Kateqoriya arxivləri: Qəzənfər PAŞAYEV

Avqustun 4-ü Fəttah Heydərovun anım günüdür. Ruhu şad olsun. Amin.

Köhnə kişilər deyəndə inamlı, imanlı, ədəb-ərkanlı, başqalarına örnək olan, mötəbər, nüfuzlu şəxsiyyətlər göz önünə gəlir. Köhnə kişilər ədalətli və insaflı olurlar.

İnsanlar arasında xeyirxahlığı və nüfuzu ilə seçilən bu kişilər nəsillər arasında qan düşmənliyini aradan götürmək, insanları barışdırmaq kimi məsələləri də həll etmək gücündə olurlar.

Belə köhnə kişilərdən biri də görkəmli ictimai xadim Fəttah Heydərov idi. Fəttah müəllimi bir çoxlarından fərqləndirən üstün cəhəti onun təmənnasız və iddiasız yaşamağı bacarması idi. O, nümunəvi ziyalı, həsəd aparılacaq örnək insan idi. Sözün həqiqi mənasında AĞSAQQAL idi. Təsadüfi deyil ki, hər dəfə yeni tərkibdə Milli Məclisin ilk iclasının açılması ona həvalə olunurdu. Bu, onun mötəbər  şəxsiyyət kimi xalq və dövlət qarşısında xidmətlərindən və nüfuzundan xəbər verirdi.

Fəttah müəllim 2013-cü ildən Respublika Ağsaqqallar Şurasının sədri idi. Xoş rəftarı ilə Respublika ağsaqqalları arasında böyük nüfuz qazanmışdı. Ağsaqqallar Şurasının yığıncaqları toy-bayrama çevrilirdi. Səmimiyyətlə deyirəm, mən bir çox şuraların üzvüyəm. Həvəslə ən çox Ağsaqqallar Şurasının yığıncaqlarına gedirdim. Hamı şuranın növbəti yığıncağının keçiriləcəyi günü səbirsizliklə gözləyir və yığıncağa sevinclə gələrdi.

Yaşlı adamlar xatirələrlə yaşayır. Yığıncaqdan sonra çay süfrəsi ətrafında xatirələr vərəqlənərdi.

Fəttah müəllim heç vaxt yığıncaqdan sonra çıxıb getməzdi. Ağsaqqallarla dərdləşər, zarafatlaşardı.

Onun söhbətlərindən, müdrik kəlamlarından doymaq olmurdu.

İndi Fəttah müəllimin qayğısı, diqqəti, şirin söhbəti və zarafatlarının həsrəti ilə yaşayırıq.

Dəfələrlə Həcc ziyarətində olan nurani ağsaqqal Allah, eyni zamanda, dövlət adamı idi. Oruc tutar, namaz qılardı. Bununla belə, mövhumatdan, cəhalətdən və xurafatdan kənar idi. Bu xüsusiyyətinə görə insanlara yaxşı mənada təsir edə bilirdi.

Bu baxımdan, onun nəvələri Tale və Nicata təsiri bir örnək məktəbidir. Onlar babalarından şəriət və təriqət haqqında çox şey öyrəniblər. Tale elə gətirib ki, Fəttah müəllimin bu iki nəvəsi ilə lap gənc olanda yol yoldaşı olmuşuq. Onların tariximizi, mədəniyyətimizi yaxşı bilməsi, ədəb-ərkanı məni heyrətləndirib.

O vaxtdan 25 ilə yaxın zaman keçib. Bütün bu müddət ərzində Fəttah müəllimin bu iki nəvəsi haqqında yalnız ata-anaya üzağlığı və sevinc gətirən söhbətlər eşitmək olar…

Burada nəinki Qəbələnin, eləcə də ölkəmizin inkişafında xidmətləri olan, Ulu öndərimizin ən sədaqətli silahdaşları, əslən Qəbələdən olan Kamil Məmmədov, Musa Məmmədov və Qəbələdən deputat seçilmiş Fətah Heydərov kimi şəxsiyyətlər haqqında bir neçə kəlmə ilə ruhlarını şad etmək istərdim.

Təkcə Qəbələyə deyil, bütün ölkəyə şan-şöhrət gətirən belə insanları unutsaq, unudularıq.

Onların hər üçü vətənə, xalqa sədaqətlə xidmət etmiş insanlar kimi tarixə düşüblər. Niyyəti və əməli xalqa xidmət olan belə insanlar heç vaxt unudulmur, həmişə ehtiramla yad edilir.

Fəttah müəllim Azərbaycanın ən yüksək orden və medalları ilə təltif olunmuşdur.

Avqustun 4-də Fəttah müəllimin anım günüdür. Mənəvi paklıq, əxlaqi saflıq mücəssəməsi olan Fəttah müəllim yaşasaydı, bu il 85 illik yubileyini qeyd edəcəkdik.

Nə edəsən ki, həyat daimidir, ömür əmanət. Təsəllini onda tapıram ki, dünyasını dəyişmiş qələm sahiblərinə, ictimai xadimlərə həsr etdiyim “Borcumuzdur bu ehtiram” kitabımın yeni, təkmilləşdirilmiş çapına unudulmaz Fəttah Heydərovun əziz xatirəsinə həsr etdiyim məqaləmi daxil etməklə mənim üçün əziz olan müdrik ağsaqqala vəfa borcumu yerinə yetirmiş olacağam.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor.

İlkin mənbə: /525.az/

QƏZƏNFƏR PAŞAYEVİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru