XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
UŞAQ ŞEİRLƏRİ QÜDRƏTİN BAŞI Dünən gecə maraqla Gedirdi evdə söhbət. Kimsə dedi itirib Başını qonşu Qüdrət. * * * İşə bax, bu gün səhər Gördüm həmin qonşunu. Başı yerindəydi ki,- Hardan tapıb başını?
CİNASLI DEYİMLƏR Gözəldir görkəmi ?– Yaxşı bax, gör kəmi. * * * Yaxşını yaxşı san, Deyərəm yaxşısan. * * * Nəfsə ram olmaram, Sən də gəl olma ram. * * * Layiqsə, təriflə, Məhv etmə təriflə. * * * Dünyada ölkə min, Oğluyam ölkəmin. * * * Yalandan əl çalır, Doğrudan alçalır. * * * Paxıllıq–yaradır, Xəstəlik yaradır. * * * Div gördüm yuxuda, Eh… qaçdı yuxu da. * * * Doğulan hər çağa Sevincdir hər çağa. * * * Bu palto qızındı, Geyindi, qızındı. * * * İstəyir yara maz, Başqa şey yaramaz. * * * Bədə xoş deyildi, Yox, belə deyildi. * * * Düzəltdi saatsaz, İşləyir saat saz. * * * Yol kimin?–Böyüyün. Eləysə böyüyün. * * * Düşmən ki buyurdu, Gəl qoru bu yurdu.
AZADIN KONFETLƏRİ Öz iki konfetini Çoxdan yemişdi Həsən. Qardaşının payına Göz dikmişdi deyəsən… * * * Yaxınlaşıb Azadı Aldatmağa çalışdı. ,,Birini ver də mənə.”- Şirin-şirin danışdı. * * * Başladı axtarmağa, Tapmadı heç birini. Harda gizlətmişdisə Biləmmədi yerini. * * * Azad bir xeyli güldü, Dedi:-İşlətmişəm çəm. Mən öz konfetlərimı Qarnımda gizlətmişəm.
GİLAS BUDAĞI Gülçöhrə tez qaçaraq Əlində kiçik budaq Evə girdi sevincək, Gülüşü açdı çiçək. Budaqda vardı xeyli Meyvə iri, şirəli. Dedi:-Ata, bura bax, Cənnət imiş bizim bağ. Mən budağı qırmışam, Sənə pay gətirmişəm. Gör nə qədər gilas var, Yesən, necə xoş olar! Ata görcək bu halı, Tam dəyişdi əhvalı. Dedi:-Ay gözəl qızım, Yadında qalsın sözüm. Ağac canlıdır axı, Qırmaq ilə budağı Əzab vermisən ona, Ağrısı yetməz sona. Bizə dostdur ağacllar , Onların çox xeyri var,- Bol-bol verirlər meyvə, Hələ bundan əlavə Təmizləyirlər hava, İşmi görürlər yava? Yayın isti vaxtında Dincəlirik altında. Bir də belə şey etmə, Ağacları incitmə.
HAMIDAN ƏVVƏL Hamıdan əvvəl Bakı Qarşılayır səhəri. Günəş Xəzərdən çıxıb Salamlayır şəhəri.
OĞURLUĞUN NƏTİCƏSİ Elnur baxıb ağaca Dərindən köks ötürdü. Gördü ki, yoxdur görən, Yerdən bir daş götürdü. * * * Qonşunun ağacına Həmin o daşı atdı. Daş bir anda qayıdıb Öz başını qanatdı. * * * Ancaq o nahaq yerə Axıtdı göz yaşını,- Oğurluq etməsəydi, Qanatmazdı başını.
ÜMİD VƏ TELEVİZOR Qucağımdan kənara Hey dartınırdı Ümid. Başa düşmürdüm niyə Bu körpə qalmır sakit. * * * Birdən gördüm boylanır Ümid televizora. Mən də bircə anlığa Nəzər yetirdim ora. * * * Ekranda görünürdü Beş-altı kiçik uşaq. Səpələnib ətrafa Bir xeyli də oyuncaq. * * * Demə, Ümid əl atıb Televizora sarı, İstəyirmiş götürsün Ordan oyuncaqları.
ALİYƏNİN ŞEİRİ Hər kəsə yazdın- Dedi Aliyə,- Bəs mənə şeir Yazmırsan niyə * * * O ki çiçəkdir, Gözəl-göyçəkdir. Şeir gərəkdir Şəkər dilliyə? * * * Gördüm layiqdir, Etməsin fikir. Yazıb bir şeir, Etdim hədiyyə.
ƏN BÖYÜK DƏRS Düşündü müəllimi Səməndər aldatmağı, Dünən dərsi danışıb Qiymət almışdı axı. * * * Bütün günü oynayıb Dərs öyrənmədi daha. Amma bu fikri ona Başa gəldi çox baha. * * * Çevrildi həqiqətə Düşündüyünün tərsi. Müəllimi çağırdı Danışmaq üçün dərsi. * * * Səməndərin boğazı Tamam qurudu qaldı. Dünən ,,beş” almışdısa, Bu gün də ,,iki” aldı. * * * Bu da dərs oldu ona, Bir də belə etmədi. Dərsi hazırlamamış O məktəbə getmədi.
CAVANŞİRİN YUXUSU Gecənin bir yarısı Evdə hamı yatmışdı. Cavanşir səs-küy salıb Oğuzu oyatmışdı. * * * Səhər Oğuz elədi Qardaşından şikayət. Anası da soruşdu Cavanşirdən nəhayət: * * * -Gecənin yarısında De,qalxmısan ayağa, Qardaşın Oğuzu da Qoymamısan yatmağa? * * * Cavanşir dedi:-Ana, Nədənsə qaçdı yuxum. Daha yuxum gəlmədi, Ha gözlərimi yumdum. * * * Oğuz dedi:-Yalandır, Qapını da açmayıb, Cavanşirin yuxusu Heç bir yana qaçmayıb.
VƏTƏN NƏDİR ? Ümid soruşdu:- Baba, Ay baba, Vətən nədir? Baba öz nəvəsinə İzah elədi bir-bir. * * * Sən də, mən də, anan da- Ailəmiz Vətəndir. Bax, bu həyət, bu küçə, Məhəlləmiz Vətəndir. * * * Xoşbəxt yaşadığımız Şəhərimiz Vətəndir. Üzümüzə xoş gələn Səhərimiz Vətəndir. * * * Dərin-dərin dərələr, O dağlar da Vətəndir. Görmədiyimiz uzaq Torpaqlar da Vətəndir. * * * Deyib anladığımız Bu şirin dil Vətəndir. Bizim dildə danışan Bu xalq, bu el Vətəndir. * * * Bax, binların hamısı Birləşib bir can olur. Hamımızın anası Azəribaycan olur. * * * Buna görə Vətəni Qorumalıdır hər kəs. Ana kimi Vətən də Sayılır çox müqəddəs. * * * Ana Vətəni sevmək Borcudur hər bir kəsin. Bizdən başqa kimi var Axı, bu müqəddəsin?! * * * Biz bilməsək qədrini Nə qalacaq Vətəndən? Düşmənlər qırar bizi, Nə sən olarsan, nə mən. MÜƏLLİF:ƏHMƏD HAQSEVƏR Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Şair, publisist Zaur Ustacın “BB” kitabında yer almış “BB” hekayəsi haqqında fikirlərim… Zaur Mustafa oğlu Mustafayev 8 yanvar, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnistutunda və Şamaxı Humanitar kollecində davam etdirmişdir.Qeyd edək ki, Zaur Mustafayev Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyyatda olan zabitdir. Zaur Mustafayev 1998-ci ildən etibarən dövri mətbuatda çıxış edir, “Zaur Ustac” təxəllüsü ilə yazıb, yaradır. Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi, baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatıdır. Onun yaradıcılığında nəzm və nəsr nümunələri bərabər bölünmüşdür.Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, yazar bədii əsərlərin, bir çox dərs vəsaitlərinin, publisistik yazıların müəllifidir.Onun “Oriyentar ulduzu”, “Gülzar”, “Qələmdar”, “Zimistan”, və bir çox kitabları oxucular tərəfindən böyük rəğbətə səbəb olmuşdur.Yazarın vətənə olan pak məhəbbəti, vətən həsrəti yaratdığı əsərlərində öz əksini tapmışdır. Zaur Ustacın ərsəyə gətirdiyi tədris vəsaitləri, “Güllünün şeirləri”(Məktəbəqədər hazırlıq qrupları üçün vəsait),” 39 həftə”(İngilis dili üçün xüsusi proqram) 39 weeks (Special program for English) müəllimlər tərəfində böyük həvəslə qarşılanmışdır. Yazarın növbəti kitabı isə “BB” kitabıdır.Kitab Əbdürrəhim bəy Haqverdiyev-150 yubileyi tədbirləri ilə əlaqədar görkəmli ədibin əziz xatirəsinə ehtiramla qələmə aldığı müxtəlif hekayələrdən ibarətdir.Hər bir hekayənin özəlliyi və məntiqi sətiraltı mesajları olduğunu düşünürəm.Ən çox diqqətimi çəkən hekayə isə “BB” hekayəsi oldu. Hekayədə cəmiyyətimizdə baş verən hadisələrin ümumi reallığı əks olunmuşdur.Hekayəni oxuduqca hiss edirik ki, bu reallıqlar nə tənqid edilməli, nə də müsbət emosiyalarla qarşılanmalıdır.Diqqət yetirsək, hekayədə dövrümüzə uyğun paradoksal vəziyyət biruzə verilmişdir.Əlbəttə ki, bu hal oxucunu daha da düşündürməyə zəmin yaradır.Yazarın elə ən çox oxucuları dərinliklərə aparan hekayəsi, fikrimcə, məhz budur- “BB”… Hekayəni oxumağa başlamamışdan əvvəl “BB” adı hədsiz maraq yaradır.Nəyə görə “BB”? Axı, “BB”-nin mənası nə ola bilər? Artıq hekayəni oxuyar, oxumaz bu suallara cavab tapmaq mümkündür.Hekayənin bütün mahiyyətini dərk etmək üçün, hekayənin iki obrazı- Əli Mülayim(Jurnalist) və Bəy Bala müəlliminin (Məşhur “BB” şirkətinin rəhbəri)dialoquna diqqət yetirmək lazımdır.Hekayədə Bəy Bala müəllim demişkən, Əli Mülayim təxəllüsündən göründüyü kimi mülayim obraz nümayiş etdirir.O, sadəcə işini hərtərəfli, ən kiçik detalları ilə mükəmməl görməyə can atan şəxsdir.Bəy Bala müəllim isə cəmiyyətimizdə uğur qazanan bəzi insanların iç üzüdür və onların demək istədiyi hər şey məhz elə Bəy Bala müəllimin Əli Mülayimlə olan dialoqunda əks olunmuşdur.Universtitetə müəyyən məbləğ ilə düzəlir, hər hansı bir dövlət işində işləmək təklifini rədd edir, özünə necə olursa olsun bir ailə biznesi yaratmağı daha üstün tutur.Amma maraqlısı da budur ki, bu adam həm öz biznesini yaratmaq üçün çalışır, həm də öz məhsulları satılsın deyə insanların həmin məhsula qarşı təlabatını yaradır.Məsələn, elə misal götürək, “Bit” biznesini.Biznes və bit sözləri yanaşı işlənəndə bir az beyinlərdə mizah hissi doğursa da, planlanlaşmış və bütün nəslin cəlb olunduğu bir biznesdir.Öz yaxınlarının başında bit yaratmağı məmnuniyyətlə özünə fəxr bilən bu adam hələ onları xalqın sıx olduğu yerlərdə gəzməyə də şövq edir.Əslində, Bəy Bala müəllim bu halda intellektual iş adamı kimi görünür, amma sual yaranır.Bəs vicdan? Bəs cəmiyyətə vurulan ziyan? Bəs xalqı aldatmaq? Bunlar bir iş adamın insanlıq kitabında yazılacaq bir şeydirmi? Bizim fikrimizcə, əlbbəttə ki, yox.Qətiyyən örnək alınacaq bir vəziyyət deyil.Lakin, gəlin, günümüzdəki gərçəklərə bir nəzər salaq.Zəmanəmizdə irəliyə getmək üçün, özünün şəxsi biznesini qurub, ortaya bir məbləğ qoyub, özünə nə isə bir şey fikirləşib etməsən, elə yaradacağın biznes başlamamış sona yetər.Hiylə, kələk bəzən ticarətin inkişafında dayanan metodlara çevrilə bilir.Düşünürəm ki, hekayənin paradoks yaradan və dərin düşüncələrə dalmağa imkan verən nüansı da elə burdan başlayır. Hekayənin sonluq hissəsinə az qalmış, Bəy Balanın həyat yoldaşının zəng etməsi ilə sanki hər şeyin üstündən bir andaca qara xətt çəkilir. Ümumiyyətlə, Bəy Balanın xanımı ilə danışığından Əli Mülayim bir nəticəyə gəlməsə də, hardasa o hissləri anlayışla qarşılayır və daha çox sual vermir. Əli Mülayim də, Bəy Bala müəllim də, elə bu hekayənin yaradıcısı Zaur Ustac bəy da hər şeyin fərqindədir… Fikrimcə, belə bir süjet xətti ilə yazılmış, xalqa subliminal mesaj verən hekayələrə ehtiyacımız var.Belə hekayələr bir xəzinədən daha dəyərlidir, həm mənəviyyatımız üçün, həm də insani cəhətlərimizin inkişafı üçün…
Ayaz İmran oğlu Abbasov 15 mart 1959-cu ildə Zəngilan rayonu, Zərnəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR
Son bir ayda Tural Yusifovun xasiyyətində qəribəliklər baş verirdi. Həmişə deyib-gülən, əsgər yoldaşları ilə mehriban davranan, bölükdə hər kəsin doğmasına çevrilən, verilən tapşırıqları can-başla yerinə yetirən bu azərbaycanlı balası hamıdan qaçaq, adama yovuşmaz olmuşdu. Fikirli-fikirli gəzib dolaşırdı, tamamilə özünə qapanmışdı, gecələr yata bilmir, səhəri dirigözlü açırdı. Hətta bir neçə dəfə hərbi qayda-qanunu pozmuş, tapşırıqları başdansovdu yerinə yetirmişdi.
Gecə növbətçisi serjant Sokolov kazarmada hamının yatdığı vaxt Turalın gecə paltarında hərbi hissənin həyətində gəzişdiyini görmüşdü…
Tural “kurilka”dakı (siqaret çəkmək üçün yer) oturacaqda əyləşib ilk dəfə görürmüş kimi göydəki ulduzlara baxırdı. Saysız-hesabsız ulduzlar arasından özünün bəxt ulduzunu axtarırdı. Qütbdə par-par parıldayan qoşa ulduza gözlərini dikdi. Nəsə yadına düşüb qeyri-ixtiyari qımışır, dodaqları tərpənirdi. Bir zamanlar Lalə ilə birlikdə ulduzlara baxa-baxa qovuşacaqlarına tam əmin olmuşdular. İndi isə o günlər yadına düşüb bulud kimi dolmuşdu. Siqaret yandırıb acı tüstünü elə iştahla ciyərlərinə çəkirdi ki, elə bil bu zəqqutum tüstü dərdinə məlhəm olacaq. Fikri, xəyalı uzaqlarda cövlan etməkdəydi. O qədər dərin düşüncələrə qərq olmuşdu ki, bayaqdan yanında dayanıb ona maraqla tamaşa edən Sokolovu görmürdü. Hətta Sokolovun onun soyadını çağırması Turalı xəyal dünyasından ayıra bilmirdi. Sokolov ikinci dəfə:
-Yoldaş Yusifov, nə üçün yatmırsan? Bəlkə xəstələnmisən, kömək edə bilərəm, – deyəndə xəyallardan ayrıldı.
Əsəbləri tarıma çəkilmiş adamlar kimi çönüb Sokolovu süzdükdən sonra avtomatdan çıxan gilizlər kimi səksənib kənara sıçradı:
Turalın bu qəribə hərəkətləri komandir-zabit heyətini, əsgər yoldaşlarını çox narahat edirdi. Həmvətənli əsgər yoldaşları onu dilə tutub nə baş verdiyi ilə maraqlansalar da, onları da acılayıb uzaqlaşırdı. Çəkdiyi acıları he, kimlə bölüşmədiyindən əsəbilik bütün vücuduna hopmuşdu.
Səhər yoxlamasında cərgəyə düzülən əsgərlərin hər biri səliqəsi ilə göz oxşasa da, Tural yenə də üzünü qırxmamışdı, boyunluğunu yenisiylə əvəz etmədiyindən çirkli idi. Bölüyün starşinası gizir Klimenko bunu görüb əmr verdi:
-Sıravi əsgər Yusifov, bir addım irəli!
Tural əmri eşidən kimi bir addım qabağa çıxıb farağat komandasını aldı:
-Sıravi əsgər Yusifov sizi eşidir, yoldaş gizir.
-Bu nə özbaşınalıqdır, nə üçün səhər yoxlamasına hazır deyilsən? On dəqiqə vaxt verirəm, get, özünü səliqəyə sal, – sonra Klimenko səsini yumşaldıb həlim səslə – səhər yeməyindən sonra yanıma gələrsən, – söylədi.
-Oldu, yoldaş gizir, – günahkar adamlar kimi başını aşağı salıb verilən tapşırığı yerinə yetirməyə getdi.
“Hər bir əsgərin sağlamlığı, nümunəvi davranışı əsas şərtlərdəndir” – Klimenko bunu özünə şüar etmiş, əsgərə qayğı onun həyat tərzinə çevrilmişdi. O ki qaldı Turalın səhər yoxlamasına hazırlıqsız çıxmasına, o, belə hallarla rastlaşdıqda həmin əsgərə mütləq xəbərdarlıq, ya da şifahi töhmət elan edərdi. Yox, əgər belə hal bir neçə dəfə təkrar olunardısa, öz cəza üsullarını tətbiq edərdi – mətbəxdə kartof təmizləmək, donuz fermasında bir neçə gün işləmək, ya da bir ayaq üstə əlləri yuxarı vəziyyətdə dayanmaq. Klimenko bu dəfə nədənsə Yusifova güzəşt etdi.
Əsgərlərinə doğma övladı kimi yanaşan, qayğısını çəkən, mərhəmətini əsirgəməyən gizir bayaqdan kabinetində oturub Yusifovu düşünürdü: “Hər şey bir müddət öncə əsgərə gələn məktubdan sonra oldu. Əsgərin özünə qapanmasının səbəbi zənnimcə o məktubdur. Görəsən, o məktubda nə müəmmalı sirr var ki, əsgər belə küskün hala düşüb?” Durub rəfə yaxınlaşdı. Burada hər bir əsgərin ayrıca qovluğu var. Əsgərlər hərbi xidmətə başlayan gündən onların yaşadığı ünvana – valideynlərinə, məktəbə məktub yazardı ki, onların xasiyyətnaməsini göndərsinlər. Bu xasiyyətnamələr ona əsgərləri tanımağa kömək edirdi. Yusifovun dosyesi saxlanan qovluqdakı xasiyyətnamələri bir də oxudu. Hər iki məktubda onun nümunəvi, zəhmətkeş gənc olduğu xüsusi vurğulanırdı.
Fikirlər gizirdən əl çəkmirdi: “Bu duruma səbəb bəlkə o məktub deyil. Bəlkə əsgər yoldaşları ilə mübahisə, yaxud dava edib, yaxud kimsə möhkəm xətrinə dəyib, o da incik düşüb? Yox, yox, elə bir şey olsaydı, mütləq bilərdim. Əsgərlik həyatının incəlikləri ilə yanaşı, həm də yazılmamış qanunları da işləkdir – “molodoy”, “starik”, “ded” və. s. Yusifov “molodoy” deyil ki, “ded”lər onu döyə”. Müxtəlif xalqlardan və ailələrdən əsgərliyə gələn gənclərin özünəməxsus adət-ənənələri, milli dəyərləri var. Gərək bir-birinə sayğı bəsləsinlər ki, xoşagəlməz vəziyyət ortaya çıxıb problem yaratmasın”.
Klimenkonun ağlından cürbəcür şübhələr dolaşıb keçsə də heç cür Yusifovun “dərd”inin səbəbini tapa bilmirdi. Onu hərbi tibb məntəqəsinə göndərdi ki, sağlamılığında psixoloji problem yaşanır bəlkə. Oradan da cavab gəldi ki, Əsgər Yusifov tam sağlamdır….
***
Dostundan məktub almışdı. Məktubdakı hər söz, hər cümlə nöqtəsinə, vergülünə kimi yaddaşına hopub onu təsir məngənəsində sıxırdı, ağrılı tikan kimi ürəyinə sancılıb sızladırdı. Dostu yazırdı: “Tural, son aylar Lalə çox dəyişib, tamam başqa qız olub. O, daha sən gördüyün və tanıdığın Lalə deyil. Qəsəbəmizə qonaq gələn şəhərli oğlanla tez-tez kinoya, konsertə, gəzməyə gedirlər. O qədər mehribandılar ki, elə bil neçə illərin sevgililəridir. O, səni tamam unudub”.
Hər dəfə məktubda yazılanlar yadına düşəndə qəm dəryasında boğulur, özü özünə suallar verir, cavabını tapa bilmirdi: “Canımdan çox sevdiyim Lalə bu cür dəyişə bilərmi? Ağca aşıq pirində and içib əhd-peyman bağladığımız nə tez yadından çıxdı? Budurmu sədaqət, vəfa, etibar? Dözə biləcəyəmmi bu dərdə? Canımdan can ayrılmış kimi yarımcan olmuşam. Eh… vəfasız dünya, insanların da özün kimi vəfasızmış”…
Gecələr yuxuda tez-tez sayaqlayır, qışqırır, hirslənir, sonda da yazıq-yazıq ağlayırdı. Çarpayı qonşusu oyadanda nə baş verdiyini yada sala bilmirdi. Üstünə çəmkirirdi ki, niyə qoymursan yatam. Əsgər yoldaşı da, – ağzına gələni sayaqlayırsan, sən məni qoymursan yatmağa, – deyib gülürdü….
…Klimenko həmin gün Turalla görüşdü, ancaq verdiyi suallara inanandırıcı cavab ala bilmədi. Tural “bəli”, “xeyr”lə suallardan yayınırdı. Klimenko əl çəkmək istəmirdi, sözləri onun ağzından sanki kəlbətinlə dartıb çıxarırdı. Gizir uzunmüddətli həyat təcrübəsindən istifadə edib əsgərinin qılığına girib hər şeyi öyrənməyi bacarırdı.
Nəhayət, Tural içində kükrəyən, fırtınaya çevrilən ağrılarını ətraflı açıb tökdü…
Gizir məqsədinə çatdığı üçün gülümsədi, – eh cavanlıq, cavanlıq, – deyib dərindən köks ötürdü. Təzə-təzə dən düşən saçlarına sığal çəkib, sarı bığının uclarını burub gəncliyini xatırladı. Handan-hana Turalın gözlərinin içinə baxıb təsəlli verməyə çalışdı:
-Ola bilər, ola bilər, cavan oğlan. Ağrısı, acısı olsa da, sevginin hər cəfası şirindir. Bir də mən bilirəm ki, sizdə bağlanan əhd-peyman saf sevgi andıdır. O qızın andına sadiq olmamasına inanmıram. Özü də Oğuz – Türk qızı ola. Sizin xalq haqqında bilgilərim çoxdur. Axı hərbi xidmətimin bir hissəsini sizin ellərdə keçirmişəm, adət-ənənələrinizdən, milli ruhunuzdan, dəyərlərinizdən də xəbərim var. Qadınlarınız namuslu, ismətlidir, sevgisinə sədaqətlidirlər. Ərlərini başının tacı bilirlər. Ona görə də kişiləriniz qadınlara Tomris, Burlaxatun, Bəyim, Nigar kimi adlar verirlər. Nağıl və dastanlarınızda müsbət qəhrəman qadınlar daha çoxdur. Bu yaxınlarda “Dədə Qorqud” filminə baxdım. Qadınlar orada ucadan uca tutulur. O ki qaldı sənin başına gələn məktub əhvalatına, bir az düşünmək, gözləmək və səbir etmək lazımdır. Sizdə belə atalar sözü də var: “Hirsli başda ağıl olmaz”. Çox müdrik kəlamdır. Səbirli ol, özünə gəl. Nə bilirsən dostunun yazdıqları düzdür? Onun yazdıqları yanlış da ola bilər, inanıb hər şeyin üstündən qara xətt çəkmək olmaz…
Klimenko nəyisə yadına salırmış kimi bir anlıq fikrə getdi. Sonra mavi gözlərini qıyıb söhbətinin davamına başladı:
-Hərbçilərin həyatında belə hadisələr tez-tez olur. Valya ilə təzə evlənən vaxtlarımız idi. Bir övladımız vardı. Bir dəfə məni altı aylıq ezamiyyətə göndərdilər. Qəflətən yola düşdüyümüzdən imkan olmadı ki, ailəmə baş çəkəm, sağollaşıb yola düşəm. Düz dörd ay yarım ailəmlə heç bir əlaqə yarada bilmədim. Elə bir yerdə idik ki, ətraf aləmlə tam təcrid olunmuşduq. Hətta məktub yazıb yola salmaq mümkün deyildi. Dörd ay yarımdan sonra bizi gətirib bir qəsəbənin yaxınlığında yerləşdirdilər. Məktub yazsam da cavab ala bilmədim, narahatlığım birə-beş artdı. Gecə-gündüz narahatlıq içində başımı itirmişdim, ezamiyyət vaxtımı bitirən kimi arvadıma, uşağıma xeyli hədiyyə alıb evimə gəldim. Həyət qapısının zəngini dəfələrlə bassam da qapını açan olmadı. Nigaranlıqdan özümü itirəcək dərəcəyə çatmışdım. Mənim gəldiyimi bilən qonşu Sveta qarı “xoş gəldin” etdikdən sonra xalatının cibindən evimin açarlarını çıxarıb mənə verdi, – arvadın səndən küsüb uşağı da götürüb atası evinə gedib, – dedi.
Yol yorğunu olduğumdan Sveta qarıya “niyə”, “nə üçün” suallarını vermədən qapını açıb içəri girdim. Ayağımı içəri qoyan kimi sonsuz uçuruma, boşluğa düşdüyümü hiss etdim. Elə bil otaqların divarları, döşəmələri, tavanları, stol, stullar, qab-qacaqlar müdhiş sükuta qərq olmuşdular. Evdəki sükutdan qulaqlarım tutulurdu. Otaqların birinin qapısını açanda o bir otaqların qapıları sanki üstümə qışqırırdılar: “məni də aç, məni də aç!”. Allah heç bir evi qadınsız, uşaqsız qoymasın. Otaqları gəzdikcə dəli olmaq dərəcəsinə çatırdım. Qaynatamgil yaxın şəhərdə yaşayırdı, tez onlara getdim.
Qaynatamgildə Valya mənimlə neçə gün küsülü gəzib dolaşdı. Nə qədər yalvar-yaxar, xahiş-minnət etsəm də barışmaq niyyəti yox idi. Heç yaxın da gəlmirdi ki, qəflətən ezamiyyətə getdiyimi ona başa salam. Qaynatam dünyagörmüş, arif insandı. Qulağıma pıçıldadı ki, darıxma, barışacaq. Bir gün övladımı götürüb yaxınlıqdakı parka getmişdim. Oğlum uşaq yelləncəyində oynayır, mən də oturacaqda oturub Valyanı düşünürdüm. Kiminsə yanımda oturduğunu hiss etsəm də dönüb baxmadım. Bir də gördüm kimsə əlimin üstünə əlini qoydu. Əlin hərarəti tanış gəldi, diksinib baxdım, Valya idi. Bir-birimizi qucaqlayıb illərin tamarzıları kimi öpüşlərə qərq etdik. O, hal-qəziyyəni atasından öyrənib barışmağa gəlmişdi.
-Yoldaş komandir, küsməyinin səbəbi ezamiyyət idimi? – Yusifov tez-tələsik soruşdu.
-Hə, gözlə ardını danışım, – Klimenko ayağa qalxıb bayaqdan dəm alan çaydandan iki stəkan çay süzdü, konfet qabını stolun üstünə qoydu, əyləşib söhbətini davam etdirdi:
-Mənim Vitya adlı bir uşaqlıq dostum var, bu şəhərin o başında yaşayır, vaxtaşırı ailəliklə bir-birimizə get-gəl edirik. Çox zarafatcıl, baməzə adamdı. O, bilir ki, Valya məni çox qısqanır. Mən olmayanda ailəliklə bizə gəlişlərində əlinə fürsət düşür ki, Valyanı cırnatsın:
-Nə ezamiyyət, hamısı boş şeydi, o, sevgilisi ilə Nalçikdə istirahətdədir. Qayıdan kimi səni boşayıb onunla evlənəcək.
Valya əvvəlcə bu söhbəti zarafat kimi qəbul eləsə də, sonradan götür-qoy edir ki, bəs niyə mən məktub yazmıram, zəng etmirəm. Beləcə, şübhələr dolur içinə, Vityanın zarafatını həqiqət kimi anlayır. Bundan sonra Valya acıq eləyib atasıgilə gedir. Bunları sənə danışmaqda məqsədim odur ki, dostunun yazdıqları kimi olmaya bilər. Dostun Lalə ilə danışmayıbsa, qızın kiminləsə kinoya, konsertə getməsi o demək deyil ki, onun yeni sevgilisidir. Həmin oğlan yaxın dost, qohum da ola bilər. Xətrinə dəyməsin, o qədər yaxın “dost” tanıyıram ki, dostunun sevgilisini zorla, yaxud xoşla ələ keçirib. Otur, yaxşı-yaxşı düşün, sevgilinə məktub yaz, yəqin ki, sevindirici xəbər alarsan. Yoxsa ömür boyu əzab çəkərsən. İlk məhəbbətin yarası heç vaxt sağalmır, əsgər.
Sıravi əsgər Yusifov komandirinin yanından çıxanda qəlbində bir ümid işığı yaransa da yenə də könlü qırıq idi, inamı özünə qayıtmamışdı. Əvvəlki sevən və sevilən Tural ola bilmirdi, elə bil başqalaşmışdı. Özünü – Laləni dəlicəsinə sevən, sevgisi naminə hər cəfanı çəkməyə hazır olan Turalı axtarırdı. Tapacaqdımı? İnanmırdı ki, Laləyə məktub yazıb sevindirici xəbər eşidəcək. Axı onun başqa sevgilisi var, yəqin nişanlıdırlar, bəlkə toyları da olub. Bunları fikirləşəndə yerə-göyə sığmırdı, bəxtini söyürdü. “Yox, yox, bu ola bilməz!” – mızıldana-mızıldana hərbi hissənin girəcəyindəki ağcaqayın ağacının yanına necə gəldiyini özü də bilmədi. Kim onu bura gətirdi? Şirin xəyalların və xatirələrin məskəni olan bu yerə çoxdan gəlmirdi. Bir vaxtlar Lalədən məktub gələndə əsgər yoldaşlarından aralanıb bura gələr, məktubu həvəslə açar, dönə-dönə doymazlıqla oxuyardı. Heyif o məktublardan. Dostundan gələn o məktubdan sonra Lalədən aldığı məktubların hamısını yandırmışdı. İndi ağcaqayın o günləri bir daha xatırlatdı. O, ağcaqayını “yaralamışdı”, əsgər bıçağı ilə ağacın görünməz yerinə “Lalə” yazmışdı. İndi o sözləri axtarırdı. Tapdı, ağac boy atmışdı, yazı yerdən bir qarış ucada idi. Dəfələrlə ağaca su vermişdi ki, tez böyüsün. Onda “Lalə” sözü də ucada görünəcəkdi. Əlini yazdığı sözün üstündə gəzdirib xeyli tumarlaya-tumarlaya oxşadı. İstədi o sözü öpə, niyəsə bu fikrindən vaz keçdi, bir addım geri çəkilib həsrətlə yazıya baxdı.
Hərbi qaydalara görə axşam yeməyindən sonra yatmaq əmrinə kimi iki saat istirahət vaxtı verilirdi. Bu iki saatda hərə özünə aid işlə məşğul olurdu. Tural qırmızı qələmini və bir neçə ağ vərəq götürüb “qırmızı guşə”yə çəkildi. Klimenkoya söz vermişdi ki, Laləyə məktub yazacaq. Qarşısındakı vərəqlərə nə yazacağını anışdıra bilmirdi. Vida məktubumu yazsın? Qələmi kağızın üstünə qoyanda barmaqları titrədi. Yazacaqlarını bayaqdan beynində götür-qoy etsə də ürəyi qələmə “icazə” vermirdi. Fikirləri qəlbini, dilini, əllərini, qələmini, kağızı yandırırdı. Uzun müddət ağ kağıza, barmaqları arasındakı qələmə baxa-baxa qaldı. Bir anda iki damcı göz yaşı kirpikləri arasından süzülüb bəyaz kağıza düşüb hopdu, kağız üzərində iki ləkə yarandı. İstədi kağızı eləcə qatlayıb, zərfin içinə qoyub Laləyə yollasın. Məktubun adı da “iki damcı göz yaşı” olsun. “Yatmaq!” əmri veriləndə o, hələ də göz yaşları hopmuş kağıza baxa-baxa qalmışdı…
Növbəti axşam yenə “qırmızı guşə”yə çəkilib məktub yazmaq istədi. Bu dəfə yazdı, pozdu, cırdı, nəhayət, ürəyindəkiləri ağ kağızın üzərinə köçürdü. Məktubu hərbi hissənin girəcəyindəki poçt qutusuna salanda bir xeyli əlindən buraxmadı, – “bəlkə göndərməyim?”
Artıq məktub poçt qutusundaydı.
Bir vaxtlar hər dəfə Laləyə məktub göndərəndə sevinirdi, bilirdi ki, Lalə məktubu alan kimi cavab yazacaq. Lalə hamı kimi ənənəvi – “hörmətli məktub”, “şanlı məktub”la başlayan məktublar yazmazdı. Onun məktubu “gözləyirəm səni, əsgər!” sözləri ilə başlayardı. Bu məktubu isə Tural ümidsiz yola saldı, inanmırdı ki, cavab gələcək. Fikirləşirdi ki, bu sonuncu məktubdur. Axı Tural Laləyə vida məktubu yazmışdı. Laləni acılamasa da, sonda – “get, etibarsız, əhdinə, vəfana xilaf çıxdın. Sənə xoşbəxtlik arzulayıram. Sən arzularımın işığını söndürüb məni dərin quyuya saldın. Tək-tənha orda necə yaşayım?” – yazmışdı. Bir vaxtlar bu sözlərin tam əksini yazardı. Onda arzular sonsuz, gen-bol, təzə-tər idi. İndi isə saralıb solmuşdu…
Poçt qutusunun qarşısında dayanıb düşüncələr burulğanında çabalayırdı: “Dostu yazırdı ki, Lalənin görüşdüyü oğlan ilk baxışdan səliqə-sahmanlı, mədəni, alicənab görünür. Deyilənə görə ali təhsillidir, Bakıda hansısa iri müəssisədə mühəndisdir. Bu yay həmişə bir yerdə olublar, tez-tez dağa, meşəyə gedirlər. O gün Həkəri çayında oğlanı çiməndə, Laləni də sahildə oturub ona tamaşa edəndə görüblər. Sənə etdiyi xəyanətdən qeyzlənib Laləyə daha salam da vermirəm. İkisi bir-birinə çox oxşayırlar, həm də bir-birinə yaraşırlar, bir almanın iki üzü kimidirlər. Oğlanın maşını, deyilənə görə Bakıda evi də var”.
Tural düşüncələr aləmindən ayrıla bilmirdi: “Bizim rayonun qızları Bakıda yaşamağa meyilli olurlar. Yazıqlar rayon yerlərində səhərdən qaş qaralana kimi o qədər işləyirlər ki, gəncliyinin necə gəlib keçdiyindən xəbərləri olmur. Ağ atlı oğlanları şəhərdən gələcəyi ümidi ilə yaşadıqca ömür-gün keçir. Qarşılarına çıxan ütülü şəhərli oğlana bənd olub seçimsiz-filansız ərə gedirlər. Qəsəbəmizdən üzaq şəhərlərdə yaşayan qızlar yaman çoxalıb. Əvvəllər oğlanlar işin-gücün azlığından kəndlərdən qaçıb Rusiyanın ucqar çöllərinə işləməyə gedirdilər. Elə orada da rus Nataşalarına ilişib ailə qurar, doğmalarından xəbərsiz ömür çürüdərdilər. Ömür keçəndən sonra Nataşalar bizim oğlanları bəyənməzdilər.
“Qızım şəhərdə yaşayır” sevincli ata-analar həmişə qızlarının ağ günə çıxdığını, xoşbəxt olduğunu ağızdolusu danışardılar. Qız valideynləri qapılarını döyən elçilərə ilk sualları bu olurdu ki, oğlan şəhərdəmi yaşayır? Daha soruşmurdular ki, şəhərdə neyləyir, nə peşə, sənətin sahibidir, oğlanla qızın xasiyyətləri düz gələcəkmi?
Tural kimdir? Atası, anası, qardaş-bacısı olmayan, nənə himayəsində böyüyən yetimin biri. Yəqin o oğlanın ata-anası imkanlıdır, Laləyə çoxlu qiymətli daş-qaş alacaqlar. Lalə də hər dəfə şəhərdən qəsəbəyə gələndə doğduğu gözəl-göyçək uşaqları ilə qəsəbənin mərkəzinə çıxacaq, mən də Laləni görəndə içim qan ağlayacaq. Kaş, onu sevməyəydim. Ehh… Sevgi sifarişlə olsaydı nə vardı ki… Sevgi özü gəlib sevənin yaxasından zəli kimi yapışır.
Başımı aşağı salıb kasıbçılığımı yaşayırdım. Yatsam yuxuda da görməzdim ki, müəllim ailəsində böyüyən Laləni sevəcəyəm. Bir də ayılıb gördüm ki, eşq atəşində yanıram. Yazıq nənəm qohum-qonşudan eşidib biləndə ki, Laləyə aşiq olmuşam, qız da mənə biganə deyil, sevinmişdi. Əsgərliyə gəlməmişdən bir neçə gün öncə mənə dedi:
-A bala, eşitmişəm Ərşad müəllimin qızına vurulmusan, gəlsənə o qızın başına bir yaylıq bağlayaq ki, elçi düşən olmasın. Bilsinlər ki, qız əmanətdir, yəni qızın gözləyəni var.
Mən yarızarafat, yarıgerçək nənəmin sözlərinə güldüm:
-Bikar qalmısan, nənə. Sən deyənlər qaldı keçmişdə. Biz əhd-peyman bağlamışıq, bir-birimizə söz vermişuk.
-Təki sən deyən olsun, ay bala, – nənəm gülümsəmiş, sevincdən qol-qanad açmışdı.
Laləyə elə inanmışdım ki, heç vaxt onun xəyanət edəcəyi ağlıma gəlməzdi. Lalənin anası ilə nənəm çəpərdibi söhbət edəndə Gülbahar xala qəti bildirmişdi ki, Tural əsgərliyə arxayın getsin, Lalə ilə Turalın ulduzları elə barışıb ki, onları heç kim və heç nə ayıra bilməz. Eh, Lalə, Lalə! Qəlbimə sağalmaz dağ çəkdin…”
***
Tural məktubu göndərdiyi vaxtdan günlər, həftələr ötmüş, ay başa çatmağa az qalmışdı. İndi əvvəlkindən daha çox darıxırdı. Niyəsə vida məktubundan sonra günləri, həftələri deyil, saatları, dəqiqələri sayırdı. Laləyə vida məktubu yazdığı üçün hərdən özünü qınayırdı…
Səhərdən təlim mərkəzində müxtəlif çaplı silahlardan istifadə etmək qaydalarını öyrənən bölük bir az əvvəl yorğun qayıtmış, qısa istirahətdən sonra nahara getmək üçün hərbi hissənin meydançasında sıraya düzülmüşdü. Növbətçi əsgərlərə gələn məktubları paylayırdı, Turala məktub verəndə gözünün içinə baxıb gülümsədi. Tural məktubu alan kimi əlləri özündən asılı olmayaraq titrəməyə başladı. Elə bil zərfin içinə enerji buraxmışdılar. Maqnit kimi Turalı özünə çəkirdi. Az qalırdı zərf insan kimi dil açıb danışsın, qışqırsın ki, “nəyi gözləyirsən, məni tez oxu!” Dostlarından ona altdan-altdan baxanları, dodaqaltı qımışanları da görürdü. Ancaq onun məktub almasını təbrik etməyə əsgər yoldaşları çəkinir, heç nə demirdilər. Həyəcandan Turalın pörtdüyünü görməmək mümkün deyildi. Zərfin üstündəki yazını görən kimi Lalənin xəttini tanıdı. Zərfin içindəki vərəqdə yazılanlardan xəbərsiz olsa da dodaqlarına qonan təbəssüm çox şeydən xəbər verirdi, sevincdən gözləri dolmuşdu. Pıçıltılarını ancaq özü eşidirdi: “nə gözəl xəbər oldu, gördüyüm yuxu bu imiş”.
Dünən gecə gördüyü yuxunu məşhur yuxuyozanlar kimi, yaddaşında çözələdi: “Qəsəbənin yuxarısındakı “Lalə düzü” lalələrdən qırmızı rəngə boyanmışdı. Tural ağ atın tərkində gəlib çıxmışdı “Lalə düzü”nə. Atdan düşüb lalələrdən bir qom yığdı. Laləliyin o başında gəlinlik libasında Lalə ona əl edirdi. Tural ona tərəf getdikcə, Lalə ondan uzaqlaşırdı. Lalə gedib bir komanın qapalağı ağzında dayanıb Turala əl edir, şirin səsiylə onu çağırırdı:
-Hayıfdı, niyə lalələri dərib al-qana boyadın. Sənin Lalən mənəm, gəl məni dər. Bu kasıb komamızda çiçək balalar dünyaya gətirək, – söyləyib komaya girdi.
Tural qaça-qaça onun ardınca komaya girsə də Laləni axtarıb tapa bilmədi…
Yuxudan hövlnak oyanan Tural xeyli vaxt özünə gəlmədi….
Sən demə Lalədən məktub alacaqmış. Fərqinə varmırdı məktubda Lalə nə yazıb. Ən vacibi odur ki, ona cavab yazıb, bu ona bəs edər. Sağ olsun Klimenko, onun tövsiyəsi öz bəhrəsini verdi.
Əlindəki zərfi uşaq oyuncaq oynadırmış kimi bir neçə dəfə o üz-bu üzə çevirib baxdı, gördüyünə inana bilmirdi. Əgər yoldaşları yan-yörəsində olmasaydı, bu cansız zərfi dönə-dönə öpər, bağrına basardı.
Lalənin xətti də özü kimi gözəl idi. Zərfin ünvan yazılan üzündə hərflər gözəl xətlə muncuq kimi düzülmüşdü. Həmişəki kimi məktub yenə qırmızı qələmlə yazılmışdı.
Starşina Klimenkonun gur səsi onu xəyallardan ayırdı: “Bölük, farağat! Sağa dön! Sol çiyin üstə addımla marş! Bölüyün mahnısını oxuya-oxuya yeməkxanaya doğru!”. Bölük “Üç tankçı” mahnısını oxuya-oxuya meydançadan üzü yeməkxanaya addımlayırdı. Mahnının gur sədaları ucsuz-bucaqsız Tayqa meşəsinə yayılırdı.
Əsgər yeməkxanasında hamının başı yeməyə qarışmışdı. Tural da yeyirdi, ancaq hara, niyə, necə yeyirdi, xəbəri yox idi. Əlini çörəyə, boşqaba, qaşığa uzatsa da, fikri döş cibində – ürəyinin üstünə qoyduğu məktubdaydı. Tez-tez əlini döş cibinə toxundurub yoxlayırdı ki, məktub yerindədirmi. Məktubu tez oxumaq istəyi ilə alışıb-yanırdı.
Başında bir sual dolaşırdı – məktubu harada oxusun. Tapdı. Nahardan sonra bölüyün qısa istirahəti zamanı fürsət tapıb tez ora cumdu – ağcaqayının kölgəsinə. Kürəyini ağacın iri gövdəsinə söykəyib zərfi döş cibindən çıxardı, bir məktuba, bir də ağacın gövdəsinə yazdığı “Lalə” sözünə baxdı, “Lalə” sözü də sevincək ona baxırdı. Məktub onun sinəsindəki tərdən bir azca yaş olmuşdu.
Həyəcandan az qalırdı ürəyi yerindən çıxsın. Zərfi açdı. Elə həmin andaca burnuna xoş ətir dəydi – həmişə sevə-sevə qoxladığı kəklikotu ətri. Qəsəbələrinin üst tərəfindəki “Quş qayası” dağının ətəklərindəki kəklikotunun ətrini anındaca tanıdı. Qəsəbə əhli kəklikotu, qantəpər, quzuqulağı, şomu, əvəlik, şəfaverici dərman bitkiləri yığmağa “Quş qayası”na gedərdilər. Biz tərəflərdə belə bir rəvayət var: Bir Bilici baba adında loğman istənilən xəstəliyi müalicə edirmiş. “Quş qayası”nda bitən otlardan müxtəlif məlhəmlər hazırlayarmış.
Kəklikotunun yarpaqları, çiçəkləri qurusa da ətri hələ də zərfin içində qalmışdı. Tural bu xoş ətri ciyərlərinə çəkdikcə özünü doğma yerlərdə hiss etdi, torpağın ətrini duydu: “yaxşı oldu, kəklikotunu dəmləyərəm, özüm də içərəm, Klimenko da, əsgər yoldaşlarıma da verərəm.
Zərfin içində Lalənin şagird dəftərinin qoşa vərəqinə yazdığı məktub və şəkli vardı. Qeyri-ixtiyari dodaqlarını şəklə yapışdırıb öpdü, elə bil ki, susuzluqdan cadar-cadar olmuş dodaqlarına həyat suyu, şirinlik, hərarət axdı, çoxdan Turalın üzünə həsrət qalmış təbəssüm əvvəlki yerinə qondu.
Məktubu birnəfəsə oxudu:
“Günaydın, əzizim, mənim küsəyənim. Çoxdandı səndən məktub almırdım. Fikirləşirdim ki, hərbi təlimə getmisiniz, məktub yazmağa imkanın yoxdu. Buna baxmayaraq hər gün poçtalyon Abbas dayının qarşısını kəsib soruşurdum ki, mənə məktub gəlibmi? Hərdən də beynimə qara-qura fikirlər gəlirdi. Deyirdim bəlkə rus gözəlçələrinə başın qarışdığından mən yadından çıxmışam. Sən demə, mənim haqqımda pis və yalan xəbər aldığından küsübmüşsən. Qoy deyim, ürəyin yerinə gəlsin, sənin şübhələndiyin oğlan mənim ögey qardaşımdı. Təəssüf… Mənsə darıxa-darıxa özümə təsəlli verir, özümü ovudurdum. Məktubda yazdıqlarını həyəcanla oxudum. Sənin ürək döyüntülərini duydum, narahatlığını yaşadım. Əzizim, əsgəri xidmətinin tez başa çatmasını elə arzulayıram və gözləyirəm ki. Sənsiz keçən günləri, ayları ömürdən saymıram. Həm də fikirləşirəm ki, bu həsrət, ayrılıq bizi daha da doğmalaşdırır. Axı şair demişkən, darıxmaq sevməkdi, Məhəbbət hər zaman uzaqlıq sevib. Deyirlər, əsgərlik kişilik məktəbidir. Sən Sibir soyuğunda mətinləşirsən. Yolunu gözləyirəm. Elə arzulayıram qovuşacağımız günü. Yadında saxla, demişəm, sən mənim kişimsən”…
Tural məktubu dönə-dönə oxuyurdu, oxuduqca da özünü qınayırdı. Cavab məktubuna ad da qoydu: “Acı suallara şirin cavablar”. Dərindən köks ötürdü. Gözləri nəmləndi. Bu göz yaşları nə qədər turşməzə olsa da, bir o qədər də sevgi kimi şipşirin idi. “Demək o üç sözü hələ də mənə deyir: “sən mənim kişimsən”. Qürurlanıb gülümsədi. Yenə xatirələr burulğanında şirin xəyalları şahə qalxdı: “Lalə ilə bir sinifdə oxuyurdu, çox dəcəl qız idi, yetənə yetirdi, yetməyənə daş atırdı. Atası onu oğlan təbiətli böyütmüşdü, ən çox da oğlanlarla dava edirdi. Atası Ərşad müəllim məktəbin direktoru olduğundan məktəbin ərköyünü kimi ad çıxarmışdı. Onun sözünün üstünə söz demək olmazdı. Səkkizinci sinifdə oxuyanda bir gün Turalın dostunu nədən ötrüsə sinif yoldaşlarının yanında döymüşdü. Həmin vaxt Tural məktəbin idman meydançasında yuxarı siniflərin şagirdləri ilə futbol oynadığından hadisədən xəbəri olmayıb. Dostunu döyüldüyünü biləndə hirslənmiş, elə sinif yoldaşlarının yanındaca Laləyə şillə vurmuşdu. Lalə Turalın bu hərəkətini çaşqınlıqla qarşılasa da, deməyə söz tapmayıb sonda əsəbiliklə: “sən kimsən, kişimsən, məni vurursan?” – qışqırmaqdan başqa çarə tapmayıb üzünü çevirib getmişdi. O gündən Lalə bir daha heç kimlə dava etmədi, hamıyla mehriban davrandı, dəcəlliyi yoxa çıxdı, ağır oturub batman gəzdi. Sonralar “sən mənim kişimsən” sözləri bir dəfə də təkrar olundu. Onda artıq Lalə ilə Tural bir-birini sevirdilər. Tural əsgərliyə gedən günün əvvəlki gecəsi onlar Turalgilin bağında alma ağacının altında görüşdülər. Lalə başını Turalın sinəsinə qoyub xısın-xısın ağlamış, qulağına pıçıldamışdı: “İki il necə dözəcəyəm, mənim kişim?”. İndi yenə məktubunda “sən mənim kişimsən” yazıb”.
Tural həmin gecə çox rahat yatdı. Məktub onun qəlbindəki çətin açılan düyünləri açmış, gərginliyi silib-süpürmüş, inamını özünə qaytarmışdı.
Səhəri gün bölük avtomat silahdan atəş açmaq üçün təlim mərkəzindəki poliqona getdi. Tural beş güllə ilə əlli mümkün xaldan qırx səkkiz xal toplayıb birincilik qazandı. Gizir Klimenko bunu heyranlıqla qarşılasa da Turalın əlaçı əsgər olduğu günlər yadına düşüb sakitləşdi, yanına çağırıb təbrik etdi. Turalın üzündə xoşbəxtlik işığının bərq vurduğunu, qara gözlərinin sevincdən alışıb-yandığını təcrübəli gizir görməyə bilməzdi.
Aralarındakı yaş fərqini, komandir, əsgər sərhəddini bir kənara qoyub köhnə dostlar kimi danışırdılar. Söhbətin şirin yerində Tural döş cibindən çıxardığı məktubu Klimenkoya uzatdı. Klimenko məktubu əlinə götürüb o üzə, bu üzə çevirib içərisindəki şəklə baxdı:
-Ohoo, sənin Lalən budurmu?
-Yoldaş gizir, sevgilimdən gələn məktubdu. Sizin məsləhət və tövsiyələriniz işə yaradı, çox sağ olun, – deyərək gülümsər baxışlarıyla Klimenkoya minnətadarlığını bildirdi.
Klimenko, – əsl Şərq mələyidir, – söyləyib sözünə ara verdi, – bəs nə yazır, barışdınızmı, o oğlan kim idi?
Tural sıxıla-sıxıla sözünə davam etdi:
-Yoldaş gizir, həmin oğlan Lalənin ögey qardaşıdır. Lalənin atası Ərşad müəllimin cavanlıq səhvindən doğulub.
-Ərşad müəllim Bakıda Pedaqoji İnstitutda qiyabi təhsil ala-ala qəsəbəmizdəki məktəbdə müəllim işləyirmiş. İldə iki dəfə semestr imtahanlarına gedəndə bir ay müddətində tələbə yoldaşı Təranəgildə kirayənişin olurmuş. Təranənin qəlbində Ərşada qarşı sevgi oyanır, Ərşad da ona biganə deyilmiş. Günlərin bir günü Təranə ilə Ərşad şəhvət hisslərini cilovlaya bilməyib sevgi macərası yaşayırlar. Gizli sevginin nəticəsində bir oğlan uşağı dünyaya gəlir. Elə həmin vədələr Ərşad müəllimin valideynləri onu zorla əmisi qızı ilə evləndirirlər. Atası ilə aralarında qalın pərdə olan Ərşad Bakıda oğlu olduğunu deyə bilmir. Təranə Ərşadın evləndiyindən xəbər tutandan sonra “düz elədin, onsuz da mənim ömrümə az qalıb. Sevgimizin yadigarı oğlumuz mənə bəs edər”, – deyib kövrələrək köks ötürür. Ərşad müəllim nə illah eləyirsə Təranə dərdini dilə gətirmir. Növbəti semestrdə Bakıya gələn Ərşad müəllim Təranənin xərçəng xəstəliyindən dünyasını dəyişdiyini eşidib üzülür. Onun qəbrini ziyarət edib önündə baş əyir: “Sənin necə böyük ürəyin varmış, Təranə”.
Təranə işıqlı dünyasını zülmət aləmə dəyişməmişdən əvvəl oğlunu uşaq evinə verir ki, Ərşad ailəsində problemlər yaşamasın. Ərşad müəllim ha istəsə də oğluna sahib dursun, ancaq cürəti çatmır oğlunu uşaq evindən alıb ailəsinin yanına gətirsin. Düşünür ki, müəllim adına xələl gələr, el-oba tənəsi ağır şeydi. Bakıya gələndən-gələnə uşaq evinə gedər, oğlu ilə görüşərmiş.
Beləcə, illər ötür…
Allahin cəzasıdırmı, nədirsə, Ərşad müəllim əmisi qızı ilə evliliklərindən bircə uşaq dünyaya gəlir ki, o da Lalədir. Qadın neçə dəfə hamilə qalsa da, bətnindəki döl inkişaf etmir, tələf olur. Həkimlər bunu qan qohumluğu ilə bağlayırlar, həm də qan qrupları eyniymiş. Lalə də qardaş-bacısız böyüyür, başqa uşaqların çoxlu qardaş-bacılarının olduğunu görüb xiffət keçirir. Ərşad müəllim də qızını oğlansayaq böyüdür.
Bir gün Bakıdan Ərşad müəllimin ünvanına məktub gəlir. Məktubu alan arvadı göndərilən ünvanın uşaq evi olduğunu görəndə qəlbinə min cür fikirlər dolur. Ərini gözləməyə səbri çatmayıb məktubu açır. Beləcə Ərşad müəllimin illərlə gizli saxladığı sirri faş olur. İnsafən həyat yoldaşı da bu xəbəri hay-küylə qarşılamır. Uşağın anasının cavan ölməsi onu kədərləndirir, uşağa qarşı qəlbində mərhəmət hissi oyanır. Hətta bir neçə dəfə əriylə Bakıya gəlir, uşağa baş çəkir, ona mehri-məhəbbəti yaranır, birlikdə gəzintiyə çıxır, bir gecə də özləriylə saxlayırlar. Qadın həmin gecə uşaqla bir yorğan-döşəkdə yatır, səhər durub ərinə, – əmioğlu, onu bu gecə bətnimdən keçirdim, doğma oğluma çevirdim. Qızımıza qardaşdır, ona da analıq etmək borcumdur, – deyərək Ərşad müəllimin bütün nigaranlıqlarına son qoyur.
Klimenkonun səbri çatmır:
-Bəs sən bunları haradan bilirsən, sevgilin məktubda yazıb?
-Yox, bunları Lalə mənə çoxdan danışıb. Lalənin qardaşı uşaq evindəki məktəbi “əla” qiymətlərlə bitirir, Politexnik İnstitutda təhsil alır. Dostumun oğlanın mühəndis olmasını yazması düz deyilmiş, hələ tələbədir. Keçən yay qəsəbəyə gəlib yay tətili günlərini qardaş-bacı bir yerdə keçiriblər. Dostum da bunları dəqiq bilmədiyindən elə zənn edir ki, onlar sevgilidirlər. Lalə məktub yazmasaydı, həmin oğlanın kim olduğunu mən də bilməyəcəkdim. Lalə həmişə şəhərdə yaşayan qardaşından qürurla danışar, onu görməyi arzulayardı.
-Nə yaxşı ki, atası onu atmayıb. Qadına da əhsən ki, doğma balası kimi sevir onu. Deyirlər ki, ögey analar daşürəkli, əzazil olur. Görürsən, belə ögey analar da var, – Klimenko Lalənin şəklinə yenidən baxdı, – gözlərindən ağıllı qıza oxşayır, – dedi.
-Hə, bizim qızlar sevdiklərinə həmişə vəfalı olurlar.
-Bilirəm, bəs bura nə yazıb? – şəklin arasında yazılan sözləri anlamadığına görə soruşdu:
-Yoldaş gizir, yazır ki, “səni gözləyirəm, əsgər”.
-Tərcümə elə, nə deməkdir?
-Jdu tebe, soldat…
Təlimdən sonra Tural Lalənin göndərdiyi kəklikotundan dəmləyib bir fincan Klimenkonun kabinetinə apardı:
-Yoldaş gizir, kəklikotu çayıdır, Lalə məktubda göndərib. Bizim yerlərdə bitən şəfaverici yabanı otdur.
Kəklikotunun ətri Klimenkonun otağına dolmuşdu. Buğlanan çaydan starşina bir neçə qurtum içib “bəh-bəh” dedi…
Ədəbiyyatda və fəlsəfədə insan oğlunun varlığından bəhs edən cərəyana ekzistensializm deyilir.Latın dilində “exsistensia varlıq deməkdir və bu ədəbi-fəlsəfi cərəyanın əsas problematik mövzusu insanın mövcudluğudur.Fəlsəfə və ədəbiyyat tarixində insanın mövcud olması müxtəlif formalarla izah olunmuşdur.Məsələn,şərq fəlsəfəsində mövcudluq anlayışı “vücud” termini ilə ifadə edilir.Belə ki,əqidə alimlərinə görə varlığın iki forması mövcuddur:
1.Vacibül-Vücud
2. Mümkün əl- Vücud.
Molla Sədranın ekzistensializmi
Mümkün əl- vücud insanın və eyni zamanda bütün məxluqatın xilqətindən bəhs edən anlayışdır.Bu anlayışa görə insanın mövcud olmasının səbəbi vacibül-vücud yəni Allahdır.Çünki insanın mövcud olması Allahın azad iradəsindən aslıdır.Bir sözlə insan mümkün varlıqdır, mövcud ola da bilər,olmaya da bilərdi.Sözügedən anlayış Molla Sədranın fəlsəfəsində də geniş formada izah olunmuşdur.Sədranın hikmətil-mütəaliyə fəlsəfəsi qərb təfəkküründə transsendensial cərəyan olaraq qəbul olunur və bir çox fəlsəfəçilər onu şərq ekzistensializminin atası hesab edir.Sədraya görə bir nəsnənin varlığı(ekzistenisası) onun mahiyyətindən (essensiasından) əvvəl gəlir.Biz bu fikirə XX əsr qərb filosoflarından olan Jan Pol Sartrın “Varlıq və heçlik” əsərində də rast gəlirik.Lakin Sədranın Sartrdan fərqi onda idi ki,Sartın fəlsəfəsindəki azadlıq və özgələşmə anlayışı,Sədrada yox idi. Həmçinin,Molla Sədra varlığa mahiyyətin verilməsinin səbəbini Allahda görürdü, Jan Pol Sartr isə qeyd edir ki,varlıqdan əvvəl mahiyyətin olmamasının səbəbi Tanrının olmamasıdır.
Sədranın ekzistensializm metodunda bir digər fərqlilik də metempsixoz anlayışıdır.Belə ki,filosofa görə insan mahiyyət etibarı ilə gördüyü xeyir və şər əməllərə nəzərən mücərrəd dünyada ,yəni məad aləmində öz varlığını hazırlayır və ölən zaman onun mövcudluğu həmin bədənə köçür.İnsan nə qədər xeyir işlərlə məşğul olsa,məad aləmindəki bədəni də o qədər nurani olar. Molla Sədranın bu fikiri irfanda da öz əksini tapır.Məad anlayışını qəbul edən irfani cərəyanlara görə abid olan şəxs,dünyadan təcrid olmalı,ibadəti zöhdə əsaslanmalı və ən əsası öz məad aləmini və məaddakı cismini nuraniləşdirməlidir.İrfandakı bu təcridolmaya qərb fəlsəfəsində özgələşmə və yadlaşma anlayışları ilə paralellik təşkil edir.
Soren Kyerkaqard və ekzistensializm
Bir çox filosofların fikrincə,ekzistensializm cərəyanının atası danimarkalı filosof və teoloq Soren Kyerkoqordur.Onun “Qorxu və Titrəmə” əsəri ekzisensializm cərəyanı üçün ilkin başlanğıc hesab olunur.Sözügedən əsər İbrahim peyğəmbər və oğlu İshaqın sərgüzəştlərindən bəhs edir. Belə ki,əsərdə İbrahim peyğəmbərin Allahın əmri ilə oğlu İshaqı qurban kəsməyə aparması teoloji yol ilə təhlil olunmuşudur.Həmin hadisədə ekzistensial metod ondan ibarət idi ki,İbrahim dövrün və cəmiyyətin qanunlarını çeynəyir və bilavasitə Allahın əmrinə tabe olaraq oğlunu qurbangaha aparırdı.Biz bu situasiyada əsərin baş qəhrəmanının cəmiyyəti önəmsəməməsini müşahidə edirik.Eyni zamanda Sorenin digər təhlillərinə nəzər yetirdikdə İshaqın qüssəli,kədərli və pessimist olması qarşımıza çıxır.İbrahim bu əsərdə azad iradəli obrazdır və O öz azadlığı üçün oğlunu Allahın yolunda qurban verməyə hazırdır.Soren Kyerkeqor həmin əsərdə maraqlı bir mövzuya toxunur.O,söyləyir ki, “… İşləməyən çörək yeməz. Nə qədər qəribə olsa da,bu atalar sözü ən təbii şəkildə aid olduğu bu dünyaya tətbiq edilə bilməz, xarici aləm natamamlıq qanunlarına tabedir və burda dəfələrlə eyni şey təkrarlanır.Öz çörəyini işləməyən qazanır, hərçənd yatan işləyəndən daha çox bolluq içindədir… Ruh aləmində isə məsələ başqa cürdür.Burda əbədi ilahi nizam hökm sürür,burda günəş xeyirxah və bədxahlar üzərinə eyni parlamır,burda əziyyət çəkən öz bəhrəsini görür”. Soren Kyerkaqardın bu sözlərində dünyanın ədalətsiz və absurd olması ön plandadır.Biz bu fikirlərin əksini Albert Kamyunun absurdist ideyalarında da görmüşük.Belə ki,Kamyuya görə həyatın mənası yoxdur və mənasız həyatda məna axtarmaq özü mənasızlıqdır,gah30 yaşda öldün,gah da 70 yaşda bunun heç bir fərqi yoxdur. Mahiyyət etibarı ilə hər iki filosof bir-birləri ilə səsləşən paralel fikirlər söyləyirlər.Yalnız, əsas fərq budur ki.Soren Kyerkeqor axirət aləmini qəbul edir və mənanı orda görür,Albert Kamyu isə ateist olduğu üçün axirəti qəbul etmir və məsələyə nihilist yanaşır. Jan Pol Sartrın isə məna anlayışı bir qədər fərqlidir.Onun sözlərinə görə Dünya aporiori(təcrübədən əvvəl) dərk olunmazdır.Yalnız ,insan bu dünyaya hər hansı bir mənanı verə bilər.
Ekzistensializmin tüğyan etməsi və Jan Pol Sartr
Avropada sənaye inqabından sonra insanların yaşayış tərzi müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrün “baş bilənləri”nin fikrincə, Avropa zaman keçdikcə daha da inkişaf edəcək,çiçəklənəcək və cənnətə çeviriləcəkdi.Lakin bu tip fikirlər,alman filosofu Fredrix Nitşze tərəfindən qəti şəkildə rədd edildi.Nitşzeyə görə Avropa cəmiyyətinin həddən artıq inkişaf etməsi ümumibəşəri bir bəlaya səbəb olacaqdı.Filosofun bu sözləri 1914-cü il 28 iyul günü Frans Ferdinandın öldürülməsi ilə I Dünya Müharibəsinin başlamasında öz əksini tapmışdır. Müharibə bitən zaman cəmiyyət çöşük və yıxıntı dövrü yaşayırdı və bu yıxıntıdan qaynaqlanaraq dadaistlər və sürrealistlər eyni zamanda da dekadentçilər əsərlər yazıb yaratmağa başlamışdırlar.Belə ki, dadaistlər müxtəlif qəzetləri bir yerə yığıb parçaladıqdan sonra,onların təsadüfi seçilmiş fərqli parçalarını birləşdirərək xaosu ifadə edən əsərlər yazmışdırlar. Sürrealizm isə ilkin olaraq incəsənətdə ,daha sonra isə bədii ədəbiyyatda özünü büruzə vermişir.Bu cərəyanın nümayəndələri artıq xaosdan doğan real hadisələri qəbul etmir və realist dünyaya gerçəkliyin üst qatından baxırdılar. Dekadentizm isə həyatın absurdluğunu və insanın vəhşətini nəzərə alaraq Tanrı ilə zarafat edib,söhbətləşməyi daha məqbul hesab edirdi.Bütün bu cərəyanlar Avropada modernizm adı altında birləşmişdir ki,ekzistensializm də bu siyahıya daxil idi.Ekzistensializm cərəyanı II Dünya müharibəsindən sonra bədii ədəbiyyatda geniş formada tüğyan etməyə başlamışdır və bu ədəbi-fəlsəfi axının öndərləri Albert Kamyü və məşhur fransız filosofu Jan Pol Sartr hesab olunurdu.
Haşiyə:
Qeyd etmək lazımdır ki,biz şərti olaraq eksiztensializmi 2 hissəyə bölə bilərik.1. Teizmin təsir etdiyi II Dünya müharibəsinə qədərki dövr.2. Ateizmin təsir dairəsində olan və II Dünya müharibəsindən sonrakı dönəm.
Sartr mövcudluğu insanın azadlığında və azad iradəsində görürdü.Onun Varlıq və Yoxluq əsəri insanın azadlığını etiva edən fikirlər ilə zəngindir.Filosofa görə:
İnsanın mövcudluğu mahiyyətdən öncə peyda olur.
Əgər əzəli insan xisləti yoxdursa,əgər dünya öz-özlüyündə dərkolunmazdırsa,başqası insana nə əmr edə bilər,nə də haqq qazandırmağı bacarar.İnsan azadlığa məhkumdur.
Əgər insan azaddırsa,O ,tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır.
Əgər insan azddırsa,onun üçün nə xeyir ,nə də şər mövcuddur.Çünki insan yalnız özünə xeyir seçə bilər.
Azadlığın özü azadlığa gedən yoldadır.
Jan Pol Sartrın bu fikirləri bilavasitə müharibələrə,vətənpərvərlik,mühafizəkarlıq və milliyyətçilik kimi siyasi ideyalara qarşı idi.Onun zənnincə, bu tip siyasi ideologiyalara xidmət edən insanlar sürü psixologiyası ilə idarə olunur və azadlıqları əllərindən alınırdı.Məhz ,onda görə də insan bu ideyalardan təcrid olub özgələşməli və yadlaşmalıdır.
Anar yaradıcılığında ekzistensializm cərəyanı.
Dünya müharibəsindən sonra Avropada tüğyan edən ekzistensializm cərəyanı Azərbaycan ədəbiyyatına da təsir etmişdir.Bədii ədəbiyyatda ekzistensial obraza dair bir neçə xas xüsusiyyətlər mövcuddur ki,Anar Rzayevin yaradıcılığında biz bunu müşahidə edirik. Həmin xasiyyətlər bunlardır:
1. Obraz ölüm qorxusu ilə üzbəüzdür
2. Kədərli,pessimist ruhludur.
3. Özgələşdiyi üçün tənhadır
4. Cəmiyyətin fikirlərini önəmsəmir. Və öz azadlığı üçün hər kəsi qurban verməyə hazırdır.
5. Narsizmə meyillilik müşahidə edilir.
Anarın yaradıcılığında “Otel otağı”, “Mən sən o və telefon”, “Qırmızı limuzin”, “Ağ liman” və.s kimi əsərlərdə ekzistensializm cərəyanının qoxusunu hiss etmək mümkündür. Ədibin yaradıcılığı- ndakı “Qırmızı limuzin” əsəri sürrealist elementlər ilə başlayır.Belə ki, əsərin baş qəhrəmanı yuxuda bir məhəllə görür və həmin məhəlləni yadına sala bilmir,daha sonra isə bəhsigedən məhəllədə qarabasma kimi bir qırmızı limuzin peyda olur.Səhər saatlarında zəngli saatın onu oyatması ilə yuxusu bitir.Baş qəhrəmanın yuxusuna girdiyi qırmızı limuzini real həyatda ,daha dəqiq desək həyətdə,işdə, metronun önündə görməsi onu vahiməyə və qorxuya salır,sanki obrazımız ölüm qorxusu ilə üz-üzədir.Biz burda ekzistensial obrazın ölüm qorxusu məfhumunu müşahidə edirik.Obrazımız həddən artıq tənhadır.Bu tənhalıq onun tək yaşamasında, işə gedib- gələrkən yolda heçkimlə yoldaşlıq etməməsində görürük.Bu tənhalıq onu az da olsa,eqozimə sürükləyib.Eqoist olan insan da cəmiyyətin təfəkkürünə tabe olmağı özünə heç cürə sığışdıra bilmir. Əsər I Qarabağ müharibəsi dövründə qələmə alınmışdır ki, biz bunu maşının simvolik olaraq 19.91 rəqəmli seriya nömrəsinin 1991-ci ilə nisbət verilməsində müşahidə edirik.Halbuki, əsərdə həmin müharibədən bir cümlə də olsa bəhs edilmir, çünki əsər ekzistensial ruhludur və bu cərəyan cəmiyyətin təfəkküründə olan vətənpərvərlik və müharibə leyhdarlığına qarşı çıxırdı.Baş qəhrəmanımız həddən artıq pessimist obrazdır , əsərdə onun gündəlik həyatının təkrar və sıxıcı olması,katibə ilə ayrılarkən mənfi aurada olması obrazımızın neqativliyinə dəlalət edir.Əsərin gedişatında isə obrazımız qırmızı limuzin qorxusuna qalib gəlir və onunla üzləşmək istəyir.Lakin sonda qəhrəmanımızın əvvəlki ölüm qorxusu başına gəlir və o, maşında partlayaraq ölür. Ekzistensial obrazın ölümdən qorxması təbii haldır,çünki ölüm varlığın yaşamasına son qoyan yeganə vasitədir.Qeyd edək ki, limuzinin qırmızı rəng olması da təsadüfi hal deyil.Belə ki, qırmızı rəng qanı simvolizə edir.
Əsərdə baş qəhrəmanımız limuzini görən zaman özü-özünü sorğulamağa, real həyatdakı qırmızı limuzin ilə yuxudakı limuzin arasındakı hər-hansısa bağlılığın olmamasına özünü inandırmağa çalışır. Lakin hərşeyə biganə olan obrazımız, bu məsələyə də biganə yanaşır, bəzən də problemi yola vermək üçün özü-özünü aldadırdı. Əsərdəki bu situasiya bizə Soren Kyerkeqorun məşhur bir deyimini xatırladır: “ Hər kəs özü tərəfindən aldadılar”. Kyerkoqardın bu sözünü sanki Anar Qırmızı limuzin əsərindəki baş qəhrəman vasitəsi ilə nəsrə çəkmişdir. Hər bir insanın fitrətində eqoizm olduğu üçün ağılasığmaz hər- hansısa situasiya qarşısına çıxanda onu real baxış bucağı ilə dəf etməyə səy göstərir , çünki eqoizm həmin insanın təfəkkürünə təsir etdiyi üçün artıq eqo vasitəsi ilə hökm verməyə, problemdən çıxış axtarmağa və ya qeyri-adi bir anlayışı ya real baxış bucağı ilə yozmağa, ya da rədd etməyə çalışır. Qeyd etdiyimiz kimi baş qəhrəmanımız da eynən bu cürdür. O öz həyatında gördüyü limuzini, yuxusunda gördüyü limuzin ilə eyniləşdirmək istəmir. Hətta, bir ara qırmızı limuzinin varlığını “deyəsən şəhərdə qırmızı maşınların sayı çoxalıb” kimi sözlərlə inkar etməyə başlamışdır. Və bu tip sorğulamalar nəticəsində obrazımız özü-özünü Kyerkeqor demiş aldadırdı.
İstifadə olunmuş mənbələr:
Qorxmaz Quliyev – Dəlidən doğru xəbər. Mütərcim nəşriyyatı Bakı – 1999
Jan Pol Sartr- Varlıq və Yoxluq Qanun nəşriyyatı- Bakı 2012
Əli Əmininejad – İrfan elmi- Nurlar nəşriyyatı – Bakı- 2022
23 dekabr – dünyasını vaxtsız dəyişən yazıçı Afaq Nəbiqızının doğum günüdür. İşıqlı xatirəsini ehtiramla yad edirik!
AFAQ NƏBİQIZININ QEYBDƏN GƏLƏN SƏSİ
“Əlində inləyən tar nakam bir məhəbbəti aləmə car çəkirdi. Vaxtsız itirdiyi, amansız ölümün yarımçıq qoyduğu Afaq ömrünün fəryadıydı bu inilti, bir də…həsrətdən qovrulan türk kişisinin utanıb-çəkinmədən gözlərindən gilənənən duzlu göz yaşlarının dadına azacıq şirinlik gətirmək istəyindən yoğrulmuşdu bu inilti. Amma bu inilti sərinlik gətirmədi Səyadulla müəllümün qəmdən, kədərdən yoğrulan nisgil təşnəsinə…Yumulu gözlər indi öz aləmində idi-onunla keçirdiyi, çətin anlarda dərdini böldüyü,boy-buxunundan, qədd-qamətindən,gözəlliyindən qürrələndiyi,baxdıqca doymadığı onlu aləmində.Bu aləmdən, əlində bərk-bərk sıxdığı tarından Səyadulla müəllimi heç kim və heç nə ayıra bilməzdı bu məqamda ”.
Bu fikirləri qələm dostumuz-yazıçı, filoloq-alim Səfər Kəlbixanlı Azərbycanın dilbər guşələrindən biri olan Yardımlı rayonunun ziyalılarından-onların həyat yolundan, uğurlarından, bütövlükdə respublikamızın çiçəklənməsi üçün gördükləri müxtəlif istiqamətli işlərindən söhbət açdığı ”Sənsiz günlərim” (1997) adlı kitabında “Kərimli Səyadulla” oçerkində yazıb.
Bu yanğılı ovqat, vaxtilə ədəbiyyatımızın, mənəvi irsimizin, poeziyamızın, sözün geniş mənasında Sözümüzün dərsini aldığım hörmətli müəllimim, dostum, yazıçı, publisist Səyadulla Kərimlinin Afaq Nəbiqızı itkisini özündə ehtiva edir…
Afaq Nəbi qızı Cavadova 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləyib. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunub.
Afaq xanım Səyadulla müəllimin həyatından fiziki baxımdan ayrılsa da, onlar metafiziki bağlarla yenə birgədirlər. Ədəbi yolda da… Afaq Nəbiqızının “Qeybdən gələn səslər” adlı ilk kitabının ölümündən sonra, Səyadulla müəllimin təşəbbüs və səyi ilə içıq üzü görməsi və müəllifi olduğu, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş “Sarıcanın macəraları” adlı nağıl-povestin nəşrə hazırlanması dediklərimə əyani sübutdur.
Müxtəlif mövzularda yazılmış hekayələr və “Həmin sentyabr səhəri” adli povest daxil edilmiş “Qeybdən gələn səslər” kitabı 1990-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən çapdan buraxılıb. Kitabın “Ön söz” müəllifi Cavad Zeynal mərhum yazıçını təəssüf hissi ilə oxuculara belə təqdim edir: “Afaq Cavadova dünyaya söz demək üçün gəlmişdi, lakin o sözünü deyə bilmədi. Bu deyə bilməmək o biri deyə bilməməkdən deyildi. Yəni bu, onun özündən asılı olmadı…”
Hesab edirəm ki, S.Kərimli ilə A.Nəbiqızının yaradıcılığına da ayrı -ayrılıqda deyil, küll halında baxılmalı, ədəbi kontekstdə baxış müvazi, paralel olmalıdır.
Mərhum ədibimizin bədii sözü, əsərlərindəki sənətkarlıq xüsusiyyətləri, bütövlükdə yazıçı taleyi haqqında S.Kərimlinin fikrinin daha səmimi, daha dolğun, eləcə də baxış və yanaşma yöndənmənə məhrəm olduğunu nəzərə alıb müəllimimə istinad etmək istəyirəm .
S.Kərimli Afaqsız Afaqın 60 illik yubileyi ilə əlaqədar olaraq yazdığı, qəmli notların hakim kəsildiyi “O əsl qələm sahibi idi…” adlı məqaləsi (noyabr, 2011-ci il)ilə dünyasını vaxtsız dəyişmiş mərhum yazıçı Afaq Cavadovanı anmaqla, həm də onun ədəbi irsinə işiq tutur: “Keçən əsrin 80-ci illəri Azərbaycan ədəbiyyatı tarixində öz yeni dəst-xətti, yeni yazı manerası ilə seçilən xeyli gənc yazıçı bəxş elədi ki, onlardan da biri mərhum ədibimiz Afaq Nəbiqızı (Afaq Cavadova) idi. Lakin taleyin amansız əli ona çox tez, istedadının təzə-təzə çiçəkləndiyi, sənətə ilk addımlarını atdığı bir vaxtda uzandı; dünyasını çox er¬kən dəyişdi. …Cəmi 32 il ömür yaşadı. Əgər sağ olsaydı bu günlər onun altmış yaşı tamam olacaqdı.
Sağlığında – ölümündən qabaq dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdu. Ancaq bu hekayələr onun gələcəyin böyük yazıçılarından olacağından xəbər verirdi…
İlahi bir istedad, talant, təxəyyül vardı Afaqda. Bizim gündəlik müşahidə etdiklərimiz, gördüklərimiz, bəzən də belə desək, “görə bilmədiklərimiz” adi həyat həqiqətlərini o, elə duyub qavrayırdı, yaradıcılığında onları detallarına, incəliklərinə qədər elə təsvir edirdi ki, oxucu istər-istəməz bu “xırdalıqlar”, “əhəmiyyətsiz hesab etdiyimiz hadisələr” fonunda böyük ictimai bəlaların əsl mənbəyinin, kökünün şahidi olurdu…
Afaqın yazılarının ruhunda bir qeyri-adi müəllif özünə məxsusluğu vardır. Konkretlik, yığcamlılıq həm də bu müəllif özünəməxsusluğu tamamlayır. Təbii ki, bunlar həmin əsərlərin oxunaqlığını bir az da artırır, onları daha da rəvanlaşdırır və yaddaqalan edir.
Yuxarıda sadalanan məziyyətləri həm də Afaqın uşaqlar üçün yazdığı povest, hekayə və nağıllara da şamil etmək olar. Bu əsərlərin ideya, məzmun və qayəsi bəşəri xarakter daşıdığından, deyərdim ki, ondan dünyanın bütün uşaq və yeniyetmələri bəhrələnə bilər”.
S.Kərimlinin Afaq xanımın yaradıcılığının məziyyətləri haqqındakı qeydlərini eynilə özünə də şamil etmək olar. Bu da təbiidir. Axı onların “xəmiri bir yoğurulub.”
Afaq itkisinin acıları ilə üz-üzə qalan Səyadulla müəllim göyüm- göyüm göynərtilər közündə qovrula – qovrula yazır: “Afaqı…üçüncü uşağımız dünyaya gələrkən itirdim…
Deyirlər insanın həyatı qəribəliklərlə doludur. Bu qəribəliklər Afaqın da həyatından yan keçməyib. Anası dünyasını dəyişəndə onun beş, kiçik bacısının isə iki yaşı olub. Afaq da həyatdan köç edəndə böyük qızının beş, kiçiyininsə iki yaşı vardı. Anası da may ayının altısında torpağa tapşırılıb, Afaq da mayın altısında dəfn olundu…
Ölüm ayağında Afaqın güclə eşidilən son sözü, son kəlməsi, son pıçıltısı indi də qulaqlarımda səslənir: “Aynur məni soruşur?..”
Afaq əsil insan, böyük fəzilət sahibi idi. Yaxşı həyat yoldaşı olmaqla yanaşı, sədaqətli, etibarlı, qayğıkeş, mehriban bir dost idi. Səmimi etiraf edirəm ki, keçən bu illər ərzində mən təkcə həyat yoldaşımı deyil, həm də əziz dostumu itirmiş oldum…”
Səyadulla Kərimlinin ürək yanğısı ilə yazdığı bu sətirlədən ülvi məhəbbətin fonunda xisləti xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğurulan, məslək və amalı ülvi dəyərlərədən qaynaqlanan Afaq xanımın işıq saçan ömrü boy göstərir.
Leonardo da Vinçinin təbirincə desək: ”Mənalı yaşanmış hər bir ömür uzun ömürdür”.
Səyadulla müəllim ötən çağların xiffətitindən qəhərlənə -qəhərlənə Afaqlı günlərini yada salır:
-Gözəl gənclik çağlarımız idi. Tez- tez meşələrə, çay qırağına, bulaq başına, bir sözlə, kəndimizin görməli yerlərinə gəzməyə çixardıq. Gəzməkdən doymazdıq. Bədahətən deyilmiş aşağıdakı misralar da həmin günlərdən, anlardan yadigar qallıb:
Sərin-sərin səmasından meh əsdi,
Sürü keçdi, çoban yaman tələsdi.
Bir səs gəldi, dönüb baxdım, vələsdi,
Yardımlının qucağında dil açıb…
Ümumxalq dilinin zənginliklərini bilmək, incəliklərinə bələd olmaq və ondan istifadə bacarığı bədii yaradıcılığın mühüm tələblərindəndir ki, bu məziyyətlər qoşa qanadın –Səyadulla Kərimli və Afaq Nəbiqızının yaradıcılığında özünü bariz şəkildə göstərir.Milli düşüncə və duyum yaddaşı hər iki qələm sahibinin söz boxçasındakı büllurlaşmış nümunələrin mayasına hopmuşdur ki, burada yazıçı fəhmiylə hadisələrin ictimai mahiyyətinə varılır və fikir canlı nitq vahidi ilə zinətləndirilir, xalq ifadəsi ilə rövnəqləndirilir.
Qeyd edim ki, bu yazıda məqsədim heç də Səyadulla Kərimli və Afaq Nəbiqızının ədəbiyyatımızda yerini, mövqeyini müəyyənləşdirmək deyil; bu, sadəcə olaraq mənəvi ehtiyacdan doğan könül işi, böyük yunan filosofu Əflatunun qədimliyi qədərincə müasir səslənən ”Atam məni göydən yerə endirdi, müəllimim isə yerdən göylərə qaldırdı” müdrik kəlamının ehtiva etdiyi fikrə rəğmən öz düşüncələrimi qələmə almaq istəyim, rəğbət hissimi bildirmək üçün bir cəhddir…
İllərin axarı axır su kimi.
Bulanıq sular da axı durulur…
Ötən günlərindən peşmansa kimi,
Səninsə hər günün qürur doğurur.
Dünyanın təzadlı-ipək, tunc üzünə bələd, bununla belə ifrat dərəcədə sadə, duyğulu, humanist…fəzil xislətə malik olan S.Kərimli beyninin işığını, ürəyinin hərarətini öz yazıçı kredosu ilə sözə köçürməkdədir, Afaqsiz Afaqla… Axı Səyadulla müəllim, sən ki bələd bu dünyaya…
Afaq xanım Səyadulla Kərimlinin təkcə həyatında deyil, ədəbi taleyində belə silinməz iz qoymuş, qəlb yaddaşında kədərlə sevincdən yoğrulmuş hissə, duyğuya, xəyal həmsöhbətinə, röya səhnələrinin baş qəhramanına, əndişəli günlərində mənəvi ümid rəmzinə…ruhuna hopmuş ilahi sevgiyə dönmüşdür…
Mahir Allahverdi oğlu Cavadlı 27 fevral 1959-cu ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
MƏNİM ƏSGƏR BALALARIM
-Anacan, xahiş edirəm! – hündürboylu, hərbi forması əyninə kip oturmuş əsgər bir əli ilə ağzındakı maskanı burnunun üstünə çəkib, o biri əlinin işarəsi ilə ləpədöyəndən asfalt yola aparan narın qumlu cığırı göstərdi. Elə yumşaq tərzdə dedi ki, sanki böyük günah işlədir. Bir şey başa düşməyən nurüzlü ağbirçək heç nə olmamış kimi sıyıq dolu qaşığı uşaq arabasında rahatca uzanan körpənin ağzına apardı.
Uşaq sıyığını iştahla yeyib növbəti qaşıq üçün aşzını geniş açmaq istədi. Sübh çağınıın dəniz havasında, qulaqlarında ləpələrin həzin şırıltısı, mavi səmada dövrə vuran qağayıları seyr edə-edə yeməyinə nəyinsə mane olduğunu üzünə düşən kölgədən hiss elədi. Toppuş əllərini yellətdi, ayaqları ilə üstündəki nazik örtüyü atmağa çalışdı.
Nəhayət, üzünü bu yana çevirdi, gözləri günəş şəfəqlərinin qabağını kəsmiş təvərəmə papağın altından onu maraqla süzən gəncin baxışlarına dikiləndə, sanki nə isə anlamaq üçün hərəkətlərinə fasilə verdi və birdən daha bərk əl-qol atmağa başladı. Ona elə gəldi ki, əvvəllər zorla boğazına dürtülən, son bir neçə gündə, bu qumlu sahildə iştahla yediyi südlü sıyığını və süzgəcdən keçirilmiş şirin bibərini əlindən almaq istəyirlər. Ona bu iştahı bəxş edən mavi səmanın, qaqqıldaşan qağayıların, dan yeri şəfəqlərinin əvəzində qarışıq yaşıl, palıdı, bir az da bozumtul rəngli təvərəmə papağı görüb dodaqlarını büzdü, deyəsən ağlamağa hazırlaşırdı. Baxışlarını döndərib nənəsinin dümağ saçlarında sakitlik tapdı. Nənə ürəyinin dərinliyindən süzən şirin nəvə sevgisi ilə dodaqlarının azca tərpənişinə “can, bala!” ifadəsinə elə nəvaziş qatdı ki, dünyanın ən böyük möcüzələrini kəşf etmiş ən dahi alimlər belə ilk baxışdan adi görünən bu kiçik detalın sirrlərini açmaqda, yəqin ki, aciz qalardılar.
-Noolub, nəyi, niyə xahiş edirsən, ay sənin sərv boyuna, yaraşıqlı formana qurban olum, bala?!
-Çimərlik bağlıdır, ay nənə, dünən elan eliyiblər, dənizə gəlmək qadağandı, – əsgər bu sözləri deyəndə baş barmağının arxası ilə papağının altından alnına süzülən təri sildi, – Nənəcan, bir azdan komandir də gəlməlidi, sən Allah, gəl kömək eliyim, gedin burdan, bir az tez olun.
-Necə yəni dəniz bağlıdr, ay başına dönüm, niyə, suda əjdaha-zad var ki, yoxsa fırtına qopacaq?.
Bu vaxt uzaqdan çiyinlərinin ulduzları par-par parıldayan maskası çənəsindən gözünün altınadək örtmüş hərbçinin amiranə səsi eşidildi.
-Əsgər, nə durub gözünü döyürsən? Sənədlərini də yoxla, – dedi, o biri əsgərlərə də ucadan qışqırdı, – cəld tərpənin, tez zəncirvari düzülün, dəniz qırağında bir nəfər də qalmasın, sənədlərə, qeydiyyata diqqət yetirin. Qanunu pozanı dərhal mənim yanıma gətirin! Tez olun, tez, tez…
Əsgər vəziyyətin gərginləşdiyini hiss elədi. Yeməyi acgözlüklə hövkələyən körpəyə, hələ də nə baş verdiyini anlamayan nənəyə baxdı. Cavabını əvvəlcədən bilsə də soruşmaq xatirinə soruşdu:
-Axşam televizora baxmamısan, nənəcan, axı neçə gündü, deyirlər ki, karantin olacaq.
-Nə televizor, ay bala, indi heç cavanlar televizorda baxmağa bir şey tapmırlar, qaldı mənim kimi əldən-ayaqdan düşmüş, bir ayağı gorda olan qarı! Hə, camaat nəyəsə baxıb elə hey gileylənirdilər. A bala, day mən bu dünyanın işlərinə qarışası halda deyiləm.
Komandirin yaxınlaşdığını görən əsgər bir az ciddi görkəm alıb nənədən sənədlərini soruşdu.
-Sənədi neynirsən, ay qadan ürəyimə? Günün bu çağında, bu dənizin qırağında, bir mən nənədən, bir də bu tifildən sənəd istəmək kimin ağlına gələr belə? Axı, mən sənədi niyə götürməliyəm ki, qoca arvadam, salıb itirrəm, sonra da! Düzdü ye, çox heylə lazımım da olmur, yenə də…
-Nənə, vallah, necə deyim?!.. – Əsgər nəvazişlə – Bu koronavirus pandemiyasına görə yuxarıların qərarıdı. Biz də əmrə tabeyik, neyləyək.
-Nə kəkəliyirsən, əsgər, – yaxınlaşan komandirin səsi əsgərin qulağında cingildədi, qamətli, bir gözələ bəy ola biləcək gənci sanki yumağa döndərdi. Bilmədi ağbirçəyi müdafiə eləsin, yoxsa..
-Komandir…
-Nə komandir, komandir salmısan? Dur bu yana görüm ə!..
Gənc əsgər əmrə tabe olub bir addım geri çəkildi. Komandir əli ilə toqqasını düzəltdi. Qamətini şax tutdu, sağ əlini əsgərin papağından fərqli furajkasına aparıb hərbi salam verdi.
-Leytenant Kazımov! – özünü təqdim etdikdən sonra adəti üzrə “vətəndaş, karantin rejiminin tələblərinə uyğun olaraq….” sözlərini dilinə gətirmək istədi. Ancaq uşağa baxdı, son iki ayda cəmi üç dəfə görə bildiyi iki yaşlı oğlu yadına düşdü. Səsinin tonunu yumşaltdı, sakit tərzdə:
-Sabahın xeyir, ay nənə! – deyə bildi ki, bu da öz yerini komandirinə vermiş əsgərə xüsusi ləzzət və rahatlıq gətirdi.
-Ağibətin xeyir, mənim komandir balam! – deyib yaşarmış gözlərini uzaqlara dikdi. Körpəyə baxıb əlinin arxası ilə yanağından süzülən bir damlanı sildi: – Bir vaxt o bədbəxt də evə gələndə sənin kimi belə şux duruşda anasına raport verərdi, – pıçıldadı.
Zabit dərinə getmədən vəziyyəti izah etməyə çalışdı.
-Nənəcan, bax, səndən sənəd istəmirik, cərimə də eləmirik, vəziyyətlə bağlı karantin rejimidir. Çimərliyi də qadağan ediblər. Yəqin bağınız haradasa buralardadı, gəl bir nəfər verim, sənə kömək eləsin, gedin evinizə, çölə çıxmayın! Yaxşı, nənə, mən də sənin oğlun.
-Çox sağ ol, ay oğul! Bu əsgər balamız dedi, ancaq mən qanammadım. Mənim evim də, bağ-bağatım da, ay boyun qurbanı, o nankor erməniylə üz-üzə dayanan dağın döşündəki kənddədi. Bura da özüm gəlməmişəm. Gətiriblər, bu tifilə görə, kim gətirib heç adını da bilmirəm! Oturmuşdum gül kimi kəndimdə, bu dəqiqə də meyvənin bol vaxtıdı. Düzdür, hərdən o nankorlar topa-tüfəngə tuturlar. Ancaq noolsun ki, o boyda igidimdən artıq deyiləm ha!
-Kim gətirdib, hara gətirib, ay nənə, de çağıraq gəlsin, özü aparsın, ya aparaq onun yanına, ancaq burada vaxt itirməyək, rəhbərlik gələr, atamıza od vurar.
Ağbirçək təmkinlə yemək dolu qaşığı körpənin ağzına apardı, dərindən köks ötürüb ah çəkdi.
-Bala, elə məsələ burasındadır ki, bizi bura gətirəni də tanımıram, bağda bu şəraiti yaradanı da! Tanısaydım alnından öpərdim, doğma balam kimi bağrıma basardım, elə bilərdim ki, birini alan tanrı başqasını yetirib.
Bayaqdan əsgərinə acıqlanan zabitdən əsər-əlamət qalmamışdı. O, artıq veriləcək cəzanı da çəkməyə hazır imiş kimi ağbirçəyin sözünü kəsməyi belə ağlına gətirmirdi. Nənə isə qaşıqla yemək qabının dibini siyirməkdə idi. Qərbədir ki, uşaq da qımıldanmırdı, sakitcə öz işindəydi. Deyəsən, zabitin papağındakı ulduz diqqətini çəkmişdi.
-Hə, bala, bu uşağın atası aprel döyüşlərində şəhid olub. O günləri uşağı aparmışdım rayon xəstəxanasına. Orada da ağzı maskalılar çox idi, ağrın alım. Oradan da məsləhət gördülər ki, apar Bakıya! Hə, birtəhər tifili gətirdim Papanin deyilən yerə, hərbi qospitalı deyirəm, başqa haranı tanıyıram ki?!… Balam birinci dəfə yaralananda oralara çox gəlib-getmişəm. Sağ olsunlar, öz balaları kimi baxdılar. Bir də gördüm məni axtarırlar. Bir həkimin yanına apardılar. Çox mehriban qarşıladı, uşağı oxşadı, bir az kövrəldiyini də hiss elədim. Dedi, ay nənəcan, indi rayonda qarışıqlıqdı, uşağa da dəniz havası lazımdı. Dedim, ay həkim, vallah, ömrümdə dənizdə olmamışam. O da gülüb dedi ki, mən hamısını bilirəm, heç nədən narahat olma, sizə qulluq bizim boynumuzun borcudu. Sonra telefonu zəng çaldı, danışıb, tələsik sağollaşdı, geyinib “indi sizi mənim bağıma apararlar, mən gələnəcən orada qalın”, deyib çıxdı, elə o gedən getdi, bir də üzünü görmədim.
…Körpə qımıldandı, deyəsən, yeməyin arası kəsilmişdi. Nənə “Ay maşallah!” deyib nimçənin dibini sivirdi, dolu qaşığı növbəti payını yeməyə hazırlaşan nəvəsinin ağzına apardı. Deyəsən, qaşığın nimçə dibini sivirməsi uşağın da qulağına çatmışdı, üzünü çevirib, yastıqda başını rahatladı.
Nənə yaş dəsmal ilə nəvəsinin ağzını sildi, qab-qaşığı səliqə ilə büküb uşaq arabasının altındakı torbaya qoydu. Sonra “Ya Allah, özün kömək ol!” deyib ayağa qalxdı. Zabit uşaq arabasını fırladıb narın qumlu cığıra salanda nənə dillənmədən onun yanına düşdü.
-Hə, bala, sonra bir nəfər maşınla bizi bu bağa gətirdi. Yer-yataq göstərdi, yolda bazarlığa da saxlamışdı. İndi üç gündür burdayıq. Şükür Allaha, heç bir korluğumuz yoxdu. Ancaq bunu kim eliyir, niyə eliyir, anlamıram! Buraya gələnnən qoymurlar əlimizi ağa-qaraya vuraq. Adam xəcalət çəkir.
Asfalt yolu keçib üç yol ayrıcına çatdılar. Nənə bilərəkdən addımlarını yavaşıdıb, zabitin irəlidə getməsinə şərait yaratdı. Gənc oğlan yaşıl darvazanın ağzında ayaq saxladı. Sağollaşıb təcili xidmət yerinə qayıtmalıydı. Dünyagörmüş ağbirçək üzünü ona tərəf çevirdi, bir az əvvəl sahildən çıxıb getməyi tələb edən zabitə sual verməkdən çəkinmədi:
-Sağ ol, ay bala! Darvazaya birbaşa gəlməyindən belə anladım ki, bu bağın yolunu yaxşı tanıyırsan, bəlkə yiyəsini də tanıyasan?!…
Zabit xoş təbəssümlə:
-Tanıyıram, nənəcan, tanıyıram, – dedi, – bizim bağımızdır, bizim! Vaxtilə həkimlər mənə də dəniz qumunu məsləhət görüblər. Atam onda alıb. Özü aylarla bura gələ bilmir, o cəbhədən bu cəbhəyə qaçır. Evdə üzünü görəndə şükr eləyirik. Mən də onun kimi!
Sözünə bir qədər ara verdi. Qapını açıb ağbirçəyi içəri dəvət elədi:
-Sən narahat olma, elə bil öz evindəsən, nə lazım olsa, çəkinmədən de. İmkan tapan kimi uşaqları da gətirəcəm, bizim də, üzüm ayağınızın altında bir oğlumuz var, iki qardaş kimi bir yerdə oynayarlar. Mən də arxayın olaram ki, nənəsinin yanındadı.
Nənə taleyin bu qədərini gözləmirdi. Başını şax tutub gülümsəyən bu dünyagörmüş nənənin sual dolu baxışları daha çox mətləblərdən agah olmaq istəyinin ifadəsi idi. Xidmət yerindən nigaran zabitin isə bu mətləbləri açıqlamağa nə vaxtı vardı, nə də…
…Başlasaydı, uzun çəkərdi. Deməliydi ki, hələ mən anadan olmamışdan sənin oğlun mənim atamın əsgəri olub, qanlı-qadalı döyüşlərdən keçiblər. Şəhidlərin ruhuna and içiblər. O vaxtdan ta aprel döyüşlərinədək səngər dostu olaraq qalıblar. Deməliydi ki, oğlun şəhid olan gündən atam da sanki ölü kimidir. Sizin bu nəvəniz dünyaya gələndə nə qədər sevinmişdisə, aprel hadisələrindən sonra onqat, yüzqat artıq kədərlənmişdi döyüşçü atam. Zabit deyə bilmədi və deyə də bilməzdi ki, pandemiya dövründə bu cocuğun xəstəxanaya aparılması da, oradan guya göndərişlə hospitala gətirilməsi də, dəniz havası da atasının düşüncələrinin məhsuludur. Gənc leytenant, döyüşçü komandirin zabit oğlu kimi deməyə borclu olduğunu qısa və konkret, bir-iki cümlə ilə ifadə edə bildi:
-Nənəcan, sənin şəhid oğlun Horadiz döyüşlərində öz komandirini, yəni mənim atamı ölümcül vəziyyətdə səngərdən çıxaranda yaralanmışdı. Sənin o igid oğlun olmasaydı, indi nə mən vardım, nə də biz indi bu bağda idik. Ona görə də bura həm də sizin, bu balamızın bağıdır. Sizə qulluq etmək, vallah boğazdan yuxarı demirəm, bizim borcumuzdur.
O yan otağa keçib əlində bir fotoşəkillə geri qayıtdı. Atasının gənc əsgərlə çərçivəyə salınmış fotosuydu:
-Rəhmətliklə atamın şəklidir. Dünəndən Tovuzda bərk atışma gedir, atam da oradadır, – dedi, – qayıdanda hökmən baş çəkəcək. Eh danışılası o qədər söhbətlər var ki! Ancaq, nənəcan, hələlik bağda oturun, doğrudan da vəziyyət yaxşı deyil, Allah eləməmiş, uşağa bir şey olar.
Zabit nənənin əllərindən öpüb, mışıl-mışıl yatan uşağı təbəssüm dolu baxışlarla süzdü. Sonra adəti üzrə hərbi salam verib həyətdən çıxdı.
…Nənə iki igidin fotosunu sifətinə yaxınlaşdırdı, xəstə xalatından bilinirdi ki, hospitalda çəkilib. Əvvəlcə oğluna diqqətlə baxdı və indi anladı ki, oğlu bu yaşda olanda üzünü əməlli-başlı görə bilməyib. Onu doyunca görmək, oxşamaq istəyi həmişə ürəyində bir nisgil kimi qalıb. Toyundan sonra da cəmi bir həftə evdə qalmışdı. Bu tifil dünyaya gələndə ezamiyyət götürmüşdü, demişdi ki, bir ay qalacam. Onda da aprel hadisələri, Allah mərdumazarın bəlasını versin…
Ana oğlunun şəklini öpüb gözünün üstünə qoydu, “can, bala, yaralarına anan qurban!” – deyib ağladı. Baxışlarını fotodakı hərbi formalı gəncə yönəldəndə ona elə gəldi ki, sahildən bəri onunla söhbət edən zabit ona baxıb gülümsəyir.
…Şəkildəkiləri bir də öpdü, əli ilə tumarlayıb sinəsinə sıxdı, qəlbinin lap dərinliyindən bir pıçıltı dodaqlarına süzüldü: “Mənim əsgər balalarım!”
Həmişə atamın məzarını ziyarət edəndə sağ tərəfindəki boş yer diqqətimi çəkir. Açığı bir az da qorxuram, heç kimə demirəm. Birdən məsələ ciddiləşər. Amma deməsəm də, oğlanlarım və qohumlarımın seçdikləri ən münasib yer ancaq ora ola bilər.
Öləndən sonra mən şair kimi yaşaya biləcəyəmmi? Qəribə də olsa, bu barədə düşünürəm. Ciddi yox, elə -belə. Çünki nə olsa, ölməyi boynuma almıram. Bəzi şeyləri, reallıqları hesablayıram.
Keçək hesablamağa. Tutaq ki, mən öldüm. Onsuz da saytlar belə xəbərdən ötrü pul paylayırlar. Şəkillərim bir günlük saytların bəzəyi olacaq. Gör yadıma nə düşür? Tanınmış bir şair dostum ağır xəstə idi, saytların birinin baş redaktoru mənə zəng elədi ki, o şair ölən kimi tez bizə de, xəbəri ilk dəfə biz verək, yaxşı qonararın da olacaq.
Elə bil damarımda qanım dondu. Mən öləndə imkanım olsaydı, qabaqcadan kasıb bir jurnalistə deyərdim, o da sayta yazardı, babat qonarar alardı.
İndiyə kimi otuz səkkiz kitabım çap olunub. İlk kitabım “Yazıçı” da işıq üzü görüb. O vaxt düzün düz vaxtı o kitabı çap etdirməkdən ötrü düz on il növbə gözləmişəm. İndi evimdə cəmi bir nüsxə qalıb. Bilirəm ki, ölən günü bütün nəvələrim bizə gələcək. Həyat yoldaşım o bir nüsxəni də verəcək ağlayan uşaqların birinin əlinə. Adını da belə qoyacaq: uşaq babasının kitabını oynadan kimi sakitləşir. Bir azdan kitabımın cırılmış vərəqlərini külək qonşu həyətə yuvarlayıb aparacaq. Birinci kitabımın taleyi belə.
O biri kitablarıma gələk. Kiçik oğlum kitab sevən deyil. Onun fikrincə, ədəbiyyat-zad mənasız bir şeydir. Ona görə də ev bölgüsündə kitablarımı böyük oğlum tərəfə itələyəcək. Böyük oğlum yazıçıdır. O da heç vaxt mənim şeirərimi bəyənməyib. Guya mən həmişə Yazıçılar Birliyinin tərəfini saxlamışam. Hətta o mənim qəbrimi, şəkilli başdaşımı görüb heyrətlənməz. Qalır qızım. Bilirəm o mənim bir kitabımı götürəcək. Hey opüb ağlayacaq. Amma heç vaxt kitabımı çap etdirmək üçün imkanı olmayacaq. İstəyəcək, amma ildən – ilə saxlayacaq. Sonra isə tamamilə yaddan çıxacaq. Sonra böyük oğlum kitablarımı qoymağa yer tapmayacaq. Beləcə evdəki kitablarım bir – bir illərin arxivinə düşüb it – bat olacaq. Sonra evdə bir dənə də olsun kitabım qalmayacaq…
Evdən çölə cıxaq. Yaxşı dostlarım var. Onlar bir gün AYB-nin Natəvan klubunda ildönmümü qeyd edəcəklər. Bilirəm, on yeddi adam gələcək. Sonra dostlar da dəyişəcək: ya fikirlərini, ya da dünyalarını. Hər dostla yenidən öləcəm. Sonra ayrı adamlar gələcək ki, onlar da artıq məni tanımırlar.
Hərdən həyat yoldaşıma deyirəm ki, mənim video çəkilişlərimi yaxşı saxla. Bir gün mən həyatda olmayanda səni televiziyaya çağırarlar, səndən istəyərlər, sən də tapmazsan. Pis olarsan. Sənin pis olmağına dözə bilmərəm. Özüm də sağ deyiləm ki, durub yerini sənə göstərim.
Televiziyalar susacaq. Heç sağlığımda televiziyaya çıxa bilmirdim, öləndən sonra necə çıxa bilərəm ki? Heç sağ vaxtımda şeirlərimi dərsliklərə saldıra bilmirdim, mahnı bəstələmirdilər, kitabımı çap etmirdilər, öləndən sonra bunlar necə baş tuta bilər?! Gözlərinin qabağındaydım, məni unudurdular, bəs öləndən sonra necə görə bilərlər?!
Amma böyük oğlumun yubileyimdə kiçik, deyək ki, əlli altı səhifəlik bir kitabımı çap etdirmək ehtimalı var. Olsun. Onun təqdimatı da düşəcək bayram gününə, 5-6 adam gələcək. Bir iki xatirə, rəhmət-zad, filan.
Qeyri-hökümət təşkilatları, bələdiyyələr, hamısı isti yay günləri kimi gəlib gedəcəklər üstümdən. Eləcə istilərin altında baş daşımdakı adım intihar edəcək. Məni tanıyanlar da öləcək. Oğlum da, qızım da, arvadım da.
On beş ildən sonra kənd bələdiyyəsinin kəndin ortasında balaca bir büstümü qoymaq ehtimalı ola bilər. Orası da var ki, məni şair kimi təqdim etməyəcəklər; ya da ola bilsin ki, uşaq şairi kimi xatırlasınlar. Büstümün pyedestalını çox aşağı qoyacaqlar ki, uşaq kimi görünüm. Yəni baxça uşaqları və ya birinci sinif şagirdləri büstümü ziyarətə gələndə onlardan böyük görsənməyim, onlarla bir boyda olum. Guya böyük kimi görünməyə hələ yaşım çatmır.
Oğlumu büstümün açılışına çağıracaqlar, şübhəsiz ki, gəlməyə vaxtı olmayacaq. Qızımın da gəlməyinə həyat yoldaşı icazə verməyəcək. Nəvələrim xaricdə təhsil alırlar deyə artıq məni tanımırlar. Büstümün ətrafında susuzluqdan öləziyən bir– iki qızıl gül kolu ola bilər. Onu da kəndin qoyunları yeyəcək. Heç kəs məni tanımayacaq.
Beş ildən sonra kəndin baytar həkimi büstümü sökdürəcək, yerində baytar apteki tikdirəcək. Məni bir şey yandıracaq; büstümü aparıb qəbrimin üstə qoyan olmayacaq. Büstüm baytar aptekindən bir az aralı başı üstə dərin bir arxa düşüb qalacaq. Heç olmasa büstümü torpağa basdırmaq bir adamın ağlına gəlsəydi… Heç kimi istəmirəm, hamının əvəzinə bircə atam sağ olsaydı, o büstümü aparıb qəbrimin üstə qoya bilərdi, hökmən qoyardı.
Bu günlərdə Azərbaycan poeziyasının bənzərsiz nümayəndələrindən olan görkəmli şair, rəssam Adil Mirseyidin “Son şeir, son vəsiyyət” kitabı nəşr olundu. İçimdən Adil Mirseyidlə həmsöhbət olmaq istəyi keçdi. Beləcə, “Sənət hücrəsi”ndə qara sevdalar şairi ilə bir xeyli dərdləşdik. Ruhlarla həmsöhbət olmaq çətindi, onlar hər çağıranda insanla görüşə gəlmir. Adil Mirseyid isə qədimdən qədim uşaq təbəssümü ilə bu görüşə razılıq verdi. Və dedi: “Dünyanın harasındasa çiçəklənmiş alça ağacına baxıb dost kimi gülümsəyən bir dərviş görsən, ayaq saxla, yan keçmə, o dərvişə salam ver. Və mütləq gülümsə…”.
Bu görüşün məmnunluğu içində gülümsəyirəm…
– Salam, Adil müəllim.
– Əleykümsalam. Gəl gedək “Paradizi” kafesinə, bir az ömür karuselində fırlanaq. Orda “Ay sonatası”nı da dinləyərsən, ruhun dincələr.
Bir kafeyə girdik biz axşam işıqlarıyla
yağmur bayırda qaldı
pəncərə önündə boş masa bulduq
qara qəhvə çox dadlıydı o gecə.
– Adil müəllim, siz həm şair, həm də rəssamsınız. Bənzərsiz üslubunuz sizi həm rəssamlıqda, həm də poeziyada avanqardizmin nümayəndəsi kimi tanıdıb. Nə vaxtsa proza ilə məşğul olmaq, nəsr əsərləri yazmaq istəmisinizmi?
– Sənətkar ömrünün poeziyası ilə yanaşı, prozası da var. Sənətkar ömrünün prozasını özüylə qəbir evinə aparır.
– Deyirlər, şairin taleyi olmalıdır. Sizin üçün şair taleyi hansı anlam kəsb edir?
– Bir qaraçı nəğməsidir bu dünya
dünya ürəyinə yatırmı, Qoyya
gecələr dəli ilham
çarmıxa çəkəndə səni içindən
qupquru gözlərindən
dupduru gözlərindən
göz yaşların görünmədən
içinə axırdımı, Qoyya
barmaqların necə
ürək sözə baxmayanda
barmaqların sözə baxırdımı, Qoyya
bir qaraçı nəğməsidir dedim bu dünya
dünyada bu dünyada
şair ürəyilə yaşamaq ağırdımı
Qoyya, Qoyya
Qoyya, dəli Qoyya
niyə belə gözəldi dünya…
Bu şeiri 1981-ci ildə yazdım. Bu şeiri yazana qədər demək olar ki, yalnız rəsmlərindən (reproduksiyalarından) tanıyırdım Qoyyanı. Şeir 1981-ci ildə “Ulduz” jurnalının 10-cu sayında çap olundu və mən Leon Feyxtvangerin “Qoyya” romanını 1985-ci ildə oxudum. Oxudum, heyrətləndim və təəccübləndim – rəsmlərdən oxuduğum tale rəssamın gerçək taleyilə üst-üstə düşürdü. Həmin axşam, həmin anda bilmirəm nədənsə, birdən-birə qorxutdu məni şair taleyi… Mən taleyə asi bir türk oğlu türkəm. Şair doğulan insan oğlunun könlündən zaman-zaman göy üzünə dönmək arzusu keçir. Şairlərin göy üzünə dönmək amacı nədir, görəsən? Hərdən “Tanrım, məni göy üzünə döndər” deyə dualarımın arasında pıçıldayıram və öz səsimdən diksinirəm. Şair ömrü bir kəpənək ömrüdür. Poeziya adi dilin fövqündə olanı, təbir-caizsə, dillə deyilə bilməyəni bəlağətli şəkildə ifadə edə bilmək möcüzəsidir. Şeirin möcüzəsi şair ürəyidir. Bir şairi öz şeirlərindən ən gözəl nə anlada bilər? Şeir şairin ürək döyüntülərini əks etdirən kardeoqramdır. Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm. Bülbül yuvasıdır şair ürəyi. Şair ürəyinə toxunmaq bülbül yuvasını dağıtmaq kimi bir şeydir. Özünüzü bu günahdan qoruyun. Mən uzun illərdir insanlar arasında ruh kimi yaşayıram.
– Bəs rəssamlıq sevdası?
– Norveçli simvolist rəssam Edvard Munk deyirdi ki, mənim sənətimin kökləri dünya ilə mənim aramda olan anlaşılmazlığı daha aydın izah etməyə gedib çıxır. Rəssamlıq mənim üçün xəstəlikdi, məhbəsdi. Bu xəstəlikdən şəfa tapmaq istəmirəm, bu məhbəs mənim üçün vacibdir. Mən də o məhbəsdə illər uzunu səadət aradım, amma onu da bilirəm ki, səadət nəsib olmur şair doğulanlara. Şair demişkən, “pakoy nam tolko snitsya”. Şair özünü unudanda böyük poeziya yaranır, rəssam aqillə aqil, məcnunla məcnun olanda, predmetlərin içinə girəndə rəssam olur. Əgər bizi əhatə edən aləm sənətkar ürəyində əks-səda doğurursa, artıq o, əlinə fırça alıb öz dünyasını yaradır. Fırça, kağız, kətan, tuş, boya isə təsviri sənətin texniki tərəfinə aiddir, gerçək sənətin toxumları isə insanın qəlbində, ürəyində cücərir. Rəssam hələ əlinə fırça almamışdan qabaq rəsm əsəri özü-özlüyündə rəssamın ürəyində yaranır, yalnız bundan sonra sənətkar gəldiyi abstrakt psixoloji durumda yaradıcılığa qurşanır. Görünən və görünməyən dünya bizim ürəyimizdə buluşur.
– Deyirlər, Adil Mirseyid Parisdən, dünyanın böyük şəhərlərindən elə yazır ki, sanki o yerləri gözüylə görüb. Bunun sirrini aça bilərsiniz?
– Hələ lap uşaqlıq illərindən böyük şəhərləri böyük oğullarıyla – sərkərdələriylə, cəngavərləriylə, ən çox da rəssamları və şairləri ilə tanımışam və sevmişəm. Sevdiyim şairlər, heyran olduğum rəssamlar sevdirib mənə Venetsiyanı, Parisi, Xirosimanı, Münheni, Arl üzümlüklərini, İstanbul minarələrini. Bir zamanlar mənə elə gəlirdi ki, əvvəlki həyatımda Fransada doğulmuşam, xəyallarımın ölkəsi Fransanın cənubunda yaşamışam. Uşaqlıqda Şarl Perronun nağıllarını oxuyurdum, bu əsrarəngiz nağıllar aləmində gündə bir buğda boyu böyüyürdüm. Rəssamlıq məktəbində təhsil alanda özümü əməlli-başlı imperialist hesab edirdim və haçansa mütləq Parisi görəcəyimə, bu şəhərdə yaşayacağıma dəlicəsinə inanırdım. Amma xəyalıyla yaşadığım o böyük şəhərləri görmək mənə nəsib olmadı.
– Dostoyevski deyirdi ki, “gözəllik dünyanı xilas edəcək”. Siz necə düşünürsünüz?
– Dostoyevski ilə mübahisəyə qalxmaq mənim həddim deyil, amma mən heç bir zaman onun kimi ümidvar olmadım. Düzdür, lap gənc çağlarımda mən də fanatik idim, şeirlərimin bu dünyanı dəyişəcəyinə bel bağlayırdım. Bəzən düşünürəm ki, gözəllik yasaq meyvə kimi bir şeydir, onun içində günah gizlənib. Bəlkə də gözəllik, kamillik hardasa bir qədər təhlükəli nəsnədir.
– Ölümdən sonrakı həyata inanırsınız?
– Əsl sənətkar ölümündən sonra ikinci dəfə doğulur. Doğulur və bu dəfə ölüm ondan yan keçir. Mən ölümündən sonra doğulan sənətçiləri sevirəm. Sevirəm demək azdır, diz çöküb onların ruhuna dua edirəm. Dualarımın Tanrı dərgahına çatacağına şübhəm belə yoxdur. Əgər səsimin eşidilməyəcəyinə şübhə etsəydim, əlimə qələm almazdım, ulduzlu göylərin altından bir könül xoşluğu ilə keçməzdim. Bəzən Tanrı üçüncü göz verir insan oğluna. Üçüncü göz ancaq peyğəmbərlərə və şairlərə nəsib olur. Mən alın yazımı yazan adamam. Təəssüf ki, bəzən sənətkarın yaradıcılıq ömürlüyü, bioqrafiyası, alın yazısı yarıda qırılır. Eynən yarımçıq nəğmə kimi, tamamlanmamış tablo sayağı. Mən o adamlardanam ki, Şairin qeyri-adi məxluq olduğuna şübhə etmirəm. Şairin istisnalıq hüququnu müdafiə edirəm. Şair ömrü yaşamaq qaranlıqda qıl körpüsündən keçmək kimi bir şeydi. Bilirsən, əzizim, sənət adamlarının bioqrafiyası sənədlərdə qeyd olunmuş kənddən, şəhərdən, doğulduğu tarixdən deyil, onun yaradıcılıq ömürlüyündən, əsərlərindən – şeirlərindən, rəsmlərindən, musiqisindən başlanır. Və bu, ilahi bir başlanğıcdır. Bütün ilahi başlanğıcların siqlətində bir kədərli dram, bəlkə də faciə aurası mövcuddur. Sənət gün işığı kimi ölməzdir. O, torpağa gömülmür, o, ölümsüzdü. Və əsl sənət həmişə xeyirə tapınır.
– Özünüzlə təkbətək qalanda hansı sualları verirsiniz özünüzə?
– Hərdən öz könlümdən soruşuram ki, mənə məlum olan daha nələr var dünyada? Və bu dünyada bir şair taleyi yaşamaq mənim alnıma yazıldı. Haradasa, kimsə alın yazısına düzəliş etmək arzusunda bulunur. Mənim içimdə belə bir istək olmayıb və olmayacaq. Mən mütləq azadlığın tərəfdarıyam və mən öz ideoloji və estetik dünyagörüşümü müdafiə edirəm. Fransız Klod Simona görə, azadlıq absolyut yaradıcılıq azadlığından önəmli deyil. Bəli, mən də bu həqiqətlə şərikəm. Hərdən də düşünürəm ki, biz hamımız, sən də, mən də, küçədən keçən o yad adamlar da həyat adlı filmin personajlarıyıq.
– Adil müəllim, biz xeyli müddət sizinlə Buzovnadan şəhərə elektrik qatarında eyni yolu gəlmişik. Mən sizə yaxınlaşmağa cürət etməmişəm. Sizin sükutunuza toxunmağa ürək eləməmişəm. Nə görünürdü o qatarın pəncərələrindən? Hansı mənzərələri yaddaşınıza köçürürdünüz?
– Hə, kaş ki, yaxınlaşaydın. (Gülümsəyir). Biz ruh adamlarıyıq, yəqin ki, bir-birimizi anlayacaqdıq. Bilirsən də, bir zamanlar mən şəhərətrafı qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə elektrik qatarı ilə gəlib-gedirdim. Sən də məni kənardan izləyirmişsən. Hələ də bilmirəm ki, nədənsə, həmişə üçüncü vaqona minərdim. Yəqin, sən də həmin vaqonda gedib-gəlmisən. Qatar pəncərəsindən görünən mənzərələr sürətlə bir-birini əvəzləyərdi. Hər gün gördüyüm adi mənzərələr hər dəfə təzə biçimə, hər dəfə fərqli bir koloritə düşərdi. Lap Tarkovski filmlərinin mənzərələri kimi. Yəqin ki, “Səhər qatarı” şeirimi oxumusan.
Səhər qatarı keçir Zuğulba stasionundan
dörd yaşıl vaqon uzaqlaşır səssizcə
üçüncü vaqonda yol gedəydik bu səhər
on yeddi yaşımla mən
bir-birimizə göz vurardıq hərdən
qızıl eynək taxaydım
qatar pəncərəsindən ağaclara,
buludlara baxaydım.
Səhər saat beş, qırx beş, saat altı, altı on
ötüb-keçdi dörd vaqon
qaranquşlar oyandı, qaranquşlar oyandı
dəniz göy üzüylə birləşən yerdə
üfüq pərdə-pərdə qana boyandı
may səhəri, may səhəri
nədən mənim boğazımda yaşıl alça qəhəri.
– Tarkovskinin filmlərini çox sevirsiniz?
– Tarkovski filmlərinin qəribə mənzərələri sirli, müəmmalı insan qəlbinin maddiləşmiş görüntüsü təsiri bağışlayır. Salvador Dalinin, Corce de Krikonun, Rene Maqrittin sürreal tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin şeirləri də mənim qəlbimdə belə bir ovqat yaradır. Adlarını sadaladığım insanlar mənim dostlarımdır. Tarkovskiyə gəldikdə isə, mistik dünyaya bələd olmayan, naturanın yalnız zahiri görünüşünə uyan, onun mahiyyətinə varmayan və ya vara bilməyən adam onun filmlərinin kodunu aça bilməz.
– Tarkovskinin filmləri dediyiniz kimi, çətin anlaşılırdı. Siz də avanqard sənət cərəyanını təmsil edirsiniz və sizin şeirlər kütləvi oxucu üçün deyil, müəyyən qədər hazırlıqlı, modern şeiri anlayan oxucular üçündür. Bu, sizi narahat etmir ki?
– Qətiyyən. Bəzən insanların nadanlığı ilə üzləşəndə susmuşam. Susmuşam və məni naşı biliblər, amma mən naşı deyiləm. Mən azad adamam, azad adamın çəkdiyi, çəkə biləcəyi çilələri mən də yaşadım. Mən Stalkerəm.
– Adil müəllim, uşaqlığınızı necə xatırlayırsınız?
– Mənim uşaqlıq adlı aləmimdən yaz fəslində meşə rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin pəncərəsində yağış yağır. İndi çox uzaqlarda yeddi dəniz, yeddi dağ arxasında qalmış uşaqlıq illərimi xatırlayanda orda dənizlərin dağların arxasında gecələr bədirlənmiş Ayın ovsunlayıb arxasınca daha gözəl bir dünyaya apardığı qanadlı bir çocuq görürəm. O qanadlı çocuğun arxasınca yüyürürəm. Ay gedir, çocuq gedir, mən də onların peşindəyəm. Amma heyhat, birdən-birə o çocuğun ayaqları yerdən üzülür, sonra o, Ay işığına qarışıb gözdən itir. Bu mənzərə nə röyadır, nə də xəyal. Bu mənzərə reallıqla irreallığın qovuşağıdır. Şair doğulan bəndə reallıqla irreallığın qovuşağında yaşayır. Uşaqlıqda pəncərə şüşəsinə çəkdiyim rəsmləri xatırlayıram, gecələr o fantastik rəsmlərə Ay işığı düşərdi. Ay mənim əlimdən tutub pəncərə şüşəsinə rəsmlər çəkərdi. Mən güzgülərlə oynayan uşaq kimiyəm, bir güzgünün içindən çıxıb başqa bir güzgünün içinə girmək mənim ən sevimli məşğuliyyətimdir. Mən güzgüdəki adamam. Ay bədirlənəndə mənim ruhum bədənimdə oynayır, metafizik bir zamansızlıq aləminə düşürəm, yalquzağa dönürəm. Mənə elə gəlir ki, min illərdi bu Yer üzündə ömür sürüb yaşayıram.
– Dahilik Allah vergisidir, yoxsa divanəlik?
– Yapon fəlsəfəsinə görə, şair təbiətlə insanlar arasında mediumdur. Mən şairin medium olduğuna, ruhlarla insanlar arasında vasitəçilik etdiyinə inanıram. Yaradıcılıq psixologiyası nə qədər araşdırılsa da, yenə bir müəmma olaraq qalır. Yaradıcılıq insan qəlbinin xüsusi vəziyyətidir. Müdriklər bu psixoloji vəziyyətin dəliliyə, divanəliyə çox yaxın bağlılığını zaman-zaman, dönə-dönə vurğulayıblar. Mübahisələr hələ də davam edir və sonu görünmür. Araşdırsaq, dahi şəxsiyyətlərin bir qədər anormallığı haqqında ilk dəfə Çezare Lombrozonun “Dahilik və divanəlik” kitabında rast gələrik. Sənin sualın mənə bu kitabı xatırlatdı. Lombrozodan günümüzə qədər bu mövzunun çeşidli versiyaları mövcuddur. Dahilik fenomenini mediumizmlə bağlayanlar nə dərəcədə haqlıdır? Biz bu sualın cavabını bilmirik, bəlkə də bizim intellektimiz hələ çox bəsitdir. Bəlkə bu, hələlik belədir, bəlkə zamanla insan təhtəlşüurunun gizli qatlarına varacaq, hələ bir elm sahəsi kimi etiraf olunmamış mediumizm psixologiyasını çözəcək. Mediumizm, ingilis dilində “çenpelninq”, bədii yaradıcılıq prosesi zamanı insanın öz tənini ötürücü qisimdə başqa aləmlərdən gələn informasiya axınının öhdəsinə buraxması kimi yozula bilər. Bu informasiyalar şeir, nəsr, musiqi, rəsm şəklində transformasiya olunur. Bəzən insan şüurlu şəkildə bu informasiyaları qəbul edir və ötürür. Amma bəzi məqamlarda bu proses insan iradəsinin dışında baş verir. Çox qəliz mətləblərə gedib çıxdıq, deyəsən.
– Öz təcrübənizdə bu hal necə baş verir?
– Mənim poetik təcrübəmə güvənsək, ilk misra qeybdən gəlir, ikinci misranı içimdəki mən yazır. Şairlər var ki, ilham pərisi onların qulağına nəğmələr pıçıldayır, rəssamlar var ki, kimsə onun əlindən alət kimi istifadə edir. Mənim də həyatımda belə məqamlar olub, bəzən rəsm çəkdiyim zaman, sanki kimsə əlimdən tutub, fırça özü rəsm çəkir, kətan və ya kağız üzərində obraz doğulur. Bu məqamda bəlkə susmaq məsləhətdir, mən susuram. Susuram və zikr eləyirəm – “qərib səs qeybdən gəlsə yaxşıdır…”.
– Hansı rəssamların əsərlərini bəyənirsiniz?
– Çağdaş Azərbaycan rəssamları Mircavadın, Kamal Əhmədin, Əbülfəz Fərəcoğlunun, Fikrət İbrahimlinin, Nəvai Mətinin və indi adlarını çəkmədiyim sənətkarların tablolarında gördüyümüz mənzərələr bizi daha gözəl bir dünyaya səsləyir və biz o səsin peşinə düşüb yuxuda gəzən adamlar kimi söz-söz açılan göy üzünə doğru gedirik. Bədirlənmiş Ay yalnız metafora deyil, bədirlənmiş Ay metafizik dünyanın simvoludur. Şairləri də xatırlayaq da. Ay kimi işıq saçan, gün kimi batan şairləri də xatırlayıram. Xəyalımda bir səhnə canlanır – Ay işığı içindən qərib atlılar keçir, – atlılar, ay atlılar, atları qanadlılar…
Mənim suallarım bitir. Şair asta səslə qarsonu səsləyir. Qəhvəmiz təzələnir.
Uzun yolun sonunda
rəssamın son təbəssümü
diksindirdi ölümü.
Hələlik, şair! Görüşənədək! Bizdən ordakılara salam de. Sən Haqq dərgahındasan, biz isə hələ Fəna fasiləsindəyik!