UNUTMARAM XOCALIM Neçə ildir axıb gedən göz yaşım Sel olmasa, bəs mən necə bənd aşım? Qan ağlayan çəmənləri, dağ-daşı, Gülzar edib, yağılardan bac alım, Unutmadım, unutmaram, Xocalım. * * * Gündüzlərim gecə kimi qaranlıq, Unutmadım bu dərdləri bir anlıq. Bax, qisassız ötüb keçdi cavanlıq, Rəva bilmə bu dərdlərlə qocalım, Unutmadım, unutmaram, Xocalım. * * * Köpəyini dünya tutdu tay mənə, Arxalıydı, zülm elədi hay mənə. İmdad etməz Günəş mənə, Ay mənə, Qoy türk olum, oğuz kimi ucalım, Unutmadım, unutmaram, Xocalım. * * * Düz əqidəm, düz amalım, düz sözüm, Son sözümü deyəcəyəm mən özüm. Zülmətlərdə parlayacaq gündüzüm, Qoy, Vətəndən, Bayrağımdan güc alım. Unutmadım, unutmaram, Xocalım. * * * Köməyim ol, göz yaşımı sil yenə, Söyləyirəm son arzumu mən Sənə, Uca Tanrım, gücündən güc ver mənə, Qaniçəndən, yaramazdan öc alım. Unutmadım, unutmaram, Xocalım! Müəllif: Abdulla Cəfər
XOCALI Xocalım,ay Xocalım! Xalqımın Xoca yurdu. Üç əsrə yaxındır ki, Bölüllər qoca yurdu! * * * Böldülər Kürəkçayla, Böldülər Gülüstanla. Türkmənçayla qıydilar Anam Azərbaycana. * * * Bununla soyumadı Yağının daş ürəyi. Sildi bu yer üzündən Sən tək gözəl mələyi. * * * Xatun, Xerasimaya Oxşatdı səni düşmən. Sındırdı vüqarnı, Əzəldən yağı düşmən. * * * Qışın- yazın-baharın, Dağda qarın ağladı. Neçə bağlanmış əhdə Etibarın ağladı. * * * Bu üç əsrə yaxındır Qan axıdır yaramız. Ədalətsiz dünyada, Tapılmayır çaramız? * * * Sən İyirminci əsrin, İnsanlıq faciəsi. 50 milyon xaldımın Yaşam mücadiləsi. * * * Kaş oyatsın dünyanı Haqq-ədalət harayın. Sındırsın tilsimini. Ayrılmış iki tayın. Müəllif: Rasimə Könül
X O C A L I M Gözümlə görmüşəm sinə dağını, Qan gölü etdilər güllü bağını, Sülhə çağırırıq bizsə, yağını, Nəfəsi kəsilmiş, dilsiz Xocalım. * * * Təkləndin, fəryadın, səsin boğuldu, Hamilə gecədən qatil doğuldu, Millətin dik başı yerə soxuldu, Ayağı qandallı, əlsiz Xocalım. * * * Qalmısan Vətənin qürbət tayında, İlləri sayırsan, övlad hayında, Qan izin qurumur Qarqar çayında, Çaylağı qurumuş, selsiz Xocalım. * * * Gözləri yollarda qalan olmusan, Yerin də düzlənib, talan olmusan, Elə bil xəyalsan, yalan olmusan, Obası didərgin, elsiz Xocalım. * * * Nəyimə gərəkdi boş-boş hədələr, Lovğa-lovğa gəzir düşmən gədələr, “Qana – qan” deyiblər ərən dədələr, Qaməti qırılan, belsiz Xocalım. 26 fevral 2017-ci il Müəllif: Mayıl Dostu
Müəllim – Hacı Əkbər Rüstəmov 28 il sonra oğlu Sənanı ziyarət eərkən…
HACI ƏKBƏR OĞLU SƏNANIN MƏZARINI ZİYARƏT ETDİ
Qarabağ camaatının – Ağdamlıların “MƏLLİM” deyə yaxşı tanıdığı Müəllim – Hacı Əkbər Rüstəmov uzun illərdən (təxminən 28 il vaxt ötüb) sonra Ağdamda həmişəlik qoyub gəldiyi şəhid oğlu, əbədiyaşar Sənanın məzarını ziyarət edib.
“Məllim” – Müəllim Hacı Əkbər Rüstəmov.
Qeyd:
El ağsaqqalı Hacı Əkbər sevimli yazarımız Aqil Abbasın “Dolu” romanında yer almış “Məllim” obrazının, oğlu Sənan isə son anda “…mən qız görmədim e…” deyib şəhid olan “Pələng”in prototipləridir (mənbə: Aqil ABBAS:>>> adalet.az). Aqil Abbasa o illəri reala daha yaxın xatırladan belə bir əsəri ərsəyə gətirdiyinə görə, hələ-hələ imkanlarından istifadə edib, onu dövrümüzün reallıqları ilə mümkün olan ən yüksək səviyyədə ekranlaşdırdığına görə təşəkkürlərimiz sonsuzdur.
Sənan Əkbər oğlu Rüstəmov – I Qarabağ Müharibəsi şəhidi – Ağdamın 6000 şəhidindən biri…
ŞƏHİD SƏNAN RÜSTƏMOV HAQQINDA
QISA ARAYIŞ: Sənan Əkbər oğlu Rüstəmov – Qarabağ müharibəsində şəhid olub. (d. 11 yanvar, 1973, Ağdam,- – ö. 15 may, 1992, Ağdam, Abdal -Gülablı kəndi)
Uşaqlıq illəri Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olmuşdu. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdu. 1983-cü ildə 3-cü sinifdə oxuyarkən musiqiyə həvəsi olduğu üçün Qurban Primov adına 2 saylı musiqi məktəbinin tar şöbəsinəsənədlərini verir. Enerjisi çox olduğundan idmana da maraq göstərir və atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edir. [[1984]]-cü ildən “Qarabağ bülbülləri” ansamblı]]nın ən fəal üzvü olur və 1988-ci ilə kimi ansanblda özünə məxsus yer tutur. Dəfələrlə müxtəlif konsertlərdə və respublika televiziyasında ansanblla birlikdə çıxış edir. 1988-ci ildə 2 saylı musiqi məktəbini əla qimətlərlə bitirir. Sənan Rüstəmov 1 sentyabr 1987-ci ildən 23 may 1989-cu ilə kimi Ağdam şəhər Texniki İstehsalat Kursunda təhsil almış və çilingərlik peçəsinə yiyələnmişdir. O, 1989-cu ildə 16 yaşı olmasına baxmayaraq kişilər arasında ,,Sambo,, güləşi üzrə Respublika çempionu olub, SSRİ idman ustası normasını yerinə yetirib. Sənan 1989-cu ildə Ağdam şəhər 2 saylı orta məktəbi qurtarıb sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna vermiş, ancaq müsabiqdən keçə bilməmişdi. O, Ağdama qayıdaraq Ağdam 50 saylı Texniki Peşə məktəbinin bir illik Mühasibat şöbəsinə verilmiş və məktəbə daxil olmuşdur. 25 iyun 1990-cı ildə həmin məktəbin mühasibatlıq kursunu əla qiymətlərlə bitirmişdir. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbiində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.
Əkbər Rüstəmovun oğludur.
Sənan Əkbər oğlu Rüstəmov döyüşçü yoldaşı ilə…
Müharibə həyatı Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək Vətəni qorumaq niyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala 17 Nəfər könüllülərdən bir qrup]]bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığı və qorxmazlıq, cəsarətliliyin nəzərə alaraq onu kəşfiyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv etmiş, özü isə ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım edərək, əməliyat qurtarana qədər döyüş ərasindən çıxmamışdır. Döyüşdən sonra onu Tərtərə, ordanda Ağdam şəhər xəstəxanasına göndərmişlər. 1992-ci il 26 fevral tarixdə Xocalı faciəsi zamanı yarasının tam sağalmağın gözləyə bilməmiş hərbi hissəyə qayıtmış və xidmətini davam etdirmişdir. Cənan 1992-ci il mart ayında Malıbəyli- Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən hərbi əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixdə Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirərək düşmənin iki atəş nöqtəsini zərərsizləşdirərək 7 avtomat, 1 ədəd rəbitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşmuşdur. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdir. 15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Şirin Mirzəyev düşmən qüvvələrini kəndən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan Hərbi qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur paraşutka tullanan pilatlar düşmən nəzarətində olan əraziyə enirlər. Sənan pilota kömək emək üçün düşünmədə irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytinant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb Sənan tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gəlir bu döyüşdədə qalib gəlir və Şuvaryovun sənədlərin götürüb qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə atılır lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.
Əbədi həyat yolu Bu döyüş 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur.
Ağdam rayon XDSİK-nin qərarı ilə Ağdam şəhər 2 saylı orta məktəbinə Sənan Rüstəmovun adı verilib.
Allah Sənan da daxil olmaqla (Ağdam I və II Qarabağ müharibəsində 6000 – dən çox şəhid verib) bütün şəhidlərimizə rəhmət eləsin… Amin…
Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa babam haqqında yazı yazmaq barədə düşünüm. Hətta sağlığında belə. Amma indi – gözlənilmədən dünyasını dəyişdiyi bir vaxtda gedişi ilə hər birimizə yaşatdığı nədəndi bilmədim, bu yazı qələmə alındı. Haradan, necə başlayacağımı bilmədiyim halda, sözlər özü gəlib məni tapdı. Hərçənd ki mən jurnalist, söz adamı deyiləm.
Özümü tanıyandan babam haqqında yalnız xoş sözlər eşitmişəm. Yaxından tanıyanlar onu həmişə “halal adam, “təmənnasız şəxs” kimi dəyərləndirir, “belə insanlara nadir hallarda rast gəlmək olur” kimi səmimi kəlmələrlə onun qəfil gedişinə təəssüflənirlər. Nənəm deyir ki, babamın təmiz adı, halal zəhməti ilə qazandığı çörək ailəmiz üçün həmişə qürur ünvanı olub. O, nəfsini məhz təmiz ada, halal zəhmətə qurban verən şəxslərdən olub. Çoxlarına nümunə ola biləcək insan kimi tanınıb. Həmişə haqqın, ədalətin tərəfində dayanıb, işini sevən, vicdanlı, dürüst, təmiz qəlbli və peşəsi ilə fəxr edən olub.
Yaşlılar, orta nəslin nümayəndələri, gənclər, xüsusilə tələbələri və müəllim yoldaşları haqqında birmənalı olaraq “xeyirxah insan”, “bütöv şəxsiyyət”, “istedadlı filoloq-alim”, “həqiqi ədəbiyyatşünas” kimi ifadələr işlədirlər. İctimai fəaliyyətində olduğu kimi, şəxsi həyatında da daim bu prinsipə sadiq qaldığını söyləyirlər.
Mən babamı nəvənin öz babasını sevə biləcəyindən daha çox sevirdim. Bizə gələndə içimdə qəribə sevinc hissi oyanırdı – onu anlaya bilmədiyim bir əhvalla qarşılayırdım. Babam da bizi çox istəyirdi. Hər dəfə bizləri elə ifadəsi mümkün olmayan sevinclə qarşılayırdı ki… Sanki hər gün getdiyimiz ev deyilmiş. Düzü, bir az da çəkinirdim ondan. Bilirdim ki, bəlağətli, pafoslu sözləri xoşlamır. Bəlkə də bu üzdən ona olan sevgimi qədərincə hiss etdirə bilməmişəm.
Babam səsimi çox bəyənirdi. Kiçik yaşlarımda ara-sıra zümzüməmə də qulaq asıb. Hətta bir dəfə mənə dedi ki, “iş yoldaşlarımı səsinə qulaq asdırdım, elə bildilər peşəkar mügənnidi oxuyan”. Həmişə də zarafatla deyərdi ki, “Sən bir çox indiki müğənnilərdən yaxşı oxuyursan. Ən yaxşı dinləyicin də mənəm”.
İndi babam yoxdur. Həyatımız büsbütün dəyişdi, həyatımızda çox şeylər yarımçıq qaldı.
Bu dünyada olmadığını bilirəm, bir daha qayıtmayacağını da bilirəm, amma yenə gözlərim qapıdadır. Axı biz heç sağollaşmadıq da…
Yanvarın 17-si – babamın dünyasını dəyişdiyi gün. Həmin gün nə baş verdiyini indi də dərk etməkdə çətinlik çəkirəm. Çünki hər şey gözlənilməz oldu, bircə anın içində. Yoxluğunda dərk etdim ki, indiyədək babamı ölümsüz hesab edirəmmiş. Bəlkə də bu səbəbdəndi indi onun yoxluğunu qəbul edə bilmirəm.
…Səninçün çox darıxıram, baba! Təsəllim səni hər gün yuxularımda görməyimdi. Çox xoşbəxtsən yuxularımda.
“Allah yaxşı insanları yanına tez alır”, deyirlər. Bundan da təsəlli tapıram. Əminəm ki, Allah səni cənnətlə müjdələyib. Sən əqidədə insanlar Yaradanın dərgahında ən yüksək məqama layiq görülür. Biz, altı nəvən də daxil olmaqla bütün ailəmiz səninlə qürur duyuruq. Qürurlanırıq ki, damarlarımızda belə bir şəxsin qanı qaynayır!
Görəsən, bundan sonradamı sənin sevdiyin mahnıları, amma bu dəfə sənsiz, zümzümə edə biləcəyəm?..
***
Haqqında yazılanlardan
Azərbaycan uşaq ədəbiyyatının tanınmış tədqiqatçılarından biri, filoloq alim, tərcümə nəzəriyyəçisi, tərcüməçi, fililogiya üzrə fəlsəfə doktoru, dosent F.Əsgərli çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq və ömür yolu keçib. Onun iri həcmli monoqrafiyaları, dərslik və dərs vəsaitləri (“Uşaq ədəbiyyatı”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Dünya uşaq ədəbiyyatı”), uşaq ədəbiyyatının müasir problemlərinə həsr etdiyi elmi-nəzəri məqalələr topluları (“Problemlər, düşüncələr”, “Müasir uşaq ədəbiyyatının inkişaf mərhələləri” və s.) Azərbaycan ədəbiyyatında özünəməxsus bir iz açıb. Bütün ömrünü uşaq ədəbiyyatının tədqiqinə və təbliğinə, bədii tərcüməyə, onun nəzəriyyəsinin öyrənilməsinə həsr edib.
Füzuli Feyruz oğlu Əsgərli 1945-ci il mart ayının 18-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra üç il ordu sıralarında xidmət keçib. Əmək fəaliyyətinə Bakı Şin zavodunda yığıcı, indiki Səttarxan adına zavodda tornaçı kimi başlayıb. 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun (indi ADPU) filologiya fakültəsinin əyani şöbəsinə daxil olub. Təhsildə və ictimai işlərdə fəallığı ilə diqqəti cəlb edib: qrup nümayəndəsi, komsomol komitəsinə büro üzvü seçilib. “Məşəl” tələbə teatrına bədii rəhbər seçilməsi onun bacarığının, istedadının yeni məziyyətlərini üzə çıxarıb. Həvəskar tələbə-aktyorların iştirakı ilə N.Hikmətin “Unudulan adam”, A.Safronovun “Kişilərə inanmayın”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər” və bir sıra başqa əsərləri müvəffəqiyyətlə tamaşaya qoyub. Tələbə teatrlarının respublika müsabiqəsində, radio və televiziya verilişlərində uğurla çıxış ediblər. Yeri gəlmişkən: Azərbaycan Respublikasının Xalq artisti Ramiz Novruz onun rəhbərlik etdiyi “Məşəl” tələbə teatrının yetirmələrindəndir. Bu gün onunla çiyin-çiyinə çalışan həmkarlarından Qüdrət Umudovla Kamil Bəşirov da həmin dərnəyin fəal üzvlərindən olublar. Teatr sahəsindəki uğurlarına görə “Bədii özfəaliyyətdəki uğurlarına görə” döş nişanı ilə təltif edilib.
1973-cü ildə ADPU-da işə qəbul edilən F.Əsgərli elmi-publisistik, teatr və bədii tərcümə ilə bağlı daha intensiv fəaliyyətə başlayıb. Maraqlı tərcümələr edir, qəzet və jurnallar üçün publisistik və elmi məqalələr yazır, Azərbaycan radiosu və televiziyası ilə müntəzəm yaradıcılıəq əlaqəsi saxlayırdı. Tərcüməçilik qabiliyyətini yüksək qiymətləndirən xalq yazıçısı İsmayıl Şıxlı ona tərcümənin nəzəri əsaslarını dərindən öyrənməyi, bu istiqamətdə dissertasiya yazmağı tövsiyə edib. Müəlliminin tövsiyəsi ilə “Rus uşaq nəsrinin Azərbaycan dilinə tərcüməsi problemləri. 1950-1980” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru (filologiya elmləri namizədi) elmi dərəcəsini alıb. 1994-cü ildə ADPU-nun “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasına dosent vəzifəsinə seçilib. 1991-1997-ci illərdə, eyni zamanda, filologiya fakültəsində dekan müavini kimi də çalışıb.
Onu da qeyd etmək yerinə düşər ki, təşkilatçılıq bacarığına, səmərəli fəaliyyətinə görə bir sıra mükafatlarla, fəxri fərmanlarla təltif olunan F.Əsgərli sovetlər dönəmində yeddi il ardıcıl olaraq institut və respublika üzrə tələbə inşaat dəstəsinin komandiri kimi SSRİ-nin bir sıra ucqar bölgələrində, o cümlədən Sibirdə olub.
F.Əsgərli uşaq ədəbiyyatının keşiyində dayanan əsgər kimi bu sahənin bütün incəliklərini tədqiq edib, məqalələr, dərsliklər, monoqrafiyalar yazıb, mühazirələr oxuyub, kurs işlərinə, buraxılış işlərinə rəhbərlik edib.
Çox zəhmətkeş alim olub. Daim axtarıb-arayıb, yorulmaq bilmədən yazıb-yaradıb. Bir çox elmi kitabların, 100-dən artıq elmi-nəzəri, publisistik məqalənin müəllifidir. Elmi araşdırmalarında görkəmli uşaq yazıçısı, filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil yaradıcılığına daha çox üstünlük verib. Yazıçının yaradıcılığından bəhs edən bir neçə monoqrafiyanın, çox sayda tədqiqat xarakterli məqalənin müəllifidir. Z.Xəlil anadan olmasının 70 illik yubileyinə həsr etdiyi “Sehrli dünyanın memarı” adlı monoqrafiyasında sənətkarın poeziya, nəsr və dramaturji fəaliyyətini elmi-nəzəri aspektdə araşdırıb, tədqiqata cəlb etdiyi əsərlərin ideya-bədii və sənətkarlıq məziyyətlərinin açılmasına xüsusi diqqət yetirib. “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Bədii təhlil və ədəbi tənqid” monoqrafiyalarının, “Ədəbi düşüncələr”, “Zahid Xəlilin sənət dünyası”, “Problemlər, düşüncələr…”, “70 ilin işığında” məqalələr toplusunun müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. “Ədəbiyyat qəzeti”, “Respublika”, “Azərbaycan müəllimi”, “Gənc müəllim”, “525-ci qəzet”, “Türküstan”, “Mədəniyyət”, “Azad Azərbaycan”, “Kaspi”, “Gəncənin səsi” və digər qəzetlərdə çap etdirdiyi elmi-publisistik məqalələri araşdırmaçı mütəxəssislər tərəfindən onun alimlik fəaliyyəti və əsərləri haqqında dəyərli fikirlər formalaşdırıb.
Tərcümə nəzəriyyəsində müəyyən dərəcədə boşluq hiss edən alim “Bədii tərcümə prinsipləri” (2009) monoqrafiyasında nöqsanlı uşaq nəsr əsərlərinin təshih olunmasını və yenidən tərcümə edilərək nəşrini tövsiyə edib. Adı çəkilən monoqrafiyada bədii tərcümədə daha zəruri olan obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığının və milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə üsulları problemlərinin düzgün həlli yollarını göstərib. Qırx beş il tərcümə sənətinə sadiq qalan F.Əsgərli bir sıra dünya xalqları yazıçılarının əsərlərini dilimizə çevirərək Azərbaycan oxucularına ərməğan edib. Aleksey Tolstoy, Nikolay Nosov, Yan Larri, Konstantin Sergiyenko, Eduard Vilde, Anton Tammsaare, Paul Kuusberq, Andres Yaaksoo, Albertas Laurinçukas, Miroslav İrçan, Filip Mironov, Karlo Lorensini-Kollodi, Berdinəzər Xudaynəzərov, Kaldarbay Naymanbayev, Nodar Dumbadze, Anne Vestli, Luiza Oklott və digər qələm sahiblərinin əsərləri onun tərcüməsində çap olunub, Dövlət televiziya və radiosuna təqdim edilib.
***
…Ölüm qorxulu deyil, qorxulu olan onun vaxtından əvvəl gəlməsidir. Füzuli müəllimin dünyasını qəfil dəyişməsi bütün sevənlərini sarsıtdı. Yadigarı üş övladı, altı nəvəsi, bir nəticəsi, yetirmələri, kitabları oldu. Yaradıcı insanların həyatı ölümündən sonra başlayır. Füzuli müəllim bizə uşaq ədəbiyyatı ilə bağlı xeyli sayda dərslik, metodik vəsait, monoqrafiyalar, çox sayda məqalələr, tərcümə əsərləri, eləcə də yolunu ləyaqətlə davam etdirən övladlar, nəvələr yadigar qoyub getdi.
Sözü kitablarda, özü ürəyimizdə qalan sayılıb-seçilən babam, ruhun şad olsun!
Qara-qırmızı Xocalı Bu gecə qаn yаğır аğ qаr üstünə. Bu gecə Хоcаlı аl-qаn rəngində, Bu çаylаr, meşələr аl qаn içində. Bu gecə аğаcın yаrpаğı biz-biz, Аğlаyır, sızlаyır qаr içində iz. Bu gecə insаnlаr evindən qаçır, Аnаlаr sinəsin gülləyə аçır. Şахtаdа о bаyrаq körpə əlinin İçində dоn vurmuş bir ümid yаtır, İnləyən, bоğulаn bir ümid bаtır. Bir ümid çırpınır şəhid əlində. Bir оrdu yeriyir, bir şər оrdusu- Kimsəsiz, günаhsız insаn üstünə, Yenə qаn tökülür zаmаn üstünə. Bu qаnlı gecədə yer-göy аlışır Bu qışın, sоyuğun sаzаqlаrındа. Hələ də bu yerlər qаn içindədi, Hələ də Хоcаlı qаn rəngindədi. Bu uşаq qаnıdı, bu qоcа qаnı, Bu dа qаr içində bir аnа qаnı. Хоcаlı Vətənin qаn yаrаsıdı, Хоcаlı Vətənin cаn yаrаsıdı. Bəşərin sоnuncu fаciə günü Dünyаdа bir kimsə yаtа bildimi? Bu gecə dünyаnın sоn qəm gecəsi, Bu gecə dərdlərın ilk cəm gecəsi, Bəşərin sоnuncu mаtəm gecəsi, Bizi qаn içində bаtırıb gedir. Gör neçə illərdi dоnub Хоcаlı. Bu yerin yаzınа hələ qаr yаğır, Bu хаlqın bаşınа hələ qаn yаğır. Dоn vurmuş körpənin qаrlı izini, Yаyın istisi də əridə bilmir. Хоcаlı dərdini, yurd harayını, Dünyаnın sükutu kiridə bilmir. Hələ хəyаllаrdа gəzir Хоcаlı. Gəzir ölkə-ölkə, gəzir elbəel, Gəzir fəsil-fəsil, gəzir ilbəil. Sinədə, аlındа gəzir Хоcаlı, Hər kəsin cаnındа gəzir Хоcаlı, Yаrаlı Хоcаlı, əsir Хоcаlı. Müəllif: Rəfail Tağızadə
Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi, nə qərarda olduğumu bilmirdim. Çünki fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki, qərara gəldim və qərarım bu idi ki, onunla danışıb məsləhətləşməliyəm. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması, həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə, bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb, Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini, keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır, ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün xanımımla küçədə idim, iki nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və birdə onda gördüm, bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı, həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona dahada yaxın etmışdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanında axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim, amma içimdəki həyəcan, təlaş qəlbimi yaman bürümüşdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi də sanki unutmuşdum. Özümü ələ alıb Elçin burda müalicə almırmı? məgər dedim. Otaqdakılar mənim təlaşımı gorüb, buyurun əyləşin indi gələr, deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim, mənə göstərilən yerdə əyləşdim. O,artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən də gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə bərabər, xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki, qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə əsil həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet də əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danışmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb, Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düşüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərini yumub. Həyətdəki şəxslər qışqırıblar ki, burda cavan oğlan ölür, kömək edin! Amma artıq O, ölmüşdür. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim ki, nə isə olub, təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım, demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər: O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim, onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım. Xəstəxananın həyətindən çıxıb, küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən qabaq nə deyəcəkdi və Onun Yeganəsi hal-hazırda hardadır?
XOCALI DƏRDİNƏ DƏRMAN GƏZİRƏM Xocalım, qəlblərə dağın çat salıb, İntizar gözlərin yollarda qalıb, Səni çox zəhərli bir ilan çalıb, İllərdir, dərdinə dərman gəzirəm. *** O dəhşəti bircə-bircə görmüşəm, Qəm meyvəsin elə onda dərmişəm, Sünbüllü qəmimdən taya hörmüşəm, Dərdimi döyməyə xırman gəzirəm. *** Boynu bükük qalıb hər Qarabağlı, Ədalət gəzirəm — qapılar bağlı, Nə qədər qalacaq ürəyim dağlı? Dağ üyüdən bir dəyirman gəzirəm. *** Nə vaxtacan qanım yerdə qalacaq? Analar nə qədər saçın yolacaq? Allah, zəfər günüm haçan olacaq? Qisasa çağıran fərman gəzirəm. *** Söhbətlə əzabım deyil düzələn, Qisasım təzələn, kinim təzələn! Üzü Qarabağa səf-səf düzülən, Xocalı ünvanlı karvan gəzirəm. *** Deyə bilməmişəm hələ sözümü, Qəm basıbdı yerə baxan gözümü, Xəcalətli, hələ qara üzümü, Gizlətməyə bir sıx orman gəzirəm. *** Düşmən əlindədir o qeyrət Tacım, Eşit, ay qardaşım, ay əziz bacım, Qisasdır! Qisasdır, yalnız əlacım, Qüdrətli bir təbib, loğman gəzirəm. Qisası almağa meydan gəzirəm! 25 fevral 2016-cı il
Dünya “zor dilində” danışır yenə, Min il də, yüz il də əvvəl beləymiş… Həqiqət gör necə düşüb düyünə, Ədalət libasın şər geyinərmiş.
Sevgidən güc alıb qələmim, Allah, Kini, ədavəti düşmən seçibdi. Qanım qisas deyir, məndə yox günah, Yağı öz boyuna ölüm biçibdir…
Zaman-zaman fürsət düşən kimi Azərbaycan torpaqlarına qəsd etdi məkrli erməni. Biz də bu məkrin burulğanında unutqan olduq…biganə olduq… 1992-ci il fevralın iyirmi beşindən iyimi altısına keçən gecə…düşmən növbəti qəsbkarlığını – Xocalı soyqırımını həyata keçirdi. Xocalı qətliamı Azərbaycan tarixinə qanla yazıldı. Qanla yazılan tarix gələcək nəsillərin qan yaddaşının ibrət dərsi olmalıdır. Yoxsa…
İyirmi beş fevral… şaxtalı gecə… Yazım bu ağrını bilmirəm necə?! Xocalı söyləsin qoy bircə-bircə… Əsrin müsübəti-Xocalı səsi!
Qələmlə göz yaşım axdı kağıza, Qəmdən uyuşmuşdu dil də ağızda, Ləkə gətirəndə gəlinə-qiza… Əsrin müsibəti -Xocalı səsi!
Qaralan buludlar səpər yağışı, Ürək qübarından tökər göz yaşı… Neçə soydaşımın kəsildi başı, Əsrin müsibəti – Xocalı səsi!
Müdhiş bir gecədə qaniçən, zalım Əsrin sinəsində açdı bir şırım. Xocalı dəhşəti qanlı soyqırım, Əsrin müsibəti – Xocalı səsi.
O dinc əhalinin yolu bağlandı, Haray ərşə qalxdı, sinə dağladı. Körpə naləsindən göylər ağladı… Əsrin müsibəti – Xocalı səsi!
“Üç yüz altmış altı” qanlı bir alay, Erməni cəlladdan umdu sərvət, pay. Tanklar Xocalıda qopardı haray, Əsrin müsibəti – Xocalı səsi!
Gözü qabağında balanın ana, Ərin qarşısında qadını-sona, Baba, ata-bala bulandı qana, Əsrin müsibəti – Xocalı səsi!
Süngüyə keçrildi südəmər körpə, Cəlladın əliylə boğazlar ipə… Başsiz cəsədərdən quruldu təpə, Əsrin müsibəti – Xocalı səsi!
Yüzlərlə soydaşim yetrildi qətlə, Neçəsi çəkildi gözündən milə. Bilinmir neçəsi əsirdir hələ… Əsrin müsibəti – Xocalı səsi!
Qanlı köynəkdədir dağlar, təpələr, Haqqın sinəsində at oynadır şər. Eşitsin nəsillər, qoy bilsin bəşər- Əsrin müsibəti – Xocalı səsi!
Kəsdikcə başları qansoran, cəllad, Köməksiz Xocalı qopardı fəryad. Zaman buna özü verəcəkmi ad? Əsrin müsibəti – Xocalı səsi!