Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları ” dinc” qoymurdular. Birinci sagdakı tabut başladı söhbətə. – Bu il bizim işimiz yaman ” agır” oldu. Soldakı tabut fikrə daldıgından onu eşitmədi. – Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan? – Bizdə xəyal var? Biz reallıgıq. – Yadıma bilirsən nə düşdü? – Nə? – O gün ki ” qonag” ım. – Hə ,onu məndə unuda bilmirəm.Uzaqdan gördüm ” qonag” ını. – hə .- deyib ah çəkdi tabut. Sən sonrasın görəydin. – Nə oldu ki? – Əslində bizdə nə yenilik var ki? Daşıdıgımız cansız bədənlərdi ” qonag” ımız.Üstümüzdə aglayıb göz yaşı tökərlər,bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar .Bəlkə də bizə qargış edərlər ,bəlkə də əzizlərini incitmədən daşıdıgımız üçün təşəkkür edərlər bilmirəm. – O gün nə olmuşdu ,demədin. – Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir ” qonag” ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım.Anasını bir görsəydin. Məni necə bəzəmişdi…Üstümə atdıgı qırmızı xalatları görsəydin.Evin tək oglu idi deyəsən,atası da yox idi .O zərif çiyinlərə toxundum mən.Bilirsənbu nə deməkdi? Qadın çiynində getdim məzarlıga mən. – Eh , biz nələr görmədik? Tək ayaq daşıdıgım , baş daşıdıgım vaxtlar olub. – Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki? -Bax yenə neçə tabut gətiriblər bura.Əvvəllər burda bizdən başqası olmazdı. – Hə bu son ildə bizi çox ” yordu” lar. – Elədi , hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar. – Əvvəllər ” qonaq” larımızın əksəriyyəti yaşlılar olardı. – Sənə bir əhvalat danışım. O gün məni tez – tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı.Aparıb tez basdırdılar.Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam. – Eh , sən nə qoyub , nə axtarırsan? Bu dünya durduqca bizlər də olacagıq.İnsanın son yol yoldaşıyıq biz. – Düzdü bir gün biz də olmayacayıq. Sınıb ,dagılandan sonra görən bizlərin son mənzili hara olacaq. – Həyat budu dostum, sonu olan heç nə yoxdu! Söhbətləri yarımçıq qaldı. Yenə qara maşın gəlmişdi. Bu dəfə ” qonaq” ları çox idi deyəsən . İkisini də ehmalca maşına qoydular. Deyəsən başqalarını da aparacaqdılar. – Görəsən nə baş verir? – Bilmirəm , bax, bizdən başqa 12 tabut da var burda. – Ay aman, nə olub belə? – İndi biləcəyik,sakit ol. – Deyəsən qəzadı.Təyyarə qəzası .Hərbiçilərdi ” qonag” ımız. 14 tabut yan – yanaydı. – Sizlər də burdasınız ? – Hə . – Yaman agır dərddi. – “Qonaq” larımız deyəsən elə – belə adamlar deyil? – Hə.. – Yaxınlarına bax. Saçını yolan qadının ogludu mənim ” qonag” ım. – Mənim ” qonag” ım o balaca uşaqların atasıdı.Bayaq məni qucaqlayıb doyunca agladılar. – Bizlər onların sonuncu dəfə qucaqladıgı anası ,atası ,bacısı ,qardaşı , yoldaşı ,əzizləriyik. – Nə yaman dərdlərə ortagıq biz. Tabutlar bayraqlara büründü .Yola salındı .Hər biri öz son mənzilinə . Yenə də çiyinlər dəyişəcək ,tabut bu çiyindən o birisinə keçəçək.Yollar gah uzanacaq, gah qısalacaq. Kim bilir , bizlərin çəkdiyini . Həm fiziki yük daşıyırıq, həm mənəvi. – Nə olar, bizə qargış etməyin.Axı biz sizlərlə həmdərdik!
HEYVANLARIN DOSTLUĞU Meşədə bu gün sakitçilik idi. Nədənsə heyvanlar gözə dəymirdi . Çox keçmədi ki astabasar dovşan balaca daxmasından çıxıb gərnəşdi. – Hey, dostlar hardasınız? Mən gedirəm şirin yanına .Sözünüz varsa deyin çatdırım. Kəsyənin ciyiltili səsi gəldi: – Ay dovşan ,şirə denən mənim evimə qarışqalara darışıb ,onlara əmr versin ,çıxıb getsinlər. – Yaxşı deyərəm. Ayrı heç bir heyvandan səs gəlmədi . Dovşan yola düzəldi.Şirin onu niyə çagırdıgını bilmirdi .Canını qorxu almışdı. Yolda canavarla rastlaşdı. – Hara belə ,ay dovşan qardaş? – Şirlə söhbətim var. Canavar şaqqanaq çəkib güldü: -Sənin şirlə nə söhbətin ola bilər ? – Sən bilmərsən! Dovşan Şirin yanına çatıb təzim etdi. – Xoş gəldin ,dovşan. Qorxa – qorxa şirə baxan dovşan ; – Sag ol,şir qardaş! – Bilirsən ,səni niyə çagırmışam? – Yox,şir qardaş. – İstəyirəm bu ildən hər kəslə mehriban olum.- deyib şir gərnəşdi. – Get bütün heyvanlara bildir ki ,bu il yeni il bayramını birlikdə qeyd edəcəyik.Sabah bayramdı.Yolkanızı qura bilərsiniz. Dovşanın sevindiyndən dili – bogazı qurumuşdu.Heç vaxt onlara bayram keçirtməyə imkan verməyən şirin insafa gəlməsi onu həm sevindirmiş,həmdə təəccübləndirmişdi. Şirlə sagollan dovşan tullana – tullana meşəyə qaçdı. – Hey, hardasınız? Sizə şad xəbərim var. Dələ agacdan boylandı: – Nolub orda? – Yıgışın ,tez yıgışın.Sözüm var sizə. Tülkü yaltaqcasına hırıldadı ; – Nə olub ,ay dovşan qardaş ? Sənin bizə nə sözün olsa ,biz hazırıq. Yavaş – yavaş heyvanlar yıgılmaga başladı.Dovşan hər kəsə göz gəzdirdi.Tısbaga yox idi. – Hardadı tısbaga qardaş? Hamı zürafəyə baxdı.Zürafə əlini gözününün üstünə qoyub,o tərəfə bu tərəfə baxdı. – İndilərdə gəlib çatar .- deyib cavab verdi. Heyvanlar səbrsizlənirdi.Nə baş verdiyini öyrənmək üçün dovşana dayanmadan sual verirdilər. Dovşan tısbaganı gözlədiyini ,sonra danışacagını bildirdi. İt hirsləndi; – Bir tısbagaya görə bu qədər heyvan burda duracaq? Pələng onun səsinə səs verdi ; – Bu ədalətsizlikdi. Dovşan sakit səslə ; – Sakit olun ,dostlar,gəlin mehriban olaq.Axı sabah bayramdı. Bütün heyvanlar bir – birinə baxdı. – Bayram ,nə bayramı ? .Şir bizə bayram keçirtməyə icazə vermir axı? .- deyə agacda oturan bayquş donquldandı. Tısbaga gəlib çıxmışdı. Dovşan onları sakitləşdirib şirin dediklərini onlara çatdırdı. Qış yuxusuna getməyə hazırlaşan ayı sevinərək atılıb – düşməyə başladı. – İndi dostlar yolkamızı qurmalıyıq .Hər kəs iş başına ! Şirin yanından gələn lovga dovşan əlini belinə qoyub ,hər kəsə bir iş tapşırdı. Ayının qırdıgı şam agacını maralın buynuzuna qoyub meşənin ortasına gətirdilər.Qalırdı agacı bəzəmək. Bütün heyvanlar iş başındaydı . Dələnin daşıyıb gətirdiyi qozaları cüyür ,zürafəyə verir ,o da agacın yuxarısından asırdı.Yarım saat bəs etdi ki ,yolka hazır olsun. Sonda canavarın hardansa tapıb gətirdiyi al- əlvan işıqları dələnin ,agacdələnin köməyi ilə yolkaya taxdılar. Səhər bayrama hazırlaşmaq üçün heyvanlar azuqə toplamaq üçün meşəyə üz tutdular.Hər biri tapdıgını öz komasına qoyacaq,səhər süfrəyə düzəcəkdilər. Yeni il səhərini qarla qarşıladılar.Yuxudan durub hər tərəfi aga bürünmüş görən heyvanlar tez- tələsik yolkalarının yanına qaçdılar. Yolkaları necə gözəl olmuşdu.Ag qara bürünən agacda yanan işıqlar bərq vururdu. Sevindiklərindən atılıb- düşməyə başladılar. Tez qaçıb tapdıqları qənimətləri ortalıga daşımaga başladılar. Ortalıqda yıgılan azuqədən gözəl bir süfrə açdılar. Budur şirin nəriltisi aləmi başına götürdü; – Ey ,dostlar,mənsiz yıgışmısınız? Heyvanlar qorxularından titrəməyə başladılar. – Qorxmayın,dostlar! Bu gündən sizinlə mehriban olacam. – Nə gözəl yolkanız var.Bayramınız mübarək! Heyvanlar sakitləşdilər.Sevinərək şirə baxdılar. – Çox sagol şir qardaş,sənin də bayramın mübarək !.- ilk olaraq çaqqal dilləndi.Hər tərəfdən səslər ucaldı.Bir – birini təbrik edən heyvanlar ,bu gündən sonra mehriban olacaqlarına söz verdilər.Əl – ələ tutub mahnı oxumagı da unutmadılar:
“Süd kimi ag qar ilə Çoxlu çoxlu bar ilə Süd kimi ag qar ilə Qış ilə ,bahar ilə * * * Yeni il gəldi,yeni il gəldi Neçə nübar ilə yeni il gəldi. Yeni il gəldi,yeni il gəldi Neçə nübar ilə yeni il gəldi.”
Beləcə heyvanlar bayramı qeyd edib ,mehribancasına yaşamaga başladılr.
Emin Sabitoğlu – ” Aman ayrılıq” nəğməsinin sədaları altında …
Biri var idi, bir yox idi … Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən, güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda… Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir… Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi isə o “guya”ların üzə çıxmasıdır… Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür… Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın… Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq… Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə … Sonsuzluqda görüşənədək ….
QIRMIZI YARPAQLI AĞAC (hekayət) 2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin başlanğıcında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa yazdığım şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Generalın ölümü” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər: “Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! * * * Altda qalan, “üzü bərkdir” deyilən, Yerli-yersiz harda gəldi söyülən, Dağı, daşı “əppək” kimi yeyilən, Bu torpağın altı, üstü sənindir!” Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et.”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum. – Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi. – Buyurun. – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o an belə saxlaya bilməyəcəyimi anlayıb eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq bu işgəncənin nə vaxt bitəcəyini gözləməyə başladım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu. – Deyiləsi dərd deyil, müəllim. Boş ver. – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq. – Yenə də. – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı. – Nə bilim, Vallah. – Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun. – Nədən bildiniz ki, hərbçiyəm? – Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız. – Bəli, zabitəm. – Rütbəniz? – Kapitan. – Məlum hadisələrdə hansı tərəfdə idiniz? – Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm. – Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz. – Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından? – Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. – Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir. – Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu. – Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var? – Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir. – Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm. – Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi: – Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil. – Bəs nədir sizi belə narahat edən? – Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin. – Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək: – Dostum deyəsən rusdur? – deyə soruşdum. – Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur. – Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım. – Adım Çingizdir. Çingiz. – Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur? – Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində necə əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir. – Hansı idə anadan olmusunuz, Çingiz müəllim? – 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada? – Harada? – Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq. – Mənim adım Vahiddir. Vahid Dilsiz. – Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun. – Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir. – Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var. – Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan bir az kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik. – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
“ZƏFƏR GÜNÜ” TƏDBİRLƏRİ DAVAM EDİR Azərbaycan- İraq Mədəni Əlaqələr İB-nin sədri, Dünya Sülh səfiri, BMT-nin üzvü Tahirə xanım Məmmədovanın təşəbbüsü ilə İB-in ofisində “Zəfər günü” keçirildi. Görüşdə vaxtilə SSRİ Ali Sovetinin deputatı olmuş” Qırmızı Əmək Bayrağı” və “Oktyabr İnqilabı” ordenləri ilə təltif olunmuş əmək veteranı Zivər Əli qızı Səfərova Ümummilli Liderimiz Heydər Əliyevlə olan şəxsi görüşlərindən, ona adi bir fəhlə olaraq verdiyi dəyərdən, Ali Sovetə deputat seçildiyindən çox həyəcanla, xoş günlərindən gözəl görüş iştirakçılarına məlumat verdi. O, danışdıqca həmin anları bizə də yaşatdı. Bayram münasibətilə hamını təbrik etdi. Görüşdə Moskvadan dəvət olunmuş İlqar İsmayılovun da çıxışı maraqlı oldu. O, ölkəmizdən kənarda müxtəlif ölkə və şəhərlərin diasporlarındakı görüşlərindən, çıxışlarından böyük maraq və həyəcanla danışdı. Təşkilatdan faydalı məsləhətlər aldı. Yaşadığı Şuşa şəhərindəki uşaqlığından Füzulinin Horadiz qəsəbəsindəki xoş günlərindən söhbət açaraq oraya gedəcəyini bildirdi. Təşkilatın sədri Tahirə xanım xatirə olaraq ona özünün yazdığı “Qarabağ dünən və bu gün” kitabını və “Güllələnmiş ,Viran edilmiş Qarabağ mədəniyyəti” sənədli filminin diskini hədiyyə olaraq təqdim etdi. Görüşdə Püstə Rəvan “Həkəri” qəzetinin baş redaktoru ,Azərbaycan İraq Mədəni Əlaqələr İB-nin mətbuat xidmətinin rəhbəri Rauf İlyasov, ”Elm və təhsil” jurnalının baş redaktoru tanınmış jurnalist Pərixanım Mikayıl qızı Muradova, Nəcibə Ağamalıyeva və başqa qonaqlar maraqlı çıxışları ilə yadda qaldılar. “Təzadlar“ qəzetinin məsul işçisi Elçin Məmmədli Söhrab Tahirlə olan görüşündən kadrları nümayiş etdirməklə Məmməd Arazın ”Ana“ şeirini coşğu ilə söylədi. Pərixanım Muradovanın “Şəhid mundiri” və Firudin bəy Köçərliyə həsr etdiyi kitabların təqdimatı oldu. Onun 109 şəhidə həsr etdiyi 22 bənddən ibarət şeirindən bir parçanı sizlərlə bölüşmək istəyirəm: “Adları düzülüb baxın yan yana, Can qurban etdilər Azərbaycana. Hansını söyləyim,hansını deyim, Gör neçə igidim susuz verib can. Hansı şəhidimdən, qazimdəm yazım? Xudayar, Cəbrayıl, Daşqınmı deyim, Yoxsa ki, Teymuru deyim, ağlayIm? Hansı qəhrəmanının adını çəkim? Azər, Muxtar, Munis, Rəşadmı deyim? Babaxan, Asiman, Elşadmı deyim? Səyyad, Rufizim, Cavidan balam, Nakam iki qardaş İmanla Bəhram. Dünyaya bir gəlib, bir də getdilər, Analar qəlbini viran etdilər. Ruslan, Ramil, Nicat, Abbas, Elməddin, Elnur, Yasər, Qüdrət, Mənsur, Tacəddin. Elməddin, Nurlan, Mirzə, Kamil, Hafiz, İntiqam , Dönmədi geriyə dedi qana – qan. Bilmirəm hansının adın söyləyim, Başıma haranın külün ələyim? Vüsalı, Elvini, Ceyhunu deyim? Yoxsa Kamran, Həmdəm, Şahmurad deyim? Hər şəhid evində ana ağlayır. Nakam qız, gəlinlər şəhidlərinə Saçların ağardıb, qara bağlayır. “ Sonda Tahirə xanım Zivər xanıma və Pəri xanıma təşkilatın üzvlük vəsiqəsini təqdim edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. İNK-nın sədri, ictimai xadim Rasim Məmmədov tədbir iştirakçılarını salamlayıb onlara işlərində uğurlar dilədi.
Mustafa Müseyiboğlu – Mustafayev Mustafa Müseyib oğlu 1 dekabr 1952 – ci ildə Ağdam rayonun Yusifcanlı kəndində anadan olub. Keçmiş ittifaqın müxtəlif təhsil müəssisələrində təhsil alıb. Uzun illər sənaye və kənd təsərrüfatı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə xalq deputatları Sovetinin deputatı seçilib. Keçmiş ittifaqın ilk icarədarlarından biri kimi 40 hektar torpaq icarəyə götürərək müstəqil idarə etdiyi özünün təsərrüfatını yaratmışdır. Demək olar ki, mətbuat yayımı kataloqundakı bütün nəşrlərə abunə olar, yeni nəşr olunan kitabları birinci çapından mütləq əldə edərdi. Daim axtarışda olan, eksperimentdən qorxmayan yenilikçi idarəçi kimi tanınıb. Ədəbi yaradıcılıqla məşğul olub. Gizir ədəbi təxəllüsündən istifadə edib. Məlum hadisələr nəticəsində ədəbi irsi Ağdam rayonu, Yusifcanlı kəndində qalaraq məhv olmuşdur. Yazdıqlarından Zaur Ustacın şəxsi arxivində məktubları və sadəcə iki şeiri qorunub saxlanılır. Ağdamın, Qarabağın işğalı ilə heç cürə barışa bilmirdi. 29 dekabr 2018-ci ildə Bakı şəhərində vəfat edib. Ağdam rayonu, Yusifcanlı II kənd qəbiristanlığında (Əfətli) dəfn olunub. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
“XƏZAN” – 36 Jurnalın növbəti – noyabr (oktyabr-noyabr, 2021) sayı… İlk dəfə oxuyacağınız bədii əsərlər, ədəbi şərhlər, publisistik təhlillər… “XƏZAN” ədəbi-bədii jurnalının oktyabr-noyabr, 2021 sayı çapdan çıxıb. Sıra sayına görə 36-cı nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir. Jurnalın redaksiya heyəti şair Şahməmməd Dağlaroğlunun 65, yazıçı Mahir Qabiloğlunun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Şahməmməd Dağlaroğlunun yaradıcılığına işıq salan Hacıməmməd Məmmədovun “Sənətkar ömrü, vətəndaş taleyi, qibləsini sevgisində tapan şair” və Mahir Qabiloğlunun yaradıcılığından bəhs olunan ədəbi tənqidçi Vaqif Osmanovun “Ədəbi mühitdə Mahir Qabiloğlu dəsti-xətti” yazıları jurnalda yer alıb. Eyni zamanda Şahməmməd Dağlaroğlunun 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Döyüşən sətirlər” kitabı haqqında Hacıməmməd Məmmədovun “Öz izi, öz yolu olan şair” yazısını da bu qəbildən hesab etmək olar. Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Quyruqlu hərif” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur. Rəna Mirzəliyeva “Möcüzəli Tanrı payı – Musa Yaqub” məqaləsində xalq şairinin ildönümündə təəssüratlarını bölüşüb, qismən də olsa xalq şairinin yaradıcılığına nəzər salıb. Nəcibə İlkinin “Tarixi qələbəmizin ədəbi irsi” məqaləsində Naibə Yusifin “Gülün yarpıza dönsün” romanı haqqında qeydləri yer alıb. Zaur Ustacın “Nuranə Rafailqızının sözünün nuru” və Vaqif Osmanovun “Soy-kökə söykənən poeziya, Gülnarə İsrafil yaradıcılığına bir baxış” məqalələrində hər iki şairin yaradıcılıqlarından bəhs olunur. Əli bəy Azərinin “Keşməkeşli taleli şair – Bəxtiyar Kavanlı” məqaləsində isə 29 ildir ki, doğma yurdundan didərgin düşmüş bir şair-müəllim-döyüşçünün keşməkeşli həyatından söhbət açılır. 2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasına rəğmən Əsmər Cəfərlinin “Nizami Gəncəvi məktəbi” məqaləsində dahi mütəfəkkirin yaradıcılığı və cəmiyyətin müsbət yönümdə inkişafına böyük töhfə olacaq məsələlər işıqlandırılıb. Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması istiqamətində jurnalda yer alan Şəlalə Nəsirlinin “Aşıq yaradıcılığında Aşıq Ələsgər zirvəsi” məqaləsində böyük sənətkarın keçdiyi yaradıcılıq yolundan və onun keşməkeşli həyatından bəzi məqamlar qeyd olunur. Poeziya bölməsində şair Süleyman Abdulla, Şahməmməd Dağlaroğlu, Hafiz Əlimərdanlı, Xaliq Azadi, Ələsgər Talıboğlu, Vüsal Ağayev, Şərqiyyə Balacanlı, Mahir Cavadlı, Ramiz İsmayıl, Bəxtiyar Kavanlı, Əbülfəz Muxtaroğlu, Röyal Məmmədovun şeirləri və Budaq Təhməzlə Ələddin İncəlinin deyişmələri jurnalın bu sayına rəngarənglik qatıb. Ağdam Ədəbi Mühitinin təqdimatında Almaz Alıqızının, Nadir Ağdamlının, Nizami Kolanılının, Nazilə Nihanın və Mehri Ağdamlının şeirləri də jurnalda yer alıb. Nəsr bölməsində çox güclü, hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatının incilərindən hesab olunacaq əsərlər yer almışdır. Dostəli Nərimanoğlunun “Bir kişi ömrü” elegiyasında Dədə Qorqudsayağı haray çəkilir. Hələ də müəyyən bölgələrin düşmən əsarəti altında olduğu Vətənin qurtuluşuna diqqət çəkilir. Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” hekayəsində Azərbaycanlı oğluna ərə gələn erməni qızının dəhşətli fitnə-fəsadlarından bəhs olunur. Naibə Yusifin “Üşüyürəm, ana” hekayəsində bir şəhidin həyatına nur salınıb. Fərhad Əsgərovun (Ramizoğlunun) “Demokratik iclas” və “Vicdanlı baba”, Sülhiyyə Musa qızının “Yuva” və Əli bəy Azərinin “Quş südü” hekayələrində milli problemlərimizdən, insan-zaman-yaşam faktorunun incə məqamlarına toxunulub. Jurnalda elmi araşdırma, tədqiqat materiallarının nəticəsi kimi elmi məqalələr də yer alıb. Buna Dilbər Rzayevanın ““Arı” jurnalının nəşri tarixi və ədəbi-ictimai mənzərə”, Orxan Əhlimanlının “Atəşgah məbədi – keçmişdən bu günə”, Sevda Rüstəmlinin ““Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun inkişaf mərhələsi” və Abutalıb Turabovun “Müasir Azərbaycan təhsilinin tarixi Azərbaycan Xalq Cümhuriyyəti təhsili tarixinin davamıdır” məqalələri buna əyani sübutdur. Hacıməmməd Məmmədovun Eldar Əliyevlə birgə hazırladığı “Həyata ürəyi ilə baxan adam” məqaləsində bir el ağsaqqalından danışılır. Aida Qasımovanın “Şuşam mənim” və Natəvan Quliyevanın “Ömrə yazılan 44 gün” məqalələrində 44 günlük Vətən Müharibəsinin xatirələri qeyd olunur. Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib. Xoş gəlib.