Mən bir payız yolçusuyam

***

Mən bir payız yolçusuyam,
Küləyim var,yağışım var,
Enişim var,yoxuşum var,
Hər açılan səhərlərin,
Hər qaranlıq gecələrin
Yanağında göz yaşım var.
Baxışımda xatirələr,
Kirpiyimdə qəm gül açıb.
Başımın üstündə səma,
Ayağım altdan yer qaçıb.
Sazaq vurub ürəyimi,
Bir də çətin oda düşə.
Bir də çətin sevdalana,
Bir də çətin bəndə düşə.
Hələ mənim irəlidə
Xəzan donlu,yaz həvəsli
Arzularla savaşım var.
Məndən uzaq dur,ay adam,
Mən bir payız yolçusuyam,
Sənin mənlə nə işin var?

***

Bu gələn payız da mənə bənzəyir,
Dumanı tanışdı,çəni tanışdı.
Bulud gözlərindən ayrılıq yağır,
Həsrəti tanışdı,qəmi tanışdı.

Başdan ayağacan bahar xəstəsi,
Təpədən dirnağa vüsal acıdı.
O da mənim kimi Sözə qaçandı,
O da mənim kimi masal acıdı.

Dolaşır arzular əl-ayağına,
Bir arzu içindən min xəzan baxır.
Sevdalar oyanır daş yuxusundan,
Xəyallar uzaqdan yarımcan baxır.

Gör necə bənzəyir bu payız mənə,
Ürəyi nigaran,hissi yarımçıq.
İkimiz əl-ələ verib gedirik,
Gedirik küləyə,yağışa acıq.

***

Əvvəlcə baxışların soyudu,
Sonra əllərin.
Sonra sığalını yadırğadım,
Sonra səsini.
Sonra dəniz çıxdı yadımdan,
Sonra sahil,
Sonra o ağac,
Sonra ağaca söykənən skamya,
Sonra qarğalar.
Sonra gülsatan qadın,
Sonra əlindəki orxideyalar.
Sonra sallana-sallana yanımızdan keçən bulaşıq küçə iti
Qarabaş adında,
adını biz qoymuşduq,
yadında?
Sonra gəmi fiti,
Sonra arxamızca əl sallayan uşaqlar,
Sonra uzaqlar.
Sonra təzə görüşlər,
Təzə sevdalar.
Eh,bütün sonralar səndən sonra başladı,
Sonra bir birinə bənzədi bütün “Əlvida”lar.

***

Yenə payız gəlincə
Yarpaqlar budaq-budaq
Ağaclardan küsəcək.
Yenə dəli küləklər,
Yenə leysan yağışlar
Küçələrin,yolların
Nəfəsini kəsəcək.
Heç gedən baharın da
Arxasınca ürəklə
Su səpən olmayacaq.
Beləcə yağış-yağış,
Beləcə külək-külək
Bu şəhər bu payızın
Nazıyla oynayacaq.
…Hələ yasaq sevdalar,
Hələ günah keçisi.
Hələ bomboz tənhalıq,
Hələ dəli darıxmaq,
Hələ payız gecəsi…

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir