Kateqoriya arxivləri: KİTAB

MÜTALİƏ NİYƏ VACİBDİR?



                                                           
ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

MÜTALİƏ NİYƏ VACİBDİR?

BEŞİNCİ  YAZI

Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici  kəlamların açıqlaması kimi də  qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur?  Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz  yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar.  Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli  şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam  ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın. Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.  Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

Mütaliənin bir mənfi cəhəti var ki, onu  da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə  vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə,  müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin  yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” –  üzünə  qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi.  O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf   hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016.  Bakı.

QEYD:

Bu yazı bu yazı başqa-başqa saytlarda dərc olunmaqla yanaşı müəllifin “Usubcan əfsanəsi” və “Qələmdar” adlı kitablarında müstəqil məqalə şəklində yayımlanıb.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru