Etiket arxivi: ƏHMƏD CAVAD

Firuz Mustafa – Yenə “Azərbaycan” şeir(lər)i haqqında

FİRUZ MUSTAFANIN YAZILARI

Yenə “Azərbaycan” şeir(lər)i haqqında

Son illər mətbuatda tez-tez Səməd Vurğun-Əhməd Cavad “tandem” və “münaqişəsi” haqda yazılar gedir. Bəribaşdan onu demək lazımdır ki, hər iki sənətkarın ədəbiyyatımız qarşısında böyük xidmətləri olmuşdur.

Adətən, Səməd Vurğunu “vurmaq” istəyənlər onun məşhur misralarını yada salırlar:

Mən nə Sanılıyam, nə də Cavadam,

Onlara düşmənəm, onlara yadam.

Bəli, bu misraların müəllifi Səməd Vurğundur. Bəziləri az qala şairin bu misralarını “donos” kimi qəbul edirlər. Hətta, ittiham irəli sürənlər də tapılır. Belələri Cavadın repressiya olunmasında məhz bu misraların “təqsirkar”, “günahkar” olduğunu iddia edirlər. Yanlış yanaşmadır. Əvvəla, ona görə ki, bu misraların qələmə alındığı dövrdə elə Səməd Vurğunun özünü “ifşa” edən kifayət qədər tənqidi yazılara, ittihamlara rast gəlmək mümkündür. İkincisi, Səməd Vurğun və yaxud onun özünü “ifşa” edən müəlliflər ölkənin başçısı və ya Baş prokuroru deyildilər ki, kiminsə repressiya olunmasında “rol” oynasınlar. Ona qalmış bu günün özündə belə bir-birini ifşa edən kifayət qədər qələm adamı və şair vardır. “İfşaya” görə can alınsa onda ölkədə adam qalmazdı ki…

Səməd Vurğunu ittiham edənlərin bir qismi şairin məşhur “Azərbaycan” şeirinin guya “plagiat” olduğunu irəli sürürlər. Bəli, Əhməd Cavadın da “Azərbaycan” adlı şeiri var. Həmin şeir 1919-cu ildə dər edilib. Səməd Vurğunun şeiri isə, səhv etmirəmsə, 1933-34-cü illərdə yazılıb və 1935-ci ildə dərc edilib, yəni 15 il sonra. Nəzərə almaq lazımdır ki, Sovet dönəmində yazılmış həmin şeir (yəni S.Vurğunun şeiri) dərc edilərkən Əhməd Cavad sağ idi. Əhməd Cavadın Səməd Vurğunun onun şeirini “köçürməsi” barədə ortada hər hansı bir iddiası yoxdur. Hətta, bəzi xatirələrdə nisbətən yaşlı şairin (yəni Ə.Cavadın) öz gənc həmkarını bu şeirə görə təbrik etdiyi də bildirilir. Və orasını da qeyd edək ki, Vurğunun bu şeiri işıq üzünə çıxandan sonra açıq səmadakı şimşək kimi parladı, tezliklə dillər əzbəri oldu. Yenə təkrara ehtiyac duyulur: həmin dövrdə Əhməd Cavad hələ sağ idi.

Sual yaranır: bəs ikinci “Azərbaycan” şeirinin eyniadlı birinci şeirə oxşarlığı var ya yox? Bəli, var. Hər iki şeirdə hətta, bəzi söz və idadələrin eyni olduğu da nəzərdən qaçmır. Məsələr, “durnagözlü bulaqlar”, “bəhri-Xəzər”, “orman”, “maral” və digər anlayışlar bu deyilənlərə aiddir. Bildiyiniz və artıq dediyimiz kimi, Səməd Vurğunun şeirində də bu cür söz və bənzətmələr vardır.

Hər iki şeir oxşardır. Amma bu “oxşarlı” qətiyyən eyniyyət təşkil etmir. Açığını deyim ki, kim sonralar “Azərbaycan” rədifli (və ya adlı) şeir yazıbsa məhz S.Vurğunun şeirinə bənzəyib. Bəli, bundan sonra da Azərbaycan haqqında yazılacaq bütün şeirlər məhz Səməd Vurğunun (və təbii ki, həm də Ə.Cavadın) şeirini yada salacaq: necə ki, ölkə haqda sonralar yazılan “ölkə” rədifli bütün şeirlər Cəfər Cabbarlının “Ölkəm” şeirini, ana dilimiz haqda yazılan bütün şeirlər Bəxtiyar Vahabzadənin məşhur “Ana dili” şeirini, repressiyalar haqqında qələmə alınmış bütün poemalar Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasını, Xəzər haqqında yazılan bütün poetik nümunələr Nəbi Xəzrinin “İki Xəzər” poemasını, keçi haqqında yazılan şeirlər Abdulla Şaiqin dillər əzbəri olan şeirini, meşəbəyi haqqında yazılan bütün şeirlər Hüseyn Arifin məşhur qoşmasını “yada salır” və gələcəkdə də yada salacaq…

S.Vurğundan sonra həmin rədifdə onlarla, bəlkə də yazlərlə şeir, musiqi mətni yazılıb və hamısı “ilk” şeirə bənzəyir. Sonra. Ə.Cavadın şeiri “dördlükdə” yazılıb. Məsələn, bu cür:

İpək, pambıq, yunun çoxdur!

Arpa, buğda, dügün çoxdur!

Hər şeyin var, nəyin yoxdur?!

Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!

Gur-gur axar neçə çayın!

Bol veribdir, fələk payın!

Azərbaycan! Azərbaycan!

S.Vurğunu “Azərbaycan” şeiri isə “beşlikdə” yazılıb:

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Haqqında söhbət gedən şeiri Səməd Vurğun gələcək “Azərbaycan” epopeyasının proloqu kimi nəzərdə tutmuşdu.

Bəli, Azərbaycan haqqında və ya “Azərbaycan” adlı çox şeirlər var. Onların hansı yaxşıdır? Əlbəttə, bu çox banal sualdır. Amma ədalət naminə deyək ki, ölkədə ən adi adamdan tutmuş ən böyük səlahiyyət sahibinə qədər, elə bir adam tapılmaz ki, bu misraları əzbərdən bilməsin və onun müəllifini tanımasın:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan…

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həcər  Atakişiyeva : – Əhməd Cavadın “Səsli qız” poemasında ədəbi-bədii yaradıcılıq motivləri

Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkirdə anadan olmuşdur. Əhməd Cavadın Azərbaycan ədəbiyyat tarixində əvəzsiz rolu olmuşdur. O, dövrünün zəngin biliyə malik olan ziyalısı kimi tanınırdı. Ədib bütün yaradıcılığı boyunca xalqının istiqlaliyyəti uğrunda mübarizə aparmışdır. Ə.Cavadın yaradıcılığı onu göstərir ki, o bütün ömrü boyu xalqını düşünmüş və milləti uğrunda həyatını qurban vermişdir. Ədib şərəfli və eyni zamanda çətin bir həyat yolu keçmişdir. Əhməd Cavadın Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlər içərisində “Səsli qız” poemasının öz xüsusi yeri vardır. Əsər ideya-məzmununa görə olduqca zəngindir. Əsərin süjet xəttində “cümhuriyyət şairi” kimi tanınan Əhməd Cavadın azadlığa və vətən şərəfinə olan münasibəti öz tərənnümünü tapmışdır. 1937-ci ilin repressiya qurbanlarından olan Əhməd Cavadın “Səsli qız” poeması özünün məzmununa və ibrətamizliliyinə görə Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutmuşdur. Şairin ən məşhur əsərlərindən biri olan “Səsli qız” poeması insanlarda vətənə məhəbbət, azad, müstəqil yaşamağın ölkə və vətəndaş üçün hər şeydən vacib olması, işğalçılara dərin nifrət kimi hisləri aşılayırdı. Əsərin hər səhifəsi milli azadlığa böyük önəmi özündə cəm etməsi ilə diqqəti cəlb edir. Ə.Cavadın əsərləri onun bir vətəndaş və bir şair kimi milli azadlığa verdiyi böyük önəmin göstəricisidir. Ədib yaradıcılığında yaddaqalan insan obrazları yaratmağa nail olmuşdur. Belə obrazlardan biridə “Səsli qız” poemasındakı Sara obrazıdır. Bu obraz özünün iç dünyası ilə bərabər əsərdə yığcam təsvirlərlə dolğun şəkildə təsvir olunmuşdur. Poemanın baş qəhrəmanı olan Sara vətənini dərin məhəbbətlə sevən, xalqının azadlığı uğrunda həyatını qurban verməyə hazır olan, öz cəsarətli hərəkətləri ilə seçilən bir qızdır. Poemada təsvir olunan obrazların xarakterləri əsərdə əhatəli təhlil edilmişdir. Əsərdəki obrazlara qarşı müəllifin münasibətini aydınlaşdırmaqda oxucuya xüsusi bir köməkçi vasitə vardır. Bu vasitə müəllifin özüdür. O, bütün əsər boyunca oxucunu yönləndirir. Əsərdəki obrazlar iki qismdə təsvir olunur. Müsbət və mənfi obrazlar. Məğlub ölkənin hökmdarı, ölkənin varlı adamları, din xadimləri əsərdə mənfi planda təqdim olunmuşdur. Bu şəxslərin poemada mənfi planda təqdim olunmalarının əsas səbəbi kimi onların xarakteri və əməlləridir. Əsər özünün bitkin kompozisiyası, maraqlı süjet xətti, orijinal məcazları, dilinin aydınlığı ilə diqqəti cəlb edir. Əsərdə obrazlılığın təmin edilməsində məcazların xüsusi rolu vardır. Saranın qeyri-adi gözəlliklərinin təsviri əsərin bədiiliyini birə-beş artırırdı. Poemada bədiiliyin, obrazlılığın qüvvətlənməsinə əhəmiyyətli təsir edən vasitələrdən biri də müəllif tərəfindən sözdən məharətlə seçilməsi və istifadə edilməsidir. Əhməd Cavad “Səsli qız” poemasında yığcam ifadələr işlətməklə təsvir obyekti barədə zəngin təsəvvürün yaradılmasına nail ola bilmişdir. Poemanı ideya-məzmununa görə zəngin edən də məhz bu xüsusiyyətlərdir. Əsərin əsas qayəsini vətənin düşmən hücumundan müdafiə edilməsi, vətəndaşın öz mövqeyində şərəfli olması, ölkəsinin müstəqilliyini, xalqının azadlığını heç nə ilə əvəz etməməsi, insanlığın əzilməsinə susmaması, insanlığın qəddarlıqla məhv edilməsinə yol verilməməsi təşkil edir. Əhməd Cavadın “Səsli qız” poeması Saranın gözəlliklərinin tərənnümü ilə başlayır. Müəllif Saranın səsinin səslərin ən gözəli olduğunu və belə gözəl səs eşitmədiyini qeyd edir. O, Saranın səsini bülbülün səsinə bənzədir. Ədib Saranın səsindəki gözəlliyi ilahi sirr kimi dəyərləndirir. Əsər nağılvari süjetlə başlayır. Qan içən bir hökmdar ölkəni amansızcasına tari-mar edir. Bu qanlı mühasirə altı aydan çox davam edir. Bu qanlı mühasirə nəticəsində yüz minlərlə insan məhv olmuşdu. Yurdunu düşmənə verməyənlər xınchaxınc doğranmışdı. Hər yan qanlı gövdə, gövdəsiz baş ilə dolu idi. Əhməd Cavad “Səsli qız” poemasında yığcam ifadələr işlətməklə müharibənin fəlakətlərini gözlər önündə canlandırır. Yüz minlərlə qız-qadın çöllərə, düzlərə yayılmışdı, hər yana ölüm rəngi çökmüşdü. Müharibə cənnət kimi bir ölkəni məzarlığa döndərmişdi və eyni zamanda bütün insanlığı da əzmişdi. Zavallı məğlub ölkədə gülmək onsuz da yox idi, artıq ağlamağı da qadağan etdilər. Döyüşdə məğlub olunandan sonra qaldırımlardakı bütün qan izləri yuyuldu. Bütün ölkə əhalisi şallaqla güldürüldü. Ölkədəki vay səsi susduruldu, toy səsi əmr edildi. Dərdli insanların söz deyib, dərd açmasına icazə yox idi. Ağlaşma səsləri qəhqəhələrə dəyişdirildi. Düşmən şahın gəlişi ölkədə qanuni bayram kimi qeyd olunur. Yırtıcı cəllad şah qadınların qan qusan fəryadlarına məhəl belə qoymur. Əhməd Cavad “Səsli qız” poemasında aşağıdakı misralarla oxucuya bir çox acı həqiqətləri çatdırır.

Görəcəksən ölənlər,

Baldırında bağırsaq:

Sənin qanlı əlində

Bitməz qüvvət var deyə,

Hazırdır bağışlayıb

Dadsız-dadsız gülməyə.

Əhməd Cavad “Səsli qız” poemasında ikiüzlü, millət qədri bilməyən, xalq dərdi çəkməyən din xadimlərini tənqid və ifşa edir. Müəllif baş keşişin və şişman xocanın qəddar, cəllad şaha beyət etməsini onların ikiüzlülüyü sayır. Mömin müsəlmanların öldürülməsinə olan bu laqeydliklə heç cür barışa bilmir. Onlar üçün vacib olan ancaq damaqlarının çağ, keflərinin kök, qarınlarının tox olması idi. Onlar vətən torpağının qan qoxusu verməsini heç önəmsəmirdilər. Onlar ancaq özlərini düşünürdülər buna görə də, Saranı cəllad şaha ölkəmizin ulduzu deyə təqdim edib, Saradan da bu sərxoşu əyləndirməyini istəyirlər. Onlara Saranın gözlərindəki qəm-kədərin, qəlbindəki yanıqlı ahın bir mənası yox idi. Saranın duyğusuz, qəddar padişaha xüsusi nifrəti vardı. Buna görə də o nə qədər yorğun, əzgin olsa da, səsi ilə ölkəsində qaynayan kini coşdura bildi. Haqsızca axan günahsızların qanı Saranın dodağından çıxan mahnılarda canlandı.

Mən ki, səndən doymamışdım,

Quş qonmağa qoymamışdım.

Bir almanı soymamışdım,

Kim sənə gəc baxdı, bağlar?!

Saranın duyğusuz, qəddar padişaha xüsusi nifrətinin əsas səbəblərindən biri də o idi ki, onun nişanlısını şahın əmri ilə oxla öldürmüşdülər. Buna görə də Sara onun qanlısından nişanlısı Arqunun intiqamını almaq istəyirdi. Sara Arqunsuz yaşamaq istəmirdi və onun qisasını almaq istəyirdi. Elin igid qızı Sara həm də öz yurdunu zülümdən qurtarmaq, xalqını azad etmək niyyətində idi. Sara əlindəki gülgün qədəhdəki meyə zəhər qatıb, onu qəddar şaha verir. Saranın qadınlıq qorxusu ilə etdiyi bu qəhrəmanlığı düşmən şaha orada heç bir mənsəb sahibi etməyə cürət belə edə bilmədi. Şahın öldüyünü görəndə bütün məclis səs-küyə bürünür. Bir qızın cəsarətindən bütün xalq – arvad, uşaq, qocalar, cavanlar ayağa qalxıb, düşmən ordusunu tari-mar edir. Bir qızın cəsarəti ilə bir ölkə dustaqlıqdan azad oldu. O gündən Sara adı xalq üçün ən sevimli ad oldu. Sara bu addımı ilə azadlığın mərmərdən heykəlini yaradır. Saranın məmləkəti o gündən hər mənada azad olur. Qan içən krallardan qurtulur. Hürriyyətin ancaq adını eşidən xalqa Sara onun xoş dadını yaşadır. Əhməd Cavadın “Səsli qız” poemasında zəngin ədəbi-bədii yaradıcılıq motivləri olduqca güclüdür. Əhməd Cavad bu əsərində mistəqillik mücadiləsi və milli ideologiyanın vacibliyinin nümunəsini yarada bilmişdir. Əhməd Cavad yaradıcılığı əsərin hər misrasında gələn yeni nəsillərə vətən sevgisi aşılayır. Milli istiqlal və vətəndaşlıq nümunəsi əsər üçün səciyyəvi xüsusiyyətlərdir. Əhməd Cavadın “Səsli qız” poeması bədii təsir gücü, səmimiliyi və bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən bir əsərdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI


ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru