Kateqoriya arxivləri: Rafiq Yusifoğlu

Rafiq Yusifoglu – SƏN MƏNİ QINAMA – ТЫ МЕНЯ НЕ СУДИ

SƏN MƏNİ QINAMA

Yağsa da ömrümə illərin qarı,
Həyatım ağaca, gülə oxşayır. –
Hələ ürəyimdə neçə baharın
Yolunu gözləyən qönçə yaşayır.

Dinclik tapa bilmir ürək bir hovur,
Özünə sevgidən çələng toxuyur.
Saçıma düşsə də ömrün qırovu,
Qəlbimdə yaz qışa meydan oxuyur.

Üşüyə-üşüyə çiçək dərəndə,
”Sənə soyuq olar, yağışdır”, – demə.
Gözlərim sevinir gözəl görəndə,
”Qocasan, özünü yığışdır”,– demə.

Günəş məhəbbətlə üzə güləndə,
Dirçəlir, gül açır quru yamaclar.
Cavanlar var deyə, bahar gələndə
Çiçək açmasınmı qoca ağaclar?

ТЫ МЕНЯ НЕ СУДИ

Даже если на жизнь мою опали снега лет,
Жизнь моя похожа на дерево, цветок.
Еше в сердце, скольких весен
Ожидая, бутоны живут.

Ни капли покоя не может наити сердце,
Из любви себе венок плетет.
Даже если волосы покрылись инеем,
В душе весна бои ведет с зимои.

Когда, замерзая, рву цветы,
«Ты простудишься, довольно», – не говори.
Когда глаза мои радуются, красавицу видя,
«Ты старик, довольно», – не говори.

Когда солнце с любовью улыбается в лицо,
Оживают, расцветают голые склоны.
Когда весна приходит, потому как молодые есть,
Не должны цвести старые деревья?!

Перевела с азербайджанского
Надежда Паина

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

İSMAYIL MƏRCANLI İMANZADƏ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAHİD XƏLİL – ÜRƏKLƏRƏ SEVGİ DAŞIYAN ŞAİR.

ÜRƏKLƏRƏ SEVGİ DAŞIYAN ŞAİR

Əzəl gündən bu şairlər

Qəlbələrə sevgi daşıdı.

Yoxdu ayrı umacağı,

Mükafatı göz yaşıdı.

Bu gün imzasından sonra “Əməkdar mədəniyyət işçisi”, “Qızıl qələm”, “Araz”, “Vətən”, “Ilin ən yaxşı kitabı” mükafatları laureatı yazılan Rafiq Yusifoğlu haqqında bu qeydləri etməyə hazırlaşanda şairin yuxarıda nümunə gətirdiyim bəndi yadıma düşdü. O, haqlıdır. Şairlər həqiqətən də ürəklərə sevgi daşıyırlar. Bir də onun 2003-cü ildə çapdan çıxan “Bir sevdalı ürəyim var” kitabının üzqabığında çap olunan şəkil diqqətimi cəlb etdi. Istedadla çəkilmiş rəsm əsərində şair gülümsünür, onun daxili aləmində bərq vuran sevgi üz-gözündə bərq vurur. Rafiqin günəş işığına meydan oxuyan tunc çöhrəsi də rəssamın diqqətindən yayınmayıb. Bu rəsm əsərinin üzərində dayanmağımın əsas səbəbi odur ki, Rafiq gözümün qabağında böyüsə də bu şəkil sanki onu mənə yenidən göstərdi.

Mən Rafiqlə 1966-cı ildə tanış olmuşam. Azərbaycan Pedaqoji Institutunun birinci kürsuna daxil olmuşdu. Mən də elə həmin institutun “Gənc müəllim” qəzetinə təzəcə redaktor təyin olunmuşdum. O zaman Rafiqin gur qara saçları var idi. Illər o saçları süpürüb aparsa da, saçların altından çıxan və günəş işığını əks etdirməyə qadir olan o qırmızımtıl dəri şair ürəyinin bütün işığını əks etdirməyə qadirdir. Sanki rəssam da bu fikri təsdiq etmək üçün rənglərin çalarına xüsusi əhəmiyyət verib.

Rafiq “Gənc müəllim” qəzetinin nəzdində təşkil olunan ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən idi. Tez-tez yeni şeirlərini oxuyardı. Qubadlı dağlarının əzəməti, Çardaxlı kəndinin təbii gözəllikləri, kövrək sevgi duyğuları onun ilk mövzuları idi. Bu günlərdə 60 yaşı tamam olacaq şair keçdiyi ömür yoluna nəzər salaraq yazır: Ömür karvanımın sarvanı mənim sevdalı ürəyimdi. Bu sevdalı ürək ömrün bu başından o başına aparır məni”. Şairi yaşamağa sövq edən də bu böyük eşqdir, onun sevdalı ürəyidir.

Rafiq Yusifoğlunun ədəbi irsi zəngindir. O, uşaqların və gənclərin sevimli şairi, ibtidai və ali məktəblər üçün dərsliklərin, ədəbiyyatımızın müxtəlif problemlərinə dair monoqrafiyaların müəllifidir. Uşaqlar üçün nəşr olunan “Göyərçin”də mühazirələr oxuyan professordur. 60 illik bir ömürdə yaranan kitablar Rafiq Yusifoğlunun bir alim, jurnalist kimi fəaliyyəti belə bir fikri söyləməyə haqq qazandırır: ömür hədər getməyib. R.Yusifoğlu yazır: “Allah bizə ömrü dədəboyu – möhlət kimi verib ki, get yaşa, xalqına xidmət elə”.

Rafiq Yusifoğlunun yaradıcılıq yolu nə qədər zəngin olsa da, ədəbi irsindən söhbət düşəndə ilk dəfə yadımıza onun uşaqlar üçün yazdığı əsərlər düşür. Görünür, bu sahə ilə o, daha çox məşğul olub. Rafiqin çox maraqlı uşaq şeirləri var. Şairin uşaq ədəbiyyatı ilə bağlılığından söhbət düşəndə demək lazımdır ki, o, bu sahə ilə ciddi məşğul olmuş, ali və orta ixtisas məktəbləri üçün “Uşaq ədəbiyyatı” dərsliyini yaratmışdır. Həmin dərslik bir neçə dəfə nəşr olunmuşdur. Bir alim kimi uşaq ədəbiyyatının estetik problemləri ilə bağlı yazdığı məqalələr göstərir ki, söz sənətinin bu sahəsinin nəzəri cəhətlərini dərindən bilir, dünya ədəbiyyatı ilə tanışdır və başqa xalqların uğurlarından bizim ədəbiyyatımızda da istifadə olunmasını daim tələb edir.

Rafiq Yusifoğlu uşaqların və gənclərin sevimli şairidir. Onun “Yurdum-yuvam”, “Ətirli düymələr”, “Ocaq yeri”, “Aylı cığır”, “Şirin yağış” (rus dilində), “Çiçək yağışı”, “Daha uşaq deyiləm” və s. Kimi kitabları göstərir ki, o, uşaq ədəbiyyatına ötəri yanaşmır, oxucuların yaş xüsusiyyətlərini, anlaq səviyyəsini nəzərə alır. Dünyanı kəşf etməyə başlayan uşaq üçün Rafiqin şeirləri bir mayak rolu oynayır, onlara təbiətin sirlərini öyrədir. Şair uşağı uşaq yerinə qoyan yüngül əhvalatlardan, lüzumsuz obrazlardan ustalıqla imtina edir. Bu işdə onun müəllimliyi də köməyə çatır, “Göyərçin” jurnalının baş redaktoru olmağı da. Hər gün onlarla uşaq məktubu oxuyur, körpələrin fantastik dünyaları ilə nəfəs alır. Bu məktubların çoxu sonralar misralara çevrilərək şeirlərə səpələnir. “Əks-səda” şeirində uşaq heyrəti belə ifadə olunur:

Saç-saqqalı ağdı bu,

Dağdan ağır dağdı bu.

Adama söz qaytarır,

Elə bil uşaqdı bu…

Rafiq Yusifoğlunun uşaq şeirlərində yumor hissi güclüdür. Müəllif çalışır ki, yumor adi söz birləşməsindən, təsadüfən deyilən sözdən yaranmasın, təsvir olunan hadisələrin özündən doğsun. “Sap cığırı” şeirində corab toxuyan nənə təsvir olunur. Şirin xəyallara dalan nənə astadan zümzümə edir, ətrafda baş verənlərə diqqət yetirmir. Nənənin xəbəri olmur ki, onun yumağını oyuncağa çevirən pişik sapdan cığır salıb.

Sap cığırı uzanır,

Gedirəm qarasına.

Düz nənənin yanından

Güllərin arasına.

Sən demə bu cığırı

Bizim pişik salıbmış.

Yumağı siçan ilə

Tay-dəyişik salıbmış.

Ətrafdakı əhvalatlara yeni məna vermək bacarığı da diqqəti cəlb edir:

Yellənən budağa baxıb,

Qardaşı deyir Süsənə:

Ağaclar idman eləyir,

Külək əsəndən əsənə.

Uşaqlar üçün saysız-hesabsız, mənalı, düşündürücü lirik şeirləri ilə yanaşı şairin xeyli nağıl-poemaları da vardır. “Ağıl döyüşü”, “Gül və bülbül əfsanəsi”, “Bacadan yağan qızıl” kimi nağıl-poemaları fantaziyasının zənginliyini, uşağa təlqin etdiyi fikirlərin əhəmiyyətinə görə diqqəti cəlb edir:

Ağılda imiş əsl güc-qüvvət,

Qəlbimdə sizə yarandı hörmət.

Burda zəkalı igid çox imiş,

Bilikli xalqa zaval yox imiş…

Bu sözlər torpağımıza düşmən kimi gəlib, dost kimi qayıdan bir obrazın dilindəndir. O, uşaqları sorğu-suala tutur, ibrətamiz cavablar alandan sonra bu nəticəyə gəlir.

Rafiq Yusifoğlu gənclərin də sevimli şairidir. Çoxumuz kimi o da böyüklərin şairi olmaq üçün can atmış və ilk qələm təcrübələrini də bu janra həsr etmişdi. Rafiq böyüklər üçün də çoxlu şeir kitablarının müəllifidir. Bu gün ömrünün yetkinlik çağında çap etdirdiyi “Dəniz, sən və mən” (Bakı, 2009) adlı kitabı gənclər üçün nəzərdə tutulan şeirlər toplusudur. 400 səhifəlik bu kitab təkcə həcminə görə deyil, həm də mövzu rəngarəngliyinə, həyata ayıq, yaradıcı baxışına və sənətkarlıq cəhətlərinə görə diqqəti cəlb edir.

Bu kitabda toplanan əsərlərin böyük əksəriyyəti gəncliyin duyğularına, bəzi hallarda sevgi aldanışlarına həsr olunub. Şeirlərin xeyli hissəsi oxucu məktublarına cavab kimi qələmə alınıb. Şairin “mesaj” kimi verdiyi (əslində ismarıc olmalı idi) cümlələr bədii tutumuna görə diqqəti cəlb edir. Deməli müəllifə ismarıc və ya məktub göndərən qızlar (onların çoxunun altında qız imzası var) adi, yoldan ötən adamlar deyil, sənətə, sözə qiymət verən və elə buna görə də şairə vurulan insanlardır. Həmin ismarıclardan biri belədir: “Yaşamaq işığa doğru can atmaq deməkdir. Mənim məşəlim sizin əlinizdədir, ömrüm! Sizsizlik arzular xaosu, həsrətiniz xəyallar və əzablar dəfinəsidir, ruhum!” Mətndəki “ömrüm” və “ruhum” sözləri çıxarılsa, bu bir oxucunun şairə ünvanladığı məktubdur. Dırnaqda verdiyimiz sözlər sadəcə qız aldanışıdır. Bu yeniyetmə hələlik şairin özünümü, poeziyasınımı sevdiyini tam müəyyənləşdirməyib. Illər keçəcək, həmin anın müvəqqəti duyğuları itəcək və gənc başa düşəcək ki, onun vurulduğu Rafiq Yusifoğlunun özü yox, poeziyasıdır. Ismarıc müəllifi kimi şairin özü də hələ çox şeyi tam yəqinləşdirmək halında deyil:

Günəş arzulayan könlün

Düşüb dumana, çiskinə.

Sənin sevdalı qəlbini

Həsrət qoyubdu pis günə…

Şair haqlıdır. Bu “ömrüm”, “ruhum” kəlmələri ismarıc edəni də, şairi də pis günə qoyub. Şeirin sonu hər iki tərəfəin çaşqın vəziyyətdə qaldığını sübut edir:

Niyə könül verdin axı

Saçlarında dən olana?

Ah-uf eləmək yaraşmaz

Sevgilisi mən olana!

Başqa bir şeirində bu tipli sevgiləri şimşəyə bənzədən şair tam yəqinləşdirir ki, bu müvəqqəti parıltılar tezliklə yox olacaq. Lakin lirik qəhrəman bununla razılaşmır. Yeni ismarıc göndərir: “Nə haqla sevgimizin ömrünü şimşəyə bənzədirsiniz?Hisslərimi kiçildərək təhqir etdiyinizin fərqindəsinizmi?” Bu ismarıcın cavabını şair belə verir:

Kədər buludları çəkdi köçünü,

Qəlbimin həmdəmi qərib göylərdi.

Sevgi yağışları yudu içimi,

Çat-çat ürəyimdə həsrət göyərdi.

Bəzən iddia edirlər ki, sevgi şeirləri yalnız hissin məhsuludur. Orada insan ağlı, məntiq iştirak etmir. Rafiqin şeirlərində ağıllı məntiq duyğu ilə bərabərhüquqlu komponentlər kimi çıxış edir. Hiss insanı həyəcanlandırır, məntiq hissləri cilovlayır.

Sən eşqin göylərində

şimşək kimi çaxa bilsən,

Bir dəstə çiçəklə

yolumun üstünə çıxa bilsən,

təbiətə sevgimizin gözləri ilə

baxa bilsən,

görəcəksən ki,

dünya necə gözəldir…

“Sevdalı ömür” şeirinin bu hissəsi məntiqə əsaslanır. Lakin elə həmin misralardan sonra oxuyuruq:

Yamyaşıl payız otlarının

üstündə bərq vuran

qızılı xəzəldir…

Bu misralar isə məntiqdən daha çox hiss və emosiya ilə bağlıdır. Yaşıl otların üstündə payız yarpaqlarının bərq vurması təkcə ilin yazı ilə payızının növbələşməsi mənasında deyil, həm də bir peyzaj kimi diqqəti cəlb edir. Şeirlərin alt qatında belə bir məntiq də gizlənir ki, sevgi eyş və işrət deyil, həyatdır, bütün cəhətləri ilə gözəldir. Payızı da yazı kimi əzizdir, müqəddəsdir. Bəlkə ona görə şair “yuxuda sizi gördüm, kimsə mənə deyirdi ki, siz hamıya Allahın gözü ilə baxırsınız, ona görə hamını sevirsiniz. Bu nikbinlik, dərinlik ordandır. Bu yuxu deyilmiş!” ismarıcına yazdığı şeirində deyir:

Qəlbi təmiz olanların

Səsini Tanrı eşidir.

Mən kiməm sevəm, seviləm,

Məhəbbət Tanrı işidir!

Rafiq Yusifoğlunun şeirlərinin öz fəlsəfəsi var:

Adi bir insan ömrünü

Nağıl eləyib şairlər.

Göydən gələn bumbuz qarı

Noğul eləyib şairlər.

Qız alıb, gəlin köçürüb,

Gənclərə “buta” içirib,

Neçə-neçə ögey dərdi

Öz köynəyindən keçirib,

Oğul eləyib şairlər.

Şairlər daim sevgi toranında, eşq burulğanında həyatını qərq etməyə çalışan lirik qəhrəmanlar yaradırlar. Görünür bu, poeziyanın qanunudur. Lakin eyni zamanda şairlər bu tufanların qoynunda vətəndaş olduqlarını yaddan çıxarmırlar. Rafiq bir an da olsun düşmən tapdağında qalan və həsrət-həsrət bu tərəflərə boylanan dağları da unutmur. O yazır:

Ana torpaq, bizsiz qaldın,

Sənsiz gözümüz qaralıb.

Sənin özün qapqarasan,

Bizim üzümüz qaradı…

Bu misraları oxuyanda başa düşürsən ki, kəpənək kimi güldən-gülə, çiçəkdən-çiçəyə qonan şair ürəyinin dərinliyində daha böyük, daha müqəddəs bir sevgi yaşayır. Rafiq Yusifoğlunu da yaşadan bu sevgidir, bu amaldır.

Müəllif: Zahid XƏLİL,

filologiya elmləri doktoru, professor.

Mənbə: “Respublika” qəzeti, 15 yanvar 2010.

ZAHİD XƏLİLİN YAZILARI

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHİN MUSAOĞLUNUN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

MƏLAHƏT HÜMMƏTQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru