Şahin Musaoğlu mənim üçün hər şeydən əvvəl bir könül adamıdır.
O, gördüyü hər işi ürəklə görür. Ürəyindən gələn hər işə canını qoyur. Yəqin yazıb-yaratdıqları da elə buna görə ürəyə ürəyəyatımlı, könüloxşayan olur.
O, həm də məndən ötəri bu ölkədə Vətəni sevməyin parlaq bir mücəssəməsidir. Əfsanə şəxsiyyət, gəzərgi bir heykəldir.
Şahin Musaoğlunun ruhundan qopub, qələmindən çıxan nə varsa istisnasız olaraq , bir Vətən nəğməsidir. Və o bəstələr, o şeirlər, artıq neçə-neçə nəsilə məmləkəti, torpağı, bayrağı sevməyi təlqin edib. Bizim balalarımız Qarabağ sevgisini, Vətən eşqini həm də ondan öyrənib.
Lap çoxdan – uzaq 1992-ci ildən tanıdığım Şahin Musaoğlunu, həm bəstəçi, həm şair, həm də həkim kimi hamıya sevdirən də elə onun millətinə olan tükənməz sevgisidir.
Şahin Musaoğlu kimi könül dostu, əqidədaşı olan adam çox bəxtiyardır. Mənim kimi…
Günün qutlu olsun, əziz dərdiş. 61 yaşın xoş gəldi.
11 İyul Ana duası, Quran ayəsi kimi ən çətin günlərdə dilimizdə əzbər olan misraların (“igid əsgər möhkəm dayan”, “hay ver mənə cənab leytenant” və s.) müəllifi Şahin Musaoğlunun doğum günüdür! YAZARLAR cameəsi adından əsrimizin Dədə Qorqudunu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Allah Sizi qorusun!! Uğurlarınız bol olsun!!!
“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, bəstəkar, yazıçı, həkim Şahin Musaoğlunu təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!
Neçə illərdir bizi qələbəyə səsləyən bu mahnını Şəmistan Əlizamanlının möhtəşəm ifasında eşidir, Azərbaycan əsgərinin qətiyyətini alqışlayırıq. Mahnı bizə o qədər təsir edir ki, bəzən onun müəlliflərinin kim olduğuna belə diqqət yetirmirik. Mahnının sözləri də, musiqisi də Şahin Musaoğlunundur…
Mənim üçün kimdir Şahin Musaoğlu sualını vermək yerinə düşməz, çünki bir şair və bəstəçi kimi o, artıq bütün sənətsevərlər arasında tanınır, sevilir. Amma şair və bəstəçi kimi tanınmamışdan öncə Şahin Musaoğlu həkim idi (indi də həkimdir). Tibb İnstitutunu bitirəndən sonra (1986-cı ildə) Biləsuvarda, Qədirli adına Mərkəzi Dənizçilik Xəstəxanasında, Müdafiə Nazirliyi tibb idarəsində çalışıb. Bu, o illər idi ki, Şahin Musaoğlu rahat iş yerlərində sakit dayana bilmirdi.
Çağırır Vətən,
Çağırır ana.
Xain düşməndən
Qisas almağa
Bu hərb:
Bu meydan,
Bu ölüm, bu qan:
Döndərə bilməz
Bizi bu yoldan
– deyib Qarabağda döyüşən, ağır yaralanan əsgərlərimizin imdadına yetişir.
Onun şairliyi də, bəstəçiliyi də həkimliyindən – yaralı Azərbaycan əsgərlərinin palatalarından başladı desəm, yanılmaram. Təbii ki, Şahin Musaoğlu o günlərə qədər şeir də yazırdı, musiqini də sevirdi. Amma bir gün… Milli qəhrəman Yusif Mirzəyev döyüşdə yara alıb, xəstəxanada müalicə alırdı. Şahin doktor Yusifə və o xəstəxanada yatan Şəmistana tez-tez baş çəkirdi. Şahinlə Şəmistan arasında bir-birini tam anlayacaq dərəcədə sənət birliyi yaranırdı. Və bu birliyin ilk töhfəsi “İgid əsgər, möhkəm dayan” savaş türküsü oldu. Bu türkünü onlar Azərbaycanın ilk batalyonuna və Yusif Mirzəyevə həsr etdilər. Yusif palatada gəzişəndə, öz-özünə oxuyurdu bu mahnını.
Şahin Musaoğlunun şairliyi ilə bəstəçiliyi əksər hallarda bir-birini tamamlayır. Şeirlərində musiqi, bəstələdiyi mahnılarda isə lirika yaşayır. “Yaşayır” demək azdır, onun şeiri də – musiqisi də bir kökdən boy atırlar.
“O zaman, deyəsən vaxt qovuşanda şeirlə musiqi bir ucalırdı”. Əli Kərimin bu misrası böyük kaman ustası Habil Əliyevə həsr olunub. Əslində, poeziyasız musiqi, musiqisiz poeziya yoxdur və ola bilməz. Hətta yüzlərlə, minlərlə şeir var ki, onları musiqiyə – mahnıya çevirə bilməzsən, amma onlarda musiqiyə məxsus ritm, ahəng yoxdursa, şeir hesab edilməz…
Dalğalansın üfüqlərdə
Aylı-ulduzlu bayraq.
Alovlansın ürəklərdə
Azadlıqdan bir ocaq.
Qalx, bir də qalx, Azərbaycan!
Atəşində qəmi yandır.
Nifrətini bayraq edib,
Başın üstə dalğalandır.
“İstiqlal marşı”dır bu şeir və o şeiri hissiz, həyəcansız oxumaq mümkün deyil. Amma onu təkcə şeir kimi yox, həm də mahnı kimi oxumaq gərək.
Şahin Musaoğlu 35 mahnı bəstələyib, 20 mahnının sözləri ona məxsusdur: “Cənab leytenant”, “Ağ ümid”, “Birinci batalyon”, “Səma şahinləri”, “Səfərbərlik marşı”, “Qvardiysa marşı”, “Şuşa marşı”, “Azadlıq yanğısı” şeirləri mahnılarda da öz ömrünü yaşayır… Amma Şahin Musaoğlu çox sevdiyi şairləri də unutmur – Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, Hidayətin, Ramiz Rövşənin, Rüstəm Behrudinin, Leyla Əliyevanın şeirlərinə də mahnılar bəstələyib. Demək olar ki, bütün bu mahnılarda vətənpərvərlik duyğusu aşır-daşır. Onun “Ağ ümid” kitabına yazdığı ön sözdə Ramiz Rövşən deyir: “Bir bəstəkar kimi onun yaradıcılığının əhatə dairəsi daha genişdir; lirik sevgi nəğmələrindən milli, dini, mifoloji məzmun daşıyan mahnılaracan”…
Əgər Şahin Musaoğlunun sənət tərcümeyi-halının əvvəlində Şair sözü gəlirsə, onda bu şairliyi təkcə savaş türküləri ilə məhdudlaşdırmaq olmaz. Mən onun müxtəlif mövzularda yazdığı onlarla şeirini oxudum və bu şeirlərdə onu sözə poetik məna verən, özünəməxsus üslubu ilə diqqəti cəlb edən bir şair kimi də tanıdım… Şeirlərində bədii təsvir vasitələri (təşbehlər, metaforalar) sözün yeni məna çalarlarına yol açır. Məlum mövzularda yeni söz deməyə. Məsələn, “Eşq hekayəti” şeirində sevgi anlayışına diqqət yetirək:
Sevmək –
yalançı bahara aldanan çiçək –
elə ifacıq ki,
elə məsum ki…
doğulmadan ölən bəxtsizlər kimi –
boğuldu öz içində,
Qovuşmağa uzalı əlləri
havadan asılı.
yaşanmamış günləri taleyə təslim…
sevmək –
dayanmaq!
durmaq!
səbr etmək!
dözmək!!!
Dözə-dözə üzülmək;
Dərd sapına düzülmək…
Bu şeir sevginin hicranı – ayrılıq məqamını ifadə edir. Amma başqa bir şeirində – “Etiraf”da sevginin “Bahar yağmuru”nu, “Ay şöləsini görürük”.
Vücudu çiçək yatağı,
Qızılı saçları yarpaq-yarpaq…
Şahin Musaoğlu “Öyüd”şeirində sevgi haqqında daha maraqlı və poetik incələmələrlə diqqəti cəlb edir:
Sevmək – bulud kimi dolmaqdı,
Yağış olub yağmaqdı,
Can verib,
can almaqdı.
ruzi-bərəkətdi sevmək.
…bir bulud kölgəsində
Təpədən dırnağadək islanmaqdı.
Mən nəyə görə Şahin Musaoğlunun sevgi şeirləri üzərində dayandım? – deyərdim ki, o, içində, duyğularında yaşanılmış sevgidən söz açır…
Ümumiyyətlə, sözlərə, poetik məna vermək, təşbehlər silsiləsi yaratmaq Şahin Musaoğlunun şeirlərində nəzərə çarpan bir məziyyətdir. Onun fikrincə, “çiçək torpağın nəfəsi”, “tütək dərdin səs açarı”, “könül – qəmin həvəskarı” və s.
Şahin Musaoğlunun bir sıra şeirləri Şuşaya – Qarabağa həsr olunub. Amma “dəstədən geri qalmaq” naminə yazılmayıb bu şeirlər, savaş türkülərinin davamıdır bunlar.
O dağ bizim dağımız,
Zirvəsi vüqarımız.
Gözləyir bayrağımız
Onu xeyli zamandı
Zaman bizim zamandı.
Azərbaycan Qarabağ,
Qarabağ Azərbaycandır!
Şahin Musaoğlunun 60 yaşına həsr etdiyim bu yazıda onun yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı da söz aça bilərəm. Şahin Musaoğlunun gözəl təbiət şeirləri var. (“Payız”, “Qızılağac melanxoliyası” və s.) – təbiət gözəlliklərini poeziya diliylə ifadə edir.
Şahin Musaoğlu yapon şeirindən gələn haykular yazır, pis də yazmır. Müasir həyatın, cəmiyyətdə baş verən mənfi – neqativ hallardan söz açır. Nizami Gəncəvinin 880 illiyinə “Beş qapı” pyesini qələmə alır – bu pyesdə onun qəhrəmanlarını Nizami ilə görüşdürür. Şairin fəlsəfi dünyasına “səyahət” edir. Şahin Musaoğlu Mübariz İbrahimovun döyüş yolunu işıqlandıran “Mübariz” pyesini də yazıb – özü də mənzum şəkildə və Milli Qəhrəmanımızın xarakterini bir pyes daxilində dramatikləşdirir. Təqdim etdiyi obrazlar real və həyatidir.
Nəhayət, onu da qeyd edim ki, Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyində Hərbi Vətənpərvərlik Komissiyasının sədridir.
Şahin Musaoğluya uğurlar arzulayıram – yolu, məramı Vətən sevdalısı belə bir insana…
Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!
Bu gün gözəl insan, əsl ziyalı, həkim, şair “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNAB LEYTENANT” və dəgir vətənpərvərlik ruhunda olub, könüllərdə taxt qurmuş onlarla məşhur bəstənin müəllifi Şahin Musaoğlunun doğum günüdür! Ad günü münasibəti ilə Şahin müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Şahin müəllim!!!
“Keçmiş zabit olmur. Ehtiyatda olan zabit var, istefada olan zabit var. Zabit dediyin savaş adamı… onlar döyüşə bir bütöv tam olaraq girərlər. Həm ruhları ilə həm xatirələri ilə həm də arzuları ilə təkcə “Vətən naminə”, təki “Vətən sağ olsun” deyə savaşarlar…” Şahin Musaoğlu
Şahin Musaoğludan yuxarıdakı sitatı əbəs yerə gətirmədim. Azərbaycan Ordusunun qurulmasında, möhkəmlənməsində Şahin Musaoğlunun əməyi, zəhməti, xidmətləri danılmazdır. O, çox nadir şəxslərdəndir ki, ordumuzun bütün mənsublarının, qazilərimizin, orduda xidmət keçənlərin doğmalarının bir sözlə cümlə vətənpərvər vətəndaşlarımızın qəlbində öz adı ilə, öz sözü ilə, öz bəstəsi ilə eyni dərəcədə rəğbətlə yüksələn uca taxt qurmuşdur. Ən çətin məqamlarda onun “İGİD ƏSGƏR MÖHKƏM DAYAN” nidası əsgərlərimizə necə dayaq olubsa, “HAY VER MƏNƏ CƏNAB LEYTENANT”ı da zabitlərimizə təpər, onların yolunu gözləyənlərə bir təsəlli olub.
Əsgərə dayaqdır, zabitə ilham,
Onun sayəsində belə gümraham!!!
Ali Hərbi Məktəbdə gələcəyin zabitləri ilə keçirilmiş bu tədbir olduqca təqdirəlayiq və vacib hadisədir. Görüşdə məktəbin komanda və müdavim heyəti ilə yanaşı ölkəmizin tanınmış incəsənət xadimləri də iştirak edib. İştirakçılar Şahin Musaoğlunun özünün və sənətçilərin ifasında əsərlərini dinləyib, maraqlı xatirələrlə tanış olublar. Sonda Şahin Musaoğluna fəxri fərman təqdim olunub və xatirə şəkilləri çəkilib.
Şahin Musaoğlu — (Şahin Əbilov) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü.
Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.
Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.
KİTABLARI:
1.”İgid Əsgər Möhkəm Dayan” ,
2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,
3. “Ağ Ümid” ,
4. “Cəng əsgəri – ييجيت سولدير الوقوف ثابتة”.
və onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset- “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır” və “Bozqurd harayı” (sonuncu Almaniyada istehsal olunub) həmçinin “Öncə Vətəndir”, “İgid əsgər möhkəm dayan”,”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.
Indiyədək bəstələdiyi 30-dan çox mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (İran,Türkiyə,Küveyt,Rusiya) populyar dərgi,qəzet və internet saytlarında işıq üzü görüb.
Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və MedEra Hospital klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki oğlu var.
Şahin Musaoğlunun əsərləri və bəstələri
“İgid Əsgər Möhkəm Dayan”
“Çağırır Vətən”
“Vətən Əmanəti”
“Öncə Vətəndir”
“İstiqlal marşı”
“And İçirik”
“Cənab Leytenant”
“Ağ Ümid”
“Birinci Batalyon”
“Səma Şahinləri”
“Səfərbərlik Marşı”
“Yurd həsrəti”
“Azadlıq yanğısı”
“Qəlbin Payızı”
“Bismillah”
“Yalquzaq”
“Torpaq”
“Salam,dar ağacı”
“Yollar Yordumu Səni”
“Bay Yurdum”
“Türkün bayrağına”
“Veteran marşı”
“Çağırışçı marşı”
“Elegiya”
“Tanrımı apardı,özünmü getdin?”
“Daha Ayrılmarıq”
“Rəqqas insan”
Şahin Musaoğlunun esseləri
On altı ilin savaş hekayəsi
Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.
Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
Qadın… soyadını dəyişdirir ailəsini dəyişdirir evini dəyişdirir səninlə bir evə daşınır səninlə bir yuva qurur səndən hamilə qalır … doğduğu uşaqlara belə sənin soyadını qoyur nə edir sənin üçün edir həm də sağlığı… gözəlliyi bahasına O bizə bir hədiyyədi O bizə bir əmanətdi… Müəllif: Şahin Musaoğlu
Dəyərli dostumuz həkim, yazar, şair, bəstəkar “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNƏB LEYTENANT” kimi məşhur mahnı və marşları ilə qəlbimizdə taxt qurmuş Şahin Musaoğlunun Azərbaycan sevdalısı Dünya şöhrətli alim Mehmet Haberal haqqında çox vacib əsər olan “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”adlı sənədli povesti işıq qzü görmüşdür. Bu münasibətlə Şahin Musaoğlunu (Шахин Мусаоглу) təbrik edir və yeni – yeni yaradıcılıq uğurları arzu edirik!
Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”-Mehmet Haberal haqqında kitab.
YAZARLAR.AZ həmişəki kimi adət-ənənəyə sadiq qalaraq Şahin Musaoğluunu (Шахин Мусаоглу) “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı yeni kitabını işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı ilə təltif edilib.
“Ziyadar” Mükafatı – ŞAHİN MUSAOĞLU N: 058 21.02.2021. – BAKI.
Biz də Şahin müəllimi həm yeni kitabının nəşr olunması, həm də “Ziyadar”la mükafatlandırılması münasibəti ilə təbrik edirik! Uğurlarınız bol olsun, Şahin müəllim!