Bu gün onların da bayramı… Ruhunuz şad olsun, Qardaşlar… VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış…
Şəhid Ağayev Vüqarın anası Ağayeva Nənəxanım anaya “Yazarlar” jurnalının İƏ üzrə meneceri, AJB üzvü Nəzakət Kərimova-Əhmədova tərəfindən “Natəvan” Mükafatı təqdim olunub. Böyük Allahdan şəhidlərimizə rəhmət, analarına can sağlığı və səbr diləyirik.
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Ağayev Vüqar Əhməd oğludur. Vüqar Ağayev 04 mart 1973-cü il tarixində Qubadlı rayon Xanlıq kəndində anadan olmuşdur. 1980-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 1990-cı ildə Qubadlı rayon Xanlıq kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Azərbaycan Respublikasının ordu sıralarına hərbi xidmətə çağırılmış, 1992-ci ildə təxris olunmuşdur. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş,1994- cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra Naxçıvan şəhəri Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri olaraq hərbi xidmətə başlamışdır. 2016-cı ildə Hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır. 2020-ci ilin Oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı bölməsinə müraciət edərək II Qarabağ müharibəsində iştirak etmişdir. 01 noyabr 2020-ci il tarixində Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir iki övladı var. Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağayev Vüqar Əhməd oğlu-mayor (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı”adı verilmişdir. Şəhadətin mübarək! Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.