Etiket arxivi: Sevil Gül Nur

Sevil Gül Nur – Ruhun şəfalanması

Ruhun şəfalanması

Yer öz oxu ətrafında dönmür daha,
Sən gələndən gecələr də gündüz oldu.
Hamarlandı kələ-kötür bütün yollar,
Qədəmlərin dəyən hər yer dümdüz oldu.

Dəyişdin bu təbiətin qanununu,
Bir insana uçmaq üçün qanad verdin.
Sudan çıxmış, can üstündə bir balıqdım,
Ürəyinə alıb yeni həyat verdin.

Tərsə döndü çərxi Günəş sisteminin,
Hisslərinlə yeni dövr hasil etdin.
Fələyə də ram olmayan bu qadını
Öz sevginə bir ömürlük əsir etdin.

Milyonillik qaranlıqlar yoxa çıxdı,
Günəş doğdu bu küləklər şəhərinə.
Nəfəsinlə şəfalandı yaralı ruh,
Məlhəm oldun tənhalığın zəhərinə.

Keçmişimin izlərinə süngər çəkib,
Boz ömrümə sən rəngində yol dilədim.
Gəlişinin şərəfinə şeir süzdüm,
Sevgimizi misralarda qeyd elədim.

    1. 2026

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevil Gül Nur – Retrograd

Retrograd

Bu gecə də ulduzlara səndən danışdım,
Yarım qalan sevgi dastanımızın
sonunu öyrənməyə çalışdım.
Allah kəssin xasiyyətimi,
Onlarla da yola getmədim,
Onlarla da dalaşdım.
Milyon dənə səhv tapdım sözlərində,
Ayrılığın xəritəsini çəkdilər qara qələmlə,
Məni düşmən etdilər o sirli aləmlə.
Mənsə səni görmək istəmişdim ulduzların gözlərində.
Dönə-dönə dedilər Saturnun araya girdiyini,
Hər iki planet arasında qalın divar hördüyünü,
apardığı soyuq döyüşü.
Mənsə gözləyirdim Marsdan
Veneraya olan isti geri dönüşü.
Bilirdim zamanın artıq dolduğunu,
Zəfərin çox yaxın olduğunu,
İstiliyin soyuqlardan doğulduğunu…
Kiçik çillə çoxdan girmişdi,
Göylər Yerə ağ şəkər ələyirdi,
Yer üzünü şirin nağıla bürüyürdü.
Küləklərin gətirdiyi soyuqlar,
Şaxtaların ötürdüyü sazaqlar
Marsı retrograda sürüyürdü.
Hələ sübhün gözü açılmamışdı,
Qaranlıqlar Yer üzündən qaçılmamışdı,
Əllər səmaya,
Dualar göyə ucalmamışdı hələ,
Ən ülvi istəklər gəlməmişdi dilə.
Telefonun işığı iki dəfə yanıb-söndü,
Ekranda
Saturnun məğlubiyyətini elan edən
retrograd kod-yazı göründü:
“Bu gün çox soyuq olacaq,
Əynini qalın elə…”

    1. 2026

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevil Gül Nur – Şirin nağıl

Şirin nağıl

Xatirənlə dolu olan bu otaq
Bu səhər də elə səndən danışdı.
Yenə hisslər üstələdi ağılı,
Yenə hisslər xəyalına yanaşdı.

Həsrət adlı bu dərd ki var, ağırdır,
Çalışsan da, atammazsan bu dərdi.
Unutmağa cəhd edənlər bilərlər,
Unutmaq da xatirəyə qədərdir.

Bütün günü başını qat, gəz, dolan,
Bütün günü keçmişindən uzaq qaç.
Sonra birdən bir söz eşit, nəğmə duy,
Sonra yenə xəyallara qucaq aç…

Unutmağa ha çalışdım, olmadı,
Hər tərəfdə xatirən var bir yığın.
Çiyinlərim çəkə bilmir bu yükü,
Qürurumdan ağır imiş yoxluğun.

Dönüb gəlsən, bağışlaram yenə də,
Adam olmaz məndən belə ağılla.
Yenə danış, bilə-bilə inanım,
Şirin olur sən danışan nağıllar.

Daha getmə, dərd almasın canımı,
Görünməsin gözlərimdə bir də nəm.
Gəl, dolayım qollarımı boynuna,
Pıçıldayım: Darıxmışdım, birdənəm…

    1. 2026

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sevil Gül Nur – Dönmərəm

Dönmərəm

Gəlişilə gerçəkləşmiş yalan yuxum,
Cana gəlmiş can vermədə olan duyğum,
Nəfəsilə isinmədə bütün ruhum,
Donmaram ki…

Buraxmaz ki, çulğadısa bu eşq kimi,
Ruhlandıran bir hiss varmı saf eşq kimi?
Bütün dünya qarşı çıxa, öz eşqimi
Danmaram ki…

Dağ səbrimi döndərərəm aya, ilə,
Həsrətindən külə dönmək olsa belə,
Ağrıları gətirmərəm əsla dilə,
Dinmərəm ki…

Yüz min tikə qoparalar bu tənimdən,
Ya dərimi sıyıralar bədənimdən,
Xeyri yoxdur, “Eşq” adlanan bu dinimdən
Dönmərəm ki…

    1. 2025

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevil Gül Nur – Yeni üfüqlər

Yeni üfüqlər

Əlimdə bir tikə ümid qalmışdı,
Atdım gözlərinə gələn sabahın.
Dualar uzatdım göyün üzünə,
Gedib ətəyinə çatdı Allahın.

Bahar günəşinin rəngli telləri
Bənizi soluxmuş ruhuma çıxdı.
Köhnə limanları geridə qoydum,
Yeni üfüqlərə ruhum açıqdır.

Üzünü, səsini xatırlamağa
Nə qədər can atdım, baxdım, olmadı.
Bağışla, o qədər xoşbəxt oldum ki,
Səni düşünməyə vaxtım olmadı.

    1. 2025

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yadigar Təvəkgülün yeni şeirləri

***

“Nə çox gördün sevilməyi sən mənə”,

Bircə dəfə heç nazımı çəkmədin .

Yollarında həsrət çəkən gözümü ,

Sevgi dolu bir kəlmənə bükmədin.

Həsrətini hey doladın boynuma ,

Mənə eşqin hicranını yaşatdın .

Bu nə sevda, nə məhəbbət bilmədim ,

Gecə -gündüz gözlərimi yaşartdın .

Daha bəsdir cəkdirdiyin bu çilə ,

Daha bəsdir yaşatdığın müsibət .

Bu eşq deyil ,sən sevirəm söyləmə,

Cinayətdir, belə olmur məhəbbət.

Sən sevməyi bacarmadın əzizim,

Ovuclayıb üz -gözünə buladın .

Bir sözümə min bəhanə gətirib,

Əzəl gündən ürəyimi taladın…

***

Əvvəl bir mən idim ,eşqin var idi,

Sonra məhəbbətin yağışa döndü.

Bu sevgi bilmədim nədən güc alıb,

Ağ kağız üstündə naxısa döndü.

Baxış oldun sözlərimdən cahana,

Misralandın sətir sətir düzüldün.

Susdun dodağımda sükut səsi tək,

Gözlərimdən ürəyimə süzüldün.

İndi sən adında şeirdir dostum,

Sətirin şahıdır sözun tacıdır.

Laləyə sinəsin gulustan edən,

Sevgin ürəyimdə dağ yamacidir.

***

Günlərim ay olur,ay ilə dönür,

Kələfim yol tapır sənə ilişir.

Məndən xəlvət məhəbbətin bilmirəm

Hardan gəlib ürəyimlə görüşür.

Dodağından gülüşümə çat düşür,

Dan yerimin bağrı sənə sökülür.

Harda dolsa səadətin buludu,

Tapır məni başım üstə tökülür.

Qəm kədərin adı çıxıb yadımdan ,

Eşqin məni ağuşuna aparıb.

Sevdan mənim ürəyimdə çəm olub,

Fırtınasın sahilimdə qoparıb.

Əl açdığım duaların yerinə,

Qismətin də gözlərimə cəkilib.

Sən adında bir sevda söz şərbətin,

Dərman kimi ovucundan içırib.

Kipriyində yurd salıb,ev qurmuşam

Nəfəsindən libasımı biçmısəm.

Bəlkə də xəbərin yoxdur özündən,

Doğulandan ürəyinə koçmusəm.

***

Nolardı sevsəydin bircə gün məni?

Aylarmı küsərdi , ilmi küsərdi?
Ömrümdən qovardın dumanı ,çəni ,.
Qarşını şaxtalı yelmi kəsərdi?
Bir günlük xoşbəxtlik verərdin mənə,
Bir günlük könlündə evim olardı.
Səadət bəxş edən baxışlarında,
Sevincim əbədi yuva qurardı.
Dünya çıxardımı öz məhvərindən,
Yoxsa tutulardı ay ilə günəş.
Yandırıb yaxardı bütün cahanı,
Bəlkə bürüyərdi yer üzun atəş.
Sən məni bir günlük sevsəydin əgər,
Ay ilə günəşi barisdirardim.
Özünü buluddan atan yağışı,
Dilə gətirdim danisdirardım.
Sən məni bir günlük sevsəydin əgər,
Eşqin ummanına körpü olardım,
Gözündə həsrətdən qovrulan sevgi,
Sözündən kiriyən körpə olardım.

***

Gəl dost olaq uçuraq aramızdan divarı ,

Nə sən o üzdə darıx nə mən burda karıxım,

At qəribliyin daşın əl -ələ ver mənimlə ,

Ovucunun içində qıyma sənsiz darıxım .

Səndə nə var bilmirəm, inciyib küsmək olmur ,

Nəfəs qədər yaxınkən ,niyə yasaq nəfəsin.

Birdəfəlik nə susmaq, nə salam kəsmək olmur ,

Sən susanda bu həyat olur ölum qəfəsim .

Gəl dost olaq nə olar, çərpələng uçurarıq ,

Üzü küləyə sarı danışarıq ara -bir.

Sən saçımdan lentimi çəkib atarsan yerə,

Körpə uşaqlar kimi dalaşarıq ara- bir.

Günəşin batışını birlikdə seyr edərik ,

Bir ocaq da çatarıq dənizin sahilində .

Bir az uşaq olarıq, biz az ömür qocalar ,

Günü -günə qatarıq ,seçim sənin əlində!

Olmasın aramızda daş divar, darıxıram

Sən ömrümdə olmasan çaşıram, karıxıram…

***

Ancaq insan darıxır deyə bir hiss yoxdur.

Bəzən daş bina sahibi üçün darıxır……..

Yadigar TəvəkgülSevil Gül Nur

Sevil Gül Nur bu gün sən gələnə qədər dərdləsdik ev-esiyinlə.

Evinin nuru olan sən o evdə hər zaman bəxtiyar ol bacim.

Sənsiz evin divarları lal olub,

Sənsiz evin əşyaları danışmır.

Açıq qalan qapılar da bağlanmır,

Sənsiz çay da qarasına qarışmır.

Dəm aldıqca acı olur dadı da,

Yaddan çıxır yolunuzun adı da,

Soyuq olur evinizin odu da,

İşıqlar da öz-özüylə barışmır.

Bıçaq da heç kəsmir təzə çörəyi,

Döyünməyir daş evin daş ürəyi.

Sən olmasan, neynirəm o xörəyi?

Ruhum sönür, nə etsəm də alışmır…

18. 10. 2024

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEVİL GÜL NUR – Qızıma məktub.

İki il öncə Libra kitab nəşriyyatının təşəbbüsü ilə “Övladına məktub yaz!” layihəsinə göndərdiyim məktub birincilik qazanaraq 20 müəllifin məktubu arasında yer almışdı. Bu gün BBKS-də kitabın təqdimatı oldu.

QIZIMA MƏKTUB

Çiçəkqoxulum, sənə olan sevgimi gözlərimdən və hərəkətlərimdən aydın görürsən. Amma istərdim ki, bu sevgimi sözlərimdən də oxuyasan. Ona görə bu məktubu sənə yazıram.
Mələküzlüm, hər səhər atanla birlikdə yanağına incə bir öpücük səndən ayrılırıq. Saçlarına sığal çəkib səni oyandırmamaq üçün barmaqlarımızın ucunda asta-asta otağından çıxırıq. Bilirsən ki, mən sənin kimi onlarla şagirdə bilik vermək üçün, atan isə sənin kimi uşaqların işıqlı və rahat evlərdə xoşbəxt yaşamalarını təmin etmək üçün səndən uzağa getməli oluruq. Amma bütün düşüncəmizdə və qəlbimizdə səni özümüzlə aparırıq.
Gözəlgözlüm, getdiyim uzun yol boyu hər an səni düşünürəm. Avtobusun pəncərəsindən qaranlıq küçələrə baxaraq sənin indi necə şirin-şirin yatdığını xatırlayıram. Üzümə təbəssüm qonur. Gözlərim avtobusda iri lövhədəki saata dikilir: 07:10 – “İndi zəngli saat çalacaq, qızım yuxudan ayılacaq və məktəbə hazırlaşacaq”.
Dəqiqələr keçir… Küçədə işıq dirəkləri bir-birini qovur… Avtobus gedir… Dayanır… Yenə gedir…
07:30 – “Qızım evdən çıxıb məktəbə gedir” – deyə düşünürəm.
Sən məktəbə çatanda artıq mən də işlədiyim məktəbə çatmış oluram. 07:45 – artıq dərsin başlanmasına 15 dəqiqə qalıb. Uşaqlar ikibir, üçbir sinfə daxil olurlar. Kimi öz parta yoldaşı ilə nəyisə müzakirə edir, kimi dərslərini təkrar edir, kimi də yolda gördüyü hadisəni maraqla dostlarına nəül edir. Onlara baxdıqca yenə səni düşünürəm: “Mənim mələküzlüm indi sakitcə oturub dərsin başlanmasını gözləyir…”
Zəng vurulur, dərs başlayır. Bizi bir-birimizdən ayıran bu 45 dəqiqələrdir, hansı ki, bu vaxt mən şagirdlərimə yeni dərsi izah edir, tapşırıqlar verirəm, sənsə öz müəllimini diqqətlə dinləyir, verdiyi tapşırıqları yerinə yetirirsən. Bilirəm ki, gələcəkdə sən də xalqın övladlarını elmlə zinətləmdirmək, vətəninə, xalqına layiq övlad olmaq üçün bu gün çox çalışırsan.
Tənəffüs zamanı yenə gözlərimin önündəsən: “Qızım su içir, yemək yeyir”.
Sonunsu dərs bitəndə sən evə gedir, mənsə ikinci növbədəki işimə başlayıram. Yenə gözüm saatdadır: 12:10 – “Qızım məktəbdən çıxdı, evə gedir, 15 dəqiqəyə çatacaq” – deyə düşünürəm. 13:00 – “Qızım dərslərini edir”.
Sənə demişdim, Sevinc müəllimin sinfindəki Nuray eynən sənə bənzəyir – o da sənin kimi ikinci sinifdə oxuyur, sənin kimi sakit, ağıllı, savadlı qızdır. Hər tənəffüsdə o qızı uzaqdan seyr edirəm, sanki sənə baxıram. Bilirsən, müəllim olmağın özəlliyi nədir? Bütün şagirdlərinə öz övladı kimi yanaşmağı bacarmaq, onları öz balası kimi sevə bilmək. Hər şagirdimdə bir az sən varsan, hər birində bir az səni görürəm. Onları da sən qədər sevirəm.
İş saatım bitəndə şagirdlərimlə sağollaşıb dayanacağa tələsirəm. Sənə tez çatmaq, sarılıb doyunca öpmək, sənin üçün necə darıxdığımı demək üçün…
Səhərin alatoranında evdən çıxdığım kimi axşamın qaranlığında da evə qayıdıram. Bilirsən? Hər səhər avtobusun pəncərəsindən günəşin necə doğduğunu görürəm. Təbiətin günəşi səhər doğur, səhər aləmi nura boyayır, hər yeri isidir. Mənimsə günəşim axşam doğur – hər axşam qapını döydüyümdə həyəcanlı ayaq səslərinin ardından balaca əllərin qapını tələsik açdığı an. O an mənə sevgiylə baxan bir cüt gözün şöləsi bütün canıma yayılır, ruhumu isidir. Mənə uzanan yumşaq əllərini ovcuma alıram, soyuq əllərim isinir, donmuş vücudum canlanır. Bu hərarətin canımdan çıxmaması üçün sənə bərk-bərk sarılıb istiliyini içimə çəkirəm: – “Mənim Günəşim sənsən! Ömrümə xoş gəlmisən, Günəşim! Səni çox sevirəm!”
Səni sevən anan.

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sevil Gül Nur: – … darıxmışam…

Sol ağrı

Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.

İndi mənim ruhumu
Oxşamır o mahnılar,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.

O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.

Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.

Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.

Bir şeirlik darıxmaq

Gedişinə qurban kəsib həsrəti
Ağrıların köksünə dağ basaram.
Elə bilmə, yoxluğunu dərd edib
Ürəyimin yaxasından asaram.

Elə bilmə, uçar bu ev başıma,
Elə bilmə, udar məni dörd divar.
Darıxmağım böyük deyil boyumdan,
Allah haqqı, bir şeirlik ömrü var.

Bir gecədə unudulur gedənlər,
Bir gecədə o son şeir yazılır.
Ondan sonra qısa olur gecələr,
Ondan sonra ağrılar da azalır.

Yuxuyla da dil tapırsan o gündən,
Sözlərini kəsməyə də can atmır.
Daha sənə hücum etmir xəyallar,
Xatirələr dodağını qanatmır.

Özünə də hələ yaxşı baxırsan,
Soruşana deyirsən ki, babatam…
Daha məni dərd eləmə, yaxşımı?
Ürəyimi dincə qoydum, rahatam…

Soyuq gecə

    Üşütdü içimi soyuq noyabr,
    Çəkdim ciyərimə odlu ahımı.
    Kəsdim kəndirini baxışlarının,
    Səndən azad etdim dustaq ruhumu.

    Qırıldı gözümdə qorunan əksin,
    Xatirə qalmadı bir xoş anımdan.
    Səpdim şeirlərə ağrılarımı,
    Sən də misra-misra çıxdın canımdan.

    Nələr yaşatmadın yazıq könlümə?!
    Demə, qabaqdaymış hələ çətini.
    Bu dəfə ürəyim çox zəif oldu,
    Qaldıra bilmədi xəyanətini.

    Bu gecə ilk dəfə andımı pozdum,
    Adını biryolluq atdım dilimdən.
    Səndən keçməyim də çətin olmadı,
    Sağ olsun, nifrətim tutdu əlimdən.

    Ağrılı deyilmiş unutmaq yolu,
    Bir azca ruhumun dizin qanatdım.
    Bu gecə ilk dəfə çıxdın yadımdan,
    Bu gecə son dəfə səni unutdum…

    Şahmat oyunu

      Sənin də gücün bitdi, sən də çox zəif oldun,
      Sən də dözə bilmədin bu dəlisov qadına.
      Ruhuna ağır gəldi “dəlilik” dediyin eşq,
      Bir anda verdin onu ayrılığın badına.

      Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu,
      Al qılıncı əlinə, diri-diri soy onu.
      Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu,
      Hansı gedişlər etdin, salım bir-bir yadına?

      Son gediş mənim oldu, sən buna məcbur etdin,
      Uduzdun bu oyunda, oldu məğlub niyyətin,
      Səni unutmağımdır böyük məğlubiyyətin,
      Məndən salam deyərsən yıxılmış inadına.

      İndi çək öz ruhuna hicran vurduğu dağı,
      Dur qarşıla ömrünə “təklik” adlı qonağı,
      Xatirələr üşütsün ətrim dolan otağı,
      Dizlərini qucaqla, “sızıltı” de adına.

      İndi uzun gecələr çəkər səni çarmıxa,
      Ağrıların birləşər səni kökündən yıxa,
      Quduz həsrət acısı canından çətin çıxa,
      Darıxmaq deyirəm e, gəl indi bax dadına.

      “Azadlıq” stansiyası

        Məni gözləmə daha,
        Yolumuz haçalandı.
        Qəlbinin ünvanını
        Unutmuşam haçandır.

        Daha ruhuna çıxmır
        Məni aparan yollar.
        İndi bu addımların
        Getdiyi başqa yer var.

        Gözlərim ta yorulmur
        Avtobus durağında.
        “İndi gələrsən” deyə
        Qalmıram sorağında.

        Bilirsənmi, sevirəm
        Bu yeraltı qatarı.
        Səni tez unutdurur
        Metro stansiyaları.

        Elə gözəl olur ki,
        Vaqonda mürgüləmək.
        Nə mesaj yazmaq olur,
        Nə də ki zəng eləmək.

        Gözlərimi yumuram
        Əvvəldən düz sonacan.
        Çatanadək sayıram
        Üç dəfə yüz onacan.

        Xatirə tıxacında
        Nə itib, nə batıram.
        Səndən rahatca keçib
        Mən özümə çatıram.

        Ruhum çıxır məhbəsdən,
        Aydınlanır dünyası.
        Növbəti dayanacaq –
        “Azadlıq” stansiyas.

        Titrəyən öpüş

          Məndən sonra pozular günlərinin düzümü,
          Sabahların sükutla, gecələrin lal keçər.
          Ruhun eşq libasını soyunar öz əynindən,
          Ayrılıq ürəyinə özün boyda qəm biçər.

          Məndən sonra düzülər misralar da yan-yana,
          Yüz şeir də yazılsa, ödəməz bir ağrını.
          Köksün üstə alışan o köz səni yandırar,
          Dodağında titrəyən öpüş didər bağrını.

          Məndən sonra yozular yuxuların tərsinə –
          O mənli röyaların bircəciyi düz olmaz.
          Məni unutmaq üçün sayarsan günü, ayı,
          Məni unutmaq isə bir ömürdən tez olmaz.

          Ayrılıqlar dərd deyil

            Ayrılıqdır da, ömrüm,
            Ya az, ya da çox olsun.
            Başağrısı deyil ki,
            Sinirimə toxunsun.

            Həsrət cəmi üçcə gün
            Boğazımı yandırar.
            Ruhumdan axan qanı
            Zamanlar dayandırar.

            Yarama məlhəm çəkər
            Vaxtın şəfalı əli.
            İtirər qulağımdan
            Səsini sabah yeli.

            Bakının sərt küləyi
            Elə tufan qoparar,
            Əlimdən əl izini
            Birdəfəlik aparar.

            Ağrılar üsyan edər
            Göydə ay batanacan.
            Uzağı, bir şeiri
            Bətnimdən atanacan.

            Elə ki həmin gecə
            O xoş şeir doğulur,
            İnan ki, ondan sonra
            Ağrılar da yox olur.

            Bilirsən, hicrandan çox
            Daşın üzü soyuqdur.
            Ayrılıqlar dərd deyil,
            Ölümə çarə yoxdur.

            Son oyun

              Gözü dolub buludların bu səhər,
              Sən getdiyin o yolları yaşlayır.
              Ruhum üzür bir boşluğun içində –
              Sevgimizin həsrət ömrü başlayır.

              Bu neçənci gedişindir, bilmirəm,
              Hər gedişdə dəfə-dəfə yarıldım.
              Böyütmədim içimdəki ağrını,
              Sən dönüncə ümidlərə sarıldım.

              Bir körpəcə təsəlliyə sığınıb,
              Günlərimi ötüşdürdüm birtəhər.
              Göyərmədi gözümdəki arzular,
              Səbrim ilə suvarsam da hər səhər.

              Şeirlərdən çətir tutdum könlünə,
              Gah saxladın, gah da geri yolladın.
              Dönə-dönə getdin məndən uzağa,
              Dönə-dönə mənə doğru yol aldın.

              Ruhum ayaq səslərindən yorulub,
              Addımların döyəcləyir ömrümü.
              Məni ürək iynələyir hər gecə,
              Gündüzlər də həsrət yeyir ömrümü.

              Çox uzandı bu “get-gəl”lər oyunu,
              Üzüm gəlmir ürəyimə “döz” deyim.
              Ayrılmağa gəlirsənsə, qayıtma,
              Qovuşmağa gəlirsənsə, gözləyim.

              Daşını atmışam darıxmaqların

                Bilirdim, qaranlıq keçib-gedəndir,
                Bilirdim, gecələr ömürlük deyil.
                Bax sabah açıldı, bitdi həsrətim,
                Daha sənsizliyim mənə yük deyil.

                Daha qorxularım əriyib-gedib,
                Onlar əvvəlkitək məni üşütmür.
                Bütün acılara kar olub ruhum,
                Haray salsalar da, indi eşitmir.

                Mənə doğmalaşıb sadiq təkliyim,
                Dadı damağımda çox şirinləşib.
                O qədər ayrılıq yaşamışam ki,
                Səbrimin kasası lap dərinləşib.

                Bölüb ayrılıqlar öz arasında –
                Qəmimdən üç buna, beş ona düşüb.
                Daşını atmışam darıxmaqların,
                Gedib ağrıların başına düşüb.

                Ayrılıq vaxtı

                  Demişdim ki, bircə dəfə sevir ruh,
                  Demişdim ki, dərin olur sevgisi.
                  Bilirdin ki, ruhum sənə bağlıdır,
                  Sənin qədər sevməmişəm heç kəsi.

                  Böyük eşqim dar qəlbinə sığmadı,
                  Cılız hisslər yağmaladı ruhunu.
                  Baxışının ünvanını dəyişdin,
                  Kirləndirdin belə təmiz duyğunu.

                  Dodaqların yalanlardan biçdi don,
                  Neçə kirli günah geydin dilinə.
                  Sevgi dolu ovucların boşaldı,
                  Xəyanəti yığdın iki əlinə.

                  Ağır oldu budəfəki günahın,
                  Bir tövbəylə yuyulası iş deyil.
                  Boşa verdin eşqin vüsal vədəsin,
                  İndi zaman ayrılığa işləyir.

                  Göz yaşımla atdım səni gözümdən,
                  Bir az da sən ağrı-acı çək indi.
                  Qoy qanasın vicdanının yarası,
                  Bəlkə ruhun günahlardan çəkindi…

                  Müəllif: SEVİL GÜL NUR

                  SEVİL GÜL NURUN YAZILARI

                  Mustafa Müseyiboğlu adına kitabxana

                  “ƏDƏBİ OVQAT” JURNALI PDF

                  “YAZARLAR”  JURNALI PDF

                  “ULDUZ” JURNALI PDF

                  “XƏZAN”JURNALI PDF

                  WWW.KİTABEVİM.AZ

                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

                  Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                  Sevil Gül Nur. ÖMÜR ŞİRİN YUXUDUR.

                  ÖMÜR ŞİRİN YUXUDUR
                  Fələkdən kam almaq necə qəlizmiş!
                  Həyat bir dəyirman – ömrü üyüdən…
                  Sən demə, bu dünya yaman cılızmış,
                  Mənəmmiş gözümdə onu böyüdən…
                  * * *
                  Mən nəhəng bildiyim zirvəli dağlar
                  Əslində əl qədər toz yığınıymış.
                  Çəmənlər… Düzənlər… Bağçalar… Bağlar…
                  Dilimdə kök salan söz yığınıymış…
                  * * *
                  O sonsuz ümmanlar, dərin dəryalar
                  Ovcuma sığışan bir udum suymuş.
                  O ucsuz-bucaqsız geniş səhralar
                  Bir qarış ölçüdə olan quruymuş…
                  * * *
                  Gündüzlər aləmə nur yayan Günəş
                  Cismimi yandıran isti kürəymiş.
                  Ay gecə işıq yox, saçırmış atəş,
                  Övkəsi, hikkəsi, hirsi Yerəymiş…
                  * * *
                  Sanırdım, yağışdır göydən süzülən,
                  Sızlayan ruhumun göz yaşlarıymış.
                  Ağaclar – cərgəylə yerə düzülən-
                  Ölmüş arzuların baş daşlarıymış…
                  * * *
                  … Yaşanan bu ömür şirin yuxudur,
                  Qarışıb gecəyə gündüzlərimiz.
                  Gerçəyi dərk etmək bizi qorxudur,
                  Odur ki, ayılmaq istəmirik biz…

                  Müəllif: SEVİL GÜL NUR

                  SEVİL GÜL NURUN YAZILARI

                  PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

                  PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

                  PDF>>> ZAUR USTAC “BB” KİTABI

                  >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

                  ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

                  Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                  Sənsizliklə boğma məni, ay adam… . Sevil Gül Nur.

                  SEVİL GÜL NURUN YAZILARI

                  ŞAHMAT OYUNU
                  Sənin də gücün bitdi, sən də çox zəif oldun,
                  Sən də dözə bilmədin bu dəlisov qadına.
                  “Dəlilik” dediyin eşq ağır gəldi ruhuna,
                  Bir anda verdin onu ayrılığın badına.
                  * * *
                  Bu qəlbdə bir sən vardın, yalandırsa, oy onu,
                  Al qılıncı əlinə, diri-diri soy onu.
                  Mən “eşq” dedim bu hissə, sənsə – şahmat oyunu,
                  Hansı gedişlər etdin, salım bir-bir yadına?
                  * * *
                  Son gediş mənim oldu, sən buna məcbur etdin,
                  Uduzdun bu oyunda, oldu məğlub niyyətin,
                  Səni unutmağımdır böyük məğlubiyyətin,
                  Məndən salam deyərsən yıxılmış inadına.
                  * * *
                  İndi çək öz ruhuna hicran vurduğu dağı,
                  Dur qarşıla ömrünə “təklik” adlı qonağı,
                  Xatirələr üşütsün ətrim dolan otağı,
                  Dizlərini qucaqla,  “sızıltı” de adına.
                  * * *
                  İndi uzun gecələr çəkər səni çarmıxa,
                  Ağrıların birləşər səni kökündən yıxa,
                  Quduz həsrət acısı canından çətin çıxa,
                  Darıxmaq deyirəm e, gəl indi bax dadına.

                  RİYAZZİYYAT
                  Sənli xatirələri
                  Topladım bir araya,
                  Təkə, cütə ayırıb
                  Düzdüm iki sıraya.
                  * * *
                  Yüz minin birə oldu
                  Təkin cütə nisbəti.
                  Mən də sevgi zənn etdim
                  Bu nataraz qisməti.
                  * * *
                  Bu eşqi dönə-dönə
                  Vurdum neçə qatına.
                  Gah qüvvətə yüksəltdim,
                  Gah saldım kök altına.
                  * * *
                  Qəmi ixtisar etdim,
                  Sevinc də kəsr oldu.
                  Həsrəti sıfra vurdum,
                  Ayrılıq hasil oldu.
                  * * *
                  Sən “biz”dən “sən”i çıxdın,
                  Yerində tək “mən” qaldı.
                  Bu yarımcan duyğunu
                  Ha topladım, dağıldı.
                  * * *
                  İkimizə bir ömrü
                  Hey böldüm sevə-sevə.
                  Nə etdim, alınmadı,
                  Qalıq qaldı hər dəfə…
                  * * *
                  Səndən sonra hissləri
                  Hesablamaqdır peşəm.
                  Sevmədiyim bir fənni
                  Gör necə öyrənmişəm…
                  01.10.2022.

                  “AZADLIQ” STANSİYASI
                  Məni gözləmə daha,
                  Yolumuz haçalandı.
                  Qəlbinin ünvanını
                  Unutmuşam haçandır.
                  * * *
                  Daha ruhuna çıxmır
                  Məni aparan yollar.
                  İndi bu addımların
                  Getdiyi başqa yer var.
                  * * *
                  Gözlərim ta yorulmur
                  Avtobus durağında.
                  “İndi gələrsən” deyə
                  Qalmıram sorağında.
                  * * *
                  Bilirsənmi, sevirəm
                  Bu yeraltı qatarı.
                  Səni tez unutdurur
                  Metro stansiyaları.
                  * * *
                  Elə gözəl olur ki,
                  Vaqonda mürgüləmək.
                  Nə mesaj yazmaq olur,
                  Nə də ki zəng eləmək.
                  * * *
                  Gözlərimi yumuram
                  Əvvəldən düz sonacan.
                  Çatanadək sayıram
                  Üç dəfə yüz onacan.
                  * * *
                  Xatirə tıxacında
                  Nə itir, nə batıram.
                  Səndən rahatca keçib
                  Mən özümə çatıram.
                  * * *
                  Ruhum çıxır məhbəsdən,
                  Aydınlanır dünyası.
                  Növbəti dayanacaq –
                  “Azadlıq” stansiyası…
                  10.10.2022.

                  SOYUQ GECƏ
                  Üşütdü içimi soyuq noyabr,
                  Çəkdim ciyərimə odlu ahımı.
                  Kəsdim kəndirini baxışlarının,
                  Səndən azad etdim dustaq ruhumu.
                  * * *
                  Qırıldı gözümdə qorunan əksin,
                  Xatirə qalmadı bir xoş anımdan.
                  Səpdim şeirlərə ağrılarımı,
                  Sən də misra-misra çıxdın canımdan.
                  * * *
                  Nələr yaşatmadın yazıq könlümə?!
                  Demə, qabaqdaymış hələ çətini.
                  Bu dəfə ürəyim çox zəif oldu,
                  Qaldıra bilmədi xəyanətini.
                  * * *
                  Bu gecə ilk dəfə andımı pozdum,
                  Adını biryolluq atdım dilimdən.
                  Səndən keçməyim də çətin olmadı,
                  Sağ olsun, nifrətim tutdu əlimdən.
                  * * *
                  Ağrılı deyilmiş unutmaq yolu,
                  Bir azca ruhumun dizin qanatdım.
                  Bu gecə ilk dəfə çıxdın yadımdan,
                  Bu gecə son dəfə səni unutdum…
                  30.11.2022.

                  UZAQLIQ
                  Bu ayrılıq parçaladı köksümü,
                  Qopub düşdü ürəyimin tək simi.
                  Baxışların tez soyundu əksimi,
                  Daha sənə görünürəm yad kimi…
                  * * *
                  Şeirlərin keçmədi ki əynimə,
                  İndi bu sərt soyuqlarda neynim, hə?
                  Nəfəsindən köz düşmədi çiynimə,
                  Bürümədi vücudumu od kimi…
                  * * *
                  Bilməzdim ki, doğma dönər yad olar,
                  Gedişinin başqa necə adı var?
                  Saçlarımda əllərinin dadı var,
                  Dad görmədim ondan şirin dad kimi…
                  30.10.2022.

                  DODAQLARIN YADDAŞI
                  Bu həsrətin atəşi heç səngimir,
                  Hicran dolu od-alovdur yan-yörəm.
                  Mən gündüzlər adlayıram siratı,
                  Gecələrsə cəhənnəmdə yanıram.
                  * * *
                  Əllərimi soyuq kəsir bu bahar,
                  Saçlarımı yaz küləyi dağıdır.
                  Buludlarda baxışlarım əriyir,
                  Gözlərimin alovunu dağ udur.
                  * * *
                  Dodaqlarım həzm eləmir bu dərdi,
                  Sən gedəli tökür qanlı göz yaşı.
                  Yadındadır, demişdim ki, unutmur,
                  Güclü olur dodaqların yaddaşı.
                  * * *
                  Hey adını pıçıldayır gizlicə,
                  Qürurum da yoxluğuna yenilir.
                  Çeynənməkdən gömgöy olub dərisi –
                  Bütün hirsim dodaqlara yönəlir.
                  * * *
                  Bu eşq qaya, ayrılıqsa xəfif yel,
                  Nə apara bilər ki, yel qayadan?
                  Nəfəsimi kəsir acı yoxluğun,
                  Sənsizliklə boğma məni, ay adam…
                  12. 03.2023.

                  Müəllif: SEVİL GÜL NUR

                  SEVİL GÜL NURUN YAZILARI

                  PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

                  PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

                  PDF>>> ZAUR USTAC “BB” KİTABI

                  >>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

                  ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


                  YAZARLAR.AZ

                  ===============================================

                  <<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

                  Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru