Akif Əli Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Akif ƏLİ Günay Firudinqızının qonağıdır – “Geriyə baxanda”

Məlumatı hazıladı: Amina

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlisəmid Kür haqqında

“Əlisəmid Kür haqqında ən yaxşı portreti Əjdər Ol yaradıb.” – Rasim Qaraca


Kür Əlisəmid

(hekayə-portret)

Ağıllısı dəli kimi,
dəlisi ağıllı kimi,
millətim hey!

Ə.Kür

Nəşə çəkib çox da ki, beynimi qurutmuşam,
elə bilmə, əzizim, mən səni unutmuşam.

Bir meyxanadan

Əsərinin qəhrəmanına əl qaldırma!

Müəllif

İndi şair Əlisəmid Kürdən yazmaq elə də sərfəli bir iş deyil. Çünki, son illərdə o, özünü xeyli adamın gözündən salıb, olub heç nə.
Heç şair də qulaq kəsər? «Qulaq kəsmək» deyəndə fikriniz kiminsə kimə kəf gəlməyinə, atmağına getməsin ey, söhbət həqiqi qulağa təcavüzdən gedir. Özü də kimin-kimin, şair dostunun. Hərçənd ki, bu, Əlisəmidin versiyasıdır. Zərərçəkən tərəfin dediyinə görə, Əlisəmid A-nın qulağını kəsməyib, dişləyib qopardıb.
Haqqında danışılan bədbəxt qulaq dibindən üzülməyib, onun üst tərəfinə, təxminən beşdən iki hissəsinə qəsd edilib. Yaxud, belə demək olar: «qulaq» sözünün «qu»su qoparılıb, «lağ»ı yerində qalıb. Sözümün «məmmədqulu»su budur ki, Əlisəmid qulaq kəsməyi qoçaqlıq hesab edirsə, deməli o, bir əməliyyat üzrə qəhrəmanlıq normativinin yalnız beşdə ikisinə əməl eləyib. Qulaqkəsənlər arasında o, uzaqbaşı ortadan axıra qədər olan yerlərdən birini tuta bilər.
Nəticə eyni olsa da, kəsməklə dişləməyin mənası bambaşqadır. Ortada şərəf məsələsi var. Əlisəmid hadisədən dərhal sonra A-nın qulağının kəsiyini qanlı-qanlı kağıza büküb cibinə dürtərək (Yaddaş məni öldürəcək – vaxtilə rəssam Van Qoq qulağını kəsib çiçək əvəzinə sevgilisinə aparmışdı). Yasamaldan şəhərə enib. O, həmin günün günortasına qədər şair dostunun bir qırıq bədən üzvünü «A-nın qulağını kəsdim!» deyib şəhadət üçün başqa qələm yoldaşlarına göstərib, ürəyi soyuyandan sonra həmin əşyayi-dəlillə özünü polis idarəsinə təslim edib.
Bayaq «şair dostunun» ifadəsini elə-belə işlətmədim. Vaxt vardı, Əlisəmid gələcəkdə bıçaqlayacağı A ilə cur idi. Onlar Baksovetdən mənzil alanda biri-birini qonşu seçmişdi. Mən bilən, aralarında hətta kirvəlik məsələsi də vardı. Bir gün sizdə, bir gün bizdə yeyib-içirdilər, qoşa gedib, qoşa gəlirdilər.
Əlisəmidin «Kentavr» kitabının Yazıçılar Birliyinin «Natəvan» klubunda təqdimatı keçiriləndə mən məclis aparıcısından canfəşanlıqla söz alıb şair haqqında ən isti və ən məhrəm «nitq irad edən» A idi. Onun dedikləri yadımda qalmasa da, amma çıxışının havasını yaxşı xatırlayıram. A-nın sözündən belə çıxırdı ki, Əlisəmiddən yoxdur.
Əlisəmidin Yasamaldakı dördotaqlı təzə mənzilinin (indi Əlisəmid o mənzildə yaşamır. Çünki Əlisəmidli, A-lı xatirələrlə dolu həmin mənzil artıq başqasına satılıb.) «evgördüsü»nə yığışmış qələm adamları arasında qonşusu A-nın yeri Səlyan idi. (Biz tərəfdə kimin yeri rahatdısa deyir: «Yerim Səlyandır!»).
A Əlisəmidin cinayətini ona bağışlamadı və istintaq müddətində orda-burda açıq-açığına bildirirdi ki, bu işdən keçən deyiləm, o vicdansız beş yaşlı oğlumun ağlaya-ağlaya dediyi «Əmi, atamı öldürmə!» sözlərinə də məhəl qoymayıb bıçaqla üstümə cumdu.
Zərərçəkənin danışdığına görə hadisə belə olmuşdu: səhər Əlisəmid onun mənzilinin qapısının zəngini basır. Həm qonşu, həm də dost kimi Əlisəmid hər gün bu qapını döydüyündən, A-nın xanımı heç nədən şübhələnmədən onu içəri buraxır. Əlisəmid ayağını astanadan içəri qoyan kimi qəzetə büküb götürdüyü bıçağın örtüyünü açıb tullayaraq yuxudan təzəcə durmuş A-nın üstünə atılır. Görünür, onun A-nı öldürmək məqsədi olmayıb, yoxsa bədənin istənilən yerinə bıçaq yeritmək qulaq kəsmək kimi çətin və incə bir işi yerinə yetirməkdən min dəfə asandır. A-nın konkret müqaviməti, yəni digər bədən üzvlərini müdafiəsiz qoyub yalnız qulaqlarını qoruması, evin xanımının araya girməsi, uşağın qıy-qışqırığı və bunların fonunda təcavüzkarın bir balaca özünü itirməsi qəsdçini məsələni tez çürütməyə tələsdirib. Tələsik iş də yarımçıq olur.
Cinayətin əsil səbəbi, Əlisəmidin lotuluğunun mənası bu günəcən açılmayıb. O, müttəhim kürsüsünə anlaqsız kimi çıxmışdı. A da axırda günahı keçmiş qonşusunun və dostunun dəliliyində gördü.
Əlisəmid türməyə düşmədi, çünki dəli çıxmışdı. Dostları Akif Kərimovun, Aşıq Pənahın oğlunun, daha kimlərin köməyilə dəlilik kağızı alan şairi Maştağa dəlixanasında cinayət törətmiş dəlilərə qatdılar. Bununla Əlisəmid böyük bir ütüdən qurtardı.
Sözü qoyub, sözə keçim, Əlisəmid dəlixanaya düşəndən sonra Həmid Herişçi qəzetdə çap etdirdiyi bir yazısında onu «Dəlisəmid» adlandırmışdı.
Əlisəmid dəlixanadan çıxandan sonra gəlib yapışır Həmid Herişçinin yaxasından ki, düdük, o nə sözdür işlətmisən yazında?! Həmid bərk ilişdiyini görüb zarafata keçir:
– Sən ağıllı çıxdın, olmasın Dəlisəmid, olsun Dəlihəmid.
Belə cavaba Əlisəmid nəinki qane olandır, hətta qonaqlıq da verəndir. Çünki, türmənin oğru qanunlarına görə hərif yek kəlmədə pas eləmişdi və razborkaya (məsələnin ayırd olunmasına) ehtiyac qalmamışdı.
Əlisəmid A-ya qədər yaxşı gəlirdi. Bu sözü o mənada deyirəm ki, qabaqlar onun heç bir dava-dalaşı bıçaqlaşma ilə bitməmişdi. Yan-böyürü bilir ki, əvvəl də Əlisəmid bir dəfə türmədə yatıb, amma başqa iş üstə. Düzdür, ötən əsrin səksəninci illərinin sonunda ölkədə azadlıq hərəkatı başlananda neçələri kimi Əlisəmid də adam içində «Biz də onda (yəni qadağalar dövründə) getdik!» deyib istədi dissidentliyinə görə türməyə düşdüyünü dilə-ağıza salsın, ancaq keçmədi. Çünki o, bir neçə il əvvəl Xarkovda nə üstə türmədə yatdığını artıq çoxlarına danışmışdı.
Əlisəmid dəliqanlı, coşqun, kür, kəmhövsələ adamdır, bir yerdə duruş gətirə bilmir. Kür çayı kür, yəni dəlisov olduğu üçün «Kür» təxəllüsü Əlisəmidin boyuna-buxununa biçilib. Dava-dalaş – onun yaraşığıdır. Əlisəmid dililə yox, həm də əlilə danışan şairdir. Bir dəfə məclisdə yazıçı Seyran Səxavət dedi ki, Əlisəmid Koroğlunun dəlilərindəndir. Həmin məclisdə bu fikri Vaqif Bayatlı başqa cür fırlatdı: «O ki, deyirlər ha ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi, bax, həmin ağıllı bilmirəm kimdir, ancaq o dəli Əlisəmiddir, çay da Araz çayı.»
Ədəbi mühitdə çoxları Əlisəmiddən gen gəzir, A-nın məsələsindən sonra hətta ondan qorxurlar. Olmadı elə, oldu belə, bir də gördün onun beyninin qurdu tərpəndi, bıçağı yortdu böyrünə. Fəhmim məni aldatmırsa, Əlisəmid cibində bıçaq gəzdirmir, amma çoxları düşünür ki, ondan nə desən çıxar. Çünki, doğrudan da ilk baxışda o, oturuşundan-duruşundan şər-xata adama oxşayır.
Şair dostum «Kentavr» kitabının üz qabığında özünü kentavra – adam başlı ata oxşadıb. Əfsanəvi at-adam olan kentavr keçmişdə bilmirəm, amma indi gözə görünsə, vahimə yaradar. Lakin, şirdən, pələngdən, kobradan qorxmayan adamlar, təlimçilər, ovsunçular tapıldığı kimi kentavra da mehr salanlar varmış.
Onu tək görmək çətindir, həmişə yanında yançısı olur. Bu yançı nə təhər Əlisəmidin sehrinə düşürsə, uzun müddət ondan ayrıla bilmir. Bunun bir səbəbi odur ki, Əlisəmid, dostu Tofiq Qaraqayanın sözü ilə desək, təkə kimi qabağadüşəndir, işdüzəldəndir, tikəsini yarıböləndir. Təkcə onu deyim ki, bir neçə qələm dostu məhz onun zirəkliyi hesabına Baksovetdən mənzil qopardıb.
Tofiq Qaraqayanın adını çəkdim, bu həmin mübarək şəxsdir ki, bir zaman Əlisəmid onunla gəzərdi. Əlisəmid Tofiqi günüsü sayırdı. Bilmirəm Əlisəmid «Günü» ayamasını haradan tapıb şair dostunun belinə yükləmişdi, çox vaxt dostunu «Günü» deyə çağırırdı. Tofiq də Əlisəmidə ad tapmışdı: «Canavar».
«Canavar»la «Günü»nü ədəbi mühitin adamları həmişə bir yerdə görərdi. Gah bu onun, gah da o, bunun kölgəsinə çevrilərdi. Yazıçılar Birliyinin mərtəbələrində, jurnal-qəzet redaksiyalarında, çayxanalarda, kafelərdə onları qoşa, pilləkən, keçid dar olanda isə dal-qabaq addımlayan görərdik. Tez-tez sahman rayonlara qonaq gedərdilər. İndinin özündə də ədəbi mühitdə dolaşan adam mütləq hər gün Əlisəmid və onun yazıçı ekiztayına rast gəlməlidir. Baxmayaraq ki, o, «Yol»un baş redaktorluğundan sonra heç bir ədəbi orqanda işləməyib.
Əlisəmid Tofiqdən aralanıb (deyəsən hansısa haqq-hesab üstə pozuluşmuşdular.) fotoqraf Şahinə qoşuldu. Fotoqraf Şahinin it ilindən qalma köhnə bir fotoaparatı vardı, həmişə boynundan asdığı qara çantasında olardı. Kişinin oğlu guya Əlisəmidin böyründə balalarına çörək qazanırdı. Əlisəmid hansı qapını döyürdüsə, onun yançısı fotoqraf Şahin mütləq tanış olduğu adamın şəklini çəkməliydi. Tutaq ki, şair təzə çıxan şeir kitabını kiməsə verib ondan muştuluq, şirinlik, nə bilim Yafəs Türksəs demişkən, nəmər alanda fotoqraf Şahinin fotoaparatı çırıkkaçırıq işləyirdi. Ancaq Əlisəmidin mənə boyun aldığına görə, Şahin hələ bir adamın şəklini çıxardıb yiyəsinə verməyib, işi hoqqabazlıqdır.
Bir ara Əlisəmid Murad Köhnəqala ilə oturub-durdu. Daha doğrusu, Əlisəmidə «oturub» sözü yaraşmadığına görə elə təkcə «durdu» sözü ilə də kifayətlənmək mümkündür. (Aralarından su da keçməyən vaxtlarda Murad bir gecə Əlisəmidgildə qonaq qalası olur. Səhər yuxudan oyanıb hamamda üzünü qırxmaq istəyən qonaq ətrafa göz gəzdirib görür ki, güzgü yoxdur. Əlisəmidi səsləyir:
– Səmid, (bəzən dostları onu belə çağırır.) bir güzgü qırığı ver, üzümü qırxım.
Əlisəmid cavab verir:
– Mən güzgüsüz də keçinirəm, üzümü əzbər bilirəm).
Muradın sözüdür: «Bakıda Əlisəmid Kürdən çox piyada gəzən yoxdur». Axırda Murad Əlisəmidlə ayaqlaşa bilmədi, biri yorğa yeriyən, biri astagəl, ayrıldılar. Ancaq ayrılmazdan əvvəl onlar qəribə bir sövdaya düşdülər. Bilmirəm, indikilərin dililə desək, bu layihə hansının idi.
Günlərin bir günü səhər vaxtı (Səhərdirsə, sabahınız xeyir!) Əlisəmid iş yerimə gəlib qonaq-qara üçün, yəni həm də ondan ötrü siyirtmənin gözündə saxladığım qutudan bir siqaret götürüb alışdırdı və dərin qullab vurandan sonra köks ötürüb dedi:
– Əji, (məni ondan başqa belə çağıran olmayıb) qapıları döyməkdən yorulmuşam. Daha yaş da o yaş deyil. İstəyirəm bir işin qulpundan yapışım.
– Hansı işin? – maraqla soruşdum.
– İstəyirəm – o dedi – Muradla Təzə bazarın yanındakı «Badi-kubə» kafesini kirayəyə götürüb işlədəm. (Onun xarakterinin bir cizgisini də görün: O heç vaxt «işlədək» deməz. Çünki, rəhbərliyi şəriklikdən üstün tutur. Əlisəmid kiminlə, yaxud kimlərlə gəzibsə, həmişə dəstəbaşı olub.) Bu bazar günü axşam saat altıda dost-tanışı yığıb açılış etmək fikrindəyəm. Sən də gələrsən.
Şair dostumun qulpundan yapışmaq istədiyi iş mənə gülməli göründü. Düşündüm ki, Əlisəmid – Murad hara, ticarət hara? Amma, üstünü vurmadım.
Əlisəmidin çağırışına getməmək olmazdı, sonra mütləq umu-küsü eləyəcəkdi, ona görə də deyilən vaxtda özümü «Badi-Kubə»yə çatdırdım. Məni qapıda Əlisəmid özü qarşıladı, hallı idi, yaxşıca vurmuşdu. O üzümdən, bu üzümdən marça-març öpüb mənə içəri keçməyi buyurdu. Hətta kövrəlib ağlamsındı da, guya uzun həsrətdən sonra ən böyük arzusuna çatmışdı. Əslən Salyandan olan yazıçı-jurnalist Mailə Muradxanlı bir dəfə dedi ki, səlyanlı (şifahi dildə «Səlyan» deyirik) kişilər yaşa dolandan sonra kövrək olurlar, göz yaşları sanki ovuclarının içindədir. Səlyanlı Əlisəmidi isə yaşa dolmamışdan qabaqlar da ürəyiyuxa görmüşəm. Araq içdisə, hər hansı bir səbəbdən mütləq dodaqlarını əsdirib gözlərindən bir-iki damcı yaş çıxardacaq.
Kafenin ortasında stollar birləşdirilib xudmani süfrə açılmışdı. Süfrədə nə yox idi? Rus arağından, Neftçala kürüsündən və balığından, Hövsan soğanından, Zirə xiyarından, pomidorundan tutmuş Xırdalan pivəsinəcən.
Qonaqlar yığışandan sonra süfrənin başında oturmuş şair Sabir Rüstəmxanlı ayağa duraraq məclisi açıb Əlisəmidin təzə işinə xeyir-dua verdi. (Yenə də Murad Köhnəqalanın adı çəkilmədi, yəqin ki, Sabir müəllimin şərikdən xəbəri yoxdu, Əlisəmid hər şeyi öz adına çıxmışdı.) O, cəmiyyətin şairdən qəhrəmanlıq, şəhidlik umması, onun şəxsi həyatına laqeyd qalması, ziyalıların öz qiymətini almaması, zamanla ayaqlaşmağın vacibliyi və s. məsələlərlə bağlı danışıb sağlıq deyəndən sonra keflilikdən güclə ayaq üstə duran Əlisəmidə baxıb əlavə etdi:
– Əlisəmid, bu işin himini araqla qoydun, sənə çətin olacaq.
Sabir Rüstəmxanlının zənni ikicə günün içində düz çıxdı.
Mən məclisdə axıra qədər oturmamışdım. O gecə səhərə qədər «Badi-kubə»də «ley-pey» olur. Ertəsi gün axşam ayılıb iş yerinə gələn Əlisəmidə və şəriki Murada bildirirlər ki, kafenin elektrik sərfindən iki min dollara yaxın borcu var. Əlisəmidlə Murad borc qaytarandır?! Ay-hay, ölmüşdü Xankişi… Beləliklə, biznesin ilk zərbəsi iki şairin sinəsindən itələyib onları köhnə mühitlərinə qaytarır.
Əlisəmid tək gəzə bilməz, bağrı çatlar. Ən azı ondan ötrü ki, ona yol yoldaşı, hər gün görüşməyə bir kimsə və nəhayət, sağlıq deyib badəni toqquşdurmağa hal əhli lazımdır. O, dəlixanadan-türmədən qayıdandan sonra Mübariz Məsimoğlu ilə tapışdı. Aradan neçə il keçsə də, onlar bir yerdədirlər. Düzü, son illərdə başım işə qarışdığına görə onlardan ara-sıra xəbər tuturam. Eşitdiyimə görə, əsas mərələri keçmiş qoburnat, indiki, filarmoniya bağının çayxanasıdır. Əlisəmid keçmiş curları ilə hansı fəaliyyət növü ilə məşğul idisə, Mübarizlə də həmin həyat tərzini yaşayır.
Əlisəmidin görkəzmə işləri çoxdur. Məsələn, az adam bilir ki, onun arağı içib sonra yonma araq stəkanını dişləyib çeynəməyi var. Tanımayan adam onun bu hoqqasını görəndə bağrı yarılır, amma mənim kimi onu tanıyanlar Əlisəmidin həngamələrinə öyrəncəlidir.
İlk dəfə Xarkovda iş alıb türməyə düşən gün kameraya daxil olanda onun başına bir əhvalat gəlir. İçəridəkilər pivə içirmiş. Bir nəfər yonma stəkana pivə süzüb Əlisəmidin qənşərinə qoyur. Əlisəmid ətrafa baxanda görür ki, başda şöngümüş pəzəvəng bir dustağın gözləri onu yeyir. Hamı stəkanda pivə içdiyi halda, bu adamın iri parçda pivə içməyindən Əlisəmidin dalağı sancır ki, gözlərini ona zilləyən yekəpər içərinin bərkgedənidir və sınayıcı vəhşi nəzərilə birinci gündən onun gözünü qırmaq istəyir. Türməyə girməzdən əvvəl Əlisəmidin qulağı çalıbmış ki, gərək türmədə ilk gündən özünü göstərəsən, yoxsa batdın, axıracan qapazaltı olacaqsan.
Əlisəmid asta-asta pivəsini içirmiş və arabir oğrun-oğrun baxırmış ki, görsün rəqibi neynir. Bu zındıq oğlu zındıq gözlərini ondan çəkmirmiş ki, çəkmirmiş. Axırda Əlisəmid ona «xox» gəlmək fikrinə düşür. O, köhnə şakərini işə salıb, qəfildən əlindəki boş yonma stəkandan bir diş götürüb çeynəyə-çeynəyə qızmış aslan kimi pəzəvəngin üstünə hücrəyir. Pəzəvəng təmkinini pozmadan qarşısındakı boş yarımlitrlik pivə parçını götürüb at ağzı ilə dişləyir və ən dadlı tikəni çeynəyirmiş kimi şüşəni gəvələməyə başlayır. Əlisəmid hesabını götürür və dala verir, olur birdəfəlik parçda yox, yonma iki- yüzqramlıq stəkanda pivə içənlərdən biri.
Başqası olsaydı, bu əhvalatın axırını öz xeyrinə dəyişərdi. Ay nə bilim, divə kəllə atdım, yaxud ona birini ilişdirdim və s. Əlisəmid kəllə atan olsa da, etmədiyini «Etdim!» deməz, başına gələnlərin hamısnı olduğu kimi boynuna alandır. Bax, onun ürəyimə yatan cəhətlərindən biri budur.
Dəngül-düngül Əlisəmiddən yazan bəzi qələm dostlarımız kimi mən də onun tərifini ala dağa qaldıra bilərəm. Elə bilirsiniz bacarmaram?! Allaha şükür, yaşadığım mühitdən mən boğazdanyuxarı danışmağı da öyrənmişəm, boğazdanaşağı danışmağı da. Amma çox yaxşı bilirəm ki, Əlisəmidə belə şeylər keçmir. Ona görə də qələmin başını buraxmışam.
Əlisəmid dişinə yem olan adamın qənimidir. Onunla bir yerdə olanda bilsə ki, sənə gücü çatır, qanın getdi. Bu sözləri elə-belə demirəm, 1990-cı il dekabrın 26-dan 1991-ci il aprelin 15-nə qədər, 3 ay, 21 gün Əlisəmidlə bir yerdə işləmişəm. Bir otaqda, başda o, ayaqda mən, üz-üzə otururduq. O zaman həmin idarənin, Bədii Ədəbiyyatın Təbliği bürosunun direktoru Hafiz Əli idi.
Hafiz Əli kimi ağırxasiyyətli, sərt, inzibatçı bir adamla işləmək dəmdəməki, cırtqoz, kəmhövsələ, nəinki Təbliğat Bürosunun çat-çat olmuş, rəngi bozarmış dörd divarının arasına, hətta yerə-göyə sığmayan Əlisəmid üçün necə məşəqqətli və cansıxıcı iş olduğunu anlamayana nə deyəsən?! Hafiz Əlinin Əlisəmiddən acığı gəlirdi. Həmişə ehtiyat edirdi ki, gözü-başı qaynayan bu dikbaş onu yıxıb yerinə keçəcək. Hətta bir dəfə hansısa məclisdə biri Əlisəmidə tanışlıq verib Hafiz Əlinin qohumu olduğunu bildirəndə gözünə döndüyüm Kür yekə-yekə cavab verib ki, hə, o, bizim işçimizdir. (Direktorumuz yox ha, işçimiz) Hafiz Əli kimi suyu üfürə-üfürə içən adam işçisinin bu itaətsizliyini necə həzm etsin? Beləsinin ipinin üstünə odun yığmaq olar? Bir də gördün verdi səni güdaza.
Əlisəmid rəhbərinin yanında etibarını tam itirdiyinə görə direktor onu gözdən qoymurdu, hər addımını izləyirdi. Əlisəmid də bu nəzarəti açıq-aşkar duyduğuna görə möhkəm darıxırdı, az qalırdı bağrı çatlasın. Qəfəsdəki yalquzaq kimi balaca iş otağımızda deyinə-deyinə var-gəl edirdi. Belə vaxtlarda yalquzaqdan onun vur-tut bircə fərqi vardı: o da siqareti-siqaretə calamağı. Ən dəhşətlisi bu idi ki, direktor onun çox siqaret çəkməyinə də deyinirdi və Əlisəmid altdan-altdan özünə təzə iş axtarırdı. Onsuz da 90-cı il yanvar qırğınından sonra cəmiyyət o qədər siyasiləşmişdi ki, ədəbiyyata maraq dəqiqəbədəqiqə azalırdı. Daha bizim idarəyə pul köçürdüb şairləri, yazıçıları görüşə çağırmırdılar, qəpiksiz-filansız siyasətlə məşğul olanları dəvət edirdilər. Hafiz Əli öz kreslosundan bərk-bərk yapışsa da, belə perspektivsiz iş Əlisəmidin nəyinə lazımdı?
İşçi kimi Əlisəmiddən bəhs etmək o qədər də maraqlı deyil. Onunla işlədiyim üç ay yarımda həmişə bu insanın fikrini dağınıq gördüm, işdə əli heç nəyə yatmırdı. Yalnız dostları gələndə fikri cəm olurdu, kefi durulurdu.
(Tofiq Qaraqaya hər gün Təbliğat Bürosuna gəlib dostuna baş çəkirdi. Son zamanlar o, tez-tez İçərişəhərdə yaşayan Əlisəmidə təklif edirdi ki, gəl, səhərlər dəniz qırağında qaçaq, siqareti, içkini ataq, bədənimizi möhkəmləndirək.
Hər dəfə iş yoldaşım bu təklifdən sonra üzünü turşudub susurdu və siqaretə cumurdu. Günlərin bir günü Tofiq yenə öz təklifini səsləndirəndə Əlisəmid partladı:
– Günü, bəsdir də! Atam xəstə, anam xəstə, qardaşımın biri türmədədir, biri dəlixanada, özüm də arvadımdan təzə ayrılmışam. Tanış-bilişin biri görüb deməz ki, ay alçaq, hansı gününə qaçırsan?!).
Bütün sənət adamları kimi onu da şöhrət azarına tutulmuş gördüm. Güc çatmayan xeyirxahlıq illüziyası, özündən zəiflərə əl tutmaq xülyası şöhrətpərəstliyin bir əlamətidir. Neyləməli, hər yaradıcı adamın nəsə bir, bəzən bir neçə kəm-kəsiri olur.
Əlisəmid bəzən gülünc xeyirxah roluna girir. Bir misal çəkəcəyəm: Soyuq və tutqun qış günü idi. İş otağımız qışa bütün güzəştləri edib onu içəri buraxmışdı. Təsəvvür edin: tavandan damır, «otopleniye» deyilən sovxa işləmir, pəncərənin dəlmə-deşiyindən külək sovrulur, içəridə çöldəki hava temperaturu və ən dəhşətlisi, Hafiz Əli iş yerində yüzcə qram da araq içməyə qoymur. (Əlisəmid bu vaxta qədər harada işləyibsə, orada hərdən yüz gillətməyə imkan olub). Hər ikimizin soyuqdan dişi-dişinə dəyir. Səbrsizliklə gözləyirik ki, iş günümüz başa çatsın. Bu vaxt qapıda qaçqın, başdanxarab, Əlisəmidi tanıyan qrafoman Kərim Nalə görünür. Əlisəmidin ona ərki varmış, bic-bic qımışır və soruşur:
– Maygülü, bu şaxtalı havada nə sülənirsən?
– Əlisəmid, – Kərim Nalə dillənir – qaranlıqda qalmışam, evdəki lampıçkaların (lampaların) hamısı yanıb. Lampıçka axtarıram.
– Bura lampıçka dükanıdır?
– Sənə umud olub gəldim, şair!
Əlisəmidə ümid eləyirlərsə, şair (belə çağırılanda xoşu gəlir) mütləq hərəkətə gəlməlidir və gəlir də. O, stullardan birini ayağının altına qoyaraq yazı stolunun üstünə çıxıb patrondan yeganə lampanı açır və şəstlə Kərim Naləyə uzadır. Kərim Nalə Əlisəmidlə məni işıqsız qoymağa razı olub lampanı alır və dil-ağız eləyə-eləyə bizdən ayrılır. Mən dinmirəm, niyə pis oğlan olum? Bir lampa nə olan şeydir?
İndicə direktorun içəriyə girib otağı işıqsız görə biləcəyi xofu Əlisəmidi diksindirir. O, «İndicə gəlirəm!» deyib otaqdan çıxır. Təxminən on dəqiqədən sonra böyük qənimətlə geri qayıdır. Bizim Bədii Ədəbiyyatı Təbliğ bürosu, «Azərbaycan», «Ulduz», «Qobustan», «Literaturnı Azərbaycan» jurnalları, «Ədəbiyyat fondu» və Karantin idarəsi yerləşən «Bakı soveti» metrosunun qabağındakı Mirzəbəyovun binasının V mərtəbəsinin dəhlizindən dörd lampa açıb gətirib. O, lampalardan üçünü stolun siyirtməsinə qoyub, birini bayaqkı üsulla patrona bağlayır. Otağımız yenidən işıqlanır.
Mən özümü saxlaya bilmirəm:
– Bir lampa bəsimiz idi də.
O, siqaretini alışdırıb həmişəki kimi dərin qullab vuraraq müdriklik edir:
– İndi işıqsız qalan çox kərimnalələr var. Bir də gördün biri azıb gəldi.
Baş aparıram:
– Hamam suyu ilə dost tutursan?
O, gülümsəyir:
– Təki dostun çox olsun!
Bu vaxt qapı döyülür.
– Deyəsən, bir dost da gəldi, Əlisəmid! – deyirəm.
– Qapı dalında durma, kimsənsə, gəl! – Əlisəmid səsini qaldırır.
Qapı açılır, qonaq nabələd adama oxşayır. O, döyükə-döyükə bizə baxıb soruşur:
– Ağalar, İsrafil ağa buralarda oturey?
Danışığından qonağın güneyli olduğu dərhal bilinir. Hələ o vaxtlardır ki, sərhədlər təzə açılıb, İrandan, Türkiyədən gələn adamları görən kimi hövllənirik. Onlara sevgimizi izhar etməkdən ötrü əldən-ayaqdan gedirik. Sonralar görməmişlik, (doğrudan da görməmişdik də) eyforiya dövrümüz keçəcək, insanın elə hər yerdə insan olduğuna bir daha inanacayıq, hətta bir çox güneyli soydaşlarımızı görəndə üzümüzü yana çevirəcəyik. Nə isə…
Qayıdaq yenə həmən vaxta, Əlisəmidlə mənim güneyli qonağı qarşıladığımız günə.
Qonaq beş-on kəlmə danışan kimi məlum oldu ki, o, Ərdəbil ətrafı kəndlərin birindən Bakıya iş axtarmağa gəlib, bənnalığı bacarır. Bu anda ötən əsrin əvvəlləri haqda oxuduqlarım yadıma düşdü. O zaman İrandan Bakıya ya tacirlər gələrdi, ya da hamballar. Neft mədənlərində də iranlı fəhlələrlə hambal kimi davranırdılar. Aradan səksən-doxsan il keçmişdi, tarix əclafcasına təkrar olunurdu. Yəqin ki, Əlisəmid də təxminən mənim düşündüklərimi fikrindən keçirirdi. O, güneyli qardaşımızın halına bərk acıdığından cibindən bir qırmızı sovet onluğu çıxardıb ərklə qonağın döş cibinə basdı. Ürəyi soyumadı, qeyrət vaxtının yetişdiyini duyub məni də tasa düşməyə çağırdı:
– Əjdər, sən də əziz qonağımıza bir onluq ver, qardaş dar gündə qardaşa əl tutmalıdır.
Mən də Əlisəmid kimi daxilən şeşələnib əlimi cibimə atdım və pullarımdan bir onluq ayırıb qonağın Əlisəmid kəşf edən cibinə qoydum.
Mirzə Cəlil demişkən, keçəl-küçəl, burnu fırtıqlı, bitli-birəli qardaşımız gedəndən sonra Əlisəmid siqaret alışdırıb dartdı və ayıldı. Deyəsən onun kövrək duyğuları əldən verdiyi sonuncu pulu ilə getmişdi. O, deyinməyə başladı:
– Harda dədəsindən-nənəsindən küsən var, gərək gəlib mənə ürcah ola. Onca manat pulum qalmışdı, onu da bu oğraş apardı.
Sonra o, üzünü mənə tutdu:
– Səndə pul var, on manat mənə borc ver! Görək başımıza nə gəlir. (O zaman Əlisəmid tez-tez qonşu «Qobustan» jurnalında işləyən şair Tofiq Abdindən xırda borclar alıb adını onun borc dəftərinə yazdırardı.)
Məndən on manatı qopardandan sonra Əlisəmidin kefi kökəldi. Təki onun əlində pul olsun. Bu pul azdır-çoxdur, borcdur, əmanətdir, dəxli yoxdur, mütləq həmin gün son qəpiyinəcən xərclənməlidir. Sonrası?! Eh, məyər o, sonrasını düşünəndir?!
Əlisəmid pul tapmaqda qoçaqdır, zalım balası pulun iyini bilir. Əlisəmidlə çox oturub-durmuşlardan biri – Adil Mirseyid danışırdı ki, bir dəfə mən, Aydın Uluxanlı və Əlisəmid içmək istəyirdik, ancaq pulumuz yoxdu. «Azərnəşr»in qabağında xeyli dayansaq da, ərk ediləsi bir tanışa rast gəlmədik. Birdən Əlisəmid itdi. Aradan on-on beş dəqiqə keçərdi, ya keçməzdi, yanımızda bir taksi saxladı. Taksinin arxa oturacağında əyləşmiş Əlisəmid əlində tutduğu iki iyirmibeşliyi pəncərədən çıxardıb dililə «Heyvagülü» çalmağa başladı. Bizim üzümüzə işıq gəldi, tez maşına təpildik. Yeməkxanada oturub bir şüşə arağı gillədəndən sonra ondan pulu hardan tapdığını soruşduq. Məlum oldu ki, qardaşımız yüzmanatlıq təzə dəri çantasını hansısa mağazanın sahibinə yarı qiymətə satıb. Təki məclis qurmağa imkan olsun. Əlisəmid belə Əlisəmiddir.
İki ildən artıq Maştağa dəlixanasında yatmağa məhkum edilən Kürün yanına Vaqif Bayatlının, Adil Mirseyidin, başqa dostlarının getdiyini eşitmişdim. Hətta Adil gecə dostu ilə bir çarpayıda baş-ayaq yatması barədə mətbuatda yazmışdı. Ancaq nə qədər yaxın olsaq da, mən onu bir dəfə də yoluxmadım. Elə buna görə də o, dəlixanadan çıxandan dərhal sonra mənim dönüklüyümün səbəbini öyrənməkdən ötrü boğazıma çökdü. İş yerimin qabağında qucaqlaşıb, öpüşüb, görüşüb iyləşəndən sonra birinci kəlməsi bu oldu:
– Səni çox gözlədim, nöş yanıma gəlmədin?
Quru-quru dilləndim:
– On il də yatsaydın, yanına gəlməzdim.
– Bıy?! Nöşün ki?! – O, əsl səlyanlı kimi təəccübləndi. – Akifə görə?
– Yox!
– Bəs…
– Eşidəndə ki, hadisədən bir az qabaq ikinci arvadından da ayrılmısan, səndən zəndeyi-zəhləm getdi. İki arvadı başsız, dörd uşağı yetim qoymusan.
Qırmızı danışığımdan Əlisəmidin dili tutuldu. Möhkəm ilişmişdi. Onu hər hansı məsələdə «neprav» (haqsız) çıxartmaq elə də asan məsələ deyil. Yarasının közü qopardılan, uşaqlarından iki il gen düşən anadangəlmə kövrək şairə indi gəl tamaşa elə! Əlisəmid leysanı başlamışdı…
Handan-hana dostumu sakitləşdirdim və taksiyə mindirib Salyana – anası ilə görüşə yola saldım. Onu da deyim ki, o, bərkə düşəndə Salyana, köhnə dostlarının yanına qaçandır.
Heç nədən çəkinmədən sözü üzə şax deyən, ürəyindəki dilində olan, işi düşdüyü adamın qapısın ərklə döyən, inadkar, ərincəklikdən min ağac uzaq Əlisəmidin daha hansı özəlliklərini dilə gətirmək olar? Hövsələnizi basın, deyə-deyə gəlirəm.
Onun küyə getməyi də var. 1990-cı ildə Bakıda 20 yanvar qırğınından sonra cəmiyyətin başqa təbəqələri kimi bir dəstə yazıçı da SSRİ Yazıçılar İttifaqının və Kommunist partiyasının üzvlüyündən çıxmaq barədə məsələ qaldırır. Bu çağırışa qoşulmaq üçün digər yazıçılara zəng edənlərdən biri də Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı şair Əlisəmid Kür olur. Və o, yekə yerdən yapışıb Sovet hökümətinin hər üzünü görmüş, ayıq, tükü-tükdən seçən yazıçı Mirzə İbrahimovun evinə zəng vurur. Dəstəyi yazıçı özü qaldırır:
– Bəli!
Əlisəmid onu salamlayıb özünü nişan verir:
– Mirzə müəllim! Sizi narahat edən şair Əlisəmiddir, Bədii Ədəbiyyatı Təbliğ bürosunun əməkdaşı.
Belə səksəkəli vaxtda zəng edənin məhrəm yerdən olması Mirzə müəllimə xoş gəlir:
– Eşidirəm, oğlum!
Əlisəmid yazıçını məsələdən agah edir.
NKVD, KQB xofu canından çıxmayan, neçə dəfə gözdən salınmış, incidilmiş Mirzə müəllim necə şübhəyə düşməsin? Bəlkə onu sınağa çəkirlər?! Bəlkə ona qarşı təxribat törətmək istəyirlər?! Hər halda ehtiyatlı olmaq gərəkdir. O, yenidən soruşur:
– Üzr istəyirəm, kimdir dediniz?
Şairin hövsələsi daralır:
– Əlisəmid!
Mirzə müəllim:
– Əlisafir?! Yox, mən belə yazıçı tanımıram! – deyib dəstəyi asır.
Qocaman sənətkar, ictimai xadim provokatordan canını qurtarıb rahat nəfəs alır, havalı şair isə köhnənin kommunistini ürkütdüyünə görə şellənir. Birinə nəticə lazımdır, birinə məzəli situasiya.
Əlisəmidin tez-tez danışdığı bir əhvalat: «Bir dəfə Vidadi Məmmədov, mən və iki-üç yazıçı çayxanada oturub çay içirik. Birdən fantast yazıçı Namiq Abdullayev çayxanada peyda olub yanımızda əyləşir. Vidadi Məmmədov sadəlövh Namiq Abdullayevin zəif damarını tutub deyir:
– Namiq müəllim, bayaqdan burda müzakirə gedir. Atışıb pul yığmışıq, yeyib-içmək istəyirik, ancaq bir qərara gələ bilmirik nə alaq. Araq, konyak, yoxsa çaxır?
Namiq Abdullayevin gözləri alacalanır, dili-dodağı əsir və o, tələsik dillənir:
– Vidadi, nə fərqi var, içki olsun də…
Vidadi ciddiləşir:
– Namiq müəllim, özünüzü ələ alın, «Yeyib-içmək» adı eşidən kimi ifraz etdiyiniz mədə şirəsini geri qaytarın, zarafat edirdim, pulumuz yoxdur, nə yemək, nə araq, nə konyak, nə də çaxır olacaq.»
Əlisəmid hər dəfə bu əhvalatı elə şövqlə, elə həvəslə, elə yerli-yerində danışır ki, sanki danışdığı dünən olub.
Əlisəmid as qumarbaz olmasa da, onun arabir kart sıxmağı var. Hətta həyatda da hərdən qabaqdangəlmişlik, çoxbilmişlik eləmək istəyəndə, rəqibinin gözünün odunu almaqdan ötrü canı-başı özü ilə olmayanda qarşısındakına xox gəlir: «Get özünə, məndə üç tuzdur!» Əslində o, düz deyir, onda həmişə üç tuz olur, amma bu tuzların bəzən biri, bəzən ikisi, bəzən, hətta üçü də saxta olur.
Təsəvvür edin, şıdırğı qumar gedir, oyunçular bir-bir «Mən pəs!» deyib oyundan çıxır, axıra qalan Azər Əbilbəyli (yazıçıdır, indi Almaniyada yaşayır) ilə Əlisəmiddir. Ortada xeyli pul yığılıb. Gözlər alacalanıb, görək kim kimi yeyəcək?! Əlisəmid özünü əsl qumarbaz kimi göstərir, ürəkli gedişlər edib pulu artırmaqda davam edir. Azərsə rəqibinə və ətrafdakılara tox-tox baxıb arxayın-arxayın bığaltı gülümsəyir. Axırda Azər son gedişini edib dillənir:
– Əlisəmid, açıl!
Əlisəmid şəstlə üç tuzu stolun üstünə çırpır.
Azərin gözləri kəlləsinə çıxır:
– Axı, məndə də üç tuzdur – o, kartlarını açır. – Bu necə ola bilər, Əlisəmid?!
Bu vaxt Əlisəmid pulları qamarlayıb cibinə dürtə-dürtə deyir:
– Bunu özündən soruş, mənim əlim düzdür!
Aldandığını sübut edə bilməyən ölüvay Azərin deyinməkdən başqa nə çarəsi var?! Günahını Əlisəmidin boynuna qoymaq olar?!
Şair Sabir Sarvan Əlisəmidin doxsanıncı illərin əvvələrində «Azərbaycan» nəşriyyatında rəssam Gündüzün (bu da Almaniyaya köçüb) emalatxanasında baş verən qumar sərgüzəştləri barədə maraqlı müşahidələrini mənə danışır: «Əlində az xal olsa da, Əlisəmid hər oyunun sonuna qədər udmaq şansını əldən vermək istəmir. Bir dəfə qumarda o, mənimlə axıra qalmışdı. Üz damarlarının titrəməsindən aydınca oxuyurdum ki, hərif hərbə-zorba gəlir, əli aşağıdır. Əvvəlcə məni qaçırmaq məqsədilə o:
– Sabir, biz dostuq, ziyanın yarısından qayıtsan yaxşıdır. – dedi.
Mən möhkəm dayanıb oyunu davam etdirdim.
Əlisəmid bir az geri çəkildi:
– Sabir, dostumsan, səndən keçə bilmirəm, görürəm inad edirsən, eybi yox, gəl bölüşək.
Mən partladım:
– Əclaf, qumarda nə dostluq? Oyununu oyna!
Rəqibinin saqqalığını görən Əlisəmid daşın qayaya rast gəldiyini anlayıb dilləndi:
– Yaxşı, bu oyunu sənə güzəşt edirəm, pulları apar! Ancaq, yerpulumu qoyacaqsan.
Görürsən, o, nəsə qopartmadan adamın yaxasından əl çəkən deyil.
Bir dəfə də qumar vaxtı Əlisəmid görür ki, stolun altında iyirmidollarlıq göyərir. Yəqin ki, bu pul buradakılardan kimsə əlini cibinə salıb-çıxardanda yerə düşüb. O, baş sındırır, pulu yerdən necə götürsün ki, oyundaşları görməsin. Belə məsələlər ortaya çıxanda onun beyni iti işləyir, tez ayağa durub guya ayaqqabısının qopmuş hissəsini yapışdırmaq məqsədilə yapışqan götürür və diqqəti cəlb etmədən ayaqqabısının pəncəsini iki yerdən azacıq yapışqanlayaraq (pul korlanmasın deyə) sivişib yerində oturur. Növbəti əməliyyat ayaq uzadıb onunla üz-üzə oturmuş oyunçunun – iş yoldaşımız Kənanın stulunun altından pulu götürməkdir. Lazım olanda Əlisəmid qolunu və qıçını dartıb uzada bilir. Odur ki, o, rezinləşmiş qıçını gərib pulun üstünə şığımaqla əskinası hop götürür.
Kənan əlini cibinə atıb pullarını çıxardanda iyirmidollarlıq gözünə dəymədiyindən o biri ciblərini ələk-vələk etməyə başlayır və bu qənaətə gəlir ki, pulu çırpışdırılıb. O, səs-küy salıb rəqibləri arasından oğrunu axtarır.
İndicə söyüşmə başlanacağını duyan Əlisəmid oğru ayağını ayaqqabıdan çıxarır.
Kənan söyüşə keçir: Mənim pulumu kim oğurlayıbsa, onun var-yoxunu…
Əlisəmid özünü inandırır ki, söyüş ona yox, ayaqqabıya gedir, ona görə də sudan duru çıxmaq üçün Kənana qoşulur:
– İyirmidollarlıq hansı alçaqdadırsa, bu kişinin pulunu qaytarsın. Belə namərdlik olmaz. Gəlin, ciblərinizi çevirək.
Əlisəmid bir ayağı yalın, bir ayağı ayaqqabılı yerindən qalxıb bütün ciblərini çevirir və özünü təmizə çıxarır. Yazıq Kənan nə bilsin ki, doğrudan da pul heç kəsdə deyil, soyunulmuş ayaqqabı tayının altına yapışdırılıb.
Qumar məclisi dağılandan sonra Əlisəmid ayaqqabısının tayını ayağına keçirdib pulu zay eləməsin deyə həm asta-asta, həm də taytıya-taytıya «Azərbaycan» nəşriyyatının binasından aralanır və dalda bir yerdə üsulluca əskinası ayaqqabısından ayırıb cibişdanına basır.»
Uşaqlıqda dayısı Əlisəmidə kostyum alıbmış. O, köhnə paltarını soyunub təzə kostyumu geyinən kimi, əynindən çıxanları büküb-bükməliyib Kürə qaçır və qoltuğundakını çaya tolazlayır. Binadan başında qalıb, onun əyninin dəyişəyi olmaz, təzə paltar alan kimi köhnəsini ya atmalı, ya da kiməsə bağışlamalıdır. Son illərdə hər dəfə o, nimdaş paltarını Bakının «qul bazarı» deyilən yerlərinə yığışan qaçqın işaxtaranlardan birinə verməsə, ürəyi soyumaz.
Əlisəmid əliaçıqdır, həm də eləsindən ki, onu xəzinə üstünə qoysan, bir həftədən sonra gəlib görərsən ki, nəinki xəzinənin içindəkilər tanış-bilişə paylanıb, hətta xəzinənin yerləşdiyi bina da dostlardan birinin ayağına keçirilib. Ancaq onun bir eybi də budur ki, elədiyini başa qaxandır. Təsəvvür edin, o, Adil Mirseyidlə hansısa kafedə oturub bir şüşə arağı boşaldıb hallanandan sonra cibində qalan son manatları çıxardıb dostu ilə yarı bölür. Adil peyğəmbərlərdən birinin görkəmini alıb deyir:
– Sağ ol, əziz dost! Uşaqlarımı da unutmursan, bu axşam onlara çörək aparacağam. Ancaq səndən bir xahişim var.
– Nə xahiş? – Əlisəmid şeşələnir.
Adil Mirseyid yazıq-yazıq dillənir:
– Mənə qarşı heç vaxt «buynı» (amansız) olma! Axı, biz qardaşıq.
Əlisəmid özündən çıxır:
– Sənə qarşı necə «buynı» olmayım? Arağı mənim «şot»uma içirsən, cibinə pulu mən qoyuram, ancaq sən ayılan kimi məni hərrəməyib Abbas Abdullaya şeir həsr edirsən, Elçinə açıq məktub yazırsan.
Əlisəmidin əbədi və ədəbi məntiqi budur: onunla oturub-durursansa, mütləq hər işdə ona qahmar çıxmalısan. Ancaq onun əksər adamlarda olmayan bir cəhəti yuxarıda söylədiyim yaramaz xasiyyətinə kölgə salır. O, aldığını da deyəndir, gizli işi yoxdur, heç kəsin haqqını itirmir.
Yenə də Əlisəmidin Yazıçılar birliyinin «Natəvan» klubunda keçirdiyimiz yığıncağını xatırlayıram. Yığıncağın axırında o, çıxışını bitirib bütün məclis iştirakçılarını üst mərtəbədəki kafedə hazırlanmış banketə dəvət edərək qulağıma pıçıldayır: «Burdakıların hamısının məclisində yeyib-içmişəm, ucdantutma hamını qonaqlığa dəvət etməyə məcburam.» Adətən «Natəvan» klubunda keçirilən görüşdən sonra səbəbkar özünə yaxın olan beş-altı, on-on beş qələm dostu ilə yeyib-içməyə gedir. Ancaq bütün iştirakçıların banketə dəvət edilməsini yalnız ondan görmüşəm. Xırdaçılıq olsa da, yeri düşmüşkən bir məsələni deyim. Bəzən elələri tapılır ki, belə banketlərin xətrinə görüşlərə gəlib görüşü keçirilən adama qabırğa olurlar.
Doxsanıncı illərin sonunda «Natəvan» klubunda ayda iki dəfə keçirdiyim «Ədəbi klub»un bir görüşünə şair Ağalar Mirzəni çağırmışdım. Görünür, görüş müəllifin ürəyincə olmuşdu. Ağalar kimi insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən, ciddi, qaradinməz adam bu məclisi «yumaq» həvəsinə düşdü və mənə dedi ki, beş-altı nəfər götürək, gedib oturaq. Mən bu barədə bir neçə nəfərlə xosunlaşdım və əlbəttə, marıqda durmuş Əlisəmidə də göz vurub məsələni anlatdım. O, fikrimi göydə tutdu və yaxınlaşıb yavaşca soruşdu:
– Hara gedirik?
Mən çiynimi çəkdim və əlavə etdim ki, Xaqani küçəsilə mərkəzə tərəf gedəcəyik, görək rastımıza hansı kafe çıxır.
Biz beş-altı nəfərlə Xaqani küçəsilə xeyli getdikdən sonra bir də gördük ki, Əlisəmid arxadan deyinə-deyinə qaçaraq gəlir. Ondan nə baş verdiyini soruşdum. O, bir az da coşdu:
– Axmağın biri bayaqdan qəmiş olub ki, Əlisəmid hara gedirsən? Ona hirslənirəm ki, heç bilirəm hara gedirəm? Özümü dəstəyə gücnən saldırmışam, sən də qır-saqqız olub əl çəkmirsən.
Əlisəmid gələndə dörd tərəfdən adamın üstünə gəlir. Onunla eyni küçədə qarşı-qarşıya addımlayırsansa, mütləq səni uzaqdan görüb dörd cəhətdən hücuma keçən dörd adama çevrilib səni dövrəyə alacaq. Əlisəmid sərhəd gömrük məntəqəsi kimi bir şeydir, rüsum ödəməmiş ondan adlaya bilməzsən. Başına, bədəninə nisbətdə ayaqları qısa olan bu adamın (Hafiz Əli onun görkəmini belə ifadə edirdi) öz ayıqlığından və itiliyindən az bəhrələnməsi həmişə məni təəccübləndirib. Gendən zirək, diribaş, qıvraq adam təsiri bağışlayan qəhramanımın qapı-qapı gəzməkdən, dostlarla yeyib-içməkdən, ona-buna şəbədə qoşmaqdan, ara-sıra şeir yazmaqdan başqa sanki heç bir məqsədi yoxdur. Elə bil heç nəyin təəssübünü çəkmir, yaşamaq onun üçün ciddi bir şey deyil. Altımışına gedən adam müdrikləşməlidir, ancaq heç nəyi vecinə almır bu. Bir zamanlar «Yol» qəzetini yaxşı buraxırdı. «Yol» bağlanandan neçə il sonra Əlisəmid bu qəzetin baş redaktoru kimi fəaliyyətə başlamaq istədi, ancaq bir-iki nömrəni çıxartmağa gücü çatdı və «Yol» birdəfəlik qapandı. Daha o, «Yol»la bağlı xatirələrinə nəsə əlavə etmək iqtidarında deyil. Demə, bircə atımlıq barıtı varmış elə.
Əlisəmidin rəssamlığı alababat olsa da, çox gözəl xəttindən danışmağa dəyər, hərfləri muncuq kimi yan-yana düzür. Onun şeir oxuması, qiraəti həmişə mənə ləzzət verib. Öz şeirlərini elə məharətlə iliyinə yeridir ki, bir də görürsən ki, bütün diqqətinlə onu dinləyirsən.
Xasiyyətidir, həmişə təzə şeirini oxuyub qurtarandan sonra soruşur: «Necədir?» Sən fikrini toplayınca sənin yerinə özü dillənir: «Yaxşıdır! Yaxşıdır!» Və sən də ovsuna düşüb onun dediklərini təkrar etməyə məcbur olursan.
Əlisəmid çox maraqlı tipdir, gəldiyi yerə nəfəs (araq və siqaret qoxulu olsa da) gətirir. Dostu Akif Kərimovun dediyi kimi: «Əlisəmid məclisi gərginləşdirir». O, bir məclisdədirsə, mütləq diqqəti cəlb etməli, orada olduğunu bildirməlidir, yoxsa dinc durmayacaq. Ya ucadan atmaca atacaq, ya şuluqluq salacaq, ya yerli-yersiz nəyəsə kəskin etiraz edəcək, ya da nümayişkaranə surətdə qapını çırpıb məclisi tərk edəcək. Ancaq onun dözülməz bir cəhəti də var ki, qələti adam içində eləyib üzrü təklikdə istəyəndir. Məsələn, hansısa iclasda, banketdə kimlərəsə özünü göstərmək üçün sənin üstünə xoruzlanacaq, sən də abrına qısılıb onunla ağız-ağıza verməyəcəksən, sonra xəlvətə salıb boynunu qucaqlayacaq, səni öpə-öpə könlünü alacaq. Həmin iclasdakılar, yaxud banketdəkilər elə biləcəklər ki, Əlisəmid sənin arxanı yerə vurdu. Daha bilməyəcəklər ki, səhnə arxasında nələr baş verir. Şəxsən mənim başıma bir neçə dəfə belə oyunu gətirib o.
Bu yaxınlarda uzun fasilədən sonra mənə zəng etmişdi, səbəb «Sənət qəzeti»ndə yanaşı çap olunmağımızdı, bu fakt məni onun yadına salmışdı. Hal-əhvaldan sonra «Sənin haqqında bir yazı yazmışam» dedim.
– Nə yazıdır elə? – soruşdu.
– Açmışam sandığı, tökmüşəm pambığı.
– On il ömrüm qalıb, mən öləndən sonra çap elətdirərsən.
– Elə şey yoxdur, bu yazını oxu, sonra kefin istəyəndə ölərsən.
Danışığının qırımından hiss olunurdu ki, halı tarazdır. (Badəpərəst, rəhmətlik Məmməd Əkbər həmişə deyərmiş ki, ayılmaq təhlükəsi var.)
Əlisəmidin şair xəyalı göyün yeddinci qatına qalxmışdı, bu fani dünya onun vecinə deyildi. Ömrünün son illərində içkiyə qurşanan, səfil həyat keçirən, düşkünləşmiş və üzülmüş istedadlı şair Rüfət Zəbioğlu badə yoldaşlarına deyirmiş:
Mən öləndə qəbrimi butulkavari tikdirin,
Arada durun gəlin, yeyin-için və ……….!
Əlisəmid söyüşçüldür. Əslində o, həmin söyüşləri «Rədd ol!», «Açıl başımdan!», «Cəhənnəmə ki…» mənalarında işlədir. İçkidən beyni kütləşəndə, özündən, dost-tanışlardan, mühitdən baş tapmayanda bundan yaxşı hansı çıxış yolu ola bilər?!
Sonuncu dəfə keçmiş Torqovı küçəsində Əlisəmidə rast gələndə o, mənimlə çox soyuq görüşüb forsla dedi:
– Bir nəfərə demisən ki, Əlisəmid zəhləmi töküb, düt deyincə vurub iş yerimə gəlir, məni abırdan salır.
Mən güzəştə getmədim:
– Səndən bir adama yox, çoxlarına şikayət eləmişəm.
O, təəccübləndi:
– Hə?!
Mən nöqtəni qoydum:
– Hə!!!
Sərt cavabım onu tutmuşdu. O, siqaret yandırıb bir qullab vurdu, nəsə demək istədi, amma səsinin titrəyəcəyindən qorxub dillənmədi. Təəssüflə mən «namərd qardaş»ı başdan ayağa süzüb çıxıb getdi. Məni peşimançılıq bürüdü.
Əlisəmid Kürün bir misrası var:
«Sənin sağlığına içirəm, Allah!»
Ən ucada duran, yaratmaqdan usanmayan, içimizə sevgi dolduran, günahlarımızı bağışlaya bilən Allahın sağlığına içən şair heç də haram iş tutmur. Allahın sağlığına yalnız şairlər içə bilər.
Mən qələm dostlarımın arasında hərdən Əlisəmiddən söz açanda bəziləri üzünü turşudur, onu az, üzdən tanıdıqlarına görə söhbətə həvəssiz qoşulurlar. Ancaq elə ki, söhbəti genişləndirirəm, görürəm, qulaqlar getdikcə şəklənir, onun haqqında daha çox eşitmək istəyirlər. Nə qədər dəli-dolu, ipə-sapa yatmayan, haylı-küylü olsa da, onu yaxından tanıyan adam Əlisəmidə birkərəmlik biganə qala bilməz. Ən azı hərdən onun şux zarafatlarını, etiraflarını, qoçu hərəkətlərini xatırlayıb dodağı qaçmalıdır. Əlqərəz, Əlisəmidin söhbəti uzundur, onu görsəniz, məndən salam deyin!

2006-cı il, yay

Müəllif: Əjdər Ol

ƏLİSƏMİD KÜR HAQQINDA

Mənbə: Rasim Qaraca

YUĞ Teatrı Meksikada

YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Rspubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib. Kollektiv Festivalda Azərbaycanı “Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası ilə təmsil edib. Nümayişi 16 oktyabr yerli vaxtla saat 18.30-da Kimera teatrında baş tutan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb. Tamaşada Əməkdar artist Qasım Nağı, aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur.
Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında YUĞ Teatrı təmsil edib. 1991-ci ildən etibarən hər il Meksikanın Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Hər il təxminən 400 min ziyarətçinin qatıldığı 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.

Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının festivalda iştirakı AR Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, eləcə də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Məlumatı hazırladı: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Фархад АСКЕРОВ (РАМИЗОГЛЫ) – КАРА УБИЙЦЫ

КАРА УБИЙЦЫ
(рассказ)

Абшерон, омываемый синими водами Каспийского моря, обладает неповторимой красотой. Здесь прекрасно любое время года. Эти места особенно красивы весной и летом: щебетание птиц, гармоничный шум волн Каспийского моря, разбивающихся о берег, веселый смех детей и молодёжи на пляжах создают хорошее настроение. Виноградные лозы, фрукты на деревьях не только вкусны и восхитительны, но и радуют сердце одним своим видом.
В одном из красивейших курортных посёлков полуострова со своей семьей счастливо жил человек по имени Захид, отличавшийся умом, смекалкой и мировоззрением. Все относились к нему с уважением, учитывая его поведение и преклонный возраст. Старец Захид заслужил это уважение ещё в юности. У Захида было четверо детей: два мальчика и две девочки. Мать детей, Гульсура ханум, заботилась о семье так же, как и её муж. Они дали образование всем своим детям. Родители гордились своими детьми.
По мере того, как дети росли, их родители строили их будущую жизнь. Итак, из детей сын и дочь уже создали семью и жили отдельно. У каждого был свой дом. Только младший из братьев, Эльман, и язвительная сестра Элеонора жили с родителями.
Элеонора тоже могла бы выйти замуж уже давно, но ее безрассудная речь, действовать, не задумываясь, неуважение к старшим, одним словом, неспособность контролировать себя невозможно было скрыть от соседей и родственников, и по этой причине к ней никто не сватался. С годами характер Элеоноры стал совсем невыносимым. Даже в клинике, где она работала медсестрой, от неё устали.
А Эльман же хотел создать семью. Но он хорошо знал характер своей сестры Элеоноры. Эльман жил в одном доме с Элеонорой и создав семью, должен был жить со своей женой в этом доме. Он знал, что Элеонора необоснованно будет обижать невесту. И в результате семья может распасться. Зная это, Эльман не женился.
Недовольная всем этим, Элеонора начала вести непристойную жизнь. Дело дошло до того, что она якобы “подружилась” со своим близким родственником Сафияром.
Не выдержав такого поведения со стороны дочери, Захид слёг с нервным срывом. Врачи прописали ему множество лекарств. Несмотря на то, что Элеонора сама была медсестрой, она даже отказалась делать уколы своему отцу. Больной отец в отчаянии каждый день обращался в “скорую помощь”.
С годами характер Элеоноры становился всё более невыносимым. Ей было уже 40 лет. Она дала полную свободу своим действиям. Её родители, братья, сестра, близкие родственники со стыда не могли появляться на людях. А последнее время в ней вспыхнула жажда собственности и богатства.
У Захида был хороший дом. Всю жизнь трудился и работал. Дом, в котором они жили, ещё при жизни он оформил на Эльмана. Узнав об этом, Элеонора начала искать новые планы и новые способы осуществить своё желание отомстить и завладеть домом любой ценой. По этой причине она задумала действовать только так, как знала и чувствовала сама.
Однажды у Захида случился приступ. Элеонора почувствовала, что момент, которого она так долго ждала, назрел, и решила совершить преступление, о котором давно думала. Элеонора, увидевшая страдания отца, который просил всех о помощи, якобы пожалела его, и чтобы успокоить, ввела ему в вену отравленную иглу. Интересно, подействовали ли на Элеонору страдания отца, который корчился от болей перед ней? Сожалела ли она в глубине своего сердца о совершенном ею преступлении по отношению воспитавшего её отца своим честным трудом? Беспокоил ли её в тот момент хоть немного страх перед Богом? Словно у Элеоноры был свой собственный мир, в котором действовали только её собственные моральные и этические нормы. Он жила и действовала в соответствии с этими нормами.
Через несколько часов Захид скончался. Никто не узнал о поступке Элеоноры. Но, кто же мог подумать о таком поступке?..
Элеонора была погружена в свои дурные замыслы. Она думала, что преодолела самую трудную часть задуманного. У дома больше нет хозяина. Остаются только мать и брат Эльман, а их довольно легко убрать со своего пути. Её мать Гульсура была наивной женщиной. Она найдет способ убрать и своего брата. Тогда вся эта собственность, как и оборудование внутри неё будет принадлежать только ей…
Спустя три месяца после смерти отца, она что-то добавила в чай своей матери, от чего женщина сошла с ума. А затем побоями убила и её. А следующей жертвой задуманного плана был её брат…
…Однажды Эльмана, который спокойно шёл по улице, задержала полиция и доставила в участок в качестве подозреваемого. Во время обыска в его кармане нашли наркотик. Хотя Эльман заявлял, что не имеет ничего общего с наркотиком, никто не хотел слышать его. Суд приговорил Эльмана к 7 годам лишения свободы.
Итак, это дело осталось подозрительным и загадочным. Прошло два года, и из тюрьмы пришло известие о том, что Эльмана убили…
Оставшись одна в прописке в доме, Элеонора добилась желаемого и стала единственной хозяйкой дома, который большая семья строила и создавала на протяжении многих лет.
Как я уже упоминал ранее, Элеонора работала медсестрой. Ясно было одно: она часто пропускала работу и отправлялась в зарубежные страны в связи с куплей-продажей товаров. На её частые отклонения от работы смотрели сквозь пальцы. Вполне вероятно, что коллектив предпочитал бы работать без неё, чем с ней. То есть, коллеги чувствовали себя свободнее без Элеоноры. Так шли годы, она становилась старше…
Теперь у Элеоноры было всё: дом, двор, а ещё в последние годы она заработала немалые деньги на торговле. Но счастья у неё не было. Ей становилось с каждым днём всё хуже. Её брат, сестра, близкие родственники разорвали с ней все отношения. Её коллеги старались держаться от неё подальше. Ни богатство, ни дом, который она приобрела с помощью тысячи обмана не принесли ей счастья, о котором она мечтала всю жизнь.
Раньше она думала, что из-за богатства кто-то создаст с ней семью. Но с годами она осознала, что нет никого, кто не только хотел бы создать с ней семью, но даже не хотел смотреть ей в лицо.
…Элеонора начала бродить по посёлку, бормоча что-то себе под нос, не осознавая, куда идёт или откуда идёт. Никто не обращал на неё внимания. Никому не было дела, живёт ли такой человек в этом посёлке. Элеонора уже при жизни была мертва. Для всех…
Однажды утром Элеонора по обычаю снова вышла из дома. Элеонора, которая раньше одевалась со вкусом, теперь выглядела небрежно. Она неопрятно повязала платок на голову, и даже не заметила, во что была одета. Носки были надеты поверх туфель. Короче говоря, её внешний вид создавал у человека плохое настроение.
По обычаю она свернула к дороге, которая проходила возле их дома. Элеонора всегда переходила железную дорогу и бесцельно бродила по центральной улице, а вечером возвращалась домой.
Электричка уже приближалась. Поезд начал издавать длинный, протяжный сигнал, вероятно, машинист заметил приближающегося к дороге человека и предупреждал его. Но Элеонора была погружена в себя. Она даже не была в состоянии слышать звук сигнала тревоги, который становился сильнее. Когда прибыл поезд, Элеонора уже была прямо посреди рельсов. Она даже не могла слышать, как несколько человек поблизости окликали её…

Фархад АСКЕРОВ (РАМИЗОГЛЫ),
писатель-журналист

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NDU-da prof.Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib

NDU-da prof.Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi ilə bağlı möhtəşəm tədbir keçirilib

NDU-da tanınan alim-şair, professor, ictimai xadim, təhsil təşkilatçısı Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək

20 oktyabr 2025-ci il saat 11:00-da Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, tanınan şairə, ictimai xadim, təhsil təşkilatçısı, Qərbi Azərbaycan İcmasının üzvü, professor Mahirə Nağı qızı Hüseynovanın 65 illik yubileyi münasibəti ilə onun elmi, bədii, ictimai yaradıcılığını əks etdirən möhtəşəm tədbir keçirilib.


Çox hörmətli, alicənab, Azərbaycaanımızın dəyərlərinə dərin hörmət bəsləyən Elbrus Isayevin bu gözəl təşəbbüsü, Azərbaycanın Tomris qeyrətli, Qərbi Azərbaycan nisgilli, dəyər sahibi, elm və təhsil təşkilatçısı, Həsən Mirzə kökənli, saz, söz, təhsil adamı, əvəzolunmaz xanım şairəsi Mahirə Nağı qızı Hüseynovanın yubiley tədbirinin NDU-da keçirilməsi örnək hadisədir. Gənclərimizə dəyərlərimizin, söz adamlarımızın, dövlètimiz, xalqımız, təhsilimizdə əməyi olan insanların tanıdılması, qiymətləndirilməsi baxımından əhəmiyyətli və yaddaqalan hadisədir.
ADPU ziyalıları adından Sizə minnətdarıq, dəyərli Elbrus müəllim.
Keçirdiyiniz hər bir tədbirinizlə, fəaliyyətinizlə nümunə insansınız! Var olasınız!

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

İlk öncə  Üzeyir Hacıbəylinin şah əsərlərindən biri olan “Koroğlu” uverturası səsləndirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir.  Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il 18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü  ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu eyni zamanda Beynəlxalq Musiqi festivalları ilə müşayiət olunur. Əlavə edib ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi dünyanın bir çox ölkələrində anılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm Azərbaycan xalqı, həm də musiqiçilər üçün ilham mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan xalqı üçün doğma və müqəddəs bəstəkar, Azərbaycan musiqisinin “Peyğəmbəri” kimi səciyələndirib. O, Üzeyir bəyin adının bütün dünyada tanındığını qeyd edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb. O,  dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Nazir müavini həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu istiqamətdə işlərin davamlı olmasını arzulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur. Əlavə edib ki, Üzeyir bəy cəmi 63 il yaşamasına baxmayaraq, tarixdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub.  Sədr müavini Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını və elektron məlumat bazasını yüksək qiymətləndirərək bildirib ki, bu biblioqrafiya davam edən bir həyatın göstəricisidir və Üzeyir bəyin şəxsiyyətinə dərin ehtiramın ifadəsidir. Daha  sonra  Türk Mədəniyyəti və İsri Fondu tərəfindən  İspaniyada nəşr olunan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurov,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri,Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov,  Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası  nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və başqaları çıxış ediblər.

Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Üzeyir Hacıbəyli haqqında nəşr olunan hər bir əsərin böyük önəm daşıdığını qeyd ediblər. 

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

ZEMFİRA MƏHƏRRƏMLİ-70

ZEMFİRA MƏHƏRRƏMLİ-70

Yaz təravətli, bahar ətirli

Sözdən istifadə edib tale dolu hekayələr yaradan, cəmiyyətdə maraq doğuran publisist yazılar yazaraq, zəhməti ilə bir çox ödüllər, fəxri adlar əldə edən bir söz ustası haqqında söz deməyin nə qədər çətin olduğu hər kəsə bəllidir. Bu insanın gözəl həyat yoldaşı, incə qəlbli ana, sadiq dost, etibarlı rəfiqə olduğunu bildikdə isə onun haqqında ən səmimi, ən xoş sözləri demək istəyirsən. Yazıçı-publisist, Əməkdar jurnalist, pedaqoqika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli Həsən bəy Zərdabi, “Qızıl qələm”, Beynəlxalq Rəsul Rza və Mahmud Qaşğari mükfatları və Şahmar Əkbərzadə ödülü ilə təltif edilib. Əsərləri bir çox dillərə tərcümə olunub. Oxucular bu yorulmaz yazarın əsərlərini həmişə həvəslə oxuyur, onun yeni yazılarını, yeni kitablarını səbirsizliklə gözləyirlər. Zemfira Məhərrəmli ədəbi mühitdə daha çox Qarabağ müharibəsindən bəhs edən əsərləri ilə tanınır, çünki Qarabağ mövzusu müəllifin yaradıçılığında əsas yer tutur. “Döyüşə qızlar gedir”, ”Qarabağda savaş var”, “Qarabağ müharibəsi, zərif talelər” kimi əsərlər həm ədəbiyyat tarixinə həm də Azərbaycanın tarixinə yazılacaq müasir və gələcək oxuçunun yaddaşına Qarabağ mövzusunu həkk edə biləcək əsərlərdir. Onu da qeyd edim ki, Zemfira Məhərrəmli öz əsərləri ilə kifayətlənməyib bir sıra yazıçı və şairin Qarabağ haqda yazdıqlarını təhlil edərək “Bədii düşüncədə Qarabağ” adlı maraqlı kitabı da oxuculara təqdim edib. Zemfira xanım öz peşəsinin ustasıdır desəm yanılmaram, çünki məhz öz sənətində zirvələri fəth etmiş insan başqalarının yaradıcılığına qibtə etmədən onların fəaliyyətini dəyərləndirə bilər. Zemfira Məhərrəmli bu işi də layiqincə yerinə yetirir. Elə bir yazıçı, şair tanımıram ki, Zemfira xanım onun yaradıcılığına ötəri də olsa göz yetirməsin, onu öz xoş sözləri ilə ruhlandırmasın. Bu yazıçının qələm dostlarına verdiyi dəyər, qiymət, ayırdığı vaxtdır. Məşhur filosof Artur Şopenqaur yazırdı: “Bizə yalnız hər şeyi bizdən daha aydın, daha dərindən anlayan və fikirlərimizi itiləşdirən yazıçı xeyir verir”. Bu baxımdan tam əminliklə demək olar ki, Zemfira Məhərrəmli oxucularına xeyir verə biləcək yazardır. Müəllifin hər yazısı oxucuya nəsə öyrədir, onu dərindən düşünməyə vadar edir. Deyirlər, müəllif yazdıqlarında az da olsa özünü yazır. Zemfira xanımın əsərlərində hardasa uzaqda, dərində bir mülayim, hadisələri həmişə təmkinlə, ağayana izah edib problemləri səbrlə həll edən bir obraz görünür. Məncə, bu, məhz müəllifin özüdür. Sanki Zemfira Məhərrəmlinin şəxsi keyfiyyətləri, zərifliyi, incəliyi, kubarlığı hətta gülüşü əsərlərinin səhifələrinə yansıyır. Zemfira Məhərrəmli 20-dən çox kitabın, bir çox elmi məqalənin müəllifidir. Hər yeni yazılan əsər ədəbi ictimaiyyət tərəfindən müsbət qarşılanır və böyük oxucu kütləsini ətrafında toplamağı bacarır. Rus filosofu və ədəbi tənqidçisi Vasiliy Rozanov qızlara yazıçıya, alimə ərə getməməyi tövsiyə edərək, “yazıçıdan, şairdən sənə dost olmaz”, – deyirmiş. Zemfira Məhərrəmli filosofun fikrinə itaət etməməklə onun düşüncələrini darmadağın etdi. O, qələmi əlindən bir an belə düşməyən, elmin zirvəsinə addımlayaraq ucalan bir insanla ailə qurdu və ona ömür boyu dost, yoldaş, sirdaş, həmkar oldu. Qulu Məhərrəmli və Zemfirə Məhərrəmli cütlüyü bir çoxuna örnək, nümunəvi ailə timsalı oldu.
Zemfira xanımla ilk tanışlığım Yazıçılar Birliyində keçirilən bir tədbirdə oldu. Təsəvvür etdiyimdən də gözəl insan olduğunu dərhal anladım. Dəyərlərin, adət-ənənələrin nisbətən arxa plana çəkildiyi bir zamanda Zemfira Məhərrəmli kimi qadına rast gəlib onunla tanış olmaq o gün mənə xüsusi zövq bəxş etdi. Sonra qarşılıqlı ədəbi əlaqələrimiz bizi daha da yaxınlaşdırdı. Zemfira Məhərrəmlinin bir necə yazısını rus dilinə tərcümə edib rusdilli oxuculara təqdim etdim. Şəxsi münasibətlərimizdə hər ikimiz çox səmimi olduğumuz üçün sevincimizi, kədərimizi bölüşə və bir-birimizə dəstək ola bilirik.
Özüm də qısa hekayələr müəllifi olduğumdan, Zemfira Məhərrəmli yaradıçılığının məhz bu aspekti mənim həmişə diqqət mərkəzimdədir. Lyudviq Feyerbax deyirdi ki, əsl yazıçılar bəşəriyyətin vicdanıdırlar. Zemfira xanımın bütün hekayələrində bu deyimin həqiqət olduğu hiss edilir və mən çəkinmədən ona əsl yazıçı deməkdən çox məmnunam. Zemfira xanımın kitablarına, hekayələtinə verdiyi adlar da maraqlı və bənzərsiz olur. Məncə dünyanın gərdişini, həyatın mənasını, insanın bu həyatda yerini dərindən dərk etməsən kitaba “Çox kiçikdir bu dünya” adını verə bilməzsən. Bu kiçik dünyanı hekayələrində, povestlərində əks etdirən yazıçımız hər dəfə oxucunun gözündə yüksəlir, ucalır və böyüyür, çünki səmimidir, zəhmərkeşdir, vətənpərvərdir və ən əsası isə dürüstdür. Zemfira Məhərrəmli yaradıçılığı ona görə sevilir ki, o real həyat hekayələri yazır. Və bu reallığın yeganə bəzəyi onun güclü yazıçı təxəyyülüdür. Yaxşı təxəyyül isə mütləq real hadisədən yaranır. Zemfirə Məhərrəmli yorulmadan yazır. O, əsərlərini oxucu üçün yazsa da, həm də özü olmaq üçün yazır və bu onda gözəl alınır, çünki hec kimə bənzəmədən ədəbiyyatın daşlı-kəsəkli yollarında öz fərdi yolu ilə irəliləyir.
Dünyaya qışda gələn Zemfira Məhərrəmlinin xasiyyətində, davranışında, insanlara münasibətində həmişə qış soyuqluğu əvəzinə yaz təravəti, bahar ətri hiss edilir. Bütün fəsilləri bahara çevirib həyatdan, təbiətdən, insanlarla ünsiyyətdən zövq almağı bacarır bu gözəl insan. Yaşayın, sevimli Zemfira xanım! Sizə möhkəm can sağlığı, sağlam uzun ömür və yaradıcılıq uğurları arzu edirəm. Qoy ədəbiyyatımızdan Zemfira Məhərrəmli imzası əskik olmasın.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün tarix elmləri doktoru, professor Həsən Həsənovun 85 yaşı tamam olur – təbrik

Əziz dostlar, oktyabrın 20-si Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor Həsən Həsənovun 85 yaşı tamam olur. Bu münasibətlə hörmətli Həsən müəllimi ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, sağlam uzun ömür və fəaliyyətində daha böyük uğurlar arzu edirəm. Onunla bağlı hazırladığım məqaləni diqqətinizə çatdırıram.

Ötən əsrin 90-cı illəri Azərbaycan tarixinin ən mürəkkəb mərhələlərindən olmuşdur. Bugünkü sabitliyi, rahat həyat tərzini, firavanlığı görən insanlar üçün həmin dövrün xaosunu təsəvvür etmək çox çətin olar. Hesab edirəm ki, o günlərin şahidi olmuş, həmin vaxtlarda yaşamış bizim nəslin nümayəndələri gördükləri hadisələri qələmə almalıdırlar ki, ibrət dərsi götürməli olduğumuz tarix unudulmasın.

Beləliklə, 1992-ci ilin mayın 6-sı. Həmin vaxt xalq təhsili nazirinin (indiki elm və təhsil nazirinin) müavini vəzifəsində işləyirdim. Yaxşı xatırlayıram, nazir Rafiq Feyzullayev məni çağırıb tapşırdı ki, təcili Nazirlər Sovetinin (indiki Nazirlər Kabinetinin) qarşısına get, orada Nazirlər Sovetinin sədri (indiki Baş nazir) Həsən Həsənovun əleyhinə piket keçirilir, gör tanıdığın adamlar varsa, onları bu işdən çəkindir.

“Mən hara, piketə müdaxilə etmək hara?”, düşünərək, etiraz etmək istədim, ancaq Feyzullayev kimi sərt, bir az da özündən razı nazirin bir sözünü iki eləmək mümkün deyildi, razılaşıb çıxdım. Həqiqətən siyasi proseslərdən kənarda qalmağın tərəfdarı idim, bir ziyalı kimi ölkənin taleyinin çətin durumda olduğundan narahatlıq keçirsəm də, çox qarışıq olan vəziyyətdə qeyri-müəyyən siyasi proseslərə qoşulub bir az da qarışıqlıq yaratmaq istəmirdim, öz işlərimi görüb vəzifə borclarımı yerinə yetirməyi üstün tuturdum.

Həmin vaxtlarda şəhərin müxtəlif yerlərində cürbəcür siyasi aksiyalar keçirilirdi, Bakı qaynar qazana bənzəyirdi. Bir az əvvəl, fevralın 26-da Xocalı soyqırımı baş vermişdi, həmin faciənin dalğasında, martın əvvəllərində Ayaz Mütəllibov və parlamentin spikeri Elmira Qafarova istefaya göndərilmiş, professor Yaqub Məmmədov Milli Məclisin sədri seçilmişdi və dövlət başçısı vəzifəsi də ona həvalə edilmişdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmək uğrunda inadla mübarizə aparırdı, qaragüruhçuların da həvəslə qoşulduğu bu insanların siyasi addımları çox vaxt başıpozuq kampaniyaya çevrilirdi. Bu mübarizəni xaosa çevirən amillərdən biri də bu idi ki, Xalq Cəbhəsinin daxilində parçalanma baş vermişdi, ayrı-ayrı liderlər, yeni partiyalar yaranmışdı və onların hər birinin prezidentliyə öz namizədi, öz tərəfdarları, öz “planları” var idi. Bir tərəfdə də yenicə hakimiyyətin “dadını görmüş” Yaqub Məmmədovun tərəfdarları bu “ləzzəti” heç kəslə bölüşmək istəmir, onu prezident kürsüsünə doğru itələyirdilər. Ayaz Mütəllibov və onun “silahdaşları” hələ də ümidlərini itirməmişdilər, “bəlkə də qaytardılar” arzusu ilə gizli və açıq mübarizə aparırdılar. Düzünü demək lazımdır ki, 1992-ci ilin mayında mövcud olan bu qarışıqlıqda Heydər Əliyevin adı hallanmırdı, var idisə də, çox məhdud çərçivədə idi. Hələ tarix öz sözünü deməmişdi, xalqın və ziyalıların bir qismi Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi ilə hər şeyin yoluna qoyulacağına ümid edirdi, bir qismi Etibar Məmmədov kimi siyasi xadimlərin vəziyyəti düzəldə biləcəyinə inanırdı, başqa bir hissəsi professor olduğuna görə ziyalı kimi Yaqub Məmmədova güvənirdi.

Belə bir vəziyyətdə xalqın və ölkə ziyalılarının əksəriyyəti Nazirlər Sovetinin sədri Həsən Həsənovu daha real namizəd görürdü. Sağlam düşüncəli bu kateqoriyadan olan insanlar həyat yoluna, siyasi təcrübəsinə, imicinə və yüksək mənəvi keyfiyyətlərinə görə Həsən Həsənovu digərlərindən daha üstün tuturdular. Hələ tələbəlik dövründə qrup, fakültə və institut (indiki Azərbaycan Texniki Universiteti) Komsomol Komitəsinin katibi olmuş bu istedadlı insan 1962-ci ildə, 22 yaşında olarkən Azərbaycan tələbələrinin təmsilçisi kimi Moskvada keçirilən XIV Ümumittifaq Komsomol Qurultayına nümayəndə seçilmişdi. Hamı bilirdi ki, gənc yaşlarından Azərbaycanın və SSRİ-nin bir sıra gənclər təşkilatlarının üzvü olan Həsən Həsənov 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Yasamal rayon Komsomol Komitəsinin katibi, Respublika Komsomol Komitəsinin MK-də bölmə müdiri və digər vəzifələrdə, 1967-1969-cu illərdə AKP MK-da (indiki Prezident Administrasiyası) təlimatçı vəzifəsində çalışmışdı. 1969-cu ildə o zamanlar üçün çox böyük etimad olan Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı vəzifəsinə təyinat almışdı.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gələndən sonra gənc və istedadlı kadrlara göstərdiyi etimadın ən parlaq nümayəndələrindən biri olan Həsən Həsənov 1971-ci ildə şəxsən Ulu öndərin təşəbbüsü ilə Vətənə qayıtmış, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdı.
31 yaşında olarkən, 1971-ci ildə Bakı şəhər Səbail Rayon Partiya Komitəsinin Birinci katibi, 1978-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Birinci katibi, 1979-cu ildən 1981-ci ilə kimi Gəncə Şəhər Partiya Komitəsinin Birinci katibi vəzifələrində çalışmışdı. Yaxşı xatırlayıram, cəmi iki il rəhbərlik etdiyi Gəncədə həm qurucu, həm də vətənpərvər bir ziyalı kimi dərin rəğbət qazanmışdı. Yeni tikintilərlə qədim Gəncənin simasını dəyişdirmiş, onun tarixi abidələrini bərpa etmiş, klassik memarlıq üslubunu özünə qaytarmışdı. Bu günə kimi hamı xatırlayır ki, Həsən müəllimə Gəncədəki memarlıq fəaliyyətinə görə “kərpic Həsən” təxəllüsünü qoymuşdular. Gəncənin qədim memarlıq abidələrini, binaları, hasarları yenidən kərpiclə tikdirmək üçün Ulu öndərin köməyi ilə Ümumittifaq büdcəsindən əlavə vəsait alınmasına nail olmuş, Gəncədə Kərpic zavodu inşa etdirmişdi. Bununla yanaşı, sovet ideologiyasının, necə deyərlər, “qılıncının dalının, qabağının kəsdiyi” illərdə “Kirovabad” (SSRİ-nin keçmiş rəhbərlərindən biri olan Sergey Kirovun şərəfinə 1935-1989-cu illərdə Gəncənin adı) adlanan şəhərin adını dəyişdirməyə gücü çatmasa da, şəhəri iki yerə bölmüş, onları Kəpəz və Gəncə rayonları adlandıraraq “Gəncə” sözünü unutmağa məhkum edilmiş xalqın yaddaşını “qıcıqlandırmışdı”.

Bu insanın xalq arasında nüfuzu çox yüksək idi, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi, Tikinti məsələləri üzrə katibi, sonra isə İqtisadiyyat məsələləri üzrə katibi olduğu 1981-1990-cı illərdə həm ideoloji baxımdan “xalqın adamı” olduğu, həm də tikinti və iqtisadiyyatı mükəmməl bildiyi hamıya gün kimi aydın olmuşdu. Məhz bu keyfiyyətlərinə görə Nazirlər Sovetinin sədri təyin edilən Həsən müəllim vəzifə iddiasında olan rəqiblərindən fərqli olaraq heç bir umacağı olmadığı halda, onların nəzərində “çox təhlükəli namizəd” hesab olunurdu…

Həmin 1992-ci il mayın 6-da bir qrup insan Nazirlər Kabinetinin qarşısına göndərilmiş, “Həsən Həsənova istefa”, “Vəzifəni tərk et” şüarları ilə piket təşkil olunmuşdu. Ancaq bu piket çox uğursuz alınmış, ürəklərinin çağırışı ilə gəlməyən insanlar mənim də təklifim daxil olmaqla deyilən bir neçə haqlı iraddan sonra dağılışmışdılar. Vəziyyəti belə görən Yaqub Məmmədov səlahiyyətlərindən başqa cür istifadə etmək qərarına gəldi, həmin tarixdə, 1992-ci il 6 may tarixində Azərbaycan Respublikasının BMT-də Daimi Nümayəndəliyinin rəsmi olaraq yaradılması haqqında Sərəncam imzaladı və o gündən Həsən Həsənov Azərbaycan Respublikasının BMT-də hələ mövcud olmayan Nümayəndəliyin ilk Daimi Nümayəndəsi oldu. O, Nazirlər Sovetinin sədri vəzifəsindən azad edildi, Nümayəndəliyin işini təşkil etmək üçün Nyu-Yorka yola salındı və beləliklə, ən “təhlükəli rəqib” neytrallaşdırıldı.

Yeri gəlmişkən qeyd edirəm ki, 1992-ci ilin mayında yanlış da olsa Nyu-Yorka göndərilən Həsən Həsənovun BMT-də Daimi Nümayəndəmiz olması 1993-cü il aprelin 30-da böyük siyasi əhəmiyyəti olan və Azərbaycan tarixinə düşmüş hadisə kimi yaddaşlarda qalan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair məşhur 822 saylı, iyulun 29-da isə 853 saylı qətnamələrin qəbul edilməsi ilə nəticələndi.

Tarix göstərdi ki, dağ çaylarının coşqun sellərinin qarşısını almaq mümkün olmadığı kimi, qüdrətli şəxsiyyətlərin də, haqqın, ədalətin də qarşısını almaq olmur. Ancaq həmin piketin tezliklə dağılması, həmin gün eşitdiyim bir sıra söhbətlər, işə qayıtdıqdan sonra maraq dairəmə düşən Həsən Həsənov haqqında soruşub öyrəndiyim bəzi həqiqətlər, onun tez-tələsik Nyu-Yorka göndərilməsi və digər hadisələr bu şəxsə qarşı ürəyimdə böyük bir rəğbət yaratdı. Xoşbəxtlikdən, həyatımın sonrakı mərhələlərində dəfələrlə onunla görüşmək, ünsiyyətdə olmaq şansım yaransa da, həmişə mənə elə gəlir ki, 1992-ci il mayın 6-da Həsən Həsənovla ilk təmasım baş tutmuşdur.

Əslində, onu ilk dəfə yaxından görməyim isə tam təsadüf nəticəsində bu hadisədən 11 il əvvəl, 1981-ci il sentyabrın 1-də olmuşdu. O vaxtlar dərslər həmin gün başlayırdı və mən də Mexanika-riyaziyyat fakültəsinin dekan müavini kimi az qala hamıdan qabaq gəlib universitetdə yeni tədris ilinin başlanmasıyla bağlı yaranan problemlərin həlli ilə məşğul idim. İşin çoxluğundan iştirak edə bilmədiyim təntənəli tədbir, çıxışlar, təbriklər gedən dəqiqələrdə dördüncü mərtəbəyə, dərslər keçirilən auditoriyaların yerləşdiyi yerə qalxmışdım. Dedilər ki, Mərkəzi Komitənin Katibi də bu tədbirdə iştirak edir və sonra dərslərə baxmağa yuxarı qalxacaq. Açığını deyim ki, o zamanlar 40 yaşı olsa da, xalq arasında Səbail (o vaxtlar 26 Bakı Komissarı) rayonunun, Sumqayıtın, xüsusən də Gəncənin birinci katibi (indiki İcra başçısı) kimi məşhur sima olan Həsən Həsənovu çox görmək istəyirdim.

Bir məsələni də qeyd etmək istəyirəm ki, həmin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində 60-cı illərdən başlanan milli təəssübkeşlik, vətənpərvərlik kimi hisslər gizli də olsa, çox qabarıq formada hər kəsin daxilində mövcud idi. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, Şıxəli Qurbanovun Novruz bayramı ilə əlaqədar fəaliyyəti, milli duyğularına görə fərqlənən Nazim Hacıyev adlı Mərkəzi Komitə katibinin 38 yaşında müəmmalı ölümü və digər bu kimi hadisələr ölkədə vətən və xalq sevgisini xeyli alovlandırmışdı. Deyim ki, Həsən Həsənov da həmin o “xalq siyahısında” var idi və zaman göstərdi ki, xalqın proqnozları heç vaxt yalan çıxmır. O, ideologiya məsələləri üzrə katib olduğu dövrdə Azərbaycanın milli vətənpərvər ziyalılarını – Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Məmməd Arazı və digərlərini “qanadının altına” almışdı, onlarla şəxsi dostluq münasibətləri saxlayır, şeirlərinin, kitablarının çapına, efirdəki çıxışlarına qoyulan qadağaları ləğv etdirir, yeri gəldikcə onları yüksək mükafatlara təqdim edirdi. Belə münasibət, heç şübhəsiz, ölkə başçısının razılığı ilə baş tuturdu, ancaq Heydər Əliyevin açıq edə bilmədiklərini də Həsən Həsənov gizli-gizli həyata keçirir, dövrün və beləliklə, siyasi quruluşun amansız qadağalarına qalib gəlirdi.

Xatırlayıram ki, keçmiş SSRİ dağılanda ən izdihamlı mitinqlər, ən kəskin etiraz dalğaları Azərbaycanda olurdu, o vaxtın sosioloji tədqiqat mərkəzləri qeyd edirdi ki, bizim ölkəmizin insanları arasında vətənpərvərlik hissləri digər respublikalarda olandan xeyli yüksəkdir. Bütün məhrumiyyətlərə, siyasi qarışıqlıqlara, yaradılan Qarabağ probleminə, Qərbi Azərbaycandan gələn qaçqınlara, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ilk elan edən respublika oldu. Hərdən düşünürəm ki, bizim xalqın milli məsələlərdə bu qədər həssas olmasının səbəbkarlarından biri də Həsən Həsənov, onun gördüyü işlər, atdığı cəsarətli addımlar, fədakarlıq olmuşdur.

Hələ sadalanan hadisələrin baş verməsinə 7-8 il qalırdı, 1981-ci il idi, ancaq Həsən Həsənovların xidmətləri ilə Azərbaycan yeni bir dövrə hazırlaşırdı. Hamı da bunu bilirdi, bilirdilər ki, Şıxəli Qurbanovların, Nazim Hacıyevlərin, Heydər Hüseynovların faciəli talelərinə baxmayaraq, heç nədən çəkinməyən Həsən Həsənov indi hökumətdə həmin missiyanı yerinə yetirməkdədir. Ona görə də xalq ona daha çox “kərpic Həsən” yox, “türkçü Həsən” deyirdi. Bu “türkçü”, “vətənçi”, “millətçi” Həsəni yaxından görmək istəyim bütün digər duyğularımı üstələmişdi və dördüncü mərtəbənin foyesində dayanıb onu gözləyirdim. Nəhayət, rektor Faiq Bağırzadə, “partkom” Qurban Bayramov, prorektor Teymur Vəliyev, daha bir neçə nəfər pilləkənləri qalxanda onların arasında qara saçları arxaya daranmış, qalın eynəkli, üzügülər Həsən Həsənovu o dəqiqə seçdim və gəlib yanımdan keçib gedənə kimi baxışlarımı ondan çəkmədim. Bəlkə də rektor, ya başqa kimsə mənim belə heyranlıqla ona tamaşa etməyimi düzgün anlamadı, ancaq bu böyük, 40 yaşında ürəklərdə abidəsini yaratmağı bacarmış şəxsiyyətə heyranlığımı gizlədə bilməzdim, heç gizlətmədim də… Çünki yaxından tanıdıqca rəğbətimin bir az da artdığı, Texniki Universiteti bitirmiş olsa da, tarixdən, özü də xalqın tarixindən namizədlik və doktorluq dissertasiyaları müdafiə edən, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənlərinə aid neçə-neçə kitab yazan, sözün əsl mənasında vətəni canından çox sevən bu insanı sevməmək mümkün deyil.

Həsən müəllimin zəngin həyat yolu haqqında düşünərkən yadıma bir xatirə də düşür. 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında erməni daşnaqları rus-sovet ordusunun köməyi və dəstəyi ilə Qərbi Azərbaycanda, o cümlədən bizim Qaraqoyunlu dərəsində, həmçinin doğma Salah kəndində yaşayan bütün soydaşlarımızı ata-baba yurdundan qovurlar. Bununla bağlı, həmin dövrdə Salahda Kolxoz sədri vəzifəsində işləyən Safaya Məmməd qızı Həsənova danışırdı ki, 1988-ci ilin noyabrında İcevan rayon İcraiyyə Komitəsinin sədri Ordinyan məni rayon mərkəzinə dəvət edib dedi ki, Safaya xanım, vəziyyət çox gərgindir, biz istəmirik ki, Salah kəndinin camaatı arasında ölən və yaralanan olsun, ona görə də Siz 3 gün müddətində camaatı kənddən çıxarmalısınız. Safaya xanım soruşur ki, bəs camaatın mal-qarası, ev əşyaları necə olacaq. Ordinyan cavab verir ki, camaatı xüsusi ayrılmış avtobuslarla çıxaracağıq, ev əşyalarına gəldikdə isə, o barədə düşünmək lazımdır. Az sonra gecə ikən rayon Daxili işlər idarəsinin təşkilatçılığı ilə kəndə avtobuslar göndərilir və əhali evindən heç bir əşya götürə bilməyərək, zorla avtobuslara doldurulub Qazax şəhərinə aparılır.

İlk günlər kəndin əksər əhalisi Qazaxda qohum-əqrabasının, dost-tanışının evlərində gecələməli olurlar. Safaya xanım danışır ki, həmin dövrdə Qazax rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən Murad Aşurovla görüşdüm. Onu vəziyyətlə tanış etdim və dedim ki, camaat buradan birbaşa Qarabağa getmək istəyir, xahiş edirəm bizə kömək edin. Murad Aşurov dedi ki, bu məsələni Azərbaycan rəhbərliyinin razılığı ilə həll etmək olar. O, böyük çətinliklə olsa da, mənimlə həmin dövrdə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyən Həsən Həsənov arasında telefon əlaqəsi yaratdı. Mən camaatın istəyini ona çatdırdım. Müdrik şəxsiyyət və böyük vətənpərvər insan olan Həsən Həsənov məni diqqətlə dinlədi və köçkünlərin arzusunu nəzərə alıb Qarabağa getməyimizə razılıq verdi. Murad Aşurov bizə kömək etdi və Azərbaycanın qonşu rayon rəhbərləri ilə əlaqə saxlayıb, bizim Qarabağa köçməyimizi təşkil etdi. Maşınlar ayrıldı və yalnız bizim kəndimiz yox, o zaman Qazaxa qaçmağa məcbur olmuş bütün Qərbi azərbaycanlılar Qarabağ istiqamətində yola çıxdı. Gəncəyə yaxınlaşanda bizi saxladılar və dedilər ki, respublika rəhbərliyi bizim Qarabağa köçməyimizə razı deyil. Biz Gəncə yaxınlığında, indiki Göy-göl rayonunda məskunlaşmalı olduq. Belə düşünmək olar ki, əgər o zaman Həsən Həsənovun dediyi olsaydı, sonradan dəqiq bildiyimizə görə, Moskvadan icazə almaq istəyən Ayaz Mütəllibovun etirazı ilə rastlaşmasaydıq, köçürülmüş insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də sonralar başımıza bəlalar gətirən Dağlıq Qarabağ problemi də olmazdı…

Həsən Həsənovun zəngin həyat yolunda Azərbaycan Respublikasının tarixinin ən çətin vaxtlarında, xaricdən təcrid olunduğu, Qarabağ müharibəsinin gərgin fazasının yaşandığı dövrdə xarici işlər naziri olması xüsusi mərhələdir. Ona görə də, bu barədə ayrıca danışmaq istəyirəm. 1993-cü ildə Ulu öndər tərəfindən Həsən Həsənovun xarici işlər naziri təyin olunması, təcrübəli və intellektual bir şəxsiyyətin diplomatiyaya rəhbərlik etməsi baxımından strateji əhəmiyyət kəsb edirdi. Həmin ağır illərdə o, bir sıra ölkələrlə diplomatik münasibətlərin qurulmasına və Azərbaycanın xarici siyasət xəttini müəyyən edən ilkin protokolların hazırlanmasına şəxsən rəhbərlik etdi, Azərbaycanın beynəlxalq aləmdə tanınması prosesi, BMT və ATƏT kimi qurumlarla daha aktiv əməkdaşlığın qurulması, xarici ölkələrdə ilk diplomatik nümayəndəliklərin açılması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması kimi çətin və məsuliyyətli vəzifələrin öhdəsindən bacarıqla gəldi. Həsən Həsənovun çıxışlarında və danışıqlarında təmkin, rasionallıq, diplomatik etika, ritorik məharət, tarixə dərindən bələdlik, intellektual zənginlik diplomatik münasibətlərin qurulmasında həlledici rol oynayırdı. Xarici işlər naziri olduğu dövrdə böyük təcrübəyə malik bir siyasətçi kimi ünsiyyətdə peşəkarlıq nümayiş etdirərək Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində çox səmərəli fəaliyyət göstərə bilmişdi.

Həsən müəllim 2004-cü ildən 2010-cu ilədək Azərbaycanın Macarıstanda Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. Həmin illəri Azərbaycan-Macarıstan dostluğunun intibah dövrü də adlandırmaq olar. Həsən Həsənov səfirliyi zamanı təkcə diplomatik əlaqələri gücləndirtməklə kifayətlənməmiş, elmi-mədəni layihələr, kitab nəşrləri, media və ictimai təşəbbüsləri birləşdirərək Azərbaycan-Macarıstan münasibətlərində əhəmiyyətli dönüş yaratmışdı. 60-dan çox Azərbaycan kitabı, o cümlədən “Dədə Qorqud”, “Koroğlu” dastanları, Füzuli, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə və Heydər Əliyev haqqında çoxcildli nəşrlər macar dilində çap olunaraq böyük kitabxanalara təqdim edilmişdi. “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfransların təşkili Həsən Həsənovun təşəbbüsü ilə sistemli şəkildə həyata keçirilmiş, böyük ali məktəblərdən biri olan Danube Universitetinin Elmi kitabxanasında Azərbaycan kitab guşəsi açılmışdı. Budapeştin böyük konsert salonlarında, Mərkəzi Avropa Universiteti kimi nüfuzlu məkanlarda mütəmadi klassik və xalq musiqisi konsertləri, o cümlədən muğam və simfonik musiqi gecələri, Azərbaycan rəssamlarının əsərlərindən ibarət, Azərbaycan musiqi alətləri, milli geyimləri, mətbəxi, digər mədəniyyət nümunələri ilə bağlı çoxsaylı sərgilər təşkil etmişdi.

2010-cu il martın 10-dan 13-dək Boloniya prosesinə üzv dövlətlərin təhsil nazirlərinin Konfransında iştirak etmək üçün getdiyim bu səfərdə ən çox yadımda qalan və məni heyrətləndirən səfirliyimizin tərtibatı idi. Artıq on iki il idi ki, nazir idim və müxtəlif ölkələrdə ezamiyyətdə olarkən mütləq səfirliklərdə olur, həm səfirlə, həm də respublikamızı bu yad ölkədə təmsil edən bina ilə, oradakı şəraitlə yaxından tanış olurdum. Açığını desəm, yəqin heç kəs inciməz, Budapeştdəki səfirlikdə gördüyüm cah-calal, təmtəraq, ölkənin və xalqın təqdimatı üçün yaradılan şəraiti heç yerdə görməmişəm. Elə bil Azərbaycanın ən dilbər guşəsində, ən gözəl şəhərində, ən füsunkar mənzərəsinin önündəsən. O zaman Şuşanın azad olunmasına hələ 10 il qalırdı, ancaq elə bil Şuşa qalasının yanında dayanıb Cıdır düzünü seyr edirsən, ya da Həkəri çayının sahilindəsən… Həsən müəllim nə mümkündürsə etmişdi, tablolar, fotolar, albomlar, xəritələr, əyani vəsaitlər, bayraqlar… Elə zənn etdim ki, Azərbaycan tarixi muzeyindəyəm, ya da Qobustanda, Yanardağda, Atəşgahda… İnsanda nə qədər vətən sevgisi olarmış!!!

Həsən Həsənov yalnız məsələnin görünən tərəfi ilə məşğul olan, necə deyərlər, “gözə kül üfürmək üçün” işləyən şəxslərdən deyil. Macarıstanda səfir işləyəndə də Gəncədə rəhbər olduğu kimi vəzifəsinə bütün varlığı ilə bağlanan, bütün enerjisini bu istiqamətə yönəldən, mümkün ola bilən hər şeyi edən bu insan Azərbaycan alimlərini Budapeştə dəvət edərək onları Macar-Azərbaycan xalqları arasında qohumluq əlaqələrinin araşdırılması istiqamətində tədqiqatlara yönləndirmişdi. Türk dünyasının, Macarıstanın tanınmış türkoloqlarının iştirakı ilə bu mövzuda bir neçə elmi konfrans, simpozium və digər tədbirlər keçirən Həsən müəllim etimologiyaları haqda müxtəlif mülahizələr mövcud olan Macarıstan cəmiyyətində onların almanlardan, slavyanlardan, romalılardan, keltlərdən daha çox türklərə bağlı olması barədə fikir formalaşdıra bilmişdi. Bu, çox gərgin bir işin, həm də milli dəyərlərə səmimiyyətlə bağlılığın ən bariz nümunəsi hesab oluna bilər. Bu gün Macarıstanın dövlət başçısının Türk dövlətləri toplantılarında müşahidəçi kimi iştirak etməsini heç bir mübaliğəyə yol vermədən Həsən Həsənovun o illərdəki xidmətləri ilə bilavasitə bağlı hesab etmək olar.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 2013-cü il yanvarın 30-dan fevralın 3-dək Avropa Şurasının Parlament Assambleyasının tədbirində iştirak etmək üçün Polşada olduğum günlərdə də analoji hadisələrin şahidi olmuşam. Həm səfirlik kiçik bir Azərbaycan idi, həm də sanki Polşanın qonşusu, müttəfiqi, dostu yox idi, onun ürəyi yalnız Azərbaycanla döyünürdü. Hər yerdə Azərbaycan rəmzləri, konsertləri, sərgiləri, gecələri, konfransları gedirdi, Azərbaycan alimləri Polşa-Azərbaycan elmi münasibətlərini, xalqların tarixi bağlılığını, dostluğunu, Azərbaycan Cümhuriyyəti nümayəndələrinin mühacirət dövrünü yaşadığı Polşa mühitini, ədəbi əlaqələri və digər məsələləri öyrənməyə cəlb edilmişdi, Azərbaycan ədəbiyyatı nümunələri polyak dilinə tərcümə edilərək kitabxanalara bağışlanılırdı, kitab mağazalarında satılırdı, 2017-ci ildə Varşavada “Polşanın və Azərbaycanın müstəqilliyi uğrunda döyüşən qəhrəmanlar” abidəsi açılmışdı və s. Bütün bunların isə bircə səbəbi var idi – Həsən Həsənov həmin dövrdə Polşada səfir idi!

Yeri gəlmişkən qeyd edim ki, Polşada səfir olarkən, 2011-ci ilin əvvəllərində mənə zəng etmişdi: “Misir müəllim, Polşa universitetlərində Azərbaycan dilini öyrənmək istəyirlər (!!!), tələbələr üçün “Azərbaycan dili” kitabının hazırlanmasında mənə köməyiniz lazımdır”.

Ona belə nəcib işin müqabilinə nə cavab vermək olardı? Axı dünyanın onlarla ölkəsində səfirliyimiz var, onların heç birində Azərbaycan dilini öyrənmək istəmirlər, necə olub ki, bircə Polşada qəfildən dilimizə maraq əmələ gəlib. O da başqaları kimi ildə üç-dörd tədbir keçirməklə günlərini keçirə bilərdi, istirahət edərdi, Polşanın gəzməli, görməli yerlərinə səfər edərdi, ancaq oranın təhsil naziri ilə, universitetlərin rektorları ilə görüşüb, onları inandırıb ki, Azərbaycan dilinin tədrisi olduqca vacibdir, indi də mənə zəng edib, bu qədər vaxt itirib, əsəb sərf edib, müxtəlif cavablara hazır olaraq dediyini həyata keçirmək əzmindədir. Axı nəyə görə? Beləsinə başqa nə demək olardı:

  • Baş üstə, Həsən müəllim!

Nəşriyyat şöbəsinin müdirini və digər əlaqədar şəxsləri dəvət etdim, oturub xeyli müzakirə etdik. Kitabın polyak dilində yazılması, əlifbadan müasir dilimizə, ədəbiyyatımıza qədər bütün sahələri əhatə etməsi, aydın, anlaşıqlı, həm də maraqlı, cəlbedici olması üçün təklifləri dinlədim, ümumi qərara gəldik. Polyak dili üzrə Dillər Universitetindən Fəridə Səfiyeva adlı bir mütəxəssis tapdıq, onun Azərbaycan dilini və dilçiliyini də mükəmməl bilməsi haqda dəqiqləşdirmə apardıq. Sonra həmin xanımı dəvət edib mütəxəssislərlə birlikdə kitabla bağlı geniş müzakirə keçirdik, nəhayət bir müddətdən sonra dərslik hazır oldu. Həmin xanımı kitablarla birgə Varşavaya yola saldıq, beləliklə, Həsən müəllimin fədakarlığı nəticəsində Polşa universitetlərində dilimiz tədris edilməyə başladı.

Polşada səfir işlədiyi 2018-ci ildə (o vaxt Riyaziyyat və Mexanika İnstitutunun direktoru idim) Həsən müəllim mənə zəng etdi ki, Nəsirəddin Tusi ilə bağlı yeni tədqiqatlar aparmağa başlamışam və çox maraqlı faktlar üzə çıxarmışam. Bakıdan bu işə dəstək verilməsi barədə araşdıranda gördüm ki, onunla bağlı az-çox rəhbərlik etdiyiniz İnstitutda işlər görülüb, konfranslar keçirmisiniz, ona görə də Sizə zəng etmişəm.

Yenə də bu insanın əməksevərliyinə, patriotluğuna heyrət edib düşündüm ki, ay Həsən müəllim, axı Sizin nəyinizə lazımdır Nəsirəddin Tusi? İxtisasınız mühəndislik, vəzifəniz səfirlik, doktorluq işiniz isə tarixin fəlsəfəsindən. Astronom, riyaziyyatçı Nəsirəddin Tusi hara, tarixin fəlsəfəsi, yaxud səfirlik hara?! Ay qardaş, sakitcə otur səfirliklə məşğul ol, qoy biz də günümüzü keçirək də… Ancaq Həsən Həsənov bir çərçivədə qalıb hadisələri seyr etməklə məşğul olan insanlardan deyil. Vətənin hər kiçik uğuru onun nəhəng sevinc mənbəyi, hər şəxsiyyəti onun ürəyini dağa döndərən ümid çırağıdır! O ki qalsın Nəsirəddin Tusi kimi görkəmli tarixi simalar ola! Söhbət edəndə yana-yana deyir ki, mən etməsəm, sən etməsən, kölgədə qalmışların, unudulmuşların üstündən tozu kim silib bu xalqa tanıdacaq? Axı xalq bizə savad verib, səlahiyyət verib, şərait yaradıb ki, onun ümidlərini doğruldaq, ona xidmət edək, onun dünya boyda şöhrətə layiq olsa da, tanınmayan şəxsiyyətlərini özünə qovuşduraq!

Onun yanğı ilə danışdığı məsələlərdən biri də belədir: “Dünyanın çox yerində olub görmüşəm ki, bizim dahilərin əlinə su tökməyə layiq olmayan birisini o qədər tərifləyib dağ başına qoyublar, adlarına küçələr, aeroportlar, muzeylər, heykəllər düzəldiblər, adlarını dərsliklərə salıblar və dünyaya reklam ediblər ki, bunun tayı bərabəri yoxdur və cəmiyyət də onu olduğu kimi yox, elə təqdim edildiyi kimi tanıyır. Bizim şəxsiyyətləri nə özümüz tanıyırıq, nə də dünyaya tanıdırıq…”

…Razılaşdıq ki, Bakıya gələndə bu məsələni ətraflı müzakirə edərik. Bir müddət keçmişdi ki, gəldi və birlikdə Akademiyanın o vaxtkı prezidenti Akif Əlizadənin qəbuluna getdik. Nəsirəddin Tusi ilə bağlı Həsən müəllimin elmi əsaslarla ətraflı məlumatlarından, dəmir məntiqli fikirlərindən sonra qərara gəldik ki, Akademiyada onun adına Mərkəz yaradılsın və Həsən müəllim də həmin Mərkəzin rəhbəri olsun. Doğrusu, belə böyük, dünyanın bərkini-boşunu, dürlü-dürlü vəzifələrini, çətinliklərini və xoşbəxliklərini görmüş bir insanın Nəsirəddin Tusi Mərkəzinin açılması barədə ilkin razılaşmadan bu qədər sevinəcəyini gözləmirdim. Elə bil dünyanı ona bağışlamışdılar, ayrılana kimi Nəsirəddin Tusinin xidmətlərindən, onu dünyaya tanıtmaq üçün bu Mərkəz vasitəsilə görməyi planlaşdırdığı işlərdən ürək dolusu danışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır, deyiblər… Akif Əlizadə bizim planlarımız barədə Prezident Administrasiyasında məlumat verəndən sonra (ştatların açılması, bina ayrılması və digər texniki problemlər üçün razılaşdırılmaq zəruri idi), Ramiz Mehdiyev ömrü boyu məhz milli təəssübkeşliyinə görə kölgəsini qılıncladığı Həsən Həsənovun adını eşidən kimi etirazını bildirib, “bir Nəsirəddin Tusi qalmışdı mərkəzini açaq?!” deyərək qəti imtina edib. Bununla da, necə deyərlər, “qurduğumuz xəyallar”, əksər hallarda olduğu kimi, bir məmurun subyektiv münasibətinə görə ürəyimizdə qaldı.

Doğrusunu deyim ki, bir müddət sonra həmin hadisəni tamam unutdum, işdə, ailədə, həyatın digər sahələrində baş verən müxtəlif əhvalatlar xalqımızın böyük bir nümayəndəsi ilə bağlı yaratmaq istədiyimiz o Mərkəzin planlarının üzərini yavaş-yavaş bağladı və bir də 6 il sonra bərk təəssüfləndim ki, kaş o Mərkəz açılmış olaydı. 2024-cü il iyulun 3-də Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Nəsirəddin Tusiyə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XI beynəlxalq konfrans keçirməyi planlaşdırmışdıq. Elanları, bildirişləri mətbuatda yerləşdirəndən sonra Həsən müəllimdən zəng gəldi:

  • Misir müəllim, Nəsirəddin Tusi ilə bağlı tədbir keçirirsiniz, bəs mənə niyə demirsiniz?
  • Ay Həsən müəllim, bu, riyaziyyatçıların toplantısıdır, Sizi narahat etmək istəmədim.

Əslində, onun Nəsirəddin Tusi ilə əlaqədar olan söhbətləri unutmuşdum deyə, Həsən müəllimə demək heç yadıma düşməmişdi. Digər tərəfdən fikirləşmişdim ki, riyaziyyatla bağlı belə tədbirə görə, artıq heç yerdə işləməyən, Bakıda sakit bir həyat yaşayan bu görkəmli şəxsiyyəti narahat etmək düzgün olmaz. Demə, o, heç də sakit həyat yaşamır, bütün günü oxumaqla, yazmaqla, xalqı üçün faydalı nə isə etməklə məşğul olaraq kifayət qədər gərgin bir ömür sürür.

  • Misir müəllim, heç bir narahatlığı yoxdur, icazə versəniz, mən də iştirak edərəm, imkan olsa, çıxışım da ola bilər.
  • Böyük məmnuniyyətlə, Həsən müəllim, təki Siz gəlin!

İyulun 3-də keçirilən tədbirdə məndən savayı, Akademiyanın prezidenti İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Əminağa Sadıxov, Türkiyədən və Özbəkistandan gələn tanınmış alimlər və başqaları çıxış etdilər, Həsən Həsənov da danışdı. Bir həqiqəti etiraf etmək istəyirəm ki, uzun müddət bu çıxışlara hazırlaşmış, ixtisas yönümü yaxın olan biz alimlərin çıxışı bir tərəfə oldu, diplomat, siyasətçi, tarixçi alim, inşaatçı Həsən Həsənovun çıxışı bir tərəfə. Bu insan həmin çıxışla nə qədər zəngin bir şəxsiyyət, dərin analitik təfəkkür sahibi, mükəmməl biliyə malik alim, xalqı, vətəni ürəkdən sevən patriot, yüksək natiqlik məharətinə malik istedad olduğunu bir daha sübut etdi. Biz hamımız Nəsirəddin Tusini xalqın fəxri olan bir riyaziyyatçı alim kimi səciyyələndirdik (bir az da bir-birimizi təkrar edib şablon cümlələr işlətdik), o isə Azərbaycanda astronomiya ənənəsindən, Tusinin dünya elmində və xəritəçilik elmində rolundan, eləcə də böyük mütəfəkkirin milli-mənşəyindən, Tusinin yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsi olmasından, onun elmi irsinin, zəngin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyindən elmi əsaslandırmalarla elə maraqlı danışdı ki, hamımız heyrət etdik.

Elə bil ömrü boyu nə xarici işlər naziri olub, nə Gəncənin rəhbəri, nə diplomatik fəaliyyət göstərib, nə də Baş nazir vəzifəsində işləyib, bütün həyatını Nəsirəddin Tusiyə həsr edib, onu araşdırıb, öyrənib, indi də uzun onilliklər boyu öyrəndiklərini bizə danışır. Bəs görəsən, hər biri 300-500 səhifə olan və Əlimərdan bəy Topçubaşova həsr edilən “Top gurultusu altında diplomatiya”, Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın müstəqilliyinə gedən yolunu və yaranması prosesini əks etdirən “Birinci Respublikaya aparan yolda”, Bakı bütpərəstlik kompleksini, Bakı Qız qalasını, Qobustanın nadir qayaüstü təsvirlərini hərtərəfli tədqiq edən “Bakı tanrıçılıq kompleksi”, Antik dövr Azərbaycanının görkəmli dövlət xadimi Atropat və onun Makedoniyalı İsgəndərlə əməkdaşlığına dair “Makedoniyalı İsgəndər və Atropat”, Bakının, Qız qalasının, həmçinin çoxsaylı toponim və antroponimlərin şifrini açan “Bakı Qız qalası”, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” kitablarını və digər çoxsaylı və çox sanballı elmi əsərləri kim yazıb?! Nə vaxt yazıb?! Necə çatdıra bilib?!

Vətənpərvərliyi dilə gətirmək asandır, onu əməllərdə yaşatmaq isə çox çətindir. Həsən Həsənov bu çətin yolu seçənlərdən olub – ömrü boyu səhnədə yox, səhnəarxasında vətən üçün çalışıb. Doğru deyilmişdir ki, “vətənpərvərlik içki məclislərində boğazdan yuxarı xalqın şərəfinə tost demək, “Qarabağ” havası ilə rəqs eləmək deyil”, Vətən üçün nə isə etməkdir. Onun həyat yoluna baxanda milyonlardan fərqli bir tale görmək olur. İnsanların əksəriyyəti kimi sabit və hamar, necə deyərlər, “düzxətli, bərabərsürətli” yol keçməmişdir, bir ömürdə gah inşaatçı, gah mühəndis, gah səfir, gah iqtisadçı, gah Baş nazir, gah xarici işlər naziri, gah BMT-də Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, gah İcra başçısı, gah Mərkəzi Komitənin katibi, gah da unudulmuş bir ziyalı… Bütün bu müxtəlifliyi birləşdirən isə Vətən sevgisi və fədakarlıq hesab edilə bilər…

Bu gün 85 yaşında da yorulmadan, gənclik həvəsi ilə çalışan Həsən Həsənov Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının Azərbaycandan olan nümayəndəsidir. 60-70 il bundan əvvəl olduğu kimi, bu gün də nəcib duyğularla, böyük arzularla yaşayır-Türk xalqlarının vahid amallar və məqsədlər yolunda birləşməsi ən müqəddəs istəklərindən biridir, yaxın onilliklərdə bu arzusunun həyata keçəcəyinə inanır. Biz də 15 il sonra qeyd ediləcək yubileyində özünün bu xəbəri xalqımıza çatdırmasını arzulayırıq!

Həsən müəllim haqqında kitab-kitab məqalə yazmaq olar, saatlarla danışmaq olar, nə yorularsan, nə bezərsən, nə də mövzu bitər! Ancaq mən bu yazını yekunlaşdırmaq istəyirəm və sonda tariximizin Qızıl fonduna daxil olan bu insanla bağlı Xalq şairi Cabir Novruzun bir misrasını qeyd edirəm: “Sağlığında qiymət verin insanlara…”

Mənbə və müəllif: Misir Mərdanov

Misir Mərdanovun digər yazıları

Bulanıq sularda titrəyir əksin


Bu qədər özünü aldatma, bəsdi,
En bir az aşağı o mərtəbədən.
Sənə həmişəlik verilməyib ki,
O şəlalə tellər, o büllur bədən.

İşvəndən, nazından bayılıb şəhər,
Göyçək ağızlarda adın hallanır.
Baş rolda başını itirmə hədər,
Bu gün kullananlar sabah tullanır.

Qumaşda, ipəkdə cilvələnirsən,
Qamaşan gözlərdi hədəfin hələ.
Səni souyqluğu üşütməyibdi
Mərcanın, incinin, sədəfin hələ.

Güzgülər önündə tumarlan, bəzən,
Tərif yağdıranın, söz deyənin var.
Evdə həsrətini çəkən yoxsa da,
Tinlərin başında gözləyənin var.

Çox da hər gününü, hər saatını
Güldürür kef-damaq səfası hələ,
Sənin gəncliyinlə qocalığının
Öndədi amansız davası hələ.

İlbəil dəyərin, əyarın düşür,
Bulanıq sularda titrəyir əksin.
Axır aqibəti indidən düşün,
Kimsən olacaqmı dərdini çəksin?

Söndümü qəlbinin atəşi, odu,
Özgə şam gəzəcək pərvanələrin.
Çevrən boşalacaq, gözün dolacaq,
İt-bata düşəcək divanələrin.

Kaş ki, sərgiləyb gözəlliyini,
Boyundan yuxarı boylanmayaydın.
Sən bütöv olanda əlçatmaz idin,
Gərək dilimlənib paylanmayaydın…

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Maria Teresa Liuzzo yazır

TARIXIN XƏYALLARI

Biz bilirik ki, sükut nə sözlərin manipulyatorudur, nə də işgənəçi. O, hörmət oyadan ağrıya bənzəyir; biləyimizin çayı, damarlarımızın dənizi kimidir. O, bizi müşahidə edən və bizə saf enerji qaytaran dosta oxşayır; sümüklərə işləyən pası yumşaldan bir yağlayıcıdır, kölgəyə çevrilənədək. Çox vaxt detektiv rolunu oynayır: “kukla”nın ipini toplayır, zamanı yükləyir və peşmanlıqları ilə birlikdə geri qaytarır, rejissorun əfsanəvi səhnəni çəkdiyi kimi onu dəyişdirir.
Yazıçı, əzab, ağrı və gözlənti ilə söz arasında həqiqi bir bağ yaranır, əgər işıq sehrli fənər kimi çıxış edirsə və onun intensivliyini tutub şeirə, nəqlə, fabula və şah əsərə çevirirsə. Qaranlıq qanımızın çırpınmasını hiss edir və bizi nigarançılıqdan uzaqlaşdırır; o, daxili vaxtımız, xarizmatik bir varlıq olur.
Şübhənin sübhü qapını döyür; ən dərin çapıq cazibədar bir varlığa çevrilir; göy üzü bədənimizi və düşüncəmizin düyünlərini çılpaq göstərən bir ekranın işığını daşıyır. O gizli profilimiz, uzun müddət – hətta ictimai və mədəni mühitdə də – taxdığı “maskadan” nəhayət azad olur.

“İskelet”, hadisələrin vəhşiliyinə baxmayaraq, yavaş-yavaş yenidən çiçəkləməyə başlayır; sanki yabanı küləkdən döyülmüş, baltayla budaqları kəsilmiş ağacın qol-budaqları kimi. Söz bir ikonaya çevrilir, oxucularının qarşısına zərifliklə çıxır; onun baxışı aydındır, şəxsi izi, təbii istedadı vardır: incə texnika, qafiyələrin zərifliyi, həyatın ağırlığı, illər boyu şöhrətin zərbəsinə dözmək məcburiyyəti, həm də paxıllığın soyuqluğu.
Zaman keçdikcə insan anlayır ki, yanlış ata bel bağlayıb, amma yenə də mübarizə aparmaq, məğlubiyyətdən sonra rinqdə ayağa qalxmağı bacarmaq lazımdır. Heç vaxt duyğularımızın etimadını satmamaq, “ölü” və keçici hüceyrələrdən qurtulmaq. Uzun illər boyu çəkilmiş pislikləri “tabuta” möhürləmək – zəriflik və təmkinlə.
Zaman hər zaman düşmən deyil; o, sabahımızdır, bu günümüz və keçmişimizdir, həm də bir ata kimidir – əgər şeirə olan heyranlıq öz kimliyimizi yaratmaq istəyilə qarışırsa.
Xəyal – yaradıcılığın rəng palitrasıdır; zamanla sevinclə sevilən bir tabloya çevrilir. O, sözdən qabaq doğulur və ona həyat verir. Onu qarşımıza alanda yeni hekayələrin qapısı açılır, sanki pəncərəni küləyə açıb otağı işıqla doldurmaq kimi.
Xəyalın özü də qaranlıqdan qorxmur, əksinə, qaranlığın sinəsini yararaq ona nəfəs olur. O, bizə unudulmuş səsləri xatırladır: babamızın yorğun barmaqlarıyla tar çalmasını, bir ananın dizində yatarkən eşidilən ninni səsini, uşaqlıqda küləyə qarşı qoyulmuş çığırtımızı.
Hər bir xəyal, sükutun qaranlıq bədənində doğulmuş işıqdır. O işıq sözə toxunduqda, şeir olur; musiqiyə qarışanda, ahəngə çevrilir; daşın üstündə dayananda, abidəyə dönür.
Amma ən dərin xəyallar çox vaxt qovulmuş qaçqın kimidir: bizdən uzaqlaşmaq istəsə də, içimizdə gizlənərək yaşamağa davam edir. Onlar gündüzün işığında görünməsə də, gecənin ən tənha çağında birdən qarşımıza çıxır, bizi öz güzgümüzə baxmağa məcbur edir.
Yazıçı üçün isə bu xəyallar – həm dost, həm də düşməndir. Dostdurlar, çünki bizə yazmaq üçün qanad verirlər; düşməndirlər, çünki gecələrimizi oğurlayır, qəlbimizi parçalayır, bizdən həmişə daha çox səmimiyyət tələb edirlər.
Tarix – sadəcə daş kitabələrdə oyulmuş yazı deyil, o həm də insan ruhunun əbədi xəyallarında yaşayır.
Bir millətin xatirəsi, əslində, onun gördüyü və qoruduğu yuxulardan ibarətdir.
Əgər xəyal olmasaydı, qədim şəhərlərin qapıları yenidən açıla bilməzdi; şairlər öz səslərini gələcəyə əmanət edə bilməzdilər.
Xəyal – zamanın dərinliyində gizlənmiş bir körpüdür: dünənlə sabahı birləşdirən, bizi özümüzə qaytaran gizli yol.
O, bəzən susar, amma heç vaxt ölməz.
Bir uşaq təbəssümündə, bir qoca baxışında, bir qadının dualarında yenidən boy göstərir.
Elə bil, hər bir xəyal – tarixin öz qəlbindən bizə ötürdüyü səssiz məktubdur.
Biz oxuduqca, o məktubun sözləri genişlənir:
bir gün şeirə çevrilir,
başqa gün musiqiyə,
və bir gün gələcək nəsillərin yaddaşına hopur.
Beləcə, tarix – keçmişin daş yaddaşı deyil yalnız;
tarix – insan xəyalının heç vaxt sönməyən alovudur.

Maria Teresa Liuzzo,
italyan şairəsi, yazıçı, jurnalist, tərcüməçi və nəşriyyatçı, “P. Benintende” Lirik-Drama Assosiasiyasının Prezidenti, “LE MUSE” ədəbi jurnalının baş redaktoru

Tərcümə:
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

"…yazarlar, ancaq yazarlar…"