Kateqoriya arxivləri: ŞƏHRİLİ

Qucağını geniş aç, gəlirəm Ana Torpaq…

               ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. AMİN…

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

8 8 8

TORPAQ BİZİ GÖZLƏYİR…
(…şəhid İlqar Mirzəyev in xatirəsinə…)

Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…

23.08.2020. – Bakı. (II F.X.)

8 8 8

VARMIŞ

Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

8 8 8

DAHA TƏK DEYİLSİNİZ
(Şəhid İlqar Mirzəyevin ziyarətində)
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir…
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur…
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur…
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır…
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır…
29.12.2020. – Bakı ş. II FX.

8 8 8

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021 – Bakı.

İLQAR
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

O GÜN
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

QARDAŞ
Sən gəzən yerlərə gəlmişəm, Qardaş!
Qanın axan yerdə lalə bağrı qan.
İlk sübh şəfəqində çatmışam bura,
Rəngindən rənginə qatıb oğru dan.
* * *
Lənət o günə ki, açıldı səhər,
Namərdin dişinin dibində zəhər,
Dilində boğazdan yuxarı qəhər,
O müdhiş yalanı dedi doğrudan…
* * *
İndi bu kol-kosun nə günahı var?
Çəlləyə çiv olan palıd günahkar!
Ətrafda dağ-daş da ağlayır zar-zar…
Bülbüllər dilini udub qorxudan…
* * *
Nə yaxşı bu “tale”, “qismət” sözü var,
Sığınıb onlara olduq gözü dar,
Lap bilmək istəsən düzü ay İlqar,
Hamının yaradır qəlbi ağrıdan…
* * *
Ustaca təsəlli oğlunla qızın,
Biləsən, itməyib çörəyin, duzun,
Haçansa yenə də doğsa ulduzun,
Hilalı boylanır hər gün Ağrıdan…
07.07.2022. Azərbaycan.

VƏTƏN OĞLU

Göylər də hönkürüb, ağladı bu gün,

Buludlar göz yaşın saxlaya bilmir….

Damından göz yaşı axıdan koma,

Kövrəlmiş ananı ovuda bilmir….

*        *        *

Hardasa, bir bala ata gözləyir,

Əlində bir Bayraq gələydi bu gün….

Müəllim istəyib stol üstünə,

Anası alaram, söyləyir hər gün….

*        *        *

Bir Ata istəyir oğlu bu gün də,

Həyətə tələsik girsin nə olar….

Arxaya baxmadan sürüb  maşını,

Bütün gül-çiçəyi əzsin nə olar….

*        *        *

Elə bilirsən ki, bitər siyahı???

Dolabda islanıb bir cib dəsmalı….

Asılqan saxlamır çim su mundiri,

Havadan asılıb,  bir ər sığalı….

*        *        *

Bir otaq küncündə bacı naləsi,

Birində qardaşın hıçqırtısı var…

Məhəllə uşağı, qrup yoldaşı,

Bu gün qəmgin durub meyvə satanlar….

*        *        *

Adi çörəkçi də xiffət eyləyir,

Çəkməçi çəkməsin görüb ağlayır….

Alışqan verdiyi bardakı qızın,

Bu yağış qəlbində tonqal qalayır….

*        *        *

Körpə uşaqlar da haçandı qəmgin,

Boylanır həyətə, ancaq görməyir….

Ana paltar ipin  kəsibdi çoxdan,

Fəxrlə sərdiyin, daha sərməyir….

*        *        *

Göylər yas saxlayır, Yer qəribsəyib,

Təşnədir mərdlərin yeni nəşinə….

Torpaq əkənindir, əkən də bizik,

Göylərdə gəzənin Yer nə işinə….

*        *        *

Göylər bizə qahmar, Yer bizə mənzil,

Qəlbin dolanmasın, ey Vətən oğlu….

Nəsimi, Bəhmənyar gör nə vaxt olub???

Vətən də unutmur haqq tapan oğlu….

02.04.2017.   Bakı. 

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.



Şeirlərin müəllifi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN ARAZ ŞƏHRİLİNİN DOĞUM GÜNÜDÜR!

Bu gün jurnalımızın məsul katibi, gözəl insan araşdırmaçı-yazar, pedaqoq, məşhur “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabının müəllifi Araz Şəhrilinin doğum günüdür! Ad günü münasibəti ilə Araz müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!

QISA ARAYIŞ

Araz ŞƏHRİLİ (Abbasov) 6 iyun, 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.

 “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN!!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AĞDAM RAYONU, YUSİFCANLI KƏNDİ ƏN SON GÖRÜNTÜLƏR – FOTOLAR.

azertag.az >>>> TƏQDİM EDİR >>>>> AĞDAM RAYONUNUN YUSİFCANLI KƏNDİNİN ƏN SON VƏZİYYƏTİ – FOTOLARDA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULDUZ”UN ÜÇ ULDUZLU ŞƏHİD ƏMƏKDAŞI – HİKMƏT SƏFƏROV

Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….

Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.
Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır.
Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub.
Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı.
12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb.
20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov
Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu..
Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub.
Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı..
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏRVANƏ DAĞTUMASIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QARABAĞDA TORPAQ İSLAHATLARI VACİBDİR

ZAUR USTAC “QƏLƏMDAR-2”

QARABAĞDA TORPAQ İSLAHATLARI VACİBDİR

OTUZ  BİRİNCİ  YAZI

İndinin özündə də müxtəlif internet resurslarında rast gəlinən iki il əvvəl mətbuatda “Köçkün (qaçqın) olmaq nə deməkdir?!” başlıqlı yazım dərc olunmuşdu. Bundan əlavə, illər öncə ənənəvi kağızda yazılıb, poçtla göndərilən Ağdam rayon İcra Hakimiyyətinə, “Qaçqınkom”a, Təhsil Nazirliyinə və bir çox müəssisələrə böyük qayıdışla bağlı yazdığım məktublar var. Yəni bu yazı birdən-birə, nəyinsə xatirinə yazılmayıb.

Bu gün qazandığımız şanlı zəfərin memarı cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev son çıxışlarının birində qeyd etdiyi kimi, bəzi məmurların işğaldan azad olunmuş torpaqları müxtəlif yollarla zəbt etməyə çalışdığı, eyni zamanda bugünkü həssas məqamlarda istər televiziya ekranlarından, istərsə də müxtəlif KİV-lərin, sosial şəbəkələrin imkanlarından istifadə etməklə hər gün bir avaz səsləndirən, yaxud da məqsədli şəkildə hansısa fikirləri artıq məcburi köçkün olmayan, vaxtilə ölkəmizin ərazisində keçirilmiş torpaq islahatlarından kənarda qalmış, torpaqsız Azərbaycan Respublikası vətəndaşlarına aşılamağa çalışırlar. Bütün yuxarıda sadaladıqlarımı nəzərə alaraq xatırlatmaq istəyirəm: BİZ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA KEÇİRİLƏCƏK TORPAQ İSLAHATLARINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRİK!

Mən bütün ümumi, pafoslu sözlərdən uzaq, Ağdam rayonunun Yusifcanlı kənd sakini olaraq şəxsən öz adımdan (Mustafayevlərin adından) bəzi məsələlər barədə özləri üçün xam xəyallar quranları qısa tarixi bir ekskursa dəvət edirəm. Onu da deyim ki, aşağıda yazacaqlarımı təsdiq edə biləcək çox sayda insanlar hələ həyatdadır.

ZAUR USTAC – “BB” HEKAYƏLƏR

Fotoda gördüyünüz şəxslər mənim ulu nənəm Müsəmbər (Şəhrili) və ulu babam Mahmuddur (Ustaclı). Elə də uzaq olmayan tarixdə – ötən əsrin 30-cu illərində kolxoz qurulanda bu kişinin torpaqlarını, bağlarını, mal-qarasını, demək olar ki, əlində nəyi var almışdılar. Özü də necə?

HAŞİYƏ: Bu məsələni uşaq ikən çox eşitsəm də, son vaxtlar Mahmud kişinin oğullarından biri, uzun illər kolxoz və sovxoz dönəmlərində həmişə idarə heyətində texnika məsələləri üzrə müvafiq vəzifələrdə işləmiş Mustafayev Şükürlə (Allah rəhmət eləsin!) dəqiqləşdirmişəm. Həmin vaxtlar Mahmud kişi artıq çox yaşlı imiş. Qoca olmasına baxmayaraq, ailənin idarəsi əlində olan ötkəm, zəhmli, həm də çox əsəbi kişi olub. O günə qədər artıq bir neçə dəfə evlərinə gəlib-gedən ağsaqqallar həmin axşam kişinin qarşısına konkret şərt qoyurlar. Ya əlində olan hər şeyi verib kolxoza girirsən, ya da bu gecə götürə biləcəyin vacib nəyin var götürüb kənddən çıxırsan, evin, torpaqların, bağların qalır hökümətə.

Şükür əminin sözlərinə görə, kişi heç düşünmədən deyib ki, – “durun yığışın”… Evindəki ailə üzvlərini (o vaxt artıq böyük qızları ərdə olub) və götürə bildiyi qədər nə lazımsa götürüb kənddən çıxan Mahmud kişi bir müddət kəndin indiki ərazisindən bir az yuxarı, Şelli (Şelli, Şıxbabalı, Saybalı, Bağbanlar və İsmayılbəyli) tərəflərdə yaşamalı olur. Ancaq orada da onu rahat buraxmırlar. Ağsaqqallar tez-tez yanına gəlib gedirlər. “A kişi, hökümətlə hökümətlik eləmiyəssən ha…” deyiminin də dəbdə olan vaxtları idi. Bir axşam yenə ağsaqqallar “qonaq” gəlirlər və bu dəfə söhbətin məzmunu təxminən belə olur ki, – “Qızın Gözəl qabaqcıl pambıqçı – Staxanovçudur, Moskvaya göndərirlər, Kalinin medal verəcək. Medalın alsın gəlsin, elə kolxozun sədri də o olar. Oğul-uşağı da gətirib tökmüsən çöllərə… Bunlar da bu gün-sabah böyüyüb hərəsi kolxozda bir iş, vəzifə sahibi olarlar… Gəl, bu daşı tök ətəyindən, qayıt kəndə, gir kolxoza, yaşlı adamsan, beş-on gün öz ev-eşiyində rahat yaşa, balaların da iş-güc sahibi olsunlar… Başqa yolu yoxdur. Bir də gördün bu gün olmasa da, sabah gəlib buradan da çıxaracaqlar səni. Onda hara gedəcəksən?”. Nəticədə, bu kimi söhbətlərlə kişini yola gətirirlər və o, kəndə qayıdır. Girir kolxoza. O vaxt verilən söz Sovet İttifaqı dağılana qədər tutuldu. Gözəl elə o vaxt və müharibə dövründə sədr olur və quruluş dağılana qədər (1993-cü ilin yayına qədər) bu ailə kolxozun və ya sovxozun idarə heyətində üstün mövqeyini qoruyub saxlayır.

Yaşlılar bir kənara, 90-cı illərdə 14-15 yaşı olan mənim yaşıdlarım da, “Mahmudun bağı”, “Mahmudun qozluğu”, “Mahmudun körpüsü” kimi ifadələri indinin özündə də yaxşı xatırlayırlar. Onu da qeyd edim ki, Mahmud Mustafa kişi ilə Sonanın tək övladı olub. Atası Mustafa gənc yaşlarında bağından dərdiyi Qızıl üzümü arabalarla Qalaya (Şuşaya) aparanda yolda – Şuşanın dolamalarında xain saldırı nəticəsində həlak olduğuna və anası sonra ailə qurmadığına görə bacısı-qardaşı olmayıb. Ancaq əmisi uşaqları olub. Bu bizə məlum olan ən uzaq keçmişdir. Ən yaxın tarixdə isə, Mahmudun indi də sağ olan oğlu Quluş uzun illər kolxozda, sovxozda sürücü, artıq rəhmətə getmiş Şükür texnika üzrə mütəxəssis işləsə də, mənim babam – Mahmudun böyük oğlu Müseyib öz atasının torpaqlarında hökumətə məxsus iş yeri kimi fəhləliyin edib, halal zəhmətlə çörək pulunu qazanıb. Yəni, adı hökumətin olsa da, bütün ömrü boyu, son gününə qədər (1992-ci ilin payızı, üzüm yığılanda dünyasını dəyişib) torpaqda çalışıb. Əkin-biçinlə məşğul olub. Onun oğlu – mənim atam Mustafa gənc yaşlarında Bakıda özünə normal həyat şəraiti qurub yaşasa da (ötən əsrin 70-ci illərində Maştağa qəsəbə sovetinin deputatı olub), yenidən kəndə qayıdıb və o da 1993-cü ilin yayına qədər kənd təsərrüfatı ilə məşğul olub.

Məlum yenidənqurma məsələləri ortaya çıxanda Moskvada xüsusi dörd illik kurs keçib, dövlətdən 40 hektar torpaq icarəyə götürmüşdü. İcarədar kimi 20 hektarda xüsusi tezyetişən süfrə sortu üzüm, qalan 20 hektarda isə taxıl becərirdi. O da özündən əvvəlki, ata-babası kimi bütün ailə üzvlərini bu işlərə cəlb etmişdi. Bu təsərrüfata görə mən orta məktəbi bitirib ali məktəbə sənəd verəndə qiyabi təhsil formasını seçmişdim. Ən son 1992-ci ilin payızında mənim tək suvardığım taxıl sahəsini 1993-cü ilin yayında atam mərmi yağışları altında tək (o vaxt artıq bir-neçə dəfə yandırılmış Yusifcanlı kəndi boşaldılmışdı. Bu haqda “93-ün yayı və ya bir qaşıq qatıq” əsərində ətraflı yazılıb) biçib anbarlara təhvil verərək kənddən çıxmışdı. Hərbi xidmətdə olduğum ilk vaxtlarda (hələ kənd boşaldılmamışdı) evdən yanıma gələnlərdən ən son əkdiyim tinglərin vəziyyətini soruşurdum…

Bütün bunları yazmaqda yalnız bir məqsədim var. Son günə qədər torpaqla əlləşdik, çalışdıq… Qoyub çıxmağa məcbur olanda isə bu günə qədər də bir saatlıq da olsa ölkə sərhədlərini tərk etmədik. Mustafanın üç oğlu olsa da (1975, 1976, 1979 təvəllüd), 90-cı illərdə təxminən iki ilə yaxın zaman kəsiyi ərzində onlardan heç biri atasının yanda olub ən çətin dövrlərdə ona dolanışıq üçün azacıq da olsa, yardım edə bilmədi. Çünki üçü də orduda idi. Əksinə, o, çətin vaxtlarda hər həftə birimizin yanına gəlirdi. Bu barədə maraqlı bir məqamı diqqətinizə çatdırım. 1994-cü ilin mart-aprel ayları idi. Düşmən cidd-cəhdlə Ağdamla Tərtər cəbhəsinin bitişdiyi yerdən – Təzəkənd, Qazyan-Qaynaq, Qırmızıkənd, Seyuslan, Qapanlı istiqamətindən Dördyola çıxmağa çalışırdı. Atəşkəsə az qalmış qızğın döyüşlərin getdiyi və yuxarıda qeyd etdiyim istiqamətdə ən çox gənc əsgərlərimizin şəhid olduğu vaxtlar idi. Təxminən 10-12 nəfərlə Qırmızıkəndlə Tərtər arası bir ərazidə (orada az müddətdə qaldığımız üçün hara olduğunu dəqiq bilmədim) düzənlik, açıqlıq ərazidə quru kanalın üstündə postda idik. Günəşin batan vaxt idi. Bir də gördük ki, qarşıdan – düşmən tərəfdən bizə doğru iki nəfər gəlir. Adamlar bizə yaxınlaşdıqca yanımdakı uşaqlara dedim ki, “ayə, onlardan biri bizim kəndçi Böyükkişi dayıya oxşayır” (Atam rəhmətə getsə də, Böyükkişi dayı sağdır, yəqin ki, o da bu hadisəni xatırlayar). Bir az da yaxınlaşanda isə dedim, “ayə, sənə o birisi də mənim atamdır…”. Bu, çox uzun söhbət olsa da, ancaq onu xatırlatmaq kifayətdir ki, torpağın, vətənin keşiyində dayanan əsgər oğulların yanına əraziyə nabələdlik üzündən düşmən tərəfdən gələn atalar çox olub. Hətta yolu səhv salıb düşmən tərəfə keçənlər də olub… İndi hərə durub bir nağıl, dastan danışır. Biz bu günə qədər bütün qayda-qanunlara sayğı ilə, baş verənlərə səbirlə yanaşıb, yüksək dərəcədə dözümlülük göstərərək o günü gözləmişik – torpaqlarımıza qayıdacağımız günü… Aydın məsələdir ki, heç kim indi durub ata-babasının torpağını tələb edə bilməz. Qanunvericilikdə də belə bir hal nəzərdə tutulmayıb. Ancaq Ucarda, Şamaxıda, Qəbələdə və digər rayonlarda torpaq islahatarı keçrildiyi kimi, Ağdamda, Füzulidə, Cəbrayılda və digər işğaldan azad olunmuş rayonlarımızda da müasir dövrün tələblərinə cavab verən, cənab prezident İlham Əliyevin məsləhət bildiyi formada tədbirlər həyata keçrilməli, insanlar uzun illərdir həsrətində olduqları doğma torpaqlarına qovuşmalıdır…

Sizlərlə növbəti yazıların altında “Ağdam rayonu, Yusifcanlı kəndi” qeydi ilə quruculuq işlərindən bəhs edən məqalələrimlə görüşmək ümidi ilə:

10.02.2020. BAKI.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında OTUZ  BİRİNCİ  yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:

  1.  “Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru