“Dünya qonaq evidir” – AYXAN HÜSEYNLİnin yeni kitabı
Bu gün Azərbaycan ədəbi mühitində sözlə insanları, oxucuları heyrətləndirmək o qədər də asan deyil. Azərbaycan oxucusu bu gün artıq dünyanın böyük yazıçılarının, şairlərinin yaradıcılığını dərindən izləmək imkanına malikdir. Ona görə də, ədəbiyyata gələn hər bir gənc şair, yazıçı bu sənət imtahanından necə çıxacağını yaxşı-yaxşı düşünməlidir. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Naxçıvan ədəbi mühitinin Azərbaycanda çox gözəl tanınan nümayəndəsi şair Hüseyn Razi şeirlərinin birində yazırdı:
Şeir bal şəhdinə bənzəyir əslən,
Ətri gül çiçəkdən alınmalıdır.
Gücü fırtınadan, odu Günəşdən,
Sürəti şimşəkdən alınmalıdır.
Ayxan Hüseynli yeni kitabına daxil edilən şeirlərində tamamı ilə yeni bir düşüncə tərzi ortaya qoymaq istəyir. Həm şeirlərinin dil və üslubunda, həm də şeirlərinin bədii cəhətdən obrazlılığında o, yeni, təzə bir nəfəslə ədəbiyyata gəldiyini sərgiləmək istəyir. Şairin yeni kitabı “Zəfər marşı” şeiri ilə başlayır. Bu “Zəfər marşı”nın yazılması üçün xalqımız 30 illik bir əzab-əziyyətli yolu şərəflə, hünərlə başa vurdu. 44 günlük savaş Azərbaycan əsgərinin gücünü, hünərini bütün dünyaya göstərə bildi.
Şəhidlərin qanı ilə
Sulanıbdır torpağım.
Ancaq Vətən eşqi ilə
Boyanıbdır bayrağım.
Kitabda şəhidlərə, Vətənə, torpağa həsr olunan hər bir şeir sadəliyi, obrazlılığı, poetikliyi ilə nəzər-diqqəti cəlb edir.”Hərf-hərf, heca-heca oxu məni… Sən bir sətir, mən bir şeir, ürəyinə toxu məni…” – deyən şairin şeirlərini oxuduqca hiss edirsən ki, Ayxan artıq şeir yazmağın, söz deməyin məsuliyyətini öz ağırlığı ilə çiyinlərində hiss edir.
Ayxan Hüseynlinin “Sevginin dili”, “Sevgidir dünyanın seyrin dəyişən”, “Mən uzaqdan sevməyə alışmamışam”, “Özümə təsəlli”,”Könülsüz dünya” və sair şeirlərində sevgi əzabı, gileyi, sevinci var. Ayxan Hüseynli “Sevgi – sən bilən deyil” şeirində yazır:
Sevgi sətir,
Sevgi şeir,
Sevgi nəğmə kimi deyil.
Sevgi Aydır,
Sevgi paydır,
Hər gün batan Günəş deyil.
Hər gün batan Günəş səhər yenə də gülə-gülə dünyaya gəlir, öz nurunu bir daha yer üzünə səpə bilir. Amma ölən sevgi günəşə bənzəmir… ölür və bir daha əbədiyyətə qovuşur, yanıq kimi izi ürəklərdə qalır…
Şairin “Tozlu pəncərədə ümid” şeirində maraqlı fikirlər yer alıb:
Soyuq arzuların gözü önündə,
Saxta duyğuların rəngi saralıb.
Kitabda şairin maraqlı bənzətmələri, düşüncələri, fikirləri var. Ayxan bu kitabında daha çox özünü poetik düşüncələr, obrazlı fikirlər aləminə baş vuran bir şair kimi göstərə bilib. “Alın yazım” şeiri bir şair kimi Ayxanın ömür yolunu işıqlandıra bilir:
Sətir-sətir, cümlə-cümlə oxu məni,
Nəğmə kimi ürəyinə toxu məni.
Mən səninəm, bir ömürlük sirrin olub,
Xəyal kimi, arzu kimi qoru məni.
Ayxan Hüseynlinin şeirləri oxucunu düşündürə bilir, heyrətləndirə bilir. O, rənglərin qarışığında səadət, sevinc axtarır. İşıqla qaranlığın, şər ilə xeyirin savaşında nur axtarır. “Kölgəsinə sığındığım, sevdanın rəngi başqadır… Qaranlıq içində nura bürünür, Aydınlıq içində gözə görünmür…”
Kitabdakı şeirlər müxtəlif bölmələrdə toplansa da, şairin məqsəd və qayəsi aydındır: Oxucuya təzə, poetik söz demək! Kitabın “Xatirəli sətirlər” bölməsində şairin könül dünyası ilə yaxından tanış oluruq. Bu dünyada hər şey var. “Bir əlində dünyanı tut, bir əlində həyatı: Dünyaya bax, həyatı yaşa, Həyata bax, dünyanı anla” – deyən şairin “Mən qaranlığımdan qorxuram… Çünki, qorxularım qaranlığımda gizlənib” fikri də həyata, dünyaya, insana bağlılığın yeni poetik ifadəsidir.
Ayxan sabaha xoş ümidlərlə baxan gənc şairlərimizdəndir. “Biz xatirələr sarayında yaşasaq da, arzular cəngəlliyində yol axtarırıq” – deyən qələm dostuma, istedadlı şairə yolun uğurlu, işıqlı olsun deyirəm. Sənət yolunda qaranlıqlar səni qorxutmasın. İlham atını həmişə Günəğə doğru, işığa doğru çap.
ASİM YADİGAR, şair.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının
Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru