Etiket arxivi: Əzizə Əliağayeva

Aziza tribunada

YAZARLARIN TRİBUNASI

Bizim ədəbiyyat adamları nə zaman müsahibələrdə, verilişlərdə ədəbiyyat, ədəbi proseslər barədə danışacaq, görəsən? Bezmişəm daha – girib ədəbiyyat haqqında yox, yazıçının problemləri, həyatı, kişi-qadın məsələləri, mentalitet, dəyərlər barədə oxumaqdan. Ədəbiyyat barədə verilən suallara da cavabları çox primitiv qalır. Təsəvvür et: o qədər sual soruşursan, arada da ədəbiyyat barədə həmişə verilən suallar. Təkrarlanan cavablar, təkrarlanan əsərlər, təkrarlanan tənqidlər.
Psixoanalitik ədəbiyyatda deyilir ki, yazıçı oxucunun mütaliə prosesi barədə çox danışmamalıdır. Oxucu ilə əsər arasındakı rabitəni demirəm, o başqa məsələdir; mütaliə isə fərdi prosesdir. Bizim yazıçılar oxucuların işlərinə də şiddətlə qarışırlar. Sonra müsahibədə yazıçıdan soruşanda ki, “ən sevdiyiniz yazıçı kimdir?”, Hüqo deyir.

Axundov olsaydı, bu mühitdən bezərdi; gərək öz cığırından başqa, yeni bir cığır da açardı. Görəsən bilirdi ki, öz cığırı da təqlidçiliyin zirvəsində olacaq? Ya da bilmirdi ki, “Nəsr və nəzm haqqında” məqaləsində Füzuli haqqında tənqid yazarkən gələcəkdəki vəziyyət dəyişməyəcək? ədəbiyyatda, ədəbi tənqiddə bizdən danışılanda niyə bu qədər təqlidçilik var?
Məsələ ondadır ki, Azərbaycan yazıçısı nə zaman bu blokadadan çıxacaq? Dünyadakı ədəbi proseslərə də qiymət verməyə çalışacaq, müqayisəli ədəbiyyatdan istifadə edəcək və s.
İndi bir-iki ad çəkəcəksiniz, bilirəm. Bir-iki nəfərlə olmur. Həmin o bir-iki nəfər də elmi dərəcələri ədəbiyyatşünaslıq üzərindədir deyə özlərini inkişaf etdirirlər. Mən ümumi inkişafdan danışıram.

Nə bilim, nəyi qınayım? Kimi qınayım? Niyə qınayım?
Yazıçıları qınasam, ayrı dərddir. Vicdanım sızıldayır onları qınayanda. Normal qonorar almırlar, ayrıca ikinci işləri olur. Ədəbi mühit üçün addım atılacaq qurumlar yoxdur. Nəşriyyatlarla yazıçılar arasında münasibətlər o qədər də inkişaf etməyib. Özlərini neçə yerə paralasınlar? Ədəbi tənqid, ədəbiyyatşünaslıq, yazı sənəti, ictimai-siyasi polemikalar və s.
Bəs onları başa düşdük, bu bayağı layihələr haqqında nə deyək? Onlara necə haqq qazandıraq? “Qadından yazıçı çıxmaz”, “kişi dominant olmalıdır”, “indiki gənclər tənbəldir” və s. Bunları da qəbul edirik və bu səfər sözü AYB-nin mətbuat katibinə yox, gənclərə veririk.

Ədəbiyyatımızda hazırda çox uğurlu gənc qələm sahibləri var. Həqiqətən, onları qiymətləndirmək lazımdır, amma müəyyən idealları, ya da üsyankar ruhları yoxdur. Ola bilər ki, o vaxt idealları olanlar müəyyən vaxtdan sonra yollarını dəyişdilər. Amma yollarını dəyişməyin səbəbi sistem dəyişmir deyə olmadı; gücləri ona çatdı deyə oldu.
Hazırda onların fəaliyyətlərinin üsyankar olması çox da tələb edilmir, çünki vaxtında üsyankar olublar. İndi Həmid Herisçi AYB-yə üzv olanda da, Anara şeir yazanda da adama çox təsir etmir. Çünki onun müharibəsi bitdi. Onun haqqında feysbukda həmkarları bir yazı ilə tənqid etdi, proses bitdi.
Düzdür, könül istərdi ki, insan idealları yolunda davam etsin. Amma yaxşısı ilə, pisi ilə budur – uzatmaq lazım deyil.
Qısası, gücün çatana qədər idealların uğrunda mübarizə aparmalısan.

Sonda sözü sizə verirəm.
Qayıdıb bircə yazmayın ki, sən nə edirsən?

Tribunada: AZİZA

AZİZANIN DİGƏR YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aziza – Yol

Yol

Ən bəzəkli süfrələrdə oturdun,
yaxınların söhbətini dinlədin,
zarafatlarına gülərək
borclarını qaytardın.

Hamının içində olan,
amma səni lənətləyən hiss
sənə mesaj yazdı —
və sən qalxdın.

Elə bildilər
evi sevirsən.
Halbuki
sən evə aparan
yolu sevirsən.

Ayaqlarını sürüyə-sürüyə
gecənin səkilərinə qarışdın,
işıqların altında
öz kölgənlə yarışdın.
Qulağına yol yoldaşını taxdın —
bu gün ən yaxın dostun
bu günü görməyən idi.
Onu son səsdə dinləməyə başladın.

Düşüncələrə batdın,
arzularını küçələrə səpdin,
şirin xəyalları
səssiz-səssiz çeynədin.
Hər addımda
bir xatirə,
bir ehtimal,
bir qaçmaq istəyi.

Evə yaxınlaşanda
dostunu söndürdün.
Bugünkü bölüm bitdi.
Filmin davamını
sabahkı gecəyə saxladın.

Mən

Bu gün
tanrı mələklərə
məzuniyyət vermişdi.
Sol çiynimdə
İblisin Lilithdən olan
böyük oğlu
qışqıraraq pıçıldayırdı.
Sol cibimdə isə
ortancıl oğlu
əllərini qatlayıb
taleyimlə oynayırdı.

Bu gün
atdığım addımları
onlar seçirdi —
harada dayanım,
harada tapılım,
harada səni xatırlayım.

Bu gün
gözlərimdə onların
kölgəsi var idi.
Qarşımda isə
sən dayanmışdın —
mələksiz bir gündə
məni xilas etməyə gələn
yeganə möcüzə kimi.

Mən
iblisin övladları ilə
yol gedərkən,
sən yenə də
möcüzələrə inanırdın.

İndi

Bədəninin incəliyinə baxıb
Qısqanırdım arxamda oturan
18 yaşlarında qadını.
Tökülmüş bədənimə baxıb
Söndürürdüm içimdəki alovu.

Parlaq dodaqlarına baxıb
Qısqanırdım qarşımda oturan
20 yaşlarında qadını.
Qurumuş dodaqlarıma baxıb
Söyürdüm mənə qoyulan bəxtsiz adımı.

İri döşlərinə baxıb
Qısqanırdım yanımda oturan
30 yaşlarında qadını.
Sallanmış sinəmə baxıb
Unudurdum qadınlığın ilk on qaydasını.

İsti gülüşlərinə baxıb
Qısqanırdım 40 yaşlarında ərli qadını.
Qırışmış xatirələrimə baxıb
Axtarırdım məndən gedən mənli adamı.

Bütün yaşlarım düzülüb sırayla:
18, 20, 30, 40 yaşlı qadınlar –
Hamısı mən olmuşam bir zaman.

İndi saçları ağarmış qadın – hazırkı yaşım.
Susuram,
Və hər qadınla barışaraq
Özümü qucaqlayıram.

Müəllif: AZİZA

AZİZANIN DİGƏR YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ədəbiyyat tarixində nəsillərarası qarşıdurma

Ədəbiyyat tarixində nəsillərarası qarşıdurma

Nəsillərarası estetik qarşıdurma

Ədəbiyyat tarixində nəsillərarası qarşıdurma təsadüfi hadisə deyil, estetik inkişafın təbii mərhələsidir. Hər yeni nəsil öz dilinin ifadə imkanlarını genişləndirərək, əvvəlki nəslin estetik meyarları ilə toqquşur. Bu toqquşma sənətin meyarları ilə aparıldıqda ədəbiyyatın yeni mərhələsi üçün əlverişli olur. Lakin ideoloji mövqedə aparıldığı zaman sənət tənəzzülə uğrayır, ədəbi məktəblərin yaranmasına mane olur. Bu zaman ədəbi dövrlər arası yox, ideologiyalar arası mübarizə aparılır. Beləliklə, ədəbiyyatdan anlamayan bir şəxs belə ideologiyası sayəsində ədəbi mühitlərə daxil ola bilir. Bu da öz surətində ədəbi mətnlərdən xəbərsiz əsərlərin yazılmasına gətirir, ədəbi tənqidlər və təhlillər öz funksiyanı itirir. Müasir ədəbiyyatda gənc şair və yazıçıların tez-tez qarşılaşdığı əsas suallar budur: yazdığın əsərin məzmunu başa düşülürmü? Əsərin lakonik olması, bədii ifadə vasitələrinin azlığı estetik yeniliyin göstəricisidir, yoxsa bu istedad çatışmazlığını gizlədən bir formadır?
Bu sual yaşlı nəslin gənc yaradıcılara münasibətini müəyyənləşdirən əsas meyarlardan birinə çevrilmişdir.
“Anlaşılmazlıq yeniliyin qaçılmaz nəticəsidir”.
Oxşar prosesi XIX əsrin əvvəllərində ənənəçi klassiklər tərəfindən romantiklərə yazılan tənqidlərdə görə bilərik. Romantik mövqedə olan Viktor Hüqo-nun Kromvel əsərindəki ön sözü klassik estetikaya qarşı təhqir kimi qəbul edilmiş, onun dili uzun müddət “kobud” və “ölçüsüz” sayılmışdır. Bu prosesi XX əsrdə modernizmə münasibətdə də görə bilərik. T. S. Eliot, Ceyms Coys və Franz Kafka ilk dövrlərdə anlaşılmaz, hətta ədəbi xaos yaradan müəlliflər kimi qiymətləndirilmişdir.
Azərbaycan ədəbiyyatında vəziyyət necədir?
Azərbaycan ədəbiyyatında 2000-ci illərdə yenilik baş qaldırmağa başladı. Sovet dövrünün kənd nəsri, AYB-nin sönük ədəbi mühiti, 60-ci illərin estetikasına qarşı Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala, Rafiq Tağı, Əli Əkbər, Seymur Baycan, Nərmin Kamalı nümunə çəkə bilərik. Azərbaycan ədəbiyyatında şeirin və nəsrin yeni cərəyanlarla formalaşması başladı.
Həmin dövrün başlatdığı estetika – postmodern, absurd, üsyankar əsərlərin yazılması indiki dövr üçün yaranan yeniliklərə zəmin yaratdı.
Hazırda ədəbiyyatda dilin yeniliklərlə genişlənməsi onun lakonikliyi ilə ölçülür. Ədəbi mətnlərin konseptual, qısa və funksional cümlələrlə ifadəsi, süjet və kompozisiyanın parçalanması, mətnin oxucuda ideya yox, sual yaratması müasir hekayə və şeirin detallarıdır.

Gənc istedad məsələsi

Marsel Prust ədəbiyyat və sənət haqqında yazılarından birində qeyd edir:

Gənc ədib məktəbdənsiniz?” Ədəbiyyatla məşğul olan 20 yaşlı hər bir tələbə, demək olar ki, ədəbiyyatla məşğul olmayan əlli yaşlı elitadan bu sualı eşidir. “Etiraf edim ki, mən ədəbiyyatdan heç nə anlamıram, bunun üçün təhsil almaq lazımdır… Onsuz da istedadlar artıb, bu gün demək olar ki, hamı istedadlıdır.”
Müasir ədəbiyyatın təkzib edərək əslində diqqətə çatdırdığı bəzi estetik həqiqətləri ayırd etməyə çalışarkən, yaşım uyğun gəlmədiyi halda əlli yaşlı cənab rolunu oynamağa cəhd etdiyimdən tənqidlərə məruz qalacağam; lakin mən bu cənabın dilindən istifadə etməyəcəyəm. Əslində, bütün müəmmalar kimi, şeirə də heç vaxt təhsilsiz, hətta seçimsiz şəkildə dərindən köklənməyin mümkün olmadığı qənaətindəyəm. Heç də geniş yayılmayan istedada gəlincə, görünür, istedad heç vaxt bugünkü qədər nadir olmamışdır. Əlbəttə, əgər istedad latınca misralar qurmağı öyrədən ritorika kimi, “sərbəst şeir” yazmağı öyrədən, melanxoliyası hamıya məxsus olan bir intellektual ritorikanın tərkib hissəsidirsə, bu gün hamının istedadlı olduğu deyilə bilər. Amma bunlar dalğaların sahilə çıxardığı, əvvəlki nəslin geriyə çəkilərkən hamısını aparmadığı təqdirdə qarşısına çıxanın bəyənərsə sahiblənə biləcəyi boş dəniz qabıqları, çürümüş taxta parçaları, paslı dəmirlərdir. Bəs köhnə və gözəl bir donanmanın – Chateaubriand-ın və ya Hüqo-nun tanınmaz obrazlarının qalıqları olan bu çürümüş taxtalar nəyə yarayar?
Məhz bu nöqtədə, çatdırmaq istədiyim məsələ istedadın anadangəlmə olması, yəni özünəməxsus bir xasiyyəti sənətin ümumi qaydalarını, dilin möhkəmliyini aşan bir gücdürsə– bir çox istedadlı gənci bundanməhrum edən estetik xətadan danışmaq lazımdır. Buradakı məsələ, yəni, güc əlbəttə, bir çoxlarında yoxdur; lakin bu gücü qazana biləcək qədər hazırlıqlı olan bəzi şəxslər də sistemli şəkildə ondan üz döndərirmiş görünürlər. Bunun nəticəsində əsərlərində meydana çıxan ikiqat anlaşılmazlıq – bir tərəfdən məzmun və obrazların anlaşılmazlığı, digər tərəfdən dilin anlaşılmazlığı ədəbiyyatda müdafiə oluna bilərmi? Bu suala cavab verməyə çalışacağam.
Gənc şairlər (şeir və ya nəzm yazanlar) sualımdan yayınmaq üçün əvvəlcədən belə bir arqument irəli sürə bilərlər:
“Bizim anlaşılmazlığımız Hugo-da, Racine-də tənqid edilən anlaşılmazlıqdır. Dildə yeni olan hər şey anlaşılmazdır. Bəs düşüncələr, duyğular artıq eyni deyilsə, dilin də yeni olması lazım deyilmi? Dilin ölməməsi üçün düşüncə ilə birlikdə dəyişməsi, yeni ehtiyaclara cavab verə bilməsi lazımdır; necə ki, su üzərində hərəkət etməli olan quşların pəncələrinin pərdəli olması kimi. Daha əvvəl quşların yalnız yeridiyini və ya uçduğunu görənlər üçün bu, böyük bir təəccüb doğuracaq. Bir gün gələcək, bizim sizdə yaratdığımız çaşqınlıq insanlara adi gələcək, sizin çaşqınlığınız insanları təəccübləndirəcək; necə ki, klassisizm son dövrlərini yaşayarkən, yeni doğan romantizmə yağdırdığı tənqidlər kimi.

Müəllif: AZİZA

AZİZANIN DİGƏR YAZILARI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əzizə Əliağayeva – Yazmıram daha

Yazmıram daha

Qaçmışam bu şəhərin
Boz küçələrindən,
Silməmişəm ayağımın
Toz izlərini.
Küsmüşəm insanın
Saxta üzündən,
Görməmişəm dindarın
Saf inancını.
Danışsam, çıxaram
Xəlqin düşməni,
Sussam da, olaram
Üz göstərəni.
Yox, dinməyəcəm,
Bəsdir, sən canı,
İnanmıram beləsinə,
Dəhşətdir axı.
Düşmürəm qocaların
İti dilindən:
Heç söz də dinləmir
Bu ağılsız gənc.
Sözlərim onlarçün
Qəpik dəyəri,
Sözləri paslanmış
Dəmir qədəri.
Nəysə, bezdim e,
Yazmıram daha,
Köhnə ədəbiyyatları
Açmıram daha.
Gətirin oradan qələmimi,
Sındırıb, gedirəm,
Baxmıram dala.

Müəllif: Əzizə Əliağayeva

ƏZİZƏ ƏLİAĞAYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mən – Əzizə Əliağayeva

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI ƏZİZƏ ƏLİAĞAYEVADİR.

– Salam, Əzizə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Mən Əzizə Əliağayeva 29 iyul 2007-ci ildə Azərbaycanın cənnət guşələrindən olan Cənub regionunda- Lerik rayonunda anadan olmuşam. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji universitetinin
Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıram. Uşaqlıqdan ədəbiyyata olan marağım mənim akademik maraqlarımı formalaşdırıb. Fəlsəfə və incəsənət sahəsində həvəskar araşdırmaçıyam. Hazırda fəlsəfə və ədəbiyyat sahəsində oxuduqlarını sosial platformalarda, həvəskar internet saytlarında paylaşıram. Hekayə və məqalə yazarlığı edirəm, sosial hadisələrə publik olaraq şərh verirəm. Məktəb vaxtlarımdan tədbirlərdə aparıcılıq etməyi, layihələrdə və tədbirlərdə aktiv iştirak etməyi sevmişəm. Mütaliələr ilə söz bazamı və düşüncə standartlarımı genişləndirmişəm. Azərbaycan, Rus və İngilis ədəbiyyatı gələcəkdəki tədqiqatlarımın ön planı olacaq. Musiqi və incəsənəti nəzəri olaraq tədqiq etməyi sevirəm. İndiyə qədər bir çox Gənclər və idman nazirliyinin regional ərazilərdə keçirdiyi tədbirlərdə, yarışlarda aktiv iştirak etmişəm. Hazırda poeziya və hekayə yaradıcılığımı gücləndirməyə çalışıram. Həmçinin könüllülük fəaliyyətini sevirəm. Hazırda özümü inkişaf etdirmək üçün müəyyən layihə kontentləri hazırlamağı planlaşdırıram.

Hazırda postmodernist və realist yazılar əsasında hekayəçilik etməyi planlaşdırıram.

 ƏZİZƏ ƏLİAĞAYEVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əzizə Əliağayevanın hekayəsi

GECİKƏN DƏRS

(hekayə)
Günlərdən bu gün də, bir dərsin bitməsi üçün dəqiqələri sayırdım. Hər dəfə özümə “bu mühazirəni dinləyəcəyəm” deyib təlqin etsəm də, yenə necə olurdusa, bir andaca xəyallar məni öz ağuşuna alır, oturduğum yerdəcə yuxulayırdım. Həmişəki kimi universitetə gecikmişdim. Lənət kor şeytana! Səhərin gözü açılmamış dursam belə, tez-tələsik çıxmalı olurdum. Metro ilə getdiyim üçün tıxac problemi yaşamırdım, metroya minməyim də xalaların öhdəliyində idi. Onların arasına ehmalca qarışırdım ki, qatara mindikləri zaman məni də içəri salsınlar. Qayıdanda isə “Həzi”  boş olardı deyə, doyunca yata bilirdim. Metroda kitab oxumağı bir başqa sevirdim. Di gəl ki, oxuyan zaman insanların kitaba maraq göstərməsi adama ləzzət edirdi. Millətə bir oxumaq lazımdır, bir də oxuduğunu başa düşmək! Mənim sözüm deyil ha, rəhmətlik babam çox deyərdi, onun belə gözəl kəlamları xeyli var idi, dilindən də heç düşməzdi. Universitetə gedən yolun üstündə iki işıqfor var idi. Hər dəfə içimdə allaha yalvarardım ki, gözləməyim, amma elə bil gecikdiyim üçün allah məni cəzalandırırdı–həmişə işıqforun qırmızısına düşürdüm. Metrodan çıxan kimi qaça-qaça işıqfora çatmışdım ki… qırmızı! Gözləməyə başladım, amma soyuq yaman kələyimi kəsirdi. İşıqfor yaşıl olana qədər artıq ətrafıma ayrı “dünya”lardan 15-20 nəfər yığılmışdı. Sanki hamımız fərqli həyatların eyni nöqtədə kəsişdiyi qovşaqdaydıq.
Tıxac yarananda “tələsən”lər keçməyə başlayırdılar. Hətta bir xala məni dirsəyi ilə itələyib irəlilədi:
–Ay qız, çəkil görüm, maşın dayanıb, keç də!
Düzü, onun dediyini yox, nə söyləcəyimi düşünürdüm. Hər zaman da dilim susur, baxışlarım danışırdı. Beləliklə, 20 nəfərlik “dəstə” bir göz qırpımında  azaldı. Onlar üçün rənglərin bir önəmi yox idi, işıqfordakı rəngləri eyni görürdülər. Əsas məsələ- gecikməmək! İşə çatmaq, məktəbə çatmaq, universitetə çatmaq! Amma aramızdan həyata çata bilənlərin yolları ayrı idi. Belə-belə işıqforun yaşıl olmağına yaxın ətrafımdakı insan sıxlığı xeyli azalmış, yanımda qalanlar isə yəqin ki, bir ehtimal cərimələri düşünürdülər. Öz-özümə sual verirdim: bu qədər insan içində, görəsən, mənim kimi həyatı düşünənlər var idimi? Yoxsa həqiqətən, həyat və onun nizamlı quruluşu heç kimə maraqlı deyildi. Hələ nizam istəyənlərə bir bax! Xaosla qidalanıb, xaosa qarışırdılar. Amma bu da bir həqiqətdir ki, həyat öz qaydalarını da qoyur və bəzən o qaydalar bizi heç gözləmədiyimiz anlarda sınayır. Nə deyim ki, sonda nəhayət işıq yaşıl oldu. Digər tərəfə keçib ikinci işıqforun yanında dayandım. Bu səfər də fərqli bir şey görəcəyimi düşünmürdüm. Elə bu anda qulağıma şirin bir səs gəldi:
–Ana, sənə dünən demişdim ha, bizə məktəbdə işıqfor qaydalarını öyrətdilər, bu gün mən o qaydaların hamısını bilirəm!
–Malades balama, indi isə getməliyik. Geciksən, müəllimin buna görə də ayrı danlayacaq səni.
Uşaqdan çox mən öz-özümə tərəddüd etdim. O, həvəslə və yorulmadan öyrəndiyi qaydadan danışacaqdı, amma ona öyrədilən qaydalar tələskənliyə uduzdu. İstədim, qayıdım deyəm ki, “ey balaca, sən yalnız öyrəndiyini danışma, öyrəndiyini yaşa”.
Maşınlar yenə sıxlıq yaradanda ana balasının əlindən tutub onu özü ilə dartaraq qarşıya keçdi. Dərsə çata bildilərmi? Bunu bilmirəm. Amma bildiyim bir şey var: uşaq bu gün ilk dərsini almışdı – bəzən həyat qaydalardan daha sürətlidir. Bu ardıcıllıqla Öz-özümə düşünürdüm elə ki.. birdən diksindim! Sən demə, arxa partadan Leyla bayaqdan məni çağırırmış. Bizim Leylanın əli necə ağırdırsa, çiynimə elə vurdu ki, yerimdən dik atıldım. O, zarafatyana gülərək gözlərini mənə dikdi:
-Ay qız, bayaqdan səninləyəm, yenə haralara səyahət edirdin? Uşaqlar, Günay yenə öz ampulasındadır!
Uşaqların gülüşü sinifi doldurdu.
Birdən müəllim arxaya dönüb bizi süzdü:
-Söhbət çox maraqlıdırsa, deyin, biz də gülək.
Leyla başını tərpədərək yenə sözündən qalmadı:
-Müəllim, sizin gülüşünüz dərsimizə daha da çox rəng qatır, vallah!
Müəllim yumşalaraq:
–Yaxşı, yaxşı, davam edirik, –dedi və dərsə keçdi. Sinifin havası birdən dəyişdi, hər şey qaydasında idi. Mən isə artıq saata yox, müəllimə baxırdım.

Müəllif: Əzizə Əliağayeva

ƏZİZƏ ƏLİAĞAYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru