Emin Sabitoğlu – ” Aman ayrılıq” nəğməsinin sədaları altında …
Biri var idi, bir yox idi …
Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən, güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda…
Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir…
Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi isə o “guya”ların üzə çıxmasıdır…
Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür…
Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın…
Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq…
Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə …
Sonsuzluqda görüşənədək ….
Müəllif: Aytac İBRAHİM
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru