin nəfəsindən Zaman-zaman udduğu murdar zibillər Qasırğaya qarışıb geri dönəcək; Çırpılacaq üzlərə Göylər qəzəblənəcək İldırımlarar nərə çəkəcək Şimşəklər toqquşacaq Hər şey bir anda baş verəcək; Şiddətli külək, qasırğa, tufan Bir də Xəzərin şahə qalxmış dalğaları… O zaman Qurtuluş olmayacaq Tikdiyiniz evlərə nicat olmayacaq; Şüşələri qırılacaq, qapıları yıxılacaq daşları uçacaq o zaman üçün Yeni evlər tikin; bünövrəsi halaldan daşları yaxşılıqdan qapısı sevgidən olsun! və… Şairləri incitməyin…
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ? Üzün gül, baxışın işıq çeşməsi, Söhbətin bülbülün şirin nəğməsi, Ürəyin, düşüncən yurd xəzinəsi, Sən hardan alırsan bu gözəlliyi?!
Görüşə gələrsən, dünyamız gülər, Başının üstüylə ağ bulud gələr, Tək bircə nəfəsin min dərdi silər, Sən hardan alırsan bu gözəlliyi?!
Üzünü görüncə daş, dağ sevinər, Böyüklər gülümsər, uşaq sevinər, Ayağın toxunan torpaq sevinər, Sən hardan alırsan bu gözəlliyi?!
Namiq öz gücünü sözündən alır, Bulud ağlığını üzündən alır, Ay, ulduz işığı gözündən alır; Sən hardan alırsan bu gözəlliyi?!
SƏN MƏNİM KİMİMSƏN? Hara baxsam təkcə səni görürəm, Yolumsan, Yerimsən, Göyümsən axı. Niyə səni mən bu qədər sevirəm, Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud, Günəş də, torpaq da, külək də sənsən. Ağaca, çiçəyə can verən su da, Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq, Bir bahar günündə axar çay oldu. Xəbərsiz doğulduq bir-birimizdən, Bax, ancaq, ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən, Atadan, anadan yaranmamısan. Sənin sığalını mələklər çəkib, Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?! Harandan od alır bu odum mənim?! Qanadım deyilsən, ancaq, bəs nədən, Qəmlənsən qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə, Aldığım nəfəs də daşa çevrilər. Sənin içindəki ağrı acılar, Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı; Dodağın qurusa; ciyərim yanar. Ayrıyıq, uzağıq, bəs niyə ruhum, Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan, Mənim ürəyimi qanatmış, gülüm! Anladım… Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış gülüm…
Ruhu doğmalardı qohum olanlar, Bir ata – anadan doğulan deyil. Var olan dipdiri ruhu olandı, Ayağı, əlləri sağ olan deyil. QALDIMI Bir zaman içində yanan alovdan, İçdə qığılcımın, közün qaldımı?! Ürəyin büsbütün söz dəniziydi, Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim! Ruha sığal çəkər mənim qu eşqim. Deyirdin minillər sözməz bu eşqim, Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq. Vaxtsız yorulmağın adın nə qoyaq?! Bu uzun yolları gedəcək ayaq, Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi Yandırar ağ bayraq qaldıran kəsi. İrəli getməyə yaşam həvəsi, Geriyə dönməyə üzün qaldımı?!
YADIMA SƏN DÜŞÜRSƏN Aydın səma, bəyaz bulud görürəm, Yadıma sən düşürsən. Mələk rəngli qoşa qanad görürəm, Yadıma sən düşürsən.
Deyib-gülən iki cavan görürəm, Sevdiyindən sevgi uman görürəm, Yadıma sən düşürsən…
Narın-narın yağış yağır, baxıram; Cücələr sığınır öz anasına. Balaca pişiklər küncə sıxılır, Gizlicə qoyaraq göz anasına.
Bir quzu mələyir yanıqlı səslə, Baxdım ürəyimin başı açıldı. Küçədə sərgərdan qalan çocuğun, Anasını görüncə, gözündən ümidli işıq saçıldı.
Cəh-cəhini dayandırıb bülbüllər, Ağacdakı yuvasından asıldı. Dışarıda oynayan cüt yavrular, Bir təpənin daldasına qısıldı…
… Doğmam yoxdu qucağına qaçım mən, Ağacım yox budağından asılım. Yuvam yoxdu sığınım bir küncünə, Sən də yoxsan, indi kimə qısılım?!
Sənsiz bir kimsəsiz çocuq kimiyəm, Solduracaq məni yağış, qar axı. Yadıma sən, yadıma sən düşürsən; Mənim səndən doğma kimim var axı?!
KİŞİLƏR VAR İDİ
Kişilər var idi bu yer üzündə, Bir elin yükünü çəkən kişilər. Quduz sultanlara qılınc sıyırıb, Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü, Qan söhbəti bağlamağa bəs idi. Nənələr var idi, nənə deyirəm; Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı, Qanında yüz ərin qeyrəti vardı. Nə oldu, necoldu ülvi adamlar, Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası, Ölsələr, harama yanaşmazdılar. Qurban gedərdilər namus üstündə, Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli, Bir giriş, bir çıxış cığırı vardı. Gələn yolçuları hələ uzaqdan, Təndir çörəyinin ətri vurardı…
…Günəş həmin Günəş, Ay həmin Aysa, Bəs niyə dəyişdi bu cahan belə?! Kök həmin kökdüsə, soy eyni soysa, Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ, Nə gözlər yumulur, nə qəlb dincəlir. Açılmaz səhərim ta innən belə, Baxma üfüqlərdə Günəş yüksəlir…
Dostları min olsun, nə faydası var, Əyər tənhadısa ruhu insanın. Duyulmaz oldusa bir qaydası var, Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım, Sonunda gördüm ki, özüm dinmişəm. Yerlərdə, Göylərdə min sirr aradım, Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr, Beşikdən qəbrəcən sirri açılmaz. Sabah nə olacaq, bir kimsə bilmir; Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı, Milyonlar içində təkdi hər adam. Bu göylər altında, bu yer üzündə, Bəxtəvər olmadı hələ bir adam…
…Nə arzu tükəndi, nə də ki dərdim, Yaxşı ki, dərd boyda min xəyalım var. Ömrü palaz kimi yollara sərdim, Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə, Heyrətlər içində çoxmu qalacam?! Ömrümə qoyulan işarə kimi, Ömrümün sonunda sual olacam…
GÖNDƏRİR
Adı gələr, yanaq olar qan kimi; Böyük bir günahdan utanan kimi… Səhərlər yuxudan oyanan kimi, Bir qız sevdiyinə salam göndərir.
Elə bil bir dəstə çiçək yollayar, Tufan olsun, yağış, külək… yollayar. İçində çırpınan ürək yollayar, Bir qız sevdiyinə salam göndərir.
Dayanar yolunda hər dağa hazır, Şaxtada, soyuqda donmağa hazır, Daş-qalaq olmağa, yanmağa hazır… Bir qız sevdiyinə salam göndərir.
SƏN
Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən, Adında bal kimi dadı duymasa; Gəzməsin bu qutsal torpağın üstə, Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib, Mələklə göylərdə yaşıyanımsan. Türküstan çölünün, Tanrı dağının, Ətrini ruhunda daşıyanımsan. DEDİ Əllərimdən tutmasan, Bu yollarda azaram. Dedim: qoyma darıxım, Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni, əfv edərmisən məni?! Dedi: acı kəlməni, Mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam, Kədər gölündə batam… Dedi: sənə üz tutan Dərdə quyu qazaram…
Ah çəkdim yana-yana; “Mən atayam, sən ana…” Dedi: hər şey bir yana, Taleyimi pozaram.
Dedim: dərd oldum sənə… Dedi: eşqsiz yaşam nə? Ya yurd ollam eşqinə, Ya da sənə məzaram.
OLAR Ömrü yellərə vermək, Aqillərə ar olar. Bir mürşid yanılarsa, Min-min mürid xar olar.
Könüllərdə qalanlar; Dünyada iz salanlar. Var ikən yox olanlar, Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz; Canda varsa yad nəfəs. Özgədən süd əmən kəs, Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən, Qazancını yeməyən. Haqqı görüb deməyən, Kor olar, həm kar olar.
(Söz demə almayana, Tanrıdan dolmayana). Könlü tox olmayana, Geniş yer də dar olar.
Yox! – deyib batma yasa, Var! – söylə – var, hardasa; Üç-beş yaxşı olmasa, Yaşamaq çox zor olar.
TANRIYA SƏSLƏNİŞ Tanrım! Sənin qatında sayt varmı? Qəzet, jurnal çıxırmı orda? Gündəlik xəbərləri hardan alırsan? Günəş sistemində olanlardan xəbərin varmı? Yerin təhlükədə olduğunu bilirsənmi? Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından, Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən Xəbərin varmı? Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün? Suriyadan, İraqdan, Yəməndən, Doğu Türküstandan… gələn Nalə səsləri bürüyüb dünyanı. Dağılmış şəhərlərin xarabalıqları, Parça-parça insan meyidləri, Gəlinciyinə sarılaraq can vermiş körpələrin Meyidi üzərində qələbə qeyd edir dünya ağaları… Yoxsa, Sən də yaxşısan ətrafın pisdi? Yoxsa, sənidəmi aldadır köməkçilərin? “Sənin müdrik siyasətin nəticəsində qalaktikalarda hər şey əladır, bütün güllər, çiçəklər xoşbəxtdi, bütün kəpənəklər səadət içində, insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə? Tanrım! Bizim qalaktikaya qubernator təyin eləmisənmi? İllik hesabat verirmi sənə? Yerdəki vəziyyətdən nə yazır? Yazırmı ki; Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir? Yazırmı; Qız uşaqlarını hələ də diri-diri basdırırlar, İnsan insan qatilidir, Yer özü boyda məhbəs olub, yazırmı?! Tanrım! Bəs, sənin “audit”in yoxmu?
Tanrım! Heç ordan baxanda Yer görünürümü? Görünürsə, çarə qıl… Görünmürsə… Kimə deyək dərdimizi?
BƏYAN Külli aləm zülmət idi, biz o zaman gündüz idik Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən, 4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var, Əzəldən öncə var olan, sondan sonra ölməz idik
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin, İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…